Şahbaz Xuduoğlu: "Biz, nədənsə ölü ədəbiyyatdan danışmağa üstünlük veririk" - MÜSAHİBƏ
21.11.14

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu ANN.Az-ın əməkdaşına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:



- Bir müddət öncə “Qanun” ciddi problemlərlə üzləşmişdi. Nəşriyyatın işinə çətinliklər törədildi, hətta bəzi sənədlər, əşyalar müsadirə edildi. İndi vəziyyət necədir? Problemi həll edilmiş saymaq olarmı? Fəaliyyətinizə hər hansı müdaxilə varmı?

- Gördüyünüz kimi, fəaliyyətimizi dayandırmamışıq. Baxmayaraq ki, problemlər hələ öz həllini tapmayıb. Bizim əşyalarımız deyil, bəzi sənədlərimiz müsadirə olunub və indiyə qədər də qaytarılmayıb. Bundan başqa bank hesablarımız da bağlıdır. 


- Bu gün xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi prosesində öndə gedən "Qanun"dur. Bəs həmin kitabların satışı nə yerdədir?

- Gördüyümüz hər bir iş kitaba oxucu marağının artırılması məqsədini daşıyır. Xarici ədəbiyyatın nəşrini planlayarkən elə müəllifləri seçirik ki, onlar Azərbaycanda yenidir və onların əsərləri oxucuların marağına səbəb ola biləcək nəşrlərdir. Kitablar kifayət qədər olmasa da, satılır. Biz eyni zamanda oxucu marağının artırılması üçün müəyyən tədbirlər də görürük.


- "Qanun"la bağlı tənqidlər daha çox təcrübəsiz və qüsurlu tərcümələrlə bağlıdır. Sizcə, bu ittihamların nə qədər əsası var? Tərcümə məsələləri ilə bağlı tendensiyanın artırılması üçün planlarınız nədən ibarətdir?
 
- Məncə,tərcümə həmişə ən çox tənqidə məruz qalan ədəbi yaradıcılığın bir sahəsidir. Ən yüksək səviyyəli tərcümə belə çoxlu tənqidə tuş gələ bilər. Amma bütün bunlara baxmayaraq, risk etmək lazımdır. Risk etmək isə artıq iş görmək, aktiv olmaq deməkdir. Sözsüz ki, fəaliyyət olan yerdə narazılıqlar da olacaq, razı qalanlar da. Hesab edirən ki, bizim gördüyümüz işdən daha çox razı qalanlar var. Amma narazı qalanların da olması mütləqdir. Tərcümə işi ilə bağlı planlarımız da var və bu, daha çox gələcəkdəki inkişafa uyğunlaşdırılıb.


- Azərbaycanda tərcümə işinin böyük hissəsinin bədii ədəbiyyatla bağlı olması nədən qaynaqlanır? Niyə müxtəlif elm sahələrinə  - fəlsəfə, psixologiya, kimya, fizika, astronomiya və digər sahələrə aid elmi tərcümələr həyata keçirilmir? Sizcə, bunu səbəbi nədir? Belə əsərlərə Azərbaycanda ehtiyac yoxdur, yoxsa o tərcümələri həyata keçirə biləcək mütəxəssis?

- "Qanun"da bədii ədəbiyyat da tərcümə edilir, fəlsəfə də, psixologiya da. Ümumi götürdükdə, psixoloji ədəbiyyata daha üstünlük veririk. Fəlsəfə ədəbiyyatına da. Sadəcə, incə bir məsələ var: biz Azərbaycanda kitab bazarını yaratdıq və indidə elə etmək lazımdır ki, burda balans qorunsun. Sadəcə, sizin sadaladığınız ədəbiyyatları tərcümə edib bu tip ədəbiyyatı oxumayanlarla bazar yaratmaq mümkün deyil. Çoxluğun fikrini nəzərə alınmalıdır. 

Bazar rəngarəngdir və naşir hər çeşid kitab tərtib etməlidir ki, nailiyyəti də çox olsun. Sadəcə bir təbəqəyə, bir zümrəyə, bir sahəyə işləyə biləcək kitab buraxmaq  yanlışlıqdır. Əslində, bədii ədəbiyyatda tərcümələrimiz o qədər də çox deyil. O qədər boşluqlar var ki, onu on illərlə doldurmaq mümkünsüzdür. Hələ xeyli tərcümə edilərək nəşr olunası ədəbiyyat var.  Əlbəttə, bu siyahıda fəlsəfə də olmalıdır, digər elmi ədəbiyyatlar da. Biz zaman-zaman peşəkar tərcüməçi qrupları yaratmağa başlamışıq. Həm avropa dilləri üzrə, həm də digər dünya dilləri üzrə. Bu qrupa daxil olan yeni tərcüməçi yəqin ki, sabah daha ağır fəlsəfi mətnləri azərbaycancaya tərcümə edəcək.


