Yaşar Bünyad - Sükutun rahatlığı
30.06.15

Hekayə
                                                             

   ...Üstündəki  qan qurumuşdu.Dayandı.Son dəfə gücünü toplayıb, ufuldaya-ufuldaya, daş-kəsək   parçalamış ayağının altına sığal çəkdi,  getdikcə murdarlaşan dünyanı, onu bu hala gətirən insanları lənətlədi...
   Hələ o gün bu sıx meşədən keçərkən gözündən yayınmayan  , indi  son sığınacaq sandığı  zirzəmiyə bənzər sahibsiz daxmaya  girən kimi  qapını arxasınca bağladı.Bu , təkcə  çoxdan ayaq basılmayan, dirəkləri çürüyüb  çökmüş damın altında vəhşi göyərçinlərin  asudə -arxayın, illərlə harınlayaraq  çoxalıb  tor quran hörümçəklərin  daimi yaşayış məskəninə çevrilmiş uçuq tikilinin  indicə  qapadığı qapısının o üzündəki  dünyanın ağrı-acısına, qismətinə düşən  həyatın üzüdönüklülüyünə, özünə doğma saydığı insanların mərhəmətsizliyinə  yox,  həm  də Tanrısına qarşı üsyanı  idi.Qorxurdu, əlbət də qorxurdu.
   “ Həə, burada məni heç kəs tapmaz.Tapa bilməz...”
   Açılıb örtülərkən qapınin ət ürpədən cırıltısı  səssiz-küysüz ətrafına bir anlıq həyacan və qorxu yaydı, əvvəlcə  qulaqlarında, sonra da   bütün vücudunda soyuq gizilti hiss etdi, amma  düşünüb-daşınaraq fikrindən dönməyəcəyinə qəti qərar verdiyindən, gəlişinin məqsədini  son dəfə götür-qoy etdikdən sonra  məhz , xarabaya qalmış  bu  zirzəmini seçdiyinə görə  toxdadı, buranın kifli, rütubətli havasını ciyərinə çəkidi. Zülmətin qatılığında ilk addımını atmışdı ki, sifətinə, yalın qollarına vicvicə düşdü ;  hansı istiqamətdən üstünə hücum olacağını dərk etməyən kor  kimi dörd bir yana əl-qol ataraq  keyləşmiş  bədəninə  sarmaşıq kimi sarınan hörümçək torundan  qurtulmaq istədi.Xeyli əlləşdi, dodaqaltı deyindi,deyindi...  Nəhayət  toxdadı. “Tapsalar, o idbarların əlindən  qurtulmağın yolunu bilirəm.Bilirəm...Tanrı məni  qınamaz... Daha haqqı yoxdu!..”
   Köhnə məzarlıq kimi  unudulmuş  uçuq  daxmanın xoşbəxt  sakinləri   yadırğadıqları insan nəfəsini duyar-duymaz diksindilər ;  sanki çoxdan  tərk edilmiş yararsız  tikilini  qəfil yad etmiş insanın  gəlişində məqsədin  əlbət ki, heç də xoş bir niyyət olmadığını hiss etdilər.  Vəhşi göyərçinlər əvvəlcə  sinələrini şişirdərək bir-birinə baxıb əcaib səslə quruldadılar. Quşların xoru bir neçə dəqiqə davam etdi. Çağırılmamış qonağın getmək istəmədiyini  duyduqdan  sonra da çaş-baş qaldıqlarından qanad çalaraq çırpındılar. Yarıqaranlıq tavanın altında təhlükədən yayınmaq üçün o yan-bu yana uçuşaraq ,  bayaqdan künc-bucaqda bir-birinə qısılıb  mürgü vurmaqdan vaz keçib , qəfildən , damın  sınıq dəliyinə sarı  uçuşdular. Sonsuz səmaya  açılan dəlik o qədər balaca,  göyərçinlər  o qədər çox idilər ki, sınıq-salxaq  damın altında  giriftar oldular ; basabas  düşsə də hamısı birdən azadlığa can atırdı.
   “Ssss...Sakit...Sakit  olun, yalvarıram...ssss...”
    Bir  neçə dəqiqə keçmişdi ki,  zirzəminin tavanından aşağıya sarı qara, ağ-boz lələklər uçmağa başladı,sanki bir neçə yastığı eyni vaxtda yırtıb havaya vıyıldatmışdılar. Lakin bu lələk yağışı  onun üstünə  səpələnmədi, uçuq tavanın taxta tirlərini bir-birinə toxumuş hörümçək torundaca  ilişib qaldı - lələkdən  toxunan  pərdə kirəmit damı , o kiçicik dəlikdən görünən , tək-tük sayrışan ulduzları da ağuşuna aldı . Bu, şaşqın , həm də incik göyərçinlərin   qəfildən  sakitliyi pozan insana qarşı  etirazımı  idi?
   “Necə də quş olmaq istərdim... Nə bəxtəvərsiz !  Dünyadan xəbəriniz yox.Çox iyrəncdi bu dünya, çox... Uffff...”

