Qan Turalı: “O, azadlığın peyğəmbəridir”
02.03.15

“Əzablar, ağrılar və yanlışlar Jan Polu Sartra çevirdi”

Nobel mükafatından imtina edən yazıçı kimdir? Əslində, bu sualın qoyuluşu düz deyil. Çünki Lev Tolstoy, Bernard Şou, Boris Pasternak, Aleksandr Soljenitsın, Elfrid Elineki də İsveç Akademiyasına müraciət ünvanlayaraq ödülü almayıblar. Ancaq Jan Pol Sartrın addımı daha böyük ajiotaj yaradıb. Bu üzdən də “Nobeldən imtina” kəlməsini eşidəndə gözlər önünə birinci fransız dramaturqu gəlir. Sartrın fikrincə, fəxri ad qələm sahibinin müstəqilliyini şübhə altına alır, oxuculara nüfuzu ilə təzyiq göstərir və yazıçının dünyagörüşünü mükafat verən qurumla bağlayır.

Sartr təkcə yazıçı və dramturq deyil, o həmçinin ictimai xadim, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın ən görkəmli nümayəndələrindəndir. Həyatı absurd sayan, ancaq bununla yanaşı inqilab tərəfdarı olan Jan Polun “Asılmamış portret”də rəsmini çizməyi Qan Turalıya həvalə etdik. Onunla söhbətimiz “APA Holdinq”in Azərbaycan yazıçısının oxucularının rahatlıqla sığa biləcəyi konfrans zalında baş tutdu.
“Fırça”nı təqdim etdik və...


- Qan Turalı, öncə Sartrın portretini çəkin...

- Sartr 20-ci əsrin ən nəhəng simasıdır. Qətiyyən mübaliğə etmirəm. Əlbəttə, bu dövrdə Sartdan böyük yazıçılar, dərin filosoflar, nəhəng siyasətçilər olub. Ancaq onun böyüklüyü bu üç dəyəri birləşdirərərək vahid bir amala çevirməkdədir. Bir neçə il əvvəl yazmışdım ki, Qobustan həbsxanasında cəza çəkən adamlar həyatlarını Sartra borcludurlar. Azərbaycanda ölüm hökmü vardı. Heydər Əliyev bunu ləğv etdi. Məhkəmə də ölüm cəzasını ömürlük həbslə əvəzlədi. Bu, Sartrın 60-cı illərin əvvəlində başladığı hərəkatın nəticəsidi idi. O, deyirdi ki, yaşamaq insanın ən ali hüququdur. Bu üzdən Sartr böyükdür. Adını belə eşitməyənlər onun ideyalarını öz həyatlarında hiss ediblər.  Sartr bəşəriyyətin vicdanıdır. Düzdür, o, Çe Gevaranı Yer kürəsinin vicdanı sayırdı. Ancaq Sartr Çedən dəfələrlə ucada dayanır.


- Əgər rəssam olsaydınız, onun həyatından nələri silərdiniz?

- Sartrla bağlı olan hər şey maraqlıdır. Həyat yoldaşı Simona Amerika şairi Nelson Alqrenə vurulmuşdu. Ona yazdığı məktublar kitab kimi çap edilib. Bundan başqa, Sartr qeyd-şərtsiz SSRİ-ni müdafiə edirdi. Bu cür xoşagəlməz başqa məqamlar da var. Ancaq heç birinin çıxarılmasının tərəfdarı deyiləm. Çünki bunlar mənim beynimdə vahid Sartr obrazının ayrı-ayrı ştrixləridir. Və bu əzablar, ağrılar və yanlışlar Jan Polu Sartra çevirdi.


- Sartr deyir ki, azad olmaq özün kimi olmaq deməkdir. Bəs, Qan Turalı necə düşünür?


- Əgər onun fəlsəfəsini bir sözlə ifadə etmək mümkün olarsa, bu təyinedici kəlmə “Azadlıq”dır. Çünki onun üçün ən birinci fundemental məsələdir. İnsan həqiqi mənada necə azad ola bilər? Sartr ən çılpaq, ən yalın formada insan azadlığını düşünür. O iki insan tipi çizir. Biri dəyərlə yaşayanlar, o biri dəyəri yaradanlar. Dəyərlə yaşayanlar mövcud olan idealları reallaşdırmaq istəyənlərdi. Sartr onları azad insan kimi görmür. Azad insan həyatda heç bir dəyərinin olmadığını dərk edəndi. Sartr bu mənada deyir ki, biz dünyaya atılmışıq, heç bir dirəyimiz yoxdur. Əslində insan çox məzlum bir varlıqdır. Küçəyə atılan uşaqlar kimi...


