Məti Osmanoğlu - Onun şair taleyini şeiri yazdı...
06.10.15

Xalq şairi Vaqif Səmədoğlunun məzarüstü abidəsinin ictimaiyyətə təqdim edilməsini son günlərin ən təsirli mədəniyyət hadisəsi hesab etmək mümkündür.

Şairin məzarının üstündə nə baş daşı, nə də heykəl var. Yerə döşənmiş iki qara mərmər lövhədən birinin üstünə günəş şəfəqlərinin rənginə çalan hərflərlə Vaqifin tanış müraciəti yazılıb: “Mən burdayam, İlahi”. Pilləvari yerləşdirilmiş iki lövhənin arasına sanki təsadüfən bir  vərəq əlyazması düşüb. Lövhələrin pilləvari yerləşdirilməsi bu vərəqi daha hərəkətli edir, nəzərə çarpdırır və maraq dairəsinə salır. Alt lövhənin sağ küncünə bir cüt ayaqqabı qoyulub. Lövhənin üzərində isə elə bu mənzərənin şeiri yazılıb:
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...

Bu şeiri yazanda Vaqifin vəsiyyət eləyən vaxtı deyildi, ömrü qarşıda idi, hələ heç 24 yaşı tamam olmamışdı...
Adətən, şairlər öz ömür yollarını, yaşadıqlarını, başlarından keçənləri, tale hekayələrini yazırlar. Kədərlə xoşbəxtliyin, ağla qaranın, işıqla qaranlığın çulğalaşdığı insan talelərindən şeirlər doğulur.
Çox nadir hallarda şeir şairin taleyini yazır, iqbalına, qədərinə, yazısına çevrilir.
Yaradıcılığının lap əvvəlində dilə-dişə düşən bu kiçik şeir Vaqifin şair taleyinin yazısı-qisməti oldu.
Əslində, bu misralar Vaqifin yaradıcılığının manifesti idi: burada şairin ictimai düşüncəyə və əxlaqa, sözə, ədəbiyyata münasibəti, sənətə yanaşma mövqeyi, eləcə də sözlə işləmə tərzi, sözü təqdimetmə üsulu öz ifadəsini tapmışdı.
O vaxt, 1960-cı illərdə ömrü sözün, sənətin beşiyindən, Səməd Vurğun ocağından boy atan və özü də ömrünü sözə, sənətə bağlanmış bir insan üçün bu, kifayət qədər riskli addım idi. Gözlənilən risk isə elə də uzaqda deyildi.
Bakı mühitinə kənddən yenicə gəldiyim tələbəlik illərimi (1975-1980) xatırlayıram. Vaqifin bu şeiri filoloji ictimaiyyətin bir hissəsində ironik zərb-məsələ, atmacalı jarqona çevrilmişdi. “Sən öl” andının qarşılığı olaraq “Özün öl, ayaqqabıların da başdaşın olsun” deyənlər vardı.
1976-cı ildə universitetdə bizə “Müasir ədəbi proses” mövzusunda kurs keçilib. Ədəbiyyata qeyri-mühafizəkar münasibəti və azadfikirliliyi ilə fərqlənən məşhur professorun apardığı həmin kursda da Vaqif Səmədoğlunun şeirlərinin ciddi söhbət mövzusuna çevrildiyi, müzakirə olunduğu yadıma gəlmir...
Bunlar heç də təsadüf deyil. O vaxt şeir anlayışı fərqli olan, şeiri başqa cür tanıyan və qavrayan oxucu ona təklif olunan yeni pəncərənin önündə ayaq saxlamaq, oradan içəri baxmaq, içərini görmək əvəzinə, o pəncərənin altından bəzən gülə-gülə, bəzən də heç əhəmiyyət vermədən laqeydliklə yan keçirdi...

Vaqif yaradıcılığına oxucu-mətn pəncərəsindən baxanda Umberto Ekonun “Oxucunu yaratmaq” essesindən bir mülahizə burada yerinə düşür: “Biz gələcək nəsillərin ideal oxucusunu təsəvvürümüzə gətirə bilmərik. Biz yalnız öz müasirlərimizi tanıyırıq. Azlıq üçün yazan yazıçı varmı? Var. Onlar dərk edirlər ki, ideal oxucunun çoxlarına nəsib olmayan keyfiyyətləri var. Lakin bu cür hallarda yazanlar ümid edirlər ki, yeni ideal oxucu tipinin (özü də çoxlu sayda) üzə çıxarılması məhz onların kitablarının qismətidir  və bunu heç də gizlətmirlər. Yaradılmasına böyük güc və sənət işığı sərf olunmuş arzu olunan tip məhz onların əsərləri ilə tərbiyə olunmuş, kamala yetmiş oxucu tipidir. Mən fərqi yalnız yeni ideal oxucu yetişdirməyə yönəldilmiş mətnlər ilə publikanın zövqünü necə varsa elə təmin etməyə yönəldilmiş mətnlər arasında görürəm”.

