Etimad Başkeçid - Veyil dərəsi
14.07.16

Bu gün Azərbaycan ədəbiyyatının ciddi imzalarından olan, yazçı Etimad Başkeçidin ad günüdür. Sözün qədrini və dəyərini zərgərliklə bilən sənətkarı təbrik edirik, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Avanqard.net bu münasibətlə Etimad Başkeçidin "Veyil dərəsi" hekayəsini təqdim edir.




…Mən mömin quşlar və şəhid atlar barədə eşitmişdim.

Sonra bu barədə ədəbiyyat da tapıb oxudum.

Daha sonra Moskvanın ucuz kinoteatrlarından birində pop-korn yeyə-yeyə və fanta içə-içə kinoya baxan adamlarla birgə məşhur italyan rejissoru Pazolininin «Quşlar və quşcuğazlar» filmini seyr etdim və o vaxtdan yəqinləşdirdim ki, heyvanat aləmi insanlıq üçun çoxlu ibrətlərlə doludur.

Pazolininin bu filmində monaxlar xristianlığı quşların arasında yaymaq üçün göndərilirlər. Monaxların səyilə qırğılar da, sərçələr də dönüb xristian olurlar.

Lakin, qırğıların təbiətində sərçələri ovlayıb yemək var, odur ki, mömin olduqdan sonra da onlar bu şakərlərindən qalmırlar - xristian qırğılar xristian sərçələri yeməkdə davam edirlər.

Bilmirəm fikir vermisinizmi, bütün canlılar, xüsusən də insanlar yaşadıqları coğrafiyadan daha çox yedikləri yeməyə bənzəyirlər.

Londonda nəşr olunan mötəbər elmi «Foks Ltd» jurnalının 2005-ci il №7 tarixli sayında bağırsaq qurdları üzərində aparılmış bir təcrübədən söz açılır.

Burda deyilir ki, bu qurdları, yemək verməzdən qabaq, bir müddət işıqla qıcıqlandırmışlar.

Bu cür təcrübələri həşəmətli rus fizioloqu Pavlov itlərin üzərində aparırmış. Ancaq, ingilislər Pavlovdan xeyli irəli getmişlər.

Onlar qurdların bir qismində şərti refleks yaratdıqdan sonra həmin qurdları öldürüb, parça-tikə eləyib şərti refleksi olmayan o biri qurdlara yedirmişlər.

Nəticədə həzm-rabedən keçirilmiş həmcinslərinin bütün vərdişləri həmin qurdlara keçmişdir…

Belə, canım oxucum! Sən elə bilirsən bəzi Afrika qəbilələrində insan ətini bekarçılıqdan yeyirlər? Əsla!

Sadəcə onlar alimlərin hələ indi-indi kəşf elədikləri şeyləri lap çoxdan bilirlər və fürsət düşəndə adam əti yeməkdən qalmırlar.

Bəli, başqasının gücünü, təcrübəsini öz gücunə–təcrubəsinə qatmağın ən kəsə yolu məhz hannibalizmdən keçir. Bunu day biz demədik!

Afrikalıları bir qırağa qoyaq.

Məgər yeri gəldi-gəlmədi öz mədəniyyətini camaatın gözünə soxmağa çalışan avropalıların arasında düşməninin ürəyini çıxarıb yeyənlər, qanını içənlər azmı olub?

Mən hələ bunu bir növ praktikaya çevirmiş bir çox asiyalı sərkərdələri demirəm.

Şübhə etmirəm ki, bu ətə-qana yerikləmək şövqü düşmənin bütün gücünün, iradəsinin onun ürəyində-ciyərində və qanında cəmləşməsi barədə çox əski inanclara dayanır.

El arasında cəsarətli adamlara boş yerə «ürəkli adamdır», nə bilim «ciyərli oğlandır» demirlər ki!

Bu yaxınlara kimi elə bilirdim ki, «sənin ətini yeyərəm» tipli ifadələr sadəcə bir nitq ştampıdır, dilimizdə dolaşıb-durur özüyçün.

Nədən ki, hazırda, bəzi manyakları nəzərə almasaq, hərfi anlamda heç kəs heç kəsin ətini yemir.

Amma, sən demə burda da məsələ mən fikirləşdiyim kimi deyilmiş.

Lap bu yaxınlarda səmavi kitablardan birində oxudum ki, «əgər siz bir kəsin haqqını tapdayırsınızsa və ya halal haqqına sahib çıxırsınızsa onda onun ətini yemiş olursunuz». Nə az, nə çox!

İsa peyğəmbər öz tərəfdaşlarına çörək və çaxır ikram eləyərkən nə demişdi: «Alın, yeyin, bu mənim ətimdir, için, bu mənim qanımdır».

İndi siz deyin, yuxarıda söylədiklərimizdən sonra İsanın bu sözlərlə nə demək istədiyi barədə teoloqların sürəkli müzakirələr aparmasına ehtiyac varmı?

İsa bu sözlərlə yalnız onu demək istəmişdi ki, bilirəm, siz məni satacaqsınız, sizin üzərinizdəki haqqımı ayaqlarınızın altına salacaqsınız.

Yəni, dolayısıyla, ətimi yeyib qanımı da su yerinə içəcəksiniz…Vəssalam!

Yüz teoloq gəlsin, məni bu fikrimdən döndərə bilməz.

* * *

Sözü uzaqdan başladığım üçün üzr istəyirəm, əziz oxucum. Amma elə mətləblər var ki, onların haqqında söhbəti ya bu cür aparmalısan ya da heç aparmamalısan.

Hər halda prelyudiya deyilən nəsnə də bizim icadımız deyil…

…Onda payız təzəcə girmişdi. Yadımdadır, yayın ətaləti cəmisi beş-altı gün sürdü və birdən-birə yağışlı havalar başladı.

Amma nə təhər başladı! Mən artıq üçüncü il idi ki, Kominin İnta şəhərində yaşayırdım və bilirdim ki, payızın xəmiri suya doymayınca bu şəhərdə yağmurun arası kəsməyəcək.

