Sabir Rüstəmxanlı: “Dil millətin varlığı, sifəti, təfəkkürü, ruhu və mənəviyyatıdır”

15.12.14

- Sabir bəy, Dil Qurumu İctimai Birliyinə rəhbərlik edirsiniz. Bir anlıq özünüzü kənar müşahidəçi yerinə qoyun. Qurumun dilimizin saflığıyla bağlı fəaliyyəti ziyalı kimi  sizi qane edirmi?

- Dil Qurumu 2006-cı ildə yaranıb. Ötən səkkiz ildə qurum dilimizə münasibətin dəyişməsində xüsusi rol oynayıb. Yarandığı ilk illərdə zəif  fəaliyyət göstərsə də, son zamanlarda, xüsusən son bir ildə fəaliyyətində xeyli inkişaf var. Qurum qeyri-hökumət təşkilatı kimi monitorinqlər keçirməli, rəsmi internet saytını idarə etməli, müəyyən tədbirlərin təşkilatçısı olmalıdır. Bütün bu işlərsə maliyyə vəsaiti tələb edir. İndiyədək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından iki dəfə az miqdarda vəsait almışıq. Bu da fəaliyyətimizə müsbət təsir göstərib. Həmin vəsaitlə idarə üçün bilgisayar və digər lazımi avadanlıqlar alınıb, televiziya kanalları, xüsusilə İctimai Televiziya ilə sıx əməkdaşlığımız olub, paytaxtda bir neçə monitorinq keçirmişik. Dediyim kimi, qurumun fəaliyyətinin son bir ilini uğurlu hesab edirəm. İl ərzində 10-a yaxın mühüm toplantılar keçirmişik. Bu tədbirlər təkcə ədəbi dilin problemləri ilə yox, ümumilikdə milli taleyimizlə bağlı olub. Rəsmi saytımızda ilk dəfə Azərbaycanın izahlı lüğətini yerləşdirmişik. Qabartdığımız məsələlərin müəyyən qurumların və kütləvi informasiya vasitələrinin diqqətini cəlb etməsi, ideyalarımızın inkişaf etdirilməsi bizi sevindirir. Fikrimcə, millətin tale məsələsi olan yerdə şəxslərin eqosu kənarda dayanmalıdır.

- Bəs Azərbaycan ədəbi dilinin qorunması məsələsində yaranan problemlərin həllini nədə görürsünüz?

- Ədəbi dillə bağlı yalnız elmi araşdırmaların aparılması yetərli deyil, bu sahə üzrə praktik addımlar da atılmalıdır. Orfoqrafiya lüğəti ildə bir, ola bilsin, hətta iki dəfə çap edilməlidir. Bizim dilimizin çağdaş lüğəti var, ancaq Azərbaycan ədəbi dilinin ümumi lüğəti yoxdur. Dədə Qorquddan üzübəri Azərbaycan türkcəsinin 1300 illik tarixi lüğəti tərtib edilməyib. Ruslar XIII, XIV, XV əsrlərin dil lüğətini hazırlayıblar.  Bizdə isə hələ də Nəsimi, Bürhanəddin, Füzuli lüğəti yoxdur. Onların istifadə etdiyi sözlər arxaik ola bilər, ancaq yeni nəslin ədəbiyyatı başa düşməsi üçün həmin əsrlərin lüğətlərindən yararlanmaq zəruridir. Dilçilik İnstitutu bu məsələ ilə məşğul olmalıdır. İnstitutun Monitorinq şöbəsinin yaradılması uğurlu addımdır.  Ümumiyyətlə, dilin qorunması, dillə bağlı gündəlik qayğıların həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması daha effektiv və səmərəli nəticə verər. Milli Televiziya və Radio Şurasının  apardığı monitorinqlər də məqbul və müsbət hadisədir. Bu işin davam etdirilməsini arzulayıram. Gələcəkdə Şura və digər müvafiq qurumlarla əlaqələri möhkəmləndirmək niyyətindəyik.

