Kənan Hacı - “Şanapipik haqqında mahnı”dan sonra...
22.07.16

Həmidlə ilk dəfə nə vaxt, harda tanış olduğumu xatırlamırdım, çay süfrəsi arxasındakı söhbətlərimizdən birində özü yadıma saldı. “Zero” Kitab Evində Azad Qaradərəlinin kitab təqdimatına ikimiz də gecikmişdik. O, məni tanıyırmış, mən onunla hələ tanış deyildim. Ayaqqabılarımın tozlu olmağından “kənd uşağı” olduğumu fəhm edib. Yazıçı müşahidəsi belə məqamlarda həmişə adamın köməyinə yetir. Amma məsələ burasındadır ki, mən heç kənddə yaşayanda da düz-əməlli kənd uşağı olmamışam, indi də şəhərə uyğunlaşa bilmirəm. Həyət-baca işləriylə heç vaxt aram olmayıb, rəhmətlik atam da deyərdi ki, onunla işiniz olmasın, qoyun yazı-pozusuyla məşğul olsun.

Məxləs, həmin gün Həmidlə nələrdən danışdıq, tanışlığımıza necə körpü atdıq, xatırlamıram. Qəribə də olsa, xatırlamıram. Halbuki, söhbət üç-dörd il əvvəldən gedir. Yaddaşım həddindən artıq zəifdir, ona görə həmişə qeydlər aparıram ki, sonra əziyyət çəkməyim. Hər tanışlıq dostluğa çevrilmir, amma Həmidlə bu ayaqüstü tanışlığımız sonradan dostluğa çevrildi. Gördüm ki, Həmid çox canayatan oğlandır, söhbətimiz tutur, onunla adam özünü çox rahat hiss edir. Hə, yadıma düşmüşkən deyim, bir dəfə sentimentalizmin yaradıcılarından olan Lorens Stern haqqında sosial şəbəkədə bir status yazmışdım, Həmid mənə yazdı ki, onun sovet dövründə kiçik bir kitabı bizim dilə çevrilib, həmin kitab məndə var, istəsən, verərəm, oxuyarsan. Qısa müddətdən sonra Həmid Sternin “Sentimental səyahət” kitabını gətirdi, bu dəfə Yasamaldakı çayxanalardan birində oturub xeyli söhbətləşdik. Mən həmin kitabı oxuyandan sonra “Ədəbiyyat qəzeti”ndə Lorens Stern haqqında bir yazı yazdım. Ondan əvvəl isə gənc yazar Orxan Cuvarlı Lorens  Sternin “Tristram Şendinin həyatı və zəmanəsi” kitabının rus dilində olan nəşrini Kazandan mənim üçün gətirdi. Bu əsəri də oxudum və yazını hazırladım, çap olundu.

Söhbətimiz əsnasında məlum oldu ki, Həmid mənim atamın qədim dostu Ədalət kişinin nəvəsi imiş. Rəhmətlik olduqca zəhmli, ağırtaxta adam idi, əllərini həmişə arxasında cütləyib gəzərdi, kəhraba təsbehinin şaqqıltısı uzaqdan eşidilirdi. Biz uşaqlar ondan çəkinirdik. Ədalət kişi klassik ədəbiyyatı, əruzu yaxşı bilirdi, özü də Füzuli, Seyyid Əzim ruhunda qəzəllər yazardı. Bir sözlə, köhnə kişilərdən idi. Yeri behişt olsun.   

Həmidsə bir ayrı aləmdir, hər dəfə onun təbəssümüylə üz-üzə gələndə dünyadan erkən köçmüş dayısı Şücaəti xatırlayıram. İgid oğul dayısına çəkər. Torpağı sanı yaşasın, Həmid dayısının bəzi xüsusiyyətlərini özündə daşıyır. Onun kimi gülərüz, xoşxasiyyət, zəhmətkeş oğlandır. Həmid yazıçıdır, amma bizim bəxtimizə elə mürəkkəb bir dövr düşüb ki, yazıçılıqla maddi ehtiyaclarımızı ödəmək iqtidarında deyilik. Həmid kənddə təsərrüfatla, əkin-biçinlə məşğul olur, dolanışığını bu yolla təmin edir. Amma məni heyrətə gətirən odur ki, o, bu iki işi - əkinçiliklə yazıçılığı – eyni vaxtda necə görə bilir. Zamanını necə bölür, vaxtı necə ayarlaya bilir? Mütaliə edir, yazır, tərcümə edir. Əslində mahiyyətcə hər iki sahə bir-birini tamamlayır. Yazıçı da əkinçi işini görür, beyinlərə fikir, ideya toxumları səpir.

