Şəhla Aslan: “Yazılarımda “Qəhrəman” yox, “Qəhrolanlar” var…”
16.02.15

BSU Yaradıcılıq fakültəsinin “SUAL YAĞIŞI” layihəsi duzlu-məzəli, həyat dolu, mistik, kədərli, bəzən də iynəli sualları ilə davam edir. Qonağımız Xalqın yazıçısı  (özünü belə adlandırır), Yaradıcılıq fakültəsinin II kurs tələbəsi, gənc yazar Şəhla Aslandır.

Nəzərinizə çatdıraq ki, sual yağışında islanan Xalqın yazıçısı sonda layihəmizin qaydalarına uyğun olaraq növbəti hədəfin adını çəkəcək və ən yaxşı sual sahibinin istədiyi kitabı ona hədiyyə edəcək.

-İlk sual Yetim Qacardan gəldi: Şəhla xanım, həyata daşımaq istədiyiniz yuxu və yuxuya daşımağ istədiyiniz həyat epizodu varmı?


 -O yuxular ki, mənə şirin görünür, ola bilsin ki, ziyanımadır. Yaxud tərsinə, mənə pis görünən yuxular bəlkə də xoşbəxtliyimə bir zəmindir. Xeyr vaqe olandadır. Odur ki, həyatımdakı xoşbəxtliyi Allahdan istəyirəm.

 -Şəhanə Sadıqovadan şəhanə sual: Şəhla Aslan özünün qudsal dönüşünü yaşayıbmı, yasayıbsa bu nə ilə əlaqədardır?


 -Mən hamını və o cümlədən də özümü qudsal dönüşə hazır olmağa səsləyirəm. Bu dönüş həyatda yalnız bir dəfə yox, hər an baş verə bilər.

 -Ramilə Qardaşxanqızı: Əzizi-dostlar, sizinlə birlikdə "SUAL YAĞIŞI"nda müsahibləri islatmaq xüsusi zövqdür. Şəhla, "Qudsal dönüş"ün mənası nədir?


 -Adından məlum olduğu kimi dönüşdür. Bütün peyğəmbərlər, övliyalar, dahilər, yaradıcı adamalar həmişə buna səslənmişlər. Mən də dönüşü kökə qayıtmaqda görürəm. Məhz bu dönüş qudsaldır.

 -Gültən Qədirli: “Qudsal dönüş” kitabına daxil olan hansı hekayədə baş verən hadisələrin real olmağını istəyərdiz?


 -Hamısını. Mən  yuxularımda və təsəvvürümdə gördüyüm bir çox şeyləri həyatda görmək istərdim. Lakin onu da bilirəm ki, bəzən mənə doğru görünən yol əslində səhv də ola bilər. Ona görə də, daim dua edəndə “İlahi, məni sənə xoş gələn arzularıma çatdır”.

 -Şəhla, Əfsanəylə son dəfə karaokedə qarşılaşsanız da, təsəvvür et ki, bu sual ondan sonra verilən sualdır. Afsana Aliyeva: Bir də nə zaman və harda qarşilaşacağıq?

 -Görüş təkcə fiziki baxımdan olmur ki. Zahiri görünüş yalnız formadır. Əsl görüş isə ürəklərin, qəlblərin beynin və hisslərin görüşüdür. Bu mənada qəlbimə yaxın olanlarla  tez-tez görüşürəm. Demək olar ki, heç ayrılmıram. Əlbəttə ki, fiziki mənada da görüşsəydik lap yaxşı olardı.

 -Dəniz xanım, Pənah bəylə birlikdə soruşur: Şəhla, təsəvvür elə ki,  qısa müddətli səyahətə çıxmısan, yanında hansı əsərləri götürərdin mütaliə üçün?
Əsər mütaliyədən başqa nə üçün yazılır? (gülümsəyin)


 -Qısa müddətli səyahətdə mən nə oxuya bilərəm ki?! Amma səfər qısa ya uzun olsun fərqi yoxdur istərdim ki, çoxlu kitablar oxumuş, səviyyəli, söhbətcil bir adamla yoldaş olum.

 -İnsanlara haqsızlıq etmirəm, hətta bu uzunluğda ad verəndə belə…

Tahire İnatcı Məmmədova Eyyubzadə soruşur: Şəhla xanım, Sizin üçün xoşbaxtlıq nədir? Hər yerdə xoşbəxt olmaq olarmı?

