Hədiyyə Şəfaqət: "Əlif Şafakın yerində olsaydım..." - MÜSAHİBƏ
30.12.14

“Yaponlar - "Aldanmaq istəmirsənsə, sual vermə" deyirlər.”

Salam əziz oxucu! “SUAL YAĞIŞI”nın 2014-cü il üçün son müsahibi duzlu-məzəli Şəki torpağında, gözəl, ziyali bir ailədə bu dünyaya göz açan kimi iddialı şəkildə “dünyaya xoş gəlmişəm” deyən Sevinc Məmmədovadır. Sevinc xanım ədəbi mühitdə Hədiyyə Şəfaqət imzası ilə tanınmaqdadır. Könül oxşayan şeirləri, riqqətə gətirən hekayələri və gündəlik həyatımıza güzgü tutan köşələri onun əsil kimliyindən xəbər verir. Hələlik layihəmizin qaydalarına uyğun olaraq qonağımızı müxtəlif şəxslərin yağdırdığı sual yağışında islatmağa hazırıq. Görək Hədiyyə xanım “quru” olmayanda kimə çevrilir?

-    İlk sual Yaradıcılıq fakültəsinin təşkilatçılıq işlərində ən aktiv dinləyicisi Elşad Baratdan gəldi - Hədiyyə xanım, sual yağışına növbəti hədəf məni seçməməyinizə nə mane ola bilər və bu həqiqi yağış olsaydı kiminlə islanmaq istəyərdiniz?

-    Hədiyyə Ş - Elşad  bəy,  eşitdim  ilin  ən  yaxşı  adamı  seçilmisiniz?  Hm…  İkinci  sual…  “Təhlükəli  suallar”  silsiləsindən… (gülür)

-    Deyirəm növbəti hədəf kimi Manaf bəyi seçən olsaydı, birinci özüm soruşardım görüm ilin-günün bu vaxtında niyə yetim olub? Yetim Qacar -  Elə bir anınız olubmu ureyinizden “Kobud dost,  sənin üçün çox darıxdım” statusunu yazmaq keçsin?

-    Hədiyyə Ş –   Elmlərdə  barış  mənzərəsi   və  gözlənilməz  gül  dəstəsi…   “Kobud  dost”…   Yox,  hələ  hirsim  soyumayıb.  (gülür)

-    Gül-çiçəyə tən Gültən Qədirli - Hədiyyə xanim, həyatin sizə ən gözəl hədiyyəsi nə olub?

-    Hədiyyə Ş -  Yəqin  ki,  Gültən  xanım  indiyəcən  yaşadığım  ömrü  nəzərdə  tutub  soruşub.  Həyatımın  hədiyyələri  çox  olub.  Mənə  elə  gəlir azad  olmaq  baxımından doğulduğum  ailə, valideynlərim  bir  şans  idi.  Kiçik  yaşlarımdan ailənin bərabərhüquqlu  üzvü  olmuşam.  Atamın varlığı, anamın  ruhu  mənə  Tanrının  hədiyyəsi  idi.  Belə də,  atamın  hər  ad  günümdə  ilk  təbriki  ən  gözəl  hədiyyəm  idi.  Bu  il  ilk  dəfə  o  hədiyyə  olmayacaq.   Çox  sadalaya  bilərəm.  Hədiyyələrim  çox  olub,  hər  birinin  də  öz  dəyəri  var,  hamısı  dəyərlidir.  Həyat   davam  edir.

-    Kədərli notlardan uzaqlaşıb Sevil-in İşıq-landırdığı suala baxaq, deyəcəkdim amma kədərin zarafatı olmur -  Hədiyyə xanım həyatınızda elə bir hadisə olubmu ki, o hadisəni indi də xatırlayanda göz yaşlarınızı saxlaya bilməyəsiniz?

