Ataqam - Vurğun
29.12.14

Avanqard.net Ataqamın novellasını təqdim edir.

Azmışdıq. Bizi dördyoldakı qara daşın üstündə oturub avazla kitab oxuyan ağsaqqal kişi, bir də şüşə ciliklənməsi səsinə bükülmüş uzanıb-gödələn, nazilib zoğ kimi qıvrılıb düyünlənən, təzədən çözülüb açılan ağ-qara zolaq kölgələr çaşdırmışdı.

Ağ səubunun ətəklərini altına yığıb bardaş qurub oturmuş nuranı qocaya salam verdik. Qoca: “Qabaqda çınqıllıq var, indi çayanların cütləşən vaxtıdı, bu yandan gedin, bura kəsədi” – deyib meşəyə gedən cığırı göstərdi. “Sağ ol”umuza saqqalını sığallayıb zorla sezilən təbəssümlə cavab verdi. Səmti dəyişib meşə yoluna üz tutduq.   

Çənub-qərbə gedib iki adsız sısqa çayı keçməli, qoşa çınarın yanında səfərçiləri gözləməli, karvana qoşulub Kərbəla ziyarətə getməli idik.

Kölgələrin fantom rəqslərinə baxdıqca canıma xof dolurdu. O isə başını aşağı salıb məndən üç addım qabaqda gedirdi. Bircəcə dəfə gözucu ətrafa baxdı. Ürəklənib addımlarımı yeyinlətdim. İndi yanaşı gedirdik.

Qorxduğumu, ola bilsin, ya inamsız yerişimdən, ya da tez-tez ətrafa boylanmağımdan duymuşdu. Hələ bəlkə ürəyimdən keçənləri də oxuyurdu. Arada sakitcə: “Qorxma, buranı keçək, düz yola çıxarıq”- deyib təsəlli verirdi.

Bizdən qabaq buralardan çox adam keçmişdi; qoşa izlərdən, cığırın sağ-sol yörəsinə basdırılmış çubuqlardan, sönmüş ocaqların boz külündən bilirdim. Cüt ayaq izlərinin dabanı bizə tərəf idi. İzlərdən ucu bizə tərəf olanlar yalnız ləpirlər idi.

Mən danışmaq istəyirdim; susmaqdan həmişə qorxmuşam. O da qaradinməz adam deyildi, əksinə, onu bütün şən məclislərimizin canı bilirdik. Hələ məktəbdə oxuduğumuz illərdə hər bayramda ağlagəlməz hoqqalar çıxarar, bağıryaran oyunlar düşünər, hərdən də uşaqları yığıb səhnəciklər düzəldərdi. Mənə həmişə arxa rolları verərdi (amma heç inciməzdim). Çox da yaraşıqlı idi. Sinifdə hamıdan hündür, hamıdan güclü idi. Məndən başqa hamı ona həsəd aparardı.

Məktəbimiz Bakının adsız məktəblərindən biri idi, amma hamı ona “Nuzugilin məktəbi” deyərdi.  Nuzu bizdən iki sinif aşağı oxuyurdu. Kefi kök olanda şabaladı buruq saçlarına çiçək taxardı. Vurduğu ətirin adını heç kimə deməzdi. Oğlanların yanından keçəndə həmişə gülümsəyərdi. Onun təbəssümünü hərə özünə götürərdi.

Günlərin bir günü o, Nuzunun adını çəkdi. Həmin gün bütün oğlanların qaşqabağı yer süpürdü. Fikir verməmişdim, deyirlər guya o gün rus dili müəllimizin də kefi bərk pozulubmuş.

Bir dəfə anamdan “gözəl adamlar niyə gözəl olur?” soruşdum. Anam qaradınməz adam idi, ən uzun cümləsi üç sözdən artıq olmazdı. “Vitamin yeyirlər” – dedi. O gündən atamın verdiyi simitpulundan kəsib meyvə alıb xəlvətcə yeyərdim. Meyvə olmayanda, vitamin həbləri alıb atardım, qutularını da yığardım.   

