Səxavət Sahil - Nasir Mənzurinin "Avava" romanı haqqında
18.07.16

Cənubda ədəbi proses

Cənubi azərbaycanlı yazıçı Nasir Mənzurinin "Avava" (Tehran, 2005) romanından əvvəl, onun 1994-cü ildə yazdığı "Qaraçuxa" (Tehran, 1994) adlı kiçikhəcmlıi romanını oxumuşdum. Əsərin üslubuna və təhkiyəsinə heyran olmuşdum. İlk baxışdan sadə görünən struktur romanın oxunuşunu asanlaşdırsa da, oxuduqca dərin qatlara enib, müəllifin mürəkkəb qələm texnologiyasının və peşəkarlığının şahidi oldum. Gözlədiyimə əks olaraq cənublu qardaşımız məni öz oxucusuna çevirmişdi.

Cənubi Azərbaycan ədəbi mühitinə hər zaman marağım olub, bu daha çox poeziya ilə bağlı idi. Təbii ki bunun səbəbləri var: azadlıq, ayrılıq və s. Mövzular daha çox şerin hədəfi olub.
Cənub prozası haqqında müxtəlif fikirlər var (farsca yazan azərbaycanlı müəlliflərin əsərlərini çıxmaq şərti ilə). Burda belə iddia edirlər ki, orda azərbaycanca təhsil olmadığı üçün ədəbi dil formalaşmayıb və s. Lakin ədəbi dil anlayışı şərti məsələ olduğundan, bu haqda yazmaq istəmirəm, əsas məqsədim Mənzurinin romanıdır.

Xalq təfəkküründən gələn adət-ənənə, xalqın şüuraltısında yaşayan və insanların həyatını yönəldən inanclar, əfsanələr romanın qayəsini təşkil edir. Romanı istənilən yerdən başlayaraq oxumaq olar. Hissələrə bölünən əsər özlüyündə bir tamlıqdır. Yəni roman həm bütöv bir struktura və süjetə, həm də ayrı-ayrı kiçik struktur və süjetlərə malikdir.

Roman xalq dilində yazılıb, onu bəzi yerlərini hətta şifahi xalq ədəbiyyatının nümunəsi də saymaq olar, elə əsərin gücü də bundadır.

"Avava"nı oxuyanda bir daha inandım ki, miflər nə zamansa həqiqət olub adamlar ücün. Bu fikir hardasa və kiməsə qeyri-ciddi səsləndi bəlkə, lakin bunu mənə inandıran mətnlər var, elə bu roman da inam hissimi möhkəmləndirdi. Çünki əsərdə mifi həqiqətdən, həqiqəti mifdən seçmək olmur. Romanı oxuyanda elə bir aləmə düşürsən ki, orda, dünyanın və zamanın fərqində olmursan. Mətnin ən adi sözü belə sirrli-sehirlidir, ətraf aləmi unudub, əsərin bir hissəsinə, obrazına, şahidinə çevrilirsən.

Müasir dünyanın ədəbi prosesində qədim mətnlərlə müxtəlif cür bağlantı qururlar. Yazıçılar bəzən postmodern, mətn içində mətn, paralel mətn və ya bu kimi digər formalara üstünlük verirlər. Dastançılıq təbii ki, klassik üslub sayılır və olsa-olsa, dünyanın harasındasa folklor nümunəsi kimi yarana bilir. Lakin "peşəkar ədəbiyyat folklor kəndindən keçmir". Dastan və xalq dili üslubu haqqında qənaətim təqribən belə idi. Amma Nasir Mənzurinin əsərləri sayəsində qənaətimi dəyişdirməyə məcbur oldum.

Dastançılıq ruhunda olan romanlar bu gün də yazılır, amma burada əsas məsələni yaddan çıxarmaq olmaz. Bu cür əsərlərin süjeti və üslubu dastan texnologiyası əsasındadır. Sadəcə, hadisə çağımızda baş verir və bəzi modern ədəbi üsullardan istifadə olunur. Ən əsası isə ədəbi dilə söykənib dastan ruhunda yazılan əsər təbii ki süni təsiri bağışlayır.

Mənzurinin romanı isə bütün bunlardan uzaqdır - əsər başdan-başa dastandır. Müəllif xalq dilində, təhkiyəsində, üslubunda son dərəcə unikal bir əsər yaradıb. Artıq burda ədəbi dil səddi maneə deyil, xalqın canlı danışıq dili bütün qurama dillərdən üstündür. Hətta mən deyərdim ki, bu cür əsərlər xalqın assimilyasiyasının qarşısını alır. Antik yunan şairi Homer haqqında deyirlər ki, onun əsərləri ("İliada" və "Odiseya") yunan tayfalarını birləşdirərək vahid yunan xalqını yaratmışdır.

"Avava" hiss olunmadan başlayır, hiss olunmadan da başa çatır, yəni əsər oxucu beyninə hücuma keçmir, zərrə-zərrə, damla-damla oxucunun canına hopur. Yuxarıda dediyim başdan-başa dastan ruhu da elə budur.

