Kənan Hacı - Pis yuxunun sonu: Kleystdən Selincerə qədər
23.06.16

XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamış alman şairi Henrix von Kleyst məktublarından birində yazır: “İnsanın özünü ifadə etməsi üçün heç bir vasitə yoxdur. Hətta bundan ötrü sahib olduğumuz yeganə şey – dil belə buna yaramır. Dil ruhu təsvir edə bilmir, onun bizə verdikləri isə xırda-para şeylərdir. Buna görə içimin dərinliklərini kiməsə açmağım lazım gələndə məni dəhşətli hisslər bürüyür”.

İfadəedilməz həqiqətlər çəkilməz əzab kimi hər zaman insanı narahat edir. Qapalılıq və özünü ifadə edə bilməmək əksər hallarda ksenofobiyaya gətirib çıxarır. Öz uğursuzluqlarına görə başqa insanları günahsız olduğu halda ittiham edirsən. Bu sətirlərin müəllifi də həyatında  belə bir ağrılı mərhələni yaşayıb. O zaman mən kənddə - Buzovnada yaşayırdım, hər şey qaydasında idi. Sevdiyim peşə ilə məşğul idim və qəfildən nə baş verdisə, qəzetdəki işimdən ayrıldım, jurnalistikadan uzaqlaşdım. Məhz bu ayrılmadan sonra həyatımda bütün oriyentrlər itdi, nəhayətsiz bir boşluğa düşdüm. Geri qayıtmaq isə artıq mümkünsüz idi. Büsbütün həyata qərq olmuş insanlar laqeydcəsinə məni görmürmüş kimi yanımdan ötüb keçirdilər. Mənim eqom üsyan edirdi. Məndən ötrü yaşamın məqsəd və anlamı itdi və bütün faciələr də bundan sonra başladı...

Əsəb böhranları, ruhun ifrat gərginliyi, duyğuların xaosu məni az qala, dəlilik həddinə çatdırdı. Beş il davam edən bu dağınıq həyat tərzi mənim ruhumda bir zəlzələ qopardı. Kleyst kimi dəfələrlə intihar etmək haqda düşündüm. Amma... Bilirdim ki, intihar edənlərə axirətdə güzəşt olmayacaq. Seyyid Əzim Şirvani necə deyirdi?

Bidar olusan qəbrdə qəflət yuxusundan,
Ondan sonra dünyanı xəyal eyləmək olmaz.

Bu yazı üzərində işləyərkən Şəms Təbrizinin təsəvvüf irsində qiymətli xəzinələrdən sayılan “Məqalat” əsərini oxuyurdum. Orda Şəms deyir ki, bəzən insanda bir ayıb olar ki, min hünərini örtər. Halbuki bir hünər gərək min ayıbı örtsün. Özümü iradəsizlikdə suçlayırdım və bu zəiflik mənim bütün gördüyüm işlərə kölgə salırdı. Bu cəhətimi özümə ayıb bilirdim, həmin naqis xüsusiyyət məqsədə gedən yolları keçilməz edirdi. Həmin beş il müddətində hər şeyi yenidən başlamağa özümdə güc tapa bilmirdim. Ara-sıra hekayələr yazırdım, amma içimdə bir vulkan qaynayırdı, o sıxılmış enerji mənim bütün rahatlığımı əlimdən almışdı. Alman şairinin yuxarıdakı fikirlərini çox sonralar Avstriya yazıçısı, özü də həyatını intiharla başa vurmuş Stefan Sveyqin “İblislə savaşanlar” kitabından oxudum və düşündüm ki, Kleistin intiharına səbəb də elə bu düşüncələrdir; “insanın özünü ifadə etməsi üçün heç bir vasitənin olmaması”. Bu yanlış qənaət onun həyatla bağlarını tamamilə qırdı. İçindəki qarışıqlıq sxematik, ölçülü həyatda yaşamasına mane oldu. Sveyq yazır ki, bir insan öz həyat planını quracaq vəziyyətdə olmadığı müddət ərzində yetkin deyildir. Amma nizamsızlıq Kleysti qarabaqara izləyirdi, bir qütbdən əks qütbə atılmaq və bu dəyişən qütblər arasında girinc-giriftar qalmaq onun psixikasına dağıdıcı təsir göstərirdi. Ölüm – qaçılmaz sonluq onu gözləyirdi.