- Bir tərəfdən insan azadlığından danışırdı, o biri yandan da SSRİ-ni, adamları repressiya maşınından keçirən bir sistemi müdafiə edirdi...


- O dövrdə informasiya çox az idi. SSRİ qapalı ölkəydi, məlumat sızmırdı. İkincisi, Sartr da sol ideyanın daşıyıcısı idi. Bundan başqa o, İkinci Dünya müharibəsini, Mussolonini, Hitleri görüb. Bu da faktdır ki, Avopanı faşizmdən SSRİ xilas etdi. Sartrı tənqid etmək olar, öncə gərək həmin dövrün şərtləriylə tanış olasan, “niyə belə etdi?”, yaxud “nədən belə düşünürdü?” suallarına cavab tapasan.


- O, yazıçının instituta çevrilməsinə də qarşı idi...

- Bu fikir də birbaşa azadlıq ideyası ilə bağlıdır. Selincer nəşriyyat qarşısında tələb qoyurdu ki, onun əsərinin tirajı, müəllif barəsində heç nə yazılmasın. Sartr da bunun tərəfdarı idi. Deyirdi ki, oxucuları yükləmək, onların beynindən özgə təəssürat yaratmaq olmaz. Yəni, kiminsə kitabı Nobel mükafatı aldığına görə satılmamalıdır, bunun üzərində reklam qurulmamalıdır. Sartrın “Nə üçün mən Nobel mükafatından imtina etdim” məqaləsində maraqlı və həm də dramatik olan bir yer var. Yazır ki, “bu mükafat Əlcəzairdəki müharibə zamanı mən və başqaları “121 manifestini” imzalayan vaxtda təklif olunsaydı, böyük minnətdarlıqla qəbul edərdim”.


- Ancaq elə həmin məqalədə Nobel mükafatının siyasi məsələlərə görə verilməsinin də əleyhinə olduğunu yazır...

- Burada qəribə bir rakurs yaranır. Sartr da, Kamyu da fransızdır. Kamyu Əlcəzairdə doğulsa da, anadan olduğu torpaq uğrunda heç bir mübarizə aparmırdı. Bu iki yazıçı arasında bir fərq var və bu Sartrı anlamaq üçün son dərəcə böyük bir ipucudur. Son məqsəd etibarıyla həyatın absurd, mənasız olduğuna inanırdılar. Ancaq Sartr bundan bir məna yaratmaq iddiasında olub. O, inqilab tərəfdarı idi. Kamyu isə bunu fərdi amilə gətirir, “insan madam ki, öləcək...” fikrini aşılayır.


- Sartr Nobeli qəbul etməyəndən sonra rus şairi Andrey Voznesenski onunla görüşəndə “bu mükafatdan ona görə imtina etmisiniz ki, Kamyu sizdən əvvəl alıb”, - deyib.

- Təkcə Sartr deyil, sol intelligensiyasının SSRİ-yə münasibəti çox isti idi. Andre Jid də Sovetləri tərənnüm edirdi. Voznesenski Sovet dissidenti olduğu üçün bununla razılaşmırdı. Sartrı şəxsiyyətiylə, yaradıcılığıyla tanış olanda görürsən ki, bu imtina qısqanclıqdan irəli gələ bilməz. Əksinə, o dövrdə Kamyudan daha çox tanınmış idi, daha ciddi qəbul olunurdu.
Bir haşiyəyə çıxım. Paris tələbələrinin 1968-ci ildəki nümayişi zamanı iştirakçıların çoxu ilə birlikdə Sartr da polisə müqavimət bəhanəsi ilə saxlanılır. Fransanın o zamankı prezidenti Şarl de Qoll məsələdən xəbər tutan kimi işə qarışır, yazıçıdan üzr istəyir, polis rəhbərliyinə isə “Fransa Volterləri həbs etmir!” - deyir. Yəni, belə bir imtiyaz Sartra verilmişdi. Hamı bilirdi ki, bu onun işidir. Çıxışlarını, yazılarını oxuyanda həqiqətə necə inandığını şahidi olursan. Bu mənada Voznesenskinin dediklərini cığal hesab edirəm. Unutmayaq ki, Sartr mükafatdan imtina etsə də, İsveç Akademiyası hər halda onu seçmişdi. Yəni, Sartra Nobel verilib, ancaq o almayıb.

