Nizami Cəfərov - Elçinin cümləsi
01.10.15

Xalq yazıçısı, professor Elçinin "Ədəbi düşüncələr"ində "İlyas Əfəndiyevin bir cümləsi" adlı qeydi var və həmin qeyddə "Ədəbi düşüncələr" müəllifi, İlyas Əfəndiyevin "Könlündəki fərəhli duyğular təzə bahar sabahlarında üzərindən duman şırımları sürünən şehli bənövşələrin rayihələri qədər xəfif və sevimli idilər" cümləsini nümunə gətirib, tamamilə doğru olaraq, göstərir ki, "bu gün bu cümlə, bu cümləni yaradan bədii-estetik ab-hava həddən artıq patetik görünə bilər, ancaq məsələ burasındadır ki, Azərbaycan ədəbiyyatı ilə bağlı belə bir müasir qiymət meyarını (zövqü, bədiiyyata münasibəti, bədiiyyatdan ummağı) elə həmin cümləni (cümlələri!) ərsəyə gətirən o bədii-estetik ab-hava yaradıb, təməl-odur"...

Dil nəzəriyyəsində cümlə barəsindəki klassik təlim "bitmiş fikir ifadə edən bir neçə sözün birləşməsinə və ya bir sözə cümlə deyilir" tərifilə başlayır. Və bu tərif o qədər mükəmməl olmasa da dilin (eləcə də ədəbiyyatın - söz sənətinin!) əsas vahidinin funksiyasının (və mahiyyətinin) nədən ibarət olmasını bu və ya digər dərəcədə aydın təsəvvür etməyə imkan verir.

Hər bir qələm adamının cümləsi onun istedadının, xarakterinin, yaradıcı üslubunun nüfuzunun göstəricisidir. Ancaq məsələn, alimə, publisistə, məmura nisbətən yazıçının cümləsi bu baxımdan daha mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl ona görə ki, yazıçı cümləsi yalnız düzgün (normativ) yox, həm də gözəl (estetik) olmalıdır. Və eyni zamanda bir yazıçının (əgər o, həqiqətən, böyük yazıçıdırsa!) cümləsi o biri yazıçının cümləsindən o qədər fərqlənməlidir ki, oxucu ən azı intuisiya ilə cəsarətlə deyə bilsin (və necə ki, deyir) ki, bu, məsələn, "İsa Muğannanın cümləsidir", "Anarın cümləsidir", "Yusif Səmədoğlunun cümləsidir"... Yaxud "Elçinin cümləsidir"...

"Elçinin cümləsi" ifadəsinin (çoxdan demək olar ki, linqvopoetik termininin!) həm  intuisiya ilə gələn, həm də ciddi elmi- nəzəri əsaslara dayanan məzmun-mündərəcəsini təsəvvür etmək üçün cümlə adlandırdığımız dil fenomeninin universal texnologiyaları kontekstində, hətta çox da dərinə getmədən, nəzərdən keçirsək, "Elçinin cümləsi"nin hansı səviyyədə (keyfiyyətdə!) yazıçı cümləsi tələblərinə cavab verdiyini, hansı ideya- estetik kriteriyalara malik olduğunu, yəqin ki, görə bilərik.

Birincisi, cümlə bitmiş (mükəmməl) fikir deməlidir ki, bunun üçün də yazıçının təkcə dar mənada yox, geniş mənada da fikri (ideyası!) olmalıdır... Elçin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında, ümumən ədəbi- ictimai şüurunda ən enerjili, ən etibarlı ideya generatorlarından və ya mənbələrindən biridir. Və onun hər cümləsində fikir (ideya!) var deyəndə, birinci onu nəzərdə tuturuq ki, yazıçının hər cümləsi sözün geniş mənasında informasiya verir; ikinci onu nəzərdə tuturuq ki, bu informasiya doludur, zəngindir, sistemli, məntiqli və ya konstruktivdir; nəhayət, üçüncü onu nəzərdə tuturuq ki, obrazlı, yaxud estetikdir:

