Stiven Kinq - Ölüm
02.11.16

Şerif Barklay şəhərlilərin altı nəfər nümayəndəsi ilə birlikdə Cim Trasdeyli tapanda, o, atasına məxsus və indi pis günə qalmış rançonun aşağı tərəfindəki komasında, soyuq peçin yanında oturmuşdu. Əynində tövlədə geyilən paltara oxşayan çirkli palto vardı.  Əlindəki Qara Təpələrin Pioneri qəzetinin köhnə nömrəsinin üzərinə fənərlə işıq salaraq oxuyurdu. Yəni, hər halda gözdən keçirirdi.
Şerif Barklay girişdə dayanıb sanki bədəni ilə qapının çərçivəsini doldurdu. O da əlində fənər tutmuşdu. 
"Bayıra çıx, Cim, əllərini də yuxarı qaldır. Mən tapançamı çəkmirəm, bunu etmək istəmirəm”.
Trasdeyl bayıra çıxdı. Qəzeti də qaldırdığı əlində tutub, sönük boz gözlərilə Şerifə baxırdı. Şerif də başını qaldırıb ona baxdı. Ətrafdakı dörd atlı və yan tərəfində solmuş sarı hərflərlə "Hayns Dəfn Mərasimləri” yazılmış qədimi-sayaq arabada oturmuş iki adam gözlərini Cimə zilləmişdilər.
"Görürəm, biz niyə burdayıq deyə heç soruşmursan”, – Şerif dedi.
"Niyə gəlmisiniz, Şerif?”
"Sənin şlyapan hanı, Cim?”

