Aydın Dadaşov - Süleyman Rəhimov ədəbiyyatı ekranda
19.06.15

Süleyman Rəhimov - 115

1930-cu ildən ədəbi fəaliyyətə, sonralarda davamlı olaraq üzərində işlədiyi, əlavələr etdiyi “Şamo” romanı ilə başlayan, 1937-ci il represiyasından salamat qurtara bilən Süleyman Rəhimovun (1900-1983) fərdi üslubunu qismən də olsa əks etdirən, yeni quruluşun haqq-ədalət prinsipinin Azərbaycanının ucqarlarında bərqarər olunmasını göstərən “Mehman” povestinin (1944) ekranlaşdırılması prosesi uzun bir yol keçmişdir.

4 may 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasının ssenari şöbəsinin müdiri İsaq İbrahimovla redaktor Əhmədağa Qurbanovun imzaladıqları rəydə Süleyman Rəhimovun “Mehman” əsəri əsasında müəllifin Firudin Aşurovla birgə yazdığı ədəbi ssenarisi barədə: “Povestdəki hadisələr Böyük Vətən müharibəsindən əvvəlki illərdə cərəyan etsə də müəllifin toxunduğu məsələlər bu gün üçün də aktualdır; sovet hüquq işçilərinin rüşvətxorlarla, sosialist əmlakına xor baxanlara, əliəyrilərə, canilərə qarşı, sovet qanunun toxunulmazlığı uğrunda amansız ədalətli mübarizəsi indi də birinci dərəcəli məsələlərdən hesab olunur. Əsərin qəhrəmanı-təmiz vicdanlı, sovet qanununu göz bəbəyi kimi qoruyan, bu yolda heç kimə güzəştə getməyən Mehman indi, kommunizm quruculuğu illərində də hüquq işçilərimizin tipik nümayəndəsi sayıla bilər. Povestin məziyyətlərindən istənilən qədər danışmaq, misallar çəkmək olar. Lakin ssenari haqqında eyni sözləri demək çətindir. Povestdəki aktual məsələlər kinematoqrafiyaya xas olan təsvir vasitələri ilə əks etdirilməmiş, kino dilində tam dolğunluğu ilə ifadə olunmamışdır. Əksinə mexaniki ixtisar da bir qədər bayağılaşdırılmış şəkildə verilmişdir. Bu da hər şeydən əvvəl ondan irəli gəlir ki, ssenarinin müəllifləri, müqaviləyə əsasən povestin motivlərindən istifadə edib bu günkü həyatımızla əlaqədar olan yeni kinossenari yazmaqdansa əsəri sadəcə ixtisar etmişlər; bəzən hətta bütöv epizodlar belə povestdə olduğu kimi ssenariyə köçürmüşlər. Cəsarətlə demək olar ki, kinossenarinin ideya-bədii səviyyəsi povestdən qat-qat aşağıdır” cümlələri yeni ssenariçi axtarışını gündəmə gətirir.

4 oktyabr 1965-ci ilə “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru İsa Hüseynova moskvalı ssenariçi Maro Erzinkyanın məktubundakı: “Mən indi Qazaxfilmdə müəlifi olduğum filmin çəkilişlərindəyəm. Ətrafda baş verənlər məni burada qalmağa məcbur edənlər barədə görüşəndə danışaraq. Rejissorun da, operatprun da ilk işidir. Aktyorlar da demək olar ki, küçədən götürülüb” yazan Maro Erzinkyanın: “Mehman üzərində çalışmışam, bir çox işlər görülüb, lakin kömür mədənlərindən Alma-Ataya gələndən sonra yorğunam deyə işi davam etdirə bilmirəm” yazıb ssenarinin müqaviləsinin ilin sonuna qədər artırılması xahişindən sonra: hələ Cezkazqanda mədənlərdə olarkən sizin “Nedlya” qəzetindəki hekayənizi oxudum. Sevindim. Yaxşıdır. Çox! “Liftçi qız” filmi üzərində işlərin necə getdiyindən xəbərdar deyiləm Çəkirlər? Yoxsa Çəkmirlər?” kəlmələri sonrakı illərdə də kinostudiyamızın ssenarilər yazmaq istəyən xırda boylu, cılız, teli sifətinə tökülən, davamlı olraq siqaret çəkən Maro xanımıım “diplomotiyasından” xəbər verir.