Nuzugilin toyundan bir gün qabaq mənə soyuq dəydi, sancı qarnımı doğradı, toya gedə bimədim. Bir neçə gün sonra uşaqlardan biri onların qoşa şəklini gətirdi. Nuzu gəlin paltarında tovuzquşuna oxşayırdı.

İyirmi iki yaşımın tamamında, Nuzunun toy şəklini görən gün vitamın qutularını yandırdım.

***

Talaya çıxdıq. Burda ot elə bil oraqla biçilmişdi, hamisi eyni boyda idi. Ətrafdakı ağacların kölgələri indi titrəşir, ucları talanın otrasındakı çömçəquyruqlar üzüşən gölməçədə birləşirdi.   
--Bəlkə bir az dayanaq? - razılığımı gözləməyib oturdu.
Mən də oturdum. Azmağımızın canımı sarmış xofu olmasaydı, elə burdaca uzanıb doyunca yatardım. Çəmənliyə dirsəklənidim, onun gözlərini yumulu görüb, ayaqlarımı səssizcə uzatdım.  
--Yox, yatma! Bir azdan toran vuracaq, yaxşısı budur gedək, - o, elə gözüyumulu ayağa durdu.
Ayağından çəkdim. – Otur, bir az ondan danış, - dedim.

Ürəyim qopdu. Mən ondan belə bir xahiş edəcəyimi ağlıma da gətirməzdim, hətta, elə düşündüm ki, bu xahişi ürəyimdə etmişəm.   
--Nə danışım? - çöməltmə oturdu. Sifətinin gərildiyini duydum, - Çöküşümü mənə yenidən yaşatmaq istəyirsən?!
--Yox, əlbəttə yox! Biz dostuq. Həm də... axı o vaxt işlərin elə alınmasında sənin günahın olmadı, - səhvimi düzəltmək üçün səsimi mülayimləşdırdim.

İçimdə isə, maqma qayaları çatladıb püskürmək üçün vulkanın boğazına çiləkənlənən kimi, başqa sözlər yığılmışdı. Dilim mənə “Günahın özəyi sən idin; mənasını anlamadığın həyatı yaşamağı bacarmadın”- dedirtmək istəyirdi, demədim. Deməyə qorxdum.  
--Dostuq?! – səsində istehza duydum, - sən onun dostu idin, mənim yox! Məni bütün dostlarımla bağlayan o idi. Mən onun dostlarının dostuydum. Cəhənnəm olsun hamısı!

Pərt oldum. Ona etdiyim yaxşılıqlardan birini yada salıb səmimi dost olduğumu sübüta yetirmək istədim, amma yadıma heç nə düşmədi. “Bəlkə təyyarə qəzasından sonra xəstəxanada keçirdiyi ağrılı günlərinə şərik olduğumu yada salım? Yox, olmaz! Əlbəttə olmaz!– başımı buladım, fikri başımdan qovmaq üçün ovurdlarımı dartışdırdım, - ömürdə elə günlər olur ki, o günləri yada salmaq iblisə sitayiş etmək qədər çəkicidi”.
Udqunub susdum. Bilirdim ki, bir qədər sussam, özü danışacaq.
--Özünə götürmə, - çiynimə toxundu, - o vaxt xəstəxanada yatanda mənə çox kömək durdun.
--...
-- Aramıza iblis girmişdi. O iblisi mən özüm böyütmüşdüm. Özüm! – dizlərini yerə atıb əlini paçasının arasına apardı, - bax burda! İblis həmişə burda yuva salır, burdan da beyini dumanlandırır. - Ürək? – o, başımdan keçən sualı oxudu. - Ürək axmaq bir ət parçasıdı! - əlini yellədi, - bütün xəyanətlər ürəkdən xəlvət baş verir.     

O, əl-qolunu ölçə-ölçə yenə nəsə dedi, səsi kardioqram kimi dalğalandığından, dediklərinin yarısını eşitmirdim.

Ayağa durdu, mənə əl uzatdı. Onun əlinə toxunmaq istəmirdim, biləyindən yapışıb qalxdım.

Talanın ayağında qara bir cığır ağzını açıb bizi gözləyirdi. Ayağımız palçığa batmasın deyə, topa-topa bitmiş çayırların üstü ilə gedirdik. Çayır sürüşkən idi, addım atdıqca, tarazlığı saxlamaq üçün bir-birimizdən yapışırdıq.