-    Hədiyyə Ş - Mən  ümumiyyətlə  çox  qırılqan,  çox  kövrək  adamam.  Adi  şeydən  göz  yaşlarına  boğula  bilərəm.  İtkilərim  oldu... Ədalətsizliklər  oldu…   Çətin  günlərim  oldu…  Səbrliydim…  Amma  göz  yaşları…  Bəli,  Sevil  xanım,  elə  bir  hadisə  olub.  Hardasa  14  il  əvvəl  oğlum  həyata  gələndə  bir  gecə  doğum  evinə  hansısa  kənddən  kasıb  bir  qadın  gətirdilər.  Halı  çox  pis  idi  və  əməliyyat  olunmalıydı.  Qadının  üç  qız  övladı  vardı  və  öğlan  gözləyirdi.  Həkimlərin  diliylə  desək  “Adamları”  gec  gəlib  çatdılar  və   onlar  gələndə  vəziyyəti  tamam  pisləşmişdi.  Əməliyyat  eləmək  mümkün  olmadı  və  körpə  doğularkən  öldü.  Gənc  ananın  əməliyyat  edilməsi  üçün  həkimlərə  yalvarıb - “Vallah  anamgil  imkanlıdı,  mənə  kömək  edin,  xəcalətinizdən  çıxarlar”- deməsini  heç,  amma  heç  unutmadım.   İndi  də  xatırlayarkən  göz  yaşlarına  boğuluram.  Bax,  yenə  də…

-    Deyəsən Aynur  Sultanova  təhsil almağa yox, Hədiyyəşunas olmağa gəlir  və növbəti araşdırmalarçün düz iki sual, bir sualfason yağdırıb – Hədiyyə xanım, fakültədə  eşitdiyim  qədəriylə  Şəkilisiz  və  söhbət  zamanı  belə  anladım  ki,  Şəkidə  size  anlayan  daha  azdır nəinki Bakıda… Sizi Şəkidən qoparıb Bakıya bağlayan ən əsas və həlledici nüans nə olub? Hədiyyə xanım və onun Allahı?

-    Hədiyyə Ş - Əslində  mən  elə  indi  də  Şəkidəyəm.  Yəni, Bakıya  bağlanmamışam.  Ümumiyyətlə  məndə  bəlli  bir  məkana  bağlılıq  yoxdur,  dərviş  ruhluyam.  İstənilən  yerdə  asanlıqla  yaşaya  bilərəm.  Əyalətdə  də   ruhumuza  uyğun  insanlar  olmamış  deyil,  sadəcə  tanışmaq  şansımız  olmaya  bilər.  Elə  Bakıda  da  çox  deyilik,    heç  yerdə  çox  deyilik.  Və mən   Allaha,  Tanrıya,  İlahiyə,  Yaradana, adını  nə  qoyursunuz  qoyun,  o  qüvvəyə  inanan  adamam.  Mənim  Tanrım  çox  ədalətlidir.  (gülümsəyir)

-    Yaradıcılıq fakültəsinin yeni Sevinc-i Yunuslu xanımın sualından hədiyyə qoxusu gəlir - Hədiyyə, ən sevdiyin hədiyyə nədir?

-    Hədiyyə Ş - Hədiyyə ilə  bağlı  ikinci  sualdır.  Başqa  yöndən  cavablandıracam  bu  dəfə. Kitab,  çiçək.  Əslində  mən  maddi   anlamda  qiymətli  hədiyyələri  heç  sevmərəm.  Ən  gözəl  hədiyyəmi  hər  il   iş yerimizdəki  qızlarımdan  alıram,  ad  günümdə…   Dostların  diqqəti  gözəl  hədiyyədir.  Övladlarım  hansısa   əlamətdar  gündə  öz  əlləriylə  kart  hazırlayırlar,  məktub  yazırlar,  gülümsəyirlər…  Sərvər  müəllim   hər  ad   günümdə  bir  ağ  qızılgül   bağışlayır…   Bir  də   gözəl  bir  hədiyyə  almışam,   çox    sevdiyim  bir  dostum  bağışlayıb,  büllur  fiqur,  xüsusi  anlamı  var  mənimçün…

-    Xanım-ın sualına Aydın-lıq gətirin -  Hədiyyə, insanları  tanıyırsanmı,  səncə hansı  əlamətləri  olan  insan  əsil  insandır?

