Azər Turan - Ceyms Coys və  Əli bəy Hüseynzadə
18.07.16

"Modernizm dalğası" silsiləsindən


Eyni bir yüzilin içində, fərqli məkanda, fərqli ədəbi-estetik ənənələrdə yaranmış iki mətni müqayisə müstəvisinə çıxarmağımızın səbəbi  Azərbaycan modernizminin mənalar məkanını müəyyənləşdirmək, ədəbiyyatımızda Şərq-Qərb səsləşmələrini görmək, Azərbaycan modernizm düşüncəsinin hüdudlarını dəqiqləşdirmək cəhdidir.
Əlbəttə, mövzu baxımından, janrca, üslubca "Uliss"lə "Siyasəti-fürusət"i eyni rakursda dəyərləndirmək mümkün deyil. Amma hər halda, diqqəti bu istiqamətə yönəltmək, məncə, ədəbiyyatımızın xeyrinə olacaq...   Ən azı o səbəbdən ki, "Siyasəti-fürusət" "Uliss"dən on iki il əvvəl  yazılıb.


***
 
1907-ci ildə "Avinyon qızları" "ikonası"ı Parisdə modernizm məbədinin divarından asılmaqla incəsənət yeni düşüncə aşamasına qədəm qoydu. 
1914-cü ildən isə Ceyms Coys modernizmin müqəddəs kitabını "vəhy etməyə" başladı. Vəhy sürəci hələ yeddi ildən sonra tamamlanacaqdı. Amma Coysa qədər mədəniyyətdə yeni bədii düşüncənin, təmayüllərin axını başlanmışdı. Coysdan əvvəl, Verlen, Mallarme, Bodler... dünyaya dekadans ovqatı yaymaqdaydılar. Sonra Giyom Apolliner gəldi, Pablo Pikasso ilə eyni estetik ortamda qovuşdu, Parisin sənət həyatı kubizmi yaratdı. "Avinyon qızları" kubizmin ilk örnəyi oldu. İstiqbalın üfüqlərində sürrealist dünyabaxışı və Salvador Dali göründü.
"Kromvel"də deyildiyi kimi, vaxt gəlmiş, dünya və onun ədəbiyyatı üçün yeni əyyam başlamışdı. Mehmet Akif Ərsoy demişkən, "Dünya koşuyorken yolun üstünde yatılmaz; Davranmayacak kimse bu meydana atılmaz".  Dünya yola düşürdü. Yeni ədəbi əyyamların, yeni fəlsəfələrin, yeni poetik sistemin gerçəkləşməsi üçün ədəbiyyatımız, sadəcə, forma baxımından deyil, estetik yöndən də ənənəvi tilsimləri qırmalıydı. Ədəbiyyatımız avropalaşmalıydı. Dediyim kimi, dünya incəsənəti "Avinyonlu qızlar"a xaç çevirdi. Ədəbiyyat ritualları mifolojiyə çökdü. "Odissey" Uliss şəklində yenidən doğuldu. Ritualda Dublin, şüurun alt qatında isə mif qərar tutdu. Pikasso Rublyov qədər hüzurlu deyil. Hadisələr " ...Ulissdən dörd bin sənə sonra..." baş verirdi. "Əcəba, bu günün Ulisslərini hansı dövrün, hansı əqalimin Danteləri cəhənnəminə qoyacaq! Şu mühəqqəqdir ki, Ulissçilik yolu hər tərəfdə cəhənnəmə müntəhi olur". (Əli bəy Hüseynzadə)
Azərbaycanda isə "şeir və ədəbiyyat tilsimə giriftar olmuş kibi bir nöqtədə donub qalmışdı" (Ə. Hüseynzadə). Sənətkar qürubun mənzərəsilə məşğul olmurdu. Qürub edən insan var idisə də, qürubu yansıdan mənzərə-tablo yox idi.