***
Çayırlı cığırı batutabənzər yol əvəz etmişdi. Çəkmələrimiz xışıltıyla illərlə solub cığıra tökülüb yapırıxmış yarpaq çürüntülərinə batır, ayağımızı çəkən kimi isə izimiz yay kimi gərilir, açılıb düzəlirdi. Kimsə ağaclardan birinə biçaqla “Nənni yol” cızıb yazmışdı. Şüşə ciliklənməsi səsi də boğulub itmişdi.

Hardansa yenə ağ saqqalı göbəyinə düşən nuranı qocanın avazı gəlirdi. Dayanıb xeyli dinlədik. Qocanın hər sözü meşədə əks-səda verirdi. Zorla da olsa, dediklərini tuta bilirdik: “Dərinə gedin... Ləzzət dərinlikdədi... Zaman hər kəsi yolayrıcında yaxalayır...”

Bir-birimizə baxıb çiynimizi çəkib meşənin dərinliyinə doğru addımladıq.
 
Yol bizi yırğaladıca, o, Nuzuya vurulduğu ilk gündən – tənəffüsdə idman zalında tennis oynamağımızdan, birinci setdə onu udandan sonra hirslənib paltarlarını qurşağa qədər soyunduğundan, qızların gülüşüb pəncərənin ağzında basabas salmalarından, Nuzunun pəncərədəki dibçəklərdən qopartdığı gülləri ona atmasından danışırdı. O vaxt fikrimi çiçəklərdən ayıra bilməyib qızların istehzalı gülüşü altında oyunu uduzmuşdum. Danışdıqlarını əzbər bilirdim deyə, ona qulaq asmırdım, eləcə, arada başımı tərpədirdim.
--Yadındadı, bir dəfə mənə yuxunu danışırdın? - əlinin dalı ilə qoluma bərkdən vurdu, - deyirdin yuxuda ilan görmüsən, sonra da gedib dişini çıxartdırmısan. Dişinin yeri ağrıya-ağrıya da gəlib başını qırxdırmısan. Hələ dəllək boynunun arxasını qırxanda ziyilini də kəsmişdi, yadındadı?
-- Hə, yadımdadı, - özümdən asılı olmadan boynumu qaşıdım.
-- O vaxt sənə demədim, mat qalmalı iş idi, axı mən də eyni yuxunu görmüşdüm!
-- Ola bilməz! Bəs niyə demədin?
-- Hə, demədim. Qorxdum Nuzu eşidib mənə gülə.
-...
--Sonralar da danışdığın yuxuların hamısını eynilə mən də görürdüm.

***
Yorulmuşduq. Xəzəlli cığırı palçıq yol əvəz eləmişdi. Löhmə topuğumuza çıxırdı. Yavaşca: “Gəl qayıdaq, bu yolun axırı yoxdu” – dedim. Eşitmədi. Bəlkə də heç demədim, eləcə fikirləşdim.
 
Qəfildən dayandı. Köynəyimin yaxasını ovuclayıb dişlərini qıcadı:
-- Bilmirsən, gecə niyə qaranlıq olur?
Əlini yaxamdan qopartdım:
-- Bilmirəm...    
Xeyli göz-gözə dayandıq. O, şalvarının balağını dizinə qədər çirmələdi, çəkmələrini çıxardıb bağlarını bir-birinə düyünlədi, sol çiynindən aşırdı. Çəkmələrdən süzülən löhmə köynəyi boyu axıb bir neçə cığır açdı. Corabsız olduğunu indi sezdim. - Gündüzlər nifrət etdiklərimizi gecələrin qaranlığında sevmək üçün, - o, palçıqlı barmaqları ilə alnını ovuşdurub dedi.

Mən də ayaqqabılarımı çıxartdım. Onun ayaqlarının izi ilə getməyə çalışdım, amma mənim ayağım onunkundan iri idi deyə, cəhdlərim boşa çıxdı. Yenə yanaşı addımlamalı olduq. Yalın ayaqlarımız gilli palçığa batdıqca, çirkli su sıçrayıb şalvarımızı batırır, ayaqlarımızı götürdükdə isə ufultuya bənzər səs çıxırdı.

