Zəlimxan Yaqub - Düşündürən varsa, düşünməyə dəyər
29.10.12

Gənc şair Fərid Hüseynə açıq məktub
 
Əzizim Fərid!

 
“Əzizim” sözünü gəlişigözəl ümumi ifadə forması kimi yox, isti və doğma, şirin və canlı müraciət kimi işlədirəm. Sənin mənə bağışladığın əl boyda ilk kitabın bir daha göstərdi ki, səmimiyyət, doğmalıq heç vaxt kəmiyyətlə bağlı olmur, əsas məsələ keyfiyyətdədir. Bəzən bir kitabça ilə də, lap bir misra ilə də insan-insana aylar-illər doğması ola bilər. “Əlifba sırası”nda oxuduğum və dönə-dönə yenidən üstünə qayıtdığım özünə oxşayan boyca balaca, məzmunca təzə və gözlənilməz əsərlərin kimi!

Elə ilk səhifədəcə kitaba verilən ad və ada verilən məna mənim diqqətimi özünə çəkdi. “Əlifba sırası dünyanın ən ədalətsiz sırasıdır. Ona görə ki, bu sırada insanları adlarına görə sıralayırlar, ağıllarına, mövqelərinə görə yox!” Bizim ilk kitabımızın adı “Əlifba” olduğu qədər də, sənin ilk kitabının adının “Əlifba sırası” olması maraqlıdır və təzə düşüncədir. Kitabın “Müəllifdən” hissəsinin özü ayrıca bitkin düşüncə sisteminin məhsulu olan bir əsərdir. Cəmisi səkkiz misraya yerləşən “Sadə” şeiri sadə olduğu qədər də insan ömrünə ayna tutan mürəkkəb bir bitkinliyə malikdir. Tam səmimi deyirəm. Bütün yazılarına sevginin gözüylə baxdım.

Səni sevdirən əsas cəhət odur ki, əksər şeirlərində və kiçik nəsr əsərlərində istedadı gəncliyə xas olan, ancaq həm də təkcə sənə məxsus olan yenilik, təzəlik, ciddi mütaliədən və maraqlı müşahidələrdən doğan bir rəngarənglik gördüm.

Mən səni bütöv sevirəm
Niyə hissə-hissə qopursan məndən?!
(“Bütöv sevirəm”-şeiri)

Tüpürcəyini udanlar cəsarətsiz adamlardı,
Tüpürmək iyrənməkdən qurtulmaqdı.
Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən
Məndən qəhrəman olmaz.
(“Məndən qəhrəman olmaz”)

Bu şeirdə yaşına uyğun olmayan ağır bir yükün altına girmisən.
Şərab şüşəsi şərabı bizdən daha əvvəl içib,
Amma o bizim qədər sərxoş deyil nədənsə.
(“Yuxu kimi”)

Poetik mənzərə çox gözəldir, Xəyyamvaridir.
“Bu gecə adamlar evlərinə getmirlər, dostum,
Bu gecə hərəni öz dərdi gəlib aparır”
(“Susma”)

Eh, daha mən də dəyişmişəm,
Daha saçımı daramıram.
Üzümü qırxmıram,
Təzə geyinmirəm,
Ətir vurmuram,
Sən gedəndən elə mən də
Ancaq qarnıma fikir verirəm.
Yeyirəm, içirəm və yaşayıram sənsiz...

“Qarnıma fikir verirəm”- ilk məhəbbətinə qovuşmayan gəncin psixoloji durumu çox gözəl təsvir olunub.

Küçə süpürən qadın
Dərin səmimiyyətlə səni söysə,
Anlayarsan ki, tək deyilsən,
Sevənin olmasa sa, söyənin var.
(“Belə olacaq”)

Mən ona baxıram,
O səhərə.
O mənə baxır,
Mən yerə.
(“Utancaq”)

Cəmisi dördcə misrada sevənlə sevilənin yaşadığı duyğular şəkil kimi çəkilib, əladır!

İnsan kimin üçün
doğulduğunu bilməsə də,
kimin üçün öldüyünü bilir.
(“Eynəklər gizlədə bilməz kədəri”)
Dünya kimləri itirib,
Amma özünü heç nə itirməmiş kimi göstərir.
(“Yuxusuz gecənin ritmi”)

Tale bizi yıxa-yıxa,
Bəlkə də döyüb öldürür.
Tale bəzən qocaların,
Qəddini əyib öldürür.
Xoş halına ölənlərin,
Vay halına qalanların,
Tale bəzən sevənlərin
Xətrinə dəyib öldürür.
(“Xoş halına ölənlərin”)

Bu şeirin deyiliş tərzi gözəl olsa da, özgədən təsirlənmə var. Çalış özgəyə yox, özünə oxşa. Sən yaşda gəncin ölümdən yazmağını qəbul edə bilmirəm, hələ çox tezdir. Ölümdən yox, həyatdan daha çox yazmaq məsləhətdir. Gəncliyi qarşıda ölüm yox, həyat gözləyir.

