Nəriman Əbdülrəhmanlı: "Bu ədəbi durğunluq deyil, ədəbi nizamsızlıqdır" - MÜSAHİBƏ
22.12.14

Tanınmış yazıçı Nəriman Əbdülrəhmanlı ilə müsahibə.

- Nəriman müəllim, vəziyyət necədir?

- Həmişəki kimi yazı-pozu…

- Nəriman müəllim ilk olaraq mümkünsə, Azərbaycan ədəbi mühiti haqda danışardınız...

- Azərbaycanda normal ədəbi mühit yoxdur. Ayrı-ayrı qruplar var, bir-biri ilə şəxsi münasibətləri olan, bir-birinin yaradıcılığına bələd olan şəxslərin birliyi var. Ədəbi mühit Azərbaycanda ötən əsrin 60-cı, 80-ci illərində var idi. İndiki ədəbi mühit müəyyən maraqlar üzrində formalaşıb və ayrı-ayrı qruplara bölünüblər.

- O qruplar hansılardır?

- Azərbaycan Yazıçılar İttifaqında işləyənlərin ayrı qrupu var, özlərinin ayrı ədəbi mühiti var. Azad Yazarlar Ocağı tamam ayrı bir ədəbi mühitdir. Kamal Abdullanın ətrafında isə başqa bir mühit var...

- Bu vəziyyəti necə nizamlamaq olar?

- Heç cür bunu nizamlamaq olmaz. Tarixən belə olub. Həmişə hər hansısa jurnalın ətrafında birləşiblər, hansısa cəryanın ətrafında birləşiblər. Hər yerdə belə olub, Avropada da, Rusiyada da.

- Belə deyək də "kitab bazarında" vəziyyət necədi, bir yazıçı kimi satışlar, kitaba maraq sizi qane edirmi?

- Bizim kitab satışı hal-hazırda ağlamalı vəziyyətdədir. Azərbaycanda normal yazıçı 500 nüsxədən artıq kitab buraxa bilmir. Onun da bir hissəsini dost-tanışa, təqdimatlarda paylayır. Azərbaycan əhalisinin sayı 9 milyondan çoxdur. İndiki vəziyyətdə oxucularımızın sayı ən azı 10 min olmalıdır. Ancaq indiki halda 300-500 oxucumuz var. Nadir hallarda kitabların tirajı 1000-dən çox olur.

- Bunun günahı oxuculardadır ya yazıçılarda?


- Mənə elə gəlir ki, yazarlarda günah yoxdur. Mən demirəm yazarlarımızın hamısı eyni səviyyədə yazır. Bu zəmanənin təbiətindəndir. İndi o qədər informasiya meydana çıxıb ki, artıq telefonla da məlumat əldə etmək olur, televiziyalar da bir tərəfdən, kitab sıxılmağa, darıxmağa başlayıb artıq.

- Götürək Türkiyəni, orda kitab alan zaman növbə gözlməli olur adam. Televiziyaları da bizdən çoxdur, saytları da...

- Türkiyənin kitab bazarına sadəcə olaraq heyran olmaq olar. Çanaqqalada, Konyada, Ankarada, İstanbuladkı kitab mağazalarında olmuşam. Orada növbələr yarandığını görmüşəm. Bu yaxınlarda Orxan Pamukun imza mərasimi keçirildi. Orada bir kilometrdən də uzun növbə quyruğu yarandı, oxucular növbəyə düzülmüşdü. Orxan Pamukun romanının birinci basqısı 150 min tirajdır. Elif Şafakın, İsgəndər Palanın, Orxan Pamukun kitabları 5-6 dəfələrlə 100 min nüsxələrlə çıxır. Bizdə belə şeylər yoxdur.

- Buna səbəb nədir?

