Zahid Sarıtorpaq - Bir də gəlsən gedərsənmi...
27.02.15
Artpress.az şair Zahid Sarıtorpağın şeirlərini təqdim edir.
***
qeybdən sapsarı bir heyva uzadarlar ona qorxudan açmaz əlini “yuxudu...” deyər bir gül uzadarlar – almaz “sevdadayam...” deyər duasını oxuyub gedər yolunu ay doğmuş bir gecəyə girər yarı gül yarı heyva qoxuyar gecə “yuxudu...” deyər “sevdadayam” deyər yumar gözünü sirr dolu bir yuxuya girər mənasını bilmədiyi dua kimi şirin bir qaranlıq aparar onu sonda bir gül, bir heyva, bir cəllad kötüyü durduğunu görər “seç...” deyər bir səs yumar gözünü təzədən: “sevdadayam...” deyər “seç... seç...” deyər bir səs heç nə olmayıbmış kimi endirər başını cəllad kötüyünə: “sevdadayam” deyər eləcə gözləyər, gözləyər aradan nə qədər vaxt ötdüyünü bilməz “aç daha gözünü...” deyərlər “sevdadayam...” deyər “aç... aç... - deyərlər – gözünü...” açmaz gözünü qorxudan “sevdadayam...” deyər aradan nə qədər vaxt ötdüyünü bilməz kəpənək kimi bir öpüş qonar üzünə açar gözünü bəlalı başını cəllad kötüyünün yox butasının dizləri üstündə görər sapsarı bir heyva uzadarlar ona – “odur...” deyər sirr dolu bir gül uzadarlar ona – “ah... odur...” deyər “götür...” deyərlər – götürər “yum gözlərini...” deyərlər – yumar “sevdadasan...” deyərlər “sevdadayam...” deyər
***
suyun üzündə böyrü üstə üzən ölü balıqlar kimi axarın umuduna olmağın da öz gözəlliyi var amma bu gözəlliyi duymaqdan ötrü gərək ölü olduğunu unudasan axı olurmu görən gora pəncərə düzəltmək keçir ağlından vergili aşiqin illər uzunu qolunun zəncirini açan yoxdu dilinin qıfılını qapı da düzəldərdi yoxsa baca da qoyardı olurmu ölmədən yolçuluq uzun çəkəndə qoynunda bəslədiyin bir qızıl alma kimi solub bürüşəndə istəklər divardakı yaşmaqlı şəklə doyunca baxmağa gücün çatmayanda dua öncəsi səsini içinin boşluqlarında havalandırmağın gəlir: toxun mənə gözlərimin gördüyü kimi toxun mənə Tanrının “o sənin deyil...” deyə verdiyi kimi toxun mənə cənazəmin örtüyü kimi olurmu bilmədən
*** yarpaqlar qar düşənə qalmadı yenə «sən nə düşünürsən?..» deyə qosqoca dünyaya toxunur payız bilgimiz nə qədərsə bir o qədər çaşqınıq olümün şəcərəsini budaq-budaq oxumağa üryanlara çırpılır könül birəm qar gəldiyində amma həmişə elə bilirik yaza yarpaqlara tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o əslində bildiyimiz heç nədi görünür hərədə bir cürdü ürəyin ölçü vahidi: birində sevgi birində ayrılıq birində sevinc birində üzüntüylə ölçülür yaşam
hərdən elə fikirləşirsən yaşı min illərlə ölçülən bir küp qəbrin miniatür əksidir daşıdığın ürək – nə qədər mataha minib matahdan düşsə də Can Türbəsində içində ölənlərin öldürülənlərin məsum kəmikləri sızlasa da artıq öz işini görmüş və susmuş zamansızlıqda qiyamda duaların səcdədəkindən daha uzun sürməsi aşiqə Rəbbin lütfüdü sözsüz birəm qar gəldiyində ruhun qiyamı yarpaq tökümündən sonrakı ağaclara ayaqda durmağın önəmini bildirir
bizdən ayrılan hər anın payız siluetinin üzü necə var köçürülürsə dəftərimizə səhifəmizin birini ötürüb o birini varaqlamaz O alayarımçıq oxumaz bizi bizdən fərqli «sən nə düşünürsən?..» deyə toxunur bizə qosqoca dünya yarpaqlar qar düşənə qalmadı yenə
***
bir uçuşun sonunda bir qu yorğunluğuyla süzərək keçərək sınırlarını vaxtın sevginin yalqız enərək qoynuna pünhan göycə suların kimsəni çağırmadan göyçək bir ölümlə ölərək səssiz sözsüz oxunan son türkünün bəstəsinə Can Evinin soyuq divarlarında ilk misranın rəsmini beləcə cızmaq olar: – yorğun qanadına qurban suları tərpədərsənmi... ana qarğışı tutmaz körpəsini çünki arada süd var deyirlər sevgidən ayrılıqdan həsrətdən doğulanlar da qarğışa gəlməz deyirlər heç vaxt – arada ölüm durur çünki ölümün ana südü mislində halallığı durur bir də Can Evinin soyuq divarlarında səssiz sözsüz oxunan son türküyə cızılmış sonuncu misranın rəsmi durur: – çoxmu gözəldi oralar bir də gəlsən gedərsənmi...