6 iyun 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasının Bədii Şurasının iclasında “Mehman” filminin ədəbi ssenarisinin müzakirəsində “Yoldaşlar, mən özüm vaxtilə bu əsərin ekranlaşdırılması üzərində çalışmışam və nə yaxşı ki, kinostudiya bu əsərin ekranlaşdırılmasına qərar vermişdir. Və bu variant Süleyman Rəhimovun yaradıcılığına daha yaxındır. Əsər dramatik vəziyyətlə zəngindir deyə ssenaridə də çox maraqlı məqamlar vardır” deyən Həsən Seyidbəylinin “Ssenari ona görə maraqla oxunur ki, burada insan taleləri vardır”, ədəbi əsərin özündən gələn gərgin sujet, maraqlı obrazlar vardır” qənaətini “ Əsər o qədər qüvvətlidir ki, heç bir vəchlə onu korlamaq olmaz” deyə dəstəkləyən Əlisəttar Atakişiyevin: “Əsərdəki bir sıra epizodlar ixtisar edilməyib, kino dilinə uyğunlaşdırılmayıb. Bunun səbəbi odur ki, ssenariçi fəal, sərbəst deyil. Əsər tamamilə necə var, ssenaridə də elə saxlanılıb. Elə yerlər var ki, orada dialoqlar az olmalıdır” kimi iradları haqlı səslənir. “Məncə bu əsərin ekranlaşdırılması tamamilə doğrudur, ancaq ədəbi ssenari məni təmin etmir, çünki əsərdəki əhəmiyyətli epizodlar, obrazlar ədəbi ssenaridə əhəmiyyətini itirərək zəifləyib” deyərək ayrı-ayrı personajlardan söz açan İsmayıl Əfəndiyevin: “Əgər bu vəziyyətdə ssenarini qəbul etsək sonradan əziyyət çəkərik” xəbərdarlığı qətiyyətlə səslənir. Müzakirədəki çıxışını: “Yoldaşlar mən həmişə yaradıcılıqda iki janrdan qorxmuşam; birinci dramaturgiyadır, ikincici kino filmdir. Ancaq eyni zamanda hər ikisinə də mənim hörmətim vardır” cümlələri ilə başlayan yazıçı “Mehman” povestinin müəllifi Süleyman Rəhimovun fikri janr termini ilə bağlı dolaşıqlıq yaratsa da, onun: “Burada bir məsələ durur-qanun məsələsi. İnsan elədir ki, elə ki, vəzifə rolunu verdilər o həmişə bu cür olur. Başqa sözlə insan vəzifə əsiri olur. Az-az adamlar vardır ki, belə hallarda özünü itirmir. Məsələn Kamilov kimdir? O, deyib ki. Qanun mənənm, kontrol olmadıqda, xalq idarəçiliyi olmadıqda həddini aşır” fikiləri əsərin haqq-ədalətinəbədiliyinə yönələn məğzinin açır. Süleyman müəllimin: “Amal odur ki, insan təmiz olsun. Biri deyir donluğu azdır, biri deyir donluğu çoxdur. Donluğu azlar çox vaxt rüşvət almır. Bir sözlə bizim nəfsimiz bizi çox şeyə çəkir” qənaəti filmin povestdəki haqq-ədalət prinsipinin qorunmasına çağırış kimi səslənir.

Yaradıcılığa C.Cabbarlının «Sevil» pyesinin ilk tamaşalarında (1928) pioner Gündüzü oynamaqla başlayan, təşviqat kinojurnallarında çalışmış, 1933-cü ildə vaxtilə Bakı fəhlə gənclər teatrına rəhbərlik etmiş İ.A.Savçenkonun «Qarmon», «May ayı» filmlərində ixtisasını artırmış, 1935-ci ildə «Tacikfilm» kinostudiyasında M.E.Vernerlə, D.İ.Vasilyevin ismayiliyyə təriqətini ifşa edən «Canlı allah» filmində komsomolçu Əbdürrəhman rolunu ifa edən, «Arşın mal alan» filminin quruluşçu operatorlarından biri, «Sovet Azərbaycanı» sənədli filminə görə (rej. F.Kiselyovla birgə.1950) IV Beynəlxalq Kann kinofestivalında elmi-kütləvi və pedaqoji filmlər üzrə münsiflər heyətinin xüsusi mükafatını qazanmış (1951) kinorejissor Muxtar Dadaşovun Süleyman Rəhimovun «Mehman» povestinin motivləri əsasında quruluş verdiyi eyniadlı film (ssenari müəllifləri Maro Yerzini Muxtar Dadaşov. 1968) ekranlaşdırılmanın uğurlu nümunəsi sayıla bilər.

