Qurban Bayramov - Müasir Azərbaycan nəsrində feminizm
23.09.15

Aavanqard.net tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun yazıçı Rəhim Əliyevin "Zülmətdə çəhrayı" hekayələr kitabı haqqında məqaləsini təqdim edir.


Və yaxud professor Rəhim Əliyev neorealist yazıçı obrazında


                                                                                                           
"Sevgi abır-həya, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.  ...Bədbəxtliyi dadmadan xoşbəxt olmaq istəyirsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən. ...Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir? ...Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram."  (Ziqmund Freyd)

"Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də!" (P. Koelho)

"Sevən qadının fədakarlığı ölçüyə gəlmir." (Alfons Dode)

    Müasir yazıçılar, qələm camaatı oxucu qıtlığından şikayət edirlər! Amma, baxin görək biz özümüz nə dərəcədə bir-birimizi oxuyuruq!? Bir yerdə işləyirik, müasmirələrdə görüşürük, hətta badələr toqquşdurub, sağlıqlar deyirik, boğazımızdan kəsib nəşr etdirdiyimiz, qonanarsız, qələm haqqısız kitablarımızı mübadilə edirik, məqalələrimizi mübarək imzalarımızla mətbuatda görürük, amma oxumuruq... Amma, bir-birimizi oxumuruq! “Oxusaq” da susuruq, dilə gətirmirik, yüngülməcaz təbriklə keçinirik!  Xarici ədəbiyyatı (istər klassikanı, istərsə də müasir) mütailəmizi az qala bir-birimizin gözünə təkəbbürlə soxur, özümüzü oxumuş, çoxbilmiş kimi göstəririk, amma biz niyə bir-birimizi oxumuruq! Bir-birimizə qələm dostu deyirik, amma bir-birimiz barəsində yazılı bir cümləlik mətləb də olsa yadigarımız yoxdur! Niyə?  Bu sual-dilemma məni həmişə düşündürür!..  Bu sual ətrafında düşünə-düşünə, vaxtilə Rəhim Əliyevin oxuduğum və həddindən çox xoşuma gələn, “Ədəbi ilin yekunları”na həsr etdiyim icmalda da təqdir etdiyim “Xoruzun oğlu” hekayəsi yadıma düşdü və Rəhimin mənə verdiyi hekayələrdən ibarət kitabını (Əliyev R."Zülmətdə çəhrayı", Bakı, Alatoran yayınları, 2014, - 300 s.) götürüb vərəqlədim, o tərəf, bu tərəfinə baxdım və bir də gördüm ki, kitabı oxuyub qutarmışam, həm də yüksək dərəcədə feyz almışam!.. İçimdə böyük təbəddülat yaranıb!..

                                                                       ***   ***  ***

    Əliyev Rəhim Nadir oğlu - tənqidçi, nasir, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1996). Çoxdan tanıyıram, lap iki əsrdir ki, var - XX-XXI əsrlər...
    Bakı şəhərinin yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur, özü deyir ki, mən səcərə etibarilə rimliyanam, yəni Sizlərdən deyiləm, Romalıyam... Bu sözlərində həqiqətə yaxın nəsə var! Görünüşündə, davranışında, danışığında, düşüncə tərzində, müraciət elədiyi mövzuların şərhində, həyata, məişətə münasibətində də bu aşkar (örtülü yox!!) hiss olunur. Məsələn, bir də görürsən ki, Rəhim dedi ki, İmadəddin Nəsimi  müsəlman deyil, xristian olmağa daha yaxındır! Di gəl, "qancıq eşşəyi palçıqdan çıxar və ya çaydan keçir!"
   Bakıda təhsil almış, bu günə qədər  də burada yaşamışdır. Əslən şəhərlidir, şəhər adamıdır! Bunu ona görə yazıram ki, mətləbə dəxli var, yoxsa nəyimə lazımdır!..
  Filoloji təhsil almışdır - ADU-nun filologiya fakültəsində. Y.Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra dövri mətbuatda ədəbi-tənqidi məqalələri vaxtaşırı çıxır. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975-1976), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1976-1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978-1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olmuşdur (1988-1991).
Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir (1990-1991), C.Cabbarlı fondunun sədri seçilmişdir (1994-cü ildən). "1970-ci illər lirikasının inkişaf meylləri" mövzusunda namizədlik (1983), "C.Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə etmişdir. Azərbaycanda 90-cı illər xalq hərəkatı dövründə ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş məqalələrlə çıxış etmişdir. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisidir (1996-cı ildən). Ədəbi tənqid, nəsr və publisistika ilə məşğul olur. 2001-ci ildən türkdilli hürufi mətnlərinin tədqiqi ilə məşğuldur. "Ədəbiyyat nəzəriyyəsi" kitabında dilin yazıdan törəmə olması barədə nəzəriyyə irəli sürmüşdür. Bu kitabda sözün semiotik işarə nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinə də tətbiq edilir.
