Aydın Dadaşov - Antiutopiyadan moralizmədək 
08.02.16

Dünya kinosu
Frits Lanq. Antiutopiyadan moralizmədək


    Memar ailəsində doğulub ali rəssamlıq təhsili alan, Birinci Dünya müharibəsində yaralanıb ilk ssenarilərini hospitalda yazan, David Belaskonun libretto kimi Cakomo Puççininin “Madam Batterfley” operasında (1904) məşhurlaşan “Qeyşa” dramı əsasında “Xarakiri” filmi  (1919)  ilə ekran sənətinə gələn kinorejissor Frits Lanq (1890-1976) lal kinonun parlaq simalarından sayılır. “Hörümçəklər”, “Qızıl göl” adlı iki hissədən ibarət “Brilliant gəmi”  kimi sərgüzəşt filmləri (1920) ilə özünü bu sənətdə təsdiqlədiyi məqamda həyat yoldaşı Elizabet Rozental təsadüfən açılan güllə yarasından dünyasını dəyişdikdə evləndiyi yazıçı Tea Fon Xarbounun qədim alman dastanları əsasında yazdığı "Metropolis" romanı əsasında  Frits Lanqın quruluş verdiyi eyni adlı film lal kino klassikası siyahısındadır.
    Uzaq gələcəyin mənzərəsini  fantastika janrında yaratmaqla ilk titrlərdə: "Zəka ilə əllər arasındakı vasitəçi ürəkdir" kimi humanist ali məqsədi önə çəkən "Metropolis" filmi (ssenari müəllifi Tea Fon Xarbou.1927) insan faktorunu utopik mühitdə qabardır. Ekranda 3D effekti yaratmaqla tamaşaçını sanki hadisələrin içərisinə qova bilən bu film kütləvi səhnələrin miqyası ilə yadda qalır. Alman simvolçularının davamçısı sayılmaqla insanın təbiətə və özünə vurğunluğuna söykənən impressionizmə qarşı çıxan ekspressionizm metodunu önə çəkən Frits Lanq yerin dərinliklərində məskunlaşmaqla sənayeləşmənin son həddini göstərən "Metropolis" adlı supermüasir şəhər-dövlətin qurucusu, kapitalist, diktator Yo Fredersenin (Alfred Abel) utopiyanı reallaşdırmaq naminə qurban verdiyi insan kütləsi ilə ziddiyyətli münasibətlər sistemini filmin strukturuna gətirir. Yerin tərkində, ümumi planlarda arı şanına bənzər hündür binaların, avtomobillərin şütüdüyü çoxmərtəbəli yolların, Diktator Yo Fredersenin yeniyetmə oğlu Frederin (Qustav Frölix) dostları ilə əyləndiyi, nəhəng ekzotik ağaclarla, qızıl qazlarla, tovuzquşularla, mələksima xidmətçilərlə dolu  "Əbədi bağ"ın, sağlamlığı qoruyan stadionların yaratdığı “cənnətin” altında dəstə - dəstə  istehsalat müəssisəsinə növbəyə gəlməklə on saatlıq ağır iş rejimində, insanları udan ölüm bütü tikanlı kərtənkələyə - Moloxu yaşatmağa çalışanların robota çevrilməsi “cəhənnəm” mühiti yaratmaqla gözönü təsvir ziddiyyətini göstərir. Xristianlığın məğzindəki rəhmdilliliyi önə çəkməklə “cəhənnəm”dəki kasıb fəhlə uşaqlarını, ekskursiyaya gətirdiyi “cənnət” sahiblərini də vicdana çağıran Mariya (Brigitta Xelm) tanrının iradəsini yerinə yetirir.
