Tərcüməçi Şəhla Nağıyeva: “Dünya ədəbiyyatı antologiyasının doxsan faizi təhrifdir”
28.01.15

Azərbaycan Dillər Universitetinin dosenti, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, tərcüməçi Şəhla Nağıyeva ilə müsahibə.

 
- Tərcümə ilə nə vaxtdan məşğul olursunuz?


- Mən tələbəlik illərindən poeziya nümunələrinin tərcüməsi ilə məşğul olmuşam. İngiliscədən Azərbaycan dilinə tərcümələr edirdim. Mərhum müəllimim, bir mütərcim kimi öz sözünü demiş İsmixan Rəhimovun rəhbərliyi altında “Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli koloritin saxlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə etdim. Hazırda da həmin mövzunun davamı olaraq, doktorluq işimi hazırlayıram. Poeziya tərcüməsinə maraq məni hətta Amerika Birləşmiş Ştatlarına da aparıb. 2003-cü ildə 6 ay Şimali Karolina ştatında qalmışam. “Şərqi Karolina Universiteti”ndə şairlərlə Azərbaycan dilindən ingilis dilinə edilən tərcümələr üzərində saatlarla təhlillər aparmışıq. Tərcümə edərkən nələri əsas götürmək lazım olduğunu müzakirə etmişik. Qayıdandan sonra da bu sahədə dərslik çap etdim. Xarici Dillər Universitetinin tələbələri ondan bu gün də yararlanırlar. 2010-cü ildə dörd aylıq daha bir ezamiyyətə getdim və Corc Meyson Universitetində işləyən şairlərlə birgə Bəxtiyar Vahabzadənin  bir neçə şeirini tərcümə elədim. İngilis dilinə tərcümə elədiyim “Qızıma”, “Mənim anam”, “Bir gəminin yolçusuyuq”, “Bir salama dəymədi” şeirləri Amerikada məcmuədə çap olundu.

- “Sönməz məşəl” İctimai Birliyi də, yəqin ki, tərcümə ilə bağlı ideyaların reallaşmasına kömək məqsədilə yaradılıb...

- Birinci səfərim məndə belə bir təəssürat yaratdı ki, dünyada Azərbaycan poeziyası haqqında çox az bilirlər. Ona görə də 2004-cü ildə “Sönməz məşəl” ictimai mədəni əlaqələr birliyini yaratdıq. Birliyin məqsədi mədəniyyətlər arasında körpü qurmaq, Azərbaycan ədəbiyyatı nümunələrini ingilis dilinə tərcümə və çap etmək və incəsənətimiz haqqında daha geniş məlumat verməkdir. 2008-ci ildə biz YUNESKO-dan qrant aldıq və “Treasury of Azerbaijan language”, yəni “Azərbaycan dilinin xəzinəsi” adlı veb saytını yaradaraq, “translit.az”-da yerləşdirdik. Burada 6 dildən-rus, alman, fransız, ingilis, ərəb və fars dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən 6 dilə olunan tərcümə əsərlərinin biblioqrafik məlumat bazası  yer alıb. Orada kiçik bir onlayn kitabxana da yaratmışıq. O kitabxanaya əlimizə keçən tərcümə əsərlərini, həm də tərcümə sahəsi ilə bağlı elmi məqalələri yerləşdiririk. Çap etdirdiyim kitabların da, işıq üzü görən kimi, elektron versiyasını ora qoyuram ki, hamıya əlçatan olsun.

- Tərcümə sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Hökumətin göstərdiyi qayğı nəticəsində tərcümə işinin, xüsusilə bədii tərcümə işinin önə çıxması bizi çox sevindirir. Mən özüm Azərbaycan Xarici Dillər Universitetinin professoruyam, orada bədii tərcümə dərsləri keçirəm və magistr tələbələrim arasında bədii tərcümə etmək qabiliyyəti olanları gələcəyin potensial kadrları kimi seçirəm. Bizə “volontyor” kimi kömək edirlər, həm də bu sahədə püxtələşirlər.

- Çoxdurmu belə tələbələr?

- Dərs dediyim fakültə “Filologiya və jurnalistika fakültəsi”dir və sözsüz ki, burada bədii ədəbiyyat sahəsində dərin biliyi olan, bədii təxəyyülü daha çox inkişaf etmiş tələbələr var. Hər 20-30 nəfərlik auditoriyadan bir-iki belə tələbə çıxır.  

