Mahmud Teymur - Dədə ərəb
09.12.14

Mahmud Teymur (1894 – 1973) Misirin görkəmli yazıçı-dramaturqu və ədəbiyyatşünasıdır. Qahirədəki Ərəb Dili Akademiyasının həqiqi üzvü olub. Misirdə novella janrının əsasını qoyanlardan biridir.

Dədə ərəb
 
İmad bəyin fermasının yaxınında kasıb yun çadırda Süleyman Veyd adlı bir kişi arvad-uşağı ilə birgə sakit həyat sürürdü. Bədəvi ərəblərdən olan ailə dolanışığını qoyun sürüsü saxlamaqla çıxarırdı. Arada təzə otlaq axtara-axtara bir yerdən başqa yerə köçürdülər. Adamlar həm hörmət əlaməti kimi, həm də ondan bir az çəkindiklərinə görə Süleymana “dədə ərəb” ləqəbi vermişdilər.

 

Ona qarşı ehtiyatlı münasibətdə nəhəng cüssəsi, enli kürəyi də az rol oynamırdı. Üzünün dərisi qupquru idi, elə bil dartılmışdı. İri ağ şalına bürünüb gedəndə kənardan baxana elə gəlirdi, dişi dəvə ləngər vurur. Ağzına tənbəki çubuğu alıb hansısa mahnını zümzümə eləyəndə deyərdin bəs yanında canavar ulayır. Özündən tez çıxırdı. Hirslənəndə vəhşi öküz kimi qızır, gözləri qıpqırmızı qızarırdı. Buna baxmayaraq üzüyola adam idi. Onunla xoş davrananda quzuya dönür, üzündən səmimiyyət, mehribanlıq yağırdı.

Altı övlad atası olan Süleyman Veyd uşaqlarına candan bağlıydı. Balalarını gecə-gündüz şərdən sipərtək qoruyurdu, onları elə bil ana kimi ağuşuna almışdı. Zəhəb  adlı itini də uşaqları qədər sevərdi. İti hələ südəmər küçükkən yoldan yarımcan vəziyyətdə tapmışdı. Ona sığınacaq vermişdi, böyüyənə qədər qayğısına qalmışdı.

Gün gəldi, kənardan baxanda adamı vahiməyə salan qara qıllı Zəhəb həm ailənin, həm də sürünün keşikçisinə çevrildi. Xasiyyətcə də elə yiyəsinə oxşayırdı. Sərtlik tələb olunanda sərt olur, həlimlik lazım gələndə quyruğunu bulayırdı...

...Ferma sahibi İmad bəy arvadı, bir də tək oğlu Hamidlə kənd adamlarının “qəsr” adlandırdığı qədim evdə yaşayırdı. On yaşlı Hamid ərköyün uşaq idi, valideynləri onu ibadətə bənzər məhəbbətlə sevirdilər. Günlərini qulluqçu Məbrukla bir yerdə ya quş ovlayıb balıq tutmaqla, ya da kanal qırağındakı təpələrin üstündə it daşlamaqla keçirirdi.

Hamid daim itə sataşdığına görə Zəhəblə düşmən kimiydi. Oğlan itə, it də oğlana dərin ədavət bəsləyirdi. Hamidin gəlişini uzaqdan hiss edən kimi it qulaqlarını şəkləyir, havanı imsiləməyə başlayırdı. Uşaq yaxına gələndə isə it onu əvvəlcə çəpəki süzür, sonra bərkdən hürür, ardınca da dişlərini qıcırdıb hücuma hazırlaşırdı. Qulluqçuların qoruduğu Hamid də Zəhəbi görən kimi iti daşa basır, it üstünə cumanda isə yanındakılara sığınırdı.

Bir gün yenə qulluqçu Məbrukla Hamid evdən çıxıb, adət üzrə təpəyə oynamağa getdilər. Elə bu vaxt Zəhəb də kanala su içməyə gəlmişdi. Hamidin qəflətən atdığı daş başı su içməyə qarışmış Zəhəbi alnından tutdu. Başı qana boyanmış it vəhşi görkəmlə onu vuranı axtarmağa başladı. Daş atanın Hamid olduğunu duymuşdu...

Hamid onda qulluqçu ilə birgə çətin çıxılan hündür təpənin arxasında gizlənmişdi. İt onların yerini yaxşı bilirdi, üstünə daş yağmasına baxmayaraq kəsik-kəsik hürə-hürə təpəyə dırmaşmağa başladı. Uşaq təhlükənin yaxınlaşdığını duydu. O, əldən düşmüş, gücünü-iradəsini itirmişdi. Boğuq səslə qışqıra-qışqıra Məbruku köməyə çağırdı, ancaq öz canının hayına qalan Məbruk çoxdan dabanına tüpürüb qaçmışdı.

Zəhəb qarşısında boş sahə gördü. Qələbə qoxusu iti bir az da ürəkləndirdi. Təpənin başına çathaçatdaydı, uşaqla arası lap azalmışdı. Gözləri qığılcım saçan, tükləri biz-biz duran itin yaxınlaşdığını görəndə Hamid tir-tir əsməyə başladı. Ancaq qəflətən hardansa canına təpər gəldi, təhlükə qarşısında duran əsgər kimi cəsarətləndi. Bu yandan it də hücuma hazır dayanıb, od saçan gözləriylə düşməninə baxmağa başladı. İki düşmən bir müddət beləcə üz-üzə dayanıb baxışdı. Qıraqdan baxanda bir cüt heykələ oxşayırdılar. Elə bil heykəltəraş bu heykəlləri yaradanda onların pis iş görməyə hazırlaşdıqlarını nəzərə çarpdırmağa çalışmışdı.