 -Çoxlarının düşündüyü kimi xoşbəxt, yaxud bədbəxt adam  terminlərini qəbul etmirəm. Birinə xoşbəxtlik kimi görünən məsələ başqası üçün bədbəxtlik kimi görünə bilər. Sadəcə həyatın ayrı-ayrı anlarında insan bəxdbəxt və ya xoşbəxt ola bilir. Uğurlu adam odur ki, bədbəxt anlarında sınmayır və növbəti xoşbəxt dövrlərini gözləyir…

 -Zamiq Mehdisoy da həmən sualdan sual yaradıb: Şəhla Aslan üçün yazıçı olmaq nə deməkdi?

 -Yazıçı olmaq adi hadisələrə qeyri-adi münasibət bəsləmək, həm də bu münasibətləri mətnə çevirə bilmək bacarığıdır. Mən inanıram ki, dünyada elə böyük yazıçılar vardır ki, onlar  düşüncələrini yaza bilmədiyi üçün  heç kəs onları  yazıçı hesab etmir.

 - Yetim Qacar da Zamiqin sualından sual düzəldib:  Şəhla Aslan üçün yazıçı olmaq hədəfdir, yoxsa hədəfə çatmaq üçün vasitə?


- Hər ikisi ola bilər. Lakin heç bir halda həmin adamı əsl yazıçı hesab etmək olmaz. Əsl yazıçı odur ki, hədəfə çatmaq üçün daim axtarışda ola, güya nə isə tapdığını düşünə, onu qələmə ala, sonradan başa düşə ki, bu hədəf deyilmiş, başqa bir şey tapa və həyatı bu cür davam edə.

- Tural Coşqun Şəhlanı coşdura biləcək sual verib: Şəhla Aslan, həyatınızın mənasını nədə və ya kimdə görürsünüz?


- Dünyada nə qədər adam varsa  o qədər də, hətta bir az da artıq məna vardır. Məsələn, belə qəribə mənalardan biri yadıma düşür: “Bir məşhur alim demişdir ki, mən həyatın mənasını riyaziyyatı öyrənmək və onu başqalarına öyrətmək imkanında görürəm.”   Mən də təxminən  buna bənzər bir şey deyirəm, öyrənməkdə və öyrədə bilməkdə.

-Yaradıcılıq fakültəsinin Ülkəri də sualsız qalmayıb: Yazar Şəhla Aslana görə birmənalı şəkildə xoşbəxt olmaq nə deməkdir və özünü xoşbəxt xanım hesab edirmi?


 -Bir mənalı şəkildə özünü xoşbəxt hesab  edənlər (həm də bədbəxt) ya əxlaqi, ya da əqli cəhətdən normal olmayan adamlardır. Bunlar hər ikisi  bütün insanlara  zaman-zaman qismət olur. Fərq yalnız onların necə yaşamağındadır. Mənim nəzərimcə, iki cür hadisə ola bilər; xoş hadisələr, xoş hadisələrə səbəb ola biləcək hadisələr. Mən çalışıram ki,  hər bir hadisədən növbəti xoş anlarım üçün dərs ala bilim.

 -Elvin Bəy Mustafabəyzadə elə dəqiq danışıb ki, adam lap inanmaq istəyir: Şəhla Aslan həyatının sonuna 23 saat yarım qalıb və sənin bundan xəbərin var. Həmin an nə ilə böyük bir iz (yadda qalan) qoya bilərsən, kəpənək ömründən də qısa həyatda?


 -Allah ona görə ucadır ki, heç vaxt bu baş vermir. Dünyanın nizamı da bundadır. Sənin dediklərini təsəvvür etsəm, yuxuda görürəm və real ağlım da tam işləyir, onda  hayqırıb bütün insanlara deyərdim ki, ey insanlar həmişə Allaha şükür edin ki,  nə vaxt əcəlinizin çatmasını bilmirsiz. Bu təkcə mənə bəlli oldu və 22 saat 59 dəqiqədir ki, seçim qarşısında qalmışam  bilmirəm hasına üstünlük verim... (gülür)

 -Safura Həsənzadə“Qudsal dönüş”ə  işarə: Şəhla Aslan üçün kimin dönüşü qudsal ola bilər?

 -Fiziki mənada Füzulinin, Tusinin, Şəms Təbrizinin və Mövlananın fikir qıtlığı  hökm sürən indiki zamana qudsal dönüşünü istərdim. Bunun real olmadığını bildiyimdən  arzumu ürəyimdə dəfn edirəm və daha real arzumu dilimə gətirirəm: Bildiyimə görə dünyada haqq ədalətin tam bərpası yalnız Mehdi (s.s.)-nin zühurundan sonra mümkün olacaqdır. Bax, bu dönüşü əsl qüdsal dönüş hesab edirəm.

