Sabir Rüstəmxanlı - Sözünlə birgə özün də yaşayacaqsan
02.10.15

Bir ünlü şairimizi, bir böyük söz ustasını, bir Vətən aşiqini, bir misilsiz istedad sahibini, bir itirilmiş yurdunun həsrətiylə üreyi yarali olan nakam qardaşımızı, bir dostu və yol yoldaşını da itirdik. Sentyabrın 23- de Məmməd Aslanı Xırdalan-Bineqedi yolunun üstünde, vulkan dağının soyumuş küllərindən qoparılmış bir qebristanda- qaçqın, Bakıda yaşayan kəlbəcərlilərin mezarlığınta torpağa tapşırdıq. Ətraf tikililər, küçələr, evler bir rezalet mənzərəsidir, Bakının qulağının dibində bu boyda səliqəsizlik bizim daxili durumumuzu, özümüzə, milli xarakterimizə və şəhərimizə münasibətimizi göstərir. Qəsəbələr salınır, xərc çəkilir, evlər tikilir, ancaq bunun yolları niye ilan yolu olmalı, niyə rahat keçib getmək üçün, nəfəs almaq üçün yer saxlanmamalıdır? Niyə indi salınan, yeni yaşayış yerlərində küçelerimiz belə dolanbac olmalıdır?. Niye düzlüyü sevmirik? Bu rayonun böyükleri hara baxır? Məmməd belə şeylərə əsəbiləşərdi. Buna görə ilin yarısını yollarda, dağda- daşda, Dəli dağın, Murovun havasının tutduğu yerlerdə keçirərdi. Onsuz da Bakıda evi yox idi, dağlara qalxmaq Sumqayitda beşinci mərtəbəyə ağrıyan ayaqla dırmaşmaqdan daha asan gəlirdi ona.

Məmməd çağdaş şerimizin qüdretli yaradıcılarından biriydi. Yunis İmrədən Aşıq Ələsgərə--Aşıq Şəmşirə qədər böyuk bir yol keçmiş, türk dilinin bütün gözəlliklərini əks etdirən, ərəb- fars zınqırovnamələriylə millətin başını xarab edən saray mədhiyyə sicilləmələrinə öz ana südü kimi tərtəmiz ruhuyla dərs verən əsil milli ədəbiyyat yolunun adamıydı. Göycə- Kəlbəcər saz-söz ənənələrinə baglıydı, bu dağların bağrından qopan nə hikmətlər vardısa Məmmədin sinəsində, yaddaşında yuva qurmuşdu. Qoşmanın, gəraylının ustasıydı, bu yoluna sonadək sadiq qaldı, xaric vurmadan, həmişə öz səsiylə oxudu.

Bununla yanaşı Məmməd Aslan gözəl uşaq şairiydi. Uşaqlar üçün televiziya verilişlərinin təkrarsız aparıcısıydı, dil sərrafı olaraq bir müəllim kimi, sözü anlamaq və qorumaq dərsi verirdi. Onun çox sevilən uşaq verilişlərini niyə bağladılar, onu AZTV-nin zövqlə nəşr etdiyi qəzetindən niyə uzaqlaşdırdılar bilmirəm, ancaq onu bilirəm ki, Məmməd bunların ağrısını yaşadı, bu qədirbilməzlik mühiti insan ömrünü qısaldan, insanı içindən baltalayan, qələmini qıran, ruhunu sarsıdan şeylərdir və Məmməd bu zorakılıqlar burulğanında nə qədər incisə də şükür ruhunu qorudu, iki cildlik şeir kitabını oxuculara çatdırdı, Anadolu -türk poeziyasından örnəkləi, çox sevdiyi Mövlanədən seçmələri sevə-sevə nəşr etdirdi. Ayrıca uşaq şeirlərindən düzənlənmiş bir kitabını hazırlamışdı.

Məmməd, doğrudan da, qeyri- adi istedad sahibiydi. Yollara çıxanda foto makinası, kamerası əlindən düşməzdi. Yorulmadan çalışardı. Apardığı televiziya verilişiərinin bölgələrdən gətirilən bütün vidio görüntüləri onun öz əməyinin məhsuluydi. Yollarda, dağlarda mənim tələskənliyimə baxmayaraq seçdiyi bir mənzərəni, gülü- çiçəyi dəfələrlə lentə köçürməmiş keçib getməzdi. Bundan zövq alırdı, sözlə deyə bilmədiklərini bu yolla deyirdi.
Məmməd Aslan hələ sovet dövründə Azərbaycanla Türkiyə arasında körpü salan , gedib- gələn, sonradan Azərbaycanın ən yaxın dostları olmuş Türkiyə ziyalılarını Azərbaycana dəvət edən, Türkiyə səfəri haqqında o vaxt əldən- ələ gəzən " Ərzurumun gədiyinə varanda" kitabını yazan böyük ziyalı, yurdsevər, türklüyün aşiqi və təbliğçisi idi.

