Əfsanə Laçın: "Mənim oxucu auditoriyam şagirdlərimdir" - MÜSAHİBƏ
19.11.14
“Əksəriyyət isə uşağı maddi cəhətdən bacardığı qədər yaxşı təmin edirsə bununla vəzifəsinin bitdiyini düşünür.”
Müsahibim gənc yazar Əfsanə Laçındır. O, 1987-ci ildə Laçın rayonunda anadan olub və 1992-ci ildən Bakı şəhərində yaşayır. Azərbaycan Müəllimlər İnistitutunun İbtidai sinfin pedaqogika və metodikası fakultəsini bitirib. 2011-2013-cü illərdə Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakultəsində təhsil alıb. 2005-ci ildən “Əfsanə Laçın” imzası ilə nağıllar, hekayələr, şeirlər yazır. “Gənc ədiblər məktəbinin yetirməsidir. 2011-ci ildə “Bir damcı ürək” adlı şeirlər kitabı çap olunub. 2012-ci ildə “Balaca qaya”, “Çəmən və bulud” hekayələri Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin onluğuna düşüb. MKM-2013 (Milli Kitab Mükafatı) “Ən yaxşı uşaq nağılı” naminasiyasının qalibi olub. Ssenariləri əsasında “Mənəvi sərvətimiz” (Milli Kitabxananın 90 illik yubleyinə həsr olunmuş) adlı sənədli, “Piknik” (Günel Bağıyeva ilə birgə) adlı qısametrajlı filimlər çəkilib.
- Əfsanə, necə oldu ki, uşaq ədəbiyyatına marağın yarandı?
- Yaradıcılığa qısa esselərlə başlamışam. Məktəbdə dərs deyirdim. “Həyat bilgisi” dərsliyində “Qayalar necə parçalanır” adlı bir mövzu var idi. Şagirdlərə bu qanunauyğunluğu anlamaq çətin idi. Dərsi onlara daha asan yolla necə izah edəcəyimi düşündüm və evə gəlincə “Balaca qaya” adlı hekayə yazdım. Yazdım və hekayəni özüm də bəyəndim. Bu başlanğıc üçün mənə əsaslı motivasiya oldu. Hekayəni uşaqlara oxudum. Onlar da çox bəyəndilər, hətta başqa sinfin uşaqlarına da danışırdılar. Mövzunu da kifayət qədər mənimsədilər. Bax belə...
“Balaca qaya tək qaldı. Bir yanından çay axırdı, o bir yanında isə nəhəng ağac var idi. Ağac meylini qayaya salmışdı. Budaqları qayaya sarı sallanırdı. Qayanı gündüzlər Günəşdən, gecələr soyuqdan qoruyurdu. Çay isə ayağının altından axırdı. Amma o nə ağacı, nə də çayı sevmirdi. O qayalar üçün darıxırdı. O qədər xiffət çəkirdi ki, içindən oyulurdu. Sonbeşiyin sinəsində böyük oyuq yaranmışdı. Hardansa bir ayı balası gəlib, özünü oyuğa salmışdı. Qaya onu çox sevirdi. Balaca qaya artıq qaya deyildi o, balaca mağaraya çevrilmişdi… Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan. ” (ixtisarla)
- Uşaqlarla işləyəndə nə hiss edirsən?
- Mənim aləmimdə bu dünyanın ən yaxşı işidir. Uşaqlar çox sevimlidirlər. Onlarla darıxmaq mümükün deyil. Nə problemin olur-olsun üzümü güldürməyi, hər şeyi unutdurmağı bacarırlar. Pozitiv enerji ötürürlər insana. Etiraf edim ki, mən uşaqları hamıdan, hər şeydən çox sevirəm. Onlar mənim həyatımdı. Bütün işlərim onlarla əlaqalədir. Müəlliməyəm, uşaq yazarıyam. Onlar olmasa yaza bilmərəm. Bütün hekayələrimin, şeirlərimin yaranma səbəbi onlardır. Onlara böyük təşəkkür borcum var. Hekayələrimi oxuyanda, bəyəndiklərini deyəndə sanki qanadsız uçuram. Zatən qanadlarım onlardır.
