Tofiq Hacıyev: “Xalqın dilini yaşadan bədii ədəbiyyatdır” - MÜSAHİBƏ
12.01.15

– Tofiq müəllim, ömrünü dilçiliyə həsr etmiş bir alim kimi Azərbaycan dilinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Razı və narazı olduğunuz məqamlar hansılardır?

– 1300 il əvvəl “Kitabi-Dədə Qorqud”da deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə yaymaz”. Bu deyimin bugünkü dildən fərqi var? Yoxdur. Dünyanın heç bir dilində bu cür ahəng, ifadəlilik yoxdur. Elə bir dil yoxdur ki, bu günü 1300 il əvvəlinə bu qədər oxşasın. Bu dildə Səməd Vurğun, Rəsul Rza yazıb, bu gün Elçin, Anar, Ramiz Rövşən yazır. Bu, həmin dildir. Amma əyintilər çoxdur. Bir zamanlar senzura var idi, bir qəzetin cürəti çatmazdı ki, hansısa cümləni pozub, başqa cür yazsın, yaxud lazımsız leksik vahid işlətsin. Senzuranın çox müsbət tərəfləri vardı, ən əsası, dili qoruyurdu. Bu gün senzura yoxdur, kim necə gəldi danışır, yazır. Demokratiyadan sui-istifadə edilir. Televiziya aparıcılarının nitqləri belə qüsurludur. Belə olanda biz kimdən nə tələb edək? Belə çətin vaxtda dilimizin özünü qoruyub-saxlaya bilməsi böyük uğurdur.

Mən bu gün əsas dildən istifadədən, nitqdən narazıyam. İnsanlar nitqlərində dilin məzmunundan layiqincə istifadə etmirlər. Dilimiz mükəmməl struktura malikdir, amma hər kəs dili öz bildiyi kimi səciyyələndirir. Məşhur dilçilərdən biri deyir ki, dil simfoniyadır, nitq isə o simfoniyanı ifa edən musiqiçilər. Əgər mükəmməl simfoniyanın ifasında kimsə xətaya yol verirsə, bu, simfoniyanın günahı deyil. Yəni bu gün dilimizdə hər hansı pozuntunun olması dilin qüsuru deyil, dildən istifadə edənlərin və nəzarətçilərin məsuliyyətsizliyidir. Təsəvvür edin ki, “Dövlət dili haqqında” Qanunda dil xətası edənlərin cəzalandırması barədə maddə var. Ancaq həmin maddə tətbiq olunmur. Nə kiməsə cəza verilir, nə hansısa qəzet xətaya görə bağlanır, nə də cərimə ödəyir. Mənim gileyim bundandır. Radio və televiziya dilində çoxlu qüsurlar var, yaxşı olar ki, danışıq jurnalistikasına nəzarət edilsin.

 

– Bəs sizcə, gündən-günə böyüyən media sektorunda qüsurların qarşısını almaq üçün nə etməliyik?

– Dediyim kimi, problem jurnalistlərin və onları işə cəlb edənlərin məsuliyyətsizliyindən yaranır. Dillə bir ailə-məişət davranışı var, bir də ictimai davranış. Cəmiyyət qarşısında danışmağın məsuliyyəti olmalıdır. Düzgün nitqlə danışa bilməyənlər efirə çıxmamalıdır. Ümumiyyətlə, gərək nitq mədəniyyətinə yiyələnəsən. Bəzən bir sürücü danışır, elə bilirsən, Mehdi Məmmədov danışır. Ancaq bizim bir akademik danışır, ya bir xanəndə Füzulidən qəzəl oxuyur, baxırsan ki, cümlənin nə əvvəli var, nə də axırı. Özümüzdə bir ictimai səviyyəsizlik, yetkinləşməmək var. Mətbuatın, televiziyanın dilində o qədər normadan kənara çıxma var ki, redaktor da bunu idarə bilməz. Digər tərəfdən də, bizdə bir tənbəllik var, başqa dildə nə söz var, olduğu kimi götürüb dilimizə gətiririk. Məsələn, “kreativ” sözündən istifadə edilir. Məgər “yaradıcı” sözü daha yaxşı deyilmi? “Banal” sözü işlədilir. Axı bu söz azərbaycanca “bayağı” kimi ifadə olunur. Bax belə məqamlara nəzarət yoxdur.

