Əli  Şirin  Şükürlüdən yeni povest
30.11.15

Dördlük

Povest

                   
                                                   ***
   Özünə gələndə artıq sahildə idi. Əvvəlcə nə baş verdiyini anlamadı. Yaddaşı bərpa olunduqca gəmidə baş verən qəzanı xatırlamağa başladı. Suda xeyli üzdüyünü də xatırlayırdı. Sonrası yadında deyildi. Həyatının yaddaşına yazılmayan həmən parçasında nə baş vermişdi, necə olmuşdu sağ qalmışdı, onu sahilə ötürən dalğalar olmuşdu, yoxsa başqa bir möcüzə sayəsində bura sağ-salamat yetişmişdi anlaya bilmirdi. Təkcə onu bilirdi ki, bir müddət üzdükdən sonra yorulub haldan düşmüş və sanki real aləmlə əlaqəsi kəsilmişdi. Bundan sonra isə hər şey qaranlığa qərq olmuş və o, zülmətin dərinliyində parlayan hansısa işığa doğru uçduğunu (üzdüyünü yox) ani olaraq hiss etmişdi. Vəssalam. Düşüncəsi reallıqla əlaqəni itirdikdən sonrakı zaman-məkan müstəvisində sağ qalması üçün onun dadına nə çatmışdı məlum deyildi. Hər halda ona məlum deyidi, çünki bu hadisənin şahidi olan bir kəs tanıyırıqsa, bu da yalnız onun özüdür.          
  
   Indi isə sahildə uzanıb ətrafı seyr edirdi. Heç nə, heç kəs gözə dəymirdi. Zorla qalxıb oturdu və yenidən ətrafı diqqətlə nəzərdən keçirdi. Dəniz və qumlu sahildən başqa ətrafda heç nə movcud deyildi. Yox. Bir də dayandığı nöqtədən hayana baxsan ətrafa yayılmış hüdudsuz boşluq var idi – bəyaz boşluq. Boşluqdakı imkana isə bələd idi. Ağ səhifəyə bənzəyər boşluq, nə istəsən yazmaq mümkündü o səhifəyə. Bircə yazılan ağ rəngdə olmasın. Rəng rəngə qarışar yoxsa, oxunmaz. Elə talelər də boşluq adlı ağ lövhədə fərqli - qara, qırmızı, boz və sair rənglərdə yazılır ki, oxunsun. Başdan ayağa imkandı boşluq, özü də hüdudsuzundan.
   O boşluqda isə bu da tənhalıq – taleyinə yazılan. Yox, buna tənhalıq da demək olmazdı. Tənhalıq çoxluğun doğurduğu hissdir. İnsan tənhalığı çoxluğun arasında yaşaya bilər. Cəmiyyətdən təcrid olunmuş məkanda nə tənhalıq. Bu, yalnız təklik ola bilər. Narahatlıq qarışıq sevinc hissi keçirdi ani olsa da. Qalxıb gəzməyə başladı.
   Hiss edirdi ki, hərəkət etdiyi yol tədricən əyilib, qovsvari şəkil alır. Yaşadığı məmləkətdə isə bütün yolları düzxətli hesab edirdi. Sanki bütün gediş-gəlişlər düz xətt boyunca baş verirdi o məmləkətdə. Nədənsə yolların əyilməsini hiss etmək mümkün deyildi oralarda. Belə düşünməsinə səbəb bəlkə də son illər həyatında baş verən dəyişməzlik, monotonluq idi. Burada isə hərəkət etdiyi yol çevrə şəklini alırdı yavaş-yavaş.
   Bir müddət sonra dalğaların (hər halda daha çox bu versiya üzərində dayanırdı) onu sahilə təhvil verdiyi yerdə dayanmışdı. Adaya düşdüyünü anladı. Üzündə təbəssüm yarandı. Ada məcaraları ilə bağlı çoxlu kitab oxumuş, filmlərə baxmışdı. Düşündü bəlkə tam özünə gəlməyib, hələ də zülmətdəki bir parça işığa düşdüyü o anın içindədi, lakin real həyatda olduğunu zənn edir, özünə gələndə gördüklərinin qeyri-real olduğunu anlayacaq. Amma hələ ki imkandan istifadə edib bu vəziyyəti doyunca seyr etmək istəyi hiss edirdi özündə.
                                                     
                                                        ***  
 Vaxt ötürdü. Amma vəziyyət dəyişmirdi axı deyəsən. Elə həmən ada, həmən tənhalıq. Daha doğrusu, təklik. Çaşqınlıq içində bir az da gözlədi. Az əvvəl sevinmişdisə də, indi bir narahatlıq bürüməyə başlamışdı varlığını. Düşüncəsi gözlənilməz dəyişikliyin gətirdiyi çaşqınlıqdan azad olduqca narahatlığı artırdı. Uzun müddət sakitlik axtarsa da, amma indi bu adada tək-tənha necə yaşayacağı və buradan necə qurtulacağı barədə fikirlər onu rahatsız etməyə başladı. Hər şeyi yalnız təsadüf həll edə bilər. İndi onun taleyi ancaq təsadüfdən asılıdır. Baxmayaraq, heç vaxt təsadüfə inanmayıb, baş verən bütün hadisələri qanunauyğun hesab edib.
  
