Zəlimxan Yaqub: “Rus dilini yaxşı bilsəydim məmnuniyyətlə Puşkini tərcümə edərdim”
26.01.15

Xalq şairi Zəlimxan Yaqubla müsahibə.

– Zəlimxan müəllim, adam yaşa dolduqca bu sualı çox eşidir. Bəlkə də artıq bu sualı eşitməkdən bezmisiniz. Ancaq oxucular intizardadır. Bilmək istəyirlər ki, Zəlimxan Yaqubun səhhəti hazırda necədir?


– Məni qoca kimi hallandırmaq istəyirsənsə, səhv edirsən. Mənim ruhum həddən artıq gəncdir. Həmişə də gənclərlə dostluq edirəm. Ancaq, mənim səhhətimdə problemlər var. Müalicəmi həm Almaniyada, həm də Azərbaycanda alıram. Həm alman həkimlərindən, həm də öz həkimlərimizdən çox razıyam. Mənə çox yaxşı baxırlar. Almaniyada bir professor var, mənə o nəzarət edir. Orada bir həftə müalicə aldıqdan sonra qayıdıram bura. Üç aydan bir müalicəmi təzələmək üçün Almaniyaya qayıdıram. Ümumilikdə, yaxşıyam. Hazırda şikayət üçün heç bir əsas yoxdur.

– Bildiyimə görə, Almaniyada sizi əməliyyat etməkdən imtina ediblər.

– Alman həkimləri böyrəyimin dəyişdirilməsinə icazə vermirlər. Bütün bədənimi yoxlayıblar. Səhhətimdə problemlər var. Həmin problemlər imkan vermir ki, mənə yeni böyrək köçürsünlər. Ömrümün sonuna qədər dializlə yaşamalıyam.

– Ağrılar, tez-tez Almaniyaya gedib-gəlməyiniz, yolun yorğunluğu yaradıcılığınıza necə təsir göstərir?

– Bu günlərdə Almaniyada yazdığım şeirlərdən ibarət bir kitabım çıxacaq. Mən Almaniyanı özüm üçün yaradıcılıq laboratoriyası kimi “düzəltmişəm”. Orada xeyli şeirlər yazmışam. Kitab çapdan çıxanda görəcəksiniz ki, nə qədər gözəl şeirlər var. Yol uzaqdır, adamı yorur. Gedib çıxmaq üçün iki dəfə təyyarə dəyişirsən. Amma buna baxmayaraq, Almaniya çox gözəl yerdir. Ekologiyası, havası, suyu təmizdir. Həkimlər deyir ki, imkanın olduqca çoxlu gəz. Ona görə də, tez-tez gəzirəm. Çox xoşuma gəlir.

– Bəs Almaniyada yazdığınız şeirlər necə, üslubuna, mövzusuna görə digərlərindən fərqlənirmi?

– Bəli, fərqlənir. Əvvəllər yazdığım şeirlərin əksəriyyəti sevgidən, məhəbbətdən, gözəldən, gözəllikdən, təbiətdən idi. Amma Almaniyada yazılan şeirlərin çoxu qürbət mövzusundadır. Qürbət adamı dəhşətə gətirir. Almaniya nə qədər gözəl olsa da, qürbətin üzünü gor görsün. Vətəndən uzaq qalmaq çox pis şeydir. Allah heç kəsə göstərməsin.                              

Ey qərib məmləkət, ey qürbət ölkə
Demə yollarımı azıb gəlmişəm.
Alnıma nə yazıb Allahım bilər,
Mən öz dastanımı yazıb gəlmişəm.
 
Aranım,yaylağım, dağım ordadı
Mən burda xəstəyəm, sağım ordadı.
Ən odlu, ən isti canım ordadı
Damlayam, qayadan sızıb gəlmişəm.
 
Ağlada-ağlada güldürmə məni,
Özün bil, özgəyə bildirmə məni,
Qürbət ellərdə öldürmə məni
Vətəndə qəbrimi qazıb gəlmişəm.