 

– Bu mənada, bir qurum olaraq dövlətdən əlavə imtiyaz istərdinizmi? Məsələn, inzibati cərimə tətbiq etmək hüququ.

– Bu, dil haqqında qanunda var. Qəzet bir neçə nömrə çıxmaya bilər, ümumiyyətlə, çapı dayandırıla bilər, pul cəriməsi var. Ancaq heç kəs buna əməl etmir. Cəzalar ancaq sənəd üstündədir, tətbiq edilmir.

Bu yaxınlarda televiziya kanalları ilə bağlı monitorinq apardıq, vəziyyət heç də ürəkaçan deyil. Ancaq televiziya kanalları nəticə ilə razılaşmaq istəmir. Deyirlər, Dilçilik İnstitutu orfoqrafiya lüğətindəki qüsurlarla məşğul olmur, gəlib bizə nəzarət edir. Bəli, orfoqrafiya lüğətində səhvlər var, orda təxminən 20 faiz söz yanlış yazılıb. Biz həmin səhvləri düzəltməyə çalışırıq. Bununla bağlı işçi qrupu yaradılıb, məsələ ilə məşğul olur. Ancaq bu, o demək deyil ki, biz televiziyadakı qüsurları aşkarlaya bilmərik.

 

– Tofiq müəllim, Dilçilik İnstitutuna direktor təyin olunduğunuz bir ildən bəri bu qurumun fəaliyyətində inkişaf var. Maraqlıdır, bu müddətdə iş prosesini əsasən hansı prinsiplər üzərində qurmusunuz, əsas məqsəd nə olub?

– Bayaqdan qüsurların yaranmasında nəzarətsizlik problemini qabardıram. Burda da əvvəllər həmin problem olub. Dövlət tərəfindən ayrılan büdcədən düzgün istifadə edilməyib. Bir qədər də təşəbbüssüzlük olub. Qurumda yaxşı dilçilərimiz var.

Baxın, Qarabağ camaatı didərgin düşüb. Məsələn, mənim rayonumun – Cəbrayılın əhalisi 42 rayonda yerləşdirilib. Bəs onların folkloru necə olacaq, kim, nə vaxt toplayacaq? Onların dialekt fərqini kim araşdıracaq, harda öyrənəcək? İndiki uşaqlar yaşlı nəsli təqlid eləyə bilməyəcək. Hətta cəbrayıllı uşaq Şamaxı dialekti ilə danışacaq, çünki orda dünyaya göz açıb, boya-başa çatıb.  Beləliklə, rayonların dialekti itib-batacaq. Ona görə də, biz təşəbbüs qaldırdıq ki, dialektoloji atlas hazırlayaq. Artıq Naxçıvanın dialektoloji atlasını hazırlamışıq. 2015-2016-cı il üçün Qarabağ, ondan sonra isə Dərbənd, Gürcüstandakı azərbaycanlıların dialektoloji atlasını hazırlamağı nəzərdə tutmuşuq. Heç demə, bizim içimizdə qüvvə var imiş, sadəcə, istifadə edilmirmiş.

Dilalektin öyrənilməsi bizim tarixi coğrafiyamıza xidmət edəcək. Bu atlas göstərəcək ki, Azərbaycan hansı əraziləri əhatə edib.

Onu da qeyd edim ki, şöbə hər hansı iş başa çatdırandan sonra bu, müzakirəyə çıxarılmalıdır. Bütün şöbələr bir-bir onu yoxlamalıdır. Belə olsaydı, heç orfoqrafiya lüğətində də nöqsanlar ortaya çıxmazdı.