- Səbəb odur ki, kitab nəşrinə əlavə dəyər vergisi qoyulub. Kitab çox baha çıxır. Bu da oxucunu qaçırdır. Neçə illər nəşriyyatlar əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması üçün mübarizə apardılar ancaq buna nail ola bilmədilər. Hesab edirəm ki, bu hökumətin marağında olmalıdır. Necə ki, mətbuata dövlət dəstəyi şurası yaradıldığı kimi nəşriyyatlaraa da elə bir dovlət dəstəyi şurası yaradılmalıdır. Ən azı ildə dövlət nəşriyyatlara müəyyən qədər maliyyə ayırmalıdır ki, kitablar ucuz çap edilsin, kitablar ucuz olsun, oxucu da kitabları alsın. Bizdə kitablar çox bahadır. Oxucuların çox hissəsini isə tələbələr təşkil edir. Tələbələrin də bildiyimiz kimi imkanı az olur. Ona görə də, kitab bazarımız yaxşı vəziyyətdə deyil.

- Xaricdə yazıçıların işinin adı yazmaqdır ancaq Azərbaycanda yazıçılar pulu kitabdan yox, köşədən, tərcümədən, redaktədən qazanır. Bunlar yaradıcılığınıza necə təsir edir?


- Əlbəttə pis təsir edir. Yazıçı iqtisadi və mənəvi cəhədən azad olmalıdır. Yazıçı hər hansısa bir yerdə işləyirsə, mütləq həmin yerin təsiri altına düşür. Əmək rejiminə itaət etməlidir, bu da yazıçının vaxtını alır. Mən 8 il işləmədim. Ancaq yazmaqla məşul oldum. Gəlirim tərcümə kitablarından gəlirdi. Çox sərbəst idim, azad idim. Mənə elə gəlir ki, ən yaxşı kitabları həmin dövrdə yazdım. İndi işləməyə məcburam. Çünki başqa yerdən gəlirim yoxdur. Vaxtımın çoxu lazımsız münasibətlərə, vacib hesab etmədiyim işləri görməyə gedir. Ona görə də, vaxt cəhətdən, sərbəstlik cəhətdən çətinlik yaranır.

- Sizcə nə ilə əlaqədardır ədəbi mühitdəki bu durğunluq, süstlük?


- Ədəbi mühitdə əslində durğunluq yoxdur. Az qala hər gün kitab təqdimatları olur, hər gün hansısa şairin yubleyidir. Bu ədəbi durğunluq deyil, ədəbi nizamsızlıqdır. Çünki ölçülər, dəyərlər məlum olmayanda, müəyyənləşdirilməyəndə bu cür qarmaqarışıqlıq yaranır…

- Nizamsızlıq bir yazıçı kimi size ruhdan salır?


- Əslində yazan adam həmişə təkdir. Mən heç vaxt yazdıqlarımı ədəbi mühitə hesablamamışam. Mən sözə hesablamışam ki, bunu yazıram, mənim sözümə güvənən, oxumaq istəyən mütləq tapıb oxuyacaq.

- İndi elə dövrdür ki, bazara çıxan hər şeyin piarını təşkil etmək lazımdır. Yoxsa belə desək "mal əldə qalır". Kitablarınızın piarı ilə məşğul olursuz, piardan isifadə edirsiz?

- Dövr həqiqətən başqa dövrdür. Əvvəllər Yazıçılar İttifaqı, dövlətə məxsus nəşriyyatlar var idi. Kitavlar həmin nəşriyyatlarda çap olunurdu və bunun üçün əla qonarar alırdıq. Hətta bir kitabın qonararı ilə maşın alırdılar. Sovet hökuməti hər sahəni nizamda saxlayırdı. Quruluş dəyişdi. İndi azadlıqdır, ancaq azadlığın da öz ağrılı tərəfləri var. Piar çox gözəl şeydir, ancaq bacara biləsən. Məsələn Orxan Pamuku misal gətirim. Orxan Pamukun son romanı çap olunana qədər bir ay bütün dünyanın mətbuat orqanlarında piar etdilər, o romanı tanıtdılar. Təbii ki, bu yazıçının imicinə də kömək edir. Mənim piar etməyə imkanlarım yoxdur. Orxan Pamukun emalatxanası var. Onun orda redaktorları, korrektorları, mətbuatla əlaqə quranları, arxivdən gedib sənəd tapıb gətirənləri var. Qısası sistemli şəkildə işləyirlər. Bunun çoxusu maddiyyata bağlıdır. Mənim isə heç bir piar imkanlarım və qabiliyətim yoxdur.

- Son romanınız haqda danlşardınız mümkünsə...