-    Hədiyyə Ş – İnsanları qətiyyən  tanımıram,  amma  bu  məni  narahat da  eləmir,  mənim  tanımamın  nə əhəmiyyəti  var  ki?   Tanımadığımız  milyonlarla  insan  var…  Elə  məni  də  tanımırlar.   Həm  mən   “Heç  səni  belə  bilməzdim”  deyən  biri  deyiləm.   Baxaram  və  gülümsəyərəm…   Mən  insanları  sevərəm…  Olduqları  kimi…    Əvəzində  ancaq  sevgi  ,  ancaq  sevgi,  ancaq  sevgi  gördüm.  Heç  pis  insanla   qarşılaşmadım…

-    Zamiq Mehdisoy demək istəyir ki, mən şeirlə dil açmışam -  Hədiyyə xanım, sizcə şair anadan şair doğulur, ya bu da digər istedadlar kimi sonradan əldə olunur?

-    Hədiyyə Ş - Sonradan  əldə  olunan  vərdişdir,  bilikdir,  təcrübədir,  sənətdir…   İstedad  sonradan  aşkara  çıxa  bilər,  ya  da  heç   çıxmaz.  Amma  bilmək  olmaz,  anadan  şair  doğulurlar,  yoxsa  atanın  belindən  şair  gəlirlər.  Bəlkə  də  bir  içim  suda,  bir  udum  havada  var  olur  şair  ruhu…   Sonradan   ataya,  anaya   köçür,  doğulacaq  körpəyə  keçir.  İndi  siz  tapın  görüm  şair  nədən  şair  doğulur?

-    Ramilə Q – Şairdən, şeirdən söz düşmüşkən şeirsiz keçinmək olar? 

…Bir gün
Olacaqsa   əgər
Sevməyəcəksən adam kimi...
Çiçək olmağı sınayacaqsan, çiçək!
Çiçəklər   qarşılıq  gözləmədən də
Var olarlar...
Su olmağı sınayacaqsan, su…
Yağış damcılarını da basacaqsan  bağrına  yer tapılacaq sinəndə
Daşları   da
Buz da tutacaq üzünü
Lil də tutacaq dibini
Amma axıb getməyində olacaqsan...
Torpaq olmağı sınayacaqsan, torpaq!
Yaşıllıqlar da göyərəcək köksündən,
Yarğanlar da açılacaq...
Bir  də,
Ağac olmağı bacaracaqsan...
Gözləməyi də
Durmağı da...
Kölgə olmağı da sınayacaqsan
Qurumağı da...
İldırımları da çəkəcəksən özünə
Yuva uçun gələn quşları da...
Bir gün sevərsən əgər
Adam kimi sevməyəcəksən...
Günəş olmağı sınayacaqsan...
Duman olmağı sınayacaqsan...
Göy olmağı sınayacaqsan...
Eləcə səbəbsiz
"Niyələr"-siz,
"Necə"-lərsiz
Var olmağı sınayacaqsan...

Sonra sevəcəksən...
Bir gün sevərsən
Adam olmayacaqsan Dostum...
Adamlar sevdimi
Çiçək olur
Su olur
Torpaq olur
Ağac olur
Duman  olur
Günəş olur
Yol olur
Göy olur onsuz da...
Mən sevgi deyirəm ha....
Sevgi!...

-    Şükür sənə ay Allah! Şəhla bu dəfə nə dolma istəməyib, nə quzu kababı - Hədiyyə xanım, bildiyimiz kimi yazarlar müqəddəs “Söz”lə işləyirlər. Bu işdə də İlham “pərisi” onlara kömək edəndə şedevrlər yaranır. Necə düşünürsüz, sizcə nəyə görə bəzi yazarlarımız üzərində Pəri qanad gərmir?