Kominin eləcə adı Komidir. İnta şəhərində komi millətindən olan adamları barmaqla saymaq olardı.

Onlar da nədənsə öz milli kimliklərini biruzə verməməyə çalışırdılar. İntanın yetmiş minlik əhalisinin, məmurları, müəllimləri-filanı nəzərə almasaq, demək olar hamısı kömür mədənlərində işləyirdilər.

Bir dəfə işlədiyim şəhər qəzetində şaxtaçıların həyatı barədə öz aramızda kiçik bir hesablama aparmışdıq.

Məlum olurdu ki, onlar ömürlərinin çox hissəsini yerin altında keçirirlər.

İnta mədənçiləri bir-birilərini yarızarafat-yarıciddi «siçovul» deyə çağırırdılar və bundan heç kəs incimirdi. İntalılar siçovul həyatı keçirməyə bir növ məhkum olunmuşdular.

Zatən onların başqa növ əməklə məşğul olmaq imkanları da yoxdu.

Bilənlər bilir ki, bu torpaqlar qısırdır və mer-meyvə nədir, heç Allahın kartofunu da bitirmir.

İntanın nə havası havadır, nə suyu su. İşdir, nə vaxtsa yolun bu şəhərə düşsə oranın qəbirstanlığını ziyarət etməyi unutma, əziz oxucum.

Ordan əldə edəcəyin təəssürat sənə ömürlük bəs eləyər. Bu qardaşlıq qəbirstanlığında köhnə SSRİ-nin bütün millətlərindən olan insanlar uyumaqdadırlar.

Bunların hamısı vaxtilə buraya sürgün olunmuş «zeklər» və onların törəmələridirlər. İntalının ən çox ömr eləyəni cəmisi qırx beş-əlli il yaşayır ki, bu da qəbir daşlarının ustundəki yazılarda epitafiya əvəzi öz əksini tapıbdır.

İnta Rusiyanın o şəhərlərindəndi ki, burada gecə düşdümü bir də altı aydan sonra səhər açılır. Bilmək istəsən bunun elə bir romantikası-zadı yoxdur.

İntalı sabaha sağ çıxmamaq ehtimalının çox böyük olduğunun fərqindədir və həyatından bezmiş insanların əksəriyyəti də məhz bu sabahsız gecələrdə intihar eləyirlər.

Öz həyatına qıyanların dəqiq sayını bilmək istəsən yenə də qəbirstanlığa baş çəkməlisən. Burada onlar üçün ayrıca yer ayrılıb.

Öz əcəlilə ölmüş imtiyazlılardan fərqli olaraq onlar bir qıraqda, necə gəldi basdırılıblar.

Bir yol kafir sayılan intiharçıların məzarlığı isə o biri məzarlıqdan böyükdür ki, kiçik deyil.

Bu gözdən uzaq, könüldən iraq şəhərin bir özəlliyi də ondadır ki, oraya yalnız qatarla getmək mümkündür.

Şəhərə varid olmağın və oranı tərk etməyin başqa yolu yoxdur. Nədən ki, bütün perimetr boyu hər tərəf ucsuz-bucaqsız bataqlıqlardır.

Buna görə də İnta bina olunandan bəri hələ bu şəhərin türməsindən qaçmaq xülyasına düşən məhbus olmayıb. Haraya kimi qaçacaqsan?

İntanın necə yer olması barədə çox uzun danışmaq olar. Ancaq mənim çərənçiliklə aram yoxdur, ona görə də yuxarıda dediklərimlə kifayətlənmək istəyirəm.

Bircə şeyi də əlavə edim ki, «İnta» sözü komi dilindən tərcümədə «quyu», «dərə» anlamı verir və bu adı kim veribsə çox dürüst ad verib.

* * *

Dediyim kimi o ərəfədə şıdırğı yağışlar yağırdı, hər tərəf selin-suyun içindəydi.

Belə havalarda heç heyvanlar da burnunu çölə göstərmək istəmir, o ki insan ola! Şəhərin o biri başında yerləşən redaksiyaya getmək gözümə durmuşdu.

Kirayə qaldığım ev yoldan xeyli qıraqdaydı, yağış yağdısa ara yollar tamam keçilməz hala gəlirdi və buna görə də dizəcən palçıq ayaqlamamağın yeganə yolu evdən kənara ayaq basmamaqdı.

Hələ avtobusdakı basabası-filanı demirəm. Götürüb müxbir yoldaşım Pavelə zəng elədim.

Onun çox uzunçu adam olduğunu bildiyimdən salamsız-kəlamsız dedim:

- Paşa, mən bu gün gələ bilməyəcəyəm, xahiş edirəm, mənim işlərimi də yola verəsən…

- Bilət, necə yəni gələ bilməyəcəyəm bilət, mən burda sizin üçün kiməm nax, Qrişa bilət məzuniyyətdə, Saşa nax ezamiyyətdə, sən də belə nax… Görəcəksiniz, qəzet bilət çıxmayacaq nax…

Paşa hödülləyib-tökməkdəydi. Zalım oğlunun iki sözündən biri söyüşdü.

Düzdür, Paşa ağzıyırtıq adamdı, ancaq redaksiyada heç kəs onun sözünün üstünə söz söyləmirdi.

Çünki, əvvəla, o qəzetin ən qocaman işçisiydi, yaşı yetmişə yaxın olardı, ikincisi də redaksiyanın əsas sütünlarından biriydi, bəlkə də ən əsas sütünuydu.

Odur ki, Paşa redaksiyada özünün kirimiş «əsas sütun» taleyini yaşamaqdaydı – onu nə ezamiyyətə göndərirdilər, nə məzuniyyət verirdilər.

Baxmayaraq ki, o bizim canlı reliktimiz idi, İntada o yaşda bir-iki adam vardı, ya yoxdu, özü demiş, işi-peşəsi eşşək kimi çalışmaqdı.

Ancaq, deyəsən bu cür həyat tərzindən heç onun özü də rəncidə deyildi. Arvad yox, uşaq yox, uzun həyat yolunda hamısıyla bir-bir üzülüşmüşdü.

İndi bir beşinci ətrafı idi, bir də boğazı.

