Antonio Tabukki - Yuxular haqqında yuxular

15.09.16

Antonio Tabukkinin kiçik  ş e d e v r l ə r kimi qiymətləndirilmiş “Yuxular haqqında yuxular” adlı esselər toplusu öz məzmununa və quruluşuna görə unikal bir əsərdir. Kitab qədim dövrlərdən XX əsrin ortalarına qədər müəllifin iyirmi ən sevimli şəxsiyyətinin, ilk növbədə şair və yazıçıların,  sənət və elm adamlarının ehtimal olunan yuxuları barədə uydurduğu iyirmi hekayətdən ibarətdir. Əsərin qəhrəmanları  Dedalos, Ovidius, Apuleyus, Ancoliyeri, Viyon, Rable, Karavacco, Qoya, Kolric, Leopardi, Kollodi, Stevenson, Rembo, Çexov, Debüssi, Tuluz - Lotrek, Pessoa, Mayakovski, Lorka və Freyddir.Yazıçı bu məşhur “obrazlarla” bağlı əsatiri, tarixi və bioqrafik məqamlara müraciət etməklə, personajları özünün düşündüyü olaylardan keçirərək, onların orijinal yuxu - fantaziyasını yaratmışdır. (A.Tabukki.Yuxular haqqında yuxular. Sellerio nəşriyyatı, Palermo, 1992).
                                                                                           
                                                                                                           Tərcüməçi



Səhifələrində bu kitabın yaranış tapdığı
dəftəri mənə hədiyyə etmiş
qızım Terezaya

                                                   
* * *

Sənin xanımının badam ağacı altında,   
Onda ki, avqustda doğmuş təzə ay
boylanır evin arxasından,                 
sənin də, əgər tanrılar gülərsə üzünə,
yuxuna girər bir başqasının yuxusu.

Qədim Çin nəğməsi
             



    Sevmiş olduğum sənət adamlarının hansı yuxular gördüyünü bilmək arzusu məni həmişə həyəcanlandırmışdır.Təəssüflər olsun ki, bu kitabda bəhs etdiklərim öz ruhlarının gecə gəzintiləri barədə bizə məlumat saxlamamışlar. Vəziyyəti bərpa etmək həvəsi müəyyən mənada böyükdür, əlbəttə ədəbiyyata müraciət etmək şərti ilə ki, itirilmişlərin yerini doldursun. Ancaq, hiss edirəm ki, naməlum yuxuların həsrətində olan birisinin təsvir etməyə can atdığı bu yenidənqurma hekayətlər, yalnlz miskin ehtimallar, solğun gümanlar və mənasız saxtalıqlardır. Ancaq, qoy onlar elə, belə də oxunsunlar, - qoy mənim personajlarımın indi O Dünyada yuxular görən ruhları da öz bədbəxt övladına qarşı mərhəmətli olsunlar.
                                                                                                                     A.T
.                                                                   
 


