Anadolu türkcəsindən keçən söz və ifadələr: dil dilə tən gərək?
23.07.15

Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

Daha bir “ədva” - avaz

Nitqin mühüm aspektlərindən biri də intonasiyadır. Hər bir dilin özünəməxsus “musiqisi” var. Bu “musiqi”, avaz o qədər spesifikdir ki, başqa dili öyrənənlər o dildə nə qədər yaxşı danışsalar da, bəzən məhz həmin o avaz  - ana dilinin intonasiyası onları “ələ verir”. İnsanlar dil vahidlərini yalnız məna tutumuna, ifadə gözəlliyinə və orijinallığına görə deyil, həm də avazını xoşladıqlarına görə əxz edə bilərlər. Türkcədən alınmış bəzi dil vahidlərini azərbaycanlılar üçün maraqlı və çəkici edən də bu amildir. Məsələn, toplumumuzda “yani” sözünün həvəslə işlədilməsi bu amillə izah oluna bilər.  Dil daşıyıcılarının bu sözə artmaqda olan rəğbəti aydın sezilməkdədir. Bu rəğbətin səbəblərindən biri də onun türkcə tələffüzü zamanı xüsusi avazla səsləndirilməsi ola bilər. Adətən öz dilinin avazına öyrəşərək onun özəlliyini hiss etməyən insanlar başqa dillərdən gələn vahidlərin tələffüzünə, nitqin “musiqisinə” daha həssas olur və daha fəal reaksiya verirlər. “Yani” sözünün başqa bir özəlliyi isə onun cümlədə işlənmə özəlliyidir. Daha dəqiq desək, bu söz azərbaycancadakı qarşılığından fərqli olaraq, hər hansı deyimdən sonra tam sərbəst, heç bir söz, cümlə müşayiəti olmadan, tək işlənə bilər. Bu cəhət avazla yanaşı, ona özəllik verən xüsusi nüansdır. Son zamanlar “zatən” sözünün də yayqınlaşması müşahidə olunur. Bu sözün də xüsusi avazla deyilişi ona fərqlilik və çəkicilik verir.

Başqa “ədvalar”  -  yenilik, orijinallıq, dəyişiklik etmək həvəsi

Dil donuq, “yerində sayan”  bir nəsnə olmayıb daim yenilənən və dəyişən bir sistemdir.  Həyatı bütün yenilikləri, təlatümləri, dəyişiklikləri ilə əks etdirən bu ünsiyyət vasitəsi qanunauyğun və təzadlı dəyişməyə, özünüyeniləməyə “məhkumdur”. Dil həm də mahiyyətcə ictimai bir hadisə olduğuna görə, fərdlərin linqvistik yeniliklərini tez bir zamanda bütün toplumun “sərvətinə” çevirməyə qadirdir.  Dildə yenilənmə, şəxsiyyətdə və cəmiyyətdə, ümumiyyətlə yaşamda  yenilənmə deməkdir. Bəzi insanlar bunun fərqində ola bilərlər, bəziləri yox, amma təhtəlşüurda demək olar ki, hamı yenilik həvəskarıdır, daha doğrusu, buna məhkumdurlar. İnsanlar bu səbəbdən hər axşam televizorların qarşısında əyləşir və ya xəbər - yenilik axtarışında gün ərzində saytları ələk-vələk edirlər. Qonum-qonşuda gördüklərini, haradansa eşitdiklərini telefonda uzun-uzadı həmsöhbəti ilə bölüşənlər, ona qulaq asanlar da əslində yenilik həsrətindədirlər. İnsanlar uzun müddət geydiklərindən, yediklərindən, baxdıqlarından bezdikləri kimi eyni söz, ifadə və danışıq tərzindən də yorula bilərlər. Bu yenilik axtarışı onlarda başqa dillərdən yeni linqvistik vahidlər və ifadə tərzi almaq həvəsi yarada bilər. Dildə türkcədən alınmış bir çox söz və ifadələrin əsasında da məhz bu durur - yenilik amili. Dilimizdə yuxarıda sadalanan vahidlərlə yanaşı,”tatlıya bağlamaq”, “merak etmək” kimi son zamanlar danışıq dilində tez-tez işlədilən türk sözləri buna misal ola bilər.