-    Hədiyyə Ş - İndi  romantic-romantik  cavab  verəcəm  ki,  sözlə  işləməzlər,  sozlə…   Nə  bilim,  nəsə  edərlər. Qaldı  Pərinin  ayrı-seçkiliyinə,  özündən  soruşmaq  lazımdır… (gülür)  

-    Dəniz Pənah  həyatınızın devizini və missiyasını bilmək istəyir  mənsə heç bilmirəm o, xanımdır yoxsa bəy - Əsərləriniz (şeirləriniz) təxəyyül məhsuludur yoxsa ilham pərilərinin pıçıltısı?

-    Hədiyyə Ş - Həyatimin  missiyasını,  mənasını,  niyə  gəldiyimi,  nəyə  gəldiyimi, bir  bilsəm… Devizim…   “Hər  şey  yaxşılığa  doğrudur”  deyərəm  daima… Və Dəniz   xanıma  minnətdaram,  şeirlərimi  qürurlandırdı.  Başqa  bir  şeydir  şeirlərim…  İçimə  çəkilmişliyimdəki   duyğularımdır  bəlkə  də…   Bəzən  mənə  elə  gəlir  ki,  o  şeirləri  yazmıram,  köçürürəm.  Zatən  olan  bir  şeyi   görünər  hala  gətirirəm,  oxunar  hala  gətirirəm…   Gətirə  bilsəm  təbii  ki…

-    Tural Coşqun coşaraq soruşur - Hədiyyə xanım, qeup yoldaşı deyilik, dostluğumu niyə qəbul etmirsiz?

-    Hədiyyə Ş - Dostluğunuzu  qəbul  elədim…   Qrup  yoldaşı  olmağımız  kömək  elədi.  (öz aramızdır, bu qıza gülüş yaraşır da)

-    Bu gənc “Həə”,  “Hədiyyə-Sevinc xanım dəyərli dost və öz qalaktikası olan insan formasında bir nurdur . Çox xahiş edirəm, cavab verəndə mümkün qədər səmimi, ətraflı təsvir edəsiz deyib mənim işimin yarısını yerinə yetirib. Yəni, heç kim sual verməsəydi də onun sualları müsahibəni tamamlaya bilərdi. İntiqam İsmayıl - 1) Sizcə iki adla yaşamaq həyatınızda nələrisə dəyişibmi və çətin deyil ki?
2) Məhşur aktyor Cim Kerrinin bir filmində olduğu kimi əgər Tanrı bir müddətlik məzuniyyətə çıxsa və siz o müddət ərzinde Tanrının bütün güc və bacarığına sahib Tanrıça olsaydınız müddət bitənədək nələr edərdiniz?
3) Ömür bitmədən bütün gecəni görməyi arzuladığınız yuxunu necə təsvir edərsiniz?
4) Keçmişə dönmək mümkün olsaydı hansı dövrə qayıdıb yaşamaq istərdiniz?