***
lampa söndü göz yumuldu səs kəsildi sonuncu söz qaranlıqda laxtalandı bitirdim dualarımı artıq canım yüngül - qu tükü kimi yəni ölümün ola bilərmi bu girəvə sağımdan küləklər əsməliydi axı baqidən bəs nə oldu
bu girəvə ölümün ola bilərmi yəni həmdin üstündən gül ləçəkləri sovrulmalıydı ölümün üzünə utandırmalıydı onu nəfəsimi çəkən nəfsinə görə nə oldu bəs yəni bu girəvə ölümün ola bilərmi bəlkə də ölümlərin ən şanlısı və ən şanslısı olmalıydı mənim ölümüm gözünü yumaraq gəlməliydi üstümə suçlu-suçlu ən azı «neyləyək, belədir…» demək istədiyi bilinməliydi gəlişindən və sağımdan küləklər əsməliydi baqidən yəni bu girəvəni gözləyən doğrudanmı odur odursa nə oldu bəs lampa söndü axı
***
can tutulub cuna kimi yoxluğun qırıq aynasına aynadan o yana tərpənən titrəyən şeir yox adi səsdi amma söz deyil sultanlığına kor olmuş könül qul kimi əl-ayağındadı qırıq-qırıq gələn o səsin dua deyil yox holavar deyil yox “hu...” deyil
əvvəl çıraq fırlanır – amma kor çıraq işıqsız sonra çırağa uzanan əl qanadlanır – amma havasız sonra havasız çalınan davullar dinir – amma dilsiz ən axırda dil vur-tut bircə kəlmə su deyir kor çırağa işıq gəlir qanadlanan ələ hava gəlir dinən davullara – səs amma yoxluğun qırıq aynasındakı cuna dilin su deməsini gözləmir dil su deyənəcən özü titrəyir Ona sarı
sabahacan yağış yağır...
***
börü tanımadı nəşimi bu köhnə cübbədən, bu quşburun çarıqdan alaca buludlu bu gözlərdən tanımalıydı tanımadı ancaq bu qızılı yaradan, bu qurumuş qara qandan əlimdən düşmüş bir əlcə əppəkdən əppəkdəki acizanə diş yerindən tanımalıydı tanımalıydı börü
izinə baxdım iz onun deyil imsinmək onunku deyil gördüm börü cildində iblis olurmu görən üzümü yalayan nəfəs onun deyil axı onun deyil gördüm
iştahından bildim o börü deyil dişləri altında sümüklərimin xırçıltısından bildim nəfsindən anladım aldanmağımı ağzının suyundan dodaqlarının marçıltısından bildim ulamaq yerinə mırıltısından duydum
üstümə tökülən göyün qurd düşmüş qaranlığından yanıq qoxulu üzgün rənglərin bir-birinə dolaşmağından bildim yanıldığımı
hər nəsənsə dedim halal etmirəm sənə haram xoşun olsun bu gəliş-gediş cəsədimi hallara buraxıb getdin, börü, hallara məni hallar sürüyür indi nəşəli-nəşəli sənsə öz adını qoru görək nə olacaq adını sürü Çöllərə... börü... qaç, bəlkə qurtuldun, ayrı zamandı, qaç, amandı, qaç... yürü... qəbrimiz üstə ulamağa bir səs olsun barı börü... börü...
yoxsa ki içiylə sürünhasürün qurtarmaq bilmir bu qaranlıq boru amma unutma bir “huu-u-u!” eşidincə yenə dön bəri... bəri... börü...
Aşdıq dağın o üzünə
aşdıq dağın o üzünə gedirik üstən aşağı elə bil ki bu yol bizi aparır qəsdən aşağı boş-boşuna sürünür yol haqqa sarı ərinir yol gözümüzə dirənir yol yol yoxmu gözdən aşağı dil nə deyirsə asidi susmaq ölüm həvəsidi səbir sevgidə qazidi şikəstdi dizdən aşağı
ömür sevgiylə yarıdı sevgi haqqın buxarıdı hamı bizdən yuxarıdı kimsə yox bizdən aşağı Söz öndədi biz geriyik biz tək Onun əsgəriyik hər cürə Səsdən diriyik ölüyük Sözdən aşağı /"Aydın yol" qəzeti/
|