Kənan Hacı - Xilaskarlar və xilasedilmişlər
03.10.16

Fransua Moriakın “Quzu” romanı haqqında qeydlər

Ədəbiyyat yeganə sahədir ki, əlimizdən tutub bizi heç vaxt görmədiyimiz və çox güman ki, görə bilməyəcəyimiz məkanları gəzdirir, o məkanların təkcə coğrafi deyil, həm də mənəvi ərazilərini bizə göstərir, onun sayəsində fərqli insan tipləriylə qarşılaşırıq, biz kitabı açırıq və bu andan özümüzü zaman karuselində fırlanan görürük. Ədəbiyyatın insanı təkcə keçmişə deyil, gələcəyə aparmaq gücü qarşısında səcdə edirik. Bizim üçün artıq başqa bir zaman başlayır, olduğumuz yerdən qopub özümüzü fərqli bir məkanda hiss edirik. Zehnin məhsulu olan əsərlər bizlər üçün həm də gəzəri ruhlardır, biz onları satın alıb onlar vasitəsilə ruhlar aləminə, paralel dünyalara, qalaktikalara səyahətə çıxırıq, könüllü şəkildə metamorfozalara  aldanırıq. Bizim idrakımız sualtı qayıq kimi mətnin dərinlikliklərinə baş vurub müəllifin ötürdüyü mesajı tapmaq ehtirasıyla çırpınır.

Hər dəfə hansısa kitabı oxumağa başlayanda içimi xoş bir həyəcan bürüyür. Fransız yazıçısı, Nobel mükafatı laureatı Fransua Moriakın “Quzu” romanını oxuyanda başqa bir sevdiyim yazıçı Umberto Ekonun fikrini xatırladım. Eko “Gənc romançının etirafları” kitabında yazır ki, “hekayə əsasən kosmoloji bir məsələdir, bir şeyi anlatmaq üçün işə yarıtanrı kimi başlayırsınız, bu yarıtanrı içində tam bir güvən duyaraq hərəkət edə bilməyiniz üçün bacardıqca qüsursuz bir dünya yaradır”. Azərbaycan oxucusuna çox az tanış olan Fransua Moriak özünün yaratdığı qüsursuz dünyada həm də çox ustalıqla, yazıçı hiyləgərliyi ilə bir şübhə labirinti yaradır. Yazıçı sanki başladığı işi oxucunun öhdəsinə buraxır, oxucunun duyumu, fəhmi vasitəsilə onu əsərinin önəmli bir üzvü kimi yaxalayır. Sən özün də bilmədən hadisələrin içinə daxil olursan, özünü skeptik dolanbaclarda bir çıxış yolu axtaran vəziyyətdə görürsən.

İyirmi iki yaşlı Ksavye dini seminaraya daxil olmaq üçün qatarla yola düşür və yolda rastlaşdığı naməlum şəxs onu bu yoldan döndərməyə çalışır. Əslində valideynləri nədənsə onun seminarayada duruş gətirəcəyinə inanmırlar. Onlar övladlarını yepiskop kimi görmək istəyirlər, düşünürlər ki, bu zəmanədə karyera qurmaq üçün ən sadə yol bu yoldur. Amma... Ksavyenin yoluna çıxmış Mirbel onu hər vasitə ilə seminariyadan vaz keçməyə məcbur edir. Ksavye onun maskaya bənzər üzündəki hiyləgərliyi görür, lakin içində qaynayan tərəddüdlər ona Mirbelin cazibəsindən qurtulmağa imkan vermir. Bu tipli teoloji tərəddüdlər Moriakın gənclikdə yazdığı əsərlərində də özünü qabarıq şəkildə biruzə verir. Onun yaradıcılığında хristian əхlaqının tələbləri və əndazə hissi hər dəfə sona qədər gözlənilmədiyindən müəllifin bir sıra əsərləri katolik kilsəsinin qəzəbinə tuş gəlmişdi. Çoх güman ki, həm kilsənin tənqidlərindən, həm də dindar anasının öyüd-nəsihətlərindən nəticə çıхaran yazıçı 30-cu illərdə dini esselər və "katolik romanı" yazmağa təşəbbüs göstərmişdi. Din onun yaradıcılığına daha geniş nüfuz etmişdi. Хüsusilə "İlan yığnağı" (1931) romanında Moriak yüksək katolik dairələrin həyatını müsbət və mənfi tərəfləri ilə inandırıcı təsvir etməyə nail olmuşdu. Moriak "katolik romanı" yaratmaq aхtarışlarını yaradıcılığının sonrakı dövrlərində də davam etdirməsinə baхmayaraq, tənqidçilərin fikrincə, bu sahədə uğur qazana bilməmişdi. Müəllif din mövzusuna "Allah və Mammon" (1929), "İsanın həyatı" (1936) traktatlarında elmi-tariхi aspektdən yanaşmışdı.