Dəstəyi qulağımdan aralayıb bir siqaret yandırdım, o azacıq fasilə verən kimi isə yenidən qulağıma tutdum:

- Redaktor soruşsa deyərsən ki, bərk xəstələnib, yorğan-döşəyin içindədir, - dedim və dərhal telefonu qapatdım.

Üstündən heç beş saniyə keçməmiş telefon zəng çaldı. Pavel idi.

- Bax, sənə deyirəm, Edik – onun səsində hədələyici notlar vardı, - «Qığılcım»dan alov doğa bilər ha… bilət…

Ona sözünü tamamlamağa macal vermədim. Əlimi uzadıb telefonun şnurunu şəbəkədən ayırdım.

«Qığılcım» bizim şəhər qəzetinin adı idi. Leninin «Qığılcım» ından fərqli olaraq bizim «Qığılcım»dan yüz il yüz ilə qala heç nə doğan deyildi.

Bunu yəqin bilirdim. Olsa-olsa məni işdən qovacaqdılar.

Bunun üçün isə mən əlimdən gələni etmişdim; neçə dəfə işə lül-qəmbər gəlmişdim, dəfələrlə redaktorun üzünə qayıtmışdım, işçiləri acılamışdım, daha nələr eləməmişdim.

Fikirləşdim ki, daha doğrusu özümü məcbur etdim fikirləşəm ki, belə yağışlı havada heç bir qığılcım alov doğura bilməz və bu məcazın məntiqindən içimdə bir arxayınlıq yarandı.

Qığılcımdan alov doğmayacaqsa, demək ki, məni də işdən qovmayacaqlar. Sözün düzü, qəzetdən çıxmaq istəmirdim.

Necə olmasa da neçə vaxtdı burda işləyirdim, üzüm öyrəşmişdi.

Üstəlik yazmaqdan başqa əlimdən bir şey gəlmirdi, kömür mədəninə isə acından ölsəm də düşən deyildim.

* * *

Bütün işlər bundan sonra baş verdi. Mətbəxə keçib özümə çay qoymaq istədim.

Qapını aralayıb içəri adlamaq istəyəndə zil-qara bir siçovulun ayaqlarımın arasından sivişib yataq otağına doğru qaçdığını gördüm.

Zatən bu dünyada siçovul kimi iyrənc bir heyvan türü tanımıram.

Odur ki, eləmə tənbəllik siçovulun dalınca götürüldüm. Lakin siçovul bir an öncə harasa təpilmişdi, nə qədər axtardımsa faydası olmadı.

Siçovulla bir mənzildə yaşamağı heç ağlıma belə gətirmirdim, ona görə də çıxıb eyvanda ehtiyatda saxladığım tələni götürdüm, nizamlayıb çarpayımın ayaq tərəfinə qoydum.

Siçovulun nəfsi çox itidir, amma o həm də həddən ziyadə hiyləgər heyvandı, biləsiniz. Onu tələyə salmaq hələm-hələm iş deyil.

Bu barədə bəzi bilgilərim vardı, onunçün də tələni kağız-kuğuzla maskalayıb yenidən mətbəxə qayıtdım.

Elə yenicə çaydanı qaz pilətəsinin üstünə qoymuşdum ki, yataq otağından bərk şaqqıltı eşidildi. Özümü yetirib gördüm ki, tələyə iri bir siçovul düşüb.

Tələ onu düz belinin ortasından vurmuşdu, ancaq o hələ sağ idi.

Az qala adam kimi çığıra-çığıra qabaq ayaqlarıyla döşəməni cırmaqlayır, hərdən qanrılıb tələni dişləməyə çalışırdı.

Sonda hətta siçovul var gücünü toparlayıb tələni bir qədər öz arxasınca sürüməyə müvəffəq oldu.

Lakin, bu ölüm məngənəsindən qurtulmaq artıq mümkünsüzdü.

Bir azdan onun civiltisi tamam kəsildi və o, ağrıdan bir-iki dəfə də sağa-sola bükülərək sakitcə canını tapşırdı.

Yalnız indi fikir verib gördüm ki, bu bayaqkı siçovul deyil. Bu, adi, boz, bayaqkından xeyli balaca bir siçovuldu.

Təəcüblənməyə dəyməzdi - siçovullar elə bir məxluqdurlar ki, biri üzdədirsə, deməli, beşi-onu da gizlindədir.

Bəli, bir tələylə bu işi aşırmaq çətin olacaq deyə fikirləşdim, nəsə başqa tədbir tökmək lazımdır.

Olsun ki, hansısa bir ana siçovul mənzilimə yol tapıb və elə buradaca balalayıb.

Tələni ayağımın ucuyla itələyə-itələyə eyvana çıxardım, məhəcərdən sallanıb alt qatda yaşayan Vasya adlı işsiz-gücsüs birisi vardı, onu səslədim:

- Vasya! Vasya! Vasilii…

Vasya handan-hana, tuman-köynəkdə, donquldana-donquldana eyvana çıxdı.

Sir-sifətindən aşkar sezilirdi ki, bu saat o dərin «poxmel» dədir. Üzündən zəhər yağırdı.

- Nədir, nolub yenə səhər-səhər? – Vasya zarıya-zarıya souşdu.

- Vasya, sənin pişiyin üçün əla nahar var, gəl apar.

O, daha ucadan donquldanmağa başladı:

- Mən də deyirəm görəsən nolub? Bu dəqiqə mənim pişiyimə antrekot da versən yeməz…

- Niyə? Olmaya xəstələnib?

Vasya cavab əvəzinə əlini yelləyib içəri keçdi.

Bu məsələdə ondan bu cür vecsizlik gözləmirdim. Vasya ola, canından əziz tutduğu pişiyinin yeməyindən imtina eləyə!

- Vasya! Vasilii…

- Hə, nədir?- Vasya içəridən səsləndi.

- Bir dəqiqəliyə eşiyə çıx.!

- Hə, çıxdım, nədir?- Vasya başını qapıdan eşiyə çıxardı.