- Bir müddət əvvəl də dilimizin söz ehtiyatının fəal danışıq dilinə qoşulmaması problemini qabartmışdınız. Sizcə, bəzi arxaik sözlərin bərpa olunaraq orfoqrafiya lüğətinə salınması onların canlı danışıq dilinə yol tapmasına kömək edəcəkmi?

- Məncə, kömək edəcək. Rəsmi idarələrin əməkdaşlarının bir qismi Azərbaycan dilini canlı xalq dilindən, təbii kökdən yox, kitabdan öyrənirlər. Bu gün dövlət qurumlarında çalışanların müəyyən hissəsi rusdillidir, Azərbaycan dilini ancaq kitablar əsasında öyrənirlər. Həmin şəxslər qanunları digər dillərdən tərcümə əsasında hazırlayırlar. Məsələn, “təxliyə” müəyyən təhlükə yarananda insanların bir yerdən başqa bir yerə köçürülməsidir. Canlı dil bir yana, heç mətbuat dilində də “təxliyə” sözü işlədilmir. Bu sözü lüğətdən axtarıb tapıblar. Başqa dillərdən tərcümə prosesində dilimizdən artıq çıxmaqda olan arxaik sözlərin hamısı yenidən dilə gətirilir. Məsələn, “Təhsil haqqında qanun” ifadəsi işlədirlər. Bu, rus dilindən tərcümədir. Bizim dilimizdə belə ifadə yoxdur, bizdə Təhsil qanunu var. Bu mənada qanunlarımızın dili qüsurludur. Bu məsələ ilə bağlı işçi qrupu yaradılmalı və qanunların dilinə baxış keçirilməlidir. Dilin zənginləşməsi məsələsinə hökmən ibtidai sinifdən başlanmalıdır. Orta məktəb dərsliklərinin də dilimizə çox ciddi təsiri var. Orta məktəb dərsliklərini hazırlayanların çoxu Azərbaycan dilini yaxşı bilmir. Dərsliklərə klassik ədəbiyyatımızdan nə qədər çox söz daxil edilsə, bir o qədər faydalı olar. “Təxliyə” sözünün əvəzinə onun türkcə qarşılığı yazılsa, həmin söz öyrəniləcək və istifadə ediləcək. Canlı dildə “müvəffəqiyyət” sözü yoxdur, “uğur” deyirik. Ancaq kitabdan götürüldüyünə görə hökmən “müvəffəqiyyət” sözü işlədilir. Qanunlarımıza nəzər salsaq, ora dəxli olmayan arxaik sözlərin gətirilməsinin şahidi olarıq. Monitorinqlər zamanı mütəxəssislər Türkiyə türkcəsində olan sözlərin istifadəsini qüsur kimi qeyd edirlər. Bəzən belə bir fikir səslənir ki, türk dili bizim dilimizi korlayır. Bəyəm, bizim dilimiz türk dili deyil? Fikrimcə, türk dillərinin, təmiz türk kəlmələrinin hesabına dilimizin lüğət fondunu zənginləşdirməliyik. Lüğətimizdə olmayan, qarşılığını tapmadığımız sözlərin əvəzini Anadolu türkcəsindən, özbəklərdən, türkmənlərdən götürməliyik. Onlar da bizdən yararlana bilərlər. Vaxtilə Atatürk ərəb-fars kəlmələrinin əvəzinə karaim dilindən köhnə sözlər, Krım türklərinin, qaqauzların dilindən yeni sözlər götürüb dili təmizləyirdi. Bu gün bizim dilimizdə də həmin proses getməlidir. Dil millətin varlığı, sifəti, təfəkkürü, ruhu və mənəviyyatıdır. Bu sahə daimi nəzarətdə, hərəkətdə olmalı, yenilənməlidir. Mən deyəndə ki, “Dil polisi” yaradılmalıdır, bu fikri ironiya ilə qarşıladılar. Deyəndə ki, “Dil süzgəci” formalaşdıraq, bu fikrə də müxtəlif cür yanaşıldı. Almaniyada nəinki “Dil polisi”, hətta “Dil gömrüyü” də var. Qidaların təmizliyinə, keyfiyyətinə nəzarət edirik, ancaq dilimizə yük olacaq kəlmələrin gəlişini ciddi qəbul etmirik. Sanki dilimizdə türklük şüurunu oyadan, türklük mifologiyasına və folkloruna söykənən sözlər qəsdən kənara qoyulur, ərəb-fars sözləri isə daha geniş işlədilir.