 Bunları qeyd etməkdə məqsədim budur ki, bildirim ki, Rəhim Əliyev təpədən-dırnağa ədəbiyyat adamıdır, ədəbiyyatın bilicisidir və zəngin filoloji, həm də həyati təcrübəsi var...  Müasir ədəbi mühitdə məxsusi və mötəbər söz, mövqe adamıdır! Məncə bunlar ictimai rezonans üçün kifayətdir, məncə, elə ədəbi rezüme üçün də. Söhbət ədəbi proseslə nəfəs alan, yaşayan, ömrünü ədəbiyyata, sözə  çevirən və ədəbi mühitdə "Ədib" deyə çağrılan qələm adamından  gedir... Bunları da ona görə yazıram ki, bunların da mətləbə dəxli var, yoxsa nəyimə lazımdır!..
   Ömründə bircə kərən Bakıdan kənarda yaşamağa məcbur olmuş - 1973-1975-ci illərdə Sovet ordusunda zabit rütbəsində moto-piyada hissəsində hərbi qulluqda olmuşdur, deyəsən o vaxtkı Ermənistan tərəflərdə və buradakı Siranuşla baş verən sevgi macəralarına "Öpüş" adında hekayə də həsr etmişdir, insafən yaxşı hekayədir, təbii, maraqlı, oxunaqlı... Sözü ki, hekayədən saldım, bu yazımda Rəhim Əliyevin yazıçılığından söhbət açmaq istəyirəm, daha doğrusu yazıçı Rəhim Əliyevdən! İlk dəfə onun "Xoruzun oğlu" (19...) hekayəini oxumuşdum, xoşuma gəlmişdi, bir-iki cümlə ilə ədəbi ilin icmalında münasibətimi də bildirmişdim! "Göndərilməmiş teleqram"  (1984), "Bütövlənməyən borc" (1996), "Zülmətdə çəhrayı" (2014) nəsr kitablarının müəllifidir. Başlıca olaraq hekayə janrında yazır. Povest və romanı da var!... Bunları da ona görə dedim  ki, bunların da mətləbə dəxli var, yoxsa nəyimə lazımdır!..

                                                           ***   ***  ***
     Alman filosofu Nitsşe yazır: “Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin...”. Nitsşe XIX əsrdə yaşayıb. Amma bu gün də, elə indi də Rəhimin nəsrini  oxuduqca aforizmin dəqiqliyinə, yerində deyilməsinə heyrətlənməyə bilmirsən. Eyni zamanda, fikrimdə Rəhimin yaradıcılığına kiçik bir ekskurs edib düşünürəm ki, deyəsən, axı bu fikir onun da əsas ideyası, qayəsidi. Həqiqəti yazmaq, amma elə yazmaq ki, sənət olsun, oxucunu “öldürməsin”.
   Maksim Qorkinin ifadəsidir : ”Ədəbiyyat insanşünaslıq deməkdir!” Yadımdan çıxıb, deyəsən sovet dönəmində bir “İnsanşünaslıq” (“İctimaiyyət” fənninin bölməsi təkin) dərs də tədris edilirdi! İndi nə cəmiyyət öyrənilir, nə də insan! Hər cürə “şünaslıq” var, təkcə ən vacib olan, “cəmiyyətşünaslıq”la, “insanşünaslıq” buxarlanıb, yoxa çıxıb, defisitə çevrilib! Məncə Rəhimin yaradıcılığında bütün ədəbi-bədii priyomlar, təsvirlər, hadisələr, əhvalatlar ancaq cəmiyyət içindəki insanı reorealist çılpaqlıqla göstərməyə xidmət edir və onun qəhrəmanları, beləliklə, fərdiyyətlə birgə ictimai funksiya kəsb etmiş olur.
    Və qəhrəmanını o qədər real yazır ki, bəzən hadisələrin axını yazıçının nəzarətindən çıxa da bilir. Ümumiyyətlə, Rəhim yazdığı hadisəni, əhvalatı, situasiyaları həyatın öz ixtiyarına buraxır, yazıçı nəzarətini o qədər də xoşlamır! Bu o demək deyil ki, Rəhim faktoqrafdır! Yox, sadəcə o yüksək dərəcədə həssas estetikdir, duyumu-fikri mütəfəkkiranədir və bilir ki, gerçəkdən hansı cövhəri götürmək lazımdır və onu götürüb qoyur "vərəq-nimçəyə", təqdim edir müştərisinə! Rəhimin bir yazıçı kimi öz oxucu-müştərisi var! Kütləvi oxucu ona lazım olmur!
   "Zülmətdə çəhrayı" (Bakı, "Altoran yayınları", 2014, 300 s.) kitabı qarşımdadır. Rəhimin əvəlki kitabları qədər, bu kutabını da maraqla oxudum. Karandaşla səhfəkənarı qeydlərim qalaq-qalaqdır. Təkcə onları yazsam böyük bir məqalə alınar...  Amma nəyimə lazımdır demirəm! Amma onu deyirəm ki, nasir Rəhim Əliyevin bu kitabına onun müxtəlif illərdə yazdığı, "Ədəbiyyat", "525-ci qəzet"də, kitablarında, başqa məcmuələrdə, dərgilərdə dərc olunmuş hekayələri daxil edilmişdir. 