"Uliss" özündə dünya ədəbiyyatının iki mühüm əyarını təcəssüm etdirir, həm modernist ədəbiyyatın "İncil"idir, həm də "ön postmodernist romanın ən önəmli mətnidir" (M. Sarıçiçək). 
Biz isə ən gərəkli kitablarımızdan biri olan "Siyasəti-fürusət" üçün heç bir əyar bəlləməmiş və onu demək olar ki, yerli-dibli tədqiq etməmişik. Baxmayaraq ki, "Uliss" hər nə qədər Avropa ədəbiyyatının mifo-politik əsəridirsə, "Siyasəti-fürusət" də bir o qədər Azərbaycan və ümumtürk ədəbiyyatında birbaşa ilk mifo-politik əsər hesab oluna bilər.
"Uliss"də Dublin dünyanın simvolu, "Siyasəti-fürusət"də isə mağara 2500 illik zamanın simvoludur.
"Uliss"in ikinci bölümü tarix dərsinə həsr olunub. Tarix müəllimi ilə söhbət edən məktəb direktoru Dizinin damarlarında "ana tərəfdən üsyankarların qanı axır", amma onun əcdadları irlandlardır və hamısı kralların varisidir. "Uliss"in Homer planında Dizi atları ram edən Nestordur. (XX yüzilin əvvəllərində Homerin qismən tərcüməsi zamanı Nestorla bağlı məqamlar Əli bəyin diqqət mərkəzindəydi). "Dizi yayılmaqda olan dabaq xəstəliyinin epidemiyasına görə bərk narahatdır, onun kabinetində divarlardan atların rəsmləri və nəhəng atbaz olan şahzadə Uelskinin portreti asılmışdır..." "Siyasəti-fürusət" isə əslində neçə min ili ehtiva edən tarix dərsinin hökmdarların, kralların, şahların iştirakı ilə keçən sorğu-sualıdır. Hakimiyyət diskursudur - at oynatma siyasətidir. "Siyasəti-fürusət"in "Qacarlar", "Uliss"in isə 5-ci bölümündə xədim və soprano səsli kilsə müğənniləri barədə söhbət gedir...  "Uliss"in də, "Siyasəti-fürusətin"də bir neçə yerində soprano səs, ümumiyyətlə, axtalanmış oğlan səsi ilə qiyaslandırılır.
"Uliss"də: "Bu köhnə kilsə misiqisinin möcüzəli xüsusiyyətləri var... Qədim dövrlərdə... mahnı ifa etmək, düzgün rejim, sonradan bişirilən likör həm də orqanizm üçün xeyirlidir... Bununla belə xorda xədimlərin saxlanması lüzumsuz bir şey idi... Kim bilir? Axtalamaq. Bu da vəziyyətdən çıxış yoludur".
"Siyasəti-fürusət"də: "Romada papalar Vatikan sarayında kilsə müğənnilərinə "soprano" dediyimiz... lətif bir səs qazandırmaq üçün bəzi rahibləri xədim qılarlar. Zatən, rahibin xədim olub-olmamasından bir ziyan yoxdur. Deyə bilirəm ki, xədimlik bunlar üçün bir lütfdür".
1908-ci ildə Hüseynzadə xədimliyin kilsə müğənniləri üçün lütf olduğunu bildirir.
1920-ci ildə Coysa görə, "Axtalamaq. Bu da vəziyyətdən çıxış yoludur".
Mətnin alt qatındakı şüur axını isə hər iki əsərdə eyni düşüncəni ehtiva və ehya edir.
"Uliss"də də, "Siyasəti-fürusət"də də hadisələr bir gündə baş verir…
Hər iki əsərdə yəhudi problemi qabardılıb.
"Siyasəti-fürusət"də "Bəni-İsrail, xristian ölkələrində gördüyü zülm və sitəmlərə heç bir zaman Şərqdə məruz olmamışdır".