Trasdeyl, sanki geniş günlüklü qəhvəyi şlyapasının orada olub-olmadığını yoxlayırmış kimi qəzet tutmadığı əlini başına apardı.
"Bəlkə komadadır?”, – Şerif soruşdu. Soyuq küləyin dalğası atların yalını havaya qaldırıb, yerdəki otları cənub tərəfə əyərək keçdi.
"Yox, məncə orada yoxdur”, – dedi Trasdeyl.
"Bəs onda haradadır?”
"Yəqin itirmişəm”.
"Çıx arabaya”, – Şerif dedi.
"Mən meyitdaşıyan arabaya minmək istəmirəm, – Trasdeyl dedi, – pis əlamətdir, düşər-düşməzi olar”.
"Sən bütün pislikləri başından aşağı tökmüsən, – adamlardan biri dedi, – xirtdəyindən də yuxarı pisliyin içindəsən. Dırmaş”. 
Trasdeyl arabanın arxasına keçdi və ayağını atıb ora çıxdı. Külək bir də qalxdı və bu dəfə daha güclü idi. Cim tövlə paltosunun boyunluğunu qaldırdı.
Arabada oturmuş iki nəfər oturacaqlardan düşüb, hərəsi onun bir tərəfinə keçərək yerdə dayandılar. Biri tapançasını çəkdi, o biri çəkmədi. Trasdeyl onları üzdən tanıyırdı, amma adlarını bilmirdi. Şəhər adamları idilər. Şerif və qalan dörd nəfər komaya girdilər. Hayns – dəfn şirkətinin sahibi də onların arasında idi. İçəridə bir qədər qaldılar. Hətta peçi açıb içindəki külü də eşələdilər. Nəhayət bayıra çıxdılar. 
"Şlyapa yoxdur, – Şerif Barklay dedi, – Olsaydı, biz onu görərdik, çox zırpıdır. Bu haqda deməyə sözün varmı?”
"Heyf ki, onu itirdim. Onu mənə atam bağışlamışdı, ağlı başında olan vaxt”.
"Yaxşı, bəs indi haradadır o şlyapa?”
"Dedim də... yəqin itirmişəm. Ya da oğurlayıblar. Bu da ola bilər. Bura baxın, mən yatmaq istəyirdim”.
"Yatmağı unut. Sən bu gün günortadan sonra şəhərdə olmusan, elə deyilmi?”
"Əlbəttə olub, – adamlardan biri atın belinə qalxaraq dedi, – Özüm görmüşəm. Şlyapa da başında idi”. 
"Sən dayan, Deyv, – Şerif Barklay dedi, – Şəhərdə olmusan, Cim?”
"Bəli, ser, olmuşam”, – Trasdeyl cavab verdi.
"Bəxtli Çakda?”
"Bəli ser, orada. Buradan piyada getdim və iki dənə içdim, sonra da evə qayıtdım. Görünür şlyapamı da elə "Bəxtli Çak”da itirmişəm”.
"Deyəcəyin elə budur?”
Trasdeyl qaralmış noyabr səmasına baxdı. 
"Olan budur”.
"Mənə bax, oğlum”.
Trasdeyl ona baxdı.
"Deyəcəyin elə budur?”
"Dedim də... bundan artıq sözüm yoxdur”, – Trasdeyl ona baxaraq dedi.
Şerif Barklay köksünü ötürdü: "Yaxşı. Gəlin şəhərə gedək”.
"Niyə?”
"Çünki sən həbs olunmusan”.
"Gic başının içində beyin qalmayıb, deyəsən. Atası bundan ağıllı görünür”, – bunu da kişilərdən biri dedi.
Şəhərə tərəf getməyə başladılar. Dörd mil yol vardı. Trasdeyl dəfn arabasının arxasında durmuşdu və soyuqdan əsirdi. Yüyəni tutmuş kişi geri çevrilmədən soruşdu: 
"Onun dollarını əlindən almağın az imiş, hələ bir onu zorlamısan da, heyvan?”
"Nədən danışdığınızı anlamıram”, – Trasdeyl dedi.
Yolun qalan hissəsində hamı susmuşdu, təkcə külək vıyıldayırdı. Şəhərdə adamlar küçə boyu düzülmüşdülər. Əvvəlcə sakit idilər. Sonra şala bürünmüş bir qarı arabanın arxası ilə axsaya-axsaya yeriyib Trasdeylə tüpürdü. Tüpürcək hədəfdən yan keçdi, amma toplaşmış adamların içindən alqış səsləri gəldi.
Dustaqxanaya çatanda Şerif Barklay Trasdeylə arabadan düşməyə kömək elədi. Külək adamı kəsirdi, qar yağacağına oxşayırdı. Dəvəotu topaları baş küçə boyunca yuvarlanıb-uçaraq şəhərin su qülləsinin yanındakı yırğalanan çax-çax hasara çırpılıb səs-küy salırdılar.
"Bu uşaq qatilini asın!”, – bir kişi qışqırdı və kimsə Trasdeylə tərəf daş atdı. Daş onun başının yanından keçdi və döşəmə səkiyə çırpıldı.
Şerif Barklay çevrilib fənərini qaldırdı və ticarət şirkətinin qarşısına toplanmış adamlara sınayıcı nəzərlərlə baxdı. "Bunu etməyin, – dedi, – Axmaqlamayın. Hər şey əlimizdədir”.
Şerif Trasdeylin qolunun yuxarısından tutub onu öz kabinetindən keçirərək dustaq kamerasına gətirdi. İki kamera vardı. Barklay Trasdeyli soldakı kameraya saldı. Orada çarpayı,  oturacaq və çirkab vedrəsi vardı. Trasdeyl kətildə oturdu, amma Barklay: "Yox, ayağa dur, orada dayan”, – dedi.
Şerif ətrafına baxdı və ona kömək edən adamların qapı ağzında toplaşdığını görüb: "Siz gedə bilərsiniz”, – dedi.
"Otis, sənə hücum eləsə nə olacaq?”, – adı Deyv olan kişi dedi.
"Öhdəsindən gələrəm. Borcunuzu yerinə yetirdiyinizə görə təşəkkür edirəm.  İndi isə sürüşüb buranı tərk etməlisiniz”.
Onlar gedəndən sonra Barklay dedi: "Paltonu çıxar ver mənə”.
Trasdeyl paltonu çıxardı və titrəməyə başladı. Paltonun altında yalnız alt köynəyi və velvet şalvarı vardı. Şalvar o qədər nimdaş idi ki, zolaqları sürtülüb getmişdi, Cimin bir dizi cırıqdan çölə çıxırdı. Şerif Barklay paltonun ciblərini yoxladı və R.V.Sirs Saat Kompaniyası kataloqundan cırılmış vərəqə bükülmüş bir qədər tütün və ödənişin peso ilə veriləcəyini vəd edən köhnə lotereya bileti tapdı. Bir də qara mərmər kürəcik vardı.
"O, mənə xoşbəxtlik gətirən mərmərdir, uşaqlığımdan məndədir”, – Trasdeyl dedi.
"Şalvarının ciblərini çevir”.
Trasdeyl ciblərini çevirdi. Cibində penni, üç dənə 5 sentlik sikkə və bükülmüş, Meksika lotereyası kimi köhnə görünən qəzet parçası vardı. O parçada Nevadadakı "gümüş qızdırması” haqqında yazılmışdı.
"Çəkmələrini çıxar”.
Trasdeyl çıxardı. Barklay çəkmələrin içinə baxdı. Çəkmələrin bir tayında 10 sentlik sikkə ölçüdə deşik vardı.
"İndi corablarını çıxar”.
Barklay onları içinə çevirdi və kənara atdı.
"Şalvarını aşağı sal”.
"Salmaq istəmirəm”.
 "Mənə orada nəyin olduğunu görməkdən artıq bir şey lazım deyil. Sal aşağı”.
Trasdeyl şalvarını aşağı çəkdi. Alt tumanı geyinməmişdi. 
"Arxanı çevir və sağrılarını yana çək”.
Trasdeyl çevrildi, əllərilə sağrılarını tutub yana çəkdi. Şerif Barklay üzünü turşutdu, dərindən nəfəs aldı və barmağını Trasdeylin anus dəliyinə soxdu. Trasdeyl inildədi. Barklay barmağını çıxardı,  Trasdeylin yüngül qaz buraxmağına yenə üzünü turşutdu və barmağını onun alt köynəyinə sildi.
"Cim, o haradadır?”
"Mənim şlyapam?”
