Hekayədə bədii struktur: Mübariz Örən təcrübəsi
23.09.15

Lalə HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Mübariz Örən ədəbi gündəmdə marağa səbəb olan, həm yazarlar, həm tənqidçilər tərəfindən birmənalı şəkildə tədqir edilən yazıçılardandır. Bir çoxları onun hekayələrinin, təhkiyəsinin fərqliliyini, ideya yazıçısı (S.Sahil) olduğunu vurğulayır, Kortasarla (C. Yusifli), Heminqueylə (F. Hüseyn) müqayisə edirlər.

Nuranə Nur, müəllifin ("Şirəli dildə yazılmış hekayələr") postmodern ədəbiyyata iddialı biri olduğunu qeyd edərək yazır: "... postmodern ədəbiyyat özündə "texniki post-modern" deyilən xüsusiyyət daşıyır ki, bu da əsərin strukturasında klassik əsər yazma ənənəsinin dekonstruksiyasıdır. Bu qənaəti isə dildən və dialektdən uğurla istifadə olunması yaradır". Zənnimizcə, M.Önərin yaradıcılığını postmodernizimlə deyil, realizmin modifikasiyaları ilə bağlamaq daha düzgün olardı.

Müəllifin fərqli strukturu, zaman məkan münasibətləri, koloritli dili, obrazları, detalların dəqiqliyi, müşahidə itiliyi ilə seçilən hekayələrində təfərrüatın təsviri üstələməsi baş vermir. Belə ki, bəzi hekayələrdə ("Skayp", "B"da başlayan iş" ) konflikt üzdən təsvir edilirsə, digər əsərlərində ("Ağ yel", "Oğru", "Balıq gülüşü") təhkiyə forması dəyişir. Süjet xəttinin dinamikası itir, konflikt daxildə cərəyan edilir. Diqqətin insanın hisslərinə, həyəcanlarına, psixoloji məqamlara yönəldiyi əsərlərin sonunda hadisələrin çözülməsi baş vermir. Çünki bu əsərlərdə sonluq deyil, bədii detallar vasitəsilə canlandırılan təsvir əsasdır. Bu detallar hekayələrin başlığında da yer alır: "Ağ yel", "Oğru", "Balıq gülüşü".

Bir-birindən fərqli olan bu hekayələrdə xiffət, tənhalıq, yadlıq, nisgil, işıq, başqa həyata adlamaq istəyi canlandırılır. Təhkiyənin mürəkkəbliyi, əlavə hekayətlərin (əsasən uşaqlıq ilə bağlı xatirələrin) əsas xətdə yer alması, dəqiqliyi ilə verilmiş portret təsvirlər ("Ölü yerində elə ciddi oturublar ... Üzləri tüklü, başlarında qara dimdikli papaq... Sərçə simə düzülüb elə bil") vasitəsilə bir kəndin toyu, yası, insanları ilə yanaşı ab-havasının da yer aldığı hekayələr əsasən müəyyən bir situasiya üzərində qurulur: "B"-da başlayan iş"də şəhərdən gələn qonaqlar üçün təşkil edilən məclis, "Oğru"da inəyin ölməsi, "Balıq gülüşündə" uşağın vaxtsız yuxulaması. Lakin burada hekayələrə xas epizodiklik yer almır. Müəllif bir situasiyadan çıxış edərək bir insan ömrünü, bəzən bütöv bir nəslin, obanın təsvirini yarada bilir, hər bir fraqment, bloklar özü özlüyündə əsərin bərabərhüquqlu hissələri kimi diqqəti cəlb edir. Obrazın öz semantik məzmunu aşması, metaforik, arxetipik anlam kəsb etməsi, təhkiyə strukturunun mürəkkəbləşməsi baş verir.