Zəhəbin bu hücumu onun son addımı oldu; onu qabaqlayan uşağın atdığı daş itin başını yardı. Zəhəb büdrəyib geri getdi. Toparlanıb düşməninə yenidən cummaq istəsə də, başından axan qan gözlərinin qabağına pərdə çəkdi. İt müvazinətini itirdi, təpənin başından aşağı yuvarlandı, elə orada da qaldı.

Hamid çaşqın-çaşqın gözünü itin cansız cəsədinə zillədi, sonra təpənin yamacına yaxılmış qana tamaşa eləməyə başladı. Təpənin başından ətəyinəcən xal-xal iz qoymuş qan ləkələri yolunu azan adama bələdçi ola bilərdi. Qəflətən uşağı acizlik hissi bürüdü. Titrəyə-titrəyə yerə çökdü. Sifətini əcəl sarısı bürüdü.

***

Süleyman evinə qayıdanda çadırından gələn ah-nalə, fəryad səsi canına üşütmə saldı. Nəsə bədbəxt hadisənin baş verdiyi aydın idi. Tez özünü çadıra salıb soruşdu:

- Nə olub?

Kimsədən səs çıxmadı. Süleyman içəridəkiləri gözdən keçirdi: ailədə hamı sağ-salamat idi. Eşiyə çıxıb sürü otlayan yerə getdi, burada da gözünə kəm-kəsir dəymədi. Elə bu vaxt Zəhəbin adəti üzrə onu qarşılamağa çıxmadığını anladı.

Çadıra qayıdıb qışqırdı:

- Zəhəb hardadır?..

Yenə dillənmədilər. Yalnız uşaqlardan biri vaysınan kimi başını buladı. Artıq məsələdən agah olan Süleyman başqa sual verdi:

- Ölüb, yoxsa öldürüblər?

Arvadı sakitcə ona yaxınlaşıb itin başına gələni danışdı. O da dişlərini bir-birinə sıxıb qulaq asdı. Amma axıracan dinləməyə hövsələsi çatmadı. Qışqırdı:

- Atamın goru haqqı o, Zəhəbi necə öldürübsə, mən də onu elə gəbərdəcəm!..

***

Üstündən neçə ay keçmişdi. İtin başına gələni adamlar çoxdan unutmuşdular, bircə “dədə ərəb” unuda bilmirdi. Gecə düşər-düşməz fermanın həndəvərinə sakitlik çökəndə, canavar ovunun başına fırlanıb hücuma fürsət axtardığı kimi, o da qəsrin ətrafında xəlvətcə dolaşırdı.

Bir gecə çadırından çıxdı, iri şalına bürünüb İmad bəyin qəsrinə sarı yollandı. Qucağında apardığı bıçaq kimi iti daşlar yerişini ağırlaşdırırdı. Sakitcə yaxınlaşıb qəsrin hündür hasarından quş kimi atıldı, pişik cəldliyi ilə hasarın o üzündəki bağa düşdü. Qollu-qamətli bir ağaca dırmaşıb budaqların arasında gizləndi, ac qartal baxışlarıyla uşağın otağına göz qoymağa başladı. Ağac uşağın pəncərəsinə yaxın idi...

Beləcə, bir saata yaxın vaxt ötdü. Birdən Hamid gülə-gülə otağa girdi. Çox keçməmiş zala doğru qaçdı. Uşaq bir yerdə qərar tutmurdu. Süleyman da ağacın budaqları arasında təlaş içində gözləyirdi.

Nəhayət, ana oğlunu gətirib yatağına uzatdı. Uşaq anasının boynunu qucaqlayanda qadın əyildi, övladını öpüb bağrına basdı və qulağına nəsə pıçıldadı. Sonra ana balasını qucağına alıb otaqda gəzişməyə başladı. Arabir dayanıb mehriban baxışlarla oğluna uzun-uzadı nəzər salır, onu öpdükcə öpür, otaqda o baş-bu başa gəzişirdi. Bir az sonra qadın yenə o hərəkətləri təkrarlayırdı...

Süleyman yerində dikəlib, ana-balaya bir müddət maraqla tamaşa elədi. Ana övladının gülüşlərinə ən gözəl musiqi kimi qulaq asırdı. Sonra addımlarını yavaşıdıb, incə səslə layla deyə-deyə otaqda gəzişirdi. Anasının boynundan yapışan uşaq zümzümənin avazı altında gözlərini yumdu…

Həmin an Süleymanı qəribə kədər bürüdü. Ürəyi sıxıldı. Özü də hiss eləmədən bayaqdan ətəyində saxladığı daşlar yerə töküldü...

Bir müddət sonra övladının yuxuya getdiyini ana da gördü. Hamidi ehmalca yatağına uzatdı. Üstünü örtüb alnından öpdü. Barmaqlarının ucunda otaqdan çıxdı... Üzü ay işığında aydın seçilən, yatmış mələyə oxşayan uşağı Süleyman da uzun-uzadı süzdü. Həyəcandan üzünə təbəssüm gəldi. Bu təbəssüm elə bil uşağın bayaqkı gülüşlərinə cavab idi.

Qəflətən Süleymanın ürəyinə elə bil xəncər sancdılar. Cəld ağacdan yerə tullandı. Hasarı aşıb çadırına sarı üz tutdu. Tutduğu işə görə içində özünə dərin nifrət oyanmışdı.

Çadıra çatan kimi özünü Hamidlə yaşıd övladının yanına verdi. Onu qollarının arasına alıb qucaqladı, öpdükcə öpdü.

Gözlərindən yaş süzülürdü...

Ərəb dilindən Şahin ƏLƏSGƏROV çevirib

"Aydın yol" qəzeti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.