      Bu əsərlərin əsas qəhrəmanları müxtəlif taleli, insana layiq həyata, özünütəstiqə çalışan və müxtəlif sosial zümrələrdən olan, şəhərdə yaşayanvə ya şəhərdə yaşamağa məcbur olan müasir qadınlardır. Onlar dədə-baba adətləri ilə azad, sərbəst həyat, şüuraltı psixoloji-şəhvani yaşantılarla qəbul edilmiş əxlaq kanonları arasında çətin, ağrıdıcı seçim edir, öz zorla da olsa, "əxlaq" kanonlarına zidd olsa da, həyatdan  xoşbəxtlik paylarıni almağa  can atırlar... Bu qadınlar elə bil, düçar olduqları fəci tale əvəzinə həyatdan heyif çıxırlar, ya da bu yolla həyatdan kam alırlar... Bu da onların insani haqlarıdır...
    Sosial-psixoloji düşüncəmizin, dolanışığın, məişətin ziqzaqları, təlabatları, qüsurları, psixoloji sarsıntılar onların talelərini istiqamətləndirir... Lakin bu hekayələrdə müəllifin dərin rəğbəti bu çətin, əxlaqi kanonlara sığmayan talelər yaşamağa məcbur olan bu qadınların tərəfindədir; çünki məhz onlar hansı yolla olursa-olsun daşlaşmış məngənədən çıxmağa, mühitin onlara münasibətindən asılı olmayaraq, qismən olsa da azad, sərbəst şəxsiyyət olmağa can atırlar... Bunu onlara bu yolu seçməyə məcbur edən mühitin özüdür...
  Neorealist yazıçı Rəhim Əliyevin qadın qəhrəmanları, əslində feministdirlər. Bu obraz, yəni feminist qadın obrazı bizim muasir nəsrimizin nadir və tam yeni obrazıdır. Bu obrazın işartıları 60-cı illər nəsrində tək-tük, örtülü şəkildə görsəndi, amma postmodern ədəbiyyatda ədəbi hadisə xəttini qazandı...
   Feminizm qadın şıltaqlığı deyil, qadının sosial-psixoloji üsyanıdır, bərabərlik, sərbəstlik, mənəvi-əxlaqi azadlıq hüququdur, cəmiyyətdə bir fərd olaraq üstünlük qazanmaq iddiasıdır... Rəhimin qadın obrazları "Mən zəif deyiləm, mən zərifəm! Lakin mənim bu zərifliyimdə bir polad tellər əzmi var!" idealı istiqamətində yaşamaq iddiasındadılar!
     Yazıçı Rəhimin ədəbi konsepsiyasında  "qadın daxilən azad deyilsə, fiziki azadlıq onu rahat və xoşbəxt edə bilməz!" ideyası aparıcıdır.   Rəhim bu mövzuda yazdığı əsərlərin mərkəzindən bu keçir: "Qadın da insandır, insana azadlıq, azad  fikirləşmək, azad (şüurlu) hərəkət etmək, öz sözünü demək lazımdır! Qadın azadlığı, İlk növbədə düsuncə azadlığıdır;  Qadın azad olmalıdır... Qadın ruhən azad olmalıdır. Təmiz düşünə bilməli, qərarlı addım atmağı bacarmalıdır. Bəzən qadınlar azadlıqla əxlaq yüngüllüyünü ayırd edə, fərqləndirə bilməlidirlər... Bəzi qadınlar düşünür ki, azadlıq heç kimə hesab verməmək, istədiyi kimi geyinmək, istədiyi addımı atmaq deməkdir...  Facıə də buradan başlayır...  Qadın üçün azadlıq yersiz qadağaların, cinsiyyəti üzündən cəmiyyətdə ona qoyulan maneələrin olmamasıdır; Ruhun azad deyilsə... azad ola bilməzsən! Vəssəlam!.."
   Rəhimin qadın obrazlarının əksəriyyətinin qəlbindən keçəni ümumiləşdirsək, onların dilindən bunu eşidə bilərsən: "Şəxsən mənim üçün azadlıq, ruhumun azadlığı deməkdir. Sevdiyim insana inanmaq, güvənmək və öz hisslərimi ona açanda mənim sarı simimdə qəddarcasına çalmamaq və yaralarımı qanatmamaq deməkdir. Əgər mən insanı ürəkdən sevirəmsə, azadam. Sevdiyim insana inanıramsa, ürəyimi, hisslərimi ona etibar edirəmsə, azadam. Mənim üçün azadlıq hisslərimin və ruhumun azadlığıdır!.."
    Əslində bu hekayələrin qəhrəmanları müxtəlif yollarla (bu yol təqdir edildi-edilmədi)  sosial mühitə qarşı etiraz edir, mübarizə aparırlar... Müəllif qadın həyatına fantasqarmonik bucaqdan yox, neorealist bucaqdan, həyatın çılpaq həqiqətləri fonunda baxır və bu baxışda onun femina dünyasına romantik bir məhəbbəti, sonsuz, qırılmaz bir rəğbəti də hiss olunur. Çünki müəllifə görə sosial həyatda düşdüyü məqamdan asılı olmayaraq həyatımızda yaxşı nə varsa  qadınlıqın dözümlülüyü, cəfakeşliliyi, gücü, tükənməz məhəbbəti ilə bağlıdır, hətta bu məhəbbət nifrətə çevriləndə belə məhəbbətdən olur...