"Yəni sənin g.tünün içinə şlyapa axtarmağa girdiyimi düşünürsən? Yoxsa peç külünün içində şlyapa axtardığımı fikirləşirsən? Ağıllı olmusan?”
 Trasdeyl şalvarını çəkib düymələdi. Ayaqyalın dayanıb titrəyirdi. Bir saat əvvəl evdə oturmuşdu, qəzet oxuyurdu və peçi yandırmaq istəyirdi, amma indi bunlar sanki uzaq keçmişdə qalmışdı.
"Sənin şlyapan mənim kabinetimdədir”.
"Onda niyə soruşursunuz bəs?”
"Sənin nə deyəcəyini eşitmək üçün. Şlyapa mənə maraqlı deyil. Bilmək istədiyim o qızın gümüş dollarını harada gizlətməyindir. Nə sənin evində, nə ciblərində, nə g.tündə yoxdur. Özünü günahkar bilib onu harasa atmısan?”
"Mənim heç bir gümüş dollardan xəbərim yoxdur. Şlyapamı geri ala bilərəmmi?”
"Yox. O, əşyayi-dəlildir. Cim Trasdeyl, Rebekka Klaynı qətlə yetirdiyin üçün mən səni həbs edirəm. Bu haqda demək istədiyin nəsə var?”
"Bəli, ser. Demək istəyirəm ki, mən Rebekka Klayn adında adam tanımıram”.
Şerif kameradan çıxdı, qapını örtdü və kilidlədi. Kamerada əsasən əyyaşlar saxlanırdı və onu nadir hallarda kilidləyirdilər. O, içəri Trasdeylə baxdı və dedi: "Təəssüf edirəm, Cim. Belə iş tutmuş adama cəhənnəm istisi azlıq edəcək”.
"Necə iş tutmuş?”
Şerif cavab verməyib, ağır addımlarla dustaq hücrəsindən uzaqlaşdı.
Trasdeyl kamerada qalırdı, yeməyi ona "Ananın balası”ndan gətirirdilər, çarpayıda yatır, böyük-kiçik ehtiyaclarını kameradakı günaşırı dəyişdirilən vedrəyə edirdi. Atası onu görməyə gəlmədi, çünki səksən yaşından sonra ağlını  itirmişdi və ona, biri Siu, o biri Çeyen qəbiləsindən olan iki hindu qadını baxırdı. Onlar bəzən, yurdsuzların gecələdiyi yerin, indi boş qalmış binanın astanasında durub dini himnlər oxuyurdular. Qardaşı isə Nevadaya, "gümüş ovu”na getmişdi.
Hərdən uşaqlar gəlib onun kamerasının qarşısındakı keçiddə durub: "Cəllad, cəllad, bura gəl” mahnısı oxuyurdular. Bəzən isə kişilər onun kamerasına yaxınlaşıb "artıq yerini” kəsəcəkləri ilə hədələyirdilər. Bir dəfə Rebekkanın anası gəldi və dedi ki, əgər icazə versəydilər, o, öz əlləri ilə Trasdeyli asardı. "O uşağa sən necə qıydın?! – barmaqlıqların arxasından soruşdu, – Onun cəmi on yaşı vardı, həmin gün də doğum günü idi”.
"Mem, – Trasdeyl çarpayıda ayaq üstə duraraq, qadına yuxarıdan aşağı baxıb dedi, – mən nə sizin qızınızı, nə də heç kimi öldürməmişəm”, – dedi. 
Qadın ona: "Murdar yalançı”, – deyib oradan uzaqlaşdı.
Demək olar ki, bütün şəhər qətl edilmiş qızın dəfninə toplaşmışdı. Hər iki hindu qadın da gəlmişdi. Hətta, "Bəxtli Çak”da hərlənən iki fahişə də orada idilər.  Trasdeyl oxunan nəğmələri öz hücrəsinin küncündə, vedrənin üstündə oturmuş vəziyyətdə dinləyirdi.
Şerif Barklay Fort Pyerə teleqraf göndərdi və bir həftəyə yaxın müddətdə  dairənin səyyar hakimi gəlib çıxdı. O, bu vəzifəyə yeni təyin edilmişdi və bu iş üçün bir qədər gənc idi, Uayld Bill Hikokun saçlarına oxşayan sarışın, uzun saçları çiyinlərinə tökülürdü. Adı Rocer Mizell idi. Kiçik və çevrə sağanaqlı eynək taxırdı. Barmağında nişan üzüyü gəzdirməsinə baxmayaraq, həm "Bəxtli Çak”da, həm də "Ananın balası”nda özünü gözləri qadın axtaran kişi kimi tanıtmışdı.    
Şəhərdə Trasdeyli müdafiə etmək üçün vəkil yox idi, ona görə Mizell ticarət şirkəti, qonaq evləri və "Yaxşı İstirahət” hotelinin sahibi Corc Endryusa müraciət etdi. Endryus Şərqdəki biznes məktəbində iki il təhsil almışdı. O,  yalnız xanım və cənab Klaynların buna razılıq verdiyi halda Trasdeyli  müdafiə edəcəyini dedi. 
"Onda gedin onlarla görüşün”, – Mizell dedi. O, bərbərxana kreslosunda arxaya yayxanaraq oturub, üzünü qırxdırırdı. "Bu işi çox uzanmağa qoymayın”.
Endryus sözünü deyib qurtarandan sonra cənab Klayn dedi: "Yaxşı, mənim  sualım var. Əgər onu müdafiə edəcək adam olmasa da onu asa bilərlərmi?”
"Bu, Amerika qanunlarına zidd olar, – Endryus dedi, – Biz hələlik Birləşmiş Ştatlarda olmasaq da, tezliklə olacağıq”.
"O, bundan qaça bilərmi?”, – xanım Klayn soruşdu.
"Yox, Mem, – Endryus dedi, – mən bunu mümkün hesab etmirəm”.
"Onda işinizi görün. Allah sizi hifz eləsin”, – xanım Klayn dedi.
Məhkəmə yarım gündən bir az artıq çəkdi. İclas bələdiyyə binasının zalında keçirilirdi və həmin gün bayırda gəlin krujevası kimi fırlanan qar çovğunu vardı. Şəhərə tərəf gələn göyümtül-boz buludlar böyük qasırğanın olacağından xəbər verirdi. İşlə yaxından tanış olan Rocer Mizell həm ittihamçı, həm də hakim vəzifəsini yerinə yetirirdi. 
Nahar fasiləsində "Ananın balası”nda yemək vaxtı andlı münsiflərin  birinin dilindən: "Bankir kimi özü-özündən borc alır, sonra da özünə faiz ödəyir”, – deyildiyini eşidənlər oldu. Buna etiraz edənlər olmasa da, yanlış olduğunu deyən də tapılmadı. Hər halda bu, qənaət etmək kimi bir şey idi.
Prokuror Mizell yarım düjün şahid dindirdi və Hakim Mizell verilən sualların heç birinə etiraz etmədi. Birinci cənab Klaynı dindirdi, sonuncu Şerif Barklayı. Baxılan hadisə sadə iş idi. Rebekka Klaynın qətlə yetirildiyi günün  günorta vaxtı onun ad günü qonaqlığı olmuş, tort və dondurma yemişdilər. Rebekkanın bir neçə rəfiqəsi də qonaq gəlmişdi. Saat iki radələrində balaca qızlar "Eşşəyə quyruq tax” və "Musiqili stullar” oynadıqları vaxt Cim Trasdeyl "Bəxtli Çak” barına girib, bir stəkan viski sifariş edir. Enli günlüklü şlyapası başında imiş. Tələsmədən viskisini içib qurtarır, sonra daha bir stəkan sifariş edir. 
Bu yerdə o şlyapasını çıxarıbmı? Bəlkə qapının yanındakı asılqanların birindən asıb? Heç kim xatırlaya bilmədi.
"Onu deyə bilərəm ki, mən onu heç vaxt şlyapasız görməmişəm, – bunu barmen Deyl Cerard dedi. "O, elə bil şlyapanın uzantısı idi. Əgər başından çıxarıbsa, yəqin yanına, bar piştaxtasının üzərinə qoyub. İkinci stəkanı içəndən sonra, bardan çıxıb getdi”.
"Barı tərk edəndə şlyapa onun başındaydı?”, – Mizell soruşdu.
"Yox, ser”.
"Siz gecə barı bağlayanda asılqanda şlyapa vardımı?”
"Yox, ser”.