M e m a r  v ə   a v i a t o r   D e d a l o s  u n   y u x u s u


Dedalos və İkarosMin illər bundan öncə gecələrin birində, həmin o zamanlarda ki,onu dəqiqliklə hesablamaq mümkün deyil, memar və aviator Dedalos yuxu gördü.
Gördü ki, nəhəng bir sarayın ortasındaydı və hansısa bir dəhlizdən keçib gedirdi. Bir dəhliz başqa bir dəhlizə açılır, yorğun və çaşqın  Dedalos da onu divarlara söykənə-söykənə adlayıb keçirdi. Dəhlizdən adladıqdan sonra o, səkkizbucaqlı, balaca bir zala gəlib çıxdı, bu zaldan daha səkkiz dəhliz ayrılırdı. Dedalos ağır təngnəfəslik duydu,təmiz hava almaq istədi. O, dəhlizlərin birindən  adladı, ancaq o, divarın qarşısında qurtarırdı. Başqa bir dəhlizə keçdi, ancaq o da divara çatanda tükənirdi. Dedalos yeddi dəfə cəhd etdi, ta ki, səkkizinci cəhdində xeyli uzun bir dəhlizə çıxa bildi ki, o da bir çox döngə və tinlərdən sonra yenidən başqa bir dəhlizə açıldı. Onda Dedalos mərmər pillələrdən birində oturub fikrə daldı. Dəhlizin divarlarındakı yanılı məşəllər quş və gül təsvirləri olan mavi freskaları işıqlandırırdı.
-Yalnız mən bilə bilərəm buradan necə çıxmaq olar, ancaq xatırlamıram, - deyə Dedalos öz-özünə söylədi. O,səndəllərini çıxartdı, yaşıl mərmər döşəmənin  üstü ilə ayaqyalın yeriməyə başladı.
Bir qədər təsəlli tapmaqdan ötrü, o, kədərli bir nəğməni də zümzümə etməyə çalışdı, onu körpə ikən, ona layla çalmış qoca kənizdən öyrənmişdi. Uzun dəhlizin tağları onun səsini on dəfələrlə təkrarlayaraq, özünə qaytarırdı.
-Yalnız mən bilə bilərəm buradan necə çıxmaq olar, ancaq xatırlamıram, - deyə Dedalos yenə öz-özünə söylədi.
Elə bu vaxt o, qəribə təbiət mənzərələri ilə freskalanmış geniş, dəyirmi bir zala gəlib çıxdı. O, bu zalı xatırlayırdı, ancaq xatırlamırdı ki, niyə xatırlayırdı. Orada altlığı zəngin parçalardan olan oturacaqlar vardı, otağın ortasında isə geniş bir yataq. Yatağın kənarında qıvraq və cavan bədənli, qamətli bir insan övladı oturmuşdu. Və bu insanın başı öküz kəlləsi idi. O, əlləri ilə başını tutaraq, hönkür-hönkür ağlayırdı. Dedalos ona yaxınlaşıb əlini onun çiyninə qoydu. - Niyə ağlayırsan?- deyə soruşdu. İnsan övladı əllərini başından çəkib, vəhşi gözlərini ona zillədi. - Mən ağlayıram ona görə ki, Aya vurulmuşam, - deyə o, söylədi, - mən onu bircə dəfə  görmüşəm, uşaq ikən, pəncərədən boylananda, - ancaq ona yetişə bilmirəm, çünki burada, bu sarayda dustağam. Mənə bəs edərdi gecələr çəmənlikdə uzanıb onun süzülən şölələrini öpüşlərə qərq edim, ancaq mən bu sarayda dustağam, - mən uşaqlıqdan bu sarayda dustağam... O, bunları söyləyib, yenidən göz yaşları axıtmağa başladı.
Dedalosun qəlbini sonsuz kədər bürüdü, ürəyi köksündə bərk-bərk çırpınmağa başladı. - Mən sənə buradan çıxmağa kömək edərəm, - dedi.
Vəhşi - insan başını yenidən qaldırıb öküz gözlərini Dedalosa zillədi. - Bu otaqda iki qapı var, - dedi, - qapıların mühafizəsi üçün də iki keşikçi. Qapılardan biri azadlığa, o birisi isə ölümə aparır. Keşikçilərdən də biri yalnız doğru, digəri isə yalan danışır. Ancaq mən bilmirəm doğru danışan keşikçi hansıdır, yalan danışan hansı, nə də hansı qapı azadlığa, hansı qapı isə ölümə aparır. 
- Ardımca gəl, - deyə Dedalos söylədi, - mənimlə gedək.
Dedalos keşikçilərdən birinə yaxınlaşıb, soruşdu: sənin həmkarının fikrincə azadlığa aparan qapı hansıdır və cavab aldıqdan sonra onu dəyişdi. Həqiqətən də, əgər o, bunu yalançı keşikçidən soruşsaydı o, həmkarının doğru cavabını dəyişərək, ona edama aparan qapını göstərəcəkdi; və tərsinə, əgər o, düz danışan keşikçidən soruşsaydı, o, həmkarının yalan cavabını dəyişməyib, ona ölüm qapısını nişan verərəcəkdi.
Onlar həmin qapıdan adlayıb, yenidən uzun bir dəhlizlə keçib getdilər. Dəhliz dikinə qalxır, naməlum bir şəhərin işıqları gələn asma bağçalara açılırdı.