Yay keçib getdi, payız gəldi və həmin payız günü həyətimizə axşam təzəcə düşmüşdü, mən evimizin həyətə açılan qapısı ağzında oturub bilək nazikliyində yaraşıqlı bir ağac olmuş söyüdün saralmış yarpaqlarına baxa- baxa həyətimizin sakitliyinə qulaq asırdım və o sakitlik yenə də mənim ürəyimi sıxırdı, mənə elə gəlirdi ki, o sakitlik kiminsə görünməz gözləri ilə mənə baxır, o sakitlik bilir ki, bu saat mən həyətimizdə təkəm, mənim heç kimim yoxdur; o sakitlik, elə bil, pusquda durub.

Cümlənin ikinci universal xüsusiyyəti onun predikativliyidir ki, Elçinin cümləsi bu baxımdan bir neçə özünəməxsus əlamət- göstəricilərilə seçilir: birincisi, onun cümlələri sanki bitmir, bütün əsər (hekayə, povest, yaxud roman) boyu uzanır; ikincisi, cümlədən (çox zaman onun bir üzvündən) cümlə və ya cümlələr doğur və həmin törəmə cümlə və ya cümlələr öz predikativ muxtariyyətini və ya muxtariyyətlərini yaratmaqla ümumi (ana) cümləni şaxələndirir, ona miqyas verir:

Qəbiristanlıq kimliyindən, nəçiliyindən asılı olmayaraq, insanı filosof edir və sənin o anlardakı fikirlərin bir azdan, yəni qəbiristanlıqdan çıxandan sonra adi, hətta bəsit görünür, amma həmin fikirlər qəbiristanlıqda, elə bil ki, dünyanın ən müdrik fikirləridir.

Cümlə intonasiya vahididir ki, bu onun üçüncü universal xüsusiyyətidir... Doğrudur, danışıq dilindən fərqli olaraq yazı dilində cümlənin zəngin (və mürəkkəb) intonativ, yaxud intonasion rəngarəngliklərini (polifoniyasını) çatdırmaq o qədər də asan olmayıb yazıçıdan xüsusi məharət tələb edir, lakin Elçində belə bir məharət vardır. Və müşahidələrimizə görə, bunun ən aydın təzahürü yazıçının çoxlu sayda durğu işarələrinə müraciət etməsidir:

Mahmudun gözləri güllərə baxırdı və elə bil, "Məryəmi gördüzmü?" - soruşurdu, göllərə baxırdı, "Məryəmi gördüzmü?" -soruşurdu, çöllərə baxırdı, yollara baxırdı, sulara baxırdı, "Məryəmi gördüzmü" - soruşurdu; qürbətdə hərə öz elini arzular... Mahmudun gözləri, Mahmudun baxışları, Mahmudun hərəkətləri qürbət ellərdə ah- zar edə- edə bir keşiş qızını arzulayırdı və hərdən bütün bunlar Sofiyə elə təsir edirdi ki, Allahın yağışı yağanda da Sofiyə elə gəlirdi ki, elə bil yağış yağmır, Mahmudun dərdinə göylər ağlayır.

Və nəhayət (bu, dördüncüdür), cümlə geniş modallıq ifadə etmək imkanlarına malikdir... Elçinin dil-üslub texnologiyalarını bu baxımdan nəinki Azərbaycan, ümumən dünya ədəbiyyatında çox az yazıçının dil- üslub təcrübəsi ilə müqayisə etmək olar. O mənada ki, dövrümüzün görkəmli Azərbaycan yazıçısının cümləni modallıqla yükləmək, zənginləşdirmək (daha aydın desək, öz mühakiməsinə (hökmünə) öz münasibətini (emosiyasını) bildirmək marağı onun bütövlükdə yazıçı üslubunu (və yaradıcı təfəkkürünü!) xarakterizə edəcək (atributiv!) səviyyədədir.