Bu-gün-sabah 80 yaşım olacaq. Məni bu quruma rəhbər gətiriblərsə, deməli, iş görməliyəm. Dilin tarixini öyrənmək də mənim arzum olub. İndiyə qədər biz ancaq dərslik yazırdıq, amma indi ayrı-ayrı problemlərin kökünə getməliyik. Daha dərslik yazmaq dövrü bitib. Hazırda ölü dilləri öyrənirik. İnstitutda Qədim dillər və mədəniyyətlər şöbəsi açmışıq. İstəyirik ki, aspirantlarımız erməni, yəhudi, pəhləvi dilini öyrənsin. Artıq bir neçə gəncimiz bu dilləri öyrənməyə başlayıb və gələcəkdə də işi davam etdirməyi planlaşdırırıq.

 

 

– Tofiq müəllim, dünyanın bütün xalqlarının konkret, qəbul olunmuş müraciət formaları var. Bizdə isə vəziyyət bir az fərqlidir. Siz bir dilçi olaraq bu barədə nə düşünürsünüz?

– Bu, çox mürəkkəb məsələdir. Bizdə bu mövzuda konkret vərdiş olmayıb. Keçmiş dövrdə böyüyə “bəy”, “bəyim”, “ağam” deyə müraciət edilib. Sovet dövründə bu müraciət formaları sıradan çıxarıldı. 

Bunu vərdişə çevirmək lazımdır. Bunu da gərək radio və televiziya aparıcıları etsin. Məsələn, türklər “əfəndim” deyir. Bizdə də yerinə görə fərqlidir: ağsaqqal, cavan oğlan, oğlum, bəy. Ucdantutma hər kəsə “müəllim” demək düzgün deyil. Yeri gəlmişkən, bu söz artıq vulqarlaşıb. Konkret müraciət formasını isə gərək cəmiyyət özü hazırlayıb təqdim etsin. Məncə, bu, bağçadan, məktəbdən uşaqlara aşılanmalıdır. Uşaqlar bilməlidir ki, tay-tuşuna necə, böyüklərə necə müraciət etsin. 

 

– Dil İnstitutunun keçirdiyi monitorinqlər cəmiyyətin müxtəlif sahələrində – televiziyada, mətbuatda, dərman preparatlarının dilində ciddi qüsurlar aşkarlayır. 2014-cü ili başa vurduqdan sonra keçirilən monitorinqlərin nəticəsini ümumilikdə necə qiymətləndirərdiniz?

– Təəssüf ki, keçirdiyimiz monitorinqlərin nəticəsini qənaətbəxş hesab edə bilmirəm, müəyyən narazılığımız var. Çalışırıq ki, bu istiqamətdə qaynar xətt, studiya yaradaq, veriliş hazırlayaq.

Bakının iki rayonu üzrə küçə adlarının yazılışı dəqiqləşdirilib. Biz təklif edirik ki, küçə adları bütöv və dəqiq yazılsın. Məsələn, Füzuli küçəsi yox, Məhəmməd Füzuli kimi. Ancaq gərək bu, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənsin. Sözlərin düzgün yazılışı məsələsi asan həll olunur, ancaq köklü dəyişikliklər çətin başa gəlir. Yer adlarının yazılışı ilə də bağlı düzəlişlərimiz davam edir.

 

– Sonuncu orfoqrafiya lüğətində bir sıra təqdirəlayiq məqamlar var idi. Bəs növbəti nəşrdə hansısa dəyişikliklər və ya əlavələr edilməsi nəzərdə tutulubmu?

– Orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması üçün beş nəfərdən ibarət qrup yaradılması nəzərdə tutulub. Lüğətdə gedən bəzi yanlış sözlər düzəldilməli, yüzlərlə söz var ki, əlavə edilməlidir. Həmin sözlər və onların düzgün yazılış forması hazırlanmalıdır. Lüğətdə orfoqrafiya qaydaları tərtib edilməyib. 1958-ci ilin orfoqrafiya lüğətində 60-70 səhifəlik orfoqrafiya qaydası vardı, indi isə 3-5 səhifəlik. Bu, orfoqrafiya qaydası deyil ki... Apostrofu ləğv edilən sözlərin düzgün yazılışı belə yoxdur. Lüğəti tam mükəmməl hazırlamaq olmur, bəzən hansısa sözün yazılışının  mübahisəli tərəfləri olur, bəzən hansısa söz diqqətdən kənarda qalır.