   Çalışdığı elmi sahə təsadüfi hadisələrin və proseslərin öyrənilməsi ilə bağlı olsa da, təsadüfiliyi insan idrakının imkanları ilə, daha dəqiq, imkanlarının məhdudluğu ilə əlaqələndirir, onu bilməzliyin nəticəsi hesab edirdi. Təsadüf anlayışı hadisələr arasında əlaqəni bilmədikdə ortaya çıxır. Hər bir təsadüf zərurilikdə baş verir. Buna görə də hazırda onun taleyini xalis təsadüf  yox, zərurətin doğurduğu təsadüf həll edə bilərdi.
   Təsəlli olaraq söykənməyə çalışıdığı bu fikirlərin əksəriyyəti, əslində ona məxsus yeni fikirlər deyildi. Təsadüfiliyə çoxlu fəlsəfi, elmi münasibətlər var ki, o da bunların bir qismi ilə tanış idi. Yoxsa öyrəndiyi təadüfi proseslərin modelini yaratmağa nail ola bilməzdi.
   Ona görə də gözləməyə məcbur idi. Gözləmək üçünsə yaşamaq lazımdır. Bəlkə hansısa zərurət elə hansısa təsadüfi qabağına qatıb qovur ona sarı.
  
                                                        ***
   Nəhayət! Təklik başa çatırdı deyəsən. Fikirdən ayılarkən qarşısında qəribə nəhəng bir varlığın dayandığını gördü. Əvvəlcə diksinib, azca geri çəkildi. Qorxudan bir anlıq duruxub yerində tərpənməz dayansa da, sonra ona elə gəldi ki, bu qəribə varlıqdan ona bir xətər toxunmaz. Toxunsaydı gərək artıq toxunaydı. Çünki o, xeyli fikrə dalmışdı və yəqin elə bu müddət ərzində qəribə varlıq da onu müşahidə edirmiş. Bir də bu qəribə varlığın ona xətər yetirmək niyyəti olduğu təqdirdə belə əlindən heç nə gəlməzdi və bu nəhənglik qarşısında aciz idi. 
     
   Çox qəribə görkəmi var idi varlığın. Sanki müxtəlif varlıqlar bir vücudda cəm olmuşdu. Amma əsasən dörd varlığı xatırladırdı: quş, balıq, ağac, heyvan. Varlığa baxarkən müxtəlif quşları, balıqları, heyvanları, cürbəcür ağacları xatırlamaq olurdu. Ağaca da bənzəyirdi, gül koluna da. Dik də dayana bilirdi, əyilib, heyvan kimi dördayaq da olurdu. Uça da bilirdi hətta. Z. onu heyrət və təlaş içində müşahidə etdiyi vaxt arada havaya qalxıb, tez də endi. Yəqin bununla da özünü Z.-ə təqdim edirdi.
   Z. özünü ələ alıb ona yaxınlaşmaq qərarına gəldi. Nəhəng varlığa sarı bir neçə addım atıb gülümsədi. Varlıq onun bu hərəkətinə cavab olaraq qəribə tərzdə təzim etdi. Bu vaxt o, daha çox gül koluna bənzəyirdi. Bu cür münasibətdən ürəklənən Z. özlüyündə ona ad da verdi: Dördlük.
  
                                                        ***
  
   Z. nə baş verdiyini anlayırdı artıq. O, indi yalnız təbiətlə baş-başa idi. Yaşadığı şəhər həyatı, gərginlik, qələbəlik son vaxtlar onu yormuş, içində təbiətə qeyri-ixtiyari güclü meyl yaratmışdı. Düşünürdü ki, cavanlıqda cəmiyyət adamı daha çox   cəlb etsə də, yaş keçdikcə təbiətə maraq artır.
   Bu da arzusunda olduğu təbiət. Özü də cəm olaraq bir varlıqda təzahür edib qarşısında. Dördluklə tanışlığa qədər bu tənha adada narahatlıq keçirsə də, indi tam sakit idi. Əslində bu rahatlığı ona bəxş edən Dördluk idi. Onun sayəsində heç nədən əziyyət çəkmirdi. Demək olar, heç nədən. Aclıqdan söhbət gedə bilməzdi. Meyvəsi də var idi, südü də. Hələ uçmaq ümidi də. Özü də “nəhəngin”dən. Bu ümidi də ona bəxş edən Dördlük idi.
 