Rəğbət böyük qüvvədir! Xüsusilə o, kollektiv olanda...

Türkcədən alınan bəzi söz və ifadələrin dilimizə keçməsinin çox sadə bir səbəbi də var - rəğbət. Fərqli qaynaqlardan gələn söz və ifadələrin dildə qalıb-qalmamasını  müəyyən edən güclü amillərdəndir. Dil özü ictimai bir sistem olduğundan kollektiv şüura və yaddaşa bağlıdır. Məhz bu amillərlə bir-birlərinə bağlanmış dil daşıyıcıları - fərdlər bir-birlərindən asılı olmadan bu və ya digər dil vahidinə rəğbət göstərərək ondan fəal istifadəyə “yaşıl işıq” yandıra bilərlər. Son dövrlərdə “rəsmən” (türkcədə həm də “əməlli-başlı”, “açıqca”, “sözün əsl mənasında” anlamında işlənir) sözünün dil daşıyıcıları tərəfindən böyük həvəslə işlənilməsi müşahidə olunur. Bu alınma da rəğbət amili ilə izah edilə bilər. Azərbaycan dilində “halallaşmaq” feili var. Lakin bu feilin işlək olduğunu deyə bilmərik. Daha doğrusu, bəzi səbəblərdən kültürdə və bunun birbaşa nəticəsi olaraq dildə bu prosesi verbal olaraq ifadə etmək yayqın hal deyil. Türkcədə işlənən “Haqqını halal et/Haqqınızı halal edin” ifadələri isə Azərbaycan toplumunda rəğbətlə qarşılandı. Sanki bu ifadənin türk insanının nitqində tez-tez eksplisit (yəni açıq, verbal yolla ifadəsi) olaraq səsləndirilməsi insanlara halallığın əhəmiyyətini və dəyərini xatırlatmış, onun gərəkliliyini izah etmiş oldu. Dinə olan marağın güclənməsi də haqqında danışdığımız ifadənin həvəslə qəbul olunmasında və hazırda fəal işlənməsində əhəmiyyətli rol oynadı. “Keçmiş olsun” ifadəsi də toplum tərəfindən rəğbətlə qəbul olunan dil vahidlərindəndir. Maraqlı, məntiqli və anlaşıqlı ifadə forması, folklorsayağı sadəliyi, bir çox situasiyalarda işlənə bilmə xüsusiyyəti, təsəllinin, diləyin personifikasiya olunmaması (yəni şəxsləndirilməməsi) və bütün sadalanan cəhətlərinə görə dilimizdə güclü qarşılığının olmaması bu vahidin böyük həvəslə qəbul olunmasını şərtləndirdi. Maraqlıdır ki, bənzər situasiyalarda türk insanlarının işlətdiyi “(çox) üzgünəm” ifadəsinin azərbaycanlı dil daşıyıcıları tərəfindən işlədilməsi ehtimalı o qədər də perspektivli görünmür. Azərbaycanlıların dil yaddaşında hər hansı itki, ölüm və ya bədbəxt hadisə zamanı təsəlli üçün deyiləcək xeyli sayda ifadə və qəliblər var. Üstəlik “(çox) üzgünəm” ifadəsindəki personifikasiya (şəxsləndirmə) azərbaycanlı düşüncəsinə yaddır. Başqa sözlə, azərbaycanlıların təsəlli verərkən işlətdikləri ifadə və qəliblərin arasında personifikasiya hallarına, demək olar ki, rast gəlmək mümkün deyil. Daha bir vacib amil isə budur ki, bu ifadə Azərbaycan insanına çox “türkcə” görünə bilər.