Həmin gün Rebekka Klayn Baş küçədəki aptekə getmək üçün şəhərin cənubundakı evlərindən saat üç radələrində çıxıbmış. Anası ona deyib ki, ad gününə ona verilən dollara istədiyi konfeti ala bilər, amma onu yeməsin. Çünki həmin gün kifayət qədər şirniyyat yemişdi. Saat beşdə qızın geri qayıtmadığını görüb, cənab Klayn və başqa kişilər onu axtarmağa başlayıblar. Onlar qızcığazı Barker bağında, furqon dayanacağı və "Xoş istirahət”in arasında tapıblar. Onu boğmuşdular. Gümüş dolları da yoxa çıxmışdı.  Kədərin vurduğu ata əyilib onu qolları üstünə qaldıranda oradakı adamlar Trasdeylin geniş günlüklü, dəri şlyapasını görüblər. Qızcığazın bayramlıq donunun altında gizlədilibmiş.

Nahar fasiləsi vaxtı furqon dayanacağının arxasından, cinayətin baş verdiyi səhnənin doxsan addımlığından çəkic səsi gəlirdi. Dar ağacı qururdular. İşə, şəhərin ən yaxşı xarratı, adı da işinə uyğun olan cənab Con Haus (1) rəhbərlik edirdi. Qarşıdan böyük qarın gəlməsi gözlənilirdi, yəqin ki, Fort-Pyerin yolu bir həftəlik bağlanacaqdı, bəlkə də bütün qışı keçilməz olacaqdı. Heç kim Trasdeyli yaza qədər şəhər dustaqxanasında saxlamaq fikrində deyildi. Bu, israfçılıq olardı.