"Uliss"də isə "İrlandiya yeganə ölkədir ki, burada heç vaxt yəhudiləri təqib etməyiblər... Siz bunu bilirsinizmi? Yox, bilmirsiniz. Elə isə bəlkə deyəsiniz ki, bu niyə belədir? Onun sifəti parlaq işıqda sərtləşdi, qaşqabağı töküldü.
- Niyə ki, ser? - deyə Stiven təbəssümünü gizlədərək soruşdu.
- Ona görə ki, yəhudiləri heç vaxt bura buraxmayıblar, - deyə cənab Dizi təntənə ilə elan etdi".
Sviftin "Qulliverin səyahəti"ndəki atlar ölkəsi müxtəlif örtülü işarətlərlə Coysun diqqət mərkəzindədirsə də, ondan qabaq elə həmin miqyasda  Hüseynzadənin də diqqət mərkəzindədir: "İngilislərə... Svift "Səyahətnameyi-Qulliver"də İngilis hökumətindən daha adil, daha ağıllı natiq və mədəni atlar hökumətinin mövcud bulunduğunu anlatmış idi. Ancaq gedib bunların ölkəsini almamalarını və əsla işlərinə müdaxilə eləməmələrini sərt şəkildə tövsiyə etmişdi. Çünki ingilislər öylə bir xəyalda bulunduqları təqdirdə ingilis səltənətinin... məhv və viran olacağı mühəqqəqdir - deyordi".
Coysda isə "Bu külək mülayimdir. Mənim, onun, hamının evləri dağılır... Öz nəsli-nəcabətinə nifrət edərək, onlardan qaçıb dəli kimi cəngəlliklərə baş vurmuşdur. Ay işığında onun yalı köpüklənir, gözləri ulduz kimi bərq vururdu. Quiqnqnmlərin atlarda olduğu kimi, burunları və uzun sifətləri var... Qəzəbli rahib ata hansı cinayətə görə onların başına belə oyun gətirdi?"
Bəlkə də yersiz görünəcək, amma övlad və qadın məhəbbətindən məhrumiyyət  axtalanmışlardan hər zaman ədüvvibəşər bir zalım yetişdirib.
Əli bəy Hüseynzadə yunan mifolojisindəki Narsisi simvolist mənalarla süsləyərək mətnin alt qatında saxlamaqla, onu oxucuya heç göstərməməklə çıxarılmış gözlərin rəmzi olan nərgizlərin yağışını, qanlı bağçasını, passajını da yaratmışdı. Narsisi xatırlatmamışdı. Xatırlatmasa da, Qacarın çıxardığı gözləri nərgiz güllərinin timsalında təqdim etmişdi. "Ortalığa şairlərin ala gözlərə bənzətdikləri nərgiz çiçəkləri yağmağa başladı. Bu çiçəklər əvvəlcə birər-birər, ikişər-ikişər düşüyordu, sonra çoxalaraq dəstə-dəstə yağdı. Ancaq bunlar adət edilmişin ziddinə olaraq bəyaz, sarı və yaşıl rənglərdən başqa al qırmızı ləkələrlə ala-bula idi!.. Nərgizlərin arasında bir də bir nəsrin peyda oldu...
Şeyx Fəzlullah əlini uzadıb, qoxulamaq üçün nərgizlərdən birini qaldırdı.
... Kəyumərs:
- Aman, Şeyx! Ehtiyatlı olunuz! Üzünüzü-gözünüzü qana bulaşdırmayınız. Bu qanlı çiçəklər İranın qanlı gözləridir".
Diqqət yetirdinizsə, yunan mifolojisindəki özünə heyran, özünə Narsis 1908-ci ildə mifo-poetik estetikada Azərbaycan ədəbiyyatına necə daxil olurdu.
