Səxavət Sahil: İstedad özünü yetişdirməkdir - MÜSAHİBƏ

12.02.15

Modern.az saytı gənc yazarlarla müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz gənc yazıçı, artpress.az saytının rəhbəri Səxavət Sahildir.

- Əvvəlcə indiki yaradıcılıq fəaliyyətiniz barədə danışın?

- Hazırda yeni yazdığım “İsanın qayıdışı” adlı romanın redaktəsi ilə məşğulam. İki variantda yazmışam, birinci variantı şifahi nitq əsasındadır, digər variant isə hamının ədəbi dil adlandırdığı formadadır. Hərçənd ki, mən ədəbi dil norması anlayışını qəbul etmirəm, bunu tam cəfəngiyyat və əsassız sayıram. Çünki hamı eyni dil çərçivəsində yazacaqsa, bu yazıçılıqdan çox kütləvi inşa olacaq. Yazıçının öz dili, öz üslubu olmalıdır. Yoxdursa, müəllifin kimliyindən asılı olmayaraq, hamı eyni xorda oxuyacaq.
Ara-sıra şeirlər də yazıram, ədəbi-ictimai fikirlərimi də yeri gəldikcə deməyə çalışıram.

- Sənin fikrincə, gənc yazarlar arasındakı istedadların sayı nə qədərdir?

- Bilirsiniz, həmişə istedad məsələsinə başqa cür yanaşmışam. Hesab edirəm ki, istedad şərti məsələdir, heç nəyi həll etmir. Yazıçının, şairin düşüncə qabiliyyəti, ümumiləşdirmə təfəkkürü, analiz fəhmi və xüsusən də davamlı mütaliəsi yoxdursa, ondan danışmağa dəyməz. Beş-altı şeir, bir-iki hekayə yazıb ortaya atılanlar hər zaman olub, gənclik ehtirası ilə nəsə yazmaq o demək deyil ki, sən istedadlısan. İstedad özünü yetişdirmək, özünü yaratmaqdır.

Bizim gənclərə gəldikdə, özünü təsdiq edən, öz potensialını göstərən yazarlar  göz qabağındadır. Adlarını sadalamasam da, hesab edirəm ki, kifayət qədərdir.

- İndiki ədəbi gənclikdə ən çox razılaşmadığın  məqamlar hansılardır?


- Mənim razılaşıb-razılaşmamağım nəyisə dəyişmir. Gəncliyin fikirlərinin əksəriyyəti ilə razıyam. Razılaşmadığım məqam odur ki, ədəbiyyatla məşğul olmurlar, düşüncə, mütaliə dairəsini genişləndirmirlər. Təkcə Azərbaycan və türk ədəbiyyatı ilə kifayətlənmək məhdudluqdur. Bunlarla razılaşmıram, amma kiməsə ağıl öyrətməkdən də uzağam.

- Ədəbiyyatda kimlər  zaman-zaman sizə mane olmağa çalışıblar?

- İndiyə qədər belə hallara rast gəlməmişəm. Kimsə şəxsi münasibətlərə görə nəsə eləməyə cəhd edib, kiməsə yaltaqlıq etmədiyimə görə məni uzaq saxlayıblar. Bu da məni narahat eləmir. Mən heç vaxt “kruq ədəbiyyatı”nda olmamışam.

- İndiyə qədər şair kimi ən çox nə qədər qonorar almısan?


- Hamı bilir ki, bu gün bizdə qonorar olduqca çətin məsələdir. Yenə nəsrə və ya tərcüməyə az-çox qonorar verirlər. Şeirə gəldikdə, bunu demək mümkün deyil. Qonorar almışam, amma çox az olduğu üçün məbləği demək gülməli görünər. Ona görə rəqəmi açıqlamayacam.

- Əvvəl ədəbi dərnəklər var idi, hər yazıçının hansı dərnəyə aid olduğunu yaxud, olmadığını bilmək mümkün idi. Necə düşünürsən, indi bəzi ədəbi portallar həmin dərnklərin rolunu oynamırlar?

- Təbii ki, indi dövr dəyişib ədəbi dərnəklərin əhəmiyəti minimuma enib. Baxmayaraq ki, indi də bu kimi dərnəklər var. Bu funkusiyanı indi ədəbi portallar, ədəbi nəşrlər yerinə yetirir. Onların öz qaydaları, öz tələbləri var. Bu ədəbi portalların daimi müəllifləri var və onlar ardıcıl yazılar yazmaqla, ardıcıl çıxış etməklə hardasa dərnək kimi olmasa  da, ədəbi qurum, ədəbi birlik təsiri bağışlayırlar.

- Özün də sayt rəhbərisən. Saytınızda obyektivlik meyarları necə qorunur?


- Rəhbəri olduğum Artpres.az mədəniyyət portalı daha çox ədəbiyyat yönümlüdür. Təkcə ədəbiyyat istiqamətli olması, haradasa oxucu məhdudluğuna gətirib çıxarır. Buna görə biz mədəniyyətin digər sahələrinə də yer veririk. Obyektivlik meyarlarını isə müstəqil və peşəkarlıqla qorumağa çalışırıq. Qalmaqallı və qərəzli yazılardan uzaq olmaq, ciddi və maraqlı mətnlər dərc etmək bizim portalın əsas məqsədidir.

- Səncə, bizdə niyə bəzi tanınan imzalar layiqli əsərləri asanlıqla “yeyə” bilir?  Məsələn, bir də görürsən ki, çox tanınmayan birinin gözəl mətni, tanınan imzanın zəif mətni yanında kölgədə qalır...

- Bununla mən də rast gəlmişəm. Bizim ədəbi aləmdə daha çox şəxsi münasibətlər, qonaqlıqlar üstün olduğundan, bu faktlar daha qabarıq görünür. Saytlara, nəşrlərə gəldikdə, bunu təbii qarşılamaq məcburiyyətindəyik. Ona görə ki, sayt oxucu sayı və satış məsələsini önə çəkir. Amma istənilən halda, istedadın qarşısını kəsmək düzgün deyil.

- Bir neçə gün öncə yeni jurnalınızın ilk sayı işıq üzü gördü. Uğurlu olsun. Bir az da o haqda danışaq. Maliyyə problemi ilə üzləşmisinizmi?

- “Avanqard” ədəbiyyat jurnalı ədəbiyyata və mədəniyyətə xidmət edir. Bizdə ədəbi nəşrlərin çoxu standartlardan kənara çıxa bilmir və yalnız özünə yaxın dairələri təbliğ etməklə məşğuldur. Ona görə tam müstəqil ədəbi nəşr yaratmaq qərarına gəldik. İstedadlı yazar Kənan Hacı ilə birgə yaratdığımız bu jurnalın ilk nömrəsi çap olundu. Artıq müsbət reaksiyalar var, yaxşı qarşılanıb.

Bilirsiniz, müstəqil, peşəkar jurnal nəşr etmək indiki dönəmdə çətindir. Üstəlik maliyyə səbəbindən, qonorar vermək imkanı olmadığından çap olunmamış mətn tapmağın da öz çətinliyi var. Lakin biz müstəqilliyi qoruduq, ciddi mətnlərə də yer verdik və çap olunmamış materialları nəşr etdik.

Jurnalın maliyyə məsələsinə gəldikdə, öz gücümüzə çap etmişik. Mədəniyyətə xeyirxahlıqdan danışanlar, ədəbiyyata qayğıdan dəm vuranların heç biri dəstək durmayıb. Yəqin ki, səsimizi eşidib, nəsə düşünərlər.

Elmin NURİ, Modern.az

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.