Küyülü Nəccari Səid - Babək'dən sonra
28.03.16

O gün mənim parçalanıb satıldığım günüydü. Neçə kişi bizi görməyə gəldi. Onların danışığından başımıza nə gələcəyini sezdim. Birindən başqa, o günəcən heç birini görməmişdim. Əfşin'i qabaqlar neçə dəfə Babək'in yanında görmüşdüm. Geçmişdə kəndə gələndə göl gəzintisinə çıxarkən neçə yol bizimlə gəlmişdi. Çox danışırdı, Tehran'da yaşadığından, xarici ölkələri gəzdiyindən, Xəzər'in sahilindəki vilasından. Hətta bir dəfə məni Babək'dən satın almaq istəmişdi.

Əfşin'in yanında iki ayrı kişi də var idi, ortayaşlı görünürdülər. Saqqallısı işçi paltarı geymişdi, bığlısının əynində isə Əfşin kimi qara pencək-şalvar var idi. Yuxarı çıxıb üstümdəki otaqcığa, onun içindəki sükkana, ikisıralı qoşa oturacaqlara, dolaba, güzgüyə göz dolandırdılar. O yan bu yanımı yaxşıca incələdilər. Sonra yerə enib, həndəvərimdə gəzinərək, eşikdən də üz-gözümə baxdılar. Saqqalısı üzünü o biri  kişiyə çevirdi.

"Hə, nə deyirsiz, ağa Sasan?"

Sasan hələ də mənim üz-gözümə baxırdı. Əfşin'sə gözünü onların ağzına tikmişdi. Ağzı açıq qalmışdı.

Kişi, Sasan'ın cavabını gözləmədi. "Məncə yaxşıdır, bu qayığın dəmir-dümürü Təbriz'də yaxşı pula gedər," dedi. Ağzı-gözünün suyu axdı.

Əfşin, "elədir, Kazım düz deyir," deyə Sasan'a yaxınlaşdı.

Sasan, "hə, yaxşıdır. Gedək o biri qayıqlara da baxaq," dedi.

Məndən  uzaqlıqda bir sıra kiçik qayıq da var idi. Neçəsi dəmirdən, neçəsi də ağacdan idi. Hamımız duza batıb qalmışdıq. Aramızda fasilə çox idi, səsimiz birbirimizə aydın çatmırdı. Əlbəttə uzaqdakı iki ağac qayıq birbirinə yaxın idi. Sanıram danışa bilirdilər. Bir tərəfdə də iki dəmir qayıq dörd-beş metir arayla dayanmışdı. Onlar da hərdən uca-uca birbiriylə danışırdılar. Amma uzaq olduqlarına görə sadəcə gürültüsü gəlib çatırdı mənim qulağıma. Görünən yerlərdə sudan xəbər yox idi, təkcə çox uzaqda, gözün görə biləcəyi üfüq xəttində, günəşin batdığı yerdə suya bənzər nəsə hərdən parıldayırdı. O da ılğım idi mən biləli. Bir tərəfdə də kənd qalmışdı. Kənddə kimin olub-olmadığını bilmirdim. Sulu günlərdə hər gecə kəndin iskələsində dincəlirdim, o biri qayıqlarla birlikdə kənddən xəbərim olurdu. Amma çoxdan idi kəndə yaxınlaşa bilməmişdim. Sadəcə hərdən bə'zi adamların səsini, maşın, motur qıjıltısını eşidirdim. Son günlərdə böyük maşınların gürültüsü çoxalmışdı.

Ordakı qayıqların bütün günləri birbirinə bənzəyirdi. Babək'in gəlmədiyi ilk ayda hələ ayağımızın altında bir az su var idi. Dodaqlarımız qurumamışdı. Amma o ilki isti yay günlərindən sonra hər nə qurudu. Günəş çıxandan batanacan hər yer ağappaq parıldayırdı. Gözümüz qamaşırdı. Daha axşam düşəndə də gözümüz qaralırdı. Gecələr də ki quru yerdə yatmaq olmurdu. Soyuq olurdu. Hələ duz, pas kəsmiş yerlərimizə dəyəndə, göynərtidən gözümüzün ışığı çəkilirdi. Hərdən yağış yağırdı, çala-çuqquru doldurudu, quşdan-zaddan gəlib su içib gedirdi. Hərdən də yel əsirdi, toz qopurdu. Gəlib-gedən yox idi.

