Küyülü Nəccari Səid - Yığva

22.11.16

Avanqard.net cənublu yazar Küyülü Nəccari Səidin "Yığva"(1) hekayəsini təqdim edir.

Yaşar, "Güc-bəlayla bu gecə üçün bizə vaxt verib. Heç gör telefonunu açırdı! Qapısına getdim, onunla yaxından danışdım," dedi.
Əhməd, "Hə, eşitmişəm bugünlərdə bazarı yaman qızışıb, əmoğlum deyirdi şənliyimizə çağırdıq, dedi gərək iki ay qabaqdan çağıraydınız, vaxtım doludur!" dedi.
Qasım, ''Geçən həftə kiçik qaynımın toyuydu, elə bu Mırtağa'nı də'vət eləmişdilər, iki saatlıq gəldi, yeriniz boş, yaman güldük, ürəyi geçənlər də oldu," dedi.
Mən, "Adı Mırtağa'dır?!" deyə soruşudum.
Yaşar, "Yox, adı Xanoğlan'dır, amma el şənliklərində camaatı güldürdüyünə görə xalq ona Mırtağa deyir," dedi.
Qasım, "Hə, sən axı Tehran'da yaşayırsan, ona görə burada olub-geçənlərdən elə xəbərin olmur. Burada toyda həm musiqi var həm də arada Mırtağa camaatı güldürür, bir neçə il olar toylar belə gedir," dedi.
Əhməd, "Hə də, Tehran'da Mırtağa'nı haradan tapacaqsan?!" dedi.
"Tehran'da da bə'zi restoranlarda Mırtağa kimi adamlar var," deyə gülümsündüm.
Qasım, "Hələ de görək haçan gələcək bura?" deyə Yaşar'dan soruşdu.
"Son dəfə dünən günorta çağı onunla danışdım. Öncə telefonunu yenə açmayacaq sandım, amma son zəng siqnalında açdı. Dedi bu gecə on ikidə burada olacaq. Bir toyda çıxışı var, ondan sonra bura gələcək. Ön ödəniş üçün də əlli min hesabına yatırtdım. Öz yanında bir hesab-kitabı var, özü üçün beləsinə bazar qızışdırır," deyib güldü.
"Hələ arxayınsan gələcək?" deyə soruşdum.
Yaşar cavab verməmişdən öncə Əhməd birdən sözün ortasına atıldı.
"Hə də, neçə yol zəng eləyib, gedib yaxından da danışıb. Artıq, Yaşar onu gətirmək üçün lazım olası e'tibarı qazanıb!" dedi.
Gülüşmə səsi bürüdü otağı. Yaşar'ın haqqıltısı, Əhməd'in qaqqıltısı, Qasım'ın pıqqıltısı, mənim qıqqıltım. Deyəsən bizim mırtşovlu gecəmiz elə axşam çağından başlamışdı. Bütün bunlar Mırtağa'nın məclisinə bir giriş ola bilərdi. Neçə ildən sonra uşaqlıq yoldaşlarımla bir yerə yığışıb uşaqlıq illəri kimi bir neçə saat üçün bütün qayğılarımızı, fikirlərimiz unudub, otuz il öncəyə qayıtmaq istəyirdik bu gecə. Hələ başda elə bu Mırtağa'nın gəlməyi mırta çevirilmişdi, gör indi Mırtağa'nın özü gəlsəydi nə olacaqdı!
İllər sonra yenə bir gecə bağda geçirəcəkdik. Yaşar'gilin bağının köməsi (2) elə uşaqlıqda gəldiyimiz xam kərpicdən tikilmiş köməydi, sadəcə bir az üst-başına əl çəkilmişdi, tə'mir işləri aparılmışdı.
Yaşar, "Bu il deyəsən qış tez gələcək. Hələ kiçik çilləyə bir ay qalmış havalar soyuyub," deyib sobanın içinə neçə parça odun itələdi. Sonra altdakı közü bir az eşələdi. "Dünən gecə də buradaydıq, gecələr kömə soyuq olur."
Qasım eşikdən doldurduğu çaydanı sobanın üstünə qoydu. Yaşar kömənin qapısını açdı, bağa çıxmaq istədi. Qapının arasından sazaqla birlikdə bozbaşın iyi də içəriyə girdi.
"Deyirəm yaman acmışam a, ay Yaşar," deyə gülümsündüm.
Yaşar, "Yemək də pişib, çoxdan asmışam, gedirəm gətirəm," deyə kömədən çıxdı.