- Son romanım “Qurban” romanıdır. Roman “Əli və Nino” əsərinin tarixçəsi haqqındadır. Bu romanı yazmağa 20 il hazırlaşmışam. 20 il o roman ətrafında baş verən bütün hadisələrlə bağlı, sənədləri, xatirələri yığmışdım. Hiss edirdim ki, bu yığdıqlarım mənə lazım olacaq. “Əli və Nino”romanı 90-cı illərin əvvəllərində Mirzə Xəzər tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdi. Roman böyük əks-səda yaratdı. Mən “Əli və Nino” romanının motivləri üzrə iki hissədən ibarət filmin ssenarisini yazmışdım. Ssenari qəbul olundu, çəkilişlər də başladı ancaq siyasi hadisələr alovlandı və ona görə də filmin çəklişi yarımçıq qaldı. Tiflisdə "Qafqaz Evi" adlı bir təşkilat var. Onlar məni dəvət etdilər, filmin çəklişləri haqqında söhbt getdi, ssenarini oxuyub bəyəndilər, ancaq yenə iş yarımçıq qaldı.

Hollivudda Cənubi Azərbaycandan bir rejissor var, Con Qaffari deyirlər ona, ancaq əsl adı Cahangirdir. Con Qaffari ssenari barədə xəbər tutub gəlib onun mətnini oxudu, və o da bəyəndi. Dedi ki, Hollivudda bu filmin çəkilişini təşkil edəcək, ancaq bu da baş tutmadı.

- Niyə baş tutmadı?

- Yəqin ki, maliyyə problemləri üzündən. Filimlə bağlı prodüser tapa bilməyiblər. “Əli və Nino” romanı ətrafında gedən hadisələri romana çevirdim və roman-xronika alındı.

- Hazırda üzərində işlədiyiniz bir əsər varmı?


- Var. Üstündə işləmirəm amma hazırlıq işləri aparıram. Mənim üslubum belədir ki, bir romana hazırlaşanda xeyli müddət düşnürəm ancaq heç bir qeydlər aparmıram. Əgər tarixi əsərdirsə ona dair sənədləri oxuyuram. Beynimdə onu bişirirəm, ondan sonra yazmağa başlayıram. Hazırlaşdığım roman qeyri-adi mövzu ilə bağlıdır. Təbii ki, adını demiyəcəm. Gələn payıza qədər romanı qələmə alacam.

- Xəbər yayıldı ki, çoxdan yazdığınız bir romanınız türk dilinə tərcümə edilib, başqa dillərə nə vaxt tərcümə etdirəcəksiniz kitablarınızı?

- İlk romanım “Könül elçisi” Oruc bəy Bayat haqqında romandır. Romanı Fəthi Gədikli türkcəyə çevirib. Kitab bəyənildi. Nəşriyyat mənimlə müqavilə bağladı və bütün əsərlərimin çapını üzərlərinə götürdü. İstəyirəm “Yolçu” və “Qurban” romanları da Türkiyə türkcəsinə, rus dilinə, ingilis dilinə tərcümə olunsun.

- Türkiyədə romanınız hansı sayda çıxır?

- Türkiyədə romanım 10 min tirajla çıxıb. İmza mərasimi də təşkil olunacaq Türkiyədə.

- Gənc yazarlarımız yaşlı yazarları qəbul etmirlər. Buna münasibətiniz necədir?

- Mən düzgün hesab etmirəm bunu. Qəbul eləməmək o demək deyil ki, o pis yazıçıdır. Nəyisə tənqid eləmək olar, nə iləsə razılaşmamaq olar, ancaq onun haqqında biədəb ifadələr işlətmək olmaz. Yazmaq, hər halda pis işlərlə məşğul olmaqdan, rüşvət almaqdan, ev yıxmaqdan pis bir şey deyil. Yazırıq.

- AYO-çular Anarı qəbul etmir. Bunun səbəbi nədir?


- Mən elə hesab edirəm ki, yazmaq istəyən adam heç vaxt öz qüvvəsini mənfi enerjiyə xərcləməməlidir. Yazmaq İÇinlə ÇÖLün harmoniyasından yaranan şeydir. Daxilən və zahirən rahat olmalısan. Mən inanmıram ki, o cür cığallıq etməklə, lazımsız mübarizələr aparmaqla nəyəsə nail olasan.