– Bu yaxınlarda İsa Muğannaya həsr etdiyiniz “Ün” poeması işıq üzü görüb. İsa Muğannadan yazmaq hansı ehtiyacdan yarandı?


– Mən İsa Muğanna ilə çox yaxın olmuşam. Bir-birimizi ata-oğul kimi istəmişik. Dəfələrlə onların evində olmuşam, süfrələrində çörək kəsmişəm, söhbətlərini dinləmişəm. İsa Muğanna çox qeyri-adi, heç kəsə bənzəməyən, həm mütaliəsi, həm də müşahidəsi çox güclü olan bir adam idi. Onun bütün əsərlərini sağlığında oxumuşdum. İsa Muğannanın yaradıcılığına yaxından bələdəm. Buna baxmayaraq, Almaniyaya gedəndə dedim ki, istəyirəm İsa Muğannanın görünməyən qatlarına baş çəkim. Buna görə də, “İdeal” da daxil olmaqla, onun bütün əsərlərini özümlə götürdüm. Orada vaxt çox olur. Yəni bir otaq, bir də sən olursan. Mən gördüm ki, İsa Muğanna bugünkü oxucular üçün hələ tam açılmayıb. Onda hələ açılacaq çox sirlər, çox möcüzələr var. Elə ünün özü – göydən gələn səs çox maraqlıdır. Baxın, kitabxanamın böyük hissəsini Nobel mükafatına layiq görülən yazarların əsərləri təşkil edir. Hamısını oxumuşam. Sizi inandırıram ki, mən dünyada İsa Muğanna kimi yazara rast gəlməmişəm. Almaniyada onun əsərlərini oxuyandan sonra düşündüm ki, İsa Muğanna hələ açılmayıb, çox sirləri özü ilə aparıb. Məhz buna görə də, üç-dörd gün çalışdım və “Ün” poemasını yazdım. Bu poemanı ona görə yazdım ki, İsa Hüseynova daha da dərindən bələd olum. Gördüm ki, o, nadir bir şəxsiyyətdir. Mən ondan çox şey öyrəndim. Onun yaradıcılığı vasitəsilə ünü, göydən gələn səsi, iniltiləri, pıçıltıları dərk etdim. 2014-cü ildə “Ün” poemasını “Azərbaycan” jurnalı çap etdi. Daha sonra bu poema haqqında çoxlu məqalələr yazıldı. Bu elə-belə kitab deyil. Burada çox böyük məsələlər var. Bir yazıçını tam dərk edə bilməsən, onun düşündüklərini duya bilməsən bu cür yaza bilməzsən. Təsadüfi deyil ki, Fəxri xiyabanda məzarının üstünə də məhz mənim şeirimi yazıblar. İsa Muğanna, sözün həqiqi mənasında, peyğəmbər səviyyəli bir yazıçıdır.

Mən bacardığım qədər  İsa Muğannanı izah etməyə çalışdım. Düzdür, hələ açılmamış mətləblər də qaldı. Onu tam dərk etmək qeyri-mümkündür. Bunun üçün gərək “Zəbur”u , “Bibliya”nı , “Quran”ı əzbər biləsən. Beş gün içində tam olaraq İsa Muğannanın dalğasına girə bilmişdim. O, mənimlə söhbət edirdi. Poemanın axırında bir yer var, deyir ki:

Əmimsənmi, dayımsanmı,
İlahidən enib gələn
Ən müqəddəs payımsanmı,
Muğanna!
Heç kəs soruşmasın ki,
Haralıyam,
Hardanam.
Mən də Odərlərdənəm,
Mən də Saf Ağlardanam.
İkimiz bir adamıq,
Gələcəyə, sabaha.
İnsanlara niyyətdə.
Vuruşub əlləşirik
Mən ölüm ayağında,
Sənsə əbədiyyətdə!