Kababçı Nərman bütün gecəni yata bilmir ("B"- da başlayan iş").  "Eynən o uzaq qış gecəsi kimi. Atası "Moskviç"i qapıya ilk dəfə gətirəndə də gecə səhərəcən yatmamışdı. Maşını qaranlığa etibar eləməmişdi". Nərmanın sevincinə səbəb başçının onun kababxanasına qonaqlar yollamasıdır. Yuxarıda verilən parçada onun vəziyyəti dəqiqliklə ifadə olunur. Bazara üz tutması, burdakı "çoxsəslilik", məclisə hazırlıq və nəhayət həmin məqam yetişir. Daha sonra onun narahatlığı və qonaqlardan məmnunluğu yer alır. Bir sözlə hadisələr öz axarınca davam edir. Qonaqların keflənməsi və "bu vaxt kafenin girəcəyində elə bir qəribə şəxs peyda olur ki...". Əsərin ümumi ahənginə əks olan bu şəxsin ("Yaxası boğazınacan düyməli olan bu qəribə adamın bir əlində yekə bir çamadan vardı; o saat bilinirdi ki, bu adam bura adamı deyil, hardansa çox uzaq, soyuq yerdən gəlib") bığı xüsusi qabardılır. "Təzə qonağın ağzının üstünə sanki iki ədəd iri, qapqara kök taxmışdın. Bığ cox azman, eyni zamanda illərdi bəslənmiş kimi görünürdü". Mühitlə uyuşmayan detal getdikcə pozulan düzəndə (Nərmanın qonaqları razı salmaq istəyi, aranın qarışacağından ehtiyatlanaraq yoldaşını tez evə yollaması) Nərmanın əzilməsinə imkan vermir. Onun gücsüzlüyü ("Nərman yaxınlaşıb "xoş gəldin" elədisə də, ürək eliyib əllə görüşmədi, elə bildi Xaliq gözüylə ona "məsafə saxla" deyir. Lakin qonaq Mərdana əl uzadıb boyuna yaraşmayan nazik səslə "Xoş gördük, ağsaqqal!" deyəndə Xaliq də şəstlə görüşdü"), cəsarət, mərdlik kimi keyfiyyətlərin məcmusu olaraq bığla qarşılaşdırılır. Bu mühitə yadlığı qabardılan qonaq, kefli insanların istehzasını cavabsız qoymır. "- Mamoğlu!- Vəssalam. Nərmanın ən çox qorxduğu şey baş verdi. Bircə bu təzə qonaq tez getsəydi. Deyəsən indi o özü də gəlməyinə peşmandı.-Mamoğlu!- pota irişə-irişə üzünü qonağa tutub bir də çağırdı. - Çamadanında satdıq bığın olar? ". "Hər şey elə sürətlə baş verdi ki. Qonaq kötüyün yanında oturmuşdu və Nərmanın qəməltisi kötüyə sancılı idi. O, qəməltini götürməyiynən onu Xaliqin sinəsinə saplamağı bir oldu . "B"-da başlayan iş artıq "ğ"-da bitmişdi". Müəllif detal vasitəsi ilə kişiliyin, "bığ"ın mütiliyini insandan uzaqlaşdırmağa çalışır.

"Oğru" hekayəsi vahiməli yuxu ilə başlayaraq, reallıqda da eyni pərişanlıqla davam edir. İnəyin ölümü, gəncin boğulub öləcəyi qorxusu - təhkiyə bu hadisə üzərində qurulur. Savalanın uşaqlığı, ailəsi haqqında xatırlamaları ilə hadisələr sanki inkişaf etmir, bir-birinin içinə gömülür. Yuxu, gözünə görünən ölmüş babası ilə bağlı hissələr onun bu məkana münasibətini ortaya qoyur. Bu "yulğunluq" heç kim üçün Vətən ola bilmir. Özü də daim buranı tərk etmək istəyi ilə yaşayır, lakin ailənin lənəti ondan da yan keçmir. Doğma elindən aralı düşüb Məcid babasına qoşulub bu məkanlara gəlib çıxan Vilma nənənin hekayəti, babası Məcidin əsir həyatının nəqli, atasının ölümü - nəslin üç nümayəndəsinin taleyi təsvir edilir.Onları birləşdirən məqam bu məkanı tərk edə bilməmələridir. Səbəblər müxtəlifdir, lakin nəticə eynidir. Babası burada torpağa basdırılıb, Vilma da özünə onun yanında yer saxladır, özü də həmən məkanda torpağa qovuşur.

