Məti Osmanoğlu - Günümüzün həqiqəti pritça dilində
22.09.15


Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” (“Azərbaycan”, N9, 2014) əsəri üzərində düşüncələr

Yaradıcılığının dan yerində - 1980-ci illərdə hələ “gənc şair” olan Zahid Sarıtorpaq ciddi sözün sorağına insanın “yıxılacağı yerin” axtarışı ilə gəlmişdi: “Bilmədik haraya yıxılacağımızı, bilsəyik ora qabaqcadan pərqu döşəyərdik və yaşayardıq arın-arxayın”. Arın-arxayın yaşaya bilməyib təxminən 30 il sürən bu axtarışı onu sarı çəpkənli dərdin görüntüsünü yaratmağa qədər gətirdi. “Dərdin sarı çəpkəni” şairin nəsr əsəridir. Əslində, onun nəsrə müraciət etməsi lap başlanğıcdan gözlənilən idi. Şeirdə nəsr texnikası ilə davranmağa çalışması, şeirin dilini nəzmdən uzaqlaşdırması onun yazılarına fərqli bir özünəməxsusluq gətirirdi (və gətirir). Yaşı əllidən keçəndən sonra, 2009-cu ildə işıq üzü görmüş ilk kitabı – “Üfürülmüş çırağın ruhu” isə şeirimizin dilinə nəsr nəfəsi, havası və intonasiyası gətirmək baxımından maraqlıdır, hər halda, müzakirə və mübahisə etmək üçün kifayət qədər əsas verir. Zahidin yaradıcılığının ən mühüm keyfiyyətlərindən biri elə budur: müzakirəyə və mübahisəyə açıq olması.
Üzərində müzakirə və mübahisə aparmaq üçün daha əhatəli material verən irihəcmli nəsr əsərini – “Dərdin sarı çəpkəni” romanını Zahid Sarıtorpaq kifayət qədər həyat və ədəbiyyat təcrübəsi qazanandan sonra – 2014-cü ilin sonunda tamamlayaraq oxuculara təqdim eləyib. Burada illərin, yaşın, təcrübənin xüsusi əhəmiyyəti olduğuna görə söhbətə tarixləri xatırlatmaqla başlamağı məqsədəuyğun bildim: Zahid romanda bu günümüzün – 2010-cu illərdə mövcud olan ictimai münasibətlərin düşüncələrdə və həyatda doğurduğu tərəddüdləri, yaşının yetkinlik dövrünü yaşayan insanın daxili dünyasını əvvəli və sonu görünməyən əbədiyyətin işığına tutmağa, ucsuz-bucaqsız, ölçüsüz zaman fonunda 2010-cu illərin insan mənzərəsini yaratmağa cəhd edib...
Müəllifin roman adlandırdığı “Dərdin sarı çəpkəni”, əslində, şeirlə nəsrin sintezindən yoğrulub yapılmış pritçadır, ibrət hekayəsidir. Əsər, içində olduğumuz zamanla (həm fiziki, həm də metafiziki), yaşadığımız dövrün gərdişi ilə insanın dünyaya gələndən onu gözləyən “yıxılacağı yer” arasındakı yolun qovuşmasını təsvir edir. Bu qovuşma isə zəncirvari suallar yaradır, ortaya baş hərləndirən dilemmalar qoyur: “...Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıb-sadalamaq, anşırıb-çözmək olmur.”
Məsələnin (həyatın və ya ictimai proseslərin də deyə bilərik) ən dramatik tərəfi də budur ki, zamanın burulğanına dalmış, vaxtın içində axan insan bəzən öz gördüklərinin reallığına, həqiqiliyinə inana, inandıqlarını qəbul eləyə bilmir. Müasirimiz insan – Zahid Sarıtorpağın bizə təqdim elədiyi, həyatda fəal mövqe tutmalı olan fərd, yaşı altmışı haqlamış Bulud müəllim dünyanı fərqli görür – ətrafındakı hər şey sarının içində üzür, hər şey ona eyni rəngin içindən baxır. Bu, pritçanın onu söyləyən üçün yaratdığı fürsətdir və mətn boyunca bundan eyham kimi istifadə olunur: birrəng üzüntü içində vurnuxan Bulud müəllim, düzünə qalsa, zamanın gərdişinin rənglərini itirib və ya qarışdırıb, kələfi dolaşıq salıb: “Bu məsələlərin gerçəkliyini götür-qoy etməkdə indi aciz qalmışam, heç bilmirəm ömrümün bu saralmış günləri necə gəlir, necə gedir və hara təpilir qırxayaq kimi...”