– Şeirin qəlbə düşdüyü ilk məqam olur. Bu məqam hər şairdə ayrı cür özünü büruzə verir. Bəs, sizdə yazmaq prosesi necə baş verir?


– Mən altıncı sinifdə olanda ilk şeirimi yazmışam. Yeddinci sinifdə oxuyanda Borçalıda ilk dəfə mətbuatda çap olunmuşam. Bundan sonra yaradıcılıq axıb gəlib. Bəzən qoşma kimi, bayatı kimi, gəraylı kimi, təcnis kimi gəlib. Sonra yavaş-yavaş bu dünyanı görüb, ictimailəşib, sonra güldən, çiçəkdən, dağdan, çaydan yazan Zəlimxan gəldi Azərbaycanın dərdindən – Qarabağdan yazdı. Bu dərd məni yandırdı-yaxdı. Birazdan Şuşada buzlar əriyəcək, bulaqlar axıb-töküləcək. Biz burada yana-yana qalırıq, orada düşmən kef çəkəcək. Bunların hamısı dərddir.

Mənim yazı üslubum belədir ki, heç vaxt yazıma düzəliş vermirəm. Heç vaxt redaktə etmirəm. Nə cür gəlirsə, o cür də köçürürəm. Sonra da olduğu kimi mətbuata verirəm. Yəni mən redaktəni içimdə edirəm, içəridən hazır gəlir. Sonradan vərəqin üstündə cızma-qara etmirəm.

– Burada yazı masası görürəm. Şeirlərinizi həmişə burada yazırsınız, yoxsa?..


– Mən hər yerdə yazıram. Dağda-daşda, aranda, qarda-boranda da yazıram. Hətta səs-küydə də. Öz aləmimə qapıldım, qurtardı-getdi. Ürəyimdən nə keçir, onu da yazacam.

– Yaradıcılığınızın böyük hissəsi doğulub boya-başa çatdığınız Kəpənəkçi kəndi ilə bağlıdır. Bəs, indi necə,səhhətiniz imkan verirmi ki, doğma diyara gedəsiniz?


– Kəpənəkçi kəndindən uzaq qala bilmirəm. İmkan düşdükcə gedirəm. Beş-altı gün bundan qabaq ordaydım. Almaniyadan qayıdandan sonra yenə gedəcəyəm. Kəpənəkçi mənim ilham mənbəyimdir, varlığımdır, ata yurdumdur, beşiyimdir, bələyimdir. Orada mənim ilk şeirimi yazdığım ağac var. Bu dəqiqə də durur. Hər dəfə gedəndə oranı ziyarət edirəm. Mən kitabları necə oxumuşamsa, təbiəti də eləcə oxumuşam. Yolu, izi, cığırı, yeri, göyü, ulduzu, ayı, çayı, bulağı, mamırı, qayanı oxumuşam. Mənə nə veribsə, məhz o torpaqlar verib. Hələ də o ehtiyatla gedirik.

– Belə bir fikir var ki, adam gərək klassik ədəbiyyatı həyatının müəyyən mərhələsində yenidən oxusun. Hər yaş dövrünə görə bu əsərləri başa düşmək mərhələsi də başqa cür olur. Bəs, siz indi təbiəti oxuyanda gənc yaşlarınızdan fərqli nələri hiss edirsiniz?


– Onda mən heç nə hiss etmirdim. Ağacdı, mən də durmuşam ağacın altında. Sonra gördüm ki, öz-özümə pıçıldayıram. Gəldim evə və başladım yazmağa. Həm də bizim kənd, ümumiyyətlə, Borçalı ədəbiyyatla nəfəs alır. Şairlərə böyük ehtiram var. Mən bu saat gedib hansı qapını açsam ora mənim evimdir. Yəni hamı doğmadır, mehribandır, şirindir, qonaqpərvərdir. Mən o təbiəti oxuya-oxuya bu günə gəldim, Zəlimxan oldum. Təbiət mənə çox şey verdi, bulaqlar çox şey öyrətdi mənə.