Yaxud Avropa ədəbiyyatının siyasəti-fürusəti. Bu dəfə Əli bəyə deyil Coysa məxsus siyasəti-fürusət: "Stiven kral ailəsinin hüzurunda səssizcə yerə əyləşdi. Divarlardan asılmış çərçivələrdə bataqlıqda batmış uçağan atların donuq sifətləri boylanıb baxırdı."
***
"Uliss"dəki irland incəsənətinin simvolu,  yəni xidmətçinin çatlamış güzgüsü.  "Stepan önə əyilərək... çatlayıb ikiyə ayrılmış aynaya diqqətlə baxdı, tükləri biz-biz oldu. O da, başqaları da belə görür məni... Kim seçdi bu üzü mənə?". Coysda olduğu kimi, ümumiyyətlə, əksər modernistlərdə, daha çox da Virciniya Vulfda güzgü arxetipi modernizm estetikasının daimi işlək simvollarındandır. Amma  "Uliss"dən on il əvvəl doğrudur tamam fərqli bir  missiya ilə Azərbaycan ədəbi mətninə İskəndərin gələcəyi göstərən aynası daxil olmuşdu: "Bu mənzərəyi görən Pruşkeviçin kölgəsi qayət sevinərək: " -... Ələlxüsus, əlindəki ayna ruslara çox lazımdır". Kəyumərs hiddətlə: "- Buna ingilislər də göz dikmişlərdir. Lakin kimsəyə verilməsinə müsaidə edəməm!" - dedi və aynanı heykəlin əlindən qoparıb aldı".
Əli bəyin güzgüyə yanaşması gələcəkdəkini, indikinin fövqündəkini görmək baxımından simvolist səciyyə daşıyır: "Bayaqdan Kəyumərsin əlindəki bu... ayna gözünüzün önündə duruyorkən, - Niyə gələcəyi anlamaq üçün oraya müraciət xatirimizə gəlmədi? - deyib aynaya yaxınlaşdı".
"Siyasəti-fürusət"də qərblilərin "feniks" dediyi "bəqa və fəna" barədə oxuyan feniks, ya da feqnus quşu, "Uliss"də isə Feniks parkı var. Hələ üstəlik, "Blum. Xitonun üzərində həkk olunmuş İ.X.S. hərfləri simurğ quşu kimi alovların arasından yüksəlir".
"Uliss"in yalnız 15-ci epizodu, "Siyasəti-fürusət"in isə tamamı dramaturji üslubdadır. Əli bəy bir az da irəli gedib. Bəlkə də interteksuallıq hadisəsindən məharətlə yararlanaraq "postmodern" bir gedişə cəhd edib, oyun içində oyun qurub. Mağarada - o dünyada, əsl oyunda,   ilk insanın  da qatıldığı gözlənilməz bir epizod: "Bulunduqları mağara birdən-birə elektriklə işıqlandırılmış bir teatr salonuna döndü və...özlərini parter deyilən bir qatın birinci səf sandaliyələrində oturmuş buldular". "Odessa darülfünunun tələbələrindən Nəriman adlı bir zatın rusca və türkcə "Nadir" ünvanı ilə təsnif etdiyi drama tamaşa etdilər..."
Zaman 150 illik bir çevrədə dəyişdi.
"Uliss"in 6-cı bölümündə - "Hades"də Blum məzarlığa kareta ilə gedir. "Siyasəti-fürusət"də də Pruşkeviç səyahətə gərdunə ilə - faytonla çıxır. "Uliss"də Blumu aparan  kareta Dublinin küçələrindən keçib məzarlığa gəlir. "Siyasəti-fürusət"də də Pruşkeviçin xəyalı - Kölgə Azərbaycandan keçib İrana (və o biri dünyaya, məzara-mağaraya) daxil olur.
