Seymur Baycan - Ənənənin gücü
24.02.16

Tomas Mannın “Buddenbroklar” əsərini oxuyuram. İkinci dəfə. Kitabı bukinistdə gördüm, aldım, oxumağa başladım. Sözün açığı birinci oxunuşda heç nə başa düşməmişəm. Ola bilsin bir oxucu kimi kal vaxtıma təsadüf edib. Eləcə yalnız süjetlə, hadisələrlə tanış olmuşam. Bu dəfə əsəri oxuduqca bir sual elə hey beynimdə fırlanır. “Buddenbroklar”ın hər abzasında yüksək intellekt, intizam, alman pedantlığı, ciddi təhsil, ciddi tərbiyə hiss olunur.
 
Tomas Mann bu əsəri 26 yaşında yazıb. Əsəri oxuduqca elə hey bu suala cavab tapmaq istəyirəm. 26 yaşında insan həyatı, hissləri, qadınları, kişiləri, ümumilikdə insanları necə bu qədər dərindən tanıya bilər? Dəhşətə gəlirəm. Elə yerlər var ki, təkrar-təkrar oxuyuram və yenə də bu suala cavab tapmaq istəyirəm. İnsan 26 yaşında bütün bunları hardan bilə bilər? 26 yaşında bu qədər bilən insan necə yaşayıb?
 
Bütün bu informasiyaları daşımaq üçün insan nə qədər güclü olmalıdı. Əsəri oxuduqca düşünürəm: 26 yaşlı Tomas Mann həyat haqqında bildiklərinin (ömrümün sonuna qədər nə qədər oxusam da, nə qədər çalışsam da, nə qədər gəzsəm də) on faizini bilmək mənə müyəssər olmayacaq. 26 yaşımı yada salmaq istəmirəm. Utanıram.
 
26 yaşımda bir texnikumun qarşısında dayanıb qız gözləyirdim. Nədi-nədi texnikumdan metroya qədər qızla piyada gedəcəkdim. Heç bunun özü də asan başa gəlmirdi. Texnikumun qabağında dayanmağa icazə vermirdilər. Qovurdular. Sonra qapıçıyla dil tapdım, bir neçə münasib müəllimlə tanış oldum və texnikumun bufetinə qədər gedib çıxdım.
 
Bu çox böyük bir uğur sayılırdı. Allah qoymasa hələ mən yaşıdlarım arasında guya ən səviyyəlilərdən biri idim. İndi görün o biriləri nə gündə, nə vəziyyətdə olublar. Bir adam tapılmırdı doğru yol göstərsin. Desin ki, burda qızıldan qiymətli vaxtını itirməkdənsə get dil öyrən. Mövqe, statusun olandan sonra qız da olacaq, qadın da... Necə deyərlər:
 
Qusi, qusi
Qa, qa, qa
Yest xotite,
Da, da, da.
 
Təxminən belə. Qoy bu yazdıqlarım gənclər üçün həm də bir ibrət dərsi olsun. Vaxtınızın qədrini bilin. Oxuyun, öyrənin, çalışın, zəhmət çəkin. Sonra çətin, çox çətin olacaq.
 
***
 
Məsələyə digər tərəfdən baxanda Tomas Mannın 26 yaşıda həyatı bu qədər tanımasını hardasa normal qəbul etmək olar. Axı biz özümüzü onunla necə müqayisə edə bilərik? Bu ədalətsizlikdi. Onlar-avropalılar yüz-sıfır qabaqda doğulurlar. Biz nə qədər oxumalı, nə qədər çalışmalı, nə qədər öyrənməliyik ki, onların bildiklərinin heç olmasa on faizini bilək. Beş yaşımızda öyrənməli olduğumuz şeyləri iyirmi beş yaşında öyrənirik. Özü də alayarımçıq.
 
Robinzon Kruzo kimi özümüz özümüzə sıfırdan, bəzən hətta minusdan başlayaraq həyat qurmalıyıq. Özümüz özümüzün həkimi, özümüz özümüzün müəllimi olmalıyıq. Özümüz özümüzə valideynlik etməliyik. Ənənənin yoxluğu hər addımda maneələr yaradır. İnsan nə qədər güclü olmalıdır ki, bütün bu maneələri tək başına aşsın.
 
Ən azı üç yüz il arxadayıq. XIX əsrə aid bir avropalı fikir adamı, yazıçısı haqqında əsər oxuyursan. Baxırsan fəaliyyət göstərmək üçün nə qədər imkanlar var. Yazıçı-naşir, yazıçı-oxucu münasibətləri formalaşıb. Sənəd var. Dəftər-kitab var. Notarius var. Biz isə XXI əsrdə hələ də kitab çıxanda qucağımızda mağazalara daşımağa məcburuq. Sən həm əsər yazmalısan, həm əsəri nəşr etmək üçün pul tapmalısan, həm də özün öz kitabını satmalısan. Sonra da kitabın bir əvvəlini, bir də axırını vərəqləyən adamların mənasız tənqidlərini eşitməlisən.
 