İndi də o bütün şəhərin əzbər bildiyi təyyarə qəzasının necə baş verdiyini, ayağını necə sındırdığını danışırdı. Toyundan iki il sonra vurulduğu bir ərli xanımla ezamiyyət adıyla xəlvətcə İssık-Kula getməsini, qayıdanbaş duman olduğundan, təyyarənin Binə limanının eniş zolağına sərt çırpılıb sol qanadını sındırmasını danışınca, mən artıq əhvalatın sonuna çatmışdım...

***
Nuzuyla mən onun gipsə qoyulub dəmirdən asılmış ayağı tərəfdə durub üzgün-üzgün baxışırdıq. Palatadakı köhnə radio xışıltılı səslə axşam xəbərlərində yaralananların adını sadalayanda Nuzunun sifəti ağarmışdı. Dodaqları əsə-əsə qolumdan tutub məni dəhlizə dartmışdı:
--Eşitdin?! Bir yerdə imişlər!
--Kim?
--O! - əlini palataya uzatmışdı, - məşuqəsi ilə. Adlarını yanaşı çəkdilər, deməli biletləri də yanaşı imiş. – Axı mənə deyirdilər! Deyirdilər axı! – Nuzu üzünü əlləriylə örtüb arxasını mənə çevirmişdi.
-- Bəsdi! Qısqanc qəlbin açarı şeytanın əlində olar, - səsimə məzəmmət tonu qatıb hardansa oxuduğum cümləni deyib onu qucaqlamışdım. – Sən mənimsən! – saçını burnumun ucuyla aralayıb ehtirasla qulağına pıçıldamışdım. Nuzu bərk-bərk mənə sıxılmışdı.

Onun ayağının gipsi açılan gün baş verən hadısəni isə heç yada salmaq istəmirəm. Nuzunu həmin gün birdəfəlik itirmişdim...

***
Palçıq dizimizə çıxırdı. Qəribə idi: dərinə getdikcə, palçıq isinirdi. İndi palçıq elə ilıq idi, hər dəfə ayağım nazik su qatının səthini gərib özünə rahatca yol tapıb lıqqıltı ilə dizimin gözünə qədər löhməyə girəndə içimdən xoş bir gizilti keçirdi.

Yanıq iyi gəldi. Devikdik. Bizə yol göstərən nuranı qoca ağacın altında oturub oxuduğu kitabdan qopardığı vərəqləri bir-birinin oduna yandırırdı.

Vərəqlər yanana qədər lam dayanıb baxdıq. Bir neçə dəfə gücümü toplayıb qocadan kitabı niyə yandırdığını soruşmaq istədim, amma səsim çıxmadı. Qoca bizə baxıb gülümsədi, cibindən tütün çıxarıb papiros bükdü, alışdırıb dərin bir qullab vurub bizə tərəf üfürdü. Marixuananın yağlı qoxusunu əlbəəl aldım. Tüstü buruq-buruq süzüb gəlib düz qrşımızda bataqlığa hopub itdi.  

--Sabah tövbə edəcəm! – bunu o dedi.
--...
-- Tanrıya yalvarıb deyəcəm: Nuzuda görmədiklərimi başqasında gördüm, - ayaqqabılarını sağ çiyninə keçirtdi, - məni bağışla, Yaradanım! Palçıqlı barmağını mənə tuşladı: - mənə bütöv həyat lazım idi, başa düşürsən?
Dinmədiymi görüb əlini havada oynatdı:
--Axı sən heç vaxt bütöv həyatın tamını dadmamısan.
Yenə susdum, çünki nə deyəcəyimi bilmədim. Onu çalafikir bir adam bilirdim, ona görə də dediyi bu qəribə sözlərə mat qalmışdım. Nuzuyla onun izdivacını Yaradanın ən böyük yanlışlığı sayırdım. O, hər dəfə Nuzunun adını çəkəndə, elə bilirdim Yaradan marixuanadan bir qullab alıb öz səhvinə qəşş eləyir.
-- Bütöv həyatı tənha da yaşamaq olur, – mızıldandım.