-    Hədiyyə Ş - İntiqam  bəy  müsahibə içində  müsahibə   götürür,    suallarını   dinlədikcə   məni  bir  az  daha  tanımaq  istəyən  insan    görürəm…  Sanki  bir  az  da  “Mən  sizi  başa  düşürəm” -  deyirmiş  kimi…  “Öz  qalaktikası  olan  insan  formasında  nur”…   İntiqam  bəy  bu  sözləri  hardan  tapıb  çıxarır  görəsən? )))
1) Adlarla  bağlı  məsələyə  tamamilə  adi  yanaşıram…  Ad  tale  deyil,  əhəmiyyətli  bir  şey  də  deyil.  Ən  gözəl  dostlarımın  adını  unutsam  bir  gün,  inciməzlər  məndən.  Addır,  bir-birimizdən  fərqlənək,  çağıranda  cavab  verə  bilək  deyədir.  Çox  asan, adi  məsələdir.  İnsan     var  ki,  illərdir  dostuq,  hələ  də  həqiqi  adını  bilmirəm.  Maraqlı  da  deyil…   Ad  onun  haqqında  nə  məlum  edəcək  ki,  mənə?   İnsan  var  ki,  illərdir  dostuq  harda  yaşadığını,  nə  işlə  uğraşdığını  bilmirəm…   Maraqlanmıram  da…   Yaşadığı  yeri  dəyişə  bilər,  işini  dəyişə  bilər…   İnsan  var  ki,  mənim  adımın  nə  olmasının  onun  üçün  əhəmiyyəti  yoxdur…  
2) Filmdə  gördünüz  də,  nələr  baş  verdi,  lazımdır  sizə  bu? (gülür)  Yəqin  ki,  bütün  müddət  ərzində   bu  məzuniyyət  tez  bitsin  deyə  dua  edərdim.  Hər  şey  öz  yerində  qalsa  yaxşıdır.
3) Çox  az  yuxu  görən  adamam. Amma  bir  yuxu  gördümmü,  mütləq  xəbərdarlıq  olduğunu  bilərəm.  Bu  mənə  anamdan  keçmədir  və  bircə  dəfə  də  yanılmadım.  Nə  olacağını  dəqiqliklə  bilməsəm  də,  xəbərin,  hadisənin,  xəbərin  yaxşı  və  ya  pis  olacağını  dəqiqliklə  bilirəm. Son  gecəmdə  isə…   Anamı  görmək  istərəm…      Nə  isə,  bu  qalsın…
4) Olmayacaq  şeylər  üzərinə  hökm  vermək,  planlar  qurmaq…  Amma  nə  deyirəm  ki,  xəyala  dalmaq da  olar,  arabir…  Hansı  dövrə  dönüb  yaşamaq  istərdim?  Öz  həyatımda  baş  verən  qırıq-qırıq  yaşantılar  var ki, oları  təkrar  yaşamaq  istədiyim.   “Nə  yaxşı  oldu”  dediyim…  Amma  onları  hər  dəfəsində  yaşaya  bilirəm.  Ümumiyyətlə  bilirsinizmi,  mənim  üçün  zaman  və  məkan  anlayışı  absurd  bir  şeydir.   Həyatı  göz  önünə  sərsək,  var  insan  ömrü,  var  ağac  ömrü,  var  çiçək  ömrü,  lap  elə  bir  günlük  kəpənək  ömrü…   Amma   bircə  dəfə  də   olsa   hər  biri  kimi   yaşayacağıq.  İndi  desəm  ki,  qayıdıb  ağac  olduğum  dövrü  yaşamaq  istəyirəm…  Bilmirəm,  doğrusu…

-    Ulduz kimi parlaq, gözəllər-gözəli Zeynalova soruşur – Hədiyyə xanım, yazdıqınız hekayələrdə özünüzü qörürsünüzmü?

-    Hədiyyə Ş - Ulduz  xanım   diqqətli  oxucudur.  Hekayələrimin  bir  ünvanı,  bir  mənası,  bir  adı  var-İNSAN.  Hekayələrimin  qəhrəmanlarında,  ya  da  elə  qəhrəmansız  ötüşək,  iştirakçılarında,  daha  dəqiqi,   insanlarında   indiyədək dəqiq   mən  olmamışam.   Ən  azından  mənə  elə  gəlir, bəlkə  də  varam.  Bəlkə  də  olacam…   Amma  çox  güman ki,  o  mətnlərə məndən  bir  şeylər  ötürülüb  də…

-    Zamiq  Mehdisoy “aaaa mən elə bilirdim təkcə qəzəl yazırsız” deyib təəcübləndi  - Hədiyyə xanım, siz hekayə də yazırsız?

-    Hədiyyə Ş - Bilməmək  eyib  deyil.  Elə  şeylər  var  ki,  heç  öyrənməmək  də  eyb  deyil. Siz  yenə  elə  bilin  ki,  mən  qəzəlxanam. (gülür)

-    Etibar Sülüymanov dəqiq əmindir ki, o, Yazar-dır və sualı da poetic ünvanlayıb - Ömürdən, həyatdan keçsə də illər, Yaşadım mən yadımdakı günlərlə.  Həyatınızdakı o gün hansıdır?