Birlərin gücü və/və ya imitasiya “sindromu”  

Buna yoluxuculuq da demək olar. Sonradan böyük kütlələrin qəbul etdiyi hər hansı yenilik tək bir şəxsin tapıntısı, təşəbbüsü ola bilər. Əslində bütün yeniliklər əsasən bir şəxs və ya kiçik insan qrupu tərəfindən düşünülür və tətbiq edilir. Sonra bu yenilik yüzlər, minlər, bəzən isə milyonlar üçün bir nümunə və ya imitasiya - yamsılama obyekti olur. Deyilənlər dilə də aiddir. Bəzən tək bir şəxsin hansısa situasiyada başqa bir dildən alınma sözü işlətməsi həmin vahidin tez bir zamanda populyarlaşmasına səbəb ola bilər. Təbii ki, bu proses həmin adamın şəxsiyyətinə, ictimaiyyətdəki nüfuzuna, peşəkarlığına, ona olan rəğbətin dərəcəsinə, həmçinin onun nitqini yayan kommunikasiya kanallarına  bağlıdır. Çoxsaylı kommunikasiya kanalları istənilən məlumatı və ya xəbəri tez bir zamanda milyonların düşüncə və söhbət obyektinə çevirməyə qadirdir. Yalnız bakteriya, virus və mikroblar deyil, dil vahidləri, tərzlər də yoluxucu ola bilər.

Gücün gücünə dair

Türkcədən alınma sözlərin bəzilərinin azərbaycancada qarşılığı var. Dillər qarşılaşdırılarkən ekvivalent sayılan sözlərin müqayisəsi də qaçılmaz olur. Türkcə səslənən nitqi eşidənlər dilimizdəki bəzi sözlərin türkcədəki qarşılığını daha güclü və münasib sayırlar. Buna səbəb həm də o sözlərin çoxmənalılığı və bir neçə fərqli situasiyada işlənə bilmə xüsusiyyəti, onların  məna sistemini təşkil edən semantik komponentlərin çevikliyi və rəngarəngliyidir. Başqa sözlə, dil daşıyıcıları bu və ya digər fikri daha dolğun və hərtərəfli ifadə etdiklərini düşünürlər. Buna misal olaraq, “hak etmək” feilini göstərə bilərik.  Azərbaycancada onun qarşılığı “layiq olmaq”dır. Lakin bəzi situasiyalarda dil daşıyıcısı “hak etmək” feilini daha uyğun sayır və onu işlətməyə üstünlük verir. Buradakı “haqq” sözünün şəksiz gücü bu seçimi şərtləndirən əsas amildir. Üstəlik Azərbaycan dilinin bəzi ləhcə və şivələrində “haqq olur” kimi oxşar mənada işlənən feil var. Anadolu türkcəsindəki  “huzur” sözü də son zamanlar Azərbaycan dil daşıyıcıları arasında tez-tez işlənən sözlərdəndir. Türkcədə sözün “huzur” kimi yazılmasına və səsləndirilməsinə baxmayaraq, azərbaycanlılar onu daha çox “hüzur” kimi tələffüz edirlər. “Ərəb və fars sözləri lüğəti” ərəb mənşəli bu sözün məhz “hüzur” kimi tələffüz edildiyini göstərir.

 Bildiyimiz kimi, azərbaycancada bu sözün qarşılığı “sakitlik”dir.  Lakin diqqət yetirsək, görərik ki, “sakitlik” əsasən ətrafımızdakı, çevrəmizdəki fiziki səssizliyə və ya minimal səs-küyə münasibətdə daha çox işlənərək iç dünyamızdakı daxili dincliyə, rahatlığa o qədər də şamil olunmur. Üstəlik “hüzur” ingiliscədə çox işlənən “inner peace” (hərfi tərcüməsi: daxili sülh) ifadəsinin ən dolğun və uğurlu qarşılığı sayıla bilər ki, bu mənanı “sakitlik” sözü tam əhatə etmir. Bir amil də nəzərə alınmalıdır ki, bəzən hər hansı sözə üstünlük ona görə verilə bilər ki, o leksik vahidin səslənişində ifadə etdiyi məna ilə bir uyarlıq olsun. Yəni o sözün səslənişi özü belə insana ifadə edilən fikri, situasiyanı andırsın. Bu baxımdan “hüzur” sözünün səslənişində mənaya uyğun bir həzinliyin, yumşaqlığın olması faktı ilə, çətin ki, kimsə razılaşmasın. Daha bir nümunə isə daha tez-tez işlənməkdə olan “zatən” sözüdür. Yuxarıda xatırladılan bu söz də bəzən deyilişi, işlənməsi qaçılmaz olan, sanki situasiyanın özünün “xahiş etdiyi” leksik vahidlərdəndir. Yenə də ərəb mənşəli olan bu söz, özündə ehtiva etdiyi mənaların çoxluğuna və beləliklə də, daha çox situasiyada işlənə bilmə xüsusiyyətinə görə güclü və cəlbedicidir.