“Quzu” romanının qəhrəmanı da içindəki şübhə toxumlarının qurbanına çevrilir. Mirbel mübahisə zamanı ona “Sənin Tanrın insan qurbanlarını sevir” deyir. Bu mübahisədən çox sonra anasının ona yazdığı məktubda deyildiyi kimi, o, “yol yoldaşının onu oğurlamasına imkan verir”. Onlar Tanrıyla şeytanın bəhsə girdiyi meydanda idilər. Mirbel bir az (bir az yox, eynən!) Götenin Mefistofelini xatırladır. Ksavyenin qatarda Mirbellə söhbəti Mefistofelin Faustla dialoqunu yadıma saldı. Ksavyenin perronda gördüyü gənc qadın yunan gözəli Yelena olmaya?! Ksavyenin fikirlərini dolaşıq salan Mirbeldən daha çox həmin qadının şeytani cazibəsidir. Moriak mürəkkəb kompozisiya qurur, qəhrəmanlarını madam Pianın evinə gətirir və Ksavyeni Dominika və yetim bir uşaq olan Rolanla qarşılaşdırır. Elə məhz bu talesiz cocuq da Ksavyenin sonunu gətirir. Romanın süjetini yazmaq fikrim yoxdur, amma bir məqamı qeyd etmək istəyirəm. Ksavye özünü günahkar hiss edir və o, kilsəyə, günahlardan arınmaq üçün gedir. Kilsə qaydalarıyla müəyyən edilmiş qanunla “günah”ından yaxa qurtarmağa cəhd edən bu adamın keşişlə dialoqu bu dəfə mənə başqa bir əsərdəki oxşar situasiyanı xatırlatdı: Dostoyevskinin “Karamazov qardaşları”nda Abid Zosimanın Aleksey Karamazova dedikləri yadınıza düşür? Alyoşa fatalistdir. Abid Zosima ölümqabağı sevimli şagirdinə vəsiyyət edir ki, monastırdan get, dünyaya qayıt, sən insanlara yalnız orda xeyir verə bilərsən. “Quzu” romanında Ksavyeni dinləyən keşiş ona belə məsləhət verir: “Özünüzə işgəncə verməyin. Sizin kilsəyə getməyinizə ehtiyac yoxdur”! Niyə ehtiyac yoxdur? Bu sualın cavabını artıq oxucu tapmalıdır. Keşiş fikir iynəsini onun ruhuna sancır: “Mənim sizə heyfim gəlir. Özünüzə bu yükü yüklətməyin”. Keşiş Ksavyenin daxili aləmindən xəbərdardır, onun tərəddüdlərini aydın şəkildə görür, bilir ki, tərkidünyalıq bu zavallının daşıya biləcəyi yük deyil. Moriak esselərindən birində belə bir fikir işlədir: “Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan”. Əslində keşiş Ksavyeyə dolayısı ilə bu həqiqəti çatdırmaq istəyirdi. Dostoyevski də oxucu üçün çoxlu açıq suallar buraxır. Abid Zosima Alyoşaya niyə dünyaya qayıtmağı tövsiyyə edirdi? Romanı sonacan oxuyanlar mütləq bu suala cavab tapırlar. Abid onun bu dünyaya keşiş olmaqdan ötrü gəlmədiyini çoxdan dərk edib. Həm də onun içindəki sonsuz insan sevgisini də görür. Bu sevgi onu vadar edir ki, Rolanı yad mühitdən qoparsın, onun həyatı rahat axarına düşsün. Amma ölüm onu Rolanın iziylə haqlayır. Mirbelin timsalında şeytan qalib gəlir. Ksavye məsum obrazdır, o, yerlə göy  arasında vurnuxan, dünyaya bağlı ruh oksumoronunun qurbanıdır. O, Rolandan daha artıq qurbanlıq quzudur.