- Deyəsən başa düşmədin, mən sənə siçovul təklif edirəm, bax bu yekəlikdə,- qollarımı açıb onun pişiyindən də yekə bir siçovul təsvir elədim.

- Elə siçovullardan mənim mənzilimdə nə qədər desən var.

- Belə de! - Durduğum yerdə hirslənməyə başladım. Sanki, siçovulu gəlib aparmadığına görə Vasyanı mütləq borclu çıxarmalıydım,- bəs mənə niyə deməmisən?

O, təəccüblə üzümə baxdı:

- Necə bəyəm, sən sanitar həkimi-zadsan?

Haqlı sözə nə deyəsən? Amma, Vasya kimi birisinin sözdə məni bağlamasına da yol verə bilməzdim. Di gəl, mən tutarlı bir cavab üzərində fikirləşənə kimi o:

- Nəsə gözümə yaxşı dəymirsən, dostum, get temperaturunu ölç,- deyə əlavə elədi və başını bulayaraq içəri çəkildi.

Ürəyimdən keçdi ki, Vasyanı çağırıb əməlli-başlı acılayım, ancaq o biri qonşulardan ar elədim.

Siçovilun ölüsünü eyvanda qoyub mətbəxə qayıtdım. İştahım tamam küsmüşdü.

Bir stəkan çay içib siqaret yandırdım. Deməli belə! Bircə siçovulumuz çatışmırdı. Demək Vasyanın mənzilində də siçovul əmələ gəlib.

Elə isə başqa mənzillərdə də siçovul olmamış deyil, daha bunun ora-burası yoxdu. Olsun ki, siçovulların yuvasını su basıb, onlar da üzüyuxarı dırmaşıb mənzillərə soxulmalı olublar.

Pəncərədən eşiyə baxdım. Aramsız yağan yağışın şırıltısı sanki mənim fikrimi təsdiqləməkdəydi.

Pəncərədən baxa-baxa fikirləşdim ki,işdən qalmağın da bax bu cür fəsadları var.

Guya dincələcəkdim, ancaq gör səhərdən nəylə məşğulam.

Qamışdan düzəldilmiş kresloma yayxanıb başqa şeylər barədə fikirləşməyə çalışdım.

* * *

Günorta saatları idi. Qapının zənginə ayılıb gördüm ki, elə kreslodaca yuxuya getmişəm. Qapını əllə də döyməyə başladılar.

- Kimdir?- Oturduğum yerdən səsləndim.

- Açın, biz sanitar xidmətindənik,- qapının ardından əsəbiliklə cavab verdilər. Görünür nə vaxtdır ki, qapını döyürlər.

Deyəsən bu siçovul məsələsi get-gedə böyüyür. Bunlar, lap yəqin, gəmiricilərlə mübarizə idarəsindəndirlər. Ancaq, mən axı onları çağırmamışdım.

Adətən yeri-yurdu bilinməyən sanitar xidmətinin bu təşəbbüskarlığı bir az qəribə görünürdü.

Qapını açdım. Əllərində kağız-qələm, üstündə qırmızı xaç işarəsi olan dava-dərman çamadanı və bu kimi şeylər tutmuş biri kişi, ikisi qadın, bir heyət dəhlizdə dayanıb gözləyirdi.

Qapı açılar-açılmaz heyət komanda verilmiş kimi yerindən qopub içəri təpildi.

Qadınlar dinməz-söyləməz mənzilə işgüzar baxış keçirərkən, kişi yazı masamın arxasına oturdu və qələm-dəftərini qarşısına qoyub məni sorğu-suala tutmağa başladı.

- Mənzil sizindir?

- Yox, kirayənişinəm.

- Aydındır,- o dəftərinə nəsə qeyd elədi,- mənzildə neçə adam qalır?

- Tək özüm.

- Aydındır. Bəs harda işləyirsiniz?- O, sualları verərkən gözünü qələminin ucundan çəkmirdi.

- «İskra» qəzetinin muxbiriyəm,xaricdə qohumlarım yoxdur, ziyalı ailəsindənəm, heç bir partiyanın üzvü deyiləm, cinayət məsuliyyətinə cəlb olunmamışam, azərbaycanlıyam, əslən Gürcüstanlıyam, sizi daha hansı məlumatlar maraqlandırır?- Get-gedə özümdən çıxmağa başlayırdım,- və bütün bunların siçovullara nə aidiyyəti var?

Kişi başını qaldırıb təəccüblə və bir qədər məyusluqla üzümə baxdı. Sonra qarşısındakı kağız parçasını götürüb havada silkələdi:

-Sən bu sualı bax, bu anketi tərtib eləyənə ver, mənə yox,- o, artıq mənə «sən» deyə müraciət eləyirdi,- buyur, buraya qol çək.

- Bu nə üçündür?

- Sənin kirayənişin qaldığın mənzildə siçovullara qarşı sanitar tədbirlərinin görüldüyü barədə aktdır, buyur qol çək.

Kağızı imzaladım. Kişi kağızı götürüb dəftərinin arasına qoydu və qadınlara doğru səsləndi:

- Qızlar, tələsin, görün hələ neçə mənzil dolaşmalıyıq.

Beləliklə mənzilimdə siçovullara qarşı «sanitar tədbiri görülmuş» oldu. «Qızlar» dan biri, ənliyi-kirşanı üzündə qat kəsmiş yekəpər qadın mənə bərk-bərk tapşırdı ki, nəbadə onların künc-bucağa qoyduğu zəhərli preparatlara əlimlə toxunum.

Bundan başqa, mümkünsə evdə ərzaq saxlamamaq və daha yaxşısı, bir neçə günlüyə mənzili tərk etmək tövsiyə olunurdu.

Mən onların bütün məsləhətlərinə can-başla əməl edəcəyimi bildirdim, təki məni rahat buraxsınlar deyə.

Qayıdıb qamış kresloma əyləşdim. Başımın içində bir uğultu, bədənimdə bir süstlük əmələ gəlmişdi.

Özümü xəstəhal hiss edirdim. Birdən - birə hiss etdim ki, bu şəhərə də, içi də özüm qarışıq bu şəhərin bütün insanlarına da - hamıya və hər şeyə nifrət edirəm.