- Nağıl yazarkən əsas hansı dəyərləri qorumağa çalışırsan?
- Konkretlik yoxdur, hər mövzuya toxunmağa çalışıram. Yetər ki, uşaqların tərbiyəsinə xidmət etsin. Ümumiyyətlə yazı elə bir prosesdir ki, planlaşdırmaq mümkün olmur. Planlama ədəbiyyatı maraqsızlaşdırır. Yazılar cansız, qeyri-səmimi olur.
- Elə mətnin varmı ki, uşaqlar oxuyub vətəni sevsin?
- Uşaqlar ədəbiyyat nümunəsinin təsirinə tez düşürlər. Hekayə və şeirlər onların dünya görüşünün formalaşmasına çox kömək edir. Mənim oxucu auditoriyam şagirdlərimdir. Uşaq jurnallarında, internet saytlarında yazılarım kifayət qədər yayımlanıb amma nə yalan deyim bu günə qədər vətən mövzusuna toxunmamışam. Son yazımı təbii ki, nəzərə almasaq. Bu hekayəm yayımlanarsa uşaqlara böyük təsiri olacağına inanıram.
- Ümumiyyətlə uşaq ədəbiyyatı uşaqları təməldən tərbiyəsinə necə təsir edir?
- Ədəbiyyat uşaqları mənəvi tərbiyyələndirir. Uşaqlara öz fikrini ifadə etməyi, düşünməyi, müqayisə etməyi öyrədir. İnsani hisslərin formalaşmasına xidmət edir. Hansısa ədəbiyyat nümunələrindən istifadə edərək uşaqları fiziki işə, idmanın bu və ya digər növünə həvəsləndirmək olar. Bu da təbii ki, müəllimin məharətindən, yaradıcılıq qabiliyyətindən asılıdır. Kiçik bir nümunə gətirim. Hər hansı şeiri müəyyən hərəkətlər etməklə oxumaq olar. Uşaqlar bunu çox sevir. Əlbəttə şeirin mətni bunu tələb edirsə. Bu tipli ədəbiyyat nümunələri metodik vəsait hesab olunur. Uşaqlar nağıllardan, hekayələrdən tez təsirlənir. Təxəyyülləri inkişaf edir. Lüğət fondları genişlənir. Məsələn, mənim “Kloun” adlı bir hekayəm var. Onu uşaqlara oxuyandan sonra məlum oldu ki, onların bir çoxu öz oyuncaqlarını səliqəsiz istifadə edir, etinasız yanaşır, sındırırlar. Bu hekayəni dinlədikdən sonra daha oyuncaqların sındırmayacaqlarına söz verdilər. Nadir hallarda rast gəlinsə də hekayə yazmaq həvəsinə düşüən şagirdlər də olur.
“Bu dəfəki nağılımız iki dost - Cabir və Sabir barədədir. Sabirin atası ona yeni oyuncaqlar almışdı. Sabir oyuncaqlarını göstərmək üçün dostu Cabiri evlərinə dəvət edir. Onlar birlikdə yeni oyuncaqlarla oynayırlar. Oyuncaqların içində balaca bir Kloun da var idi. Cabirin ondan çox xoşu gəldi. O, Sabirdən Klounu ona verməyini xahiş etdi. Sabir dedi: -Yox, yox! verə bilmərəm. axı, mən də onu çox sevirəm. Atana de sənə də alsın. Cabir deyir: - Artıq gecdir, mən evimizə gedirəm. Cabir gizlincə Klounu götürüb evlərinə gedir. O, artıq tutduğu əməldən peşman idi. Amma artıq gec idi.Sabir isə çox məyus olmuşdu. Nə qədər axtarsa da sevimli oyuncağını tapa bilmirdi. Heç ağlına da gəlmirdi ki, Oyuncağı Cabir götürər. Cabir axşama kimi Kloun ilə oynasa da narahat idi. Gecə düşmüşdü, artıq yatmaq vaxtı gəlib çatmışdı. Cabir Kloun ilə bir yerdə çarpayıya uzandı .Çox keçmədi ki, o yuxuya getdi. Cabir yuxuda gördü ki, Kloun pəncərədən həyətə tullanıb, qaçır. O da Klounu tutmaq üçün onun dalınca qaçır.” (ixtisarla)
- Yəqin valideynlərlə tez-tez ünsiyyətdə olursan. Bu gün uşaqlar necə tərbiyə edilir?