    Bir az da irəlilədi.Zirzəmi  soyuq və qaranlıqdi. Onu vahimə basdı.Bu  bir anlıq oldu, tez də  ötüb keçdi , çünki qorxu, dəhşət  arxada qalmışdı, arxada...
    Zülməti   gözləriylə dəlib deşmək, lap küncə addımlamaq , daha sakit, daha arxayın yerdə qərar tutmaq istədi. Rahatlıq hissi duymasa da, buranın  etibarlı yer olduğunu fikirləşib  bir balaca sakitləşdi.
   “Görəsən öldü?..Gərək ...canı çıxanacan  gözləyəydim...Hə, gərək gözləyəydim... Axmağam mən, ax...Uffffff...”
    Nəhayət ki, dayandı. Qan donduran  nimdaş divarın düz küncünə söykənib çombələndə  üç gün əvvəl  ona təcavüz etmiş iyrənc saqqallının zorba qolları arasında sıxılıb əzilmiş kürəyinin, kobud əsgər çəkməsiylə təpiklənmiş yumşaq ətinin  ağrısını duydu.( Qaçarkən bu ağrıları hiss edirdisə də qurtulmaq, ordan uzaqlara, lap uzaqlara getmək, ölsə də,  onların yanında ölməmək barədə düşünürdü).Onun fəryadına, iniltisinə baxmadan  sərxoş  dostlarının gözü  qabağında , cüyür ovlamış  bəbir kimi  taxta döşəmədə  altına salıb “kişiliyini” sübut edəndə məmnunluqdan bağırarkən bərəlib həlqəsindən çıxan qırmızı  gözlərini  xatırladıqca ,burdaymış kimi diksinib bir az da divara  qısıldı. Bütün əndamına  hopmuş  iyrənc  tər  qoxusu ödünü qarışdırdı.  Baldırından süzülüb  axan  isti maye  də artıq soyumuşdu,buza dönmüşdü.   Dərə boyu qaçarkən kol-kosa ilişib cırılmış güllü donunun ətəyini əlləriylə qatlayıb qıçının arasında bükdü.Üşüdürdü...
   “ Əclaf !..Dalımca  düşməsə, tapa bilməz. Nahaq , nahaq gözləmədim...”
   Göyərçinlər  uçub getmiş, ya da bu uçuq daxmanın yaxınlığında sakitcə toparlaşıb onları  yuvasından didərgin salan çağırılmamlş  qonağın nə vaxt gedəcəyini  səbrlə gözləyirdilər. Hörümçəklər də ağ, boz lələklərin altında büzüşüb qalmışdılar.Hardasa , uzaqlarda eşidilən  cırcıramaların cırıltısını saymasaq, demək olar  ki,  ətraf sükuta bürünmüşdü.