    Bu hekayələrdə, həm də, mənəvi-əxlaqi deqradasiyadan, psixoloji komplekslərdən irəli gələn, yaranan qadın əzabının nikbinliklə haşiyələnən bədii lövhələri var... Hətta bu lövhələr neorealizm üslubunda təqdim edilən obrazların düşüncə və hislərində xəstəlik səviyyəsində melanxolik rəftara çevrilir... İlk baxışda adama elə gəlir ki, Rəhim bədii yaradıcılığına ciddi yanaşmır, hekayələrini məzə üçün yazır... Amma bu hekayələrdə qədərsiz bir insani hərarət, səmimiyyət var. Bu da onların həyatiliyindən irəli gəlir!!
    Rəhimin özünəməxsus nəsr qaydaları var! Ənənəvi qaydalara görə onun da nəsrinin bitgin süjeti, fabulası, xarakterlərin özünəməxsusluğu, obrazlarının insana xas mənfi və müsbət cəhətləri, çatışan və çatışmayan tərəfləri, hər bir adamı onun öz dilində danışdırmaq, oxucunu intizarda saxlamaq və çox vaxt da heyrətləndirmək, bəzən çaşdırmaq, ən başlıcası isə, həmişə düşündürmək, duyğulandırmaq, həyəcanlandırmaq tərəfləri əlahiddə bir şəkildə mövcuddur! 
    Amma!.. Amma bütün bunları nəzəriyyəçi - alim Rəhim Əliyev yox, yazıçı Rəhim Əliyev düşünərəkdən etmir, sərbəst şəkildə ilham atının cilovunu buraxır, neorealist üslubun axarınca kəhərini dördnala çapır, həyat həqiqətlərinə məşşatəlik eləmir! Halbu ki, sənətdə bunların özü də olduqca məqbuldur və təkcə Rəhimin üslubuna xas cəhət deyil...
    Rəhim bir ədib kimi İnsan xarakterinin, xislətinin müxtəlif situasiyalarda üzə çıxan tərəfini, onun fərqli həyat hadisələrindən içində yığılan kini, nifrəti, ağrını, həzzi, ani sevinci, bir anlıq xoşbəxtliyi və həkaza, kompleksləri göstərmək üçün müxtəlif priyomlardan, psixoloji məqamlardan bacarıqla istifadə edir; daha doğrusu, bunları görə, seçə bilir və yazısına gətirir! Ona görə də, onun obrazlarının yaşantıları, duyğuları, iztirabları, psixoloji məqamları, hətta fizioloji təlabatları belə, oxucuya təbii görsənir,  səmimiyyəti, həyatiliyi ilə inandırır və haradasa özün də həmin duyğular aləminə düşürsən...
   Rəhimin mövzuları da, qəhrəmanları da müasirdir, şəhər mühitində gündəlik raslaşdığımız, həyatımızın bir parçasına çevrilən, yaxud bir yerdə işlədiyimiz, bir yerdə yaşadığımız insanlardır, qonşulardır, məhlə adamlarıdır, aşkarda, gizlində gördüklərimizdir, görüşdüklərimizdir... Adi, sadə, öz ömürlərini yaşayan şəhərli, Abşeronlu – Ramanalı, Dağlı məhəlləli insanlardır!..
   Rəhim Əliyevin qəhrəmanları ictimai mühitin yüklədiyi bu boyda yükə, fərqliliyə, başqalığa dözmək mümkünsüzlüyünün dözməmək mümkünlüyünü yaşayan qəhrəmanlardır! Təbiətin onlara verdiyi, sonralar insanların, mühitin alışdırdığı, alovlandırdığı, dərinləşdirdiyi əbədi bir bəla ilə yaşamaq onlara çətindir!.. Bu qəhramanlar qətiyyən bununla razılaşmırlar. Onlar müxtəlif taleli, insana layiq həyatla yaşamaq haqqını bilən, və özlərini şəxsiyyət kimi, adam kimi dərk etmək istəyən qəhrəmanlardır və nəyin bahasına olursa-olsun bu yaşamaq haqqına qovuşmaq üçün, sözün əsil mənasında mübarizə aparırlar!
   Bu mübarizə inqilabi mübarizə deyil, insani, mənəvi, psixoloji, ruhi, real həyat yaşamlı mübarizədir... Başqa sözlə desək, onlar dədə-baba adətləri ilə yaşamaq istəmirlər! Əxlaq, namusgirlik adı altında kişilər tərəfdən onların mənəviyyatına vurulmuş qandaldan xilas olmağa çalışırlar!  Təkrar deyirəm, azad, sərbəst həyat, şüuraltı duyğular və istəklə süni əxlaq arasında cətin seçim axtarırlar, onları məngənəyə salan mühitdən xilas olaraq öz xoşbəxtlik paylarını almağa can atırlar...
   Xeyir də, şər də bu insanlarda birləşir və bu gerçək insan taleləri qısa, lakonik tərzdə hekayələşir.  Mövzusu nə qədər çoxşaxəli, dərin olsa da, yazıçı hadisələri “sürətlə”, dinamik şəkildə izləyir, bir romanlıq mətləbi kiçik bir hekayəyə sığışdırır, oxucunu uzun təhkiyələrlə, artıq təsvirlərlə yormur, qısa, amma eyni zamanda hədəfə dəqiq vuran fikirlərlə, ifadələrlə mahiyyəti, mənanı yüksək emosionallıqla, psixoloji yaşantılarla təqdim edir. Əsər elə maraqlı olur ki, oxucu özünü hadisələrin iştirakçısı hesab edir. Dediyim kimi, həm də bunlar müasir, çağdaş oxucunun zövqünə uyğunluğundan, istədiklərini göstərdiyindən, həyatının, yaşantılarının bir parçası olduğundan irəli gəlir...