   O qədər isnişmişdilər bir-birinə, Z.-in əhval-ruhiyyəsindən asılı olaraq Dördlük də dəyişirdi. Dəyişiklik onun görkəmində baş verirdi. Daha doğrusu, dəyişikliyi ilk növbədə zahirdən sezmək olurdu. Amma Z.-ə məlum idi ki, heç bir dəyişmə səbəbsiz baş verə bilməz. Dördlüyün zahirində baş verən dəyişiklik onun daxili, görünməyən aləmi ilə bağlıdır. Deməli, onun döyünən həssas ürəyi, düşünə bilən beyni var. Z. sevinəndə Dördlük daha çox gül koluna bənzəyirdi rəngbərəng çiçəkləri ilə. Məyus olanda ağacı xatırladırdı yarpaqları solmuş, qol-budağı sallanmış. Z. əsəbi, gərgin olanda yırtıcı heyvan çəklini alırdı Dördlük. Qarşısında nə varsa parçalamağa hazır idi, elə bil. Qumlu sahildən yorulduğu məqamlarda iri balığa çevrilib dənizdə səyahət sevincini bəxş edirdi Z.-ə. Darıxanda isə nəhəng quşa bənzəyirdi; sanki “hər zaman məkanını dəyişə bilərsən sayəmdə” ismarıc ünvanlayırdı insan dostuna. Dördlükdə baş verən forma dəyişmələri ilə bağlı mənzərələri tez-tez müşahidə edə bilirdi Z. Bu dəyişmələrə səbəb hadisələrin bir qismi ilə biz də tanış ola bilərik, amma bir qədər səbrli olmaq gərəkdi. Bir balaca səbrli olmaq gərəkdir ki, gəlib o məqama yetişə bilək   

  Beləcə, günləri yola salırdı Z. təbiətlə qol-boyun. Yaşadığı bu sakit, təbiətin bəxş etdiyi səmimiyyət dolu həyat onu qane edirdi. Anlaşılmaz bir rahatlıq və fərəh içində yaşayırdı Z. hələ ki. Dördlüklə ünsiyyət arabir keçmişə aparırdı onu xəyalən. Məkandan fərqli olaraq zamanı yalnız xəyalən səyahət edə bilirdi. Keçmiş hadisələr düşüncəsində real təsvirlərlə zəngin idi. Gələcək isə gəlməkdə idi və keçmişə çevrilməyənə qədər düşüncəsi orada movcud olan heç bir hadisəni dəqiq təsvir etmək iqtidarında deyildi. Yalnız müəyyən məqamlarda gələcək hadisələr barədə fərziyyələrlə dolub daşa bilirdi.

                                                          
                                                          ***
  
   Bir günsə baş verən bir qədər romantik-sentimental hadisə yenə də onu xəyalən  keçmişə - öz məmləkətinə qaytardı. Z.- i birdən səbəbi özünə də məlum olmayan insana xas bədbinlik bürümüşdü. Dördlüyə qısılıb fikrə dalmışdı. Birdən yanağında ilıq nəsə hiss elədi, - göz yaşına bənzər. Damcı yanağı boyu sürüşüb dodağına çatınca onun, doğurdan da göz yaşı kimi şor olduğunu fərq etdi. Başını qaldırarkən Dördlüyün yarpaqlarından süzülən damcıları gördü.
  
   Bu hadisə ona görüşdüyü qızla ilk sevgi səhnəsini xatırlatdı. Ehtiraslar sönəndən sonra arxası üstə uzanıb fikrə dalmışdı. Qızsa bərk-bərk ona qısılmışdı. Fikirləşirdi hər şey tükəndi. Bu qədər istəyin nəticəsi elə budur?!. Bir neçə dəqiqəlik sevgi səhnəsi. Bu cür sevgi, bu dərəcədə istək, ehtiras bir də yaranmaz, - hazırki vəziyyətini hər şeydən doyan adamın vəziyyəti ilə müqayisə edirdi. Elə buna görə də bəri başdan qızı həmişəlik tərk edib getsə yaxşı olar; sevgisiz, ehtirassız münasibətin nə mənası?!
  
   Amma hələ ağlına da gəlmirdi ki, bütün istəklərin qaynaqlandığı tələb adlı mənbə var. O tələb də daim istək adlı duyğu “istehsal edir”. Nə qədər tələb movcuddur, o qədər də istək olacaq. Tələb insanı fəaliyyətə gətirən istəkdən öndədi, ilkindi. Hətta ağıldan belə əvvəldə bərqərar olub. Qalır tələbdən doğan istəkləri ağılla idarə etmək. Həm də təkcə insanın deyil, bütün kainatın mahiyyəti tələb – ağıl – istək birgəliyindən ibarətdir.
  
   Dodağında hiss etdiyi göz yaşı tamı onu qarışıq fikirlərdən ayırıb qızın yanına qaytardı. Qızı bir də əzizləyib sevə bilməyəcəyi qorxusunu yaşayan gənc Z. çox keçməmiş yenidən qızı ağuşuna aldı. Sevginin ilk yaxın təmasını dadan qızın titrək səslə “ sən məni həmişə sevəcəksən?” – müraciətinə az əvvəl fərqli düşünməsinə baxmayaraq, “həmişə” – deyə cavab verdi. “Mən də. Həyatımı başqa cür – sənsiz təsəvvür edə bilmirəm” - qız sevdiyi adamın cavabındakı qətiyyətdən mütəəssir dedi.
  