   Sükut...Xatırladı ki, indi  onu  ovunduran bu  sükut , bir vaxtlar  qan donduran  sükuta bənzəmirdi, heç bənzəmirdi. Qəfil  gülləbarandan səksəkəylə oyanardı, nənəsinin qoynuna atılaraq onu bərk-bərk qucardı.Nənəsinə qoşulub  için-için ağlayardı, ta evin yeganə kişisi- babası ov tüfəngini divardan asana qədər. Bax ,onda başlardı ölü sükut... Yenə də bütün gecəni gözlərini qırpmadan  nə vaxtacan susacağı bilinməyən  pulemyotların  yenidən atəş açacağını gözləyərdi . Sükut  pozulanacan gözləyərdi. Anbaan, günbəgün təkrarlanan bu vahiməni yaşamaq ,əlin çatmayan ,hansı məqamda səni qucacaq  məchul ölüm barədə  düşünmək dəhşətdi, dəhşət! Özü də, heç qırışığı açılmayan hisli sifətini, ovulmuş gözlərini üstünə bərəldən gecənin  iyrənc sükutundan sonra...
   “Belə yaxşıdı.  Sakitlikdi ... Dostları  qayıdanda  ölüsünü  tapsalar, nə olacaq ?Bəs  ölməyibsə ?...Aaayy...Uuuuff...”
    Əlini ağrıyan yerə qoydu ;  qaraqançıl olmuş baldırına vurulmuş təpiklərin izini görməsə də  sızıltısını ona əzab verirdi  .
   “Amma yaman vurdum haa!..Öz bıçağıyla , özünü...Yaxşı oldu!..Ölübsə...Tut arağını içib kişiləşən köpəyoğlu!.. ”
   Ölüm kabusunun dolandığı bu məmləkətdə  ömrünün onaltıncı baharını yaşayan , qana, zülmə nifrət edən,hətta, Qurban bayramında , ilboyu pəhəpəhlə qulluq edib kökəltdikləri  toğlunu kəsən atasından küsüb  , ” yazıq heyvana niyə əzab verdin ?” deyə günlərlə danışdırmayan qızcığaz indi, bir insan öldürdüyünə  ( əgər ölübsə)  nə qədər sevinirdi.Bir yandan da  şübhədən  yaranan  təlaş, həyacan , onu tərk etməyən tapılmaq, ora qaytarılmaq qorxusu  məyus edirdi. “Burda ölüb qalmağım yaxşıdı !”
    Soyuq iliyinə işləyirdi.Qollarını sinəsində çarpazlayıb büzüşürdü ki, başqa ağrı hiss etdi :  yonulmamış odun kimi  kobud  kişi ovcunda  əllənməkdən keyləşmiş döşlərinin giləsinə  sanki  qaynar su tökdülər.” Aaaaay...ufffffff...aaa...”  Ağrıdan qovrula-qovrula , barmaqlarının ucuyla  sinəsinə toxunduqca ufultu daha da şiddətləndi, amma  kimsə eşidər deyə, səsini  içində boğdu.
   “Oğraşın dediyinə  bir bax:-Sənin   görəcəyin  birinci  kişi mən olacam, mən !..Lənətə gələsən!..Lənətə gələsən!...Babamın çörəyini yeyib ...adam olan alçaq!.. Nə yaxşı ki, babamı... babamı öldürmüşdülər.Nə yaxşı ki!.. Uuuuu...”
   