Ksavyeni əslində məğlub hesab etmək olmaz. Köhnədən belə bir fəlsəfi həqiqət mövcuddur: məğlubiyyət – ruhən zəiflik, qəlbən mətinlik yaradır. Bu haləti ilə o, necə də Fausta bənzəyir. Amma təbii ki, yazıçı onun yolunu Faustdan fərqli istiqamətə yönəldir.

Moriak Nobel mükafatına ilk dəfə 1946-cı ildə iddialı olsa da, laureat adını yalnız 1952-ci ildə "romanlarında insanın həyat dramlarını dərin mənəvi nüfuz və yüksək bədiiliklə işıqlandırdığına görə" ala bilmişdi. Yazıçı Nobel mühazirəsini insanı öz əsarəti altına alan ümidsizlikdən, onun ağlını və iradəsini dumanlandıran yalançı miflərdən necə və hansı yollarla qurtarmaq haqqında fəlsəfi mülahizələr üzərində qurmuşdu. “Quzu” romanını yazıçı yaradıcılığının yetkin çağında, 1954-cü ildə, Nobel mükafatını aldıqdan iki il sonra yazıb. Bu əsər əslində onun gənc çağlarından yaratdığı ideyalar zəncirinin bir halqası idi. Bütünlükdə fransız metaforasını əhatə edən və sonralar Tolstoy və Dostoyevski yaradıcılığına güclü təsir göstərən bu alov (Tanrı axtarışları) XX əsrdə ən çox Moriakın yaradıcılığında gücləndi. Tolstoyun günahkar qəhrəmanları (Nexlyudov, Sergi ata) həmişə vicdan əzabı içində qovurulurlar. Dostoyevskinin Raskolnikovu da günah hissinin əsiridir. Amma İnsanla Tanrı arasındakı din nədənsə onları xilas edə bilmir. Moriakın qəhrəmanı da xilas ola bilmir. İnsan yaradılışca ziddiyyətli və binar mahiyyətə malikdir. Ksavyenin də içində bu ziddiyyət daimi toqquşmadadır. Onu keşişin yanına sürükləyən də bu ruhi təbəddülatlar idi.

Fransua Moriak çoxqatlı yazıçıdır, onun mətnlərində gizlənmiş mənaları tapmaq üçün həm də İlahi mətnlərdən xəbərdar olmaq lazım gəlir. Bütün yaşarı ədəbi nümunələr həmin ilkin mətnlərə söykənir, onlardan qaynaqlanır. Xristianlıqda İsa Məsih qurbanlıq quzu kimi təqdim olunur. O, Tanrının əbədi, sonsuz planına görə, danaların, buğaların, quzuların, təkələrin heç vaxt günahın üzərini örtüb kəffarə edəcək gücdə olmayan qurbanlarını (İbranilər 10:4) tamamlamağa gələn son qurbandır. İncildə o, bütün dünyanın günahlarını öz qanıyla yuyaraq onu yaradanla barışdırmağa qadir olan sonuncu mükəmməl Tanrı quzusu kimi təqdim olunur. (Yəhya: 1:29) Burada isə diqqət balaca, yetim Rolana fokuslanır. Əslində qurbanlıq quzu kimdir? Rolan yoxsa Ksavye?! Fransua Moriak bu sualın cavabını diqqətli oxucunun öhdəsinə buraxır.

/Ədəbiyyat qəzeti/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.