-    Hədiyyə Ş -   Bəli,  elə  gün   yaşadım.   Müqəddəs  gün!   Səhəriylə  axşamı  ölümlə  həyat  arasında   dəyişdi.

-    Rəhim Əliyev demişkən, İsrafilqızı Gülnarə maraqlı sual verib -  Hədiyyə Şəfaqət özünü ədəbiyyatda tapıb ya ədəbiyyatı özündə?

-    Hədiyyə Ş - Gülü,  əzizim,  nə  onu,  nə  bunu  itirmədiyimə  görə… (gülür) 

-    Ramilə Q – Pah atoonan, hər yerdə itirməli nəsə var?

-    Hədiyyə Ş - Heç   nə  itmir,  mənə  güvənin. (gülümsəyir)

-    Səfurə Həsanzadə sizi Elif Şafaka bənzədirmiş -  Nə zamansa Hədiyyə xanım "Ted Talks"-da öz ədəbi mühazirələrindən, həyat hekayəsindəki uğurlarından danışa bilərmi?

-    Hədiyyə Ş – Elif  Şafak    ən  çox  oxunan  yazarlardan  biridir  hazırda.  Hərçənd  ki,  ona  çox  da  ciddi  yanaşmırlar.  Hər  halda  oxucusu  var.  Uğurlu  yazar  sayıla  bilər.  Əminəm  ki,  danışılacaq,  bölüşüləcək   hekayətləri  də  var.  Bəlkə  də  Əlif  Şafakın  yerində  olsaydım  daha  çox  uğursuzluqlardan  danışardım.   Kömək  edəcəksə...  Əslində  hər  ikisi  nisbi  məsələdir-uğur  da,  uğursuzluq  da…   Mən  ümumiyyətlə  söhbətcil  adam  deyiləm.   Kiməsə  nəsə  anlatmağa  ehtiyacım  olanda   özümə  məktub  yazaram amma  kimlərsə  mənə  nələrsə  anladacaqsa  dinləməyi  sevərəm.   Mənim  elə  bir  imkanım  olduğunda  daha  çox  insan  hekayələri  dinləmək  istərəm.   İnsanı  yazmaq  istədiyim  kimi…

-    Çinarə Nüsrətbəyli Nəsimini görüşünüzə gətirib - Hədiyyə xanım, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misraları sizdə hansı təəssüratları yaradır?

-    Hədiyyə Ş - Özündən  keçmişlik,  tamamilə  bir  parçası  olduğu  haqqa  qovuşmuşluq  səadəti…  Amma  o  ruh  susmalıydı, niyə  bunu  dilləndirmiş  ki?   O  yerdə  sükut  var,  sükut…

-    Ülkər Piriyevanın verdiyi sualın məzmun və formasında heç bir dəyişiklik eləmədən ünvanlayıram – Deyirlər Hədiyyə xanım, keçmiş mühafisəkardır. Bəs gələcək?

-    Hədiyyə Ş - Hər  bir  gələcək  daha  sonrakı  gələcək  üçün  keçmişdir.   Zaman   yoxdur.  Mühafizəkarlığı  var  edən,  ona  həyat  verən  onu  tanımaqdır.   Siz  azadsınızsa  məsələ  bitmişdir.  Keçmiş  üçün  də,  gələcək  üçün  də…

-    “Bir damcı ürək” Əfsanəmiz də ad davası çəkir, deyir oxucular  onun öz adını bilməlidir, məhkəməyə verəjəm - Bildiyim qədərilə adınız Sevincdir. Nə üçün Hədiyyə adı ilə yazırsız?

-    Hədiyyə Ş - Sevinc  sənəddə  qeyd  edilən  adımdır,  Hədiyyə  isə  ilk  çağırışdan  tanıdığım…  Həyatımı  xilas  edən  həkimin  şərəfinə  Hədiyyə  deyə  çağrılmışam.  Sevinc  isə  məndən  əvvəl  doğulub  ölən  böyük  bacımın  adıdır,  anama  təsəlli  olsun  deyə mənə   qoyulub.  Heç  kim  biləmməz  ki,  mən  oyam,  ya  da  bu…   Amma  yenə  deyirəm,  ad  məsələsinə  adi  yanaşıram…

-    Ramilə Q – O, və bu Hədiyyə xanımı nə təəccübləndirə bilər?