    Daxmada   kabus  dolanırdı.Özündən ixtiyarsız  zəifləmiş bədəninə üşütmə salan,  fikirlərinin nizamını pozan vahimə onu qoynuna almağa cəhd göstərdikcə dişləri  bir-birinə dəyib taqqıldayır, sifətinin əzələləri  gərilib  qabarırdı.Getdikcə sözünə baxmadan şaqqıldayan çənəsini  taqətdən düşmüş əlləriylə  sıxıb saxladı, ovucunun içiylə ovuşdurdu, dərisi  isinənkimi olduqdan sonra gərilmiş əzələlər yumşalıb boşaldısa da, vahimə - içinin dərinliyinə yer elədiyindən hələ də ram olmaq istəmirdi...

   ...Qulağını nəm divara soykəyib ətrafı dinləməyə başladı ; nə bir güllə səsi eşidilir, nə də mərmilər partlayır , ara-sıra vəhşı göyərçinlər , bəxtəvər cırcıramalar sükutu pozurdu .
    Özü  güclə eşidəcəyi pıçıltıyla :“ Axı niyə biz?...”-dedi.Bəlkə də  heç nə demədi ? Bu , heç pıçıltıya da bənzəmirdi– başı nəm divara  söykənmiş qızın hörümçək torunda  ilişib qalmış göyərçin lələklərinin şəklini çəkən gözlərində yazılmışdı bu...
   ...İşgəncə verilərək yük maşınlarına dürtüşdürülən kişilər, ayaqyalın- başıaçıq evlərdən çıxarılan qadınlar, ağlaşan körpələr,hürüşən, zingildəyən itlər, yanan , dağıdılan  evlər ,tankların uğultusu ... Nisəxanımın  tank  altına atılmış  ilkinin içalatı ,süngüyə keçirilmiş körpə  Nərminin donmuş baxışları,   nənəsinin havada  donmuş  əlləri, küçə boyu dığırlanan papaqlar, kol-kosa ilişib bayraq təki dalğalanan kəlağayılar,qara tüstü, qulaq batıran ah-nalə, alov... bir də, bir də ki, təzəcə yağan qarın üstünə səpələnmiş qıpqırmızı qan görürdü.İçini qızdıracaq nəsə yada salmaq istədi.Yox idi.Yaddaşındakı  bapbalaca dünyasına  qan səpələnmişdi qızcığazın...
    İldən  uzun gələn bu  gecənin bitəcəyinə ümüdini itirə-itirə daxmanın rütubətini canına çəkmişdi.Əzələlərində keyidici iynə vurublarmış kimi qəribə bir süstlük yarandı.Bayaqdan canından çıxmayan qorxunun xofu itdi,yoxa çıxdı,  başında dolaşan fikirlərinin  ardıcıllığı pozuldu, beləcə, yaddaşından çıxara bilməyəcək  sandığı   dəhşətli xatirələri  də yavaş-yavaş   əriyib sabun köpüyünə  döndü. Artıq nə  döşlərinin giləsindəki ağrını , nə  baldırında  quruyan  iyrənc  mayenin  soyuğunu hiss edirdi... Hiss etmədiyi , həm də qapının cırıltısıydı.
    Sükutun böylə rahatlıq gətirəcəyinə inanmazdı qızcığaz.
   Zəncirini qırmış quduz  köpək kimi  daxmaya hücum çəkən yaralı , sərxoş döyüşçünün bağırtısını da eşitmədi.
   -Ax-çi?.. Axçi,  harda-san?!..Ax-çii?..
  Bu iyrənc səsdən səksənən hörümçəklər  bir az da  büzüşdülər, lap yumağa döndülər...

   Göydə iri   bir ulduz   axdı...
   Bayaqdan daxmanın həndəvərində  baş-başa verib  asudə mürgüləyən  vəhşı göyərçinlər    biixtiyar uyqularından qopub  bir göz qırpımında  əriyən  ulduza sarı   daxmanın dəliyindən qalxan süd kimi ağappaq işıq selinə qoşulub  səmanın  sonsuzluğunda  gözdən itdilər...
   Sanki , bütün gecəni  şirin nəğmə oxuyan  böcəklər  də  ilğıma bənzər  bu sehirli işıq burulğanından   heyrətlənib  susdu.
    Dünyanın o üzündə, uca dağlara qısılıb qalmış Günəş ,sanki   “bic”  doğulacağını  bilən  uşaq kimi  xəcalət çəkərək  gizlənirdi...
   Səhər  isə açılmalıydı -qızcığaza əbədi rahatlıq gətirən sükuta  son qoyacaq  mərmi  gurultulu,cəngi haraylı , savaşlı bir səhər ...
                                                                                                         
16-28  fevral  2015.
 

Yenililklər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.