    Rəhim bu hekayələrində, ümumiyyətlə nəsrində qadınların həm "çəhrayı"ya bürünmüş, həm də "zülmətə" qərq olmuş həyatlarının dərin psixoloji sarsıntılarını təsvir eləyir, ona görə də, kitabını "Zülmətdə cəhrayı" adlandırıb və bu sərlövhənin dərin əxlaqi-estetik, sosial-psixoloji mənası var! Belə götürəndə, elə insanın həyatı zülmətlərin və cəhrayıların dolanbaclarından keçmirmi? İntəhası bu dolanbac keçməzlərdən keçəndə, bəzisinin əlində Afroditanın yumağı olur, bəzisi isə əliboş olduğundan çıxılmazda (labirintdə)  çıxılmaz halda qalaraq məhv olur!
    Rəhimin hekayələri - "Gecikmiş etiraf", "Ölmüş sevginin xatirə günü", "Gecə qonağı", "İkinci məhəbbət", "Yataqda ağlayan qız", "Sevgidən ağlayan dul qadın", "Gecədən keçmiş", "İşıqlı mehmanxananın nömrəsində", "İki rəssam və idman müəlliməsi", "Əri Rusyətdə olan Səkinənin macəraları", "Evli qızın ayağısürüşkənliyi, yoxsa...", "Sənəmin məktubu", "Məhəbbətsiz ər-arvad"  və s. bu sıradan hekayələrinin hamısı, adlarından da göründüyü kimi,  əslində hərəsi  bir qadının fəcii taleinin hekayətidir, amma ömrün bir anında əks olunan tale, necə ki, qan analizi -- bir damla qanda bütün orqanizm görsənir...   Yox, bəlkə də, bu hekayələrin hər biri  tale romanlarıdır və Rəhim insafdan çıxsaydı, bu hekayələrinin hər birini "bir sevgi romanı" edərdi...
   Bunun da psixoloji səbəbləri var və professor Rəhim Əliyev bu yöndən yazıçı Rəhim Əliyevi belə təqdim eləyir: " Nəsr məsələsində məsələ başqadır. Mən öz nasirliyimdən o qədər də razı deyiləm. Az yazmışam. Yazıçılığa lazım olan fanatizm məndə yoxdur. Mən yazmağa həvəsi nəzərdə tuturam. Əsil yazıcı, görünür, yazmağı həyatın bütün feyzlərindən yüksək tutmalıdır. Mən bunu bacarmıram. Əsil yazıçı şüurlu olaraq əzabkeşlik yolunu tutur. Yazıçılıq misilsiz bir ağır zəhmətdir, qeyri-adi güç tələb edir. Mən özümdə bu gücü tapmıram. Amma yazmaya bilməyəndə yazıram. Bu, tarantasla, fəna ilə mübarizədir mənimçün."
   Ümumiyyətlə, Rəhimin nəsri psixologizm ladında yazılan nəsrdir, özü də dəruni psixoloji yaşantılar dalğasında olan müəllifdir...Ona görə də, onu əzabkeş insanın, özü də zərif cinsə mənsub insanın seksual silahla silahlanaraq fənalıqla mübarizəsi daha çox cəzb edir...
  Bu hekayələri maraqlı, oxunaqlı edən bir cəhətdə, onun təhkiyyəsidir. Təhkiyyə müəllifinmi, obrazınmı dilindən verilir, bilinmir, bir-birinə qovuşur. Neorealist-sürrealist üslubu şərtləndirən cəhətlərdən biri də budur. Müəllif obrazın, obraz da müəllifin içinə girir, bir-birinə pərçimlənir, kipləşir, sonra açılır, çözələnir və təkrar  bir-birinin cildinə girərək çuğlaşır...
   Yenə ümumiləşdirsək,  Rəhim maraqlı insan olduğu kimi, maraqlı da yazıçıdır. Belə olmasaydı hər ikisi olmazdı! Maraqlı insan olamazsan maraqlı yazıçı olamazsan! Maraqlı yazıçı olmaq üçünsə maraqlı insan olmaq gərəkir! Yuxarıda demişdim ki, Rəhim "şəhər adamıdır", buradan çıxış nöqtəsini götürsək, Rəhim həm də "şəhər nasiridir!"   Yəni, onun nəsr yaradıcılığının mövzuları şəhəhərlilərin həyatından götürülmüşdür və kəndistanda belə bir deyim var - "Aşıq gördüyünü çağırar!" Bu mənada, Rəhim də fəndkir bir nasir kimi, şəhərdə gördüklərini, lap deyək ki, başına gələnləri bədii təxəyyülünün dəyirmanından keçirib maraqlı hekayələrlə oxucusunun qənşərinə çıxır. Özü də deyim ki, olduqca orjinal tərzdə və orjinal mövzularda! Yazışı Rəhim Əliyevin nəsrinin sütunundamı deyək, özəyindəmi deyək, dediyim kimi, feminizm problemləri durur, yəni feminist həyat  tərzi bütün psixoloji yaşantılarla, hətta neorelist nüyanslarla onun nəsrində əksini tapır...