Biz yenə açıqlığa çıxdıq. Bura taladan çox, quruyub aşıb çalın qalmış ağac məzarlığına bənzəyirdi. Ayağımızın palçığını cürüyüb həlməşmiş ağaclara sürtüb təmizlədik.
--Şükr, - dedi, - yola çıxırıq.
--...
--Kərbəladan anama güllü yaylıq alacam, evini eybəcər şlyapalarla doldurub. 

Ürəyim sancdı. Onun anası ilə rastlaşdığım an yadıma düşdü...
***
Nuzu bütün rəfiqələrini toylarının ildönümünə, özünün dediyi kimi, “cuna” toyuna çağırmışdı. O isə bizim sinifdən məni, bir də həmişə birlikdə nərd oynadığı yaxın dostuna demişdi. Məni Nuzunun istəyi ilə çağırdığını sonralar öyrəndim. Getmək istəmirdim, ancaq bəhanəm də yox idi. Çağırılan yerə onsuz da vaxtında gedən adam deyiləm, o dəfə isə qəsdən çox gecikmişdim. Onlar yaşayan binanın tinini dönəndə, uşaqları səs-küylə evdən çıxan görüb gizlənmişdim. Onun nərd dostu əl-qolunu oynada-oynada Nuzunun rəfiqələrinə nəsə gülməli əhvalat danışırdı. 

Qapını üzümə ortayaşlı bir xanım açmışdı. Məktəb illəri valideyn iclasına həmişə onun damalı köynək geyən atası gəldiyindən, anasını heç vaxt görməmişdim. (Sonralar mən də damalı köynəkləri lap çox sevdim). Başında qırmızı dənəcikli sarımtıl tor şlyapa, əynində güllü zərif don vardı. Məni görüb duruxmuşdu. Bir neçə saniyə damalı köynəyimə diqqətlə baxıb:
–İlyas!? - pıçıldamış və yaxınlaşıb məni qucaqlamışdı. Boyu məndən bir qarış kiçik idi. Başını çiynimə qoyanda şlyapası sürüşüb beli boyu diyirlənmişdi. Cəld əlimi atıb şlyapanı tutmuş, beləcə qolum xanımın belinə dolanmışdı. Ah çəkdiyini də aydınca eşitmişdim. Bir neçə dəqiqə beləcə quruyub qalmışdıq. 
--Yox, mən İlyas deyiləm, xala, adım...
--Kim olduğunu bilirəm, bala. Keç, uşaqlar qonaq otağındadı, mən onsuz da evə gedirəm, - burnunu çəkmişdi. Deyəsən qəhərlənmişdi.

Həmin gün ürəyimdə Nuzuya qoyduğum xəlvəti adı ilk dəfə dilimə gətirmişdim...

Qonaq otağında o tək idi. Məni görüb dilucu salam vermişdi, yerindən də durmamışdı. Çaxır süzüb buludda qalan aşdan bulaşıq bir boşqaba yığmiş, əli ilə toyuq qanadı qopardıb aşın üstünə atmışdı. Xətrimə dəyməmişdi. Yox vallah!

Sonra Nuzu saçını qurulaya-qurulaya çilək xalatında otağa girmişdi. 

Çaxırı kənara itələyib çay istəmişdim. O, narazılıqla mətbəxə keçib çay dəmləyən zaman Nuzu mənimlə üzbəüz dayanmış, məkrli təbəssümlə mənə baxıb “Necəsiniz?” soruşmuş, çilək xalatının toqqasını bərkitmək bəhanəsilə düyününü açıb toqqanı əlindən salmışdı. Mən onun bihuşedici şampun qoxuyan çılpaq bədəninə baxıb “Sən Tanrının qızısan!” deyəndə Nuzu qəhqəh çəkmişdi. “Ya Rəbb, düşünmüşdüm, -elə bil bu gülüşü sən özün bəstələmisən, Nuzu da heç vaxt gülüşündəki notlara qəlp qatmadan oxuyur!”

