Fərid Hüseyn - Unutmağa yer də yoxdur şəkildə
09.04.15
Artpress.az gənc şair Fərid Hüseynin şeirlərini təqdim edir.
25 yaşın şeiri
Bizi gətirib dünyaya atdılar tarixin üstünə Tarixlə nə işimiz, əgər hər şey taledirsə İndi daha ömrümü quş yuxusu bilirəm – Uça-uça yatıram, yata-yata uçuram. Nə vecimə göy mənim başım üstdən asılıb Nə vecimə yer özü sərilib ayağıma.
“Yalan dünya” deyib də doğru yaşamaq olmur. İçimdəki adamın dərdini dinləyirəm ¬– özgə dərdləri kimi. Güzgüdəki adamın suallarından qaçıb təpilirəm keçmişlə gələcək arasına. Bircə onu bilirəm sonda taledir hər şey.
Qələm Allah işidir, pozan şeytan əməli. Sonda silinmir onsuz yazılan hər nə varsa. Həşələnmiş qızılgül – fərəzən gün yoxdursa, bu taqətsiz ayaqla necə çatmaq olar ki, köhlən tozanağına.
Axirətsə gözəldi – orda unudulanlar yada salınar bir də, bir də bəlli olar ki, unudulmurmuş heç nə. Bir əsrlik almanın dörddə birini yedim, ¬ Adəm halal eləsin bu günah ortaqlığın, Allahsa bağışlasın... ...sonda hər şey taledir...
Şəklin arxasına yazılan sözlər
Dayanmısan şəkildə – o uzaq keçmişimdə, qoşa şəkillərdə mən əvvəllər özümə baxardım, indi sənin doğurdan da yanımda durub-durmadığına. Elə bil şəkillərdən də qaçaraqdır ayağın, bir gün alboma baxıb görəcəm ta sən yoxsan. Unutmağa yer də yoxdur şəkildə, dayanmısan – ayağını altında da foto çəkilən tarix. Şəkilini yandırmaqla xilas ola bilmərəm onda da yandırdığım gün qalacaq yadımda
Bağışlamaq
Tanrıya sevgi tövbəni pozmamaqdı, bəndəyə sevgi hər dəfə bağışlamaqdı. Üstünə gələn adamın gözlərinə qarşılamaq, tutub onun əllərindən günahına ağlamaq “Niyə belə olur, Allah, niyə, mən, niyə mən axı?” sualını sakit sularda boğmalı. Kürəkdəki dost yarasın unudub, yar bıçağın çıxardıb, uşaqlara, dostlara meyvə doğramaq gərək Göydəki ulduzlar günəşlərdi, günəş tək deyil Həvva yaradılanacan Adəm tənhalığıdı - Səni aldadanın da, səni ağladanın da taleyidir günahı. Ürəyini açmalı, əlini uzatmalı, özgənin günahına öz suçuntək ağlamaq - Bağışlamaq hamını, hər dəfə bağışlamaq...
"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı
|