     Məncə bu onun müasir nəsrə gətirdiyi yeniliyin bəlirlənən işartılarıdır... Və bizim Azərbaycan nəsrində əksini tapmayan bir sahədir... Amma, bunun Şərqdən Qərbə yayılan və "Min bir gecə" nağıllarından "Dekmeron" doğan doğal ənənələri olmasına baxmayaraq, təkrar edirəm, bizim Azərbaycan nəsrində ilk hadisədir... Bu mənada, onun hekayələrinin mövzusu həyatın girdabında çapalayan, qaymağında geşt edən, zahirən xoşbəxt görsənən, daxilən əzablar qoynunda psixoloji sarsıntılar keçirən qadınların həyatından alınmış gerçək həyat parçalarını "parçalanmış güzgü" effekti ilə əks etdirən hekayələrdir və hər hekayəsi qırılmış, param-parça olmuş bir qadın taleyinin param-parça olmuş gəlinlik güzgüsünün parcalarında əksidir... Həyatın bu görünməyən, amma həmişə yaşanılan, görünüb görünməzliyə vurulan, gizlinclərdə aşkar yaşanılan, milyonlar xərclənən "həyat  tərzinin" faciəvi əxlaqi-mənəvi  tərəfi ilə bədii dialoqdur...
   Bu pozğun həyat deyil, ictimai-sosial mühitin, bəzən də freydizmin sübut elədiyi kimi psixoloji-fizioloji təlabatın, mənəvi aclığın yaratdığı, qaranlıqlarda qalan  mənəvi-əxlaqi mühitin olduğu kimi bədii təqdimatıdır...
   İnsan var, insanın həyatı var və bu unsanın həyatının gizlinləri niyə gizlində qalmalıdır!?.. Bu ədəbi populizmi deyil, gerçəkliyin diqtəsi ilə yaranan ədəbi normadır və Rəhim Əliyevin cəsarəti budur ki, süni şəkildə əxlaq hicabına büründürülən gizlinləri  (şəriətdə müvəqqəti kəbinlə - siğə ilə qanuniləşdirilən gizlinləri, aşkarda, hüquqi müstəvidə "insan alveri" təkin  cəzalandırılan gizlinləri)  süni  ədəbi yasaqlara baxmayaraq hicabdan çıxarır və budur, qardaşım, sənin gizlində can atdığın, pullar xərclədiyin, evlər-yuvalar dağıtdığın (və ya əksinə) həyat budur!
  Rəhimin hekayələri oxunaqlıdır, cəlbedicidir, ruhsal, duyğulu, duyğuları hərəkətə gətirən və buna görə də yaddaqalandır! Bu hekayələrin informatik kodu həyatın özüdür. Ədəbiyyatımızda şəhər mövzusu, Bakı-Abşeron mühiti gərəyincə, özü də yüksək bədiiliklə, müxtəlif mövzu aurasında dəyərincə əksini tapıb və tapmaqdadır. Rəhim Əliyevin nəsrinin mövzuları Bakı və Abşeron kəndlərindən alınmış mövzulardır! Yenidir, heç kimin toxunmadığı mövzulardır, özünəməxsusdur, fərdidir, özününküdür, öz gördükləridir, öz yaşadıqlarıdır, təbii həyati detallardır...
   Onun yaradıcılığında təbii psixologizm və bu psixologizmə biçimlənmiş lirizm üstünlk təşkil edir. Mənə elə gəlir ki, Rəhim ömrünün müxtəlif anlarını, məqamlarını hekayələşdirir və onun orjinallıq, bənzərsizlik sirri də buradadır. Onun qəhrəmanları qeyri-adi adamlar, mistik qəhrəmanlar deyildir”! Qeyri-adilik onların real yaşam tərzindədir, “mistiklik” onların psixoloji durumlarında və istəklərindədir. Onlar qeyri-adi heç nə istəmirlər, adəcə onlar istəklərincə yaşamaq istəyirlər... Azad yaşamaq, sərbəst yaşamaq, hiss və duyğularının təlabatına uyğun yaşamaq istyirlər...
   Əslində bu qəhrəmanlar “zülmətdə” yaşayan, amma çəhrayı duyğularla, hisslərlə, arzularla özlərini ovunduran qəhrəmanlardır. Müəllif hekayələrindəki hadisələri düşünərəkdən ictimailəşdirməkdən tamam uzaqdır. Amma istər-istəməz, bu zülmətdə çəhrayı duyğularla yaşayan insanların təsvir olunan həyatının məzmunun özü ictimai məzmun, ictimai-sosial mətləb yükü daşıyır – insan, sən və mən bax, bu həyatı bu həyatda yaşayırıq! Bu cəmiyyət bizim cəmiyyətdir və bundan kənarda yaşamaq da mümkün deyil, onda gərək bir qismimiz kimi cəlayi-vətən olasan, vətənsiz yaşayasan...