Romana bağlı olan və o qədər də geniş yayılmayan "Sonay"  əfsanəsinin qısa məzmununu yazmaq istəyirəm. "Sonay"  Azərbaycan folklorunda yay fəslinin son aylı gecələrinə deyilir. Mifik düşüncəyə görə, Ayla Günəş sevgili olub. Lakin onlar bir-birlərinə qovuşa bilmirlər. "Sonay" payız fəslinə yaxın dövrdə olur. Bu zaman gecə ilə gündüz bərabərləşir. "Sonay"ın  on dörd gecəliyi doğan vaxtda günəş  batır. Sevgililər bir-birlərini görməsi qısa zaman kəsiyində baş verir - o gecə ayın sevgisi, nuru hər yanı bürüyür. Guya Əsli və Kərəmin sevdası və qisməti də "Sonay"ın məhəbbətindən yaranıb. Onlar da bir-birlərini qısa zaman ərzində görür, yenə itirirlər. Bir-birlərinə qovuşanda isə od tutub yanırlar. "Sonay" itəndə günəş də yenidən çıxıb, hər tərəfə istilik verir.

"Sonay"ın işıqlı gecələrində əlin içini ağıza vurararq AVAVA səsələndirərlər - avava çalarlar. "Sonay" gecələrində avava çalmaq, həm də yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir. Avaz da buradan yaranıbdır. Və məlumunuz olsun ki, romanın adı da burdan götürülüb.

Avava səsinə hamı toplaşar. Sonra müxtəlif oyunlar başlanır. Bu gecələrin ən önəmli oyunları "Mallaharay" və "Bənövşə - bəndə düşə" oyunudur. Bəzi kəndlərdə "Sonay"dan sonra elçi getmək, toy eləmək geniş yayılmışdı.

Qayıdaq romana. Romanda iki ayrı-ayrı zaman var, amma bu zamanların sərhədi yoxdur, iç-içə, çiyin-çiyinədir. Zamanları bir-birindən ayırmaq olmur, biri digərini tamamlayır, biri digərinə "ayaq" verir, zamandan zaman doğur.

Mən romanın süjetini bura köçürmək fikrində deyiləm, əziz-şərif oxucular kitabı əldə edib oxuya bilər. İstəyim romanın özəlliyini və Mənzurinin yazıçı kimi peşəkar olduğunu vurğulamaqdır. Nəzərə alsaq ki, müəllif əsərin qəhrəmanları kimi mühəndislik fakültəsinin tələbəsi olub, onda "Avava"da müəlliflə bağlı avtobioqrafik şeylərin olması anlaşılandır. Amma romanın mərkəzində müəllıfin özünün olması ehtimalından uzağam. 

Roman sadə, şirin bir xalq təhkiyəsi ilə - müəllifin təhkiyəsi ilə başlayır. Hadisələr İslam inqlabı ərəfəsində, mühəndislik fakültəsinin iki tələbəsi arasında yaranan məhəbbətdən bəhs edir.

Əsərdə iki əsas obraz var: Əsrlik Tanrısı və ya Yalqızək adlanan romanın qəhrəmanı və bir də onun qovuşa bilmədiyi sevgilisi. Onu da qeyd edim ki, romanda əsas obrazların birləşməsi və bir obrazın bölünərək ayrı-ayrı obrazlar halına gəlməsi də var. Müəllif yeri gələndə, eyni taleyi paylaşan insanları ümumiləşdirib, yeri gələndə isə onları fərdi xüsusiyyətlərinə görə ayırmağı lazım bilib. İki müxtəlif mühitdə böyüyən, iki müxtəlif sosial təbəqənin nümayəndələri olan tələbələr sevginin əbədi bayrağı altında birləşsə də, dünya görüşündəki müxtəliflik onların ayrılıq oduna yanmasına səbəb olur. Əsli və Kərəm dastanını yada salaq. Və bir də "Sonay" əfsanəsi. Məncə, bunların bir-birilə bağlı olmasını yazmağa, açmağa ehtiyac yoxdur. Xatırladım ki, əsl adı Mahmud olan Kərəm Əslinin eşqinə, onu yuxuda görməklə mübtəla olursa, Yalqızək yayın sonunda - Sonayda eşq dərdinə mübtəla olur və Sonaya çevrilir, Sonay adlanır. 

Romanda qatar obrazı da var və əsərin süjeti ilə vəhdət təşkil edir. Təsadüfi deyil ki, hər iki qəhrəman uzun illər sonra qatarda göz-gözə gəlirlər. Hətta Yalqızək bu qatarla sürgünə getdiyini də deyir. Qatar əslində əbədi yolçuluq, dastanın bitməz təhkiyəsi kimi də anlaşıla bilər.