İndi Dedalos xatırlayırdı və xoşbəxt idi ki, xatırlayırdı. Axı, o, kolluqların arasında lələklər və mum gizlətmişdi. Bunu özü üçün etmişdi, saraydan qaçmaqdan ötrü. O, lələklərdən və mumdan məharətlə bir cüt qanad düzəldib onu vəhşi - insanın kürəklərinə bərkitdi. Sonra onu asma bağçaların lap kənarına gətirib söylədi:
- Gecə uzundur, - dedi, - Ay çöhrəsini göstərir və səni gözləyir, onun yanına qədər uça bilərsən.
       Vəhşi - insan çevrilib, vəhşi baxışlarındakı həlimliklə ona nəzər saldı. Sağ ol, - dedi.
Uç, - deyə Dedalos yaxınlaşıb, onu yüngülcə itələdi və baxdı... Baxdı ki, vəhşi - insan qanadlarını geniş açaraq, gecənin qaranlığında uzaqlaşa - uzaqlaşa Aya tərəf uçur. Uçur və uçur...
 


Şair  və  saray əyanı Publius  Ovidius  Nazonun  yuxusu


Miladi  16-cı ilin yanvar ayı, şaxtalı və tufanlı bir gecədə, Qara dəniz sahillərindəki Tomis şəhərində şair və saray əyanı Publius Ovidius Nazo yuxusunda gördü ki, yenidən imperatorun sevimli şairidir və tanrıların möcüzəsi nəticəsində böyük bir kəpənəyə çevrilib.
İndi o, təmtəraqlı, sarı-mavi qanadları olan nəhəng, insan böyüklüyündə bir kəpənək idi. Və onun gözləri, iri domba kəpənək gözləri bütün üfüqü əhatə edirdi.
Onu məxsusi olaraq hazırlanmış qızılı arabaya qaldırmışdılar və üç cüt ağ at onu Romaya aparırdı. O, dik dayanmağa çalışır, ancaq zəif ayaqları qanadlarının ağırlığına tab gətirə bilmədiyindən, vaxtaşırı ayaqları göydə, balışların üstünə sərələnməyə məcbur olurdu. Ayaqlarında da bahalı şərq həmailləri və bilərziklər vardı ki, onları əl çalan güruha məmnuniyyətlə nümayiş etdiridi.     
Romanın qapılarına gəlib çatanda Ovidius yastıqların üstündən qalxdı və böyük çətinliklə, titrək ayaqlarının  köməkliyi ilə dəfnə çələngini başına qoydu. Camaat vəcdə gəlmişdi, çoxları da onu hansısa Asiya Tanrısı bilərək, qarşısında diz çökürdü. Onda Ovidius başa salmağa çalışdı ki, o,  Ovidiusdur və danışmağa başladı. Ancaq, onun ağzından qəribə bir fışıltı çıxdı, elə qulaqbatırıcı və dözülıməz bir fit səsi ki, camaat əlləri ilə qulaqlarını tıxamağa məcbur oldu.