Hekayədə faciəvi dramatik vəziyyətlə yanaşı komik situasiya da yer alır: "Vaxt olub ki, özü də gülüb içində atasına, - ar -ağrından". Zaman keçdikcə həmin situasiya onun özü və artıq həyatı dərk edən ətrafı tərəfindən traqik məqama çevrilir. "Göyərçinlərin qarğışı tutub bu nəsli, deyirdilər, hamısının boynu qırılıb ölür".

Dünyadan köçmüş babasının, özünün ölmüş halda gözünə görünməsi və sonda qarabasmanın gerçəkləşməsi baş verir. Uzaqda közərən mistik bir işıq belə, "dərk edib qavraya bilmədiyi bir işıq, səs aparırdı onu..." köməyinə çatmır. Bu qapalı dairədən çıxmaq ona nəsib olmur, lənətdən qurtula bilmir. Günahsız qurbana çevrilərək, özünün deyil, atasının günahlarının ağırlığı altında yaşamaq və ölmək nəsibi olur.

"Skayp" hekayəsində isə nasosun yoxluğu səbəbindən yerindən yurdundan olan kənd camaatının həyatında yeni texnikanın inkişafı ilə baş verən dəyişikliklər təsvir edilir. Radioda səslənən "günün səsi" kəlməsini düzgün eşidə bilməyib mübahisə edən və ölümü də radionun sınması ilə bağlı olan İsti baba ilə Səkinə qarının mübahisəsi refren olaraq təkrarlanır. "A səni yanasan, gülüm səsi!" "A kişi, vallah gün hissəsi...". "O yazıq deyib gülüm səsi", dirəşmisən ki, "yox, gün hissəsi" .

İlk olaraq radionun kənddə doğurduğu əhval-ruhiyyə, nasos stansiyasında "dar basırıq yerdə" yaşayıb oradan da basdırılmasını istəyən Eyvaz kişi, skaypdan ayrılmayan bibi, onun ətrafına yığılan qohumlar... Texnika vasitəsilə eyniləşən məkan və zaman, hamı tərəfindən qınaq obyektinə çevrilən Məhi və yenidən hadisələrin düyünə düşməsinə səbəb olan "günün səsi və gülüm səsi" mübahisəsi, bu dəfə də kompyuterin sınmasına səbəb olur. Yenilənən texnika müstəvisində dəyişməyən insani münasibətlər yer alır.

Müəllifin "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsində isə balaca bir oğlanın, "yaşını soruşsan, bir əlini tam açardı, o birinin bir barmağını", həyatında maraqlı bir metamorfoza baş verir: "Bir günü arada salıb itirib o, əvəzində özündən gün qoparıb; bir gündə iki gün yaşayıb, bir gün artıq yaşayıb. İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb, -bu qazancın anasına heç bir xeyri olmasa da,-özü tapıb. Bu onun ilk qazancıdı. Deməli yekəlib o. Böyüyüb!". Balaca yuxudan ayılanda səhər olduğunu zənn edir. Adətən erkəndən baş verən olayları xatırlayır, anasının onu oyatmadığına təəccüblənir. Xəyalən gündəlik yaşadığı hadisələri, hissləri canlandırır. Anasının əziyyətini azaldaraq ona dayaq olmaq arzusu ilə yaşayan uşaq yuxudan ayıldıqda mütləq günəşi tapmalı olduğunu düşünür. İddillik bir məkan canladırılır: "ağ çiçəkli akasiya ilə baş-başa vermiş tutun üstü sığırcınla dolu... " (sığırçın isə, bəlli olduğu kimi, yeni xəbər carcısıdır). Hələ ki, balaca qəhrəman bu dünyanın bir parçası, günəşi belə "rahatladacaq" biridir. "Əyilib yerdən bir daş götürdü, sığırçınlara sarı atdı. Hovuzun üstündəki ləyənə güclə çatdı daş. Danqıltıya sığırçınlar qopdu tutun başından. Səslərini də götürüb getdilər. Bir əsim külək qaldı onlardan. Bir də ağacın yamyaşıl, sıx yarpaqları arasından ona gülümsəyən günəş, - rahatlandı".

Ananın dilindən səslənən "Axı sən evin kişisisən...", özünün "heyif ki, yekə deyildi", "Bircə tez böyüsəydi. Özü işləsəydi,-...." ifadələri balacanın "böyümək", anasının təkliyinə, çarəsizliyinə ("Bəxti qurbanın olum,-anası yalvarıb ləliyir hər gün,-özünüzə su gətirəndə bizim də qapıya ötür noolar. İstidən quruyub yanır əkin") son qoymaq istəyini ifadə edir.