Bütövlükdə insan izaholunmaz varlıqdır. İnsanın şüurunu, altşüuru öyrənən alimlər, filosoflar bu sahədə qalın-qalın kitablar yazsalar da insan – bu mürəkkəb varlıq hələ də öyrənilməmiş qalır. Teoloji nəzəriyyədə insan yaradılışın ən alisi, yer üzünün əşrəfidir. Ziqmund Freydin psixoanalizi (insan həyatının ən qaranlıq yeri olan şüuraltına işıq salması), Sartrın, Kamyunun ekzistensializmi insanı müxtəlif bucaqlar altında öyrənir. Sartrın fikrincə, kimsə heç vaxt obyekt kimi tam dərk olunmur, o, dərhal çiliklənib dağılır. Gerçəkliyə münasibət şüurun refleksiv qatı kimi təsnifatlandırılsa da altşüurun refleksiyası insanın mahiyyətini daha dəqiq nişan verir. İnsanın doğuluşdan bəri aldığı zədələrin altşüurda yığılması və zaman-zaman müxtəlif situasiyalarda müxtəlif formada üzə çıxması da elə bir növ onun özünüifadəsi deyilmi? Bu, mexaniki özünüifadədir, burada altşüur rol oynayır, şüurlu özünüifadənin də müxtəlif yolları var ki, onlardan da biri yaradıcı özünüifadədir. Bəstəkarlar, rəssamlar, şairlər, yazıçılar özlərini sənət əsərlərində ifadə edirlər. Bu mövzuda bundan əvvəlki yazılarımızdan birində (“Özündən qaçmaq və özünü yaratmaq”) bəhs etmişik deyə geniş təfərrüatlara varmıram. Yazının əvvəlinə qayıdaq. Bəs məni o müdhiş sonluqdan, daha doğrusu, heçlikdən nə, hansı qüvvə xilas etdi?

İkinci dəfə sıfırdan başlamaq lazım idi. Mən ya özümü təsdiq etməli ya da məhv olmalıydım. Uzun müddət düşündüm və özümü bütünlüklə mütaliəyə həsr etdim. Şəms Təbrizi deyir ki, “bir saat düşüncəyə dalmaq altmış il ibadətdən üstündür”. Mənsə təkyəyə girmiş dərviş kimi maddi nemətlərdən daha çox düşüncə ilə qidalanırdım. Kəndin kənarındakı kimsəsiz bağ yerində düşünmək üçün bolluca imkan vardı, kürəyini dənizdən əsən küləklərə söykəmiş birüzlü otaqdan ibarət o sığınacaq yeri mənim təkyəm idi. Mən o “təkyə”dən beş ildən sonra çıxdım. Bütün həyatımın imtahanını verdim orda, bütün səhvlərimin bədəlini ödədim. Kimsədən imdad istəmədim, taledən aman diləmədim. Tanrıyla və özümlə söhbətlər yazılara çevrildi.  Bəzən məcburi situasiyalar məni arzuolunmaz insanlarla ünsiyyətə vadar etdi, amma mən içimdəki işığı qorudum. Yeganə güman yerim o işıq idi, çünki o işıq məni yenidən həyata qaytaracaqdı, o işıq mənim aynam olacaqdı, məni mənə və başqalarına göstərəcəkdi. Bunun üçün psixoloji hazırlıq mərhələsini artıq keçmişdim. Hazırlıq deyəndə mənəvi güc toplamağı nəzərdə tuturam, itirdiyim inamı bərpa etməliydim. Bu hazırlıq ruhi rahatsızlığın müalicəsidir.