-Ulduz Zeynalovanın sualı nədənsə xəbər verir: Şəhla Aslan, qazandıqların itirdiklərini əvəz edirmi?

-“Qurani- Kərim”də deyilir: “ İnsan daim ziyan içindədir” Mən də istisna deyiləm, uğura doğru getdiyimi zənn edirəm. Bu yalan dünyada  belə yalanlarla aldanıb yaşayırıq.

-Xanim Aydını təbrik etmək olar, orijinal sualdır: Şəhla Aslan, sənin özünün özünə verdiyin sualı vermək istəyirəm. Zəhmət olmasa, sualıma cavab ver.

-Mən özüm özümə verdiyim suala elə özlüyümdə də cavab verirəm. Başqalarında isə başqa suallar gözləyirəm.

-Çinarə  Ömray yox aaa, Markes deyir: Ədəbiyyat olmasa, dünyada heç nə dəyişməz. Markes bunu zarafat eləyir, yoxsa ciddi deyir?

-Mən tam şərikəm ki, ədəbiyyat olmasa da, əkinçi əkəcək, maldar mal saxlayacaq, ticarət və s. hər şey öz işində olacaq. Ancaq bunlarla məşğul olacaq və bu nemətlərdən istifadə edənlərin zövqü barədə  mənzərə aydındır.  Ədəbiyyat oxumayan və ədəbiyyatı yaradan adamlar kimi düşünməyən insanlarla  fərq elə madiyyat və mənəviyyat arasındakı fərq kimidir...

-Yetim Qacar yenə nəyisə darmadağın eləmək istəyir: Darmadağın olduğun oldumu? Oldusa, nə etdin? Tanri kimisə vasitə bildimi bu halında? Yoxsa, ancaq özünlə bölüşə bildin?

-Darmadağın olmaq strukturun dəyişilməsidir. Bərpa olunmaq ümidi var. Lakin insan övladı həyatı boyu dəfələrlə tam dəyişməyə məruz qalır, bundan sonra tamam başqa adama çevrilir (Ramiz Rövşən belə fikirlərin ustasıdır).  Mən öz dəyişilməmi  çox sevirəm. İndi bayaq kimi deyiləm, bir azdan indiki kimi olmayacağam. Yaxşı olardı ki, bu metamarfoza  kamilliyə aparsın. Əlbəttə ki, Bu Tanrının istəyi ilə olur.

-Zamik Mehdisoy cuşa gəlib: Şəhla Aslan, aslan kimi bir xanım olduğunu bilirəm. Aslan kimi yazıçı olduğunu da bilirəm. Bəs sənə rəqib olan başqa bir aslan varmı?

-Dünyada aslandan  yazıq varlıq yoxdur. Çünki hamı ona “bəxtəvər hamıdan güclüdür”deyə onu ağıldan çıxarıblar.  O da gücünə güvənərək ov ovlayır. Lakin bir dəstə çirkin kaftar ona hücum edib, ovunu əlindən alırlar. O isə təəccüblə dünyanın bu qəribə gərdişi barədə düşünür.  Məncə, orta bir mövqe tutmaq daha yaxşı olardı- məs.canavar. Daha çaqqal, tülkü və s. çox da aşağı getmək biabırçılıq olardı. Görürsüzmü, aslanın da aslan dərdi olur. (Amma özümü aslan hesab etmirəm, bu sadəcə babamın adıdır.)
 
-Məncə, Vəli Efenin sualına yox cavab ala bilməyəcək: Şəhla Aslan həyata nifrət edibmi? Edibsə, reaksiyasi necə olub?

-Bir an belə həyata nifrət etməmişəm. Çünki həyat “dirilik” deməkdir. Buna nifrət edirsənsə gərək  özünü öldürəsən. Amma həyat boyu xoş və pis anlar olur. Sadəcə onları yaşamağı bacarmaq lazımdır. Lap dərinə getsək, heç ümumiyyətlə, pis  anlar olmur; xoş və faydalı anlar olur. Bunun izahı isə çox qəliz olduğundan saxlayaq başqa vaxta…

-Mübariz Örən müsahibimizin çox da uzaq olmayan keçmişində ayağıyla “əzdiyi” inamarkaya işarə edib: Məlumdur ki, ayaq yazıçının əsas silahlarından biridir. Taleyin ironik zarafatı - əsas ayaqlarından birinin müvəqqəti sıradan çıxması, - yaradıcılığına necə təsir etdi?