   Amma “həmişə” də yaranmışlar üçün məhdud  zaman kəsiyidi daimilik mənasını versə də. Tezliklə evlənməyə qərar vermişdilər. Lakin bir gün qızın qəfil yoxa çıxması vəziyyəti tamam dəyişdi. Nə qədər axtarsalar da qızı tapa bilmədilər. Elə bil, qız bir anın içində qeybə çəkilmişdi. Bütün doğmalar kimi o da uzun müddət ümidlə gözlədi. Necə olmasından asılı olmayaraq, qız barəsində hər bir xəbər təsəlli ola bilərdi doğma adamlara. Hətta xəbərlərdən ən ağırı belə. Elə o cür də oldu. Xəbər aldılar nəhayət – xəbərin ən ağırını. Adi bir qəza qızı varlıqdan yoxluğa çevirmişdi bir anın içində. Bu hadisəni xatırlayanda sonsuz əzab çəkdiyindən hadisə ilə bağlı təfərrüatları düşüncəsindən qovmağa, müəyyən vasitələrlə sıxışdırıb kənarlaşdırmağa çalışırdı. Amma heç bir hadisənin təsvirini düşüncədə yox etmək mümkün deyil, o, qeyri-ixtiyari düşüncənin hansısa qaranlıq bir hissəsində həmişəlik məskan salır.       
 
   Neçə il keçməsinə baxmayaraq, o dəhşətli anları hər xatırlayanda özünə yer tapa bilmirdi. Hər yerdə izini axtarırdı sevdiyi qızın, yaşadığı sevginin; yəni bu qədər fanidir hər şey, belə asanlıqla heçliyə çevrilə bilər yaranan, yaşanan nə varsa. Insan, insanın yaşadığı və bəxş elədiyi sevgi belə asanlıqla necə yox ola bilər axı bir anın içində! Varlıqla yoxluq yəni bu qədər yaxından müşayiət edər bir-birini, anla ölçülən, az qala zamansız bir məsafə movcuddur onların arasında?!   
   Belə anlarda yalnız xatirələr yetirdi dadına. Yalnız xatirələr.
  
   Insan yalnız xatirə imiş – indi fərqli, cəmiyyətdən məhrum bu adada belə düşünürdü. Görünür, doğurdan da insanın mahiyyəti düşüncədir. Düşüncədən məhrum olmaq yoxolmadır. Dünya elə insanın içindədir, ondan kənarda heç nə movcud deyil. Dünya elə insanın düşünə bildiyi qədərdir. Sevdiyi qız da indi onun düşündüyü qədər movcuddur onunçun harada olmasından asılı olmayaraq. Bəlkə heç məkanı da yoxdu onun artıq. Bədəni soyundusa məkan da itdi, hərəkət də, zaman da. Bədənə hörülmüşük deyə bir məkanı zaman-zaman başqasına dəyişə bilirik.
  
                                                           ***
  
   Bir müddət əvvəl qələbəliklə dolu şəhəri indi səssizliyə qərq olmuş, yalnız Dördlukdən ibarət bu ada-məkan əvəz edirdi.
   
   Dördlük də fəallaşmışdı elə bil Z.-lə dostlaşdıqdan sonra. Sanki o da bu insan dostuna qədər təklikdən əzab çəkirmiş. İndi bir məmnunluq hissi yaşayırdı daxilən. Z. bunu dərindən duya bilmirdi. Çünki Dördlüyün dəyişməsini öz əhval-ruhiyyəsi fonunda seyr edə bilirdi. Onun daxili yaşantılarının üzdə olmayan tərəflərini dərindən anlamaq iqtidarında deyildi. Baxmayaraq, elmi işləri hadisələrin fizikası ilə yanaşı onun fəlsəfəsini də anlamağı tələb edirdi. Hətta nəinki fizikasını, hətta metafizikasını da. Amma, görünür, insan idrakının məhdudluğu kainatda çox şeyi anlamağa imkan vermirdi. Lakin bir şeyə əmin idi Z. Bütün kainat yüzə-yüz insana hesablanıb. Heç nə elə-belə yaranmayıb. İnsana adi görünən yaranışlar belə kainatda harmoniyaya xidmət edir. Onlardan hansınınsa yerində olmaması bir zaman-məkan boşluğu yaradıb, kainatın nizamını poza bilər. Elə çoxlu varlığın bir vücüdda cəmlənib, insanın hazırkı vəziyyətdə  dadına yetməsi buna sübutdur. Sanki onun hazırda yaşamasının səbəbi də Dördlüyün movcudluğudur.