İnsanın içində bir hüzur olmazsa, məqsədlərinə doğru getdiyi yolu qət edə bilməz. Maşının yanacağı tükənəndə yolda qaldığı kimi insanın da hərəkətini inam təmin edir. Bu yöndə qərb filosofları və psixoloqları uzun müddət çalışmalar etmiş, müxtəlif nəticələrə gəlmişlər. Onların içərisində Z. Freydin yaxın dostu və tələbəsi olmuş, neofreydizmin nümayəndələrindən olan avstriyalı psixoterapevt Alfred Adler daha çox diqqəti çəkir. Adler şəxsiyyət psixologiyası nəzəriyyəsinin struktrunu yaratmış alimlərdəndir. Onun “Yaşamla bağlı problemlər”, “Yaşamın anlamı və məqsədi” kitablarında  şəxsiyyətin inkişafında insanın öz fərdiliyinin tamlığını qorumasının metodikası öz əksini tapıb. Təbii ki, mən o vaxtlar Adleri oxumamışdım. Heç indinin özündə də onun əsərləri bizim dildə yoxdur. Adlarını çəkdiyim əsərlərlə sonradan türk dili vasitəsilə tanış oldum. Adler “Yaşamla bağlı problemlər” əsərində yazır ki, bəzən yaxşı təhsil də insanın həyatda uğur qazanmasına yardım etmir, genlərin də rolu sıfıra bərabərdir, çünki bu durum insanın yaradılışı ilə ətrafdakı aləmin problemləri arasında necə  əlaqə qurmasına bağlıdır. O, bu dünyanın içində öz dünyasını yara biləcəkmi? Bu, artıq onun düşəcəyi mühitdən asılıdır.

Mühit insanın yetişməsində ən önəmli faktorlardan biridir. Bethovenin atası hələ oğlu dünyaya gəlməmişdən “əgər oğlum olsa, onu ikinci bir Motsart edəcəyəm” demişdi. Onun oğlu oldu və atası övladının musiqidə uğurlar qazanması üçün nə mümkün idisə, onu etdi, körpəlikdən onu musiqi mühitində tərbiyə etdi və Bethoven dahi bəstəkar kimi yetişdi.

Mənim anam dil-ədəbiyyat müəllimi idi, evimizdə kiçik bir kitabxana vardı. Mən hələ uşaqkən o kitablara maraq göstərirdim, yaşıma uyğun olmayan, mənasını tam anlamadığım kitabları götürüb oxuyurdum. Anam da həmişə buna qarşı çıxırdı, mənim kitaba marağımın səngimədiyini görəndə məni kənd kitabxanasına aparıb ora üzv yazdırdı və kitabxanaçılar da mənə oxumaq üçün ancaq yaşıma uyğun kitablar verirdilər. Ayno Pervikin “More nənə”sini, “İki Peterisin nağılı”nı hələ də xatırlayıram. Doqquz yaşımda vətən haqqında bir şeir yazdım və o vaxtdan yazmaq həvəsim heç vaxt tükənmədi. Orta məktəbi bitirəndə də jurnalist ixtisasını seçdim. Amma araya düşən o beş il olmasaydı...

Ardıcıl mütaliə və yazı vərdişi o itirilmiş illərin yerini doldurmasa da mən tədricən ruhi müvazinətimi bərpa edə bildim. Keçilən yola baxıb o boşluqların hansı səbəblərdən yarandığını açıq-aydın görə bildim. Sanki pis bir yuxudan ayılmış kimi idim. Sözsüz ki, məndən asılı olmayan səbəblər də vardı, ard-arda valideynlərimi itirmişdim, şəxsi həyatdakı müəyyən problemləri yoluna qoymaq lazım idi. İnzivayə çəkilmək, həmişə dərviş kimi yaşamaq fikrim də yox idi. Çünki Selincer deyildim. /Ədəbiyyat qəzeti/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.