Mən ağır, hətta bir qədər ləng təbiətli adamam.

Daha doğrusu vaxtilə belə bir adamdım. Bu lənətə gəlmiş şəhər məni hövsələsiz, özündən tez çıxan, cırtıqoz birisinə çevirmişdi.

Ətrafdakılar bunu özləri üçün Qafqaz temperamenti kimi yozurdular, ancaq bunun belə olmadığı mənim özümə gün kimi aydın idi.

Aydın idi ki, mən fələyin xərcinə verdiyim bu üç il müddətində hansısa işıqlı perspektivlər uğrunda deyil, yalnız həbsxanaya, dəlixanaya düşməmək və günlərin bir günündə intihar eləməmək uğrunda mübarizə aparmaqla məşğul olmuşam.

Mən artıq bütün intalılar kimi burdan çıxıb getmək, ilim-ilim itmək arzusuyla yaşayırdım. Bəlkə məni ayaqda saxlayan da məhz bu istək idi, başqa heç şey.

Düşünə bilərsiniz ki, nə böyük arzuymuş - çıxıb getmək istəyirdin, gedəydin.

Amma, axı hara gedəydim? Kəndə dönməyi heç ağlıma belə gətirmirdim.

Mən kənddən dünyanı fəth etmək üçün çıxmışdım, daha əli ətəyindən uzun qayıtmaq üçün yox.

Bakıda isə nə qalmağa yerim vardı, nə də heç olmasa ilk vaxtlarda mənə arxa-dayaq olacaq birisi.

Qohum-qardaş hamısı it unu kimi Rusiyanın çöllərinə səpələnmişdilər…

Bir xeyli beləcə heysiz oturduqdan sonra durub televizoru yandırdım və yatağıma uzanıb verilişləri seyr etməyə başladım.

Yerli kanalda şəhərin baş sanitar həkimi çıxış edirdi: «…əziz sakinlər, yuxarıda dediklərimizi nəzərə alaraq sizin hər birinizi məsuliyyətli olmağa, əlaqədar təşkilatların tövsiyyələrinə ciddi əməl etməyə çağırıram.

Siçovullar hansısa yoluxucu xəstəliyin daşıyıcısı ola bilərlər.

Ona görə də onlarla bilavasitə kontaktda olmanız məsləhət deyil.

Xüsusən də uşaqlara nəzarəti gücləndirmək lazımdır. Tələ qurmaqla və digər üsullarla siçovulları məhv etmək qadağan olunur».

Sonra başqaları danışdılar. Siçovullar günün mövzusuna çevrilmişdilər.

* * *

Axşam tərəfi telefonun şnurunu şəbəkəyə birləşdirib Pavelə zəng elədim.

- Paşa, işlər necədir?

- Necə olacaq bilət, şəhərdə nax siçovulların əlindən tərpənmək olmur. Sən sabah işə çıxacaqsanmı bilət?

- Sizin evdə də siçovul var?

- Əlbəttə var, nax. Sabah işə çıxacaqsan, ya yox?

- Bilmirəm, Paşa, mən hazırda bu şəhərdən çıxıb getmək barədə düşünürəm.

- Bu barədə kim düşünmür ki? Mən, məsələn, altmış ildir bu barədə duşunurəm, bilət,- Pavel bir qədər susduqdan sonra ərkyana əlavə etdi,- Edik, dur gəl bizə, yaxşı yanacağım var, Moskvadan gətiriblər.

Pavel adamın könlünü almaq istəyəndə də səsinin tonunu aşağı salmırdı. Yalnız söyüşlərinə ara verirdi.

- Meylim çəkmir, Paşa, - onun bu xidmətindən imtina etdim.

- Necə yəni meylim çəkmir, sən gerçəkdən xəstələnmisən nədi?- Onun aləmində yalnız xəstələr «yanacaq» dan imtina edə bilərdilər.

- Hə, xəstələnmişəm,- dedim.

- Neynək, dağ Məhəmmədin yanına gəlmirsə, onda Məhəmməd dağın yanına getməlidir. Otur evdə, indi gəlirəm.

Üstündən on-beş, iyirmi dəqiqə keçməmiş Pavel artıq mənim yanımdaydı. Moskva arağından içə-içə söhbətləşib-dərdləşdik. Söhbət hərlənib-fırlanıb yenə də siçovulların üstünə gəldi. Bir ara mənim kitab rəfimi diqqətlə nəzərdən keçirdikdən sonra Pavel arağın təsirindən pörtmüş üzünü mənə tutdu:

- Sən Kamyunun «Taun» romanını oxumusan?- O, bu sualı elə-belə vermirdi. Kamyu bu romanda sanki bizim indiki İntanı təsvir eləyib. Xəstə siçovullar üzə çıxıb şəhər əhlini tauna yoluxdururlar, qırılan qırılır…

- Hə, - dedim,- orda təsvir olunan şəhər elə bil bizim şəhərdir.

- Hə! Amma, şükür Allaha, hələ ki şəhərdə ölüb-itən yoxdur.

- Hələlik yoxdur.

-Heç olmayacaq da!- Pavel növbəti araq stəkanını gillədib marça-marçla xiyar turşusundan çeynəyə-çeynəyə dedi.

- Hardan bilirsən, falçısan?

O, məzəmmətedici baxışlarla məni süzdü:

-Ay, yay! Sən məni nə bilirsən, dostum? Bayaq sanepidemstansiyaya getmişdim, dedilər ki, siçovullarda heç bir xəstəlik aşkarlanmayıb.

- Bəs, onda bunlar niyə yuvalarından perik düşüblər?

Mən soruşduqca Pavel daha da vacib görkəm alırdı:

- Orasını heç kəs bilmir,- guya bu bilinən məsələ olsaydı Pavelin bundan mütləq xəbəri olmalıydı,- delfinlər niyə özlərini sürüylə sahilə atırlar?

Əllərimi qaldırdım. Bu o deməkdi ki, onun verdiyi cavab məni tam qane edir.