Elçinin cümləsində modallığın təzahürünün o qədər müxtəlif növləri, üsulları, paradiqmaları vardır ki, onların hamısını axtarıb tapmaq, mətndən ayırıb (əslində, üzüb!) çeşidləmək və təhlil etmək ən peşəkar, həssas dil- üslub araşdırıcısı üçün də çətindir:

Az qala iki saat idi ki, məsləhətləşmələr gedirdi və uzun-uzadı danışıqları xoşlamayan, çox zaman kimin nə dediyinə əhəmiyyət verməyib öz bildiyini edən, kəmhövsələ bir adam olan Hüseynqulu xan bu dəfə heç kimin sözünü kəsmirdi, məclis əhlindən kim söz istəyirdisə, danışırdı və düzdür, bəzən fikir xanı bu məşvərət otağından uzaqlara aparırdı, danışanın nə dediyinin fərqinə varmırdı, ancaq xanlıq taxtında oturduğu dövrdən bəri, bəlkə də, ilk dəfə idi ki, onun içində məsləhətə, təklifə ülgüc ağzı kimi iti, həssas bir ehtiyac var idi - bu, boğulanın təhtəlşüur olaraq saman çöpündən yapışmaq cəhdi kimi bir şey idi və Hüseynqulu xan özü də bunu başa düşürdü.

Elçin, məlum olduğu kimi, ən azı üç funksional üslubi kontekstdə cümlə yaratmaq istedadına malikdir ki, bunların hansının hansından üstün olduğunu xüsusi israrla demək, elə düşünürük ki, çətindir...

1)   bədii kontekst:

...ONUN hissləri bir çəkisizlik, boşluq içində idi, yox, bu hisslər çəkisizlik içində deyildi, çəkisizlik elə bu hisslərin özündə idi, çünki bu hisslər daxildə deyildi, daxildən gəlmirdi, çünki daxil yox idi, cismani heç bir şey yox idi, bu hisslər bütün ətrafa yayılmışdı, əslində, burada (harada?) ətraf da yox idi, ətraf - hər tərəf idi və hər tərəf ancaq şəffaflıq idi...

2)   elmi kontekst:

Sovet sisteminin, hakim partiya ideologiyasının təhriki, hökmü və hürküsü ilə, misal üçün, kinematoqraf ekrana insan əvəzinə, traktor, neft buruğu, MTS, kolxoz, sovxoz, sement, pambıq çıxartdı, fikirlər şüarlarla, hissiyyat iclaslardakı çıxış və məruzələrlə əvəz edildi, insanın daxili aləmini Sov. İKP- nin qərarları, partiya qurultaylarının qətnamələri müəyyənləşdirdi.

3)  publisistik kontekst:

XX əsrin sonlarına yaxın terror qlobal (ümumbəşəri!) bir bəlaya çevrildikcə, elə bil ki, Dostoyevski daha da dərinləşir, inqilablara (terrora!) qarşı Dostoyevski kin-küdurəti, elə bil, lay-lay açılır və hər laydan da sonra yenə bir dərinlik görünür...

Əgər, prinsip etibarilə, sıralayası olsaq, yəqin ki, Elçinin yazıçı cümləsi birinci, alim cümləsi ikinci, publisist cümləsi isə üçüncü gələrdi - bu şərtlə ki, yazıçı cümləsindəki alim və publisist, alim cümləsindəki yazıçı və publisist, publisist cümləsindəki yazıçı və alim təsir- "müdaxilə"sini unutmayaq... Və onu da unutmayaq ki, bu təsir- "müdaxilə"lər təbii olub bir Şəxsdə təcəlla edən yaradıcı intellekt üslubunun bölünməsi şərti olan analitik bütövlüyündən irəli gəlir.

Nə qədər obrazlı, poetik səslənsə də, mahiyyət etibarilə tamamilə elmi hesab etdiyimiz belə bir mülahizə- qənaətlə sözümüzü yekunlaşdırırıq ki, Elçinin, demək olar ki, hər bir cümləsi bir əsər, hər bir əsəri bütöv bir cümlədir... /525.az/

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.