Ay bulaq, mən sənə bulaq demərəm,
Səndə damlanın da dərinliyi var
Dadsız da demərəm, nurlu gözündə
Ülvi bir məhəbbət şirinliyi var!
 
Əyilim, hörmətlə öpüm gözündən,
Mənə saflıq da ver, dərinlik də ver.
Belə ki qaynarsan, qaynat könlümü,
Belə ki sərinsən sərinlik də ver.

Müqəddəs arzumdu sevmək, sevilmək,
Demirəm ya dəniz, ya da dağ olum.
Nemətdi duruluq, saflıq, təmizlik,
Bəsimdi, sənintək bir bulaq olum!

Əvvəlcə o dağlarda bulaq oldum, sonra çay oldum, gəldim Xəzərə qovuşdum. Dünyam genişləndikcə, içim genişləndi, dünyagörüşüm genişləndi. Dünya səyahətinə çıxdım, ölkələr gəzdim. Çoxlu mütaliə etdim. Bu günə qədər mütaliəsiz bir günüm olmayıb. Tələbəlik illərində Hüqonu, Dostoyevskini, Tolstoyu, Taqoru, Qoqolu oxudum. İndi yaxşıdır, tərcümələri orijinaldan edirlər. Bizim vaxtımızda isə tərcümələr əsasən rus dilindən olurdu. Bu da istər-istəməz əsərin keyfiyyətinə təsir edirdi. Sovet dövründə tərcümə ilə ən çox məşğul olan şairlərimiz Tofiq Bayram idi, Xəlil Rza Ulutürk idi, Əhməd Cəmil “Faust”u tərcümə etmişdi, Səməd Vurğun Puşkinin “Yevgeni Onegin”ini çevirmişdi. Müəlliflə tərcümə edən arasında bir istedad yaxınlığı, qohumluq olmalıdır. Rəhmətlik Tofiq Bayram həmişə deyərdi ki, tərcümə qanköçürmədir. Əgər düz köçürməsən hökmən səni alt-üst edəcək.

– Amma siz özünüz tərcüməçilikdən uzaq oldunuz. Bunun səbəbi nə idi?

– Tələbəlik illərimdə bir söz eşitdim. Tofiq Bayramdan danışırdıq. Mən onun təkcə yaradıcılığını yox, tərcümələrini də əzbər bilirəm. Biri dedi ki, Tofiq Bayram yaxşı şairdir, ancaq heyif ki, istedadını tərcüməyə xərcləyir. Sırf şeir yaradıcılığı ilə məşğul olsa daha yaxşı olardı. O söz qaldı qulağımda. Elə ondan sonra tərcüməyə yaxın getmədim. Cavanlığımda bir-iki tərcüməm olub ancaq üzə çıxarmamışam. Tofiq Bayramın Rəsul Həmzətovdan etdiyi tərcümə var.

Şam yanır...
Külək də məni qorxudur ,
Qorxuram söndürər bu son şöləni.
Səni düşünmək də məni qorxudur ,
Səni unutmaq da qorxudur məni.
 
Sinəmdə həsrətlə çırpınır ürək,
Gah da ürək boğur özü deyəni.
Qorxuram heç zaman biz görüşməyək
Fəqət görüşmək də qorxudur məni.
 
Bəzən yaxın gəlib əl uzadırsan,
Qorxuram əlini ovcuma alım.
Qorxuram yorulub dərddən-əzabdan
Əllərim boşalsın, mən əlsiz qalım.
 
Elə bil tutmuşam sınıq körpüdən
Üstümə sel gəlir hey qucaq-qucaq.
Qorxuram gözünü ağlar görüm mən
Gülən gözündən də qorxuram ancaq.

Qorxuram təkləyib boğar qəm səni
Arabir özünü çəksən xəlvətə.
Qorxuram özgəylə görərəm səni ,
Dönər şübhələrim bir həqiqətə.
 