Nasir bəy dil mütəxəssisidir, dilin "haradan" gəlib "hara" getdiyini çox gözəl bilir. Bu barədə farsca nəzəri məqalələri var. Elə bir üslubda yazır ki, onu oxumamaq mükün deyil, elə bilirsən ki, roman sənin içində varıymış, sadəcə müəllif romanı yada salır, dirildir, canlandırır. Əsərin hər bir cümləsi, hər bir sözü insanın bədən üzvü kimi, tamdır, bitkindir həm də sənə doğmadır, tanışdır. Hansı sözü hansının yanında yazmaq, hansı cümləni hansı cümlədən sonra yazmaq yazıçı üçün əsas şərtdir, bunun üçün də sözün cikinə-bikinə bələd olmaq, onun kökünü bilmək lazımdır. Xalqın tarixini, folklorunu, adət-ənənəsini, təfəkkürünü öyrənmək, onun soyuna, yeddi arxa dönəninə bələd olmaq və bütün bunları ümumiləşdirmək hər yazarın işi deyil. Gecəni gündüzə qatıb oxumaq, kəndləri, şəhərləri gəzmək, adları, toponimləri araşdırmaq lazım olur.

Sözlərin və ifadələrin, məsəllərin yaranma səbəbini tapmaq, insanların həmin o sözləri və ifadələri hansı zərurətdən yaratdığını, bütöv yoxsa hissə-hissə yaratdığını bilmək qarışqa zəhməti tələb eləyən işdir. Söz insanların yaddaşında necə qalır, illərin keçməsi sözün yaddaşdakı yerinə necə təsir edir, dəyişdirir yoxsa təzələyirmi? Dil nəyə qadirdir, dil nələri saxlayır, nələri kənara atır? Bax, bütün bunlar Mənzurini düşündürən əsas məsələlərdir.

Müəllifin içindən gələn mətn daha da şəhd-şirəlidir  -  bal arısı hər bir çiçəkdən şirə çəkdiyi kimi, Mənzuri də gördüyü, şahidi olduğu və yaddaşlardan qaynaqlanan hadisələri, olayları, yaşantıları yazıçı süzgəcindən keçirib ortaya ciddi əsər qoyur. Roman daha çox şüuraltı olaraq, beyin axını ilə yazılıb.

Əsəri oxuduqca ucsuz-bucaqsız Cənubi Azərbaycan torpaqları, oranın suyu, havası, daşı, torpağı, insanları gözünün qabağında canlanır, halbuki, romanda elə ciddi bir təsvir cümlələri yoxdur, sadəcə situasiya özü sənə hər şeyi necə lazımdı, yerli-yerində başa salır.

Hesab edirəm ki, şimaldakı Azərbaycan dili nə qədər zəngin və hərtərəfli olsa da, Cənubi Azərbaycanda dilin canlı danışığa daha yaxın, onun şirəsilə daha zəngin və hərtərəfli olduğunu görməmək olmaz. Xüsusən də ərazinin geniş olması dilin müxtəlif ləhcə və şivələrinin yaranmasına səbəb olur ki, bu da dilin daha da zəngin olması deməkdir. Romanda mənə tanış olmayan çoxsaylı sözlərə və ifadələrə rast gəldim. Amma bu sözlər və ifadələr mənə yad deyildi, bir də təkrar yazıram, bu sözlər və ifadələr mənə qətiyyən yad deyildi. Elə bilirdim ki, bunlar mənim yaddaşımın dibində ilişib qalıb və eşitdikcə bir-bir yadıma düşür. O söz və ifadələrdən bir neçəsini misal kimi yazmaq istəyirəm.

bilyurd - univeristet,
səhimlənmək - qorxulu həddə atmaq, xırm-nəfəs,
muma - təzə əkilmiş ağac, ting,
əndiz - geniş, düzən,
neyliyəcaadım - neyləyəcəkdim,
çırıltı - çıraqdan gələn zəif işıq,
əbə - işarələnmiş yer,
kirman - sarı,
cırasıl - cəsarətli,
nəhən - çox böyük, hündür, nəhəng
qovur - qəhvəyi, qonur
qaranat - bədlik, qaramat,
bəcitləmək - şiddətləndirmək,
ondördləşmə - gəncləşmə, cavanlaşma (14 gecəlik ay),
salıq vermək - nişan vermək,
hadır - ehtiyatlı,
muzı - hiyləsindən baş açılmayan,
bikkə - bir az, azaçıq, bir tikə
xudik - qüssə

Bildiyimiz kimi, roman "Sonay" əfsanəsinə görə Ay ismi ilə də bağlıdır. Müəllifin əsərdə istifadə etdiyi son dərəcə maraqlı folklor nümunələri var...

 Hesab edirəm ki, Nasir Mənzurinin "Avava" romanı müasir Azərbaycan nəsri üçün tapıntıdır, yenilikdir. Yuxarıda yazdığım kimi, romanı istənilən yanaşma ilə oxumaq olar; həm dil faktı kimi, həm süjet kimi, həm dekonstruksiya kimi, həm sosial-psixoloji roman kimi. Yəni əsər çoxqatlıdır və müəllif niyyətinin bədii mürəkkəbliyindən irəli gəlir. Bunlar ustad yazıçının ciddi bədii uğurudur.

/Ədəbiyyat qəzeti/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.