- Bu məsələdə ədəbiyyat tariximizin rolunu necə qiymətləndirirsiniz?

- Ədəbiyyat tariximizə yanaşma konsepsiyası da doğru deyil. Biz Azərbaycan ədəbiyyatını “Kitabi-Dədə Qorqud” dastanından başlamaqdansa, ərəbdilli, farsdilli  ədəbiyyatdan başlayırıq. Sanki ərəbcə dil açmışıq. Guya öz ədəbiyyatımızı yalnız XIII-XIV əsrdə yaratmışıq. Bu, yolverilməzdir. Axı III-IV əsrdə artıq Qafqazda türk dili geniş yayılmışdı. Hətta erməni filoloq Hraçya Acaryan yazırdı ki, V-VI əsrlərdə türk dilinin təsiri ilə qədim erməni dili dəyişərək orta çağ erməni dilinə çevrilib. Yəni o dövrdə türk dili o qədər güclü idi ki, qonşu xalqların dilinə də təsir edirdi. Çar Rusiyası ideologiyası türkləri əzmək, aşağılamaq, gözdən salmaq, onun qədim tarixini, əlifbasını məhv etməkdən ibarət idi. Təəssüf ki, sovet yanaşmasından gələn bəzi səhvlər bu gün də davam etdirilir, saxtalaşdırılmış faktlar üzərində tarix yazılır. Ədəbiyyata yanaşma prinsipləri də dəyişməlidir. “Dədə Qorqud” dilindən gələn dadlı-duzlu sözlər canlı dilimizə qayıtmalıdır. Burda da ədəbiyyatın, dərsliklərin rolu çox böyükdür. Mən “Göy Tanrı” romanımda yüzlərlə qədim türk sözündən istifadə etmişəm. O sözlər yerindədir və əsərə əski çağların rəngini gətirir.

- Mütəxəssislərin fikrincə, bu gün  dilimiz rəqabətdə ərəb dilinə uduzur. Bu məğlubiyyət dilimizin gücsüzlüyüdür, yoxsa yanaşmanın natamam olmasının nəticəsi?

- Bu, sadəcə siyasi proseslərin nəticəsidir. Necə ki 30 il bundan əvvəl Azərbaycanda əksəriyyət rus dilində danışırdı, idarələrdə bütün yazışmalar rusca aparılırdı, neçə əsrlər əvvəl də Qacarlar, Səfəvilər yazışmalarını fars dilində aparırdılar. Azərbaycan dili arxa plana keçirilmiş, ünsiyyət dili kimi fars dili seçilmişdi. Elmi ədəbiyyat ərəb dilində yazılırdı, terminologiya ərəb dilində inkişaf etdirilirdi. Ancaq o dövrlər artıq geridə qalıb. Təmiz Azərbaycan dilində terminologiyanın inkişafını düşünməliyik. Türk dövlətləri ilə ümumi Terminologiya Komitəsi yaradılmalıdır. Yeni sözləri birgə alsaq, bir-birimizi daha yaxşı başa düşərik. Məsələn, Türkiyə “bilgisayar” deyir. Bunun nəyi pisdir, niyə Türkiyə türkcəsindən istifadədən çəkinirik? Azərbaycanda hələ “kompüter” sözünü necə yazmağı öyrənə bilməyiblər. “Alış-veriş” sözü qala-qala “şoppinq”, “dükan” əvəzinə “market” sözündən istifadə edirlər. Belə sözlər çağırılmamış qonaq kimidir, onların bizim ölkədə nə işi var axı?