***
Üst-üstə uzanıb qucaqlaşıb birlikdə cürümüş ağacların arası ilə açıqlığın kənarına doğru getdim. O isə oturub başını əlləri arasına almışdı. Gün batmaq üzrə idi. Sərt dönüşlərlə uçan kəpənəklər astaca yırğalanan ağacların arasından sızan şüaları tez-tez kəsiridi. Bir qədər irəlidə qarşıma ətrafı rəngli güllərlə dolu, içində qırmızı xırda balıqlar üzən gölçə çıxdı. Batmaqda olan günəşin narıncı şüaları dibi aydın görünən dupduru sulu gölçədə əks olunmuşdu.
--Gəl bir bu gözəliyə bax! – onu çağırdım.
Yaxınlaşdı.
--O xınagülüdü, - dedi, - Bu da sünbülçiçəyi.
-- Bəs bu? – soruşdum.
-- Məncə, mayaotudu.
-- Bu süsəndi, - ən yaxşı tanıdığım gülü göstərib əminliklə dedim.
--Qəribədi, axı bu güllər buralarda bitmir! - əyilib mayaotundan birini qopartdı.
-- Doğrudan qəribədi, sözünü təsdiqlədim. – Bəlkə bura güllərin görüş yeridi?! – dedim. Sözümün mənasızlığını anlayıb tez  geri götürmək istədim, ancaq o “mən də elə düşünürəm” deyəndə sakitləşdim.
--Mən ona ilk dəfə xınagülü bağışlamışam, - dedi.
--Kimə? – Nuzunu nəzərdə tutduğunu düşünüb qısqanclıqla soruşdum.
-- O xanıma. Mənə həyatın gözəlliyi öyrədən xanıma.

O, xanımla yaşadığı alacan oyunlarının incəliklərini sonsuz vurğunluqla danışarkən, mən Nuzunun həmin təyyarə qəzasından bir gün sonrakı gecə zəngi haqda düşünürdüm. Kallaşmış səslə eləcə “mənəm” deyib dəstəyi asmışdı. Doyunca ağladığı bəlli idi.
Bir an sonra yenə zəng gəlmişdi:
--Bura gəl. Tez!- demişdi.
Qapını açıb boynuma sarılmışdı.
--Qayınanam bizdədi, yatıb, səs salma, - pıçıldamış, qolumdan tutub öz otağına dartmışdı.

Səhər tezdən qapı cəftəsinin səsini Təzəpirdən gələn sübh azanının sədasına qatıb çıxmışdım.
 
Gündüzlər xəstəxanada, onun çarpayısı başında, gecələrsə Nuzunun yatağında görüşüb zamanı həyata çevirirdik. Nuzuya vurğunluğumu bilidirmək üçün qulağına saysız söz pıçıldamışdım.
 
Üçüncü gün yenə sübh azanına qalmış durub Nuzunun mehriban baxışları altında geyinmiş, Təzəpirin mikrofonları işə düşən kimi ayağımın ucunda otaqdan çıxmışdım. Dişlərimi qıcayıb qapının cəftəsini açan anda dəhlizin işığı yanmışdı. Yuxusuzluqdan gözləri şişmiş xanım acıqla məni süzəndə başımı aşağı salmışdım.
--Səni vurğun vursun, bala! – xanım dünyanın bütün kədərini bir qarğışa büküb sifətimə çırpmışdı...

***
--O xanım, mənə dünyanın çirkabdan təmiz bütün gözəlliyini yaşatdı! –Sənin üçün gözəllik nədi? – qoluma toxunanda fikirdən ayıldım.
--Gözəllik... Məncə, gözəllik bax ətrafı əlvan güllərlə dolu, içində qırmızı balıqlar üzən bu gölçədı.
Başını buladı. Dediklərimlə razı deyildi. Bu gölçəyə məftunluqla baxsam da, dediklərimə mən özüm də inanmırdım. – Bəs o xanımla niyə ayrıldın? – söhbəti dəyişmək üçün soruşdum.
-- Nuzu hər şeyi öyrəndi. Necə öyrəndiyini demədi, amma xəstəxanadan çıxan gün hər şeyi bildiyini və məni bağışladığını dedi. Nuzunun məni bağışlayacağına inanmadım, çünki o hər xırda səhvi ömür boyu yadda saxlayan adamdı. Bağışlanmağımın səbəbini isə sonra öyrəndim.
--Öyrəndin?! Necə?– elə həyəcanla soruşdum ki, o, təəccüblə dayanıb üzümə baxdı.
--Sarı kişi köynəyindən...
-- ...
-- Mən heç vaxt rəngli alt köynəyi geymirəm. Xəstəxanadan çıxdığım günün ertəsi döşəyimin altından ətəyi bürüşüb yapışmış sarı alt köynəyi tapdım.