Ancaq hesab edirəm ki, hazırladığımız növbəti lüğətin həcmi xeyli artacaq. Çalışacağıq ki, heç nə gözdən qaçmasın. İki ildən bir orfoqrafiya lüğəti təkrar nəşr edilməli və hökmən satışda olmalıdır. Hər nəşrdə düzəlişlər, əlavələr, təkmilləşmələr olmalıdır.

 

– Bəzi dilçilər, ictimai xadimlər təklif edir ki, fəal danışıq dilində istifadə edilməsə belə əski Azərbaycan dilindəki sözlər də lüğətə salınsın. Siz necə düşünürsünüz?

– Mən belə düşünmürəm. Tarixi lüğət başqa şeydir. Bugünkü lüğətə müasir dildə istifadə edilən sözləri salırıq. Yəni savadlı, savadsız adamın da, uşağın, böyüyün də, ümumilikdə xalqın dilində istifadə olunan sözlər. Qeyri-fəal olsa belə istifadə edilirsə, həmin sözlər lüğətdə yer alır. Çünki lüğətdə dilimizdə işlənən sözlər əks olunmalıdır.

Tarixi lüğət də hazırlanır. Səməd Vurğunun, Cəfər Cabbarlının lüğəti çıxıb, Füzuli lüğəti hazırlanır.

 

– Tofiq müəllim, tez-tez mətbuatda Azərbaycan dili dərslikləri ilə bağlı tənqidi fikirlər də səslənir. Siz uzun illərin dərslik müəllifi olaraq, əsas problemi nədə görürsünüz?

– Dərsliyin özündə də ənənə olmalıdır və bu ənənəni gözləmək lazımdır. Sözsüz ki, dərsliklərimizdə qüsurlar var, çünki yenidir. Ancaq ildən-ilə dərsliklər təkmilləşir. Əvvəlki dərsliklər də təkmilləşib sabitləşmişdi. Müəllifləri peşəkarlar idi. Sonra metodistlər gəldi. Onlar elmi kənara atıb, ancaq yazı qaydası öyrətməklə məşğul oldular. Dərsliklər tez-tez dəyişir. Qüsur ilk növbədə burdan yaranır. Digər səbəb isə təcrübəsiz müəlliflərin dərslik hazırlamasıdır. Dərslik tərtib edilməsinə ciddi yanaşmaq lazımdır.

Bugünkü Azərbaycan dili dərsliklərinin içində Azərbaycan dilindən əsər-əlamət yoxdur. Səbəb gətirirlər ki, yeni tədris proqramı bunu tələb edir. Bizim planımızda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə dərslikləri müzakirə etmək var. Biz bu işi nəzarətə götürməliyik.

 

– Yəqin fikir vermisiniz, Azərbaycanda hüquqi sənədlərin, hüquqi nəşrlərin, qanunların dili də yetərincə ağırdır. Bəzən sadə vətəndaşlar bu dili anlaya bilmir. Sizcə, kargüzarlıq sənədlərinin dilində sadələşdirməyə ehtiyac varmı? Problemin həlli yolunu nədə görürsünüz?

– Bu barədə düşünməmişdim. Amma indi düşünürəm ki, bu istiqamətdə də islahatlar aparmaq lazımdır. Hətta sənədlərin necə yazılması barədə kitab hazırlamaq da zəruridir. XIX əsrdə bizim dövlətimiz yox idi, rus dili dövlət dili sayılırdı. İndi isə dilimiz dövlət dilidir, bu dildə sənədlər də hazırlanır, sadəcə, gərək daha münasib yazılış formasını tapaq. Əslində, hazır sənəd formaları var, ancaq bir qədər dəqiqləşdirilməsinə ehtiyac var. Bu mənada, Türkiyə ilə müqayisədə bizim sənəd dilimiz uduzur. Çünki Türkiyə türkcəsi 600 il imperiyanın dili olub, hüquqi yazışmalar stabilləşib, artıq qəlib var. Uşaq da, böyük də bu qəlibi əzbər bilir. Bizdə də bu cür olmalıdır, orta məktəbdən uşaqlara standart sənəd dili forması öyrədilməlidir. Əslində, orta məktəb dərsliklərində belə nümunələr var, görünür, yaxşı tədris edilməyib.