- Küçə reklamları və xidmət obyektlərinin adlarında da vəziyyət eynidir.

- Bu da Qarabağın işğalı kimi bir şeydir. Bakını yad dillər işğal eləyib. Paytaxt küçələrindəki reklamların 93-94 faizi əcnəbi dildədir, Azərbaycan dilinə yer qalmayıb. “Dövlət dili haqqında” Qanun hər addımbaşı pozulur. Bu durum  ürəyimi ağrıdır. Dil Qurumu bununla bağlı dəfələrlə müşavirə keçirib, ancaq heç bir təsiri yoxdur. Dövlət rəhbərinin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” hazırlandı, ciddi tapşırıqlar verildi. Daha nə etmək lazımdır? Obyekt sahibləri, vətəndaşlar bu məsələdə vicdanlı davranmalı, dilimizin qayğısına qalmalıdırlar. Dilimizə və qanunlara bu qədər sayğısızlıq yolverilməzdir.

- Bir vaxtlar “Azərbaycan” adlı nüfuzlu qəzet buraxmısınız, mətbuat və informasiya naziri vəzifəsində çalışmısınız. O dövrlə müqayisədə mətbuatın bugünkü durumu haqqında nə deyə bilərsiniz?

- “Azərbaycan” qəzetini mən milli qəzet kimi çıxarmağa çalışırdım. Sonrakı dövrlərdə isə milli mətbuat əvəzinə müxtəlif zümrələrə xidmət edən qəzetlər yarandı. Bu gün ən böyük problem milli hədəflərə xidmət edən mətbuat orqanlarının sayca azalmasıdır. Mən mətbuat naziri olanda Mətbuat və İnformasiya Bankı yaratmaq istəyirdim. Onun nümunəsi ilə bəzi xarici ölkələrdə tanış olmuşdum. Bu sistem dünyada baş verən hadisələri izləmək və bütün yeni xəbərləri müəyyən qaydalarla yaddaşda saxlamaqdan ibarətdir. Məsələn, Misirdə bu cür İnformasiya Bankı var. Burda  sənə lazım olan informasiyaları asanlıqla tapırsan. Doğrudur, indi internetin mövcudluğu bu problemi həll edib. Ancaq mənə elə gəlir ki, müharibə şəraitində yaşayan Azərbaycanda Qarabağla bağlı hər şey gündəlik qeydə alınmalı, hamısı həmin Bankda yerləşdirilməli idi. Bu, daha sonra ensiklopediyaya da çevrilə bilərdi. Bu gün Azərbaycan dilindəki Vikipediya bizim əleyhimizə işləyən materiallarla doludur. Çünki özümüz nəzarət etmirik. Mən nazir olanda mətbuatda adların Azərbaycan dilində yazılmasına ciddi nəzarət edir, qəzetlərin mütəxəssislər tərəfindən təsis edilməsinə xüsusi önəm verirdim. Müstəqil mətbuat orqanlarının, televiziyaların qeydə alınması da mənim üçün vacib idi. Ancaq o vaxt ağlıma gəlməzdi ki, mətbuat bu qədər dağıdıcı funksiya daşıya bilər. Tarixən Azərbaycan mətbuatı milli birliyə xidmət edib. Bu gün isə kütləvi informasiya vasitələri əksini icra edir. Mətbuata göz gəzdirəndə qarşılaşdığın mənzərə “Filankəs boğuldu”, “Filankəs öldürüldü” kimi xəbərlərdən ibarət olur. Mətbuat səhifələri başdan-ayağa qara xəbərlərlə doldurulur. Mətbuat bundan ötrü deyil axı. Yaxud baxırsan ki, bir qəzet bir neçə ay eyni adam haqqında mənfi yazılar verir. Aydın məsələdir, bu kimi yazılar qərəzli olur və ya maddi məqsəd güdür. Millətin gözünün içinə baxa-baxa belə qəzet buraxmaq olmaz. Ancaq müstəqillik dövründə mətbuatımızın inkişafını da danmaq mümkün deyil. Sahə qəzetlərinin – idman, ədəbiyyat, uşaq qəzet və jurnallarının yaranması müsbət haldır. Azərbaycanı tanıdan jurnalların nəşr edilməsi böyük uğurdur. Böyük bir jurnalist ordusu yaranıb, onların arasında xeyli istedadlısı da var. Halbuki, bir vaxtlar az sayda mətbuat orqanına işçi tapmaq müşkül məsələ idi.