Az qala sevincək bir stəkan araq da mən aşırdım. Bizdə qayda beləydi - kimin könlü nə qədər istəyir o qədəq içir. Sağlıq- filan demək yoxdu, eləcə «bud zdorov», vəssalam.

- Bu gün gəlib mənim mənzilimi dərmanladılar,- Pavelə daha bir yönləndirici məlumat verdim.

- Mənim mənzilimi də dərmanlayıblar, boş şeydir!

- Niyə boş şey olur?

Pavel məyusluqla köksünü ötürdü:

- Mən belə görürəm, sənin hələ çox şeylərdən xəbərin yoxdu. Ağzında siçovul deyirsən, onlar zəhərli şeyləri səndən də, məndən də yaxşı tanıyırlar.

Yeddiyüz qramlıq araq şüşəsi boşalmışdı. Stolun üstündəki külqabı aşıb - daşdığından biz siqaret kötüklərini indi bu şüşəyə atırdıq.

- Bəlkə bir şüşə də götürək, - Pavel belə hallar üçün çox adi təklif səsləndirdi.

- Üz vurma, Paşa, mən daha içməyəcəyəm,- dedim,- yaxşısı budur de görüm, əgər siçovulları zəhərləmək mümkün deyilsə, bu vur-çatdasın nə üçündür, ev-ev gəzib camaatın başını niyə xarab eləyirlər?

Paveli gic bir gulmək tutdu. O, yoğun səsilə bir xeyli hırıldadıqdan sonra sakitləşdi.

- Onlar da bir şey eləməlidirlər, ya yox?

Onun bu sözləri yadıma bir əhvalatı saldı. Birisi İrana gedibmiş. Orada ayaqyoluna dəyməli olur.

İçəri girib görür ki, qapının ardında bir kişi oturub, yanında da iki aftafa var, biri ağ, digəri qırmızı.

O, ağ aftafanı götürmək istəyəndə kişi qayıdır ki, bu aftafanı götürmə, qırmızını götür. Qərəz, o öz işini tamamlayır, aftafanı qaytarıb yerinə qoyarkən fikirləşir ki, görəsən kişi niyə qoymadı ağ aftafanı götürmüyə?

Soruşur: «Dayı, ağ aftafanı götürməyə nədən izin vermədin?» Kişi cavab verir: «Oğul, burda oturmuşam, mən də bir söz deyəsiyəm, ya yox?»

Bu dəfə məni gülmək tutdu. Yadıma düşdü ki, bu əhvalatı lap çoxdan Pavelə də danışmışam.

Məclisimiz sona çatdı. Pavel durub çıxmaq istəyərkən ondan acizanə bir xahişdə bulundum.

- Paşa, inciməyəsən ha, eyvanımda bir siçovul ölüsü var, xahiş edirəm onu götürüb küçədə zibil qutusuna atasan. İnan ki, ona əlimi vurammıram, yoxsa götürüb özüm atardım, sənə də zəhmət olmazdı…

- Nə zəhmət, canım, - Pavel eyvana doğru yönəldi, tələyə çatar–çatmaz ona sanballı bir təpik ilişdirib bayıra fırlatdı, - sən hər şeyi problemə çevirirsən, belə yaşamaq olmaz, dostum.

Doğrudan da, siçovul ölüsündən xilas olmağın bunca sadə üsulu heç ağlıma gəlməmişdi.

Paveli küçə qapısınacan ötürdüm. Burada o, yağışa çıxmağa tərəddüd eləyirmiş kimi bir az dayanıb–durdu, sonra səsinin gür yerinə salıb:

- Başını dimdik tut, dostum, evdə oturmaqdan bir şey çıxmaz, - dedi, - sabah saat on sıfır-sıfırda süngü kimi işdə hazır olursan, oldu?

- Oldu, Paşa, - dedim

- Danışdıq! Sabah səni siçovulları məhv etməyin yeğanə və əvəzsiz üsuluyla tanış edəcəyəm. Gecikmə!…

Bir müddət Pavelin arxasınca baxdım. Redaksiyada onu adamayovuşmaz hesab edirdilər.

Bu bəlkə də beləydi, amma, nədənsə mehrini mənə salmışdı və bunun nədənini heç cür kəsdirə bilmirdim.

Sözün düzü, mən ruslardan o qədər də xoşlanan adam deyiləm, ancaq Pavelə məxsusi bir rəğbətim vardı.

Bəlkə də elə adamayovuşmaz olduğuna görə, ya başqa səbəbə, bilmirəm.

* * *

Səhərisi gün işdə böyük bir canlanma olduğunu gördüm. Hamı siçovulların evlərə daraşmasından danışırdı.

Hətta, həmişə təmkinli görünən redaktorumuz da « o… bu dəhşətdir, dəhşət, görünməmiş işdir» deyə bu otaqdan vurub o birisindən çıxır, hər kəsi siçovullar barədə söhbətə çəkməyə çalışırdı.

Onun sifətində qayğıdan və özünün dediyi kimi, dəhşətdən daha çox təntənəli bir ifadə həkk olunmuşdu.

Elə bil şəhərə naməlum uçan obyekt qonub. Özü də bir yox, bir neçə NUO. O, belə bir tarixi məqamı yaxaladığı üçün özünü göyün yeddinci qatında hiss edirdi.

Onu başa düşmək çətin deyildi.

İllər uzunu heç nə baş verməyən şəhərdə siçovulların nizamlı yürüşünə şahid olmaq elə NUO - nu görməyə bərabər bir işdi. Məni görcək o, az qala pişvaz eləyirmiş kimi qabağıma yüyürdü:

- Ooo, Edik! Görürsən də nələr baş verir! Gəl görüm, gəl, - əlilə çiynimi qucaqlayaraq öz kabinetinə doğru yönəltdi, - heç ömründə bu qədər siçovul görmüşdün?

Mənim onun tiradasını dinləmək halım yox idi, odur ki:

- Niyə görməmişdim, görmüşdüm,- dedim.

- Doğrudan? Harda?- o, təəccüblə üzümə dikildi.

- Məgər biz siçovullar şəhərində yaşamırıq?

