Mehman Qaraxanoğlu - Alma almaya bənzəmir...

24.02.15

ÖZ ELBRUSUNU FƏTH EDƏN YAZIÇI VƏ YA MÜBARİZ ÖRƏNİN “QAR TANRISI” HEKAYƏSİ HAQDA QEYDLƏR...

Mübariz Örən dahi fransız impressionist rəssamı, fovizm (fransızca: fauva-vəhşi rəng anlamında) cərəyanının yaradıcısı Anri Matissi (1869-1954), yəqin ki, tanımamış olmaz. O Matiss ki, onun əksər rəsmlərində lümlüt qadın bədənlərinin bəmbəyazlığı fonunda mifoloji alma obrazları vardır. Burada “fon” sözü yerinə düşmür! Əslində, alma qadın bədəninin bir atributu, “aksesuarı” kimi çıxış edir. Alma olmayan rəsmlərdə belə qadın plastikası – tutaq ki, beş çılpaq qadının əl-ələ verib rəqs edərkən cızdıqları xəyali dairə “kosmos”dan baxanda almanı xatırladır.  O Matiss ki, qadının fiziksəl bədəninin “təmas xətti”ni də alma ilə şifrələyir. Bu, ona bənzəyir ki, “yalançı” ağlayışımız-la gəldiyimiz Yol-a (Olum-a!) bir nişangah da qoyuruq ki, qayıdanda (Ölüm-ə!)  azmayaq!

Yexiyanı da Yol-dan eyləyən alma olur. “Çadırın ortasındaca quruyub qalmışdı Yesara! Ağ-yaşıl paltarında yarıyacan açıq şux, təzə-tər məmələri sinəsinə tökülmüş qızılı saçlar arasından şamama tağdan boylanan kimi boylanırdı”. Şamama alma deyil, bilirəm. Amma nəzərə alın ki, şamama tağdan, alma isə ağacdan dərilir. Bellərini dikəldən Adəmlə Həvva dik, şaquli yerişə keçidlə, həm də bir-birilərindən “asılmağı” öyrəndilər…  

İndi isə hekayənin ilk  cümləsini Sizə xatırladıram: “Könlünə alma düşdü, düşdü nədi, lap yeriklədi almaya...”

Bu cümləni yadda saxlayın! Çünki ona təkrar-təkrar qayıdarıq...   

Epiqraflar “təhlükəlidir!”

Kamal Abdullanın cümlələrindən özünüzü “qoruyun!”. Çünki bu Cümlələr modern fikir + antimodern fikir strukturu üzərində qurulub. “Biri varmış, biri yoxmuş”un mifoloji konsepsiyası üzərində! Əgər Kamal Abdulla deyirsə, “Göylərdə sizin üçün maraqlı heç nə Yox-dur...” – “inanmayın!” Bəs “Var-dır!” harada qaldı? Bilməmiş deyilsiniz, “cümlə” təyini əvəzlikdir – cümlə-cahanı, külli-kainatı özündə ehtiva edir. Və kainat da Yox-la-Var-ın arasında fırlanır. “Yox-dan Var olan söz kimi” (Füzuli) Mübariz Örən epiqraf kimi verdiyi cümlənin ruhunu gözəl tutub. Onun qəhrəmanı Göylərə can atır. Bu hekayədə yazıçı özü-özünü aşıb geniş ədəbi fəzaya daxil olub, “Kölgə”də olduğu kimi, kölgəsindən imtina eyləyərək “Cadugər”ə çevrilib. Sənətkar çevrilməsə, Ol-mur! İlan da çevrilməsə, zəhərini yeridə bilmir... (F.Kafka “Çevrilmə”)

Amma Mübarizin qəhrəmanı “alma” səddini keçməlidir. Almaya – Həvvaya “yerikləyən” heç bir Adəm uğur qazana bilməz!! Mübariz, daha doğrusu, mətn generalın arvadını qaçıran dağlı balasına bəraət qazandırmır. Əgər belə olsaydı, onun qəhrəmanı qoca yaşında yarıda buraxdığı Yol-u yenidən getməzdi...

Unutmayın: Qadın Yol-dan eyləyir!!!

 
Yuxulardan “çıxmayın!”

Yuxuda asanlıqla alma qara çevrilə bilir...

Kimin ki, həyatında bu baş verir, o, xoşbəxtdir! Bu an uğur anıdır!

“Sənə alma gətirə bilmədim, Yexiya, – elə bil səsi də kallaşdı. – Əvəzində Qar gətirdim. Daha sənə ölüm yoxdu!..” Arvadı Yesara Dionisovnanın səsidir. Qadın qeyb aləminə yollansa da, yenə də ayrı-ayrı şəkillər və biçimlərdə Yexiyanın gerçək dünyasına “baş çəkir”. Bu, haman Yesaradırmı?! “Bütün bədənini örtən sıx, dümağ tüklərinin altında qadın əmcəkləri açıq-aydın sezilirmiş”.