                                                         ***

   Təkcə torpaq deyil, su da cəlb edir adamı. Elə səma kimi. Səmaya olduğu tək dənizə də baş vurmaq keçir insanın könlündən. Özü də dərinliklərinə. Dərinlik, əlçatmazlıq daim çəkər adamı özünə sarı. Bəzən təhlükəli olsa da çıxa bilmir adam zülmətdə uyuyan əlçatmazlığın, sirr dolu dərinliyin cazibəsindən.
   İdrakının aşa bilmədiyi sərhəddi pozmaq keçirdi könlündən Z.-in. Bir anlıq adadan aralanıb, dənizin sonsuzluğuna qovuşmaq istəyirdi. Həm də adadan müvəqqəti ayrılmaq ora qayıtmağa yeni istək yaradacaqdı onda. Çünki olduğu yerlərə qayıtmağı sevirdi o. Təzədən adanı sevmək üçün getmək lazım idi buralardan. Az müddətə olsa da belə. Getməyin də görünməyən, sirli məqamları var. Haradansa, kimdənsə gedirsən və sonra darıxıb qayıdırsan. Yeni istək fərqli qüvvə ilə dartır adamı geriyə.
 
   Dördlük iri balığa çevrilib üzürdü dənizin dərinliklərinə. Dostu da belində. Yeni bir sevinc idi dənizə balıq çevikliyi ilə baş vurmaq. Sərbəst, azad, qorxusuz. Bir yandan da dənizin şəffaflığı. Sanki ruhu təzələnirdi bu çeviklik və şəffaflıqdan.
   Nə qədər davam etdi bu fərəh fərqinə varmadı Z. Elə bil bir ömür yaşamışdı dənizin qoynunda. Sadəcə, bu dəfə rastlaşdığı ən bənzərsiz mənzərə balığın gözləri idi. O qədər məna vardı bu gözlərdə, hələm-hələm insan gözlərində o mənaya rast gəlməzsən.
                                                   
   İlk dəfə balıq tutmağa gedərkən məktəbdə oxuyurdu. Deyəsən, bu, onun elə sonuncu balıq ovu oldu. Sonra balıq ovuna getməsini xatırlamırdı keçən otuz il ərzində.
   Onu balıq tutmağa aparan sinif yoldaşları bu işdə səriştəli idilər. Balıq ovu üçün hazırlanmış xüsusi tora onun yaşadığı bölgədə “moluş” deyirdilər. Bəlkə başqa bölgələrdə də elə moluş deyirlər, onu dəqiq bilmirdi. Əsas məsələ bunda deyildi. Əsas məsələ ilk dəfə sudan diri çıxan balığı görməsi idi. Moluşa tuş gələn balıqları moluş qarışıq sevincək sudan çıxarıb, kanalın qırağındakı torpaya atırdılar. Balıqlar bir qədər atılıb-düşərək ölümlə mübarizə apardıqdan sonra təslim olub, sakitləşir, doğma məkandan əbədi ayrılırdılar.
   Beləcə, o gün xeyli sevinc bəxş etdi dostlara balıq ovu. Hər sevinc də balıq ölümü sayəsində baş verirdi. Hər ölüm yeni sevinc bəxş edirdi onlara. Balığın iriləri onun payına düşdü o gün. Necə olsa bu işdə o, “təzə” idi, dostlar da təzə balıqçının zəhmətini layiqincə qiymətləndirdilər.
  
   Amma o gün hamıdan çox sevinən Z.-in nənəsi oldu. Necə olsa yeganə oğul nəvəsi ilk dəfə qazanc gətirirdi evə. “Bu balıqları barmağımda bişirəcəyəm ocaqda” – bir neçə dəfə sevinə-sevinə uca səslə təkrarladı nənəsi. Elə bil, istəyirdi hamı onu eşitsin, hamı eşidib onun sevincinə şərik olsun həm də.
   O gündən isə Z.-ə xatirə qalan balıq gözləri oldu; diri balıqların ölü gözləri. Demə, diri balıqların da gözləri ifadəsiz, donuq olurmuş, elə ölü balıqlar da olduğu kimi. Bəlkə də onların gözləri yalnız suda – doğma məkanlarında məna kəsb edir, oranı tərk edən an mənasını itirir, elə ilk ölən də gözləri olur balıqların.

   Indi isə tamam fərqli mənzərə ilə rastlaşmışdı. Dostu Dördlüyün dipdiri balıq gözləri onu təəccübləndirmişdi.                                        

                                                                          
                                                            ***
   İnsan kimi Dördlük də bəzən nəvazişə susayırdı. Axı onun da varlığında canlıya məxsus müəyyən hisslər dolaşırdı. O nəvazişi də yalnız Z.-dən ala bilərdi. Z. isə elə düşünürdü bu varlıq yalnız ona xidmət etmək üçün yaranıb. Onun varlığı bir arxayınlıq yaratmışdı Z.-də. Çox vaxt biganə yanaşırdı dostuna. Biganəlik - insanın xislətində özünə əməllibaşlı yer eləmiş bu xüsusiyyət, hətta müəyyən məqamlarda insanın karına da gələ bilir. Özünü cəmiyyətdə vacib bir şəxs kimi göstərməyə yardımçı olur. Amma həmişə də özünü doğrultmur. Bəlkə də cəmiyyəti bu cür “oyunbazlıq”larla müəyyən məqamlarda aldatmaq olar, təbiəti isə aldatmaq mümkün deyil. Aldatmağa çalışıdın – bəzən üzdə bilinməsə də - bir çat əmələ gələcək arada və o çat getdikcə uçuruma cevriləcək.
  