Otuzuncu illərdə ucqar kəndə prokuror göndərilən gənc Mehmanın (Beybulat Batayev) otağının divarına vurmaq istədiyi mıxın bağlamaların, boxçaların arasında «gizlənqaç» oynayan xanımı Züleyxanın (Flora Kərimova) oynayan əllərində görünməsi qədim folklor nümunəsi «Maral oyunu» elementlərini ekrana gətirir. Onların öpüşmə məqamında pəncərəyə çırpılan, üzərindəki kağızda: Rədd ol buradan!» yazılan daş gərginlik yaradır. Təlaşa düşən Züleyxanın: «Sən nəyə arxayınsan?» sualına cavab olaraq Mehmanın yeni iş otağının divarına çaldığı mıxa Leninin portretini asması cavabı vizuallaşdırır. Qaloşlu adamın (Rza Təhmasib) prokurorluğun həyətini süpürməsi, rayon İcraiyyə Komitəsinin sədri Kamilovun (Adil İsgəndərov) kabinetinin pəncərəsindən uşaq baxçasının müdiri Zərintacı (Nəcibə Məlikova) seyr etməsi, dəri papaqlı, enli kəmərli müstəntiq Murtuzovun ( Mustafa Mərdanov ) şeypurlu, təbilli pionerlərin arasından keçməsi otuzuncu illər Azərbaycan kəndinin mənzərəsini yaradır.
Gözləri qorxudulmuş insanların şikayətə gəlməyə cürət etmədiyi prokurorluğun həyətindəki mənzilin eyvanına çıxan Züleyxanın darıxdığının bəlli olması, hasarın o üzündəkilərin nəzərləri altında turnikdə fırlanan Mehmanın cinayət işlərinə yenidən baxılacağını Murtuzova bildirilməsi və nəhayət, baltanı qaldırıb kötüyü ikiyə bölməklə Qaloşlu adamı heyrətləndirməsi audiovizuallığı obrazlılığa yönəldir. Əkin–biçindəki kəm–kəsirin üstünü örtmək üçün hansısa günahsıza cinayət işi açmaqla məşğul olan prokurorluğa yeni abı-hava gətirən Mehmanın Kamilovun göstərişilə briqadir Salamatovu (N. Məmmədov) həbs etmiş Murtuzova qarşı çıxması gözönü ziddiyyəti yaratsa da, Züleyxanın söylədiyi Füzulinin: «Ya rəb, bəlayi–eşq ilə qıl aşina məni» qəzəli hələ ki, personajın mənəvi dünyasını açmaqla sadəcə sujet kontekstində mövcudluğu ilə yadda qalır.

Rayon partiya komitəsinin katibi Vahidovun (Rza Əfqanlı) qarşısında günahsız Salamatovun həbsinə sərəncamının əsassız olduğunun üzünə çırpılması təkrarçılıq yaratsa da, dövrün kommunist irearxiyasının hər hansı bir tənqiddən kənar qalıb mütləq söz sahibi olduğunu təsdiqləyir. Murtuzovla anbardar Məmmədxanın (Əliağa Ağayev) şübhəli əlaqəsinin Vahidovun dilindən səslənməsi cinayət məcəlləsinin yenə də kənarda qaldığını sezdirir. Uşaqlara ayrılan pulun mənimsənilməsi barədə şikayət məktubunun prokurora camışın buynuzunda göndərilməsindən sonra baxçanın yoxlanılmasına qərar verilməsinin əhalinin ürəyindən olması haqq tərəfdarlarının sırasını genişləndirsə də, cinayət məkanının xırdalığı nəzərdən qaçmır. Arvadı Balışın (Y.Smalyanskaya) klub səhnəsində aktyorluq etməsinə dözə bilməyən anbardar Məmmədxanın müstəntiq Murtuzova şikayətlənməsi fonunda Füzuli qəzəlinin yenidən səslənməsi poeziyanı dramaturji struktura oturda bilir. Bıçaq gücünə Mehmana hədə-qorxu gəlmək istəyən Kamilovun sürücüsü Arifin (Hacıbaba Bağırov) sambo təlimi hesabına yerinə oturdulması, günahkarın milisə işə düzəldilməsi prokurorun humanizmini təsdiqləyir. Küləkli havada qaranlıq otağa çıraq gətirən Qaloşlu adamın yaratdığı vahimədən sonra Mehmanın əllərinin hərəkəti ilə divarda müxtəlif heyvan fiqurları göstərməsi vizual təsviri zənginləşdirir.