- Siz mənim nəğməmi dinləmək istəmirsiniz? -, deyə Ovidius hiddətlənirdi, - bu ki, şair Ovidiusun nəğməsidir, o kəsin ki, sizlərə sevmək elmini öyrətmişdi, sizə kurtizan qadınlardan,bəzəkdən-yaraşıqdan, möcüzələrdən və metamarfozalardan söz açmışdı!            
Ancaq, onun səsi yalnız anlaşılmaz fit səsi idi və adamlar arabanın qarşısından dəhşət içərisində kənara sıçrayırdı. Nəhayət, gəlib imperatorun sarayına çatdılar və Ovidius ayaqlarını yöndəmsiz-yöndəmsiz sürüyərək, Sezara tərəf aparan geniş pilləkana qalxdı.
İmperator taxtda əyləşib qədəhdən şərab içir, onu gözləyirdi. - Görək mənimçün nə qoşmusan, - deyə Sezar söylədi.
Ovidius çevik misralarla yazdığı, Sezarı sevindirməli olacaq şən və ədalı bir mədhiyyə qoşmuşdu. Ancaq onu necə söyləsin? – o, düşünürdü, - əgər səsi  həşərat vızıltısıdırsa? Onda fikirləşdi ki, şeiri Sezara əl hərəkətləri ilə çatdırsın  və qəribə, ekzotik bir rəqslə öz dəbdəbəli, rəngli qanadlarını yavaş-yavaş yelləməyə başladı. Sarayın pərdələri hərəkətə gəldi, zəhlətökən bir külək otaqları başına aldı və Sezar qədəhi qəzəblə döşəməyə çırpdı. İmperator ağır  adam idi, mərdliyi və təmkini sevirdi. O, dözə bilməzdi ki, hansısa  ədəbsiz bir həşərat onun qabağında yüngül qadın rəqsi ifa eləsin. O, əlini-əlinə vurdu, pretorianlar dərhal, qaçaraq gəldilər.
Əsgərlər! - deyə Sezar əmr etdi, - qoparın bunun qanadlarını! Pretorianlar qılınclarını çəkib, Ovidiusun qanadlarını ağac budayan kimi kəsib atdılar. Qanadlar quş lələyi kimi yerə düşəndə Ovidius anladı ki, daha onun üçün həyat deyilən şey yoxdur. O, talenin qisməti kimi qəbul etdiyi naməlum bir  qüvvəyə tabe olaraq çevrildi və güclə yer tutan ayaqları üstə səndələyə - səndələyə sarayın pilləkənlərinə tərəf yeridi. Aşağıda, onu didib parçalamağı tələb edən qəzəbli bir güruh toplaşmışdı, həris bir izdiham yırtıcı əllərini uzadaraq onu gözləyirdi.
Və Ovidius ləngər vura-vura sarayın pilləkənləri ilə aşağı enməyə başladı.
   