     Növbə ilə bütün günü fasiləsiz çalışmaqla texnikanın əlavəsinə çevrilən adamların gələcəyi səciyyələndirən uşaqlarına daha dərinlikdəki, əfsanəvi allahlara doğru gedən yolun qapısı sayılan, zümrəsindən asılı olmayaraq hamının bərabər yaşadığı Vavilon qülləsi barədə danışmaqla "zəka ilə əllər arasındakı vasitəçi ürək" axtaran Mariya xeyrin təcəssümünə çevrilir. Mariyaya vurulmaqla xeyir missiyasını üzərinə götürərək  sevgilisini axtarmaq üçün yerin altındakı cəhənnəmə düşən Frederin minlərcə işçinin həyatına son qoyan Moloxla üzləşməklə 11811 saylı fəhlə Georgini (Ervin Bizvanger) ölümdən xilas etməsi ali məqsədə gedən yolda ilkin qələbəyə çevrilir. Briqadir Qrotun (Henrix Güorge) qəzada ölən fəhlələrin cibindən tapdığı, naməlum yeraltı məkanın eskizini görən Yo Fredersonun göstərişi ilə təhlükəsizlik xidmətinin rəisi Arığın (Frits Rasp) Frederi izləmək tapşırığı alması gərginliyi artırır. Paltarını geyindiyi Frederə söz verməsinə baxmayaraq cibindən pul tapıb əyləncəyə üz tutsa da, sonrakı epizodlarda ölümü hesabına fədakarlıq göstərən Georgi digər həmkarlarından fərqli olaraq həyatı əqidəsinin qurbanı kimi tərk edir. Qayğısız həyat sürən Frederin məzlumların təəssübkeşinə çevrilməsi isə günah hissinin yaranışı ilə daxildə gedən mənəvi təbəddülatdan xəbər verir. Yo Fredersonun zamanında informasiya gətirmədiyinə görə işdən qovduğu, çıxış yolunu intiharda görən məmur Yosafatı (Alfrüd Abel) öz yanında işə götürməklə xilas edən Frederi xeyirxahlığı təkcə aşağılara deyil, yuxarılara da tətbiq edir.
    Mənəviyyatsız Yo Fredersonun vaxtilə Hel adlı sevimli arvadını əlindən aldığına görə aralarında kin-kidurət yaşanan sərsəm biokimyaçı alim K.A.Rotvanqanın (Rudolf Klayn Roqqe) laboratoriyasına gəlişi elmi kütləvi süjetə meydan verir. Yo Fredersona oğul doğub dünyasını dəyişən Heli unuda bilməyən  K.A.Rotvanqın indi  laboratoriyasında süni-sxematik robotunu yaratdığı mərhum sevgilisinə gənc Mariyanın sifətinin və bədəninin oxşarını köçürmək niyyəti filmin strukturunu zənginləşdirir. Niyyətini reallaşdırmaq naminə Rotvanqın Mariyanı zorakılıqla laboratoriyasına sürükləməsinə Frederin maneçilik törədə bilməməsi mövzu istiqamətini nizamlayır. Mariyanın bənzəri Helin ruhən ifritəyə çevrilməklə alt qatdakı fəhlələri kütləvi  şəkildə məhv etmək niyyəti sifarişçi Yo Fredersonun qisasçılığını və rəqibinin oğlunu məhv etmək istəyən Rotvanqın intiqam hissini təmin etməklə əsas ziddiyyəti qızışdırır. Saxta Mariyanın bədbəxtliklərin səbəbi adlandırmaqla texnikanı sıradan çıxarması, üsyan barədə Yo Fredersona videotelefonla xəbər verən briqadir Qrotun generatoru qorumaq cəhdi dramatizmi artırır. Nəticədə  yeraltı möhtəşəm şəhərin az qala su altında qalmaq təhlükəsi ilə üzləşməklə son anda sevgilisi Frederin köməyi ilə uşaqları təhlükəsiz sayılan "Əbədi bağ"a daşıyan Mariyanın fədakarlığı hesabına xilası sahibkarları məhv etmək istəyən fəhlələri sakitləşdirir. Ələ keçən saxta Mariyanın şəhər meydanında qurulan tonqalda, Fredonun müqavimətinə baxmayaraq yandırılmaqla alovun təsiri ilə insani simasını tədricən itirməklə yenidən robota çevrilməsi şərin cəzalandırılmasını gözönü təsvirdə təqdim edir. Şərin mənbəyini yenidən yarada bilən Rotvanqı məhv etməklə kilsənin zəngini səsləndirən Mariyaya qovuşan Frederin üsyançıların rəhbəri, briqadir Qrotla  atası Fredersonu simvolik şəkildə əl-ələ tutmağa vadar etməsi filmin humanist ali məqsədini şərti olaraq səciyyələndirir. Beləliklə, mütərəqqi ideyalara, insani dəyərlərə önəm verən XIX əsr və elmi nailiyyətləri belə milyonların həyatına son qoyan müharibəyə yönəldən XX əsrlərin qovşağında üzə çıxan sosial-siyasi problemlərin bədii həllində istifadə edilən ekspressionizm metodu "Metropolis" filminə də tətbiq edilsə də, "Zəka ilə əllər arasındakı vasitəçi ürəkdir" kimi humanist ali məqsəd mövzu həllində inqilabi dəyişkənliyə meydan verməyən Frits Lanqı soyuqqanlı alman təfəkkürünə söykəndi. Təxəyyüldə canlanan gələcəyə tənqidi münasibətlə antiutopiyanın janr kimi üzə çıxdığı, canlı və cansız bədii ifadə vasitələrinin harmoniya yaratdığı bu filmin orta əsrlərə xas moralite – nəsihətnamə istiqamətində sonuçlanması nəzərdən qaçmır.