Kamilovun Zərintacın evində «dincəldiyi» məqamda gələn Arifin geriyə qaytardığı pulların havaya sovrulması, Mehmanın iş otağının Qaloşlu adamın əhənglədiyi divarında həbsdəki günahkarların portretlərinin canlanması vizuallığı artırır. Keçmişdə muzdur saxlayan birinin briqadaya soxularaq taxılı seyrək səpməklə buğdanı evində gizlətməsi səbəbindən günahsız həbs edilən Salamatova Kamilovun iradəsinə əks olaraq bəraət verən Mehmanın anası Xatın nənənin (S.Mustafayeva) şəhərə qayıtmaq istəyən Züleyxanı dilə tutmasını eşidən Qaloşlu adamın fitnələr düşünməsi peşəkar aktyor oyunu hesabına canlı həllini tapır. Kəndarası torpaq yolda avtomaşında gedərkən Kamilovla münasibəti pozulan sürücü Arifin küsüb getməsi, peyda olan Mehmanın sükan arxasına keçməsi, rastlaşdıqları toy karvanındakı portretlər çeşidi və «Heyvagülü» rəqsi plastikanı zənginləşdirir. Səhnədə Füzulinin: «Ya rəb, bəlayi– eşq ilə qıl aşina məni» qəzəli üstə «Orta Segah» oxuyan Balışın ifasına əri anbardar Məmmədxanın müdaxiləsinin salonda əyləşmiş Mehman tərəfin¬dən durdurulması, klub müdirinin Züleyxanı da aktrisalığa cəlb etmək istəməsi, Qaloşlu adamın fitnəsilə prokurorun evində məclis quran Murtuzov, Zərintac və əlaltılarının qaynar qazanlarının əllərinə verilərək əhalinin gülüşləri altında qovulması hadisəliliyi artırır. Bu münaqişədən sonra anasının evdən getməsindən sarsılan Mehmanın Vahidovla katibin kabinetindəki söhbətində «Çapayev» filminin arxa divarda görünməsi məkan məntiqinə cavab vermədiyindən çaşqınlıq yaradır. Şəhərdəki toxuculuq fabrikindəki işinə bərpa olunduğunu yazan ananın məktubundan sonra Qaloşlu adamın bu dərdi təzələməklə yaratdığı psixoloji qarşıdurma problemi gündəmdə saxlayır.
At belində yola çıxan Mehmanın səfərinin istiqamətini öyrənə bilməyən Qaloşlu adamın namazı uzadaraq artıq milisdə çalışan Arifi yubatması təsvirin səcdəyə gedən kəsin gözündən baş–ayaq verilməsi ekranı dolğunlaşdırır. Daş–qaşlarla bəzənmiş Zərintacla hamamdakı söhbətdə maddiyyata bağlılığı üzə çıxan Züleyxa ilə paralel montajda dağ yolunda at səyridən Mehmanın dilindən Səməd Vurğunun «Azərbaycan» şeirindən bir parçanın səslənmsi var-dövlət hərisliyi ilə ən ülvi duyğu sayılan vətənpərvərliyi qar¬şılaşdırır. Prokuroru kənddə görüb su güyümünü atıb qaçan oğlan, qanun keşikçisinin ayaqlarına düşüb yalvaran Salamatovun əliuşaqlı arvadı ədalətsiz hakimiyyətə inamsızlığın təzahürünə, yığıncaqdakı körpələrin belə günahsız həbs edilən Salamatovun təmiz adam olduğuna səs vermələri həqiqətin təntənəsinə çevrilir. Kənddən qayıdarkən qaçaqlarla atışmada yaralanan Ariflə Mehmanın sağ qalan atın belində «Dağların başın qışda qar alar» nəğməsini oxumağa davam etmələri qələbə əzmini təsdiqləyir. Qaloşlu adamın tökdüyü tədbir əsasında Mehmana ləkə yaxmağı anbardar Məmmədxanovun boynuna götürməsini Balışın pərdə arxasından eşitməsi xeyir- ziddiyyətinin qarşılaşdırılmasının təməlini qoyur. Mehmanla söhbətində Züleyxanın daş–qaşa marağının üzə çıxması və Qaloşlu adamın onları damdakı bacadan pusması gərginliyi artırır. Anbardar Məmmədxanın Balış üçün aldığı zəncirli qızıl saatın Qaloşlu adamın ovcunda, Mehmanın asılıb çabaladığı dar ağacına çevrilməsi mənfur niyyətin obrazlı həllini verir. Mehman boyunbağının haradan alındığı ilə maraqlandıqda şəhərdən qızına qonaq gəlmiş Qayınananın (Nəsibə Zeynalova): «Mən gətirmişəm!» deyərək faktı ört–basdır etməsi ailəni zərbə altına qoyan xəyanətə çevrilir. Züleyxa ilə anasının Zərintacın daş–qaşlarının nümayişinə dözməyib salonu tərk etmələri, klubdakı tamaşaya gecikən Balışın ardınca oynadığı Məşədi İbadın qiyafəsində qaçan Abusalamın (C.Mirzəyev) səhnəyə daxil olub başından düşən papağını qaldırması, saqqalını çıxararaq göz yaşlarına qərq olmasının gülüşlə qarşılanması məqamında açılan qapıdan qadının özünü asması xəbərinin çatdırılması faciəni karnaval estetikasında təqdim edir.