Ədəbiyyatımıza ötən əsrin altımışıncı illərində gəlmişdi. O, Yazarlar birliyinin Natəvan klubunda ilk şeirlərini oxuyanda mən tələbəydim, elə orda tanış olmuşduq və bu tanışlıq Məmməd Bakıya köçənədək davam etmişdi. Sonra bu tanışlıq dostluga çevrildi. Köçüb gələndən sonra bir müddət Böyükşorda onuncu islah- əmək düşərgəsinin yanında kasıb bır gecəqondu məhəlləsinin balaca bir evində anasıyla yaşayırdı. Təsadüfən mən də əskərliyimi həmin türmədə çəkirdim, fürsət düşən kimi Məmmədgilə qaçırdım və yeni şeirlərimizi oxuyurduq bir- birimizə.

Məmməd Bakıya köçcə də fikri, ruhu dağlardaydı. 1984- cü ildə yayın axırında onunla ilk dəfə Kəlbəcərə, İstisuya getdim və sanki Azərbaycanı, Kiçik Qafqazı yenidən kəşf etdim. Kəlbəcər ayrıca bir dünyadır.. İstisunun başı üstündə, Sücaətin quş yuvasına bənzər kafesində saz havalarını dinləyə- dinləyə, şeir oxuya- oxuya kəsdiyimiz çörəyin dadı- duzu bir də heç yerdə təkrar olunmadı. Məmməd mənə Kəlbəcərin hər köşəsini göstərdi, sevdiyi adamlarla tanış elədi, İstisuda böyük şeir şöləni təşkil etdik, Ala Göllərin üstündə at çapdıq, dağ yollarıyla aşıb Göyçəyə getdik, Ələskər ocağını ziyarət etdik, İslamın, İsmixanın qonağı olduq, Göyçə gölündə üzdük. Düzünə qalsa, at çapmaqda da, Göyçədə üzməkdə də Məmməd yalniz tamaşaçıydı. Mənim isti vannadan sonra Tərtərin buz sularinda çimməyimi görəndə "özünə qəsd edirsən, öləcəksən..." deyirdi.

Talenin acı, sərt oyunları və dünyanın xəyanətkarlığı Kəlbəcəri əlimizdən çıxartdı. Müvəqqəti olsa da. Yalnız dağlarda boya- başa çatmış adamlar kəlbəcərlilərin o dağlarsız nələr çəkdiklərini duya bilərlər. Havası çatmayanda Məmmədi Yardımlıya aparırdım. başqalarının dilindən keçən sözlər bəzən qəribə vərdişlər yaradır. Mən anama bacı deyirdim və bizim evimizə gələn dostlarım, o cümlədən Məmməd Aslan üçün də bir bacı, bir qardaş ocağı vardı, ərklə gedər, günlərlə dağı- daşı dolaşar, hər qayanı, hər ağacı lent yaddaşına köçürərdi. Oraları da elə Kəlbəcər kimi tanıyırdı və ilin hansı vaxtı " gedək Yardımlıya!" desəm hazır idi...

Məmməd Aslan gözəl redaktor idi, dil zövqünə söz ola bilməzdi. Bu baxımdan onunla müqayisə oluna bilən adamlar çox azdır. O da mənə inanırdı və əli çatmasa da telefonla oxuyurdu yeni şeirlərini, ya da zəng vurub qəzet və dərgilərdə dərc olunmuş yeni yazılarını oxuyub- oxumadığımı soruşurdu. Dostlar bir- birlərinin dəyişilməz oxucularıdır.

Yaxınlar gedir,kürəyimizdən soyuq küləklər əsir, dünya özgələşir ..Məmməd qardaşımın bir qabiliyyəti də vardı. O əsil logman idi, xalq təbabətini gözəl bilirdi, illər uzunu özü-özünü müalicə etmişdi. Ancaq bir dərmana əli çatmırdı. O da Dəli dağın havasıydı, suyuydu... Kəlbəcərə gedib gələ bilsə, Kəlbəcər azad olsa Məmməd bundan sonra on-onbeş il də yaşayardı. Onun kəmikləri- nəşi vulkan külündə qovrulacaq Kəlbəcər torpağına qayıdana qədər...

Sənə əlvida demirəm, Məmməd! Çünki ayrılmırıq. Biz ömrümüz boyu bu Vətənin qeyrətini çəkdik. Kefini başqaları çəkdi... Ancaq dünyanın malının- mülkünün torpaqdan fərqi yoxdur. Söz isə Allah amanındadır və əbədidir. Sen hər il şəhidlərə və qərənfillərə oxşama deyəcəksən... Sözünıə bir özün də yaşayacaqsan...

/Yazı Sabir Rüstəmxanlının facebook səhifəsindən götürülüb/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.