- Nobeli Kamyuya 1957-ci ildə veriblər. O da 1958-ci ildə Pasternakın namizədliyini irəli sürür və rus şairi bu mükafatı alır. Sartr isə ödülə 1964-cü ildə layiq görülür. “Nə üçün mən Nobel mükafatından imtina etdim” müraciətində isə belə yazır: “Nobelin Şoloxova yox, Pasternaka verilməsi, İsveç Akademiyasının mükafatlandırdığı yeganə Sovet kitabının vətəndə qadağan edilmiş olması faktı təəssüf doğurur”. Deyəsən, Voznesenski haqlıdır...

- Pasternak böyük şairdi. Mən də Sartrın bu fikriylə razıyam ki, onun “Doktor Jivaqo” əsərinə Nobel düşmür. Ödül Pasternakın SSRİ-yə qarşı olduğuna görə verilib. Bircə roman yazıb, o da parlaq əsər deyil. Sartr Nobeldən imtina edib, ancaq həmin ödülü alan çox yazıçıdan daha məşhurdur. Bu mükafata bəzən lazım olduğundan çox əhəmiyyət verirlər. Remark, Borxes, Kafka, Nazim Hikmət, Nabokov, Çingiz Aytmatov, Umberto Eko, Milan Kundera Nobel almayıb. Yəni, Sartr “əvvəlcə imtina edərəm, sonra da piara çevirərəm” kimi düşünməyib.


- Yəni, mükafatdan imtinanı publikaya görə etdiyilə razı deyilsiz...


- Bəli. Ancaq qəribəsi odur ki, publikaya işlədi.


- Sartrı büt kimi qəbul edirsiz?

- Biz istəsək də Sartrdan büt olmayacaq... O, dünyanın ən azad adamı idi və ardıcılları da yalnız öz azadlıqlarını təsdiqləməklə sədaqətlərini sübut edə bilərlər.


- Bu gün bizim cəmiyyətdə yaşasaydı sözün hər iki mənasında “Ürəkbulanma”sı olardı?


- İctimai-siyasi baxımdan əlbəttə. Çünki Sartrın qoyduğu fəlsəfi problemlər məkan və zaman ölçülərindən, meyar baxımından istənilən dövr və toplum üçün xarakterikdir. Azərbaycan cəmiyyətinə bu iki qat, üç qat uyğun gəlir. Bizdə iki-üç mərhələli basqı var. İslam ölkələrində insanlar daha az azaddırlar. Bütün sosial institutların başı dərddədir.
Problemin qoyuluşu və xarakterik olması baxımından Sartr böyükdür. Viktor Hüqonu fransız görə bilərəm, ancaq onu yox. Sartr bütün bəşəriyyətə verilmiş bir xəzinədir.


- Belə bir misal da var: “Tanrı kövrələndə Parisə baxır”. Bəlkə də Allahın qəmgin olanda Sartr dünyaya göz açıb...


- Ola bilər (gülür). Nə qədər insan soyu varsa, Sartr yaşayacaq! O, 20-ci əsrin yaxşı yazıçısı, filosofu sayılmaya bilər. Ancaq ən yaxşı filosoflar, yazıçılar, dramaturqların da heç biri Sartr deyil. Onun titan gücü hər şeyin fövqündədir.


- Bizim cəmiyyətdə Rokente kimi adamlar çoxdur? Dünyanı anidən dərk edirlər və ürəkbulanma olur...


- Əlbəttə. Dərketmə ağrılıdır. Həm prosesin özü, həm də ondan sonrakı hissəsi... Kim ki, beynini, ürəyini həqiqətə qapadıbsa, o öz cəhalətində xoşbəxtdir. Ancaq hər zaman idraklılar olacaq.


- Rokante deyir ki, “elə axmaqlar var ki, təsəllini incəsənətdə axtarır”.

- Suala ümumi baxımdan cavab verəcəm. Mən bütün varlığımla inanıram ki, insanları incəsənət xilas edəcək. Bəşəriyyət isə çoxdan məhv olub.


- Kamyuya görə, “Ürəkbulanma” bədii bitkinlikdən uzaqdır, bu, roman deyil, qəhrəmanın “ekstravaqant meditasiya”sıdır.

- Bu haqda uzun polemikalar aparmaq mənasızdır. Xüsusən də o əsərin çap edilməsindən onilliklər keçibsə...


- Çizdiyiniz bu portreti rəsm halında kimsə sizə təqdim etsə otağınızdan asarsız?


- Əlbəttə. Sartrın portreti mənim ürəyimdədir. Elə gün yoxdur ki, onu xatırlamayım.

/Ramin DEKO, Musavat.com/

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.