Rahil Məmməd - Keçid dövrünün təzadları - Resenziya
18.06.15

Aliq Nağıoğlu. “Müharibə oyunları”: Hekayələr, esselər, miniatürlər.
Bakı: “OL” MMC, 2015, 96səh.

Aliq Nağıoğlunun “OL” MMC nəşriyyatında yenicə çapdan çıxmış “Müharibə oyunları” adlı kitabı qarşımızdadır. Kitabda yazıçının on dörd hekayəsi, esse və miniatürləri toplanmışdır. Müəllif əsərlərinin mövzusunu əsasən sadə adamların həyatından götürür, elə epizodları qələmə alır ki, yığcam bir mətndə nəzərdə tutduğu əsas mətləbləri oxucusuna çatdıra bilir. Məsələn, “Yeyim” hekayəsinin əsas qəhrəmanı Askerov (rus variantında) milyonlarla adi insanlardan biridir. Onun ömrü boyu elə bir diqqətəlayiq müsbət hərəkəti olmamışdır. Lakin yazıçı qəhrəmanının taleyinin bədii həllini elə ustalıqla verir ki, oxucu onun mənfi cəhətlərindən də ibrət dərsi götürə bilir. Əvvəldən də iradəcə zəif adam olan Askerov ömrünün qürub çağında da bir işin qulpundan axıra qədər yapışa bilmir. Özünü kəndlərindəki əksər ahıllar kimi palaza bürünüb ellə sürünməyə vadar etməyə çalışan bu adam Haqq yoluna qayıdıb namaz qılmaq, ibadət etmək istəyir, lakin məlum səbəblər üzündən buna nail ola bilmir. Gündə üç və ya beş dəfə namaz qılmaq əvəzinə, iki dəfə – sübh və şam namazlarını qılır; arada qalan vaxt ərzində “iki yüz əlli qramlıq arağı fasilələrlə içir”. Hekayənin bir yerində Askerovla nəvəsinin belə bir dialoqu verilmişdir:
      “– Bilmirsən, molla kəndin adamlarını ziyarətə nə vaxt aparacaq?
      – Hansı molla? Bizimki?
      – Hə də... Kəndin məşədiləri artacaq...
      – Hərəyə əlli manat yığıb üç gün məsciddə ehsan verəcəklər...
      – Sən hər şeyi bilirsən ki...
      – Məktəbdə müəllimlər danışırdılar. Yeyişi səbirsizliklə gözləyirlər.”
      Bu dialoqun ardınca Askerov bəzi mollaların din pərdəsi altında şəxsi mənafe güddüklərinə, əslində ziyarətə getmək adıyla İrana alver məqsədiylə getdiklərinə eyham vurursa, yuxarıda təqdim etdiyimiz dialoqda müəllimlərin sosial vəziyyətinə işarə vurur. Həmişə qürur mənbəyi kimi tanıdığımız müəllimlər məsciddə ehsan veriləcəyi günü səbirsizliklə gözləyirlər. Səbəbi tapmaq isə oxucunun ixtiyarına buraxılır. Hekayə Askerovun ölümü, onun dəfn mərasiminin başlanması ilə bitir. Mərhum ölümündən qabaq özü üçün kəfənlik parça alaraq hazır qoymuşdur. Kəndin mollası onun kəfənini biçmək istərkən parçanın arasından mələfəyə bükülmüş pul çıxır. Bunu görən molla dərhal mərhumun oğlunu yanına çağırıb deyir ki: “Götür, işini bilirmiş, tədbirli adam idi. Kənd daha bir xeyirxah, namaz qılan oğlunu itirdi. Allah rəhmət eləsin.” Halbuki molla Askerovun içki düşkünü olduğunu gözəl bilirdi. Bu yerdə istər-istəməz S. Ə. Şirvaninin “Köpəyə ehsan” satirik mənzuməsi yada düşür.