   Həmişə ehtiyac hiss edərkən – darıxarkən, sevinərkən, məyus olarkən Dördlüyə sığınan Z. bu dəfə fərqli mənzərə ilə rastlaşdı. Dördlük özü ona yaxınlaşmaq, ona qısılmaq istəyirdi, sanki ünsiyyətə ehtiyacı vardı onun. Lakin Dördlüyü öz istəkləri prizmasında görən Z. bunun fərqinə varmadı o qədər də. Elə bu zaman bu vaxta kimi rastlaşmadığı bir mənzərənin şahidi oldu və bu mənzərədən üşəndi. Ilk dəfə idi Dördlüyün yırtıcıya çevrildiyinin şahidi olurdu. Özü də gözlərindən qəzəb yağan yırtıcıya. Bir qədər duruxsa da tələsik çıxış yolu barədə düşünməyə başladı. Hələ ümid var idi. Çünki dostunun gözlərində hələ ki təkcə ani qəzəb doğulmuşdu, kin özünə yer eləməmişdi. Qəzəbi isə soyutmaq mümkündü həmişə. Tez alışıb, tez də sönən alova bənzəyər. Kin isə uzunmüddətli qəzəbdir. Yandırıb kül etməsə inadından əl çəkməz.

                                                  ***
   Nə vaxtsa sevimli heyvanın gözündə sezdiyi kinin ağır nəticəsini yaşamışdı. Bəlkə də heç on yaşı olmazdı Z.-in. O zaman kəndə yaşayırdılar. Bir iti var idi və bu it o qədər öyrəşmişdi ona, demək olar, hər yerdə yanında idi. Qohum evinə gedsəydi oturub həyətdə onu gözləyərdi. Dostları ilə oynadığı yerlərdə isə daima yaxınlıqda dolaşardı. Bir sözlə, hər yerdə onunla idi. Bircə məktəbə olmazdı! Bunu it də anlayırdı elə bil. Məktəbdən qayıdar-qayıtmaz isə dərhal qarşısında peyda olub, qabaq ayaqlarını qaldırararaq onunla oynamaq istəyərdi. Belə bir dostluğa rəğmən o vaxt da gözlənilməz bir mənzərə ilə rastlaşmışdı.
   Günlərin birində yemək yeyən iti bir neçə dəfə hirsləndirməyin acısını yaşamalı oldu. İtin gözlərindəki qəzəbi əvəz edən kin ona baha başa gəldi. Sevimli iti gözləmədiyi halda nifrətlə üstünə atılıb onu ayağının şirin ətindən qapdı. Böyük bacısı özünü yetirməsəydi bu nifrətin axırı necə olacaqdı onu bir Allah bilir. Çünki it elə qəzəblənmişdi bir anın içində sevimli dostdan ən qəddar düşmənə çevrilmişdi. Iti kötəkləyib qovan bacısı yarasını təmizləyib sarıdıqdan sonra onu tənbeh etməyə başladı:
-    Axı sən iti niyə qəzəbləndirirsən heç nədən. Bilmirsən yeyərkən itə toxunmaq olmaz. Axı o adam deyil, heyvandı. O, nə anlayır sən onunla zarafat edirsən. Bu, heç zarafata da oxşamırdı. Sən, elə bil, qəsdən onu qəzəbləndirirdin. Bu da nəticəsi.            
-    Mən onunla ancaq oynamaq istəyirdim, başqa məqsədim yox idi, - hələ də qorxudan özünə gələ bilməyən Z. günahkarcasına dedi.
-    Heyvanla oynamağa münasib vaxt seçməmisən, bunu anlayırsan? – Bacısı narahatlıqla onu danlamaqda davam edirdi. – Yaxşı deyiblər it quduranda yiyəsini qapar – bunu isə az qala pıçıltıyla söylədi.
-    Anlayıram. Bir də eləmərəm, - Z. söylədi.
-    Amma artıq gecdi, iti incitmisən, səni bağışlayacaq ya yox bilmək olmaz. Bundan sonra onunla ehtiyatlı ol.
Daha ehtiyatlı olmağa lüzüm yox idi. O gündən it heç yerdə gözə dəymədi. Bacılar nə qədər soraqlasa da onu tapa bilmədilər. Amma Z. ömrü boyu itlərdən ehtiyatlanmağa başladı. Doğrusu, qorxmağa başladı. Elə bil, rastına çıxan itlər də bunu hiss edirdi. Bu hadisə hər yadına düşəndə fikirləşirdi: “Heyvandı da, nə olsun isinişmişdi mənə, yəqin kim olmasından asılı olmayaraq, payına şərik olacağından ehtiyatlanırmış. Insan – şüurlu məxluqdu, amma çox zaman payına düşəni asanlıqla əldən vermək istəmir. Bəzən payına düşməyəndən belə imtina edə bilmir. Qalmışdı şüursuz məxluq ola. Elə ona görə də məni qapmaqla itirmək təhlükəsini aradan qaldırmağa çalışıb”.