- Kitaba qoyulan Əlavə Dəyər Vergisinin ləğv edilməsi gözlənilirmi? Sizin və həmkarlarınızın bu istiqamətdəki cəhdlərinin hansısa faydası oldumu?

- Biz bu barədə artıq 4 ildi iş aparırıq və hələ də heç bir nəticəsi yoxdur. Amma nə vaxtsa olacağına da əminəm. Kitaba mütləq dəstək lazımdır. Kitab vergi subyekti olmamalıdır. Kitabdan vergi alınmamalıdır, o, vergidən azad olmalıdır. Bu proses baş tutarsa, kitabın maya dəyəri aşağı düşər. Nəticədə isə oxucu daha ucuz qiymətə kitab əldə edə bilər. 


- Azərbaycanda kitabın, kitab nəşrinin gələcəyini necə görürsünüz? Sualı daha konkretləşdirsək, gələcək 5 ildə, sizcə, vəziyyət necə olacaq? 

- Məncə, bu sahə inkişaf etməkdədir. Hazırda biz bir günə 2 kitab nəşr edirik və bu sayı artırmaq niyyətində də deyilik. Bu göstəricini saxlaya bilsək, bunun özü elə yaxşı nəticədir. Amma mənə elə gəlir ki, biz Avropa bazarına yaxınlaşırıq. Avropada kitab nəşri hansı qaydada yerinə yetirilirsə, biz də həmin qaydanı təkrarlayırıq. Və məncə, bizim bazarımız dinamik bazardı. Digər sahələrdə olduğu kimi kitab sahəsində də yüksək inkişafı tərcih edirəm və mənə elə gəlir ki, buna nail olacağıq. Kitab bazarı mədəniyyət sahəsində bütün bazarı arxada qoymalıdır. Mədəniyyət bazarı deyəndə mən teatrı, kinonu, eyni zamanda başqa sahələri nəzərdə tuturam. Mədəniyyət bazarında kitabın bazarı, kitabın yeri, kitabın çəkisi mütləq digərlərindən ağır olmalıdır. 


- Hər həftə kitab yarmarkalarının keçirilməsi kitaba marağı artırıbmı? Nəticə hiss olunurmu?

- Biz yeni oxucu çevrəsi qazanırıq. Yeni bir kitab əldə edən adam növbəti dəfə başqa yeni kitab oxumağa can atır. Bu baxımdan kitab yarmarkaları keçirmək məqsədimiz yeni dostlar tapmaq, kitablarımıza yeni oxucu qazandırmaq üçündür. Bu cür yarmarkalar nə qədər çox olsa, bir o qədər yaxşıdır. 


- Açıqlamalarınızın birində daha yarmarka keçirməyəcəyinizi demişdiniz. Adamların kitab yarmarkalarına biganə münasibəti sizə pis təsir etmişdi. Amma sonradan bu tipli aksiyalar davam etdi. Qərarınızı dəyişdirən nə oldu?

- Məsələ burasındadır ki, kitab yarmarkaları keçirərkən bizim komanda ilə söhbət etdim. Onlara bir şeyi yaddan çıxarmamağı tövsiyə etdim: özünüzə əxz edin ki, biz kitab satmırıq, biz kitabı təqdim edirik.  Məqsəd ora çıxıb kitabı satmaq deyil, məqsəd orada yoldan keçən, hətta sənə ağır cavab verən adamları saxlamaq, kitabları onlara göstərmək və kitabın onların həyatında oynaya biləcəyi rolu izah etməkdir. Deyəsən, biz buna qismən nail oluruq. Təbii, kobudluqlar olur, təhqir həddinə çatan bəzi məqamlar da baş verir. Gərək bunlara dözəsən. Düzdü, bəzən insanın səbri tükənir. Amma, böyük ideyalar ardınca gedənlərin səbri daha möhkəm olmalıdır. Mən kitaba marağın artırılması üçün hələ ki, yeganə çıxış yolunu bunda görürəm.

- Bloqunuzdə dərc olunan bir cümlə diqqətimi cəlb etdi. Yazmısınız ki,  “Ədəbiyyat ölü deyil, o dirilərdən daha diridir”. Bunun açıqlaması nədir?