Əlbəttə, mövzu baxımından, janrca, üslubca "Uliss"lə "Siyasəti-fürusət"i eyni rakursda dəyərləndirmək mümkün deyil. Amma hər halda, diqqəti bu istiqamətə yönəltmək, məncə, ədəbiyyatımızın xeyrinə olacaq. Digər tərəfdən, türk ədəbiyyatşünaslığında Coysun "Uliss"iylə Oğuz Atayın "Tutunamayanlar", eləcə də Tanpınarın "Aydakı adam" romanları müqayisəli təhlilə çəkilirsə (Serdar Odacı, Mümtaz Sarıçıçək), o zaman "Siyasəti-fürusət"i "Uliss"lə müqayisəli ədəbiyyatşünaslığın predmetinə çevirməklə ədəbiyyatşünaslığımızdakı yanlışımızı gec də olsa təshih edə bilərik. Ən azı o səbəbdən ki, "Siyasəti-fürusət" "Uliss"dən on iki il əvvəl  yazılıb. Bir də türk ədəbiyyatşünasları hələ də bilmir (yaxud etiraf etmir) ki, Türkiyədə ilk modernist romanın müəllifi kimi də təqdim etdikləri Tanpınarın, ümumiyyətlə isə çağdaş türk ədəbiyyatının mifolojiyə yönəlməsi heç də təkcə Coysun təsiri ilə deyil, daha çox Əli bəy Hüseynzadənin təlqinləri ilə baş verib. (Bunu Hilmi Ziya Ülken də, Orhon Seyfi Orhon da etiraf ediblər). Və bu da dəqiqdir ki, Tanpınar "Uliss"dən öncə "Siyasəti-fürusət"i oxumuşdu. Yanlışımızı bir də o səbəbdən təshih etməliyik ki, Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərinin Türk ədəbiyyatşünaslığında "Uliss"lə qiyaslandırılması yaxın gələcəkdə  gözlənilən deyil. Şəxsən mən buna inanmıram. Nədən ki, Türkiyədə müqayisəli ədəbiyyatşünaslığın görkəmli təmsilçisi professor Murat Belgenin yanlış bildiyinə (və yanlış  da bildirdiyinə) görə Əli bəy Hüseynzadə 1900-cu ildən sonra "heç bir iz buraxmadan bir neçə ay sonra "unudulub" getmişdi". Yəni, müqayisəli ədəbiyyat üzrə tanınmış professorun Hüseynzadənin başqa xidmətlərini demirəm, heç yerli-dibli xəbəri yoxdur ki, elə Türkiyənin özündə müqayisəli ədəbiyyatşünaslığın ən mükəmməl örnəklərindən birini (bəlkə də birincisini) 1926-cı ildə Atatürkün tövsiyəsi üzərinə Əli bəy Hüseynzadə özü qələmə alıb. "Qərbin iki dastanında türk"də dünya ədəbiyyatının iki mühüm abidəsinin - Tassonun "Qurtarılmış Qüds" və Kamoensin "Luziadlar" əsərlərinə müqayisəli-tipoloji təhlil metodunu tətbiq edib, onların tarixi, filoloji və mifoloji məhvərini tədqiq edib.