- Amerikada olduğunuz müddətdə hansı qənaətə gəldiniz-amerikalı tərcüməçilərin iş prosesində əsas götürdükləri prinsiplər hansılardır?


- Əlbəttə, amerikalı mütəxəssislərin yanaşması fərqlidir. Hətta Amerikanın görkəmli simalarından olan Robert Filos deyir ki, poeziya tərcümədə itir. Yəni, poeziya tərcüməsinin əleyhinədir. Mən ingiliscədən Azərbaycan dilinə tərcüməni rahat edirdim, elə bir problemlə üzləşmirdim. Amma Azərbaycan şeirini ingilis dilinə tərcümə etmək risqini özümdə tapa bilmirdim. İlk tərcüməm Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeiri olub. O şeiri əvvəlcə qafiyə ilə tərcümə etdim və özüm də razı qaldım. İngilis dilini yüksək səviyyədə bilən bir azərbaycanlı eşidəndə, onu əla tərcümə hesab edərdi. Mən onda Xəzər Universitetində işləyirdim. Universitetin rektoru, şair-tərcüməçi Hamlet İsaxanlı tərcüməni çox bəyənmişdi. Universitetin jurnalında da çap eləmişdilər. Amma mən onu Amerikada şairlərlə müzakirə edəndə o qafiyələrin hamısı sındı. Bəli, onlar sərbəst vəzndə yazırlar, ruhu, ritmi saxlamaq şərtilə, bu cür də tərcüməyə üstünlük verirlər. Mən də gördüm ki, qafiyəni həmişə saxlamaq olmur. Saxlamaq mümkün olanda saxla, amma şeirin ruhunu öldürməklə, şeirdəki mənanı itirməklə qafiyəni saxlamaq şeirə ziyandan başqa, heç nə gətirmir.

- Deməli, biz müəyyən mənada, qafiyəbazıq? Və ya şeirə, şairə çox tələbkar yanaşırıq...


- Azərbaycan şeiri qafiyəsi ilə, daxili ritmi ilə,  hər şeyi ilə gözəldir bizimçün. Dilimizin bədii imkanları o qədər güclüdür ki, hətta ingilis dilində sərbəst vəzndə yazılan şeirləri də qafiyə ilə çevirməyə imkan verir. Məsələn, Hamletin monoloqu 6 dəfə tərcümə olunub. Cəfər Cabbarlı, Tələt Əyyubov, Mehdi Məmmədov, Sabir Mustafa, ən axırıncı mən çevirmişəm. Mənanı itirmədən, qafiyə ilə tərcümə etmək, məncə, mümkün oldu.

Ölmək... ölməyin də öz qorxusu var,
O kəşf edilməyən əbədi diyar.
Kimsədən bizlərə göndərmir xəbər
Bilmirik orada nələr var, nələr...

Şeir heç bir şey itirməyib, amma qafiyə ilə vermişik- nəyi pisdir? Amma ingilis dilinə çevirəndə yanaşma fəqrli olur. Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şeirini mən yenə çox asan, dilə yatan, qafiyəli şəkildə tərcümə etmişdim. Amma Amerikada dedilər ki, bu, söz yığınıdır. Səməd Vurğunun həmin şeiri heç musiqiyə ehtiyacı olmayan, melodik bir şeirdir.

Nemətsə də gözəl şeir
Şair olan qəm də yeyir.
Ömür keçir bu adətlə
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən?

Gözəldir... amma tərcümədə biz bəzi bədii vasitələri olduğu kimi verə bilmərik. Manevr edə-edə tərcümə edirik və sadə bir söz yığını olur, təxminən belə: məni dünən bir adam gördü və dedi sən niyə belə qocalmısan? Bu, həmin hissləri yaratmır. Mənim  səfərlərim belə bir qənaətə gəlməyə imkan verdi ki, Azərbaycan poeziyası ingilis dilinə tərcümə edilərkən, hədəf dilin şairi, mütəxəssisi ilə birgə işlənməlidir. Tərcüməçi şeirin məğzini tam ötürməlidir, o isə onu öz dilində şeir kimi yazmalıdır. Bunu biz eləmişik və təşkilatımızın  xəttilə 3 kitab çıxıb. “Buta”- qadın ədəbiyyatı antologiyası adı altında - müasir qadın şairlərin, Bakı və regionlarda yaşayan qadın şairlərin, sonuncu isə klassik qadın şairlərimizin şeirləri ingilis dilinə tərcümə edilib.

- Kimlər tərcümə edib o şeirləri?