Həkimin Buludun xəstəliyinə qoyduğu diaqnoz və həmin diaqnozun gətirdiyi şans da günümüzün pritçadakı əks-sədası (yeri gəlmişkən, romanda “əks-səda” sözü bir neçə yerdə “qaytarış” kimi verilib və məncə, uğurlu alınıb, ancaq əsərdəki dialektizmlərin böyük bir qisminə yenidən baxmağa ehtiyac var), müəllif tərəfindən uydurulmuş ibrətli hekayəsidir: demə, gözünə sarı enməsi Bulud müəllim üçün böyük bir sərvət imiş: ilk dəfə bu xəstəliyi Yaponiyada keçirmiş milyoner bir qadın “dünyasını dəyişməmişdən öncə vəsiyyət edibmiş ki, xüsusi komissiyalar tərəfindən bir daha sağalmayacaqları elmi təsdiqini tapmış belə xəstələrin hər birinə, bir dəfə verilmək şərtilə üç milyon avro pul bağışlansın...”
Bu hadisə nə qədər təxəyyül məhsulu olsa, ənənəvi ədəbiyyatşünaslığın təbirincə, “qeyri-tipik” səslənsə belə (dünyada həmin xəstəliyə tutulan vur-tut yeddi adam varmış) müasir zəmanənin fərqinə varmadığımız mənzərələrindən birini sərgiləyir. Milyonların televiziya ekranları qarşısında nəfəsini tutub qumara qoyulan pulu (maşını) kimin udacağını gözlədiyi bir dünyanın həqiqətinə pritça məntiqi ilə yanaşma burada sadə, sadə olduğu qədər də müdrik bir sual doğurur: biri pulu  uddu, oldu milyoner – bəs sonra?
Məsələ bundadır ki, ömrünün çoxu, ən enerjili vaxtları qarışıq tarixi proseslərdən keçmiş Bulud müəllim zamanın ortasında, proseslərin qaynar yerində yaşasa da, “zəmanə adamı” ola bilməyənlərdəndir. Bununla belə, iradəsindən asılı olmayaraq zaman ona da öz “sığalını çəkib”, çirkabını bulaşdırıb, onu palaza bürünüb, el ilə sürünənlərdən edib: dərs dediyi texniki universitetdə düşəndən-düşənə tələbə cibinə girib rüşvət alır (baxmayaraq ki, işbaz “yuxarılar” tələbələrdən qopartdıqlarını dərhal qapazlayıb, ona “tulapayı” verirlər), onun da içində qəlbinin səsinə tabe olmayan pullanmaq həvəsi olub və var, o da fürsət düşəndə nəfsinin öhdəsindən gələ bilmir, ayağısürüşkənlik edir və s...
Kompozisiyası müəyyən qədər mürəkkəb olan əsərdə süjet və fabula, hadisələrin yerləşdirilməsi pritça texnikası ilə cərəyan elədiyinə görə keçiddən-keçidə, motivlərin ardıcıllığına və dəyişməsinə bədii əsaslandırma vermək də xeyli asanlaşır. Zahid Sarıtorpaq baş verən prosesin bədii təhlilini, psixoloji araşdırmasını aparmır, ictimai münasibətlərdə gedən proseslərin insanın mənəvi dünyasında yaratdığı sarsıntıların poetik yaddaşda əks-səda (qayıdış) verən cizgilərini canlandırır.
Əsərin başlanğıcında Buludun əyalətdə yaşayan qardaşı Umudun da pullanmaq şansı yaranır, təcili ucuz qiymətə torpaq və torpağın üstündə istirahət mərkəzi almaq üçün ona maddi dəstək lazım olur. Varlanmaq, iş qurmaq, pul qoyub pul götürmək  həvəsi Buludun vətəndən perik düşüb Moskvada bizneslə məşğul olan oğlunu ata-baba yurduna gətirir. Yeni zəmanənin yetirməsi ata-baba ocağına pul iyinə gəlir və məsələni dərhal həll eləyir. Ancaq qayıtmağı qeyri-adi olur: atasını özü ilə Moskvaya aparır ki, yapon qadının vəsiyyət elədiyi sərvətə sahib olmaq hüququ qazanması üçün Bulud tibbi komissiyadan keçsin.
Buluda, daha doğrusu, onun ailəsinə qismət olan üç milyon avro pul onların ocağına çatar-çatmaz “lənətə gəlmiş sərvətə” çevrilir (müasir iqtisadi ədəbiyyatda “lənətə gəlmiş sərvət” ifadəsi daha çox neft kapitalına aid edilir: düzgün idarə olunmayan sərvət cəmiyyətə fayda gətirmək əvəzinə, həlli mümkünsüz olan problemlər yaradır). “Havadan” gələn pul Bulud müəllimə və ailəsinə heç bir rahatlıq və xoşbəxtlik gətirmir. Ailə sərvətin girovuna çevrilir, pul münasibətlərdəki olan-qalan tarazlığı da onların əlndən alır. Buludun oğullarından biri islamçı qüvvələrə qoşulub Suriyaya müharibəyə gedir, o biri də onun adına köçürülən pulu qumara qoyur, qısa müddət içində altından girib üstündən çıxır və qumarxanada dostluq elədiyi bir qadına qoşulub Moskvadan Rumıniyaya gedir...
