Niyazi Mehdi: "Ailədə qapalılıq dərd-bəla gətirir" - MÜSAHİBƏ
15.04.15

Niyazi Mehdiyə görə, çağdaş ailədə milli dəyərləri saxlamaq dəli kimi çapan atın üstündə yıxılmadan qalmağa oxşayır.

Yaşamağın ən asan yolu yeyib-içib yatmaqdır. Amma bunu da özümüz eləməmişik. Buna vaxtilə öyrədilmişik... Sonralar isə qarşılıqlı münasibətlər, həyat, cəmiyyət, ailə məsələləri (problemləri) bəzən elə həddə çatır ki, özündən baş aça bilmirsən. Adam çaşbaş qalır; nə etsin, necə etsin və ya etdiklərinin, edəcəklərinin hansı yaxşıdır, hansı pisdir...

Yaşamağın çətin məqamları ilə rastlaşanda ağıllı fikir axtarırsan...

Beləliklə, həmsöhbətim filosof Niyazi Mehdidir.

- Niyazi müəllim, artıq uydurulmuş obrazlar dada yetmir. Gəncin görüb-götürəcəyi açıqlıqlar, reallıqlar çoxdur. O, illüziyalara qapılmaqdansa, ideal obraz seçib onun ardınca düşməkdənsə, həyatı qavramaq istəyir. Başqa sözlə, gəncliyin romantikası qismən ötən illərdə qalıb. Maskasız reallıqda yeniyetməyə necə kömək etmək olar?

- Ədəbiyyat gənclərə kömək edə bilmirsə, deməli, dünyanın çağırışına cavab vermir. Əgər bu ədəbiyyatın ağıl, duyğu üçün dəyəri yoxdursa, apar tulla. Martin Lüterdən sonra Avropa insanı başladı gərəkliliyi “çağırış” sözündə düşünməyə. Yəni mən nəyə çağrılmışam, dünyanın, tarixin çağırışı nədir ki, mən ona yazar, filosof, siyasətçi kimi hay verməliyəm? İndi biz çağdaş sənətimizi dünya və ya Azərbaycandan gələn çağırışların tərəzisinə qoyub ölçməliyik. Bizim gənc yazarların çoxu “kimin kimi yazmağı” birinci yerə qoyurlar, ona görə də yazılarında Borxesə, Bulqakova, Murakamiyə və daha kimlərəsə oxşamaq istəyirlər. Elmdə buna “filan paradiqmalarda yazmaq” deyirlər. Bu, normaldır, çünki borxeslər də yazanda kimlərisə paradiqma götürmüşdülər.
İkinci ciddi məsələ dünyanın çağırışına qulaq tutub yazmaqdır. Məsələn, Bakının məkanları Nyu-Yorka baxanda sıyıq semantikadadırlar. Nyu-Yorkun ünlü küçələrində Hollivud nə qədər terror və qurtuluş olaylarını oynadıb. Nyu-York sakinləri və qonaqlar o olaylara görə həmin küçələri semantik bolluqda bilirlər. Bizim ədəbiyyata bir çağırış o ola bilər ki, tutalım, “Torqovıy” küçəsini qəşəng melodram hadisələri, komik əhvalatlarla semantikləşdir ki, gənc azərilər bu küçə ilə yeriyəndə mənalar dünyası ilə yeriyirmiş kimi özlərini bilsinlər. Doğma şəhər belə sevilir.
Yeni ədəbiyyat elə gənc dindar portretini cıza bilər ki, radikal və primitiv islamçılığa alternativ olsun və oğlanlar, qızlar başlasınlar öz dini “portretlərini” onun oxşartısında çəkməyə… Belə misalların davamını ağıllı oxucu özü apara bilər.

- Gənc ümidsizdir, öz mühiti ilə ailəsi arasındakı təzadlı vəziyyətdən çıxa bilmir. Kimin doğru, kimin yalan olması onu çaşdırıb. Bu, nə ilə əlaqədar olur?

- Psixologiyada “daralmış qavrayış” effektini açıblar. Affekt durumunda insanın qavrayışı daralır. Buna bizdə “dünya başıma dar oldu” deyirlər. Özünü öldürən gənclər daralmış qavrayışın qurbanıdırlar. Halbuki qavrayışlarını genişləndirsələr, “bu günün sabahı var” düşünsələr, özlərini küncə sıxılmış bilməzlər. Ona görə “Quran” hikmətinə söykənib səbirli olmağı bacarmalıdırlar. Ancaq məsləhət vermək asandır, davranmaqsa çətin. Ən böyük psixoloqun da, ən bilgə, müdrik adamın da özü ilə bacarması çətin məsələdir.
Təkcə gənclər yox, hamımız elə duruma düşürük ki, buna “zibilə düşmək” deyirlər. Bu məsələdə gənclərə ən yaxşı məsləhət verən ağsaqqal da görürsən ki, özünə çarə qıla bilmir. Ona görə də iki daşın arasından çıxmaq üçün universal reseptlərə ümid etmək düz deyil.