Həmidin çox maraqlı mətnləri var. O, “Çərçivələr” adlı kiçik həcmli pyesə insan ömrünün bütün mərhələlərini sığışdıra bilib. Divardakı çərçivədə dəyişən üzlər, bu üzlərdə zamanın saldığı iz və qaranlıq, boşluq, yoxluq. Əslində ömür budur. Bizi əhatə edən həyat bizim çərçivəmizdir, biz bu çərçivənin içində doğuluruq, yaşayırıq və ölürük. Gözlərdəki işıq getdikcə öləziyir, parlaqlığını itirir, yerində donuq kədər qalır və bu kədər qapanan gözlərin arxasında da diri qalır. Bu pyesi oxuyanda çox mütəəssir olmuşdum. Həmid milyon illərin məlum və məşum həqiqətini o çərçivənin içində bizə sadə  və özünəməxsus üsulla çatdırır. Oxuyursan və kədərlə gülümsəyirsən...

Onun həcmcə çox kiçik olan “Xoşbəxt adamlar” hekayəsi də insan oğlunun əbədi xoşbəxtlik axtarışlarının ani bir fraqmentidir. Bu yaxınlarda Həmidin “Şanapipik haqqında mahnı” romanını oxudum, bu əsərdə kənd stixiyasının parlaq boyalarını gördüm. Yazıçı bildiyi, tanıdığı yerlər, adamlar haqqında yazanda uğur qazanır. Həmid kəndi, kəndin sadə insanlarını özündən heç nə əlavə etmədən yazır. Bütöv bir mənzərə yaranır və sən özünü bu mənzərənin içində görürsən. Mən kənddə doğulmuş, böyümüş bir adam kimi Həmidin təsvir etdiyi mühitə yaxşı bələdəm və Həmidin o mühitdəki insanları nəsrə gətirməsi təqdirəlayiqdir. Əsəri oxuduqca sanki köhnə tanışlarla rastlaşırsan və ayaq saxlayıb bu cüvəllağılarla bir hal-əhval da tutmaq istəyirsən. Usta qələm sahibləri Nasir Mənzuri və Rəhim Əliyev də bu roman haqda müsbət fikirdə olduqlarını dilə gətiriblər. Həmid yazdıqlarını pozmağı bacarır, özündən daim narazılığı da sözə qarşı məsuliyyət hissindən irəli gəlir. Gənc dostum yazdıqlarını pozduqca püxtələşəcək və zaman gələcək, daha kamil bədii mətnlər ərsəyə gətirəcək. “Qurbağalı gölün sahilləri”, “Qarışqa tapdalamayan” hekayələri də onun yazıçı müşahidələrindən doğulub. Bu hekayələrdə insan xarakterindəki ziddiyyətlər, sevgiylə nifrətin, mərhəmət və qəddarlığın bir cisimdə müxtəlif situasiyalarda üzə çıxması qabardılır. Həmid yazmağa davam etsə, həm də yaxşı hekayə ustası ola bilər.

Həmid ardıcıl tərcümə ilə də ardıcıl məşğul olur. O, Jorj Simenonun “Bomarşe bulvarında dram” povestini, Samuel Bekketin “Gəliş-gediş”, Ejen İoneskonun “Dörd nəfərlik etüd” pyeslərini, Maksans Ferminin “Qar”, Dostoyevskinin “Yoxsul insanlar” romanlarını və dünya ədəbiyyatının digər nümunələrini dilimizə çevirib. Yaşına görə bu sadaladıqlarım az iş deyil. Hələ mən onun epik şeirləri haqda danışmadım. Həmid taleyin bir insan ömründə oynadığı oyunları “Markesin sərxoş gəmisi” şeirinə səpələyib. O, bu şeiri dostumuz Səxavət Sahilə həsr edib və hesab edirəm ki, yazdığı şeirlərin içində ən gözəlidir.

Düşünürəm ki, Həmid onun haqqında söz demək fürsətini bizə hələ çox verəcək, yazmayan yox, yazan yazıçılardan olacaq. 

Avanqard.net


Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.