      Biz hər gün küçədə tanıdığımız və tanımadığımız müxtəlif insanlarla qarşılaşırıq. Etiraf edək ki, bəzən onlara yuxarıdan aşağı baxdığımız hallar da olur. Çox vaxt onların sevinc və kədərlərindən, problemlərindən, bir sözlə, daxili dünyalarından xəbərsiz oluruq. Məzmunu birinci şəxsin dilindən nağıl edilən “Öz iyini udan adam” hekayəsində müəllif oxucusunun diqqətini bu məsələyə cəlb edir. Hekayəni nağıl edən şəxs işdən məzuniyyət götürmüşdür. Dost-tanışları iş-gücdə olduğundan vaxtını keçirmək üçün təsadüfi bir adamla həmsöhbət olmaq istəyir. Küçədə rastlaşdığı dilənçi ondan xırda pul istəyəndə bu adam ona qonaq olmağı təklif edir. Ələ salındığını zənn edən dilənçi sonra təklifin ciddi olduğuna inanıb onu qəbul edir. Onlar yaxınlıqdakı qəlyanaltıda pivə içə-içə dərdləşir, ürəklərini bir-birinə açıb yüngülləşirlər. Məlum olur ki, dilənçi kimi tanıdığımız şəxs ali musiqi təhsilli mənəvi cəhətdən zəngin, erudisiyası olan bir insandır. Doğrudur, həyatın enişli-yoxuşlu yollarında büdrəyibsə də, ruhdan düşməyib, həyatsevər və nikbindir. O, müdriklərin belə bir fikrini həyatının devizi kimi qəbul edir; bizim həyatımız önəmli deyil, əsas onu necə dərk etməyimizdir. Dilənçi dan yerinin, yarpaqlardakı şehin şüaları əks etdirməsindən, südəmər körpənin sadəlövhcəsinə gülümsəməsindən aldığı həzzi dəbdəbəli həyatın bütün həzzindən üstün tutur. Ən əsası isə o, səhvlərini etiraf etməyi bacarır. Lakin üstündəki keçmiş məhbusluq damğası öz işini görməkdədir. Həyatın axarını nə qədər yaxşı məcraya yönəltmək istəsə də, hələlik buna yaşıl işıq görünmür. Dilənçi səxavətindən bəhrələndiyi adama həyati məsləhətlər verməyi də unutmur: “... Sən heç dərd etmə. Öz qəlbinlə, ağlınla, sevincinlə, kədərinlə yaşa. Özünə cavabdeh ol. Vicdanla yaşamağa çalış. Əgər belə yaşaya bilsən, özündə harmoniya saxlaya bilərsən”, – deyir. Həyatda büdrəməsinin səbəbini özündə görməsi onu göstərir ki, dilənçi qəlbən geniş, səmimi bir insandır. Lakin başı daşdan-daşa dəydikdən sonra da ətrafındakıların, hətta öz ailəsinin belə ondan üz döndərməsi təəssüf hissi doğurur. Dilənçi artıq on ildir ki, doğma övladlarını görmür, özünün təbiri ilə desək, “zirzəmidə ikinin üçə bir otaqda yaşayır, özü öz iyini udur”.
      Dilənçinin acınacaqlı həyatı bizi düşünməyə vadar edir. Bəzən biz həddən ziyada daş ürəkli və qəddar oluruq, sanki duyğularımız korşalıb. Kömək etmək lazım olduğu halda, ittiham etməyə daha çox üstünlük veririk. Yazıçını düşündürən əsas problemlərdən biri də elə budur.