Cinayətkarlar tərəfindən ələ alınmış Həkimə (T.Rəhmanov ) Mehmanın etirazı, pəncərə önünə yığışanların ah–naləsi fonunda kəndirdən asılmış Balışın kölgəsinin divarda görünməsi və Qaloşlu adamın verdiyi rüşvəti xatırlatmaqla yardım istəyərək sarsıtdığı Züleyxanın mövzu–fantaziyasında zəncirli qızıl saatın əqrəbləri arasında qaçması attraksionların montajını yaradır. Artıq Kamilovun arvadı olan Zərintacı cinayət məsuliyyətinə cəlb etmək istəyən Mehmanın qara qüvvələrə qarşı qətiyyətlə çıxması qarşıdurmanı artırır. Vəzifəsi ilə qürrələnən Kamilovun orden medallarını, fəxri fərmanlarını, başının üstündə şəklini asdığı Budyonnıdan qılıncı xatırlayıb sadalaması personajı gülüş hədəfinə çevirir. Salondakıların qarşısında Mehmanın Balışın ölümünə bais olanların cəzalandırılacağına söz verdiyi məqamda pəncərəyə çırpılan daşın sındırdığı şüşənin arxasındakı fitnəkar nəzərləri ilə yadda qalan Qaloşlu adamın, küçədə prokurordan qardaşı oğlu Məmmədxana kömək tələbində zəncirli qızıl saat məsələsini açması bu əşyanı ziddiyyətin mərkəzində saxlayır. Çaxan ildırımın, yağan yağışın altında səndələyərək özünü güclə evə çatdıran Mehmanın zəncirli qızıl saatın haradan alın¬dığının cavabını Züleyxadan tələb etdiyi məqamda qaynanasının əlindəki uşaq paltarlarını göstərərək qızının hamilə olduğuna işarə vurması audiovizuallığı qeyri–səlis çalarlarla artırır. Mövzu-xatirədə gəncliyin sevgi epizodunun xatırlandığı məqamda «Sən ləyaqətsiz adamsan! Səninlə bir yastığa baş qoymaq ...» ittihamında qulaqlarını tutan Züleyxanın qulaqlarında «Ya rəb, bəlayi–eşq ilə qıl aşina məni» qəzəlinin səslənməsi epizodun arxitektonikasını dolğunlaşdırır.
Vahidovun kabinetində Kamilovun ittihamlarını qəbul edən Mehmanın mənəvi iflası uzun çəkmir. Mərkəzdən gələn məktub əsasında Kamilovun işdən azad olunmasının bildirilməsi vəziyyəti bərqərar edir. Qaloşlu adamın üzünə duracaq Anbardar Məm¬məd¬xanı müstəntiq Murtuzovun gözü qarşısında bıçaqlayıb öldürdükdən sonra atlanıb əhalinin təqibi altında aradan çıxmağa cəhd göstərməsi, Mehmanın qoşa at qoşulmuş furqonla təqibinin təkərlərin sınması səbəbindən yarımçıq qalması caninin yaralanması şərin maneələri dəf etməklə cəzalandırılmasına şərait yaradır. Ayağındakı qaloşun tayı tapılan yaralının son patronu ilə Mehmanın qarşısına keçən Kamilovu vurması, ustalıqla bıçaq atması düşmənin gücünü göstərməklə qarşıdurmanı balanslaşdırır. Özünü dərəyə atan Qaloşlu adamın pencəyinin qolu cırılıb Mehmanın əlində qalaraq uçuruma yuvarlansa da, sağ qalması düşmənin ölməzliyini göstərsə də, onu daş–qalaq etmək istəyənlərin məhz prokuror tərəfindən durdurulması haqq-ədalətin hüquqi bərpasını önə çəkir. Silahı alınaraq həbs edilən Murtuzovun: «Tələsmə oğlan, heç bilirsən məhkəmədə mənim yanımda kim oturacaq?» sualı vəziyyətin çıxılmazlığını göstərir. İlkin ədəbi mənbədən fərqli olaraq meşədə uşaq səsi ilə köməyə çağırılıb Qaloşlu adamın azadlığını tələb edən qaçaqların amansızcasına qətlə yetirdiyi Mehmanın ölümü onun günahsızlığının sübutuna çevrilir. Mehmanın vaxtilə iş otağının divarından asdığı Leninin portretinin yerində qalmasını istəyən yeni, gənc prokurorun sələfinin yolunu tutaraq qanun naminə çalışacağını bəyan etməsi ictimai quruluş fərqinə baxmayaraq haqq-ədalətin həmişəyaşarlığını bəyan edir.

