Musa Yaqub - Əzizim, sən allah sıxma əlimi
12.01.15

Özümə oxşatma

(əlimi əlinə öyrətmə belə)


Sevgi kitabımın üz qabığında
Ağ mərmər kimidir göz qabağında –
Yəqin ki, bir eşqin düşüb mehrinə
İki əl qovuşub bir-birinə –
Yuyunub, daranıb, süslənib, durub
Bu pambıq barmaqlar, bu əlçim əllər.
Ovcumun içində quş ürəyi tək
Necə də döyünür göyərçin əllər.

Görəsən bu əlin sahibi kimdir?..
Əlimdə titrəyən bir sarı simdir –
İncə barmaqlarda çalınıb gedir
Sonra da əlimdən alınıb gedir –
Əlimi əlinə öyrədən əllər
Bir sarı sim üstə söylədən əllər..
Görəsən bu əlin sahibi kimdir?..

Lap uzaq bir ulduz bürcündə qalan,
Ürəyin gizli bir küncündə qalan
Bəlkə taleyimin qismət əlidir,
Gizli bir görüşün fürsət əlidir
Məni öz mehrinə öyrədib gedib
Hicranı könlümü göynədib gedib.

Cökə budağıdır, heyva yarpağı,
Damarı naxışdır, hamarı incə,
Üzümdə, gözümdə tumarı incə,
Telimi sığala öyrədib gedib
Məni gül camala öyrədib gedib,
Görəsən bu əlin sahibi kimdir?..

Ürəyim əlimdə olan vaxtları,
Demə ki, bədənim, dilim yaşayıb
Özüm olmamışam tutacaqlarda
Göyərçin bir əlin qonşuluğunda
Çırpına-çırpına əlim yaşayıb –
Sonra düşüb gedib ümid dalınca
Bir sevda havası alıb yaşayıb
əli əllərimdən üzülən əllər
balı barmağından süzülən əllər.

Əzizim, sən allah sıxma əlimi,
daha tabım yoxdur sıxıntılara.
Daha tabım yoxdur ayrılıqlara.
Qəfil hicranlardan gəlmişəm zara.
Neylərsən bu soyuq şaxta əlləri,
Neynirsən mehirsiz taxta əlləri?
Payız yarpağı tək çil-çil əllərim

Başını qanadı altına salıb
Durub mürgü döyən tək durna kimi,
Qalıbdır qoynumda xəcil əllərim.
Bəlkə də hardasa yaşadır məni
İndi söz əllərim, şəkil əllərim.
İndi ömrümdə bir nağıl kimidir –
Əlini əlimə öyrətmə belə,
Telini telimə öyrətmə belə.

Yay 2014-cü il
Buynuz.

 

 

Bir ilin bənövşə anı

 
Bir zərif meh idin, qəfləti əsdin,
Mənmi gecikmişəm, sənmi tələsdin –
Görüşə bilmədik, bu il, bənövşəm
Ölüm ayağında bala ananın
Sonuncu gözünə çatmayan kimi,
Quzey dan üzünə çatmayan kimi,
Mən də gəlib sənə çata bilmədim.
Qövsi-quzeh oldun, bir əlçim bulud
Əl atdım uzaqdan tuta bilmədim...

Balaların yoxdu, uçurum baxım,
Dəstələrin yoxdu, qaçırım baxım
Köhnə xəzəl üstə ləçəyin həşəm.
Görüşə bilmədik bu il, bənövşəm.

Elə bir-iki illik təvazöm gedib.
Çəkilib şeirimdən bənövşə ətri,
Dilimdən ən zəif xoş sözüm gedib.
Könlümdən bir topa bənövşə düşdü.
Titrədi. Üşüdü, göynədi yeri.
Heç zaman ömrümə qayıtmayacaq
Bir daha bu yazın bənövşələri.
Gərək o məclisdə dayanmayaydım...
Birisi də yaxamdan yapışdı qəfil,
Gərək o dəhlizdə dayanmayaydım –
O boş söhbətlərə,
Bəd qeybətlərə
Gərək ki, gələydim qulaq asmadan;
O yolu azmışın yolundan çıxıb
Sənə üz tutaydım yolu azmadan.
Hələ sonuncu qar əriyir təzə,
Pöhrələr təzəcə tumurcuqlayır.
Çiçəklər təzəcə çıxıblar üzə,
Səninsə xəzəldə ləçəyin həşəm.
Görüşə bilmədik bu il, bənövşəm.