“Əlinə/qoluna sağlıq” ifadəsi də azərbaycanlılar tərəfindən get-gedə daha çox işlənməkdə olan dil vahidlərindəndir. Azərbaycan dilində “Əlin (-qolun) var olsun” ifadəsi olsa da, bir çox insanların onun türkcədəki qarşılığına üstünlük verdiyini görə bilərik. Güman ki, bu seçim türkcədəki ifadənin əlinə, qoluna sözləri ilə yanaşı, həm də “ağzına/ dilinə/ ürəyinə sağlıq” kimi işlədilə bilməsi ilə əlaqədardır. Yəni bu ifadənin imkanları və tətbiq sahələri daha genişdir. Üstəlik, türkcədəki ifadədə diləyin, alqışın (sağlıq) daha konkret və arzuolunan olması seçimin onun xeyrinə edilməsini şərtləndirə bilər.

Sintaktik vahidlər

Azərbaycan dilinə türkcədən ancaq söz və ifadələr deyil, həm də bütöv sintaktik vahidlər daxil olmaqdadır. Buna misal olaraq,  “adam” sözü ilə başlayan cümlə-qəlibləri göstərmək olar. Azərbaycan dilində “Adam bir az təmkinli olar”, “Adam hər deyilənə inanmaz” tipli başqasına öyüd- nəsihət vermək məqsədilə işlədilən cümlələr, bir də “Adam lap bezir”, “Adam maraqlı yerlər görmək istəyir” tipli sintaktik  vahidlər var. Diqqət yetirdikdə görmək olar ki, sonuncular daha çox refleksiv funksiyaya  malik olub şəxsin özü haqqında danışarkən istifadə olunur. Türkcədən eyni sözün (“adam” sözünün) istifadə olunduğu cümlə-qəliblərdə isə bunun əksinə olaraq, başqa bir şəxs haqqında fikir söyləyərkən deyilir. Məsələn, “Adam o alanda büyük bir uzman”, “Adam bir günün içinde bütün servetini kayb etmiş” və s. Türkcənin təsiri ilə  haqqında danışdığımız sintaktik vahidin məhz bu funksiyada, yəni başqa bir şəxs haqqında fikir söylərkən işlənən forması Azərbaycan dilində get-gedə daha çox yayqınlaşmaqdadır. Hazırda  “Adam bunu demək istəyirmiş”, “Adam əməlli-başlı danışır azərbaycanca”  tipli cümlələr daha tez-tez eşidilməkdədir.

Nöqtə (lər) əvəzi...  

Son zamanlar türkcədən keçmiş dil vahidlərinin alınma mexanizminin araşdırılması göstərir ki, azərbaycancada fəal işlənməkdə olan türk söz və ifadələrinin, sintaktik vahidlərin bir çoxunun dilimizdə bənzər qarşılıqları, modelləri var. Başqa sözlə, türkcədən dil vahidləri alınarkən doğmalıq amili mühüm rol oynayır. Bundan əlavə, daha çox situasiyaya tətbiq edilə bilmə, məna rəngarəngliyi və çevikliyi, ifadə orijinallığı, avazdakı spesifiklik, bəzi məqamlardakı boşluqlar və digər amillər türkcədəki bu və ya digər vahidlərin işlənməsinə imkan verir. Əslində hər hansı  vahidin dilə keçməsinə və orada sabitləşməsinə eyni zamanda bir neçə amil təsir edə bilər. Yeniliyi dəstəkləyən, yaşadan əsas amil isə kollektiv rəğbətdir. Onun necə formalaşması və təsir göstərməsi isə artıq başqa mövzudur. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.