"Dar ağacı qurmaqda çətin bir şey yoxdur, – Haus tamaşaya yığılmış adamlara deyirdi, – bunu uşaq da düzəldə bilər”.
O, lyukun altındakı rıçaq mexanizminin necə işlədiyi haqda danışırdı. Son anda nəsə bir gözlənilməzlik olmasın deyə mexanizmi təkər yağı ilə yağlamaq lazım olduğunu deyirdi.
"Əgər siz bunu etməlisinizsə, elə birinci dəfədən etmək istəyəcəksiniz”, – Haus dedi.

Günortadan sonra Corc Endryus ifadə vermək üçün Trasdeylə müraciət etdi. Zalda oturanlar onu fitə basmaqla və uğultu ilə qarşıladılar. Hakim Mizell çəkicini vurub dedi ki, adamlar özlərini apara bilmirlərsə, hamını məhkəmə zalından çıxaracaq.    
Qayda-qanun bərpa olandan sonra Endryus soruşdu: "Hadisə baş verən gün sən "Bəxtli Çak” barında olmusanmı?”
"Yəqin, olmuşam, – Trasdeyl dedi, – Yoxsa burda olmazdım ki”.
Onun bu sözünə zaldan gülüş səsləri eşidildi. Mizell yenə çəkicini döyəclədi, halbuki özü də gülürdü, amma ikinci xəbərdarlıq vermədi.
"Sən orada iki dəfə içki sifariş etmisən, elə deyilmi?”
"Bəli, ser, iki dəfə. Mənim pulum iki stəkana çatırdı”.
"Amma dolları əlinə tez keçirdin, eləmi, oğraş!”, – Abel Hayns qışqırdı.
Mizell çəkicini əvvəl Haynsa tərəf yönəltdi, sonra qabaq sırada oturan şerif Barklaya tərəf tuşladı: "Şerif, lütfən, bu adamı bayıra çıxarın və qaydaları pozduğuna görə cərimə edin”.
Barklay həmin adamı bayıra çıxardı, amma onu cərimə eləmədi. Əvəzinə mozalanın onu harasından sancdığını soruşdu.
"Bağışla, Otis, – dedi Hayns, – mən onun üzünün sırtıq ifadəsini gördüm”.
"Sən get gör aşağı küçədə Con Hausa kömək lazım deyil ki, – dedi Barklay – Özün də bu həngamə qurtarmayınca buralara qayıtma”.
"Onun bəs qədər köməkçisi var orada, qar çovğunu da güclənir...”
"Qorxma, səni aparmaz. Haydı!”.

Bu arada, Trasdeyl ifadə verməkdə davam edirdi. Yox, "Bəxtli Çak”dan çıxanda şlyapa başında olmayıb, amma evə çatana qədər bunu hiss eləməyib. Evə çatanda piyada getməkdən elə yorulubmuş ki, geri qayıdıb onu axtarmaq istəməyib. Həm də artıq qaranlıq düşübmüş.

Mizell onun sözünü kəsdi: "Siz məhkəməni inandırmaq istəyirsiniz ki, o andır şlyapanızın başınızda olub-olmadığından xəbərsiz dörd mil piyada yol getmisiniz, eləmi?” 
"Yəqin, o daim mənim başımda olduğu üçün yenə də başımda olduğunu zənn etmişəm”, – Trasdeyl dedi. Bu, zalda yeni gülüş dalğası doğurdu.
Barklay geri qayıdıb Deyv Fişerin yanındakı yerində oturdu və "Bunlar nəyə gülür?”, – soruşdu.
"Bu bambılını cəlladın asmağı lazım deyil, – Fişer dedi, – özü boğazına kəndiri keçirir. Belə şeyə gülmək yaxşı deyil, amma çox gülməlidir, adam özünü saxlaya bilmir”.
"Sən o bağda Rebekka Klayna hücum etmisən?”, –  Corc Endryus uca səslə soruşdu. Bütün gözlərin ona zilləndiyini görən Endryus özündə, indiyədək gizli qalmış dramatizm yaratmaq qabiliyyəti kəşf etdi. "Sən ona hücum edib, ad gününə hədiyyə aldığı dolları oğurlamısan?”
"Yox, ser”, – Trasdeyl dedi.
"Sən onu öldürmüsən?”
"Yox, ser. Mən onu heç tanımırdım”.
Cənab Klayn oturduğu yerdən durdu və qışqırdı: "Yalan danışırsan, sən bunu etmisən, it oğlu!”
"Mən yalan danışmıram”, – Trasdeyl dedi və bu an Şerif Barklay ona inandı.
"Mənim başqa sualım yoxdur”, – Endryus dedi və qayıdıb öz yerində oturdu.
Trasdeyl ayağa durmaq istəyirdi, amma Mizell ona dedi ki, başqa suallara da cavab vermək üçün hələ otursun.
"Cənab Trasdeyl, siz hələ də iddia edirsiniz ki, "Bəxtli Çak”da içdiyiniz vaxt kimsə sizin şlyapanızı oğurlayıb başına qoyub və bağa gedərək Rebekka Klaynı öldürüb, sonra  sizi  cavabdəhəndə etmək üçün şlyapanı ora qoyub?”
Trasdeyl sakit dayanmışdı.
"Suala cavab verin, cənab Trasdeyl”.
"Ser, mən "cavabdəhəndə” nə demək olduğunu bilmirəm”.
"Gözləyirsiniz ki, biz başqasının sizi bu iyrənc qətl işinə saldığına inanaq?”
Trasdeyl əllərini qoynunda büküb fikrə getdi. Sonunda dedi: 
"Bəlkə kimsə səhvən götürüb, sonra da onu atıb”.
Mizell nəzərlərini zaldakılara, prosesin bütün diqqətini cəzb etdiyi kütləyə sarı yönəltdi. "Burda heç kim səhvən cənab Trasdeylin şlyapasını götürməyib ki?” 