Azərbaycanda modernizmin gəlişinə və gəlişməsinə  yol açan ədəbi təmayüllər barədə ilk yazı Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar"ıdır (Rasim Mirzə, Elnarə Akimova). Azərbaycan dekadans, simvolizm, Verlen, Mallarme,  Bodlerin "Şər çiçəkləri"ni ilk dəfə Əli bəyin yazılarından tanımışdı. Nitsşenin həyat fəlsəfəsi, Şopenhauerin dünya iradəsi, Hartmanın pessimizmi, pessimizmdəki fövqəlidrak, naturalist Emil Zolya, pozitivist İppolit Ten və b... Modernizmin çıraqbanı olmuş bütün bunların Azərbaycanda bilinməsinə, tanınmasına Hüseynzadənin yaradıcılığı vəsilə olmuşdu.  Özü də Hüseynzadə bütün bunları etmək üçün yaşadığı dönəmdə çətin hümanitar yollardan keçirdi. Çünki Azərbaycan türkcəsində elmi baxımdan terminoloji bəsitlik var idi. Çağdaş Avropa fəlsəfəsi barədə yazmaq Hüseynzadə üçün nə qədər asan idisə, Azərbaycan cəmiyyəti "böylə bir bəhsə izn və müsaidə versə də (!), lisanımız fəlsəfi istilahlar cəhətindən naqis və fəqir olduğu üçün müsaidə" etmirdi. Hüseynzadənin bədii zövqünün formalaşması, fəlsəfi-estetik görüşlərinin hələ çox gənc yaşlarında olğunlaşması, məncə, daha çox pozitivist İppolit Tenin fəlsəfəsinə heyranlığından qaynaqlanırdı. Belə düşünürəm ki, Hüseynzadənin üçlü düsturunun ideya qaynağı da Tenin "Sənət fəlsəfəsi" kitabında şərh etdiyi La Race (irq), le Milieu (ortam), le Moment (vaxt, an) - ümdələrinə dayanırdı.
Sənətdə "Həyat-meyli-füyuzatdır" (Həyat feyzlərin, zövqlərin cəminə meyldir) fəlsəfəsini təlim edən Əli bəy Hüseynzadə Şopenhauerin "həyatın mənası meyli-ədəmdir" fəlsəfəsinin təqdimatını da unutmurdu. Çünki yeni dünyada, yeni Qərb mədəniyyətində - modernizmdə mühüm estetik amil meyli-ədəm idi. Romantizmdəki dünya kədəri modernizm dövründə də hələ də öz qüvvəsini saxlamaqdaydı. Dekadans meyli-ədəmə doğru yola çıxmışdı. Türk ədəbiyyatında  mifoloji düşüncənin geniş ölçüdə bədii mətnə tətbiqi ilk dəfə 1908-ci ildə "Siyasəti-fürusət"də, dünya ədəbiyyatında isə İlkin intibah dövründən sonra mifolojiyə ilk qapsamlı dönüş - 1914-1920-ci illərdə "Uliss"də gerçəkləşib. Bu mənada XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı. Coysun "Uliss"i öz ideya qaynağını "Odissey"dən, Hüseynzadənin "Siyasəti-fürusət"də yararlandığı bədii üsul isə təbii ki, ideya qaynağını "Odissey"dəki Aiddən (ölülər ölkəsindən) və "İlahi komediya"dan alır. Ümumiyətlə, Əli bəy Hüseynzadənin mifolojiyə münasibəti türk düşüncə tarixinə həsr olunmuş araşdırmalarda qabarıq görünən həqiqətdir. "Ədəbiyyatımız Əli bəyə qədər belə bir cəhddə bulunmamışdır" deyə yazan  Hilmi Ziya Ülken mifoloji düşüncəsinin çağdaş türk ədəbiyyatına gəlişini Əli bəy Hüseynzadənin adına bağlamaqda haqlıydı.
"Siyasəti-fürusət"də ənənəvi olan hər şey çağın estetik tələbinə uyğunlaşdırılıb və bu modernist yanaşma deyilmi?
Azərbaycan ədəbiyyatında tamam yeni hadisə baş verirdi. Şüur axını özüylə birgə sənətdə yeni ideyaların və yeni obrazların axınına da yol açmışdı.

***

 Eyni bir yüzilin içində, fərqli məkanda, fərqli ədəbi-estetik ənənələrdə yaranmış iki mətni müqayisə müstəvisinə çıxarmağımızın səbəbi  Azərbaycan modernizminin mənalar məkanını müəyyənləşdirmək, ədəbiyyatımızda Şərq-Qərb səsləşmələrini görmək, Azərbaycan modernizm düşüncəsinin hüdudlarını dəqiqləşdirmək cəhdidir. 

/Ədəbiyyat qəzeti/
 

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.