 

– Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı bəziləri alimlərin, dilçilərin, ədəbiyyat adamlarının, bəziləri isə media nümayəndələrin üzərinə daha böyük məsuliyyət düşdüyünü düşünür. Siz necə düşünürsünüz?

– Dil yazıçının, şairindir. Aşağı sinif kitabları şagirdlərə çalışma verir, həmin çalışmalarda bir dənə də olsun elmi ədəbiyyatdan nümunə olmur. Çünki elmi ədəbiyyatın dili süni dildir. Xalqın dili yazıçının, şairin dilidir. Dilin qorunmasının birinci məsuliyyəti onların boynundadır. Təsəvvür edin, 1920-30-cu illərdə qərar çıxmışdı ki, “inqilab” sözü əvəzinə “revolyusiya”, “mədəniyyət” əvəzinə “kultura” yazın. Bir yazıçı, şair o sözləri dilində işlətmədi. Əgər həmin sözlər Səməd Vurğunun, Rəsul Rzanın dilində işlənsəydi, məcburən xalqın dilinə də hopacaqdı. Dərsliklərə də salınaraq uşaqlara öyrədiləcəkdi. Mətbuat “kultura” yazdı, amma bədii dilə keçmədi. Yəni xalqın dilini yaşadan bədii ədəbiyyatdır. Mətbuatın dili kütləvi dildir, elmi üslubla bədii üslub arasında keçid təşkil edir. Dili təbliğ edən bədii ədəbiyyatın dilidir. Yazıçılar, şairlər dilimizin yiyəsidir. Elmi dildə sərbəstlik yoxdur, qəlib var, sünilik var.

 

– Bəs sizcə, müasir yazıçı və şairlərimiz dilimizin qorunması yükünü çiyinlərində daşıya bilirlərmi? Onların dilindən razısınızmı?

– Tək-tək ədabaz şair və yazıçıları çıxmaq şərtiylə, ümumilikdə razıyam. Bizim sanballı yazıçılarımız var. Eyni zamanda, gənc nəsil arasında gözəl yazanlar nəzərə çarpır. Bütün imzaları tanımasam da, aralarında bəyəndiklərim çox olur. Hələ onlar başlanğıcda belə gözəl dillə yazırlarsa, gələcəkləri daha parlaqdır. Deyirlər ki, dilimiz pozulmağa doğru gedir. Ancaq qorxusu yoxdur, çünki kimlər ki, bu dili pozmaq istəyir, onların özlərinin dili dil deyil.

Elə götürək sizin qəzeti. Mən “Aydın yol”u müntəzəm izləyirəm. Qəzetdə dərc olunan materiallar xoşuma gəlir. Bu mətbu orqan dilimizə yüksək səviyyədə xidmət edir. Hesab edirəm ki, “Aydın yol”un nəşri ana dilimizin xeyrinə olacaq.

 

– Yəqin ki, Tərcümə Mərkəzinin fəaliyyətini də izləyirsiniz...

– Bəli, izləyirəm. Tərcümə Mərkəzi ənənələri olan bir qurumdur. Ölkəmizdə Tərcümə işiylə belə ciddi bir təşkilatın məşğul olmasını təqdirəlayiq hal hesab  edirəm.

Başqa dillərdən tərcümənin dilimizə çox müsbət təsiri ola bilər. Təsəvvür edin ki, bizim bu gün normativ kimi qəbul olunan dilimizə Abbas Səhhətin tərcümələrinin böyük təsiri olub. Məsələn, Aleksandr Sergeyeviç Puşkin öz dilində necə  yazıbsa, Abbas Səhhət də ana dilimizdə elə yazıb:

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
Tutmuşam tək uçurum dağlı qar üstündə qərar,
Qara quş uçmağa qalxarsa, uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri qaynamada,
Şübhəli, qorxulu uçurumları ilk oynamada.