Sakitlik çökmüşdü, təkcə qarın pəncərələri döyəcləməsi səsi gəlirdi. Qışın ilk çovğunu gəlib çıxmışdı. Belə qışı şəhər sakinləri "Qurd qışı” adlandırırdılar, çünki Qara Təpələrdən enib gələn canavar sürüləri zibillikləri eşələyib yemək axtarırdılar.
"Mənim daha sualım yoxdur, –  dedi Mizell, – və havanın belə olmasına görə yekun nitqlərini ixtisara salırıq. Andlı münsiflər qərar vermək üçün zalı tərk edəcəklər. Sizin üç qərarınız ola bilər, centlmenlər, – günahsızdır, qəsdsiz qətldir və ya qəsdən törədilən, birinci dərəcəli qətldir”.
Kimsə yerdən: "Uşaq qətli daha uyğundur”, – dedi.
Şerif Barklay və Deyv Fişer "Bəxtli Çak”a getdilər. Abel Hayns da paltosunun qolundakı qarı çırpa-çırpa onlara qoşuldu. Deyl Cerard barın hesabına onların hərəsinə bir parç pivə verdi.
"Mizellin heç bir sualı olmaya bilər, amma mənim bir sualım var. Şlyapa sübut deyil. Əgər Trasdeyl o qızı öldürübsə, niyə gümüş dollar tapılmır?”,  – Barklay dedi. 
"Çünki, o qorxub və sikkəni atıb”, – bunu Hayns dedi.
"Mən elə düşünmürəm. Bunu etməyə onun axmaqlığı imkan verməz. Əgər o dollar onun əlində  olsaydı, "Bəxtli Çak”a qayıdıb hamısını içkiyə verəcəkdi”.
"Nə demək istəyirsən, yəni düşünürsən ki, o günahsızdır?”, – Deyv soruşdu.
"Demək istəyirəm ki, mən sikkənin tapılmasını vacib hesab edirəm”.
"Bəlkə cibinin deşiyindən salıb itirib”.
"Onun ciblərində deşik-zad yoxdur, – Barklay dedi, – ancaq ayaqqabısının tayında deşik var, o da o boyda deyil ki, ordan dollar keçsin”. Pivəsindən bir qurtum aldı. Baş küçə ilə yuvarlanan dəvəotu topaları qarla naxışlanmış kabus beyinlərinə oxşayırdılar.
Münsiflərin məşvərəti saat yarım çəkdi. Sonradan Kelton Fisher deyirdi ki: "Biz elə birinci səsvermədə onun asılmağına qərar verdik. Lakin kənardan hər şeyin sanballı görünməsini istəyirdik”. 
Mizell hökm oxunmamışdan əvvəl Trasdeylin deməyə sözünün olub-olmadığını soruşdu.
"Ağlıma bir şey gəlmir”, – Trasdeyl dedi. "Ancaq onu deyirəm ki, mən o qızı öldürməmişəm”.