Yazıçı və keçmiş rahib Fransua Rablenin yuxusu


1532- ci ilin fevral gecələrindən birində, Lion şəhərinin xəstəxanasında, yazıçı və keçmiş rahib Fransua Rable, sıralarını tərk etsə də, monastır həyatının qaydalarına riayət edərək, yeddi gün pəhriz saxladıqdan sonra öz balaca, cansıxıcı həkim otağında yatmışkən, yuxu gördü. Gördü ki, Perigordakı yeməkxanalardan birinin talvarı altında oturub, özü də sentyabr ayıdır. Qarşısında şərab qrafinləri ilə dolu bəyaz süfrəli, ensiz bir masa var, o da masanın başında əyləşib. Masanın o biri başı ayrı bir şəxs üçün hazırlanmışdı, ancaq kimdən söhbət gedəcəyini bilmirdi, təkcə onu başa düşürdü ki, gözləməlidir. Beləcə, gözləyirkən, yeməkxananın sahibi ona üzüm sirkəsinə qoyulmuş bir nimçə zeytun, bir qədəh də təzə alma şərabı gətirdi və o,  kəhrəba rəngli, nəfis alma şərabından qurtum-qurtum içərək, zeytundan da yavaş - yavaş dadmağa başladı. Birdən o, at ayaqlarının səsini eşitdi və gördü ki, baş yoldan onlara tərəf qarışıq bir toz buludu yaxınlaşır. Bu, qırmızı geyimli arabaçı və pillələrdə dayanmış lakeylərlə birlikdə əsil kral karetası idi. Kareta yeməkxananın qarşısındakı çəmənlikdə dayandı, lakeylər iki dəfə şeypur çaldıqdan sonra yerə tullanıb, qırmızı rəngli bir xalçanı karetanın qapısı ağzına atdılar. Daha sonra farağat vəziyyəti alaraq, bir ağızdan bağırdılar: Yeməklər və şərablar kralı, əlahəzrət Pantaqruel! Fransua Rable ayağa qalxdı, başa düşmüşdü ki, həmsüfrəsi gəlib çıxıb. İndi o, lakeylərin  diyirlədib onun ayaqları altına sərdiyi həmin qırmızı xalçanın üstü ilə şəstlə irəliləyirdi. Bu, şərab tuluğu kimi sağa-sola ləngər vuran qarnını iki əlli qucaqlamış nəhəng əndamlı bir adamdı. Sifətini çərçivəyə alan sıx qara saqqalı vardı, başına geniş ətəkli iri şlyapa qoymuşdu. Əlahəzrət sinyor Pantaqruel səmimi bir gülüşlə ağzını ayıraraq, şahanə mantiyasının  qollarını çırmalayıb, masanın geniş yuxarı başında əyləşdi.
       İki nökərin apardığı buğlanan iri şorba kasasının qabağında gedən yeməkxana sahibi yaxınlaşıb, qulluq göstərməyə başladı. - Arpa, buğda və paxla şorbaları, - deyə o, qulluq edə-edə söyləyirdi, - mədə pozuntusuna  gətirib çıxaran çox yüngül bir yoldur... Əlahəzrət sinyor Pantaqruel mələfə boyda süfrəni boynunun ətrafında düyünləyib, Fransua Rableyə işarə elədi ki, başlaya bilər. Gətirdikləri, içərisində dəfnə yarpağı və sarımsaq dilimləri üzən yarma şorbası idi, çox nəfis bir şey. Fransua Rable böyük ləzzətlə ondan bir nimçə yedi, əlahəzrət sinyor Pantaqruel isə, ədəb-ərkanla icazə istədikdən sonra, şorba kasasını qabağına çəkib acgözlüklə, birbaşa kasadan içməyə başladı. Bu vaxt nökərlər başqa bir yemək gətirdilər, yeməkxana sahibi qayğıkeşliklə nimçələri doldururdu. Bu dəfə içi qiymələnmiş qazlar idi. Fransua Rableyə onlardan iki pay çəkdilər, əlahəzrət  sinyor Pantaqruel üçün isə on doqquzunu. - Xozeyn,- deyə əlahəzrət qonaq dilləndi, - sən bu qazların necə bişirildiyini mənə öyrətməlisən, onu öz aşpazıma danışacam. Yeməkxana sahibi lopa bığlarına sığal çəkdi, boğazını arıtlayıb,  dedi: -  Hər şeydən öncə, götürürsən yaxşıca kələm turşusu, onu təxminən dörd - beş dəqiqə qaynadırsan. Sonra qazların yağını - piyinı ayırıb, kələmin içərisində