Şux almaların və ya şamamaların büzüşdüyü məqam...

Məmələrin əmcəklərə çevrildiyi an...

Dəhşətdir!!!

Qədim yunan mifoloji mətnlərində Şimal küləyi Akvilonun qızı Xion qar və buz ilahəsidir. Ağa “böyüklük” eləmək rahat deyildir! Bunun üçün sən özün də ağdan da gərək ağ olasan! Xion bunu bacarır! Yesara da “pis deyil!” Bircə fərqlə: Öləndən sonra!

İnsan öz işini tamamlamalıdır; ya bu dünyada, ya da o biri dünyada, fərqi yoxdur. Yesara bizim dünyamızda olarkən general rütbəli əri və on iki yaşlı qızını tərk edərək çoban Yexiya ilə qaçır. Və haradasa insani anlamda, burdakı günahı da özüylə ora dartıb aparır. Yazıçı “günah” anlamına da başqa aspektdən yanaşır. Gözəlliyin “üstündə” olarkən etdiyin günahın “muzdu”nu gözəlliyini itirib əcaib məxluqa çevriləndən sonra da ödəməli olacaqsan. Həm də mifə dönüşün əzabını yaşayacaqsan!

Mübariz Örən bu dünyalar arasına Dildən elə bir semantik körpü atır ki, obrazlar o tərəfdən bu tərəfə, bu tərəfdən də o tərəfə çox rahat adlaya bilirlər.  Yazıçı Yesaranın səsini su şırnağına bənzədir. Bu hekayədə dil də eyzən su şırnağı kimi bütün mətni şuxluqla “isladır”. Mətn, sanki, islana-islana ağırlığını-uğurluğunu atır, yüngülləşir, ağzı köpüklənən dağ çayına dönərək “uçur”. “Səhər Emanuel dəstəni yığıb sağollaşanda, nəsə şübhələnibmiş kimi, Yexiyanın önündə ayaq saxladı, helləşməyə hazır qoç kimi alnını irəli verib durdu”

Hekayə zahirən ayrı-ayrı mətn konstruksiyalarından hörülmüş kimi görünsə də, bu parçaların bitişdiyi yerlər dil vasitəsi ilə elə “götürülür” ki, heç bir “zədə” yeri qalmır. İkinci tərəfdən, ilk baxışda bir-birindən aralı düşmüş metoforik nəsnələr – alma, yuxu, Yexiyanın qulağına gələn səs, gözünə görünən teyf əsər boyu hərəkətdə olduğundan və öz yerlərini tez-tez dəyişdiyindən bütövlük effekti yaradır. Bu, hekayə üçün çox vacib məsələdir. Mübariz bunun öhdəsindən çox məharətlə gəlir.

Yexiya Sattayev – səksən altı yaşlı bu qoca da sanki yuxuda hərəkət edir. Yuxu ilə oyaqlığın arasında əslində heç bir məsafənin olmamasını görürük. Yuxunun özü də bir almadır – onun oyaq və yatmış üzü vardır...

“O zirvə sənindi, Yexiya!”

Bunu yuxuda Yesara deyir.

Yuxudan çıxma, Qoca!

Bunu da biz deyirik...

 
Hər kəs öz Elbrusunu fəth etməlidir!

Daxili dinamiklik və dramatizm hekayəni əvvəldən sonacan “ayaqda” saxlayır. Sanki, oxucu da ekspedisiya ilə birgə Elbrusa qalxır. Əslində, Yexiyanın zirvəyə ikinci qalxışı heç kəsə gərək deyildir. Özündən başqa! Lakin zirvə fəth olunandan sonra içərisində bir boşluğun yarandığını hiss edən qəhrəman  “Tək hara gedirdi, özü də bilmirdi...”

Fəth olunan zirvə artıq zirvə deyildir!

Yexiya arzusuna çatır. Bəs sonra?! İnsan iradəsi və əzmini müxtəlif yönlərdən təcəssüm etdirən Yexiyanın həyat tarixçəsi oxucunu amansız sorularla üz-üzə qoyur:

Hara gedirik?

İnsan ayağı dəyməyən yer varmı?

Günahlarımızın “qara daşlara çöküb üstünü qar basana qədər” gözləyəkmi?

“Daha sənə ölüm yoxdu!” – çağırışı “şux məməli Yesara”nın “əprimiş, sallaq əmcəkli” Yesaraya çevrildiyi anda və ya əks qütbdən səslənirsə, o zaman bunun bir dəyəri varmı?

Ağacda yetişən alma qadını simvolizə edir. O zaman bu, qadının kişidən iki-üç baş yuxarı olduğu anlamına gəlmirmi?

Yesaraya – almaya yerikləyən Yexiyanın aqibəti niyə də ağ-qara olmasın?

Qadın istənilən anda qar tanrısına çevrilib səni zirvədə dondura bilər, Yexiya!!!

Tək hara gedirsən, Yexiya?!

“Mənim yalnızlığım insanlarla doludur” (F.Kafka)
/kult.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.