Çovğun üç gün çəkdi. Con Haus, Trasdeylin çəkisinin Barklayın fikrincə nə qədər olduğunu soruşdu və o da  təxminən 140 funt (2) olacağını dedi. Haus qaba kətandan toxunmuş torbadan müqəvva düzəltdi, sonra içini daşla doldurub qonaq evinin qapanında çəkdi və qapanın əqrəbi düz 140 göstərənə qədər  tarazladı. Haus müqəvvanı asanda şəhərin yarısı qar təpəciklərinin ətrafında durub tamaşa edirdi. Sınaq edamı uğurlu keçdi.
Edamdan əvvəlki gecə hava aydınlaşdı. Şerif Barklay Trasdeylə dedi ki, axşam yeməyinə ürəyindən keçəni istəyə bilər. Trasdeyl ət qızartması və qayğanaq, bir də souslu ev kartof qızartması istədi. Barklay pulu öz cibindən verib yeməkləri gətirdi. Sonra iş stolunun arxasına keçib dırnaqlarını təmizləməyə və eyni zamanda Trasdeylin çəngəl-bıçağının cini qablara dəyməsindən çıxan cingilti səslərini dinləməyə başladı. Səs kəsiləndə durub kameraya girdi. Trasdeyl çarpayısında oturmuşdu. Boşqab elə təmiz idi ki, Barklay onun boşqabı son damcı sousa qədər it kimi yaladığını düşündü. O ağlayırdı.
"Ağlıma indi gəldi”, – Trasdeyl dedi.
"Nə gəldi ağlına, Cim?”
"Əgər məni səhər assalar, ət qızartması ilə qayğanaq da mənim qarnımda qəbirə gedəcək. Onları həzm etməyə imkan olmayacaq”. Bir anlıq, Barklay bilmədi nə desin. Onu dəhşətə gətirən deyilən səhnə deyil, belə şeyin Trasdeylin ağlına gəlməsi idi. Sonra dedi: 
"Burnunu sil”.
Trasdeyl burnunu sildi.
"İndi məni dinlə, Cim, çünki bu sənin son şansındır. Sən o barda axşama yaxın olmusan. O saatda orada çox adam olmur. Elə deyilmi?”
"Hə, məncə elədir”.
"Onda, sənin şlyapanı kim götürüb? Gözlərini yum. Yadına sal. Gör onu”.
Trasdeyl gözlərini yumdu. Barklay gözlədi. Nəhayət Trasdeyl ağlamaqdan qızarmış gözlərini açdı. "Mən heç onun başımda olub-olmadığını da xatırlaya bilmirəm”.
Barklay dərindən köks ötürdü. "Boşqabı mənə ver, bıçaqla ehtiyatlı ol”.
Trasdeyl çəngəl və bıçağı boşqabın içinə qoyub, barmaqlığın arasından verdi və bir az pivə içmək istədiyini dedi. 
Barklay bu haqda bir qədər fikirləşdi, sonra öz ağır paltosunu geyinib, stetson şlyapasını başına qoydu, düşüb "Bəxtli Çak”a getdi və Deyl Cerardan  balaca vedrə boyda qabda pivə aldı. Dəfn işləri ustası Hayns şərab stəkanını içib qurtarmaqda idi. O, Barklayın arxasınca çıxdı.
"Sabah böyük gündür, – Barklay dedi, – on ildir burda heç kimi asmayıblar, bəxtimiz gətirsə, bundan on il sonra da heç kimi asmazlar. O vaxta kimi də mən qulluqdan gedərəm. Kaş indi getmiş olaydım”.
Hayns ona baxdı: "Sən doğrudan da qızı onun öldürmədiyini düşünürsən”.
"Əgər o öldürməyibsə, qatil hələ buralarda gəzir”, – Barklay dedi.
Edam, sabahı gün saat doqquza təyin olunmuşdu.  Havanın küləkli və sərt soyuq olmasına baxmayaraq, şəhər sakinlərinin əksəriyyəti tamaşaya yığışmışdılar. Keşiş Rey Roulz eşafotda Con Hausun yanında dayanmışdı. Hər ikisi əyninə palto geyinib şərf bağladıqlarına baxmayaraq soyuqdan əsirdilər. Külək pastor Roulzun İncilinin vərəqlərini çevirirdi. Hausun qurşağından asılmış, əllə toxunmuş parçadan hazırlanmış və qara rəngə boyanmış kapüşon-başlıq da o yan-bu yana yellənirdi.
Barklay əlləri arxasında qandallanmış Trasdeyli edam yerinə gətirdi. Pilləkənə çatana qədər Trasdeyl sakit görünürdü, ora çatanda isə qışqırıb-ağlamağa və dartınmağa başladı.
"Etməyin”,– dedi. "Bunu etməyin, xahiş edirəm. İncitməyin məni lütfən. Xahiş edirəm, öldürməyin məni”.
O, boy-buxununa nisbətən daha güclü idi və Barklay əl yetirmək üçün Deyv Fişerə işarə elədi. Onlar birlikdə, dartınan, çırpınan, müqavimət göstərən Trasdeyli basıb taxta pilləkənlə on iki pillə qaldırdılar. O, var gücü ilə çırpındığı üçün bir an üçü də yıxıla bilərdi deyə, tutub-saxlamaq üçün yerdən onlara tərəf bir neçə əl uzandı.
"Qurtar bunu, heç olmasa öləndə kişi kimi öl”, – kimsə qışqırdı.

Platformanın üzərində Trasdeyl birdən sakitləşdi, ancaq pastor Roulz 51-ci surəni oxumağa başlayanda yenə çığırtısı aləmi götürdü. "Məməsi məngənə arasında qalıb sıxılmış qadın kimi”, – bunu sonradan kimsə "Bəxtli Çak”da deyirdi.
"Mənə rəhm et ya Rəbbim, məndən öz mərhəmətini əsirgəmə, İlahi”, – məhkumun çığırtısını batırmaq üçün Roulz ucadan oxuyurdu. "Öz mərhəmətinin böyük səxavəti ilə məni günahlarımdan xilas et”.
Trasdeyl Hausun qurşağından qara başlığı çıxardığını görəndə it kimi ləhləməyə başladı. Başını yana çəkir, başlıqdan yayınmağa çalışırdı. Saçları o yan-bu yana uçurdu. Haus, inad atı yüyənləmək istəyən adam kimi, səbirlə onun hər hərəkətinin ardınca əlini aparırdı. 
"Mənə dağlara baxmağa imkan verin!”, – Trasdeyl bağırırdı.  Burnunun deşiyindən selik sallanırdı. "Siz bircə dəfə də mənə dağlara baxmağa icazə versəniz, mən özümü yaxşı aparacağam!”
Amma Haus qara başlığı onun başına keçirib titrəyən çiyinlərinə qədər çəkdi. Pastor Roulz burnunda nəsə mızıldayırdı, Trasdeyl isə taxta meydançadakı lyukdan kənara qaçmağa çalışırdı. Barklay və Fişer onu itələyib lyukun üzərinə qoydular.
Aşağıdan kimsə: "İndi orada çap... kovboy!”, – qışqırdı.
"Amin deyin, – Barklay pastor Roulza dedi, –  İsa Məsih xatirinə, amin deyin”.
Pastor Roulz "Amin”, – dedi və geriyə addım ataraq İncili şappıltı ilə örtdü.