- Müasir ailə qapalı deyil, belə ailə daxilində milli-mənəvi keyfiyyətləri qorumaq mümkündür?

- Mən sizin söylədiyiniz “qapalı ailə” anlayışını dışarı dünya ilə az ilişgisi olan ailə kimi başa düşürəm. Düz başa düşürəm?

- Elədir...

- Onun Orta çağ variantı hərəmxana olub və ya qadının pərdə arxasında görünməz qalması olub. İndinin özündə də Bakı kəndlərində yemək və biş-düş qadınların funksiyası olsa da, qonağa yeməyi, uşaq yoxdursa, kişi gətirir. Bir yandan sanki “kişi işləri” yemək gətirməyi “qadın işi” kimi ərə qadağan edir, ancaq o biri yandan “qapalı ailə” tələbləri istisna hal kimi ona boşqabları daşımağı ayıb etmir.
“Konserv” sözü saxlayıb qorumaq anlamını verir. Bu termini işlətsək, sizin sorunuzu belə yozmaq olar: ailəni konserv (konservativizm) prinsipində qapalı saxlamaq milli-mənəvi keyfiyyətləri qorumağa möhkəm dayaq ola bilərmi?
Ola bilər, sözsüz. Qorumaq üçün qapamaq çox əskilərdən gələn mədəniyyət norması, kuralıdır (yəni qurmaq aracıdır). Misirlə bağlı bu kurala Platon heyran olub oranı yunanlara örnək göstərmişdi: toplum belə olar demişdi, min il keçsə də heç nə dəyişmir. Di gəl Yeni çağda mədəniyyət başqa prinsipi tapdı. “Qorumaq, saxlamaq üçün dəyişdirmək” prinsipini. Biz bunu İsraildə yaxşı görürük. Dövlət və çoxluq islahatlar, yeniliklər, yəni dəyişdirmələr yolunu tutaraq yəhudiliyi saxlayırlar. Ortodoks azlıq isə konservasiya yolu ilə İudaizmi qoruyur. İsrail dövləti bu azlığa tam şərait yaradır, o səviyyədə ki, hətta onların öz icma məkanlarını (məhlələrini, şəhərciklərini) qurmağa icazə verir. Hərçənd gərəkəndə nədəsə dəyişməyə razı olmağa onları zorunlayır. Məsələn, əsgər olmağa.
Əslində, “dəyişdirməklə qorumaq” prinsipi daha əskilərdə vardı. “Quran”ın yeni-yeni yozumlarının təfsirçilərin özlərinin də bilmədiyi bir vəzifəsi dəyişən dünya və dəyişən bilinclər mühitində “Quran”ı qorumaq idi. Bu vəzifənin öhdəsindən məzhəblər və təriqətlər də gəlirdi. İslamı yaşatmaqda - bunu əl-Qəzali yaxşı bilirdi, - sufizmin çox böyük rolu olmuşdu. İudaizmdə bu rolu xasidizm yerinə yetirmişdi.
Məsələyə belə yanaşsaq, ailənin açıq olmasına milli-mənəvi keyfiyyətlərin saxlanması aracı kimi baxa bilərik. Axmaz suyun iylənməsi kimi ailənin də qapalı olmasının korlanmaq qorxusu var. Ona görə hətta İran kimi ölkələrdə belə, ailəni tam qapamırlar, ən azı qadınlar dövlət idarələrində işləyir, maşın sürür. Bu anlamda Səudiyyədə ailə daha qapalıdır, nəinki İranda. Yaponlara baxsaq, görərik ki, ailəni qapamadan da milli-mənəvi dəyərləri ailənin içində qorumaq olar.
İndi sizin sorunuza yığcam cavab versəm, sadalamalıyam:
- ən qapalı ailələrdə də olur ki, bu qapalılıq dərd-bəla gətirir. Qız uşaqları sərt dünyaya hazır olmurlar, uşaqlarda milli adətlərə nifrət yaranır, ailə axmaq övladlar “ürətən” “fabrikə” çevrilir. Azərbaycan ədəbiyyatı və tarixi söylədiyimə çoxlu örnəklər verib. Sizin dediyiniz qapalı ailənin qorxuncluğunu Sabir, Mirzə Cəlil, Ağaoğlu, Əli bəy Hüseynzadə min dəfə göstəriblər;
- ancaq aydındır ki, “qapalı ailələr”i normaya çevirmiş dünyalarda faiz baxımından milli dəyərləri qoruyanlar daha çox olur, çünki belə rejimlərdə qorumaq asandır. Bu gün İsveçdə yaşayan azərinin ailəsini qapalı etməsi, sonucunda milli dəyərləri qoruması çox çətindir, Güneydə isə asandır;
- çağdaş “açıq ailələr” dünyasında artıq ailə fəlsəfəsi çoxvariantlı, plüralistik olur. Kimlərsə rəsmi, qeydiyyatlı nikaha üstünlük verir, kimlərsə, özəlliklə, pullu qadın və kişilər vətəndaş nikahında yaşamağa üstünlük verir. Molla kəbinində olan evlilik də yetərincədir. Bax bu mühitdə “qapalı ailə” aracı ilə milli-mənəvi dəyərləri saxlamaq istəyənlərlə yanaşı, həmin dəyərləri açıq ailədə saxlamaq istəyənlər çoxluğu da yaranır. Ancaq açıq ailələrdə, yəni çağdaş ailələrdə milli dəyərləri saxlamaq bilirsiniz nəyə oxşayır? Dəli kimi çapan atın üstündə yıxılmadan qalmağa oxşayır. Çağdaş ailədə milli dəyərləri dağıdıb tökmədən saxlamaq o atdan yıxılmamağa oxşayır. Usta üçün mümkündür, çünki çoxlu məşq edib. Bizlər üçünsə çətindir, çünki usta deyilik, məşqimiz yoxdur. Ona görə də çağdaş ailələrdə uşaqlar da, ata-ana da yıxıla-yıxıla “çapırlar”. Bəzilərisə bundan bezib milli dəyərləri ataraq ailə qururlar. İndi belələri az deyil, adətən rusdillilər arasında çoxdur. Hərçənd Azərbaycanda konservativ rusdilli ailə də az deyil;
- gərək milli-mənəvi dəyərlər məsələsini də özümüzə aydınlaşdıraq. Azərbaycanlı milli-mənəvi dəyərləri və ya keyfiyyətləri nədir? Mən bir nəfər adam tanımıram ki, buna normal cavab versin. Çoxları üçün o dəyərlər namusun sinonimidir. Ancaq bu, primitivlikdir. Cəfər Cabbarlının Sevili, Almazı “namus” kateqoriyasına qiyamçı qadınlar idi, di gəl qiyamçı olmayanlardan daha çox (daha dərin) milli idilər.
Nədir milli-mənəvi dəyərləri qoruyan ailələr? Novruz bayramını keçirən, abort etməyən, qonağa Allah verəndən süfrə açan, Azərbaycan dilini, tarixini, mətbəxini bilən ailələr?
Beləcə, azərilərə xas olan bütün yeməkləri, çay dəstgahını, iti baxışı, söyüşləri, zarafatları, yasaqları sadalaya-sadalaya getsən, milli-mənəvi keyfiyyətləri göstərə biləcəksən? Nə qədərsə göstərə biləcəksən. Di gəl bu, anbarda toplanmışları bir-bir göstərməyə oxşayacaq. Fəlsəfədə buna empirik yolla getmək deyirlər. Hikmət Hacızadə nəzəri yolla tapmaq istəmişdi bizim mentalitetin nəliyini, necəliyini. Gəlib çox kədərli nəticəyə çıxmışdı: azəri milli-mənəvi özəllikləri deyilən nəsnə patriarxal mənəviyyatdır, vəssalam!