O, içini çəkə-çəkə güldü:

- Düzdür, yaşayırıq, amma söhbət əsl siçovullardan gedir.

- Hələ bilmək olmaz, əsl siçovul hansıdır, yalançı siçovul hansı.

Redaktor ayağını saxlayıb çiynimi buraxdı. Deyəsən qırımımı görüb məni öz kabinetinə aparmaq fikrindən vaz keçmişdi. Əvəzində o:

- Sabahkı nömrə uçun son hadisələr barədə səndən material gözləyirəm - deyə tələbkaranə bir tərzdə elan etdi və öz yoluna təklikdə davam etdi.

Yenicə öz otağıma keçib plaşımı soyunmaq istəyirdim ki, Pavel özünü yetirdi.

- Çıxarma plaşını, çıxarma, indi gedirik!

- Nolub, hara gedirik?

- Sən siçovulları məhv etməyin yeganə və əvəzsiz üsuluyla tanış olmaq istəyirsən?

- Pis olmazdı,- deyə mızıldandım.

- Onda artıq sual vermə, get otur maşına, sovxoza gedəcəyik.

Gedib Pavelin özü kimi qocaman maşınına əyləşdim. Yağış ara vermədən yağmağındaydı, su maşının şüşəsindən sel kimi axıb yörəyə tökülürdü.

- Görüm səni filan-beşməkan olasan, müqəddəs Rusiya, - Pavel birazdan dolayısıyla havanı yamanlaya-yamanlaya maşına təpildi.

Maşın yavaş-yavaş yola düzəlib «sovxoz» deyilən məntəqəyə doğru istiqamət götürdü. Sovxoz İntanın lap qurtaracağında yerləşirdi.

Deyilənə görə vaxtilə burada sürü-sürü maral saxlayırmışlar.

Amma «yeni» ruslar fürsət əldə eləyən kimi hamısını satıb-sovublar. Heç damazlıq da saxlamayıblar.

İndi burada bütün işçilər adına tək bir gözətçi vardı, o da nəyə görə vardı, bunu heç kəs bilmirdi.

Pavel maşını sürüb uzun, enli talvarın düz qabağında saxladı. Maşından düşüb talvarın altına keçdik.

Ətrafda ins-cins gözə dəymirdi. Talvarın arxa tərəfindəki divar uzunu arı yeşiklərinə bənzər, bir az ondan böyük qutular düzülmüşdü. Pavel ətrafa boylanıb bir-iki ağız:

- Qriqori, auu, Qriqori!- deyə gözətçini səslədi.

- Gəlirəm, gəlirəm,- divarın o üzündən gözətçinin bu yerlərin adamına xas olmayan nazik, civiltili səsi eşidildi.

Bir azdan onun özü də göründü. Onun əynində uzun, su keçirməyən başlıqlı plaş vardı, ayağına ombasınacan rezin çəkmələr geymişdi. Qriqorinin sifəti klassik alkaş sifətiydi - çuxura düşmüş gözləri, sanki şırımlanmış alnı, batmış ovurdları onu əzabkeş müqəddəslərə bənzədirdi. O, özüylə kəsif araq, duzlanmış siyənək balığı və soğan iyi gətirirdi. Pavellə köhnə tanışlar kimi görüşdülər.

- Tanış ol,- Pavel əlilə məni göstərdi, Moskvadan gəlib, jurnalistdir. Yerli şəraitlə tanış olmaq istəyir.

Doğrusu, Pavelin bu gopu nə üçündü, anlamadım. Qriqori məni başdan ayağa süzdü.

- Hörmətim var! Bəli, jurnalistlərə hörmət eləyirəm. Amma,axı, Pal Palıç, özün yaxşı

bilirsən, mənə qadağan eləyiblər…

- Nolsun, məgər qadağa onu pozmaq üçün qoyulmur? Eh, Qrişa, köpəyoğlu…

Qriqori köksünü ötürdü:

- Yox, Pal Palıç, olmaz! Rəhbərlik…Özün bilirsən… Yoxsa burda adam əlindən tərpənmək olmaz…

- Yaxşı-yaxşı, qurtar görək,- «Pal Palıç» havada az qala gözlə görünən qoxunu dağıdırmış kimi əlini yellədi, - mən də fikirləşirdim ki, bir səninlə oturarıq, yüz-yüz içib dərdimizi dağıdarıq. Özümlə yarım litr «yanacaq» da götürmüşdüm…

Yavaş-yavaş Qriqorinin üzünün donu açıldı:

- Mən nə deyirəm ki… Amma Pal Palıç, - amanın günüdür, rəhbərlik bilməsin!

- Bilməz! Guya bilsə nə olacaqdı? Sən başla, qoy qonağımız da nəhayət bizim bu mütərəqqi texnologiyamızla tanış olsun.

Məlum oldu ki, rəhbərlik-filan boş şeymiş, Qriqori bayaqdan yarım litrin davasını eləyirmiş.

O, artıq söz söyləmədən qıvraq addımlarla bayaq gəldiyi yerə qayıtdı və az keçmiş geriyə döndü.

Döndüyündə onun əlində uzun maşa, qoltuğunda isə kustar üsulla düzəldilmiş uzunsov sandıqca vardı.

Qriqori yanımızdan ötüb divar dibindəki yeşiklərə doğru addımladı. Biz də onun arxasınca düşdük.

Elə yeşiklərə yaxınlaşdığımızı gördük… Yeşiklərdən bir çivilti, bir səs-küy, bir həşir qopdu ki, bunu sözlə ifadə eləmək mümkünsüzdür.

Bu, insanın beyninə, sümüyünə işləyən, tükürpədici bir kokfoniyaydı – yeşiklərdəki siçovullar səs-səsə verib var güclərilə çığırışırdılar.

Pavel səsi eşidilsin deyə ağzını qulağıma yaxınlaşdırıb bərkdən:

- Oh - ho-hoo… deyəsən siçovullar Qrişanın iyini aldılar, - dedi, - sən hələ işin gerisini gör!..

Qriqori qoltuğundakı sandıqçanı yerə qoyub, qapağını araladı. Sandıqcada bir-birinə qısılıb titrəşən on-on beş siçovul vardı.