Babək'dən xəbərsiz qaldığımın bir ili ötmüşdü. Heç belə deyildi, göl gəzintisinə daha çıxa bilməyəcəyimiz ilk gün mənə, heç olmasa iki gündən-bir gəlib dəyəcəyini demişdi. İlk aylarda elə gəlib baş vururdu mənə, sonralar neçə gündən-bir oldu. Deyirdi bağışla, hərdən uzaq şəhərlərə yük düşür, ona görə də neçə gün kəndə gələ bilmirəm. Ancaq gəlmədiyi günlər bir həftəni aşmırdı. Amma indi bir ildən çox idi gəlməmişdi. Hər dönə gələndə mənim üst-başıma baxırdı, silib-süpürüb təmizləyirdi. Üstümdə hər yerin qırmızı boyası tökülmüş olsaydı, yerini sumbata ilə sürtüb, yenidən boyayırdı. Hər gəldiyində heç olmasa mənim yanımda bir çay qoyub içirdi. Birlikdə geçirtdiyimiz əski günlərdən danışırdı. Sonra gedib yaxındakı bütün qayıqlara yetişirdi. Hərdən-bir onların da üst-başına əl çəkirdi.

Gedib qayıtmadığı gündən bir gün öncə bura gəldi. Axşam üstüydü. Həmişəki Babək deyildi. Tutqun görünürdü. Öncə qabağımdakı duz dikkəsi üstündə oturdu. Susmuşdu. Bir azdan nəsə mızıldamağa başladı. Sonra səsini ucaltdı. Eşitmədiyim bir mahnını oxuduğunu başa düşdüm. Məndə o günəcən yaşamadığım bir duyğu yaratdı, sevmədiyim bir duyğu. Ürəyim sıxıldı. İki saata kimi orda oturdu. Sonra durub gəldi içəri. Sükkanın üstündəki güzgünün önünə geçdi. Güzgünün qarşısına geçəndə, mənimlə danışacağını, dərdləşəcəyini bilirdim. Sanki mənim göz-qulağım güzgünün içindəydi!

"Mən neçə günlük bir səfərə çıxıram. İsfahan'a aparacağım bir yük var. Sanıram uzaqbaşı həftə sonuna qayıda biləm," deyərək güzgüyə baxdı.

Bir az duruxdu.

"Eləyə bilsəm əmimgilə də baş vuracağam. Özün bilirsən ki!"

Hə, bilirdim. Mənə neçə yol əmisi qızı Elnaz'dan danışmışdı. Uşaqlıqdan bir böyüdüklərini, gündə birbirinin evinə getdiklərini demişdi. Qonşuymuşlar. Elə bu sayaq böyüdükcə yavaş-yavaş aralarında sevgi yaranmışdı. Diplom alandan sonra Elnaz bilimyurdunda oxumaq üçün Urmu'ya getdi, amma Babək daha dərsin ardını tutmayıb, işə girişdi. Qayıq üstündə atasının yanında işə başladı. Əlbəttə ondan öncə də Babək atasıyla tez-tez gələrdi mənim yanıma. Amma məni atası sürərdi. Ancaq atası öləndən sonra Babək onun yerinə geçdi. Bir müddət sonra əmisigil kənddən köçüb Urmu'ya getdilər. Elnaz dərsi bitirdikdən sonra əmisigil ordan Tehran'a köçdülər.

"İstirəm görəm sözü nədir. Belə ki olmaz! Neçə ildir avara qalmışıq. Məni istəmirsə, üzümə desin. Daha gizlənpaç oynamaq nəyə lazımdır!"

Sonra məndəki vəsailini toplamağa başladı. Atasının çərçivələnmiş fotosu, gündəlik dəftəri, bir neçə kitab. Hamısını şələçantaya yığıb bir bucağa qoydu. Çıxıb otaqcığın qabağında oturdu. Bir papruz alışdırdı. Birinci dönəydi papruz çəkdiyini görürdüm. Hər dönə çay dəmləyib içərdi, amma bu səfər çaydan xəbər yox idi. Heç çayniyin tərəfinə də getmədi. Papruzu qurtaranacan orda oturdu, sonra yenə qayıdıb otaqcığın içinə gəldi. Qayıqçının oturacağında oturub, çantasından dəftəri çıxartdı. Onu varaqladı. Səfələrindən quru bir xışıltı səsi çıxdı. Dəftərə baxa-baxa Babək'in üzü güldü.

"Qulaq as, Qızıl Durna, gör bu günü xatırlayırsan. Bugün bir təzə bəy-gəlinlə göl gəzintisinə çıxdıq. Pejman, Solmaz. Deyirdilər Tehran'dan gəliblər. Geçən həftə toylarıymış. Oğlan ucaboy idi, qız da dörd-beş barmaq ondan alçaq olardı. Pejman bir az qaraşın idi, amma Solmaz ağappaq idi, çox gözəl idi. Balayına çıxmışdılar. Üst-başlarından bir az varlı adama oxşayırdılar. Bir saatın yerinə onları iki saat dolandırdım. Sağ olsun Qızıl Durna'nı, bizi yaxşı gəzdirdi, həmişəki kimi. Oğlan deyirdi yoldaşlarının ismarıcı ilə bura gəliblər. İki günlük gəlmişdilər. Kənddə bir otaq kiralamışdılar. Üç gündən sonra onları kənddə gördüm, iki günləri beş günə dönmüşdü. Dedilər buranı çox bəyəndik, səssiz, havası xoş, gəzməli yerdir, yenə gələcəyik. Yadına mı?"