Təkcə od, təkcə su. Torpaqda deyil.
Deməli vaxtdadır dünyada hər şey
Zəmidəki lalə, qədəhdəki mey.
Demək vaxtla əsir adicə bir meh.
Deməli vaxtladır ləçəkdəki şeh.
Gərək mən o vaxta ötürməyəydim
Bir bənövşə ömrü itirməyəydim.
Vaxta etibarım yoxdu bu yolda.
Oturub qalmışam bu daş stolda,
Bəlkə sən tələsib, mən gecikmişəm,
Görüşə bilmədik bu il, bənövşəm...
 

Korinfar

Ey qan duruldanım, ürək çəkənim
Çarxa dönsün deyə, fırlansın deyə,
Dünyada ən ağır yedək çəkənim!
Korinfar! Korinfar! –
                   Fırlat bu çarxı,
                   Qaynat bu çarxı –
Hər cürə dərmanla keçməz bu azar,
Sən dərman deyilsən, səndə nəsə var.
 
Zamanın feilindən, qovhaqovundan,
Əjdaha ağzından, dil tilovundan,
Zülmdən, zindandan, çarmıxdan çıxıb,
Min dəfə oxlanıb, o oxdan çıxıb,
İnamı alınıb, var yoxdan çıxıb
Gəlib son nəfəsə çatan könlümü,
Bütün sevgiləri daş qalaq olub
O daşda ölümcül yatan könlümü
Nə yaxşı oyada bilirsən belə
Odumu soyuda bilirsən belə –
Hər cürə dərmanla keçməz bu azar
Korinfar... Korinfar...
                          səndə nəsə var.
Korinfar! Korinfar –
            Sarı mələyim
Ey yaşıl çəməndə qaymaq çiçəyim
Aşıq Ələsgərdə “sarı köynəyim”
Sənin əlacında, təbibliyində
Nə yaxşı uyudu mənim ürəyim.
Ey ağır saatda axır yoldaşım
Sarı yanağımda bir qətrə yaşım –
Ovcumun içində sarı kəhrəba –
Sən dərd cövhərindən yaranmısan ki,
Son qoya bilirsən dərdə, əzaba
 
Korinfar... Korinfar
Səndə nəsə var –
Könlümün qaranlıq dibində qalan,
Yuyulmuş köynəyin cibində qalan,
Sevgi məktubumun yumru tikəsi,
Sən ey bülbülümün girdə gözləri
Ayılt ürəyimdə, ayılt o səsi –
Gəl yapış qolumdan sarı ümidim
Bir də yavaş-yavaş qalxım ayağa
Durub o sevgimin dalınca gedim.

Vay yenə ürəyim!..
                  Yetiş dadıma!
Baxıram qürubda bathabatıma.
Ömürdən sonrakı susqun ürəyim
Gəlib birdən-birə düşüb yadıma –
ələnmiş ələyin boş sağanağı,
köhnə radioların boş tağalağı
gəlib birdən-birə düşür yadıma,
içində ovulub qırılıb qalan
bir dirsəkli valın bükük biləyi,
bir yol qırağında vurulub qalan,
pərləri üzülmüş, suyu süzülmüş
bir dəyirman arxı düşür yadıma.
Korinfar! Korinfar! Yetiş dadıma.
Sən qaynat arxımı,
Fırlat çarxımı
Korinfar! Korinfar! –
Köçür durnalar,
Deyəsən dumanlar çökür aşağı,
O qara buludun çiynində yük var
Belində qürubun qızıl qurşağı
Korinfar, Korinfar
                    Sarı mləyim
Aşıq Ələsgərdə “sarı köynəyim”
 
Sən ey bülbülümün girdə gözləri
Göyərt ürəyimdə şirin sözləri
Gəl yapış qolumdan
                   Sarı ümidim,
Bir də yavaş-yavaş qalxım ayağa
Durub o sevginin dalınca gedim!