Bu da bir həqiqətdir ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında öz oxucusunu uzun zaman içində yetişdirmiş, tədricən “yaratmış” nadir söz ustalarındandır.
Vaqif öz oxucusunu – ideal oxucusunu 1980-ci illərdən tapmağa başladı. Bunda, heç şübhəsiz, onun uzun illər televiziyada apardığı “Caz həvəskarları klubu”nun da müəyyən təsiri oldu: bu veriliş şair ilə oxucu arasında həssas təmas nöqtəsi idi. Ona görə həssas ki, cəmiyyətin müəyyən təbəqələrində caz musiqisi də müqavimətlə qarşılanırdı. Caza ideoloji yanaşma, onu “milli əxlaqa pozucu təsir göstərən yad amil” kimi qiymətləndimək, muğama, saza qarşı qoymaq tendensiyası mövcud idi. Lakin Vaqifin dərin intellekti, yüksək ünsiyyət mədəniyyəti, səmimiyyəti və mövzuya bələdliyi, inandırıcı danışıq intonasiyası bu müqaviməti əridirdi...  
Vaqifin şeir yaradıcılığına maraq göstərən oxucu burada tapmaqdan daha çox axtarmalı idi və onun axtardıqlarına birmənalı cavab tapacağına zəmanət vermək müşkül məsələ idi. Vaqif yaradıcılığının, U.Ekonun təbiri caizdirsə, ideal  tədqiqatçısı İradə xanım Musayevanın sözləri ilə desək: “Vaqif Səmədoğlu haqqında söz demək ... üçün Vaqif şeirinin boyunu görmək gərəkdir. Lakin “boyunun” hündürlüyü onu hərtərəfli, olduğu kimi görməyə imkan vermir. Bəlkə buna görədir ki, ... ədəbi tənqidimiz ona əməlli-başlı, düzgün “don” biçə bilmir”...
Mənə elə gəlir ki, Vaqifin yaradıcılığının əyninə düzgün don biçilməməsi  tamamilə təbiidir: çünki onun yaradıcılığının başlıca təyinatı ölçünü-biçini sındırmaq idi...
Məzarüstü abidəyə gəldikdə, sənətə yanaşma fərdiliyi ilə seçilən, Abşeronun, Bakının təbii və mənəvi landşaftına, eləcə də Vaqif Səmədoğlu yaradıcılığına dərindən, içdən bələd olan rəssam-heykəltəraş Mir Teymurun bu əsəri şairin bilavasitə özünün deyil, yaradıcılığının ÖZ OXUCUSUNA uzanan uzun və pilləli yolunun abidəsidir.  

Vaqifin şeiri ilə oxucu intibahının birliyini əhatə edən bu qeyri-standart abidədə Mir Teymur böyük ustalıqla Şairi və Şeiri “daş dilinə” çevirib.  Bu dəfə oxucu Vaqifi məzarı başında “daş dilində” oxuyur. Bu daş abidə Vaqifin bütün şeir yaradıcılığını və şair şəxsiyyətini ehtiva edir. Səfərinin başlanğıcında ironiya və laqeydliklə üzləşən, istehzalı atmacalarla müşayiət olunan Şeir uzun yol qət edərək XXI əsrin əvvəllərində Mir Teymurun təqdimatında dərin estetik duyğular oyadır, yaddaşı hərəkətə gətirir, insanı (tamaşaçını və oxucunu) şeir, ölüm və həyat barədə düşündürür.

Vaqifin şeirləri başlanğıcdan sona qədər həyatın (ölümün yox, məhz həyatın!) ölümdən əvvəlki və ölüm anındakı mənzərələrinin tabloları ilə müşayiət olunur. Vaqifin yaradıcılığında ölüm zamanın sərhədidir. Şairin poetik təqdimatında ölüm insanın yaşadığı həyatla həyatın bitdiyi an arasında təmas nöqtəsidir. Vaqifin poeziyasının ruhu isə həmin təmas nöqtəsinin həyat tərəfindədir. Şair öləndən sonra da özünü ağlamaq üçün yarısının bu dünyada qalmasını dilək eləyir: “Allah, məni yarı öldür, yarı saxla ağlamağa”...