Hə, yadımdaydı. O gün mənim üçün də unudulmaz bir gün idi. Amma onları bir daha burda görmədim.

Yenə dəftəri varaqlamağa başladı. Dəftərin sonuna yaxınlaşa-yaxınlaşa gözlərinə başa düşə bilmədiyim bir baxış çökdü. Varaqlamadı. Bir səfəyə göz tikdi. Nəsə pıçıldadı. Sanıram səfəni oxuyurdu. Nə oxuduğunu anlaya bilmədim. Pıçıltısı bitəndən sonra köksünü ötürərək dəftəri bağlayıb çantaya qoydu. Ayağa qalxdı. Otaqcıqdan eşiyə çıxdı. Üstümdən aşağı atıldı. Həndəvərimə dolanıb, hər yerimi gözdən geçirtdi. Sonra baxışını mənə zillədi. Önümdə durdu. Gözündən süzən bir damla yaşı barmağının ucuyla sildi.

"Qayıdacağam, gözlə məni, Qızıl Durna!" deyib kəndə sarı yolunu aldı.

Ayışığında uzaqlaşırdı, hərdən qanrılıb mənə baxırdı. Kürəyindəki çanta atılıb-düşürdü. Xeylək uzaqlaşdı, amma mən hələ də ona baxırdım. Sonda kəndin qayıqsız iskələsindən sovuşub gözdən itdi.

Səhər açılıb-açılmamış kəndin iskələsindən bir minik maşını ilə bir yük maşınının bizə sarı gəldiyini gördüm. Çox çəkmədi gəlib qayıqların buraxıldığı yerə çatdılar. Minik maşınından Əfşin endi, yük maşınından da Kazım bir neçə ayrı kişiylə endilər. Hay-küy düşdü.

Kazım, "Hə, elə bu qırmızı qayıqdan başlayın. Dəmirkəsənlə bir-bir onları parçalayın," dedi.

Fəhlələrdən üçü yük maşınının dalından uzun bir kəpsul, onun yanında şiləngdən quyruğu olan tapançaya bənzər bir şey gətirib, mənim yanımda yerə qoydular.

Kazım qışqıraraq, "otaqcıqdan başla," dedi.

İri gövdəli bir fəhlə çaxmağı çəkib, şiləngin başındakı məşəli yandırdı. Alovun fışqırtısı birdən səpələndi. Bir anda isti bir şey boğazıma toxundu. Çırıltı qovzandı, yanıq qoxusu çıxdı. Boğazımdan ətrafa ışıltı dirəkləndi. Bütün gövdəmi qızdırma bürüdü.

Mən bu rahatlığa bunlara can verəsi deyildim. Dayanacaqdım, dayanmaqda qərarlıydım.
Fəhlə, "nə qalın dəmiri var, mirasa qalmışın!" deyə qoruldandı.

Məni kəsən fəhlənin gözündə qara gözlük var idi. Alnından tər axırdı.

Kəsilməkdəykən  Kazım'ın Əfşin'ə yaxınlaşdığını gördüm.

"Bu qayıq hamısından böyükdür, deyəsən," dedi Kazım.

Əfşin, "hə, o birilər kiçikdir. Babək indi diri olsaydı, dədəmizi yandırardı. Qayığını gör nə günə qoyduq," deyib şinidi.

"Yiyəsini tanıyırdın?"

"Hə, uşaqlıq yoldaşım idi. Göl quruyandan sonra qayıqla işləyə bilmədi. Bir vanet alıb yük daşımağa başladı. Eşitdiyimə görə Tehran'dan qayıdanda maşını yoldan çıxıb aşmışdı."

"Hə, yazıq, cavan ölüb!.. Tərpənin uşaqlar. O biri qayıqların da işini qurtarın, günortayacan dəmir-dümür bazarında olaq."

Bütün gövdəmi yanğın çulğaladı, içimdə əriməyə başladım, dirəncimi itirdim. Gözlərim qaraldı. Ömrümdə dadmadığım ağrılar tökülüşdü üstümə. Əyləc cırıltısı qovzandı, Babək'in səsi gəldi. Qayıq qalmağımdan utandım.

Özümə gəldikdə beş-altı parçaya bölündüyümü gördüm. Fəhlələr parçalarımı maşına yükləməyə başladılar. Kazım uca-uca danışaraq fəhlələrə göstəriş verirdi.

Yük maşını bağıra-bağıra yola düşdü. Maşının arxasınca toz qopdu. Parçalarım birbirinə dəyib taqqıldamaya başladı.

Bugün mənim parçalanıb satıldığımın bir ili doldu.

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.