Elə buradaca mətnin məntiqindən doğan bir neçə məqamı ayırmağa ehtiyac görürəm:
•    birincisi, Bulud müəllim hələ formalaşmamış, ictmai psixologiyanı öz qanunlarına alışdırmamış kal, “vəhşi” kapitalizmin yad “ünsürüdür”, pul-para onun üçün siyasi iqtisad elminin buyurduğu “təkrar istehsal” vasitəsi deyil... Onun qənaətincə: “Pul kopoyoğlu şeydi! Pul hələm-hələm adamı adam eləmir, amma cinayətkar eləyir, dəyyus eləyir, oğraş eləyir...”
•    ikincisi, Bulud əsər boyunca şair olmadığına nə qədər təəssüflənsə belə, onun düşüncələri yazıçının istəyinə babe olmur. O, şair təbiətli insandır: dünyaya olduğu kimi yox, özünün yaratdığı kimi baxmağa meyllidir. Onun bu keyfiyyəti əsərin poetikasına da təsirsiz ötüşmür: şeirlərinin dili nəsrə tərəf “sürüşən” Zahid Sarıtorpağın nəsri də şeirdən qopa bilmir, mətn müəyyən məqamlarda oxucu ilə”şeir dilində” danışır.  
•    üçüncü və çox ciddi bir amil də var ki, Bulud müəllimin daxilində lap erkən tərəkəmə başlanğıcından gələn və dinin ülvi dəyərlərinə qovuşan imanı və inancı “vəhşi kapitalizm” dəyərləri və əxlaqı ilə bir araya gələ bilmir. Bulud müəllim şəriətin bütün qaydalarına əməl edən ortodoks müsəlman olmasa belə, səmimi iman və inanc sahibidir, Allahını tanıyan və sevən bəndədir. Əsərə pritça mahiyyəti qazandıran da elə onun bu kefiyyətləridir.
Buludun Moskvadan kəndə qayıdışı, gözlərinə əlac etdirmək üçün yaşlı bir qadından türkəçarə qəbul etməsi, onun məsləhəti ilə qüsl olunmaq, təmizlənmək üçün Qaynayan nohurun üstündə qurulmuş çiməcəyə getməsi, suyun kənarında gözlərinə şəfa olacaq sarı çəpkən çiçəyinin açılmasını gözləməsi və əsər boyu gördüyü yuxular onun daxilindəki təbəddülatları, fiziki ölüm və mənəvi dirilmə prosesini oxucunun gözləri qarşısında əyaniləşdirir.
Rus nəzəri fikrinin görkəmli nümayəndəsi Viktor Şklovski “Sənət üsul kimi” adlı məqaləsində yazırdı: “Sənətin məqsədi şeylərin tanınma duyğusunu deyil, görülmə duyğusunu yaratmaqdır; sənətin üsulu şeylərin “əyaniləşdirilməsi” üsuludur və dərk etmənin çətinliyini və müddətini artıran formanın çətinləşdirilməsi fəndidir. Beləliklə, sənətdə qavrama prosesi məqsəddir və uzadılmalıdır; sənət şeylərin yaranmasını yaşamaq üsuludur, əvvəldən yaradılmışların isə sənət üçün əhəmiyyəti yoxdur”.
Zahid Sarıtorpaq əsərdə vermək istədiyi həqiqətin dərk olunmasının çətinliyini və müddətini şüurlu şəkildə artırır, əzbərçi yanaşmadan imtina edir. O, dində və təsəvvüfdə xüsusi yer tutan, oxucuya tanış olan canın cisimdən ayrılmasını oxucuya yenidən tanıtmaq, yada salmaq yolu ilə getmir, bu prosesi canlandırmağa, oxucuya yaşaya-yaşaya dərk etdirməyə üstünlük verir.
“Üfürülmüş çırağın ruhu” kitabında maraqlı bir müəllif qeydi var. Zahid Sarıtorpaq yazır ki, üç dəfə öz kitabına ön söz yazmağa cəhd eləyib və “hər dəfə də intihardan öncə yazılmış məktuba bənzər bir şey alınıb”...
“Dərdin sarı çəpkəni” romanı insanın fiziki intiharından öncə düşündükləridir. Əsəri birrəng dünyadan ölümə doğru yol gedən insanın – Bulud müəllimin cismani dünyadan ayrılıb, rəngləri öz yerində olan mənəvi dünyaya köç üstündə söylədiyi etirafları kimi  oxumaq və qavramaq mümkündür. Zahidin yetkin bir söz adamı olaraq ustalığı bundadır ki, bu mücərrəd prosesi ürfan təfəkkürü (bunu yalnız din və təsəvvüflə məhdudlaşdırmaq olmaz) və pritça dili ilə əyaniləşdirməyə, görüntüyə və yaşantıya çevirməyə çalışıb və məncə, buna müvəffəq olub.  
Belə düşünürəm ki, Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” əsəri ədəbi ictimaiyyətdə də maraq oyadacaq və müasir ədəbiyyatımızın maraqlı bir hadisəsi kimi  layiq olduğu qiyməti alacaq.

/"Ədəbiyyat qəzeti"/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.