Hamıya qartopunu yavaş atırsan,
Mənə çatandasa
Elə bil şeytana daş atırsan.
(“Dünyanın ən əcaib təzadı”- silsiləsi)

“Yeddi rəng var deyə,Yeddini müqəddəs saymayın, çalışın sizin də öz müqəddəsləriniz olsun”.
(“Necəsən Nitsşe” – essesi)

“Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara”.
(“Kaş və bəlkə”-essesi)

“Xoşbəxt tarixçə, tarix, keçmiş odur ki, həm ürəyin, həm sözün, həm də ağlın yaddaşında qalır“
(“Gözümüzün yaddaşı”-essesi)  

Fikir verdinmi, cəmisi 85 səhifəlik balaca bir kitabçada misal gətiriləsi nə qədər tapıntılar, yeniliklər var. Bu yeniliklər güclü mütaliənin, gənclik ehtirasından doğan axtarışın, təzəliyə can atan gənc bir istedadın poetik təfəkkürünün, mənəvi imkanının maraqlı göstəricisi, gələcəyə boylanan ilk işartılarıdır.

Örnək, misal gətirmədiyim “Əla söhbət”, “Mərtəbə”, “Nə yaxşı getmisən”, “Üç söz”, “Ehtimal nəzəriyyəsi”, “Bir anda”, “Unutmamışam”, “Dünyaya sığmıram”, “Sıravi vətəndaş”, “Müharibə”, “Məğlubiyyətin himni” və başqa şeirlərində də qeyd olunmağa, misal gətirilməyə layiq qiymətli poetik düşüncələr var.

21 yaşlı bir gənc üçün mən bu şeirləri və esseləri uğurlu başlanğıc hesab edirəm. Səndə düşünmək və düşündürmək qabiliyyəti var. Ədəbiyyata gəlmək istəyən adamın ən vacib keyfiyyəti bu meyarla ölçülməlidir. Mən şeirlərdən poetik seçmələri verməyə də bilərdim. Bu misalları ona görə gətirdim ki, sənin kitabını oxumayan oxucular mənim məqaləmi, ürək sözümü, xeyir-duamı oxumaqla qoy səni daha yaxından tanısın, kitabını tapıb sənin könül aləminə səyahət eləsin. Gənclik vaxtında kəşf olunmayanda, diqqəti çəkməyəndə, qayğı görməyəndə istər-istəməz içəridən qırılır, sınır, yeni uçuşlara ürəklə qanad gərə bilmir. Özün demişkən, ilk kitabın tez nəşr olunması da, gec çap olunması da istər-istəməz sonralar özünə tələbkarlıqla yanaşan şairlərdə peşmançılıq hissi yaradır. Amma ilk kitab vaxtında işıq üzü görəndə daha uğurlu, daha uzunömürlü olur. Mən sənin əsərlərində uzunömürlü bir başlanğıc gördüm. Bu başlanğıc uğurlu olsun!

Əzizim Fərid!
Bəzi arzu və tövsiyyələrimi də bildirmək istəyirəm. İnanıram ki, dediyim fikirləri səmimi qəbul edəcəksən.
Azərbaycan dili olduqca axar-baxarlı, şirin, rəvan, sehrbaz bir gözəlliyə malikdir. İşığı bol, havası təmiz, suyu duru, torpağı münbit, bal kimi şirin ana dilimiz var. Allah bu dili musiqi üstündə, ahəng üstündə, saz-muğam kökündə yaradıb. Bayatı sehri, layla ovsunu, oxşama möcüzəsi, gəraylı ləngəri var bizim dilimizin. Əgər bir şair kimi yaddaşlarda qalmaq, ürəklərdə yaşamaq istəyirsənsə, beyindən daha çox ürəyə, ürəyin ritminə fikir ver. Özünü, sözünü, ruhunu, dilini ahəng üstündə köklə. Dünyada analar çox olsa da, hər kəs öz anasının dilində danışır. Sən də öz ananın dilində danış. İçini nehrə kimi çalxa. Ulu babamız Sabir demişkən, yağı yağ üstə çıxıb, ayranı ayranlıq olanda ürəyin məhsulunu üzə çıxart. Kitab dilindən qaç! Torpağın, suyun, mehin, təbiətin üstündə köklən! Onda poetik təfəkkürün daha da gözəlləşəcək. Bu gözəllik yollarında sənə gözəl yaradıcılıq uğurları arzulayıram. Yeni kitablarını gözləyirəm.
 
11. 01. 2010  
 Zəlimxan Yaqub,  xalq şairi

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.