-Doğrudur, yazıçı çox gəzib, görməli sonra isə bunları vərəqlərə köçürməlidir. Tək ayaqla isə gəzə biləcəkləri yerin yalnız yarısını gəzə bilər. Bu isə onun əsərlərinin koloritini yarıbayarı azaldır. Mübariz bəy, çalışdım tək ayaqlı olduğum müddətdə heç nə yazmayım. Bu da yaradıcılığımı sükünətdə saxladı. (gülür…)

- Gülnarə İsrafilqızı “SUAL YAĞIŞI”na rəng qatmaq istəyib: Şəhla Aslan üçün həyatın çalarları nələrdir? Ömründə onlardan hansını yaşadı? Yaşadıqları onu qane edirmi, edirsə nə üçün, etmirsə nə üçün?

- Bu barədə çox düşünmüşəm, sizinlə də bölüşürəm. Mən elə anadan olandan bəri yaşamıram ki! Ondan əvvəl sonsuz bir zamanda ruhum mövcüd idi, öləndən sonra da yenə sonsuz bir zaman yaşayacağam. Həyatım boyu isə cismim yaşayır. Hesab edirəm ki, həyat özü bir çalardır. Doğulmamışdan əvvəlki ağ və öləndən sonrakı qara rənglər arasındakı bütün mümkün rəng çalarlarıdır. Burada aclıq, toxluq, sevinc, kədər, xoşbəxtlik, bədbəxtlik… Nə qədər desən çalar var.  Yaşadıqlarım isə məni tam qane edir. Çünki başıma gələn hər nəyi özüm yaradıram. Pisdirsə, öz əməlimin, yaxşıdırsa da öz əməlimin və fikirlərimin nəticəsidir. Pislər faydalıdır, dərs alıram. Yaxşılar isə xeyrlidir, davam edirəm.

-Günay Həsənli Şəhlanı qələmlə sancır haaa: Yazar olmaq Səhla üçün xoşbəxtlikmi, bədbəxtlikmi?


-Mənim üçün  yazar olmaq heç nəyi dəyişmir. O şeyləri ki, görürəm, eşidirəm, düşünürəm onları qələmə aldım, ya almadım nəyi dəyişir ki?  Qaldı ki, xoşbəxt və ya bədbəxtliyə, onu deyə bilərəm ki peşənin və yaxud məşğuliyyətin hünəri çatmaz insanın taleyinə belə güclü təsir etsin. Bunlar bir anın nəticəsində baş verir. Həm də ki,özünü bədbəxt hesab edənlər tam yanlışlıqda qalanlardır…

-Məmmədli Nizami uğur qazanmağın yollarını arayır: Şəhla Aslan uğurlar əldə etmək üçün uğursuzluğu yaşayaraq eldə etmək effektlidir ya birbaşa uğur qazanmaq lazımdır?

-Əlbəttə ki, insan səhvlərin öyrənə-öyrənə kamilləşir. Elə uşaq da yıxıla-yıxıla yeriməyi öyrənir. Qaldı ki, uğur barədə.  Kim deyə bilər ki, mənim bu yolum uğura aparacaq?!  Ola bilər ki, mən ciddi cəhdlə  uğursuzluğa can atıram. Amma bir şey aydındır ki, hamı  öz sonuna doğru qəti şəkildə, səhvsiz və inamla irəliləyir vəssalam.

-Cavanşir müəllim soruşur: Şəhla Aslan,yazdıqlarınızla real həyatda baş verən hadisələrin fərqini gördüyünüz zaman hansı hissləri keçirirsiniz? Peşiman olmursuz?

-Bir zamanlar utopik sosializm deyilən cərayanın nümayəndələri, romantist yazıçılar da  xəyallarında arzu etdikləri qəhrəmanları ədəbi əsərlərdə təsvir etmişlər. Lakin bu cərayanlar özünü doğrultmadı. Realizm ən doğru yoldur. Əsl yazıçı elə gördüklərini də yazmalıdır. Gördüklərinin içərisində yaxşı bildiklərini təbliğ, xoşuna gəlməyənləri tənqid etməlidir, ya da hər şeyi oxucunun öhtəsinə buraxmalıdır. Adi insanlardan fərqi isə odur ki, onun yanaşması, hissləri qəbul etməsi və təsvir etməsi ayrı cürdür. Mən isə özümü  hələ bu bacarığa yiyələnmiş hesab etmirəm.