"Üç nöqtələr"lə bir-birindən ayrılan fraqmentlərdən ibarət hekayədə balaca oğlanın hissləri, yaşantıları, arzuları yer alır. Məkanı dəyişməklə, köhnə qapıdan keçməklə "Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü!". Bu cümlə "hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır, işarələr bir-bir yox topayla gəlir"(C.Yusifli). Bu məqamdan sonra birinci məkanda baş verən hadisələrə, günahsızlıqdan fərqli, rasional baxış yer alır. Atasızlıq, çətin həyat tərzi sıxıntısından azad olub sərbəst həyata, böyük istəklə həyatın "o biri üzünə" adlama təsvir olunur. Birinci və ikinci hissələrin qarşılaşdırılması təsvirdə də özünü göstərir. İkinci hissədə idillik yanaşma, uşaqlıq-günahsızlıq kimi arxetipik yanaşma aradan qalxır. "Qarğının dalınca sevincək uçan" yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinən", "imdad diləcəyindən hələ xəbərsiz... körpə uşaq təki" sevinən balığın gülüşü bu ilkinliyin obrazlı tapıntısı olaraq cox uğurludur. "Damağını, ağzını dağıdıb cıran itiuc dəmir qarmağın məhz insanların icad etdiyindən" xəbərsiz balıqla bağlı yaddaşında oyanan hadisə əslində Adəmlə Həvvanın cənnətdən qovulması məqamını ehtiva edir. Günahsızlıqdan, uşaq məsumiyyətindən günah, təəssüf, aldanışla dolu şüurlu həyata keçidin təsvirinə nail olmaq üçün müəllif, dəqiq detallardan istifadə edir. Bu detallar vəziyyətdən vəziyyətə keçərək təhkiyənin tamamlanmasına imkan yaradır. "Qarnı ağ-gümüşü, beli göy- qara, şüşə gözlü xırda qanadcıqlı" balıq və tamamilə fərqli bir passaj, balıqsatan kişinin anasının "balıq bədəninə, ... ağ döşlərinə necə hərisliklə baxdığını "tutdu". "Bircə atası tez gəlsəydi ... İndi ona elə gəlirdi ki, kimsə onun da anasının çeçələ barmağından tutub hansısa daldaya, qalınlığa çəkə bilər". Lakin o qorxularının əlində əsir qalmır: "Əşi, cəhənnəm olsun Bəxti də, onun velsebeti də! Ta o uşaq deyil ki, velsebet oynada. Yekə kişidi!..Heç atası da gəlmir, gəlməsin bunnan sora,- o yekələndən sonra, -neynir atasını...". İkinci hissədə artıq birinci hissədə yer alan detallar mənfi çalarla təkrarlanır. Bir gün qazanan oğlan ömrünün mələk (uşaqlıq) dövründən insan dövrünə adlayır. Ətrafı onun daxilindəki təlatümlərdən uzaq olsa da, böyüdüyünü fiziki hal olaraq anası belə qəbul edir. Daxilən "böyüməsi" isə yalnız özünə aydındır.