- Vaxtilə tərcümə ilə də məşğul olmusunuz. Tərcümə Mərkəzi yeni statusda fəaliyyətini davam etdirir. Azərbaycanda tərcümə prosesini, qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Tərcümə ilə daha çox “Ədəbiyyat və incəsənət” qəzetində və “Yazıçı” nəşriyyatında işləyəndə məşğul olmuşam. Tərcümə Mərkəzinin yaradılması çox gözəl addımdır. Biz sovet dövründən Tərcümə Mərkəzinin yaradılma məsələsini təklif edirdik, bu ideya çoxdan var idi. Rəhmətlik Aydın Məmmədovun təşəbbüsü ilə yaradılmış Tərcümə Mərkəzi daha çox bədii ədəbiyyatın tərcüməsi ilə məşğul idi. İndi Afaq Məsudun rəhbərlik etdiyi bu qurum artıq dövlət orqanıdır və o, təkcə bədii tərcüməyə yox, Azərbaycan dilinə tərcümə olunan bütün materiallara nəzarət etməlidir. Əgər qanunlarımız başqa dildən tərcümə edilirsə, onlar da Tərcümə Mərkəzindən keçməlidir. Çünki bu qurum tərcümənin vahid terminologiyası əsasında işləyəcək. Tərcümə Mərkəzi tərcümə prosesi ilə bağlı dövlət proqramlarını həyata keçirməlidir. Mən bu qurumun fəaliyyətinə böyük bir institutun, akademiyanın işi kimi baxıram. Təbii ki, əsas istiqamət yenə də bədii ədəbiyyatın tərcüməsi olacaq. Tərcümə Mərkəzinin dünyanı bizə tanıtmaqdan əlavə, bizi dünyaya tanıtmaqda da böyük rolu olacaq. Ona görə də xarici dil mütəxəssisləri bu qurum ətrafında toplanmalı, müəyyən proqramla tədricən Azərbaycan ədəbiyyatını dünya dillərinə çevirməlidirlər.

- Siz daha çox şair kimi tanınmısınız. Ancaq hekayələriniz, povestləriniz, romanlarınız, ssenari müəllifi olduğunuz filmlər var. Bəs niyə poeziyanız nəsrinizi üstələyib?

- Əslində, mənim nəsrim də bir az şeir kimi yazılıb. Hamısına şeir kimi baxıram. Ümumiyyətlə, ədəbiyyat elə poeziyadır. Uşağa əvvəl layla deyirlər, sonra nağıl danışırlar. Son vaxtlar cəmi bir şeir kitabım çıxıb – “Əbədi sevda”. Ümumilikdə, altı roman çap etdirmişəm. “Atamın ruhu” adlı hekayələr, povestlər, pyeslər kitabım, ardınca “Xətai yurdu” adlı xatirə romanım çıxdı. Sonra Oğuz xan haqqında “Göy Tanrı”nı, Cavad xandan bəhs edən və əsasında film çəkilən “Ölüm zirvəsi” romanını, sonra Əhməd Ağaoğlunun yaratdığı “Difai” partiyası və erməni terrorundan bəhs edən “Difai fədailəri”ni, sonra kosmosdan gələn və insan təbiətindəki sunamidən danışan “Sunami” romanını yazdım. “Şair” adlı bir romanı da bitirmişəm. “Astar” adlı romanım var, hələ çap olunmayıb. Nəsr xeyli vaxtımı alıb. Şeirləri yolda-rizdə, təyyarədə – hər yerdə yaza bilirsən, amma nəsr yazmaq rahat məkan, vaxt tələb edir. Hər yeni nəsr kitabından sonra özümə söz verirəm ki, bir də nəsr əsəri yazmayacam. Hərdən uzun müddət nəsrlə məşğul olanda elə bilirəm ki, o şeirləri mən yazmamışam, bir daha şeir yaza bilməyəcəm.