-Sərvər Kamranlı dedi ki, sualıma yaxşı cavab verməsə, bir də onun şəkillərini çəkməyəcəm: Şəhla xanım, sizin yazdığınız çoxdur, yoxsa yaza bilmədikləriniz? Əgər yaza bilmədiklərinizi yaza bilmək mümkün olsaydı, o əsərin adını nə qoyardınız?


Adam özünə dəyərli əşyaları evin ən gizli yerlərində gizlədir ki, tapan olmasın. Elə bəzi hisslər, düşüncələr də bu cürdür. onları ürəyinin ən dərin yerində saxlayırsan, bölüşmürsən. Mənim yazdıqlarım yazmaq istədiklərimin çox az hissəsidir. Yazmadıqlarım düşüncə olaraq onlar çox güclüdür, yazıya köçürsəm yəqin ki, təsirini azaltmış olacam.  Yazmaq istəmədiklərimi qələmə alsaydım, yəqin ki, adını “Etiraf” qoyardım...(gülür).

 - Nuru Abdullayev özü də bilmədən “YUMRUQ” məsələsinə toxunub:  Sözündən çıxa bilmədiyin adam bu sənətdən uzaqlaş, desəydi…?


 - Beynimdə yazıb, beynimdəki nəşriyyatda çap edərək, beynimdəki kitabxanamın rəflərinə düzər və 24 saat fasiləsiz və səssiz oxuyardım (gülür). Ciddi desək, mən o adamın sözündən çıxa bilmərəm ki, o mənə yaxşı şeyləri qadağan etməz. Məsələn yaxşıların yaxşısı olan yazmağı…

-Şəfa Piriyeva: - Hörmətli Şəhla xanım, indiki uğurlaınıza görə kimə borclusunuz?
 Keçmiş və gələcək zaman yox aaa, məhz indiki…


-Elə bir ciddi uğurumun olmasını hesab etmirəm. Amma bu günümə görə hamıya, hamıya borcluyam. Yaxşılara ona görə ki, yaxşıdırlar, nümunə götürmüşəm. Yaxşı hesab olunmayanlara isə ona görə ki, onlar daha çox təsir göstərə bilmişlər, daha faydalıdırlar. Bu rəngarəng dünyaya hərə öz çalarını bəxş edir. Məgər onlara borclu olmamaq olarmı? Qaldı ki, əsl borclar yəni, Allaha, valideynlərə, müəllimlərə, banklara, dükanlara və s. bunlara daim borclu olacağam deyəsən.

-Elşad Can Şamil “SUAL YAĞIŞI”nın sənə ünvanlanan suallara son nöqtəni qoyub: Şəhla, yazılarındakı qəhrəmanlar sənə oxşayır ya sən olmaq istədiyini qəhrəmanlarda cəmləmisən?

-Heç biri deyil. Mənim qəhrəmanlarım çox aciz, cəmiyyət tərəfindən sıxışdırılan, əzilən və əzab çəkən adamlardır. Sadəcə mən onlara cəmiyyətin əsl qiymətini verməsini arzulardım. Ümumiyyətlə mənim yazılarımda “Qəhrəman” yox, “Qəhrolanlar” var. Qəhrəman termini sovet dövrünün uydurma ədəbi obrazıdır. Hadisələrin fonunda ortaya çıxır, ağına, bozuna baxmadan hamını “qəhr” edir, və sonda içtimai ədalət bərpa olunurdu. Başqa nə ola bilərdi ki? Axı  tezliklə komnizmin qələbəsi vəd olunmuşdu. Mən isə bilirəm ki, getdikcə Qiyamətə doğru  yaxınlaşırıq  və bu “qəhrolanlar” çoxalacaq. Və nə qədər yazı yazaçağamsa, elə bunlardan yazacağam…

-Ramilə Qardaşxanqızı: Ən yaxşı sual sahibi və  növbəti hədəf?

-Layihənin şərtlərinə uğyun olaraq təəssüf ki, bir nəfər seçməliyəm. Belə ki, ən yaxşı sual sahibi  Gülnarə İsrafilqızı (həqiqətən digər suallar da maraqlı idi, xüsusən Mübariz Örənin,Çinarə Ömray və Elşad Can Şamilin sualları), “sual yağışı”ında mənə sual verən hər kəsin islanmasını istəyirəm, xüsusən Sərvər Kamranlının.
 
 
Yarı zarafat, yarı ciddi: Ramilə QARDAŞXANQIZI

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.