   Rəhimin qəhrəmanları isə, bunu bacarmazlar, hər bir çətinliyə, məhrumiyyətlərə qatlaşarlar, zülmətlərə dözərlər, özlərindən bir çəhrayı dünya qondararlar, amma öz həyatlarını öz evlərində, məhlələrində, şəhərlərində, kəndlərində yaşayarlar... Ona görə də, mən Rəhim Əliyevin əvvəl “Alotoran”da yayımlanan və indi bir yerə yığılıb kitab şəklində təqdim edilən hekayələr kitabının “Zülmətdə çəhrayı” (2014) adlandırmağını da, onun yaradıcılıq estetikasının mahiyyətindən doğduğunu və müəllifin kitabına düz və mənalı ad seçməsini təqdir edirəm! Bu onun “Göndərilməmiş teleqram” (1984), “Bütövlənməyən borc” (1995) kitablarından sonra üçüncü nəsr kitabıdır.
    “Zülmətdə çəhrayı” kitabı “Cəhrayı” və “Zülmət” başlıqları altında iki bölümdən ibarətdir. Yozum verəsi olsaq bu istəyi “Avesta”dan gələn, Hörmüz və Əhrimən, xeyir və şər yorumları ilə də analoji parallellər yorumlamaq mümkündür. Amma. “”Zülmətdə çəhrayı” müəllifin seçimidir, yorumudur və deyim ki, əlavəyə ehtiyacı olmayan ən düz, ən həqiqi seçim və yorumdur...
  Bu bölümlərisə bizcə, şərtidir, buradakı hekayələr həm təsvirlərin incəliyi, zərifliyi, həm də ahəngi, poetikası ilə bir-birinin davamıdır, təkcə mövzularının xarakteri ilə fərqlidirlər...
  Rəhim Əliyevin sovet dövründə çap etdirdiyi, tənqidi məqalələrindən ibarət ilk kitabı “Poeziyanın təbiiliyi” (1984) adlanırdı. Yazıçı Rəhim tənqidçi Rəhimin sığındığı təbiiliyə burada da sığınıb və bu hekayələri şeir kimi yazıb sanki... Və qəhrəmanının hər bir təzadını, ağrısını, qorxusunu, duyğusunu, sevincini, həzzini bu hekayələrdə ifadə edib. Burada yazıçı fantaziyası yoxdur, təbiilik və neorelistik və sürrealistik yazıçı münasibəti var!...
    Bayaqdan “qəhrəmanlar” deyə-deyə qalmışam! Əslində, bu hekayələrin qəhrəmanlarının hamısı qadınlardır! Rəhim qadın psixologiyasını "əclafcasına" bir neorealist yazıçı kimi əla bilir və əla da təsvir eləyir. Rəhimin bu hekayələrinin qəhrəmanlarının hamısının qadın olması (xaraktercə müxtəlif olsalar da!!) onları bir süjet istiqamətində - qadın talei istiqamətində tamamilə birləşdirir. Bu hekayələr, məncə bir romanın ayrı-ayrı hissələridir, necə ki, mirvari muncuqlar bir boyunbağında sıralanır və boyunbağını yaradır, bu seçmə hekayələr də, mənə bir kitabda sıralanaraq tam bir roman təsiri bağışladı...
   Mən janr etibarı ilə, Rəhim Əliyevin bu kitabını “hekayətli roman” adlandırıram!.. Qoy, bir janr tipi kimi bu anlayış da məndən qalsın!! Burada yorum-yozum yoxdur, mahiyyət bunu tələb edir – Rəhim Əliyev yeni “hekayətli roman” janrı yaradıbdır və buna görə təqdir olunmalıdır!!
  Onun  əsərləri mövzuca, ədəbi-estetik mənaca və üslubca müasirdir, özü də yenilik mənasında müasirdir və hesab edirəm ki,  müasir ədəbiyyatımızda hadisədir.  Təkrarən deyirəm, şəhər həyatının heç kim tərəfindən təsvir edilməyən bir sahəsini təsvir edən bu silsilə hekayələrdə həyat həqiqətini dərindən görmək baxımından müasirlərinin hamısını qabaqlayan bir yazıçıdır. Heç kəs şəhər həyatının bu gizlinclərini Rəhimdən yaxşı yazmayıb. Bəlkə ona görə yazmayıblar ki, Rəhim qədər bu həyata bələd olmayıblar...  O, öz həyat biliyinə və materialına görə bizim nəsrdən və cəmiyyətdən xeyli qabaqdadır... Bu hekayələr, elə yazıçı Rəhim Əliyevin də həyatında xoşbəxt işartılardandır...   
    Çünki, Rəhim öz dünyasını necə dərk edibsə, duyubsa, özü demiş, "feyz alıbsa" onu da nəsrinə gətirib və məncə buna görə - bu təbii insani ehtiraslara görə belə təsirlidir, maraqlıdır... Hətta deyərdim ki, Azərbaycan ədəbiyytında femnist nəsrin monopolistidir!!
    Həzz və iztirablar həyatı budur! Elə bu mənada da, Rəhim Əliyevin nəsri həzz və iztirablar nəsridir... Bu hekayələrində Rəhim Əliyev həyatın gizlinclərdə qalan sarsıntılarını, həyatımızda mövcud olan, yaşadığımız, amma cəsarət edib danışa bilmədiyimiz, göstərə bilmədiyimiz tərəflərini göstərir, onlardan danışa bilir, özü də bədii sözün sehri ilə.