- Ümumi götürəndə valideynlərin uşaqlara yanaşması ilə razı deyiləm. İndiki valideynlər uşaqları yox özlərini düşünürlər. Uşaqları ilə demək olar ki, ünsiyyətdə olmurlar, onları dinləmirlər. Tək-tük də olsa yaxşı analar, atalar var. Hansı ki, uşaqlarının təhsilinə, tərbiyəsinə ciddi yanaşırlar. Əksəriyyət isə uşağı maddi cəhətdən bacardığı qədər yaxşı təmin edirsə bununla vəzifəsinin bitdiyini düşünür. Tərbiyyə qalsın bir kənara övladlarını gündəlik məişət şəraitinə belə uyğunlaşdıra bilmirlər. Daha doğrusu bu bacarıqları onlarda formalaşdırmaq üçün özlərinə əziyyət vermirlər. Zamanla özü öyrənəcək deyirlər, amma hər şeyin öz vaxtı var. Məsələn, analar övladlarına qidanı çiynəməyi öyrətmək əvəzinə uyğun olmayan yaş mərhələlərində hələ də əmzikdən istifadə edirlər. Mən 2-5 yaşlı uşaqları nəzərdə tuturam. Uşağın artikulyasiya aparatı inkişafdan qalır, dişlər çürüyür, ən böyük problem uşaqda süni loqopedik qüsurlar yaranır. İrəlidə isə həm valideyn özü bu problemdən əziyyət çəkir, həm də uşaq. Sonra da baş sındıraraq səbəb axtarırlar. Bu kimi o qədər valideyn etinasızlıqları var ki, saymaqla bitməz.
- Sən özün necə, fiziki və mənəvi hazırlıq dönəmlərini necə keçirmisən?
- Uşaqlıqda idmanı çox sevirdim. Qaçmaq, tullanmağı, iplə dırmanmağı yaxşı bacarırdım. Azərbaycan dilində adını bilmirəm “turnik” dən saatlarla sallaşmağı sevirdim. Əgər valideynlərim icazə versəydi böyük məmuniyyətlə “karate” və ya “cüdo” ilə məşğul olardım. Mənəvi tərbiyəyə gəldikdə isə təbii ki, ailənin, məktəbin, mühitin, genetik faktorların təsiri böyükdür, amma “özünütərbiyə” məndə tez və daha aktiv formalaşmışdır. Bu da müşahidə qabiliyyətimin yaxşı olması ilə əlaqədar idi. Xarakterimdə olan bəzi neqativləri özümlə mübarizə apararaq düzəltmişəm. İradəli uşaq olmuşam. Yersiz ağlamalarımı, kimsə yüksək səslə danışanda özümü itirməyimi zamanla öz üzərimdə işləyərək aradan qaldırmışam. Artıq 7-ci, 8-ci siniflərdə bu vərdişlərimdən qurtulmuşdum. Özümə inam yaranmışdı.
- Ailən yazarlıq etməyinə qarşı çıxıbmı?
- Düzünü desəm narazı olsalar da maneə olmurdular. Sadəcə ciddi qəbul etmirdilər. Boşuna vaxt itirdiyimi düşünürdülər. Bu da inamsızlıqdan irəli gəlirdi. İstedadıma güvənmirdilər. Çünki, uşaqlıqda heç bir xüsusi qabiliyyətim olmayıb. Bacım, qardaşım yaxşı rəsm çəkməyi bacarırdı, xətləri gözəl idi, mənimsə heç bir xüsusi özəlliyim yox idi.