- Biz, nədənsə, daha çox ölü ədəbiyyatdan danışmağa üstünlük veririk. Məsələn, hamı məmnuniyyətlə, Nizamidən, Füzulidən danışır. Hərçənd, inanmıram ki, gerçək Nizami ilə bizə tanıdılan Nizami elə eyni Nizamidir. Mənə elə gəlir ki, çoxlu kodlar var və onların çoxunu tapa bilmirik. Misal üşün, mən Nizamini oxuyanda elə bilirəm Süleyman Rüstəmi mütaliə edirəm. Bu mənada ədəbiyyat mütləq yaşadığı dövrün ədəbiyyatını da özündə əhatə etməlidir. Biz ədəbiyyatı həmişə nədənsə keçmişdə qalmış, yaranıb və bitmiş, öz işini görmüş bir şey kimi təsvir edirik. Bu isə düzgün deyil. Məncə, keçmişlərdən danışmağı bitirmək lazımdır və müasir ədəbiyyatdan bəhs etməliyik. Bizimlə eyni dövrü paylaşan yazarlar kimlərdir? Onlarla söhbət etmək, onlarla ünsiyyət qurmaq gərəkdir. Onu cəmiyyətə tanıtmaq vacibdir. Bunun çox böyük əhəmiyyəti olacaq. Bu mənada deyirəm ki, dirilərə -  gözümüzün önündə olan ədəbiyyata üstünlük verməliyik. Axı hər şey ən əvvəl ədəbiyyatda - zəngin dövlət də, sosial dövlət də, kommunizm də, sərhədlər də və s. yaranıb və daha sonra onu siyasilər həyata keçiriblər. Bu mənada müasir ədəbiyyatı mütləq qorumalı və ona dəstək verməliyik. Ölülər daha çox təhlükəsiz olduğundan onu gen-boluna tərifləmək də, təqdim etmək də mümkündür. Çoxumuz diriləri daha çox təhlükə saçan qorxu mənbəyi sayırıq və onlardan qorxuruq. Onlara yaxın durmaq istəmirik.


- "Qanun"un çap elədiyi kitabların hamısında oxucuya ünvanladığınız müraciət var. Onun effekti olurmu?

- Nəşr etdirdiyim hər bir kitabı oxuyuram. Düşünürəm ki, bu kitablar dövrümüzün ən dəyərli nümunəsidir. Hər birində bir fikir, bir məna var. Məsələn, “Qafqazın on iki sirri” kitabını götürək. Bu coğrafiyada yaşayıb bu əsəri oxumamaq mümkün deyil. Fikrin gücü, düşüncənin zənginliyini göstərən bir kitabı oxumaq istiyirsənsə, mütləq Qustav Le Klezionun "Səhra”sını əlinə almalısan. Hər bir kitabın öz tərəfi var, lakin kitabın insan düşüncəsinə təsir göstərməsi mütləqdir. İnsanlar mütləq kitabdan yararlanmalıdırlar. Biz, sadəcə oxumaq xatirinə kitab nəşr etmirik. Bu kitablar oxucuya nəsə diqtə etməli, nəsə verməlidir. İnsanların kitabdan qazancı daha çox olmalıdır. Yəni oxucu naşirdən daha çox qazanclı çıxmalıdır. 


- Belə bir faktla qarşılaşmısınızmı: siz bir əsəri çox bəyənmisiz, amma o kitab sizin proqnozunuzu doğrultmayıb və az oxucu tərəfindən bəyənilib? 

- Bu kimi hadisələr çox olur. Fikirləşirsən ki, bu kitabın effekti daha çox olacaq, amma nəticə gözlədiyinin tam əksi olur. Bizim çalışdığımız bu sahə bir yarış meydanına bənzəyir: yarışa bu gün qoşulanlar var, dünən qoşulanlar olub və gələcəkdə də qoşulacaqlar. Baxır, start vəziyyəti kimin üçün hardan başlayır? Yəni start vəziyyəti uzaq olana bir kitab, yaxın olana başqa bir kitab təqdim edirsən. Əsas odur ki, bu müddətdə yürüşə qatılanların kitab mütaliə etmə prosesində hamını bir mövqedə saxlaya biləsən. Kitab həyatımızın ayrılmaz hissəsidir və bunu hər kəs dərk etməlidir; yeganə çıxış yolu, yeganə dünyəviləşmək yolu, yeganə inkişaf yolu, yeganə hər kəslə danışıq dili kitabda cəmləşib. Hamı kitab oxumalıdır. Hər kəsin kitab büdcəsi olmalıdır. Hər kəsin evində, həyatında bir kitab küncü olmalıdır.


- Şahbaz Xuduoğlunun gənclərə ən çox çatdırmaq istədiyi nədir?

- Çox sadə - vaxtları olanda kitab oxusunlar. Yaxşı və mənalı ömür keçirmək istəyirlərsə, mütləq mütaliə ilə məşğul olmalıdırlar. Özlərindən sonra gələn nəslin də daha yaxşı və mənalı  yaşamasını istəyirlərsə, yenə də mütləq mütaliə ilə məşğul olmalıdırlar. 

Orxan Aslanlı
ANN.Az

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.