Ənənə çox ciddi söhbətdir!
 
Flober uşaq vaxtı evində tamaşalar göstərirmiş. Qohumları, qonşuları bilet alıb həvəskar Floberin tamaşalarına baxırmışlar. Daha adam niyə dahi olmasın? Bizdə isə uşağa konfet, pul verib ona başqalarına söyüş söyməyi öyrədirlər. Valideynlərin uşaqlara verdiyi ən ciddi sual budu: papanı çox istəyirsən, yoxsa mamanı?
 
Molyerin həyatını oxuyanda bir fakta rast gəldim ki, Molyer filan notariusda öz teatrını qeydiyyatdan keçirdi. Bizdə isə XX əsrin əvvəlində bir adam bir adamdan borc alanda bığından bir tük çıxarıb borc aldığı adama verirmiş. Bunu qoyaq kənara. Ən dəhşətlisi odur ki, bəzi ibtidai təfəkkürlü adamlar bu kimi faktları dəyər, kişilik kimi qəbul edirlər və yüksək qiymətləndirirlər. Biabırçılıqdı. Utanmaq əvəzinə hələ bu kimi biabırçılıqlarla fəxr edənlər də tapılır. Deyəndə ki, biz folklor xalqıyıq, hələ yazı mədəniyyəti bizdə formalaşmayıb adamlar cırnayırlar.
 
Artıq 39 yaşım var. Camaat elə bilir ki, avaraçılıqdan, bekarçılıqdan dalaşmağa mövzu axtarıram. Azərbaycanda nə qədər musiqiçi var, not tanımır. Elə musiqi müəllimləri var ki, on beş bəstəkarın adını sadalaya bilmir. Belə faktlar folklor xalqı olmağımızın göstəricisi deyilsə, nəyin göstəricisidir? Jurnalımız 1906-cı ildə nəşr olunmağa, ədəbi dilimiz XX əsrin əvvəllərindən yaranmağa başlayıb. Hətta indi bizə mənasız görünən sosrealizm romanlar, kolxoz-sovxoz quruculuğundan bəhs edən romanlar belə ədəbi dilimizin yaranmasına öz tövhəsini verib.
 
Bir neçə dəfə müsahibələrimdə, yazılarımda qeyd etmişəm, bir daha təkrar edirəm: Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa bir mövzuda hekayə yazardı və bizim ədəbiyyatımız dünya ədəbiyyatında gedən proseslərə bir addım yaxınlaşardı. Təxminən bu mövzuda Mirzə Cəlilin özünün “Poçtxana” adlı yazısı var. Oxumağınız məsləhətdir.
 
Ənənənin olmaması, adamların səviyyəsinin aşağı olması bizim ədəbiyyatda, ümumiyyətlə sənətdə yenilik etməyimizə maneçilik törədir. Teatrı götürək. Əgər tamaşaçı əsərin məzmunundan xəbərdar olsa, rejissor da rahatlıqla tamaşada hoqqalar çıxarar. Tamaşaçı bilmir ki, Oliver Tvistin axırı necə olacaq, ona görə də rejissor məcbur olub bütün əsəri səhnəyə köçürür.
 
Daha bir ciddi problem var. Ənənənin olmaması bizi həm də sənətdə cəsarət göstərməkdən məhrum edir. Biz uzaqbaşı sənətin bir növündə yeniliyi qəbul edirik. Gücümüz yalnız sənətin bir sahəsində yeniliyi başa düşməyə, qəbul etməyə çatır. Başqa sahələrdə isə istər-istəməz köhnəliyə tərəfdar çıxırıq. Başqa sahələrdə yeniliyi qəbul edə bilmirik. Məsələn, bir adam ədəbiyyatda yeniliyi qəbul etsə də rəssamlıqda tam olaraq köhnəlik tərəfdarı olur. Yaxud rəssamlıqda yeniliyə can atsa da ədəbiyyatda köhnəliyi sevir. Musiqidə yeniliyi qəbul edən adam həm rəssamlıqda, həm də ədəbiyyatda köhnəliyi müdafiə edir...
 
Ənənənin, informasiyanın olmaması səbəbindən axsayırıq. Gediləsi yol isə həddindən artıq uzundu. İndi gəl axsaya-axsaya bu uzun yolu get görüm necə gedirsən. Bütün bunlara baxmayaraq əsla ruhdan düşmək olmaz. Təslimçilik tərəfdarı deyiləm. Bu yazıyla sadəcə reallığı ifadə etdim. Nəinki axsamaq, hətta dizin-dizin sürünmək bahasına olsa da, hər kəs bacardığı qədər yol qət etməlidi. Oxuyaraq, çalışaraq, zəhmət çəkərək, öyrənərək... Yazını isə Taqorun sözüylə bitirirəm: “Gördün arxanca gələn yoxdur, yola tək davam et.” /Kulis/

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.