Ruh söhbəti
Bu dəfə səninçün gül gətirmədim,
Amma ürəyimdə qalmadı əhdim –
Qəbiristan gül açıb bu bahar çağı,
Arada bir topa lalə ocağı
Elə bil əlimdən düşüb odlanır,
Qaymaq çiçəkləri həndəvərində
Göy otlar içində zərnişan yanır.

Tək bənövşə bitib tək yaxınında
Mənə deyəcəyin gizli sözündü –
Xırda ləçəklərdə titrəyir səsin,
Atam da, anam da yatır yanında
Necə danışaq ki, eşidilməsin.
Gəl sükut içində mələk dilində
Bənövşə dilində, lalə dilində
Gül-çiçək dilində danışaq bu gün,
Cəhənnəm yəqin ki, çiçək bitirməz
Bu incə çiçəklər cənnətə gəlib
                                   İncədən incə.
Kim gedib görüb ki, bizdə eləcə...
Gəl cənnət dilində danışaq bu gün,
Cənnət ağacımız tubu dilində
Təbiət dilində danışaq bu gün.
Şeh otlar saxlamır heç göz yaşını
Muncuqları töküləcək bir nəfəsdən.
Zəncirotu zəncirləyib baş daşını,
Guya hara çıxacaqsan bu məhbəsdən?

Bir də qulaq verək o qərib səsə,
Qoyub başımızı gedər-gəlməzə,
Daş məhbəs dilində danışaq bu gün.
Sonuncu sözünü tuta bilmədim,
Son nəfəs dilində danışaq bu gün.

Yatır daş altında ömürlər, illər,
Daşlarda çatlar var, torpaqda qatlar,
Xəzəli başında qaldırıb otlar,
Sarmaşıq üstündə hörüb çələnglər,
Yəqin ki, ruhundur bu kəpənəklər –
Kəpənək dilində, ruhun dilində,
Bir mələk dilində danışaq bu gün.

Qəbrin min rəng alıb bahar çağında,
Bənövşə dillisən lalə ocaqsan.
Asmışam könlümü gül yarpağında,
Baxsan ürəyimi tanıyacaqsan.

Yay 2014-cü il
Buynuz.

 

Beş-altı günlük

Özüm də bilmirəm çatışmır nəyim
Deyəsən təkliyə qaçır ürəyim
                beş-altı günlük.
əvvəlki tövr ilə qaynasın şəhər.
Parkında öz dəcəl uşaqlarıyla
                oynasın şəhər
mənimsə könlümdə başqa bir aləm,
bir özüm olaram, bir də düşüncəm
                beş-altı günlük.
Uzaq düşəcəyəm dərdi-sərimdən.
İncə bir yalanla çıxıb aradan.
Qaçmaq istəyirəm əzizlərimdən
                beş-altı günlük.
Biri var könlümü yaman sındırıb.
Özü yanan deyil, məni yandırıb.
Onu da vecimə almayacağam
                beş-altı günlük.
O qədər səbirli olacağam ki,
Soyuq baxışlara, nadan sözünə
O qədər biganə qalacağam ki.
                beş-altı günlük
Duman olacağam dağlar başında
Torpaq olacağam yaz yağışında
                beş-altı günlük
Yaşaram
Axşamdan gündoğanacan
Sarala-sarala günəş gözləyən
Bir günəbaxanın arzularında
Ya da bir qızılağac budağı olub.
əcəb çiməcəyəm arx sularında
                beş-altı günlük.
Sonra
                Yazacağam duyğularımı...
Ürəyim deyəni
Yazmasa qələm,
Özüm çevrilərəm,
şeirləşərəm
                beş-altı günlük
Yəni ipəkləşər, çiçəkləşərəm,
Qovaq yarpağında küləkləşərəm
                beş-altı günlük.

"Aydın yol"

Yenililklər
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.