Tərcümənin dilində anlaşılmayan sözlər işlətmək olmaz. Ərəb-fars sözlərindən mümkün qədər az istifadə etmək lazımdır. Elə yazmaq lazımdır ki, onu ziyalı da, sadə kəndli də başa düşsün. Bu mənada, Tərcümə Mərkəzinin fəaliyyəti ürəkaçandır.

Tərcümə edərkən improvizələr etmək bizim həm qrammatikamızın genişlənməsinə kömək edir, həm də frazeologiya xalqın dilinə keçir. Tərcümə vasitəsilə bir çox belə ifadələr dilimizdə vətəndaşlıq qazanacaq, dilimiz daha da zənginləşəcək.

Əli bəy Hüseynzadə deyirdi ki, dilimizdə çoxlu ərəb-fars sözləri keçib, ancaq onlarla birlikdə dilimiz zənginləşərək istənilən Avropa dili ilə rəqabətə girə bilir. Yəni başqa dildən söz almaq da olar, qrammatik mənimsəmələr də.

 

– Sizcə, ümumiyyətlə, tərcümə işi necə qurulmalıdır? Tərcümə prosesində əsas olan mətnin ruhunu qoruyub-saxlamaqdır, yoxsa dilimizin qayda-qanunlarına riayət etmək?

– Dilimiz nəzərə alınmalıdır. Abbas Səhhəti misal çəkdim. O, bədii mətni həm hərf-hərf tərcümə edirdi, həm də dilimizin gözəlliyini qoruyub-saxlayırdı.

Məsələn, yenə də Puşkindən tərcümə etmişdi:

Şaxta gəlir, boran gəlir qar gəlir,
Budur yenə qış necə ki var gəlir.

 

Oxuyanda elə bilirsən ki, öz dilimizdə yazılıb, tərcümə deyil. Tərcümə materialında Azərbaycan dili özünü göstərməlidir. Hiss olunmamalıdır ki, bu mətn başqa dildən tərcümə edilib. Dilin incəlikləri elə mənimsənilməlidir ki, oxucu bunu hiss etməsin. Farslar vaxtilə Nizami Gəncəvi, Xaqani Şirvani haqqında deyirdilər ki, onların dilindən türk ətri gəlir. Biz də tərcümə işini elə qurmalıyıq ki, orda türk dilinin ətri hiss olunsun, başqa dilin hegemonluğu yox.

– Tofiq müəllim, 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulundan sonra Dilçilik İnstitutu bu istiqamətdə hansı işləri görüb, hansı sahələrdə müsbət nəticələr özünü göstərir?

– Dövlət Proqramının maddələrinin çoxu bizim institutla bağlıdır. Digər qurumlarla da iş birliyimiz olur, amma nəticədə işin görülməsinə cavabdeh bizik.

Görülən işlərin təsirini, ilk növbədə, biz Dilçilik İnstitutunda hiss edirik. Ancaq bəzi çətinliklərimiz olur. Bununla belə hesab edirəm ki, Dövlət Proqramını tədricən həyata keçirə biləcəyik. Bu gün hazırladığımız dialektoloji atlaslar həmin proqramın tərkib hissəsidir.

Planlarımızın əsasını ədəbi dilin qorunması, Azərbaycan dilini dərindən öyrənmək təşkil edir. Digər dillərin öyrənilməsi Azərbaycan dili ilə müqayisəli şəkildə aparılmalıdır. Bu gün əlimizdə Dövlət Proqramını rəhbər tutaraq işlərimizi davam etdiririk.

İnstitutun nəzdində Monitorinq şöbəsi də həmin Proqramın əsasında yaradıldı. 2001-ci ildə  “Dövlət dili haqqında” Qanun qəbul edildi, ancaq bir neçə il sonra unuduldu. Lakin bu Proqramın həyata keçirilməsi üzrə xüsusi şöbə yaradılıb və fəaliyyətini Proqramda yer alan maddələrin həyata keçirilməsi üzərində qurub. Görülən işlər barəsində Nazirlər Kabinetinə hesabat verilir. Yəni Dövlət Proqramı uzunömürlüdür və bu istiqamətdə görüləcək işlər çoxdur.

/"Aydın yol" qəzeti"

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.