    “İskusstvo kino” jurnalının 2005-ci il, 9-cu sayında nəzəriyyəçi sənətşünas, Nyu-York universitetinin  professoru Boris Qroysun: “Kölələşən tanrılar. "Metropolis"” məqaləsindəki: “Hər halda ilk baxışdan- yeni texnikanın, dəzgahların ağalığının əlehdarı kimi çıxış edir. O, istehlakçıları təcəssüm etdirən ali zümrənin oğlunu xilaskar qismində insanları ələ salan manipulyasiya maşınının yaradıcısı Rotvanqla  “Ölüm-dirim mübarizəsinə” göndərir. Bu mübarizədə həyatını təhlükəyə atan gənc qəhrəman əslində istehlakçıların hakimiyyətini bərpa edir. Manipulyasiya maşını məhv olur. Saxta personaj – insanabənzər robot, gözəl, cazibədar qadın simasını itirilməklə ifşa olunur. Onun maskası altındakı mənfur dəmir mexanizm üzə çıxır.  Özünün gücünü göstərən idmançı qəhrəmanın qarşısında əvəzsiz ixtiraçı - yorğun, eybəcər, yöndəmsiz, naqolay, sərsəm qoca Rotvanq da sarsaq vəziyyətə düşür. Və beləliklə bu iyrənc müəllifin gözəl istehlakçı qarşısında məhvi tamaşaçını hədsiz sevindirir”  qənaəti dramaturji modeldəki, ilk baxışda nəzərdən qaçan məqamları qabardır.
    Azyaşlılarla birgə otuz min nəfərlik kütləvi səhnə iştirakçılarının, uzaq gələcəyi – 2000-ci illəri təmsil edən çoxmərtəbəli binaların, avtomaşınların, xırda marketlərinin dinamik şəkildə təsvir həllinə qoşulmasını göstərən quruluşçu operator Karl Froynd rejissor yozumunun gerçəkləşdirilməsində yüksək peşəkarlıq göstərir. Totalitarizmin ilk simvollarından sayılmaqla İncildə adı eybəcərlik nümunəsi kimi çəkilən Vavilon qülləsinin ekran təqdimatında Niderland rəssamı Piter Breyqelin (1525-1569) məşhur tablosundan (1563) istifadə filmin zəman-məkan həllinin miqyasını genişləndirir. Alman kinosunun lal dövrünün bahalı layihələrindən sayılan bu filmə görə anasının yəhudi olmasına baxmayaraq üçüncü reyxin kino sənayesinin rəhbərliyi təklif olunan Frits Lanq Yozef Gebbelslə, Adolf Hitlerlə yaxın münasibət quran xanımı Tea Fon Xarboudan boşanıb (1033) bir il Fransada yaşadıqdan sonra üz tutduğu Hollivudda belə örnək sayılan "Metropolis" səviyyəsində bir ekran əsəri ərsəyə gətirə bilmir.
    “Mimika sənəti kinoda” məqaləsində ifadə vasitələrini nəzərdən keçirməklə: “Mən o qənaətlə razıyam ki, kino bizi hədsiz dərəcədə böyütdüyü, yaxud ayrı-ayrı detallarla təqdim etdiyi insan sifətinin intibahını düzgün görməyi öyrədir. Digər sənət sahələri ilə müqayisədə tamamilə yeni istiqamət açan kino əşyaları və digər dramaturji nəsnələri fəaliyyətin birbaşa iştirakçısına çevirir” yazan Frits Lanqın: “Əgər lal alətlərdən danışmaq mümkündürsə, onda ekranda susmaqla tamaşaçı qəlbini həyəcanlandırmağı bacaran insan sifəti bu qəbildəndir.  Məgər biz kinoya qədər sıxılan dodaqların tərpənişinin, yaxud göz qapaqlarının qalxıb enməsinin, başın azacıq dönüşünün ifadəliliyini görmüşdükmü?” qənaətləri ilə xitabı: “Gücü və mükəmməlliyi sayəsində istər insanın, istərsə də əşyanın sifəti işıqdan kölgəyə, yaxud da əksinə hərəkət etməklə kino bizim zamanın, məxsusi yaxud bütün dövrlərdə aktual olan böyük faciəvi, komik talelərini tədqiq etməklə rapsodiyaya çevrilir. Bununla da özünün təmiz kinematoqrafik formasından, daha doğrusu, özünün lallığından uzaqlaşmadan yer kürəsinin hər yerində eyni dərəcədə anlaşılmaqla ötən yüzilliklərin təhkiyələrindən daha tükənməz üstünlük qazanır”  fikirləri, ekran sənətinin məğzini açan formulaya, ayinə çevrilir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.