- Həqiqətdir ki, ehtiyac burulğanında xoşbəxtlik yoxdur. Ola bilər ki, insan gənc yaşlarında möhkəm iradəsinə və fiziki gücünə görə qürrələnsin. Lakin maddi ehtiyac bunları tükədir. Gənc ailənin yaşaması üçün daha nələr lazımdır?

- Mənim üçün daha asandır “nədir” sorusuna cavab vermək. Siz isə hey məni çəkirsiniz “necə etməli” sorusuna. Mən özümü çətinliklərdə uğurlu davranış yolu tapan adam saymadığım üçün gənclərə reseptlər verməkdə də çətinlik çəkirəm. Necə verim ki, onlara heç özüm əməl edə bilmirəm. Nitsşe deyirdi ki, təbiət min yerə ox atır ki, biri dəyib orada dahi törətsin – təxminən belə deyirdi. İndi mədəniyyət, media da min ağıllı söhbətlər aparmalıdır ki, bəlkə birində qığılcım qopub problemlər içində olan hansı gəncinsə ürəyini alışdırıb ona çıxış yolu versin.
Gənclərə başqa məsləhətim: həmişə öz üzərində işləyib elə bacarıqları qazan ki, gələcəkdə sənə pul, sayğı, dəyər gətirsin. Mən belə deyərdim: ey gənc, sən beş saatı boşuna, avaraçılığa sərf edəndə təkcə beş saatı sərf etmirsən, o beş saatda nəyisə öyrənib onunla qazanacağın pulları da sərf edirsən.

- Qurumlar, müxtəlif ictimai təşkilatlar, dəstə-dəstə psixoloqlar işləyirlər. Sizcə, cəmiyyətin normal inkişafı üçün bunlar lazımdırmı?

- Haradandır bizdə dəstə-dəstə psixoloqlar? Şişirtmirsiniz ki? Dəstə-dəstə deyil, olanların içindəsə bir-iki nəfər bilikli və ağıllıdırlar. Yerdə qalanlar səviyyəli olsaydılar, TV proqramlarında, saytlarda biz çoxlu psixoloqların ləzzətli məqalələrinə rast gələrdik. Bir-iki dəfə ekspert yarlığı ilə çıxış edən psixoloqun yazısını oxumuşam və darıxmışam. /kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.