                                               ***
   Həyat isə hər an itirməkdi də elə - insan çox zaman bunun fərqinə varmasa da. Yaşanan hər an nəyin və nələrinsə keçmişin qaranlıq uçurumuna yuvarlanmasıdı sadəcə. Heç vaxt qayıda bilmədiyi, yaşadıqlarının bir göz qırpımında çevrildiyi keçmişə.
   Bir anın içində az qala Dördlüyün sevgisini itirmək təhlükəsi ilə üzləşən Z. indi onunla əvvəlki münasibəti pərpa etmək üçün yollar axtarırdı. Anlayırdı ki, Dördlük  Z.-in də onu sevdiyinə inanmalıdı. Bəlkə də bu məqamda yalnız sevgi onu xilas edə bilər. Amma Dördlük daha qəzəbli olmasa da, məyusluğunu gizlədə bilmirdi. Bu vəziyyətdə yarpaqları solmuş ağaca çevrilmişdi. Z. isə onun tamamilə quruyacağından qorxurdu. Qorxudu Dördlük ağac şəklində quruyub yox olar. Bu yoxolma onun vücudunda cəmlənmiş digər varlıqların da movcudluğuna son qoyar. Bununla da bütün ümidlər məhv olub gedər. Yaşamaq, uçmaq, dəyişmək və s. – bütün ümidlər. Əslində bu, elə Z.-in də məhv olması demək idi. Çünki onu bu kimsəsizlikdə yaşadan yeganə səbəb – Dördlük idi. Bu adada varolma bir-birinin içində idi sanki. Bir-birinə daxil çoxluqlar şəklində. Dördlük adlı çoxluğa digər varlıqların hər biri altçoxluq kimi daxil olmuşdu. Bir altçoxluğun məhvi ilə bütün çoxluq məhvə məhkum idi. Z. də bu  çoxluğun altçoxluqlarından biri idi, amma o biriləri kimi çoxluğu yaşadan yox, yalnız onun sayəsində yaşayanı.
   Belə olduğu təqdirdə az qala bir yerə cəm olmuş təbiətə niyə belə biganəlik göstərib, onu özündən incik salır. Özü də təbiət nə təbiət. Düşünə bilən, sevə bilən, həm də nifrət edə bilən təbiət. Onun isə sevgisini qorumağın çox sadə yolu var: adi nəvaziş. Bunu da ondan əsirgəsən əvvəl-axır üz döndərə bilər adamdan. Hazırda Z. belə bir ərəfədə idi; məyus, peşiman. Ağaca çevrilmiş Dördlük, deyəsən, bu məyusluğa dözə bilmədi. İlk təşəbbüs yenə də ondan gəldi. Budaqlarını nəvazişlə Z.-ə toxundurub, onu koksünə sıxdı. Bu münasibətdən sevinən Z.-i görüncə isə rəngbərəng çiçəkləri adamın üzünə gülümsəyən nəhəng gül koluna çevrildi Dördlük. "Bağışladın məni? Yenə də əsl böyüklük siz təbiətdə güzlənib” – Z. gül kolunun gövdəsinə sığınıb, onu sığallamağa başladı.  

                                               ***
   Ağaclar da küsür adamdan. Təkcə adada karına gələn bu canlı ağac deyil, adi ağaclar da. Onların məyusluğunu ata və anasından sonra kimsəsiz qalmış bağdakı ağaclarda müşahidə etmişdi. İlbəil məhsulu azalan ağacların kədərini bağa hər gedişində aydın sezə bilirdi Z. “ Sahibsiz bağın ağacları meyvə gətirməz” – düşünürdü o. Vaxtı ilə sevinə-sevinə ziyarət etdiyi bağı saxlamaq indi bir əzaba çevrilmişdi onunçun. Hər dəfə fəhlə tapıb, o sahəni təmizlətdirirdisə də az sonra yenə eyni şəkil alırdı. Bağ baxımsızlıqdan cəngəlliyi xatırladırdı. Qərara gəldi ki, evin yerləşdiyi həyətyanı sahəni saxlayıb, bağı satsın. Bu sahəni saxlamaq daha asan idi. Çünki orada ağaclar seyrək əkilmişdi. Bir də oranı satmaq heç ağlına da gəlməzdi. Oranı satmaq elə doğulduğu, böyüdüyü, sevdiyi evi, həm də xatirələri satmaq deməkdi. Bu ev isə valideynlərinin yadigarı idi. Hər kəndə gedərkən öz evinə düşür və bu zaman ona elə gəlir ki, valideynləri hələ də bu evdədir. İllər keçməsinə baxmayaraq hər yerdə onları görür, onların nəfəsini hiss edirdi sanki.
       - Bağı satıram, bacı – bir gün söhbət ərəfəsində bacısının fikrini öyrənmək istədi. Bilirdi ki, o biri bacıların da rəyi bu bacının fikri ilə eyni olacaq.
       - Bilirəm baxımsız olduğuna görə saxlamaq çətindi. Siz şəhərdə, bağ kənddə, yol da uzaq – bacısı onun sözünə qüvvət verdi.
        - Məsələ də elə bundadı. Təmizləyib gedirəm, çox keçməmiş qayıdıb görürürəm yenə “saç-saqqal” basıb onu. Bir torpağı ki qoruya bilmirsən saxlamağa dəyməz.