bişirirsən: donuz piyi, ardıc, mixək, duz, istiot və doğranmış soğan, - bişirirsən düz üç saat. Daha sonra əlavə edirsən qaxac donuz budu, qaz ciyəri, - özü də tikə-tikə doğranmış, - buna da qatırsan çörək sıyığı. Qazların içini bütün bu doldurmalarla qiymələyirsən və haradasa bir qırx dəqiqəliyə qoyursan sobaya.Yadda saxlamaq lazımdır ki, bişmə vaxtı yarıya çatanda, dağ edilmiş yağı qaşıqlayıb, tökürsən qiymənin üstünə və xörək hazır. Bu təsvirlərə qulaq asan Fransua Rablenin iştahası yenidən açıldı, süfrə yoldaşının da həmçinin, ən azından ona sadəcə baxmaq kifayət idi, çünki nəhəng dili ilə bığlarını ləzzətlə yalayırdı, nəhayət o dedi: - Yaxşı, xozeyn, bizə nə təklif edirsən? Yeməkxana sahibi əlini - əlinə vurdu və buğlanan iri sinilər tutmuş nökərlər yaxınlaşdılar. - Gavalı arağında axta xoruz və  rokforlu firəngtoyuğu, - deyə yeməkxana sahibi razı görkəmlə söyləyib, qulluq eləməyə girişdi. Fransua Rable böyük ləzzətlə bir xoruz, bir dənə də firəngtoyoğunun  dadına baxmağa başladı, bu vaxt əlahəzrət sinyor Pantaqruel onlardan bir düjününü lomba ilə içəri ötürürdü. – Bilmirəm niyə, ancaq mənə elə gəlir ki, - deyə əlahəzrət sinyor Pantaqruel söylədi, - bu axta xoruzların yanında bir qədər beyin sousu da olsaydı pis olmazdı,- necə buyurursuz, mənim hörmətli həmsüfrəm?  Fransua Rable başı ilə təsdiqlədi və yeməkxana sahibi özgə bir cavab gözləmirmiş kimi, əlini əlinə vurdu. Nökərlər beyin sousu ilə dolu iki sini gətirdilər. Əlahəzrət sinyor Pantaqruel bir sini sousu arşın uzunluğunda çörəyin üstünə yaxıb, arada axta xoruzdan qopartdığı bir-iki tikəni içəri ötürə-ötürə, ona üç-dörd dişlək vurduqdan sonra, ikicə dəqiqəyə axırına çıxdı. Onlar yeyib qurtardıqdan sonra, yeməkxana sahibi bulaşıq nimçələri yığışdırmaq üçün icazə istəyib, soruşdu: - Bir qədər yabanı qaban ətinə ağalar necə baxır, bəlkə könüllərindən qiymələnmiş, qızartma dovşan filesi keçir? Hər halda, yanılmamaqdan ötrü Fransua Rable təklif etdi ki, hər ikisindən gətirsinlər. Əlahəzrət sinyor Pantaqruel isə əsnəyə-əsnəyə işarə elədi ki, hələ iştahası küsməyib. Yeməkxana sahibi  əlini əlinə vurdu və nökərlər yeni yeməklərlə gəldilər. - Ah,- deyə Fransua Rable yeyə-yeyə ləzzətlə donquldanırdı, - necə də ali bir nəfislik idi bu yabanı donuz! Yaşıl zeytunla, meşə qoxusunu vurğulayan bir çimdik istiotla, yüngülcə acı dadıyan yabanı donuz... - Bəs, qiymələnmiş, qızartma dovşan filesi, - deyə əlahəzrət sinyor Pantaqruel də yemək arası soruşurdu, - məgər bütün bunlar ilahi təamlar deyilmi?
Yeməkxana sahibi mübarək görkəmlə onların necə yediyinə baxırdı. Sentyabr idi, günəş talvarın kölgəsinə parlaq ləkələr salırdı. Əlahəzrət sinyor Pantaqruelin xırda - xırda  gözləri vardı və arabir, sanki qöz qapaqları öz-özünə uyuyurmuş kimi, onları yumurdu. Sonra o, əli ilə bir neçə dəfə qarnını döyəclədi, nəzakətlə üzr istəyib, müdhiş bir gəyirti gətirdi, elə bir nərilti ki, deyərdin ildırım çaxıb, kəndə əks - səda salmışdı. Və bu ildırım nəriltisinə Fransua Rable yuxudan oyandı, gördü ki, qasırğalı bir gecədir, əli ilə axtara – axtara, şam qırığını tapıb yandırdı və hər gecə orucunu açmaqdan ötrü özünə rəva bildiyi bir parça quru çörəyi komodun üstünə qoydu.