Bu siçovullar yeşikdəkilərdən fərqli olaraq kirimişdilər, hətta Qriqori onları bir-bir götürüb yeşiklərə atanda da heç bir səs çıxarmırdılar.

Pavel qolumdan tutub yeşiklərdən birinin başına gətirdi.

Burada gördüyüm mənzərə, əziz, oxucum, nə vaxtsa ağır skleroz xəstəliyinə tutulmuş olsam, yaxud reinkarnasiyayla yenidən dünyaya doğmuş olsam belə heç zaman yadımdan çıxmaz… Yeşikdə, yalan olmasın, pişik boyda bir siçovul vardı.

Dəf kimi tarıma çəkilmiş dərisinin tükləri tutqun havada belə bərq vururdu.

O, dal ayaqlarının üstünə qalxıb iri bığlarını tərpədərək sanki havanı qoxlayırdı. Əslində isə siçovul ətli boynunu əfilər kimi oynada-oynada yenicə yanına atılmış, ondan qat-qat balaca həmçisini ən müxtəlif rakurslardan gözdən keçirməkdəydi.

Qriqorinin yenicə buraya atdığı siçovul isə yeşiyin bir küncünə qısılmışdı və astadan civildəyərək qabaq ayaqlarıyla yeşiyin divarlarını cırmaqlayırdı.

Bu hal uzun sürmədi. İri siçovul bir azdan ahəstəcə qabaq ayaqlarını yerə qoydu və yavaş-yavaş balacaya yaxınlaşmağa başladı.

İndi onları cəmisi bir qarış məsafə ayırırdı.

Balaca siçovul artıq hərəkətdən qalmışdı, hipnoz olunmuş kimi matdım-matdım üstünə yeriyən bu nəhəngə baxırdı.

Onun böyürləri körük kimi qalxıb-enirdi, gözləri isə az qala hədəqəsindən çıxmışdı. Bir an sonra iri siçovul qəfildən sıçrayıb onu dişlərinə götürdü, o heç süpürləşməyə belə macal tapmadı.

İndi iri siçovul başının qıvraq hərəkətilə onu yerdən-yerə vurur, hərdən ağzından buraxıb yenidən dişlərinə keçirdirdi.

Bir azdan balaca siçovul tamam halsızlaşdı, artıq onun gücü yalnız lap astadan civildəməyə çatırdı…

İri siçovul onun ölüb qurtarmasını gözləmədi, qabaq ayaqlarıyla üstündən basıb onu yavaş-yavaş didişdirməyə və… yeməyə başladı.

Əziz oxucum, sənə elə gələ bilər ki, mən bütün bunları özümdən quraşdırıram, həyatda belə şeylər olmur.

Ancaq məni tanıyanlar yaxşı bilir ki, mən heç də gopa basmaq həvəskarı deyiləm və bundan hansısa bir həzz anlamıram.

Belə şeylər İntada olur, öz gözümlə görmüşəm.

Burda nə baş verdiyini görüncə halım pisləşdi. Mənə elə gəlirdi ki, siçovulların ağzının marçıltısını reproduktorla gücləndirib ətrafa yayırlar.

Bu səsləri eşidib-duymamaq üçün qulaqlarımı tutdumsa da xeyri olmadı. Səs beynimə düşmüşdü.

Daha bir söz demədən qayıdıb maşına oturdum.

Gördüklərim gözümün önündə təkrar-təkrar canlanınca, üzr istəyirəm, ürəyim bulandı və qusmağa başladım.

Fikirləşdim ki, indən belə bu şəhərdə qalmaq itin öz qusduğunu yeməsi kimi bir şey olacaq…

Geriyə dönərkən Pavel gördüklərimizi şövqlə şərh eləməyə başladı.

Sən demə, bu rus mujikinin siçovullarla mübarizə aparmaq üçün dəfələrlə sınaqdaq keçirtdiyi bir üsulmuş.

Bu da ibarət olsun ondan ki, bir neçə siçovul tutub onları bir yeşiyə salırlar və uzun müddət onlara yem vermirlər.

Acından birtəhər olmuş siçovullar, nəhayətdə, öz aralarından birisini seçib, didib yeyirlər. Sonra sıra başqasına gəlir və beləcə sonda yalnız bir siçovul qalır. (Bayaq gördüyüm yekəpər siçovul sadəcə onlardan biriymiş).

Bu siçovul artıq hazır bioloji silahdır. Onun üçün siçovul ətindən ləziz heç nə yoxdur. Onu siçovulların çox olduğu yerə buraxırlar və o da tutub yediyini yeyir, yemədikləri isə öz canlarını götürüb aradan çıxırlar.

Beləcə, zəhərləməyə, dərmanlamaya, nə bilim, mənim kimi tələ qurmağa da heç bir ehtiyac qalmır.

…Biz şəhərə yetişəndə artıq şər qarışmışdı. Pavel danışıb yorulmuşdu, kirimişcə maşının sükanını fırladırdı.

Yağışdan və qaranlıqdan oluşan həlməşik havada maşın sanki sürüşə-sürüşə gedirdi: elə bil hansısa çox sürüşkən bir müstəvinin üstündəsən, hara və nəyə getdiyini bilmirsən, əslində heç getmirsən də, addımların elə hey sürüşür.

- Hara gedirik? – Pavel gözünü yoldan ayırmadan soruşdu.

- Cəhənnəmə, - dedim

- Biz artıq ordayıq, dostum, dəqiqləşdir, konkret olaraq cəhənnəmin hansı güşəsinə gedək?

Artıq dəqiqləşdirmişdim. Qətiyyətli səslə dedim:

- Vağzala sür! Burdan ən tez gedən qatara bilet almaq istəyirəm.

Pavel heç tövrünü pozmadı. Sanki bu sözləri eşidəcəyini çoxdan bilirmiş. O, heç şey olmamış kimi zarafatla:

- Bir-iki xırda-para işlərim olmasaydı mən də səninlə gedərdim, - dedi və dərindən köksünü ötürərək maşını vağzala doğru yönəltdi.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.