Şamı yeyib yığışdırmağımız bir saatdan çox çəkdi.
Yaşar'a, "Heç bilmirdim belə yaxşı aşpazsan!" deyib təyid üçün Əhməd'lə Qasım'a baxdım.
Yaşar güldü.
Qasım, "Da adamın arvadı rəis olanda bə'zi xeyirləri də adama toxunur. Ac ki qalmayacaq!" deyib güldü.
Əhməd, "Elədir. Bax, mən ki ancaq yumurtanı suda pişirə bilirəm, o da məcbur qalanda. Allah arvadı bizə çox görməsin!" dedi.
Onun sözünün ardını tutan Qasım, "Mən də yumurtanı iki cür pişirə bilirəm, yağda, suda," deyib güldü.
"Bərəkalla sənə, xanım olamasa, sən Əhməd'dən bir az daha çox diri qala bilərsən!" dedim.
Hərə öz gülmək tərzi ilə yenə otağı cingildətdi. Mənim gülməyimin bir azı deyilən sözlərə, bir azı da atılan gülüşlərin səsinə görəydi. Uşaqkən Yaşar'la Qasım şəhərdəki tanıdığımız çeşidli adamların danışığını, gülüşünü, davranışını yamsılayıb bizi güldürərdilər. Neçə il ayrılıqdan sonra bəlkə bu gülüşlər, mənim kimi onlara da o yamsılamaları xatırladırdı.
"Mən də elə çox yemək pişirə bilmərəm, yani xanım bir həftədən çox evdə olmasa, ikinci həftədən pişirdiyim yeməkləri başdan başlamalı oluram," deyib gülümsündüm.
Qasım, "Onda yemək pişirməkdə aldığımız xallarla özümüzü sıralamaq istəsək, Yaşar'a on xal, Aydın'a beş xal, mənə üç xal, Əhməd'ə də bir xal, o da ürəyi sınmasın deyə, yoxsa bir xaldan da az ola bilərdi," deyib gülməyə saldı bizi. Əlbəttə Əhməd'in qulaqları bir az qızardı.
Yaşar,"Bizim xanım ki elə ilk gündən məndən gec gəlirdi evə, işi çox olurdu. Ona görə başımın çarasına baxmalı oldum. Amma haqdan geçməməliyəm ki, xanımım restoranları yaxşı tanıyır!" deyib gülüşüylə doldurdu köməni.