 



Şair və inqilabçı Vladimir Mayakovskinin yuxusu


1930 - cu il aprelin üçündə, həyatının sonuncu ayında, şair və inqilabçı Vladimir Mayakovski bir ilin ərzində hər gecə gördüyü yuxunu bir də gördü.
Gördü ki, Moskvadakı metropolitendə, ağlasığmaz sürətlə şütüyən bir qatardadır. O, özü sürətin vurğunu idi, çünki gələcəyi və maşınları sevirdi, ancaq bu dəfə qatardan düşməli olacağından bərk qorxu keçirir, cibindəki nəyi isə dayanmadan əlləşdirırdı. O, düşündü ki, həyəcanını yatırmaqdan ötrü əyləşsə daha yaxşı olar və qucağında bazarlıq zənbili tutan, qara geyimli qoca bir qarının  yanındakı oturacağı seçdi. Mayakovski  əyləşmək istəyirdi ki, arvad ilan vurmuş kimi yerindən dik atıldı. - Yəni mən bu dərəcədə qorxuncam? - deyə Mayakovski düşündü və qarıya tərəf çevrilib, gülümsəyərək, dedi: qorxmayın, mən  sadəcə bir buludam və bu qatardan düşməkdən başqa özgə niyyətim yoxdur.
Nəhayət, qatar hansısa bir stansiyada dayandı və Mayakovski qəziyyəsiz - filansız qatardan düşə bildi. Gördüyü elə birinci tualetə girib, cibində əlləşdirdiyi həmin o şeyi çıxartdı. Bu bir parça sarı rəngli sabun idi, həmin o sabunlardan ki, paltaryuyan qadınlar istifadə edirlər. O, kranı açıb əllərini səliqə ilə yumağa başladı, ancaq ovuclarının içində hiss etdiyi çirk keçib getmirdi. Onda sabunu təzədən cibinə qoyub, qalereyaya çıxdı. Stansiya boş idi. İrəlidə, böyük bir plakatın altında üç nəfər dayanmışdı. Onlar Mayakovskini görən kimi ona tərəf yeridilər. Qara plaşlı, fetr şlyapalı adamlardı.
- Siyasi polis,- deyə, onlar üçü də bir ağızdan söylədi, - təhlükəsizlik axtarışı.
Mayakovski əllərini qaldırıb, üst-başını axtarmağa imkan verdi.
- Bəs, bu? – deyə onlardan biri sabun qırığını əlində yellədərək nifrətamiz bir görkəmlə soruşdu.
- Bilmirəm, - deyə Mayakovski məğrurcasına söylədi, mən bu şeylər barəsində heç nə bilmirəm, mən sadəcə bir buludam.
- Bu sabundur, - deyə sual verən xaincəsinə pıçıldadı, - və sən də yəqin,  əllərini tez  - tez yuyursan, - sabun hələ yaşdır.
Mayakovski heç nə cavab verməyib, alnının tərini sildi.
- Bizimlə gedəcəksən,- deyə həmin adam onun qoluna girdi, - o birisi iki nəfər onları arxadan müşaiyyət edirdi.
Onlar geniş pilləkanla qalxaraq, böyük, yerüstü  bir stansiyaya çıxdılar.
Stansiyanın altında hərbi formalı hakimlərdən və sahibsiz yetimlər kimi geyinmiş uşaqlardan ibarət məhkəmə qurulmuşdu.
Həmin o üç nəfər Mayakovskini müttəhimlər kürsüsünün yanına qədər aparıb, sabunu hakimlərdən birinə təhvil verdilər. Hakim meqafonu ağzına tutub dedı: bizim təhlükəsizlik xidməti aşkar cinayət başında bir cani yaxalamışdır, öz gizli fəaliyyətinin əşyayi - dəlilini də cibində gəzdirirmiş.
Yetimlər dəstəsindən nifrətamiz bir danlaq uğultusu qopdu.
- Cinayətkar lokomotivə məhkum olunur, - deyə hakim, taxta çəkici masaya vuraraq söylədi.
Gözətçilərdən ikisi yaxınlaşdı, Mayakovskini soyundurub, əyninə ölçüsüz, sarı köynək geyindirdilər. Sonra onu vəhşisifət,yarıçılpaq ocaqçının idarə etdiyi, fısıldayan bir lokomotivə tərəf apardılar. Lokomotivdə başında cəllad başlığı, əlində qamçı tutmuş bir cəllad dayanmışdı.
- İndi görərik əlindən nə gəlir, - deyə o, söylədi və lokomotiv yola düşdü.
Mayakovski ətrafa nəzər saldı, gördü ki, ucsuz-bucaqsız Rusiyadan keçib gedirlər, qolları qandallı, taqətdən düşmüş kişi və qadınların yol boyu səpələnmiş olduğu nəhayətsiz kəndlərdən və düzənliklərdən.
- Millət səndən şeir gözləyir, - deyə cəllad dilləndi, - oxu şair! Sonra çevrilib ona bir qamçı vurdu.
Mayakovski özünün ən pis şeirlərini oxumağa başladı. Bunlar miskin tərif şeirləri, ritorik misralar idi. O, oxuduqca adamlar yumruqlarını qaldırır, onun özünə də, anasına da söyürdülər.
Elə bu vaxt Vladimir Mayakovski yuxudan oyandı və əllərini yumaqdan ötrü hamam otağına keçdi.

                                                           
 İtalyan dilindən tərcümə edən:
 Cəmşid CƏMŞİDOV



Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.