- Gəncliyi 80-ci illərə təsadüf edən nəsil “Ömür kitabı”nız kimi əsərlərlə böyüyüb Siz müasir ədəbiyyatımız haqqında hansı qənaətdəsiniz, gənclərin yaradıcılıq səviyyəsindən razısınızmı?

- “Ömür kitabı” tale kitabıdır. 1985-ci ildə münasib hava yarandı və hiss elədim ki, vaxtdır, öz içimdəkiləri yaza bilərəm. O vaxta qədər ermənilərin bizim haqqımızda yazdığı çoxlu kitab var idi. İçimdə belə bir istək vardı ki, hansı yolla olur-olsun, onlara cavab verməliyik. Mənim vətənimi necə dərk etdiyimi, o vaxta kimi oxuduqlarımı, gördüklərimi sistemləşdirib bir yerə yığmaq üçün şərait yetişmişdi. Millətin içində də bir oyanma, dərketmə prosesi gedirdi. O kitab vətən haqqında işıqlı bir nəğmə idi və məhz dövrün kitabıydı deyə, yerinə düşdü. “Ömür kitabı” insana güc, qüdrət, işıq verir. Təəssüf ki, bu gün yazılan kitabların əksəriyyətində o siqlət yoxdur, əksinə, vətəndən küskünlük, ümidsizlik, özünə biganəlik, Avropaya heyranlıq var. Səbəbi budur ki, biz müharibədə hələ ki, uduzan tərəfik. Gənclərimizin çoxu özlərindən yaşlı nəsildən - bizdən də küsüb. Biz də özümüzdən əvvəlki Azərbaycanın bölünməsindən narazılıq edirdik, dədə-babalarmızı günahlandırırdıq. Bir çox problemlərin kökünü burda görürəm. İşğala son qoyulması hər şeyi həll edə bilər. Atatürk deyirdi ki, xəttin önəmi yoxdur, səthin önəmi var. Yəni cəbhə xəttinin hardan keçməsi vacib deyil, səth vacibdir, o da vətən torpağıdır. O xətt bu gün var, sabah yox. Biz o vətən torpağını düşməndən təmizləməliyik, ondan sonra hər şey öz yerini tapacaq. Gənclər arasında istedadlıları var. Hamıdan bizim kimi düşünməyi tələb etmək olmaz. Son dövrdə dünyanın müxtəlif xalqlarının ədəbiyyatına baxıram, görürəm ki, bizdəki proseslər dünyanın çox yerində müşahidə olunur. Ədəbiyyatda kökə etinasızlıq var, şeirin səfərbərlik gücündən çox ümidsizliyə çağıran səsi var. Dünyanın böyük hadisələrindən, böyük haqlardan daha çox insan daxilindəki xəstə ruhun ifadəsi özünü göstərir. Bu vəziyyətdə olan millətin şairlərinin dünyadan küskün yaşamağa, taleyə təslim olmağa haqqı yoxdur. Əksinə, gələcəyimizi qurmaq istəyiriksə, bu çətin vəziyyətdə ədəbiyyat gücümüzün toparlanmasına, milli birliyə xidmət etməlidir. Bunun əksinə olan ədəbiyyatın xəyanətkarlıqdan elə bir fərqi yoxdur. Ürəkaçan məqamlar da az deyil. Məsələn, Aslan Quliyevin “Ağrı” romanını oxuyuram, bəyənirəm. Vaqif Bəhmənlinin şeir kitabını oxuyub sevindim. Məmməd İsmayılın yeni çıxan şeir kitabını vərəqləyib gördüm ki, yenə də gənclik enerjisi ilə yazır. Kamal Abdullanın hekayələri dəyərlidir. Orta məktəb dərsliklərinə klassika adına elə şeylər salınır ki, onların heç bir dəyəri yoxdur. Mən istərdim ki, onun əvəzinə müasir ədəbiyyatımızdan bəzi nümunələr dərsliklərə salınsın. Uşaqlarımız bu günün təfəkkürü ilə yaşamalıdırlarsa, qoy elə müasirlərimizi oxusunlar. Musa Yaqubu əzbər bilirsə, dərsliyə də elə Musa Yaqub salınsın. Orta əsrlərdən zirvədəkilər təbliğ edilsə, kifayətdir. Şagirdlərə o dövrün ortabab şairlərinin, yazıçılarınin yerinə bu günün ədəbiyyatı öyrədilsə, daha yaxşı olar.