      “Hərdəmxəyal” hekayəsi keçid dövrünün həyatımızda yaratdığı problemlərdən bəhs edir. Hekayə birinci şəxsin – işsizlikdən əziyyət çəkən bir ziyalının dilindən nağıl edilir. İnsanlar ailəsini saxlamaq naminə, bir parça çörək qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Hekayənin məzmunundan bəlli olur ki, yaşadığımız dövrdə kənd qadınlarının çiyninə düşən yük daha ağırdır. Onlar yay-qış torpaqda əlləşir, ağır zəhmət hesabına becərdiklərini iri səbətlərə doldurub rayon mərkəzindəki bazara satmağa aparırlar. Ehtiyac onları, bəlkə də, heç bir millətin qadınlarının qatlaşa bilməyəcəkləri üzücü əməyə məhkum etmişdir. Kənddə ziyalı təbəqənin də güzəranı ürəkaçan deyil. Hekayədəki obrazın təbirincə desək, “təhsilli adama kənd yerlərində yumurtlamayan toyuq, qısır inək kimi baxırlar”. İş yerlərinin ya olmaması, ya da olan iş yerlərində əmək haqqının azlığı, qocalığa görə təqaüdün çox aşağı olması, müəyyən yaş dövründən sonra insanların bir növ lazımsız əşya kimi kənara atılması və s. problemlər onları sıxır. Qismən imkanı olanlar ən yaxşı halda çıxış yolunu ya dükan açmaqda, ya kənd təsərrüfatı texnikası işlətməkdə, ya da mollalıq və ya baxıcılıq etməkdə görürlər.
      “Mən pəltəyəm” hekayəsi də mövzu və ideyasına görə “Hərdəmxəyal” hekayəsi ilə səsləşir. Fərq bundadır ki, “Hərdəmxəyal”da hadisələr bir ziyalının dilindən verildiyi halda, burada məzmun onun-bunun həyətində nökərçilik edən Arif adlı birisinin dilindən nağıl edilir. Əvvəllər “nökər”, “hambal” sözlərini qəbul edə bilməyən bu adam artıq nökərçilik psixologiyasına alışıb. Özünə onunla təsəlli verir ki, gördüyü iş, yəni həyətlərdə nökərçilik etmək özəl şirkətlərdəki işlə müqayisə edilməzdir. “Ən azından oradakılar kəbinli arvaddır, icazəsiz ayaqyoluna getməyə cürətləri çatmaz.”. Mənsub olduğu xalqın övladlarının qul psixologiyasına öyrəşməsindən narahat olan yazıçı bu hekayəsində başqa bir problemi də qabardır. Bəzi ailələrdə oğullar qazanc dalınca xarici ölkələrə üz tuturlar. Ata-analar isə qocalandan sonra baxımsız qalır, öləndə qəbir evinə yad çiyinlərdə gedirlər.   
      “Yeyim” hekayəsində Askerovun oğlu heç olmasa, atasına aybaay pul göndərir. “Mən pəltəyəm” hekayəsindəki Qırbı kişi və Bəhlulun vəziyyəti isə bu cəhətdən daha acınacaqlıdır. Ölərkən Qırbı kişinin meyitinə Arif sahib çıxır, çünki iki oğlu olduğu halda, heç biri vətəndə deyil. Kim bilir, yad ölkədə onların da başına nə gəlmişdir? Hekayənin sonunda kəndin başqa bir yaşlı sakini Bəhlul da Qırbı kişi ilə eyni taleyi yaşayacağını başa düşüb, öz evini Arifə vəsiyyət edir ki, öləndə meyiti yerdə qalmasın. Onun Rusiyada yaşayan beş oğlundan heç biri vətənə qayıdıb ata yurduna sahib çıxmaq istəmir. Bu isə əsl faciədir və bu faciə təkcə Qırbı kişilərin, Bəhlulların deyil, bütün millətin faciəsidir. Görəsən, oğullarımızı yad ölkələrə üz tutmağa məcbur edən nədir? Vətəndə sosial vəziyyətin ağırlığımı? Yad ölkələrdə dəbdəbəli həyatın parıltısımı? Övladlarımıza vətən sevgisinin, vətənpərvərlik tərbiyəsinin düzgün aşılanmamasımı?..
      A. Nağıoğlunun müxtəlif məzmunlu hekayələrinin yer aldığı bu kitabda kapitalizm quruluşuna qədəm qoymuş ölkəmizdə müasir həyatla ayaqlaşa bilməyərək geri qalan bəzi ziyalılar (“Əzvay”), rüşvətə meyilli bürokratik düşüncəli, saxtakar idarə rəhbərləri (”Tox adamın gileyi”, “Uşaq oyunu”), simasını itirmiş, yaltaq, pul üçün hər cür alçaqlığı özünə rəva görən aşağı rütbəli bəzi məmurlar (“Aftafaçı”) tənqid atəşinə tutulur.