-    Hədiyyə Ş - Hər  şey  var  ola  bildiyi  üçün  vardır,  hər  şeyi  var  edən  vardır.   USTAYA  heyrətlənərəm  amma  təəccüblənmərəm.

-    Ramilə Q – USTA kimdir?

-    Hədiyyə Ş – TANRI.

-    İctimai televiziyanın əməkdaşı Şöhrət Eyvazov oxuduğu fəlsəfə kitablarından ayrıla bilmir - Yaponlar - "Aldanmaq istəmirsənsə, sual vermə" deyirlər. Bəs Hədiyyə xanım yalan cavab ehtimalının böyük olduğu sualları nə vaxt və kimə verib?

-    Hədiyyə Ş -  Təsadüfən  mən  yapon  ola  bilərəmmi?  (gülür)  Şöhrət  bəy   tanıdığım  qədəriylə   bilir  kimdən  nə  soruşmaq  lazımdır.  Həqiqətən  də,  sual  verən  insan  deyiləm.  Məsələn; “Necə  olacaq?”-deyə…  Necə  olacağını  kim  deyə  bilər  ki?  Doğruluğu    ancaq  ehtimal  oluna  bilən  cavabların  sualları  ta  başından  verilməsə  gözəldir.  Belə  adi  gündəlik  suallar  ola  bilər…  Bacardıqca   düzgün  cavablandırmağın  tərəfdarıyam,  ya  da  susmağın…   Və hər  doğru  cavab  da  hər  adama   deyilməz.

-    Şəhanə Sadıqova sizi az bir müddətdə tanıdığına baxmayaraq kübarlığınıza heyran olub və vurğulayır ki, sizin fikriniz onun üçün çox maraqlıdır – Əsil insan istəyərək ya da istəməyərək etdiyi pisliklərdən gec və ya tez peşiman olur. Bəs Hədiyyə xanım etdiyi yaxşılıqdan peşiman olubmu?

-    Hədiyyə Ş - Xoş  sözləriniz  üçün  minnətdaram. İlk  əvvəl  deyim  ki,  “yaxşılıq  etmək” ifadəsiylə   özümüzdən  yuxarı  görünərək  özündənrazılığımızı   təmin  edirik.  Biz  bir  şey  etmərik,  qəlbimiz  etdirər.   Yaxşılıq  yardımlaşmadır.   Həm  nə  bilirik  ki,  biz  o  “yaxşılıq”  dediyimizi  etməsəydik  başqa  biri  ondan  daha  gözəlini  etməyəcəkdi? Biz  nə  bilirik  ki,  bu   gün  “yaxşılıq”  deyib  etdiyimiz   hər  nəsə  sabah  pis  bir  başlanğıca  çevrilməyəcək?   “Yaxşılıq”  dediyimiz  yardımlaşmasa,  mən  etdim  deyə  çox  rahat  oluram.   Dolayısıyla  özüm  üçün  etmiş  oluram.  Cavabım  “Xeyir”  olacaq.   Amma  bu həm  də   sadəcə  mənim    deyil,  qarşıdakının   zənginliyidir.  Heç  pis  insan  çıxmadı  ki,  qarşıma…

-    Hörmət etdiyimiz insanlardan olan, əyalətdə yaşayıb şeirləri ilə bütün Bakını dolaşan və heç özü də bilmədən mənim üçün gözəl bir başlanğıca imza atan Aqşin Dadaşoğlu - Mənə görə hər kəsin öz düşüncəsi boyda Tanrısı var. Tanrıya inanırsınızmı?