Qorxuram görməzsən qəlbimdəkini ,
Qorxuram görməyə bir şey qalmasın.
Qorxuram əlimdən alalar səni.
Qorxuram ömürlük heç kəs almasın.
 
Qorxuram aləmə səs düşə birdən ,
Qorxuram alova döndərim közü.
Sənin taleyinçin çox qorxuram mən ,
Elə özümçün də qorxuram düzü.

Tofiq Bayram bu şeiri elə tərcümə edib ki, elə bil Rəsul Həmzətov Azərbaycan dilində yazıb.  O, Tvardovski ilə Rəsul Həmzətovu yaxşı bilirdi və həmişə onlardan tərcümə edirdi. İndi də tərcümələrə böyük ehtiyac var. Mən hərdən deyirəm ki, kaş alman dilini bilib Höteni oxuyardım, kaş ingilis dilini bilib Şekspiri oxuyardım. Markesi ispan dilində oxuyardım. Təəsüf ki, ömür gedir, göz zəifləyir, bu yaşdan sonra əlavə dil öyrənməyim mümkün deyil.

– Bəs əcnəbilərdən ürəyinizə daha yaxın hiss etdiyiniz müəlliflər kimlərdir? Olubmu ki demisiniz, kaş bu müəllifi Azərbaycan dilinə tərcümə edəydim?

– Mən rus dilini yaxşı bilsəydim məmnuniyyətlə Puşkini tərcümə edərdim. Bütün ömrümü ona həsr edərdim. Çünki Puşkin olduqca millidir. O, rus xalqının danışan dilidir. Kamyu, Markes, Kafka çox maraqlıdır. Bu imzaları oxuduqca, bir də oxumaq istəyirsən.

- Yeni ilə qədəm qoymuşuq. Həm də, bu yaxın günlərdə sizin 65 yaşınız tamam olacaq. 65 yaşınızdan və 2015-ci ildən gözləntiləriniz?


– Ən böyük arzum, dərdim odur ki, Qarabağı görüm, sonra ölüm. Sonra da səhhətimdəki problemlər düzəlsə, xoşbəxt olaram. Azərbaycanın böyük dərdləri var. Neçə yerə paralanıb, neçə yerə bölünüb. Onu birləşdirmək zamana qalıb. Ancaq gərək Qarabağı qaytarmaq zamana qalmasın. Heç insafdırmı ki, mən burda xəstəlikdən əziyyət çəkəm, Şuşada ermənilər kef çəksin? Qarabağ bizim sağalmayan yaramızdır. Onu sağaltmaq üçün gərək hər kəs əlindən gələni etsin. Mən 2015-ci ildən çox şey gözləyirəm. Bu il mənim 65 yaşım tamam olur, təzə kitablarım çap olunur. Bu mənim üçün yenilikdir, uğurdur.

– Bu yaxınlarda “Kimdi səni bu qapıdan buraxan” adlı bir şeiriniz çap olunmuşdu. Bu şeir digərlərindən fərqlənir. Burada şikayət, tənqid var.


– Yazmağa mövzunu həyat verir adama. Onu da mənə həyat verdi. Gördüm bir qoca kişi oturub nazirliyin qapısının ağzında. Soruşdum, içəri keçmək istədiyini dedi. Dedim, gözləmə, onsuz da səni buraxmayacaqlar içəri.

– Yəqin ki, həmin adama kömək etdiniz.

– Hə, kömək etdim.

– Siz həmişə insanlara əl tutmusunuz, dar günlərində yanlarında olmusunuz. Bəs indi, özünüzü narahat hiss etdiyiniz vaxtda necə, həmin adamlar sizin yanınızda olurlarmı, gəlib sizə baş çəkirlərmi?

– Gələnlər də var, gəlməyənlər də. Ancaq heç kimdən incimirəm. Çünki bu, qoca dünyadır. Bu qoca dünya çoxlarını yola salıb, məni də yola salacaq. Gərək insandan inciməyəsən. Hərənin min dərdi-səri var. İnsanı qiymətləndirmək lazımdır. Mənim dilimdə, yaradıcılığımda heç vaxt şikayət olmayıb. Həmişə sevgi, məhəbbət olub.