Barklay başı ilə Hausa işarə verdi. Haus lingi çəkdi. Yağlanmış mexanizm geri qaçdı və lyukun qapağı düşdü. Arxasınca da Trasdeyl. Boynu sınanda bərkdən xırçıltı eşidildi. Ayaqları az qala çənəsinə qədər  qalxdı, sonra yavaş-yavaş aşağı düşərək  sallandı. Ayaqlarının altındakı qarın üzərinə sarı rəngli damcılar düşməyə başladı.
"Al payını, rəzil!”, – Rebekka Klaynın atası qışqırdı. "İt divara işəyən kimi, işəyib gəbərdi. Cəhənnəmin mübarək!” 
Bir neçə nəfər əl çaldı.
Trasdeylin hələ də başlıq keçirilmiş meyiti onu evindən şəhərə gətirən arabaya qoyulana qədər toplaşmış adamlar dayanıb tamaşa elədilər. Sonra dağılışdılar.

Barklay geri, dustaq kamerasına qayıtdı və Trasdeylin hücrəsində oturdu. On dəqiqə keçdi. Ağzından buxar çıxacaq qədər soyuq idi. Nəyi gözlədiyini bilirdi və nəhayət gözlədiyi gəldi.  Trasdeylin pivə içdiyi balaca vedrəni əlinə götürdü və içinə qusdu. Sonra öz otağına keçib peçi qaladı.
 Abel Hayns içəri girəndə o artıq səkkiz saat idi ki, orada idi, kitab oxumağa çalışırdı.  Hayns dedi: 
"Sən meyitxanaya düşməlisən, Otis. Sənə bir şey göstərmək istəyirəm”.
"Nə?”
"Yox, yəni sən özün bunu görmək istəyəcəksən”.
Onlar aşağı enib "Hayns dəfn mərasimi və meyitxana” adlanan yerə getdilər. Arxa otaqda Trasdeylin lüt meyiti soyuqda stolun üzərinə uzadılmışdı. Kimyəvi məhlulların və nəcisin iyi bir-birinə qarışmışdı.
"Adamlar bu cür öləndə şalvarı doldururlar, – Hayns dedi,– Lap başını dik tutub dar ağacına gedənlər də belə edir. Başqa cür olmur.  Bağlayıcı əzələ saxlamır”.
"Və?”
"Bura gəl. Məncə, sənin vəzifəndə işləyən adam poxlu şalvardan daha pis şeylər görüb”.
Şalvar yerdə idi, astarına çevrilmişdi. Nəcislərin arasında nəsə parıldayırdı. Barklay aşağı əyildi və bunun gümüş dollar olduğunu gördü. Əlini uzadıb onu nəcisin arasından götürdü.
"Mən bunu anlamıram, – Hayns dedi, – bu it oğlu kifayət qədər uzun müddətdir qıfıl altındaydı”.
Küncdə stul vardı. Barklay ağır-ağır stula oturdu və sakitcə "uff”, – dedi.
"Görünür, o, bizim birinci dəfə fənərlə gəldiyimizi görəndə onu udub. Və hər dəfə bayıra çıxandan sonra onu təmizləyib yenidən udurmuş”.
İki kişi bir-birinə baxırdı. 
"Sən də ona inanmışdın”, – nəhayət Hayns dedi.
"Çünki axmağam. Ona görə də inanmışdım”.
"Yəqin, bu, ondan çox səndən xəbər verir”.
"O, axıra qədər günahsız olduğunu dedi. Bəlkə indi Allah dərgahında da eyni şeyi təkrar edir”.
"Hə”, – Hayns dedi.
"Mən anlamıram. O, edama gedirdi. Hər halda o, edam olunacaqdı. Sən bunu anlayırsan?”
"Mən heç günəşin niyə çıxdığını da anlamıram. O dolları nə etmək fikrindəsən? Qızın valideynlərinə qaytaracaqsan? Bəlkə də bunu etməsən daha yaxşı olar, çünki...”, – Hayns çiyinlərini çəkdi.
Çünki Klaynlar bunu əvvəldən bilirdilər. Şəhərdə hamı bunu əvvəldən bilirdi. O, yeganə adam idi ki, bunu bilmirdi. Axmaqdır, ona görə.
"Onu nə etmək istədiyimi bilmirəm”, – dedi.

Külək əsdi və uzaqdan nəğmə səsi gətirdi. Səs kilsədən gəlirdi, Mədhiyyə idi.

İngiliscədən tərcümə: Kazım Səlimov
edebiyyat.biz

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.