Konkretliyin qeyri-müəyyənliklə, reallığın sonsuzluqla paralel olaraq verilməsi müəllifin "Ağ yel" hekayəsində "ilğım" effekti yaradaraq fərqli formada təqdim olunur. Gəncin yola çıxmaqda məqsədi aydın olsa da, "bura hansısa dördyol idi..." ifadəsi ilə məchulluğa işarə edilir. "Qızılı rəng atın belində saçı günəşdən yanmış qayış bədənli" oğlanın təsviri nağıl qəhrəmanlarını xatırlatsa da, o, real insan olaraq canlanır. "Kəhər atlı kürən" çatan kimi siqaret istəyir. "Biz heyrətlə bir-birimizə baxdıq..." cümləsində təəccübə səbəb reallaşmış nağıl qəhrəmanı deyil, unutmuş olduqları siqaretdir. "İlğım" effekti həm üslubda, həm obrazlarda gözlənilir. Siqaret, kibrit cöpü də ilğım, qığılcımla bağlı obrazlar olaraq verilir, insanın odla ilk rəftarına işarə olaraq canlanır. Şəmşirlə bir-birlərini ilk dəfə siqaret cəkən görmələri daha öncəki xatirələrə dalmalarına səbəb olur, "Ağ yel" detal olaraq hadisələri fərqli çözümə yönləndirir. "Ağ yel! Bu hardan düşdü yadıma? Axı əsməyə başlayan bu xəfif mehin ağ, məhz ağ olması hardan ağlıma gəlmişdi? Sanki əsən yelin şəffaflığından görünən hər şey bir anda dəyişmişdi; dibsiz, nəhayətsiz göy səma altında bərqərar, beli şum görməmiş yararsız, boz, qoynu göytikanlı, yelqovanlı, yovşanlı... yallar, yamaclar indi qəhqəhə çəkib bizə gülürdü, "nahaq bizə belə baxırsan, ey ölümlü, zavallı İnsan, biz varıq, yaşayırıq, rahatıq, əbədiyik" deyirdi. Sanki özündən daha çox tanıdığın, inandığın, insanın gözlərindən ani keçən soyuqluğu... tutursan və o, oğurluq etmiş kimi baxışlarını qaçırmağa çalışır, amma... artıq gecdir. Sanki dünya dediyin bu varlıq sənə qarşı durur, yoğun, yad səslə: "Mənə çox bel bağlama, mən faniyəm"- deyir. Bu hiss çox dəhşətli, tükürpədicidir; ən ağır anlarında özünə mərhəm saydığın adamın sənə boz üz göstərməsi. Üzünə ağ olması... Ağ! Məhz ağ!".

Bir tərəfdən gerçək reallıq, pambıq yığımının başlaması ilə dərs prosesinin pozulması və dərsdən ayrılmaması üçün babasıgilə, ucqar rayona göndərilən gənc, şəraitlə razılaşmayıb öz istəyi ilə hərəkət edən insanı simvolizə edir. Bədii detal gerçəkliyin deformasiyası, hadisələrin lokallıqdan çıxıb irreal müstəviyə yönlənməsini istiqamətləndirir. Obraz konkretlikdən çıxaraq ideya daşıyıcısına çevrilir. Gənc ailəsi, doğma kəndi üçün möhkəm darıxır, öz həmkəndlilərini xatırlayır. Refren olaraq təkrarlanan "Ərzurumun gədiyinə varanda ..." misraları şəraitlə hesablaşmadan "ümid , eyni zamanda qeyri müəyyənliklə dolu " yolun yolçularını düşündürür. Lakin gənc yolu başa vurmaq əzmindədir. Səhvini anlasa da, məğlubiyyətini dərk etmək istəmir. "Dərəli, təpəli bu torpaq "rels" hara aparırdı bizi? Göz işlədikcə uzanan bu "riyazi bərabərlik" nəyi nəyə bərabər edirdi? -torpaq yolla birləşən yollar eyni statuslu olur..." .

Metaforik üslub "yola çıxan qoyun-quzu sapdan dağılan mürvaritək yamaca səpələndi. Dalınca qızılı rəng atın belində saçı günəşdən yanmış qayış bədənli bir oğlan ", "qara kəlağayılı, qara donlu arvadlar əlləri başında, topa-topa qara buluda dönüb içəri axdılar" kimi ifadələr təsvirin canlanmasına səbəb olur. Ağ yel həyatın faniliyini, insanın gücsüzlüyünü ifadə edir.

Göründüyü kimi, hekayələrin təhlili M.Örənin əsərlərinin bədii struktur baxımından fərqliliyini ortaya qoyur. Qısa yaradıcılıq yolu ərzində yazılmış hekayələr, intensiv yaradıcılıq axtarışlarından xəbər verir. Müəllifin əsərlərində mifoloji süjetə keçidlər, yönlənmələr də yer alır. "Qar tanrısı" hekayəsində bu konteks genişləndirilir; mətndə yunan qızı, alma, Arqonavtlar kimi mifdən gəlmə obrazlar da daxil edilir. Klassik və yeni ənənin sintezinə cəhd yazıçının özünəməxsus yaradıcılıq axtarışlarının göstəricisidir.

/525-ci qəzet/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.