Əslində yazmaq bacarığı məndə uşaqlıqdan var, amma təəssüf nə müəllimlərim, nə də valideynlərim bunu kəşf edə bilməmişdilər. Yadımdadı mən həmişə “Sinifdən xaric oxu” dərsində özümdən nağıl uydurub, danışardım. Müəllimə nədənsə bundan duyuq düşmürdü. Məncə anlamalıydı, çünki uşaqlığımla uydurma olduğu sezilməyəcək dərəcədə nağıllar danışa bilməzdim. Juranallarda, ədəbiyyat saytlarında yazılarımın çap olunmağı, MKM-da “Ən yaxşı uşaq nağılı” nominasiyasına (Milli Kitab Mükafatı) layiq görülməyim zamanla bu problemi həll etdi. Uşaqların bacarıqlarını, istedadlarını kəşf etmək, onu həmin sahədə inkişafa istiqamətləndirmək həm müəllimlərin, həm də valideynlərin borcudur.
- Laçın haqda yazmısan?
- Bəli, ilk essem oralar haqdadır.
Oralar
Biz ordan çıxanda hələ mən balaca idim. Heç 4 yaşım yox idi. Demək olar ki, heç nə xatırlamıram. Həyətimizdəki tut ağaclarından, dağın döşündəki evimizdən, bir də evimizin arxasındakı toyuq hinindən başqa. Amma... (ordan çıxanda) atılan bombaların səsi hələ də yadımdadı. 17 il keçdi.... artıq böyümüşük. Sən də, mən də. Məndən balaca, məndən böyük neçə-neçə körpələr də. Böyüməliydik təbii. Burda yox orda. Axı biz oralıyıq. Bura pis deyil. Lakin bulaqları, dağları, meşələri, kürsulu evləri, qoyun-quzuları yoxdu. Bir-iki ağacı var bir də hündür binaları. Nə olsun deyərlər. Aşıq gördüyün çalar. Biz axı orda böyümüşük. Gözümüzü açanda görmüşük ki, hər tərəf yamyaşıl çəmənliklərdi. Nə isə uzatmayım. Başqa bir şey danışacam sənə. Bilirsən elə bil ikili həyat yaşayırıq. Cismimiz burda, ruhumuz orda. ( görən orda havalar necədi? Ağaclar bar veribmi? Evimizi uçurmayıblar ki?) Bütün uşaqlar kimi bağça, oyuncaqlar, məktəb, nəhayət universitet hamısı oldu. Bütün həyatım burdadı. Beləmi olmalıydı? Sən susma. Susursan. Hamı susdu. Düz 17 il susdu. Bu qədər səbr olar? Gündüzlər o qədər iş-güc qayğılar olur ki, nə isə düşünməyə vaxt qalmır. Gecələr...gecələr isə...o qədər düşünürəm ki, yuxuya gedə bilmirəm. Hərdən sayıram ki, bəlkə yatam. Alınmır ki, alınmır. Oranın xəyalını quranda isə tez yuxuya gedirəm. O qədər xəyallar qururam ki, oralar yuxuma gəlir. Qoy sənə danışım gör nə gözəl xəyaldı. Düşmən hər yeri viran qoyub axı. Mən də hər şeyi təzədən tikirəm. Şəhərin mərkəzində böyük univermaq, evimizin yaxınlığında xəlili-xəlçəli qəşəng bir bağça, gözəl böyük məktəb. Orda metro yox idi indi var. Hava limanı da var. Həkərinin yanında turistlər üçün otel də tikmişik. Təzə-təzə göydələnlər də tikməyə başlayıblar. Evlərimiz yerindədi. İndi daha böyük, daha qəşəngdi. Heyif ki, xəyaldı. Nədi sən belə xəyallar qurmursan? Sən istəməzdin ki, orda yaşayasan. Bakıya oxumağa gələsən? Yayda hamı kimi kəndinizə dincəlməyə qayıdasan.? Tək sən mən yox. Hamı istəyir. Bütün oralılar. Atalar, analar, nənələr, babalar. Bax onlar lap çox darıxır. Mən də darıxıram. Sən də çox darıxırsan bilirəm. Oralar da bizsiz darıxır. Burnumuzun ucu göynəyir. “Vətən“( öz yurdunun adını qoy). sənsiz
Ramilə Qardaşxanqızı, "Hərbi and" qəzeti
|