İnsanın metafiziki ömrü, həyatdan sonrakı həyatı Vaqifin yaradıcılıq və düşüncə görümündən, təqdimatından kənardadır. Ölümdən o tərəf Vaqifin yaradıcılığı üçün mücərrəddir,boşluqdur. Ölümə ən yaxın anlarında belə Vaqif “o tərəfə” ironiya nəzəri ilə baxdı. Ömrünün son günlərində özündə fiziki və mənəvi güc tapıb ölümdən sonrakı dünyada qıl körpünün önündə centmenlik edib, qadınlara yol verəcəyini dediyini yadımıza salaq...

Ölümdən bu tərəfdə qalan həyat isə  Vaqif yaradıcılığının başlıca estetik enerji mənbəyidir. Bu enerji mənbəyi Zuğulbayla Şüvəlanın arasındakı sahilin  əyrisi, Füzulinin, Pasternakın şeirləri, uşaqlıqda Səməd Vurğunla gəzdiyi yerlər, İçərişəhərdə qız toyunun qarmon səsidir. Bunları xatırlaya-xatırlaya ölmək isə Allahın insana verdiyi ən ağır cəza ola bilər:

Ay Allah, kömək et mənə,
kömək et, ölümdən qabaq,
bir bulud da
papiros tüstüsünə, divə, Tolstoya,
bir də sənə oxşamasın göy üzündə.
Kömək et, unudum
sevimli valsın
son taktlarını...

Ölümdən sonra da Vaqifin nigaranlığı ölümün bəri, bu dünya tərəfindəndir:
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?..

Və ölümdən sonra...
Onun şair taleyini şeiri və oxucusu yazdı. Vaqif Səmədoğlunun yetişdirdiyi oxucu (məncə, burada “ideal oxucu” termini lap yerinə düşür) dəfn günü şairin məzarının üstə bir cüt ayaqqabı və Vaqifin şeirləri köçürülmüş bir vərəq kağız qoymuşdu. Kağızın kənarında öz imzasını “Sizin şəhərin adamı” kimi göstərən bu gənc gözünü dünyaya XXI əsrdə açmış yeni nəslin  nümayəndəsi idi...
Vaqifin ömür-gün yoldaşı Nüşabə xanımın dediyi kimi, məzarüstü abidənin ideyası da elə bu hadisədən yaranıb...
XX əsrdə Vaqifi bədbin şair kimi qiymətləndirirdilər. 1986-cı il idi. Kommunist Partiyasının Mərkəzi Komitəsindən Yusif Səmədoğluya zəng vurub Vaqifin “Ulduz”da çap olunan şeirlərinin bədbin olduğunu irad tutmuşdular. Yusif müəllim də özünəməxsus ironiya ilə cavab vermişdi ki, sovet ədəbiyyatının 99 faizi nikbin şeirlərdən ibarətdir, Vaqifin bədbin şeirləri ilə hökumətə nə olasıdır?

Vaqifin şeirləri ilə hökumətə nə olduğunu demək çətindir. Ancaq bu gün bir şeyi qəti demək olar ki, Vaqifin şeirləri ilə yeni bir oxucu nəsli yetişdi. Bu nəsil Vaqifin ədəbiyyatda yerinin harada olduğunu bilir.

Bakı Dövlət Universitetində tələbəm olan Dilrubə Vaqifzadə şairin vəfatı münasibətilə yazdığı vida sözündə mənsub olduğu yeni oxucu nəslinin şeirə və şairə münasibətini Vaqifin öz sözləri ilə belə ifadə etmişdi: “Dəfninə ayaqyalın gəlirəm, şair. Yerişini yeriyə bilməyəcəm. Məzarının üstündə olan bir cüt ayaqqabını geyinib yaşıl eynəkdə 70 addım o yana, 70 addım bu yana addımlayıb uyuduğun uzaq yaşıl adaya baxacam. Qara şanı mövsümü deyil. Söz verirəm, yetişən kimi indi yanından trolleybusun keçmədiyi Fəxri Xiyabana gəlib məzarının üstünə qara şanı qoyacam”...
Bu qeydləri oxuyandan sonra mənə elə gəldi ki, Vaqif Səmədoğlu Azərbaycan şeirinin “xoşbaxtlıq” sözünün qafiyəsini tapmış ən nikbin şairidir...
     
/Ədəbiyyat qəzeti/

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.