– Aşıqlar Birliyinin sədrisiniz. Azərbaycan aşıqlarının hazırkı, vəziyyəti sizi qane edirmi? İndi də Hüseyn Bozalqanlılar,  Aşıq İmranlar yetişirmi?

– İndi yaxşı saz çalanlar var. Amma klassik ədəbiyyatımızı bilən, folklorumuzu bilən adamlar həddindən artıq azdır. Yaxşı saz ustalarımız var. Hər yerdə üzümüzü ağardır, başımızı ucaldırlar. Ancaq dərinə gedəndə görürsən ki, xəzinə yoxdur, kasaddır.

Mən aşıq sənətinə can qoymuşam, ömür vermişəm. İstəyərəm ki, gözəl sənətkarlarımız yetişsin. Amma sazı boynuna almağın, sazı şouya çəkməyin əleyhinəyəm və ölənə qədər də əleyhinə olacağam. Saz müqəddəsdir. O, Dədə Qorquddan Ələsgərə, Şəmşirə qədər böyük şəxsiyyətlər yetişdirib.

– Saz, həm də, Allahla söhbət vasitəsidir.

– Əlbəttə ki.

– Müsahibələrinizin birində demişdiniz ki, sazdan küsmüşəm, artıq saz çalmıram. Sazdan küsməyiniz o demək deyilmi ki, Allahla aranızda olan qapılardan birini bağlamısınız?

– Sazdan uzaq düşməmişəm. Evimdə dörd saz var. Bura hər gün Azərbaycanın hər yerindən aşıqlar gəlir. Saza həmişə qulaq asıram. Ancaq son vaxt səhhətimlə bağlı özüm istədiyim kimi saz çala bilmirəm. Buna görə də, bəzən sazdan “küsürəm”. Şəhriyar deyirdi ki, yaxşı dostlarım var idi, yaman gün gələn kimi, tardan özgə vəfadarım qalmadı... Mənim yarım, sevgilim telli sazdır. Bütün yaradıcılığım, hətta irihəcmli poemalarımın özü də sazdan gəlib.

– Həyatınızın hər mərhələsində çətinliklər olub. Bu çətinliklər yaradıcılığınıza necə təsir göstərib?


– O çətinliklərə mən çox minnətdaram. Çətinlik olmasaydı, şeirlərim yaranmazdı. Bütün həyatımı onlara borcluyam. Çünki o çətinliklərdən keçə-keçə arzu etdiyim həyata gəlib yetişdim. Ona görə, həyatımda olan aşırımlara çox borcluyam. Onlar məni Zəlimxan etdi. İndi xəstəyəm, ancaq mənim daş kimi yaddaşım var. Yaddaşımın möhkəmliyi də sazdan gəlib.

– Sizin 13 cildliyiniz çap olunur. Ümumilikdə sizi məhsuldar şair kimi qiymətləndirirlər. Bəs yaradıcılığınızda təkrarçılığa yol verməkdən qorxmamısınız?


– Mən gündəlik işləmişəm. Ömrümü-həyatımı ədəbiyyata vermişəm. Heç vaxt qorxmamışam ki, təkrarçılığa yol verərəm. Poemalarıma baxanda da bunu görmək olur.

– Sonda oxuculara nə demək istərdiniz?

– Tərcümə Mərkəzinin açılması böyük sevincdir. Bundan böyük sevinc ola bilməz. Mən arzu edərdim ki, gənclərimiz çoxlu kitab oxusun, internet-minternet boş şeydi, zaman onları necə gəlibsə, elə də silib aparacaq. Oxucular kitaba yaxın olsunlar. Gənclər kitaba, mütaliəyə nə qədər yaxın olsa, bir o qədər yaxşıdır. Oxucu heç vaxt kitabdan soyumasın.

 Rövşən Danyeri, "Aydın yol"

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.