- Tərcüməçilər komandası, mən də olmuşam onların içində. Yerli redaktəni eləmişəm, ötürmüşəm amerikalı tərcüməçi, Kaliforniya Universitetinin müəllimi, Əlison Məndəvilə. Onun işinin keyfiyyətinə inanıram. O şeirlərin koloritini itirməyib, çox gözəl ifadə edib. Müqayisəli təhlil etsəniz, görərsiniz.

- Əlison Məndəvil Azərbaycan dilini mükəmməl bilirmi?


- Amerikada birgə işlədiyim adamların heç birinin Azərbaycan dilinə bələdçiliyi yox idi. Onlar şeiri mənə Azərbaycanca oxudurdular, onu diktofona yazırdılar, sonra qulaq asırdılar, mən mənanı onlara verirdim və onlar o şeirin üstündə işləyirdilər. Tərcümədə şeiri dinləmək çox vacibdir. Əlison Məndəvilin uşaqlığı Türkiyədə keçib. Azərbaycanca çətin də olsa ünsiyyət qura bilir, bir il burada, mənim işlədiyim kafedrada tədqiqat aparıb və Azərbaycan dilinə xeyli yaxındır.

- Azərbaycanlı tərcüməçilər lüğət kasadlığından şikayətlənirlər. Bu qıtlığı siz də hiss edirsinizmi?


- Mən həmişə deyirəm ki, Azərbaycan dilinin ədəbi-bədii vasitələri çoxdur. Ona görə də, ingilis dilindən tərcümə edəndə, bunu hətta qafiyə ilə də etmək olur. Azərbaycancadan ingilis dilinə tərcümə edəndə isə, mən ingilis dilini çox yaxşı bilə bilərəm,  amma o bədii ifadələri ingilis şairi kimi verə bilmərəm. O, boşluqları doldurur. Auditoriya mütləq nəzərə alınmalıdır. Bizim müraciət etdiyimiz mütəxəssis, şeiri auditoriya üçün hazırlayır. Lüğət qıtlığı bədii dilə o qədər də aid deyil. Bədii vasitələrimiz zəngindir. İngiliscə “heart” deyəndə ürək, könül, qəlb-hamısı yada düşür.

- Qarşılığı tapılmayan sözlər də var axı...

- Bəli, Azərbaycan dilində qarşılığı tapılmayan sözlər çoxdur. Təəssüf ki, həqiqət belədir.

- Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu dilimizdə vaxtilə olmuş, sonradan unudulmuş sözlərin lüğətini hazırlamağı təklif edir...

- Gözəl təşəbbüsdür.

- Deyirlər ki, rus dilini Puşkin yaradıb. Səməd Vurğunun da dilimizə ərməğan etdiyi sözlər olub. Amma indi bu cür təşəbbüslər təpki ilə qarşılanır...


- Sizinlə tam razıyam. İndi kimsə ümumi qəbul  olunmuş sözlərdən kənar ifadə işlədəndə naşılıqda suçlayırlar. Dilimizin kasadlaşmasının qarşısını almaq həm də dilçilərimizin işidir. Onlar aradan çıxan sözləri dilə gətirməli, elmi surətdə əsaslandırmalı, qəbul etdirməlidirlər. Bizə də irad tutanda deyək ki, məsələn, filan dilçi alim belə deyib.

- Uzun müddət hesab etmişik ki, dünya ədəbiyyatının özəyi sovet dövründə bizə təqdim olunan şair və yazıçılardan ibarətdir. İndi yeni tanıdıqlarımıza bir qədər şühbə ilə yanaşırıq. Məncə, tərcüməçilərimizin üzərinə həm də bu sahədə nizam yaratmaq düşür...

- Sovet dövründə biz dünya yazıçılarını rus dili vasitəsilə tanımışıq. 1960-cı ildə dünya ədəbiyyatı antologiyası çıxıb, onun doxsan faizi təhrifdir. Çünki bizə başqa dil vasitəsilə gəlib çatıb. Təqdim olunası adamlar çoxdur. Düşünürəm ki, bu işlər yoluna düşəcək, kəm-kəsir aradan qalxacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu sahə ilə bağlı bir neçə sərəncam imzalayıb və əsas odur ki, tərcümə işi önə çəkilib. Yeni yaradılan Tərcümə Mərkəzi də bizə qarşımızda görüləsi ciddi işlər olduğunu, üstümüzə böyük vəzifə düşdüyünü hər an xatırladır.

/"Aydın yol" qəzeti/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.