-    Hədiyyə Ş - Tanrıyla  bağlı  sualların  olacağını  bilirdim.  Tanrının  mənim  inamıma  ehtiyacı  olmasa  da   cavabım  “Əlbəttə”  olacaq.  Tanri  düşüncəmiz  boyda  deyil,  Tanrı  heç  nə  boyda  deyil.   Biz  sadəcə  özümüz  boyda  anlarıq  Tanrını.   Tanrını  özümüzdən  duyub  anladıqmı,  sevgi  vardır  demək…    Oşonun   dediyi  kimi-“Var  oluş  coşğu  içindədir”.

-    Ramilə Q – Sonlardan xoşlanmasam da, söhbətimizin sonuna yaxınlaşırıq. Unutmağa kimsə varmı və ya unutqanlıqla aranız necədir?

-    Özümə çox  unutqan  deməzdim,  amma  çox  yaddaşsız  adamam.  Göz  yaddaşım  ümumiyyətlə  zəifdir,  çox  güman ki diqqətsizəm.  Uzun  müddət  müalicə  almağımın  nəticəsində    yaddaşımda  problemlər  də  yaranıb amma   əsla  unutmayacağım  bir  şeylər  əlbəttə  vardır.  Onlar  da  məncə  yaddaşımda  deyil,  ruhumda  qorunur.  Unutqanlığımın  ziyanını  bilirsiniz  ən  çox  harda  çəkirəm,  kitablarımı  aparırlar  ki,  oxusunlar,  qaytarmırlar,  fikirləşə  fikirləşə  qalıram  ki,  görəsən  filan  kitabı  kimə  verdim?  Sonrada  özümə  təsəlli  verirəm  ki,  "çiçək  oğurluğu,  ürək  oğurluğu,  bir  də  kitab  oğurluğu  halaldır". (gülür)

-    Sual verənlər bir yana, mən bu söhbətdən çox böyük zövq aldım. Hədiyyə xanım, bu anlarçün sizə təşəkkür edirəm və inşAllah bütün suallarınızın cavabını ən ədalətli şəkildə Allahdan alasınız. Amin!

-    Hədiyyə  Ş - Amma  mən  sual  verən  insan  deyiləm. (gülür)

-     Ramilə Q- Gülümsəyin Hədiyyə xanım, mən unutqanam. Məqam gəlib çatdı layihəmizin qaydalarına uyğun olaraq ən maraqlı sual sahibini təyin və növbətu sual hədəfimizi təqdim edin.

-    Sual  ünvanlayan  hər  kəsə  təşəkkür  edirəm.  Cavablandırdım…   Ən  yaxşı  sualın  müəllifini   fərqləndirmək  istəmirəm.  Hər  bir  sual  özlüyündə   gözəldi.  Həmçinin  növbəti  müsahib  kim  olacaq,  onu  da  hələ  düşünmədim.  Çox  qəribədir  ki,  yeni  dinləyici  dostlarımız  daha  fəaldılar.  Qalibi bəlkə  siz  özünüz  seçəsiniz?  Ədalətsizlik  etmək  istəməzdim…  Dostlarımız  hansı  kitab  alacağıma  qərar  versinlər,  sonra  özləri  müəyyənləşdirsinlər  kitab  kimin  olacaq.  Hədəf…   Bəlkə  elə  Şəhla  Aslan?   Kitabı  da  təqdim  edildi,  bu  aralar  gündəmdədir,  necə  olsa  sual-cavab   havasındadır  indi.   Olsun!

-    Ramilə Q – Vallah düzünü desəm mənim bu Yapon deyimindən çox xoşum gəldi amma bildiyim qədərilə Şöhrət müəllimin sizə kitab borcu var.

-    Hədiyyə Ş – Əla, Şöhrət  bəylə   kitabları  dəyişə  də  bilərik. (gülürük)

-    Ramilə Q - O ki qaldı Şəhlaya, növbəti “SUAL YAĞIŞI”nda islanmağa əsil Aslan kimi hazırlaşacağına əminəm.

Yarı zarafat, yarı:Ramilə QARDAŞXANQIZI


Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.