      “Müharibə oyunları” kitabında müharibə mövzusunda yazılmış “Məhrəm”, “Qəhvəyi rəngli maye”, “Qara dərd” hekayələri və bir miniatür də (“Müharibə oyunları”) yer almışdır. Bu əsərlərdə müharibənin insanlığa vurduğu ağır zərbələr, ölüm, qan, vəhşət və üfunət qoxuyan bu kabusun əsl siması göz önünə gətirilir. “Qəhvəyi rəngli maye” əsərində yuxu və qarabasma fonunda mifik elementlərdən də ekspressivlik üçün istifadə edilmişdir. Yüksək çinli düşmən hərbçisinin insanlığa sığmayan hərbi cinayətləri mürgüləyərkən gözünün önünə gəlir, elədiyi cinayətlər özünü də dəhşətə gətirir. Bu zaman İblis at belində gözlərinə görünür, öldürdüyü qocaların, cavanların, uşaqların, hətta südəmər körpələrin hər birinə görə bir qızıl onluq mükafat verir və erməni hərbçilərinin əməllərindən qəzəblənmiş şəkildə şüşə qabdakı mayeni də ona uzadaraq istehza ilə deyir: “... Bunu da tut... Qızlarınızda sonsuzluq yaradacaq maddədir”. Yazıçı bununla demək istəyir ki, insanlığa qarşı qatı cinayətkarlar gec-tez nəsli kəsilməyə məhkumdurlar.
      Hekayələrində insan xarakterlərinin psixoloji qatına nüfuz etməsi A. Nağıoğlunun dərin həyatı müşahidə qabiliyyətinə və intellektə malik olmasından xəbər verir. Kitabda gedən bütün əsərlərdə biz bu xüsusiyyətləri aydın görə bilirik. 
      “Ağcaqovağa sarı gedəndə” hekayəsi isə əsl psixoloji, həm də alleqorik əsərdir. Burada məzmun meşə heyvanının – maralın düşüncələri fonunda verilmişdir. Cavan maral öz təhlükəsizliyini ovçulardan cidd-cəhdlə qoruyur. Lakin bircə dəfə – cəmi bircə dəfə səhvə yol verir. Güclü küləkdən yıxılan ağcaqovağın qabığından gəmirməyə gedəndə ehtiyatsızlıq edərək qar üstünə iz salır və ovçuların onu təqib etməsinə kömək edir, bununla da, necə deyərlər, tamahından tələyə düşür, öz məhvinə səbəb olur. Əslində burada nəzərdə tutulan elə insanın özüdür. İnsanlar da nəfslərini cilovlaya bilməyəndə böyük fəlakətlərlə üzləşirlər.
      A. Nağıoğlunun hekayələrinin dili sadə, lakonik və oxunaqlıdır. O, oxucusunu məharətlə ələ alıb öz arxasınca aparır, onun intellekt səviyyəsinin inkişafına müsbət təsir göstərir. Yazıçı yeri gəldikcə məcazın ayrı-ayrı növlərindən istifadə edir, xalq deyimlərindən də ustalıqla bəhrələnir.
      A. Nağıoğlu yaradıcılığının əsas məziyyətlərindən biri də onda incə yumor hissinin olmasıdır. Bu cəhət onun hekayələrinin (müharibə mövzusunda yazdığı əsərləri istisna olmaqla) təsir gücünü bir qədər də artırır, məzmunu daha da şirinləşdirir.
      Biz ömrünün müdrik çağlarını yaşayan gözəl yazıçımıza can sağlığı, böyük yaradıcılıq uğurları arzulayır və inanırıq ki, o bundan sonra da oxucularını maraqlı əsərləri ilə sevindirəcək.

12 iyun, 2015-ci il.

Yenililklər
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.