Ömər Seyfəddinin itə görə 9 nəfəri baltalayanın hekayəsi

01.11.16

Avanqard.net gənc yazar Şəfiqə Şəfanın tərcüməsində türk yazıçısı Ömər Seyfəddinin "Namus" hekayəsini təqdim edir.

Gecə yarısı idi. Tənha ulduz qaranlıq səmanın dərin qatlarında yuxuya getmiş sürüsünə baxan çoban gözü kimi parıldayır, zülmət gecəyə xəfif, mavi işıq salırdı. Həbsxananın ağır, dəmir qapısı acı bir qarğış naləsi kimi açıldı. Jandarmalar əlləri arxasında bağlı cılız, ürkək bir kişini bayıra çıxartdılar. Qara furqonlu arabanın dar qapısından içəri salmaq üçün qollarını yuxarı qaldırdılar. Məhbus sağındakı saqqallı jandarmaya dönüb:
– Hara gedirik, ağam? – deyə soruşdu.
– Bilmirsən ki?
– Yox, bilmirəm.
– Bayaq sənə baş çəkən molla nə dedi?
– Nəsə dua edirdi. Soruşdum, dedi ki, onun söylədiklərini təkrar edim. Mən də mənasını anlamadan təkrar etdim.
– Yaxşı eləmisən, – deyə jandarma məhkumu arabanın içinə itələyib özü də yanında oturdu. Bayırda qalan gənc jandarma qapını arxadan kilidlədi. Gecənin səssizliyində qamçı səsi, at nallarının taqqıltısı, dəmir çarxların gurultusu eşidildi. Pəncərəsiz furqonun içi qutu kimiydi. Küncdəki kiçik bir fənər sarı, tutqun işığı ilə divarlardakı kölgələri titrədirdi. Məhkum susmur, elə hey sualları yağdırırdı. Silahını yanına dayamış saqqallı jandarma tənbəki kisəsini çıxarıb bir papiros eşdi.
– Yarım saat sonra isinəcəksən, – deyə onun suallarına güldü.
– Hamama gedirik?
– Hə, amma sənin bildiyin hamamdan deyil.
– Necə yəni?
– Sabunu var, suyu yox.
– Mən bu gün yuyunub qüsullanmışam, nə gərək vardı gecə vaxtı hamama?
– Elə qüsulunu pozmaq üçün.
Dustaq jandarmanın ikibaşlı sözlərindən heç nə anlamayıb susdu. Bu dəfə də onun danışmadığını görən jandarma suallarını yağdırmağa başladı.  
– Sənin cinayətin nəydi?
Məhkum yarasına toxunulmuş adam kimi qəfil bağırdı:
– Namus, ağam, namus, namus! – deyib oturduğu yerdə qıvrılır, özünü sağa-sola çırpırdı. Onun bu namus həyəcanı jandarmanı narahat elədi.
– Qaraçı hara, namus hara! Siz nə bilirsiniz namus nədi?
– Niyə bilmirik ki, insan deyilik? Bizim heysiyyətimiz yoxdur? – məhkum qəzəblə etiraz etdi.
– Arvadını başqasıyla yaxalamısan?
– Xeyr.
– Qızını, bacını biriylə tutmusan?
– Yox!
– Bəs onda bayaqdan nə namus, namus deyib özünü yırtırsan? Adam kimi başa sal!
Dustaq öz fəlakətini xatırlayanda dodaqları titrədi. Özünü ələ alıb hekayəsini danışmağa başladı:
– Bir axşam dərəyə yuyunmağa enmişdim. Bir az çox çimdiyimdən gec qayıtdım. Çadıra qayıdanda nə görsəm yaxşıdı?
– Nə?
– Ax, namus, getdi namusum!
– Əşşi, bir de görək, sonra ah-vay eləyərsən!
– Arvadım, anam, bacım, bibim, iki qızım, gəlinim – ailəmin bütün qadınları toplaşıb, nəyəsə baxıb gülür, əylənirdilər.
Jandarmanı əməlli-başlı maraq bürüdü. Papirosunu ağzından çıxarıb soruşdu:
– Nəyə baxıb gülürdülər ki?
Qaraçı yenə “namus, namus” deyib başını divara çırpandan sonra dedi:
– Bizim dişi itə qonşu Həsənin sarı erkək iti yapışıb, cütləşirdilər. Bizimkilər də onu çadırın içinə soxub, həvəslə seyr edirdilər.
Jandarma gülməkdən uğundu:
– Hə, sonra?
– Birdən-birə hiddətləndim. “Abırsızlar, utanmazlar” deyib bağırdım. Qan necə beynimə vurdusa çadırın qırağındakı baltanı qapıb it qarışıq hamısının başına endirdim. Heç biri qaçıb canını qurtara bilmədi, hamısını gəbərtdim!
Jandarma yerində quruyub qalmış, papirosu barmaqlarının arasından sürüşüb düşmüşdü. Qarşısındakı sısqa, üst-başı çirkli, eybəcər qaraçıya baxır, ürəyi sıxılırdı. Qeyri-ixtiyari öz məmləkətində yazqabağı qadınlı-kişili yığışıb eşşəkləri cütləşdirdiklərini xatırladı. İstər-istəməz öz “namussuzluq”larına şükr etdi. Yaxşı ki, aralarında bu qaraçı kimi “namuslu” adam yox idi, yoxsa bütün qəsəbəni baltadan keçirərdi.