    O, müsahibələrinin birində deyir ki, "İndi yazıram, amma “ədəbi proses” üçün yazmıram. Özümü ifadə edirəm, həyatımdan fənanı qovmaq istəyirəm. Heç kəsə maneçiliyim yoxdur." Mən onunla mübahisə etmək fikrim yoxdur, amma qəti deyirəm ki, Rəhim Əliyevin nəsri müasir ədəbi prosesin boş qalmış bir sahəsini nəsrin ləyaqəti ilə doldurur və bununla da,  ədəbi-bədii prosesin diqqəti cəlb edən bir parçasına çevrilir...
  Sual olunur, insan niyə intihar edir? Həyatda yaşından, mövqeyindən asılı olmayaraq  çoxlu intihar faktları mövcuddur! İstedadlı adamlardan, şəxsiyyətlərdən tutmuş, müxtəlif sosial zümrələrə məxsus adamlar - bomüjundan tutmuş, şairinə, dahisinə qədər olan insanlar niyə intihar edirlər! Bu intihara onları nə məcbur edir? Bu insan faciələri üzərində düşünən varmı? Bircə, nəsrin Levi- Lev Tolustoy Annanın intiharına bir roman həsr eləmişdi!!
  Rəhim Əliyevin, bu mənada, yazdığı hər bir hekayə qadının, qadınlığın mənəvi-psixoloji, əxlaqi intiharını göstərən kiçik hekayələrdən ibarət və bütün qüsurları, kompozisiya, dil, üslub səliqəsizliyi, deyərdim pintiliyi ilə birgə  bədii "şedevr"lərdir... Bizim  prozada bu səviyyədə qadın obrazları yoxdur... Bu ondan irəli gəlir ki, Rəhimin yazıçı və bəlkə də kişi duyumunda qadınları qeyri-adi duyum var... Fəmlə, bəlkə də əşirət dövrünün insanının duyumu ilə duymaq bacarığı... Lakin, bu hekayələrin hamısının mərkəzində yazıçının özünün və təsvir etdiyi insanların həyat  dramı və daxili iztirabları durur...
    Bir də, onun hekayələrində, povestində, romanında gəlmə, yad mövzular, cismlər və cismiciklər yoxdur! Halbu ki, mən Rəhimi intellektual, məlumatlı, rus demiş “çitkalı” ziyalılardan bilirəm və bəzi “çitkalı” yazanlarımızın yolu-yolağası da məlumdur... Rəhimdə isə hər şey təbiidir, onun “bədii meyvəsinin geni” təmizdir, qarışığı yoxdur...
   Bütün bunlar azərbaycansayağı sürrealist və neorealist cizgilərlə təsvir olunur və qəhrəmanlarının qeyri-adi, bir az da izaha gəlməyən, ancaq adidən adi həyatını, hərəkətlərini dürüstlüklə ifadə edir.
  Rəhimin hekayələrinin daha bir üstünlüyü bütün obrazların xarakter olaraq yaradılması, bütövlüyüdür. Ən kiçik, hətta epizodik sayıla biləcək obraz da nəsə deyir, nəyləsə düşündürür, təsirləndirir, duyğulandırır... Həyatdan bütün gercəkliyi ilə aldığı obrazlarıı ilə yazıçı insan psixologiyasının maraqlı bir tərəfini göstərir: zaman-zaman yaşadıqca, gördükcə hər şey adiləşə bilir. Hətta ənənəyə uyğun gəlməyən, ilk baxışda əxlaqi dəyərlərə sığmayan, mühitin zülməti, qamçıları, təhdidləri ilə “süslənən”, izlənilən bir həyatın yaşanması ilə belə... 
   Rəhimin qəhrəmanlarının başlarına müxtəlif bəlalar gəlsə də, bəlalı bir həyat yaşamağa düçar olsalar da, hissiz, duyğusuz yaşamağı özlərinə rəva bilmirlər, quru odun parçasına çevrilməmək uğrunda mübarizə aparırlar... Onlar bu çəhrayı həyatı uydurmurlar, romantik xəyallarda canlandırmırlar, mistikaya uymurlar! Onlar canlı insanlardır, realist insanlardır və nəyin bahasına olursa-olsun, heç bir təhdidlərə baxmadan bu çəhrayı həyatı yaşamağa çalışırlar, bəzən nail olurlar, bəzən də bu uğurda məhvə, məğlubiyyətə, məhrumiyyətə uğrayırlar, dəxli yoxdur, amma bu ani xoşbəxtlikyə qovuşmaq onların iç dünyasının yaşam işartısıdır, mənlik duyğusudur, “Mən insanam!” inamıdır, istəyidir, bunun təstiqidir! Özlərinin öz mənləri ilə görüşüdür! Bu hisslərin metaformazası deyil, depressiya deyil,  cəhrayı ümidlərlə yaşamaq, həmin ümidə qovuşmaq eşqidir!
    Mən bu hekayələrin hər birisinin məzmunu, süjeti, obrazları barəsində geniş danışa bilərdim! Qəsdən danışmadım! Bircə indi demirəm, nəyimə lazım! Lazımdır ki, danışmadım! Ona görə danışmadım ki, gedin, tapın, oxuyun! Düz deməmişəmsə, olanı yazmamışamsa polemikaya hazıram,  onda bu hekayələri sırası ilə təhlil-təqdim edərəm! Amma nə hacət, oxusanız, görəcəksiniz ki,  mən haqlıyam... 

Avanqard.net

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.