   Dediyi kimi də elədi. Satdı bağı məyus ağaclarla birgə: “Qoy kimsə səmərəli istifadə eləsin. Bəlkə bu ağaclar da sevinə”. Satdığı qonşuya elə bu cür də dedi: ”Yaxşı baxsan, səliqəli saxlaya bilsən mən də sevinərəm”.

                                                     
                                                        ***
   Beləcə, Dördlük məyusluğunu ağaca, sevincini rəngbərəng çiçəkli gül koluna, qəzəbini yırtıcı heyvana, nisgili balığa, dəyişmək ehtirasını quşa çevrilməklə ifadə edirdi. Həm də bu mənzərələr çox vaxt Z.-in əhvalına uyğun olurdu. Amma Dördlük özü də hisslərdən məhrum deyildi. Axı o, canlı idi. Bəlkə elə canlı oduğundan Z. onunla darıxmırdı. Canlı təbiətlə dostluq onu bir çox cəhətdən xoşbəxt edirdi. O, elə yaşadığı məkanda da təbiətə həmişə canlı kimi baxmışdı. Amma indi bu xüsusiyyəti real görmək şansı qazanmışdı.
  
   Birdən özündə uçmaq həvəsi hiss etdi. Yüksəkliyə qalxıb adanı, dənizi seyr etmək istədi. Başlıcası isə uçmaq, elə hey uçmaq, səmaya qarışmaq keçdi könlündən.        
  Xəyaldan ayrılmağa macal tapmamış özündə bir yüngüllük hiss etməyə başladı. Onda gördü ki, artıq yeri tərk edir, tədricən üzü yuxarı qalxır. Dostu nəhəng quşa çevrilib, aparır onu səmaya. Necə də sevinirdı. Içi fərəhlə dolmuşdu. Uçuşun bəxş etdiyi fərəhlə. Getdikcə ada, dəniz kiçilirdi. Bir qədər sonra onları nöqtə şəklində seyr edirdi: “Doğurdan da yüksəklik çox şeyi adamın nəzərində kiçildir, adiləşdirir. O boyda ümman gör necə heçliyə çevrilir tədricən. Görünür, yaranan hər şey getdikcə heçliyə yaxınlaşır bu şəkildə. Heçliksə heç də yoxluq deyil yəqin ki. Nədirsə, hər şeydir, sonsuzdur, hər şey olan sonsuzu da görmək və dərk etmək insan idrakının gücündə deyil. Hər şeyi görmək mümkün deyil axı, forması olsa da belə. Elə Allah da bütün kainatı heçdən yaradıb. Hər şeylə dolu olduğu üçün heç nə olan heçdən”.
 
   Görən, nə üçün uçuş onu bu qədər sevindirirdi. Uçuşda nə sirr var görəsən. Bəlkə onun əsas sirri elə yerdən aralanmaqdı. Yerdəki hər an ölüm qoxuyur axı. Baxın, səmada ölənlər də üzü aşağı hərəkət edir – yerə doğru. Ölən quş, saralan yarpaq, yetişən meyvə. Ölüm yer hadisəsidi – ondandı yerin cazibə qüvvəsi də üzü aşağı çəkir məhvə məhkum olanları. O mənada yalnız fiziki hadisədi ölüm. Ölçüləri olanlara məxsusdu o. En, uzunluq, hündürlüyün, həm də zamanın yoxa çıxmasıdı. Öləndən ayrılan və ölçüsü olmayan isə üzü yuxarı hərəkətdədi – səmaya, sonsuzluğa, hüdudsuzluğa, zamansızlığa. Elə ona görə də yaranan nə varsa uçmaq ehtirasından məhrum deyil. Uçmaq, sonsuzluğa qovuşmaq əbədilik qazanmaqdır.
   Bunları düşünə-düşünə uçmağın sonsuz sevincini yaşayırdı. Amma hər uçuşun sonu var. Bunu da yaxşı bilirdi Z. Onu da yaxşı bilirdi ki, nə qədər məharətlə uçmağı bacarsa da belə Dördlük də tez-gec adaya qayıtmağa məhkumdu. Böyük yerin  kiçik adasına, öz məkan-zaman müstəvisinə.

Ardı var

Yenililklər
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.