***

Araba qatilin doqquz insanı baltaladığı yerdə dayandı. Bura bir şose kənarıydı. Furqonun qapısını açdılar, əvvəlcə qaraçı, arxasından isə saqqallı jandarma çıxdı. Bu cinayət işinə baxan hakim, komissar, jandarma – hamısı qabaqcadan gəlmişdilər. Arabalar qatar vaqonları kimi bir-birinin ardınca düzülmüşdü. Ortalıqda dar ağacı qurulmuşdu, bir neçə jandarma kəndiri sabunlayırdı. Qaraçı bu mənzərəni görər-görməz kölgəsindən hürkmüş ərəb atı kimi geri atıldı.
– Bu nədi? Məni asacaqsınız? – deyə hayqırdı.
Heç kəsdən səs çıxmadı, hamı başını aşağı salmışdı. Namus uğrunda şəhid olacaq bu zavallıya qarşı hər kəsin qəlbində sanki bir gizli rəğbət, ehtiram vardı. Edam hökmünü vermiş ağsaqqal hakimin gözlərindən bıldır-bıldır yaş tökülürdü. O, qırx illik vəzifəsi boyunca heç vaxt belə vicdan əzabı çəkməmişdi. Cinayətin tam təfərrüatını bilməsə də, namus üstündə bir adamın canından keçməsi onun üçün şəhidlik zirvəsi idi. Amma nə edə bilərdi... Bir insan kimi ona ürəyi yansa da, qanun başqa şey deyirdi. Öz əlində olsaydı doqquz canı birdən almış bu Əzrayıla bəraət qazandırardı! Namus uğrunda canını fəda edəcək bir insanın son arzusunu yerinə yetirmək istədi:
– Yaxın gəl, oğlum!
Çaşqın qaraçı hıçqıra-hıçqıra yaxınlaşdı. Dizləri, əlləri, dodaqları titrəyirdi.
– Allah günahını bağışlasın! – deyə hakim sözə başladı. – Mən sənin haqlı olduğunu bilirəm, ancaq əlimdən səni qurtarmaq üçün heç nə gəlmir. Başımız qanuna bağlıdır. Dünyada son arzun nədi, söylə mənə. Nə olsa, yerinə yetirəcəm, oğlum!
Qatil qaraçı bir gözü sabunlu kəndirə baxa-baxa dedi:
– Mənim arzumu sizin kimi namərdlər yerinə yetirməzlər!
Hakim əlini qaldırıb and-aman elədi:
– Vallah, billah, nə desən edəcəm, söylə oğlum!
– Etməzsən, bilirəm.
– Dedim ki, edərəm!
– Hamınız yalançısınız, insanları aldadırsınız!
– Mən yalan demirəm, övladım! Bax burdakı hər kəs şahid olsun ki, nə istəsən edəcəyəm.
Hakim ona baxan, razılıqla başını tərpədən heyətə göz gəzdirib vədini qətiyyətlə təkrarladı:
– Yerdə bu adamlar, göydə Allah şahid olsun ki, arzunu yerinə yetirəcəm!
Hakim boğazında düyünlənmiş hıçqırıqlardan boğulurmuş kimi başını göyə qaldırdı. Doğru söylədiyi səsinin əzəmətindən, həyəcanından, yaş gözlərindən bəlliydi. Qaraçı bir az rahatladı, gözləri parladı. Heyət başdan-ayağa donmuş kimi hərəkətsiz dayanıb qulaq kəsilmişdi. Yaxınlaşan ölümün soyuqluğu sanki hamını dondurub buz heykələ çevirmişdi. Qaraçı udqunub öskürdü.
– Yaxşı, hakim əfəndi, – dedi. – Səndən istədiyim budur: Həsənin sarı itini tap, axtalatdır. Qoy camaatın namusu xilas olsun!
Saqqallı jandarmadan başqa bütün heyət, hakim başda olmaqla təəccüblə bir-birinə baxır, qulaqlarına inana bilmirdilər. Qatil isə yenidən başına-gözünə döyərək “ax namus” deyə-deyə çaşqın hakimə baxıb:
– Hakim əfəndi! Sözünü yetirib dediyimi etməsən, axirətdə iki əlim yaxanda qalsın! – deyərək onu dar ağacına aparan jandarmaların qolları arasında çırpınırdı.

Yenililklər
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19
“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək
21.10.19
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub
18.10.19
Səxavət Sahil - Obrazı necə yaratmalı?
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.