- Ssenari müəllifi olduğunuz “Cavad xan” filmindən gözləntilər böyük idi, ancaq bəzi tənqidlər də səsləndi...

- Mən kino sahəsində təcrübəsiz idim. Rejissora və prodüser mərkəzinə arxayın oldum. Prodüser mərkəzi, demək olar ki, bizi aldatdı. Onsuz da filmə ayrılan maliyyə vəsaiti az, o vəsaitin xərclənməsinə nəzarət imkanım isə yox idi. Əldə qalan vəsaitlə nələrinsə əlavə olunacağını vəd verə-verə ən vacib məqamlarda pul olmadığını dedilər. Mənə üç kamera ilə işləmək vəd edilsə də, filmin sonuna kimi çəkiliş bir kamera ilə aparıldı. Filmin materialının böyük bir hissəsi bu gün də İrandadır. Montaj belə kifayət qədər səliqəli aparılmadı. Filmin qalan materiallarını gətirməklə üç-dörd seriyalı filmə çevirmək olar. Ancaq bu işi heç kim boynuna götürmür. Əvvəlcədən prodüser mərkəzi seçimi yanlış idi.

- Əvvəllər tez-tez şəhərdə görünürdünüz. İndi görünməməyinizə səbəb artan yaş, qocalıq deyil ki?

- Əvvəl səhərlər tez-tez bulvara çıxırdım. Hökumət Evinin qarşısındakı bayraqdan “Azneft” meydanındakı bayrağa qədər gedib-qayıdırdım. Zarafatla birinin adını “Bakı”, o birinin adını “Təbriz” qoymuşdum. Elə bil, hər səhər Bakıdan Təbrizə qədər yol gedirdim. Bu, mənə böyük zövq verirdi. Sonra vərdişim üzrə gəzintiyə çıxmamağımın konkret səbəbləri oldu. Qonşu ölkələrdən mənə qarşı təhdidlər səsləndirilirdi, bunun nə dərəcədə ciddi olub-olmadığını bilmədiyim üçün belə gəzintilərdən imtina elədim. Yəni bunun qocalıqla heç bir əlaqəsi yoxdur. Səhər gəzintisinə çıxmasam da, üzgüçülüyə gedirəm, evdə idmanla məşğul oluram, velosiped sürürəm. Ən ciddi səbəb isə səhərlər işləməyimdir: bəzən saat 4-də, 5-də, gecikəndə 6-da qalxıb yazı masasının arxasına keçirəm...

Söhbəti yazdı: Sevinc FƏDAİ, "Aydın yol" qəzeti

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.