- Gənc yazarlardan oxuduqlarınız var?

- Əksəriyyətini oxuyuram. Onların arasında çox istedadlı olanları da var. Gənc yazarlar hələ yetişməmiş özlərini çox reklam edirlər. O qədər reklamla məşğul olurlar ki, özlərini püxtələşdirməyə zamanları qalmır. Vaxtlarının çoxusunu özlərini tanıtmağa həsr edirlər, bu da çox ziyanlı şeydir. Yazmaq əslində cəmiyyətdən qorunmaqdır. Cəmiyyəti müşahidə etməlisən ancaq cəmiyyətlə öz aranda sipər qoymalısan. Ona görə ki, cəmiyyət səndə olan yazmaq enerjisini sorub aparmasın.

- Gənc yazarların Çingiz Abdullayevlə bağlı belə bir iddiası var ki, bir insan bu qədər kitab yaza bilməz.

- Mən hesab edirəm ki, Çingiz Abdullayevin romanlarını yazmaq olar. O romanların ayda minimum ikisini yazmaq olar. Burda heç bir çətin şey yoxdur. Sadəcə süjet qurmağı bacarırsan və yazırsan. Orxan Pamuk son romanını 6 ilə yazıb. O romanı elə qrub, elə bişirir ki, hər söz adamı çəkib aparır. Çingiz Abdullayev buna çalışmır. Oxucunu əyləndirməyə çalışır. Çingiz Abdullayevin romanlarında heç bir şübhəli şey yoxdur. Ağıl lazımdır ki, sujeti qurasan və oturub yazasan. Sözün dərinliklərinə getməyə çalışmadan yazırsan.

- Azərbaycanda oxucular daha çox xarici ədəbiyyatı oxuyur. Bunu nə ilə əlaqələndirmək olar?

- Bu bizim çox ağrılı yerimizdir. Əslində bir az "dəbə uymaq" psixologiyasından gələn şeydir. Həmişə biz özgəni yaxşı hesab etmişik. Adi paltarda da elədir, xaricdən gəlibsə yaxşıdır, öz məhsulumuzdursa şübhəlidir. Azərbaycan ədəbiyyatında son 20 ildə kifayyət qədər yaxşı əsərlər yaranıb. Hətta dünyaya çıxarılası əsərlərimiz də var.

Azərbaycanda yazıçını oxucudan uzaq salırlar. Azərbaycanda heç bir kanalda yazıçının, kitabın təbliği ilə bağlı bir dənə də veriliş yoxdur. Azərbaycanda hər yazıçının 300-500 oxucusu var, bu da bizim üçün çox fəlakətli bir rəqəmdir. Heç olmasa Azərbaycan yazıçısının kitabı 10 min tirajla buraxılmalıdır.

- AYB bu sahədə öz işini düzgün qura bilir?

- AYB haqqında istəmirəm danışım. AYB-nin sıralarından çıxmışam. Qurultay ərəfəsində bəyanat verib çıxdım, çünki orda yaranmış şərait məni qane etmədi. 10 il ərzində AYB-nin idarə heyətinin üzvü olmuşam. Bir tədbirlərinə belə nə dəvət etdilər nə də mən iştirak etdim. Mən də "ölü canlar" olmaqdansa AYB-nin sıralarından çıxmağı qərara aldım. AYB öz aparatı ilə, mətbu orqanları ilə bir neçə yüz adamı dolandırmaqla məşğuldur. AYB-dən Azərbaycan ədəbiyyatına təsir edəcək heç nə gözləmirəm.

- Azərbaycanda uşaq ədəbiyyatının vəziyyəti hansı vəziyyətdədir?

- Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti yaxşıdır. Yeni əsərlərin yazılması ilə bağlı yox, əvvəllər yazılmış əsərlərin yenidən daha yaxşı formada çapı ilə bağlı.

Sonda fotonun çəkilməsi ilə bağlı söhbət edirik. Nəriman müəllim deyir, özüm yaxşı fotolar çəkirəm ancaq başqalarının çəkdiyi fotoları çox da bəyənmirəm. Yaxşı foks tuta bilmirlər. /olke.az/

Yenililklər
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.