Başımı aşağı saldım. Altdan geydiyim yaşıl can köynəyim görünməsin deyə, özümdən asılı olmadan, damalı köynəyimin yuxarı düyməsini bağladım.
--Bəs... bəs sən Nuzunu bağışladın? – səsimin titrədiyini özüm də duydum.
--Hə, bağışladım. Ayağımın gipsi açılanda elədiyi hərəkətdən sonra özümə söz verdim ki, nə olur olsun, heç vaxt Nuzudan ayrımayacam. 

Gips açılan günü baş verən və məni Nuzudan birdəfəlik ayıran hadisəni yadıma salmaq istəməsəm də, öz-özünə beynimə axdı...

***
Həkimin “bu gün gipsi açırıq” deməsi hər üçümüzü sevindirmişdi. Nuzu mənim sevincimin yalançı olduğunu üzümə vurmamışdı. Bir azdan tibb bacısı gəlib gipsi sökəndə o, qanı çəkilib ağarmış ayağını havada oynadıb sevinclə bizə baxmış, “sağaldıq, Nuzu!”, -demişdi.
Nuzu tibb bacısını təşəkkürlərlə qapıdan yola salıb cəftəni vurmuş, çarpayının ayağına yaxınlaşıb qoftasını, məmədanını çıxarmış, onun ayağını sinəsinə söykəyib döşləri ilə ovuşdurmağa başlamışdı. O an boğazımın quruyub suluq atmış yanıq yarası kimi göynədiyini yaxşı xatırlayıram. O, mənə baxıb ikrah qarışıq ləzzətlə gülmüş, mən isə gözlərimi yumub başımı divara söykəmişdim.   
 
--Sən indi Nuzu ilə xoşbəxtsən? – özümə təskinlik vermək üçün onun cavabında azacıq da olsa narazılığa umud edıb soruşdum.
 --Hə! Tam xoşbəxtəm! – o bunu elə gümrah səslə dedi ki, qolumun keyiyib  yanıma düşdüyünü hiss elədim. – Nuzunun xoşbəxt olub-olmadığını deyə bilmərəm, ancaq alacan oyunlarımızın gözəlliyi münasibətlərimizdəki bütün çala-çökükləri hamarlayır. Məni Nuzunun o oyunları hansı sarıköynəklidən öyrəndiyi əsla maraqlandırmır.

İçimdəki qorun üstünü örtmüş külün ustufca sovrulduğunu hiss etdim. Düşündüklərimin üzümdə məkrli təbəssüm yaratmasını gizlətmək üçün mayaotundan birini qopardıb burnuma tutdum.
--Atam da belə idi, - o dedi, - uşaq vaxtı hər gecə yorğanımın altından onun anamla davasını, anamın iniltili “olmaz”larını eşidirdim. Axırda atam onu atıb getdi.
-- Hər ürəyin bir “olmaz”ı olur, - dedim.
Xeyli susduq.
-- Anam səni məndən çox istəyir, bilirsən?
Heyrətlə ona baxdım. Anasının dəhlizdə ürəyimə sapladığı qarğışını yadıma saldım.
--Sənə elə gəlir, - üzümü əllərimlə örtüb dedim.
-- Doğru sözümdü. Xəstəxanadan çıxandan sonra bir dəfə anam sənin barəndə danışırdı, “o uşaq damalı köynəkdə atan İlyasın cavanlığına yaman oxşayır!” – bax belə də dedi.  

Barmaqlarımın arasından gölçəyə baxdım. Onun anasının niyə məni satmadığını indi anladım.