7 may 1969-cu ildə çıxan «Kommunist» qəzetindəki «Olmasın gərək» məqaləsində: «Qırx il ərzində sevilə-sevilə oxunan, təkrar-təkrar nəşr olunan, əldən-ələ gəzən, oxuculara həyat dərsi ilə bərabər, bədii zövq və estetik həzz verən «Mehman» povesti» əsasında çəkilən filmdə əsas hadisələrin azsaylı personajlar üzərində qurulmasını, təfsilatların ixtisarını, bəzi epizodların janrın tələbinə uyğun olaraq yenidən işlənməsini bəyənənən, Rza Təhmasibin Qaloşlu adamını nadir yaradıcılıq qələbəsi sayan, Adil İsgəndərovun ağalıq iddiasında olan, mənəmlik xəyalı ilə yaşayan, haqq-ədaləti xudbin niyyətlərinə qurban edən Kamilovu satirik, Mustafa Mərdanovun kiçilə-kiçilə böyüməyə çalışan, yaltaq, mənsəbpərəst Murtuzovu təbii boyalarla yaratmasını təqdir edən, Züleyxa ilə Balışın əsərdə olduğu kimi aşkarlanmadığını göstərən, baş rolun ifaçısı B.Vatayevin Mehmanının ekranda əvvəldən axıra dəyişməz qaldığından narazı qalan Mehdi Məmmədovun: «Povestdə Mehman öz düşmənlərini qansız-qurbansız ifşa edir, Qaloşlu Adamı dərhal həbsə alır. Filmin müəllifləri isə özgə final axtarmış, daha dinamik, daha dramatik hadisələrə bir epizodla yekun vurmuşlar. Rejissor və operator tərəfindən öz-özlüyündə gözəl işlənən bu epizod heyif ki, dramaturji inkişaf mənasında hazırlanmamışdır. Son kadrlarda (yeni cavan prokurorun gəlişi səhnəsində) filmin ruhuna uymayan plakat tərzi bu təsiri bir qədər zəiflətmişdir» fikirləri peşəkarın təhlili olsa da sosrealizm plakatçılığını əks etdirən sonluq barədəki son cümlə ilə razılaşmamaq da olar.

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.