Gölçənin o başında üstü ağ çiçəklərlə dolu, zil yaşıl, ətli, uzunsov yarpaqları pas rəngli saplaqlara sarmaşmış ladan kolları bitmişdi. Yarpaqların kənarı aşağı qatlanmışdı. Bu, mənə onun anasının şlyapasını xatırladırdı.

Ona sarı çevrildim və onun da diqqətlə ladan kollarına baxdığını gördüm.
-- Qəşəng güllərdi, hə?- soruşdu.
-- Düzdü, qəşəngdilər. Yarpaqların büküşü məni valeh eləyib.
--Çox dərdin dərmanıdı, - arxadan səs gəldi.
Hər ikimiz qanrıldıq. Qoca idi. Ləngərli yerişlə gölçəni hərlənib ladan kollarının yanında dayandı. Başala barmağını bizə tuşlayıb “yaxın gəlin, yol burdandı, yolunuzun çətini arxada qalıb, buranı keçəndən sonra düz yola çıxacaqsınız” dedi.

Bir-bimizə baxdıq. Çovğançı “başla!” əmrindən qabaq cilovu yığıb atını şahə qaldıransayağı dikəlib əzələlərimi gərdim. Heç olmasa, bu an ondan irəlidə olmaq istədim.
O, yenə də məndən qabağa düşdü; gölçənin düz ortasıyla, qırmızı balıqların ətalətli üzüşünü pozub ladan kollarına tərəf qaçdı. Özümdən asılı olmadı, mən də onun dalınca suya girdim. Ladan kollarına az qalmış qəflətən onun boğaza qədər palçığa batdığını gördüm. Bataqlığın qıfşamış üfunəti burnumu qıcıqlandırdı. Geri qayıtmaq istədim, heç cür alınmadı, yapışqan kimi palçıq məni də yavaş-yavaş dərinə çəkirdi.
--Ən gözəl güllər bataqlığın kənarında bitir, bilmirdiniz?! - qoca qəhqəh çəkdi. 
--Kömək elə, baba! – yalvardım.
--Xilas yolun gözünün qabağındadı, - qoca barmağı ilə havada dairə çəkib onu göstərdi.
Qocanın nə dediyini əvvəl anlamadım, sonra qarşımda qulaqlarına qədər palçığa batmış başa baxdım. Əl atıb onun saçından yapışdım. Baş palçığın altında itəndə əlimi çəkdim. Yenə dayaqsız qaldım.
--Qurban olum, baba, kömək elə!- zarıdım.
Qoca donquldanıb ayağını burnumun ucuna qədər uzatdı. Var gücümü toplayıb qocanın çirkli ayağından yapışıb sinəmə sıxdım. Bataqlıqdan zorla çıxardığım bədənimin yerini kirli su örtüb itirdi.

Kəsif qoxuyan ağ ladan çiçəklərindən bir neçəsini qopardıb dodaqlarımı sildım. Qocaya minnətdarlıq etdim. O, cavab vermədi. Cibindən zəngli saat çıxardıb əqrəblərini burdu. Zəng səsi meşəni bürüdü...
 
***
Gözümü ovuşdurdum. Səhər açılmışdı. Pəncərədən düşən günəş şüaları otağın küncünü işıqlandırmışdı. Telefon ara vermədən zəng çalırdı. Dəstəyi qaldırdım. Nuzunun düz iki il, üç ay, on bir gün həsrətində olduğum səsini eşitdim. Ağlaya-ağlaya “tək qaldım, o yatdı, durmadı” dediyindən savayı ayrı sözünü anlamadım.               

Axşamdan qalan yarımçıq marixuana bükümünü alışdırıb dərin qullab vurdum. Tüstünün dabanıma qədər işlədiyini açıqca hiss etdim.

Bir neçə dəqiqə sonra başım dumanlandı. Gözümün qabağına Nuzunun yataq otağı gəldi: çarpayının bir tərəfində Nuzu şirin-şirin mışıldayır, o biri tərəfində isə onun ürəyi qorxudan şüşə kimi çatlayıb ciliklənir...    

Yasına getmədim. Ona edə biləcəyim ən ucuz yaxşılıq yasına getmək olardı.

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.