Yaşar çayı qurtumlaya-qurtumlaya qolundakı saata bir baxdı. Bənizində bir az nigaranlıq var idi. Qasım'la Əhməd hərəsi bir balınca dirsəklənib qıçlarını uzatmışdılar. Mənlə Yaşar da kürəyimizi duvara söykənən balınca dayayıb bağdaş qurmuşduq.
"Mırtağa yubanıb?" deyə soruşdum.
"Yox, hələ, gəlməyinə bir az qalıb," dedi Yaşar.
Əhməd ikinci çayını tökdü fincana.
Çayının tilifini qurtuldadan Qasım kəhildəyərək, "Deyirəm gülməklərimizdən bir az da saxlayaq Mırtağa üçün, qorxuram o gələnəcən gülməyimiz kökündən tükənmiş olsun," deyib güldü.
Əhməd, "Hə, düz deyirsən, gülməyimiz bitərsə Mırtağa'ya verəcəyimiz pul batacaq," dedi.
Yaşar, "Qorxmayın, onun dəyindiyi mövzular yepyenidir, məclisə baxır duruşunu seçir," dedi.
"Bu Mırtağa'nı o qədər tə'rifləyibsiniz ki, səbirsizliklə onu gözləyirəm. Sanıram elə qapıdan içəri gircək məni gülmək basacaq," deyib güldüm.
Qasım, "Mırtağa'nın üz-gözü, üst-başı da gülməlidir, adam əvvəldə onun özünə gülür, danışandan sonra sözünə gülmək də qarışır özünə gülməyə," deyib pıqqıldadı.
"Onda yüz səksən dərəcə güldürür adamı: doxsan özü, doxsan da sözü! Hələ deyin görək bu Mırtağa kimlərdəndir? Buralıdır?" deyə soruşdum.
"Aslan Əmi'nin oğludur. Tanıyırsan da, yox?!" dedi Yaşar.
Başbarmağımla çənəmi qaşıyaraq, "Hansı Aslan Əmi?" deyə soruşdum.
"Bazar Körpüsü'nün yanında kababçı tükanı var idi ha," deyə Qasım cavab verdi.
Sevinərək, "Hə, hə, yadıma düşdü, uşaqlıqda bir neçə dönə atamla orada kabab yemişdik. Mirasa qalmış kabablarının yaman iyi gələrdi. Günorta çağı məktəbdən gələndə onun qabağından geçərdik, bir yandan acından qarnımız quruldayardı, bir yandan da kabab iyi burnumuzu şişirdərdi," dedim.
"Hə, elə özüdür," dedi Əhməd.
"Hə, hə, düzdür, sağ ol. Mən o günləri unutmuşdum, yaxşı sənin yadında qalıb, Aydın!" gülümsünərək dedi Yaşar.
Qasım, "Bir gün məktəbdən evə gəldim, yaman acmışdım, beş oxuyurdum. Gördüm evdə kimsə yoxdur, soraqlaşdım gördüm anam gedib Balqız Xala'gilə. Qoca bir qadın idi, tək yaşayardı, əri ölmüşdü, bir oğlu var idi, o da Ərdəbil'ə köçmüşdü. Çox işlərinə elə anam yetişərdi. O gün Balqız Xala'nın başı gicəlmişdi, yerə yıxılmışdı. Anam getmişdi ona dəysin, onu o vəziyətdə görmüşdü. Mətbəxə getdim gördüm günorta yeməyindən xəbər yoxdur. Çoxdan idi Aslan Əmi'nin kababının həsrəti ürəyimdə qalmışdı, atama da neçə dəfə demişdim, amma mənə kabab almamışdı. Bir yandan acımdan gözlərim qaralırdı, bir yandan da naharın olmaması məni fikrə salmışdı. Çanta-zadımı evə qoyub qaça-qaça getdim Aslan Əmi'nin tükanına. Yemək çağı olduğuna görə tükanda üç-dörd adam var idi, kənd alverçisiydilər," dedi. Bir az udqundu. Soyumuş çay fincanını başına çəkib yerə qoydu.
Hamımız üzügülüşlü onun sözlərini dinləyirdik.
"Hə, bucaqda bir oturacaq boş idi, tükana girib orada oturdum. Aslan Əmi mənə təəccüblə baxdı. 'Hə, nədir oğlum,' dedi. Dedim,'ay Aslan Əmi atam dedi ki, mənə iki kabab verin yeyim, özü gəlib pulunu ödəyəcək.' Aslan Əmi dəmənim sözümə inanıb, manqalın içindəki közlü kömürün üstünə iki şiş döymə kabab qoydu. Kabab pişənəcən mənim ağzımın suyu axıb töküldü. Sonunda kababı yeyib tükandan çıxanda Aslan Əmi soruşdu, 'xoşuva gəldi a bala.' Dedim,'çox yeməliydi, sağ olun, Aslan Əmi.' Evə qayıtdım, bir azdan anam gəldi. Deyəsən Balqız Xala'nın halı düzəlmişdi. Atam gündə saat ikidə işdən gələrdi, ondayacan anam naharı asıb pişirdi. Mən də üzdəngeçmə süfrədə bir əl dolandırdım. Bir ay-zad bu olaydan geçdi, bir gün gördüm atam evə gəldi, çox qeyizli idi, otağa girdi, məni görcək bir şapalaq geydirdi sağ qulağımın dibindən. Anam evdə yox idi məni onun əlindən alsın. Bir şapalaq daha qoydu sol qulağımın dibindən. Ağzım açıq qalmışdı, atam məni niyə vururdu. Ağlaya-ağlaya dedim, 'ay ata, axı neyləmişəm?!' Dedi, 'özbaşına gedib kababçıda kabab yeyirsən, yalan danışırsan, məni də işindən xəbərsiz qoyursan?! Bugün Aslan qabağımı kəsdi dedi bəs bizim borcu haçan verəcəksən, dedim nə borcu?! Dedi bəyəm xəbərin yoxdur, axı o gün oğlun gəlib bizim tükanda kabab yedi, dedi atam gəlib hesablayacaq. Külbaşıva, mənim abrımı tökürsən?! Bir də budan sonra bu oyunlardan çıxsan, belə vurram ölün qalar.' Atam otaqdan hirslə çıxdı,"deyib sözünü bitirdi Qasım.
Biz gülməkdən geçinmişdik. Bir çaynik çayı heç bilmədik haçan töküb içmişik.
Yaşar, "Öncə kabab, sonra kötək! Deyirlər kababdan sonra kötək yaman yapışar!" deyib güldü.
"Sən lap elə atalar sözü yaratdın a, Yaşar!" deyib güldüm.
Yaşar'ın haqqıltısı otağı doldurdu.
Əhməd, "Əcəb oyun olub!" deyə Qasım'ın xatirəsinə fikir bildirdi.
Yaşar Qasım'a, "İndi ki sən onu dedin, mənim də bir xatirə yadıma düşdü," dedi.
Əhməd, "De görək sən kimin başına börk qoyubsan!" deyib qaqqıldadı.
Əhməd'in sözünə mi yoxsa qaqqıltısına mı Qasım'ın gülməyi tutdu. Onun ardınca mən də güldüm, sonra bir anda kömədə müxtəlif gülüşlər cingildədi.
"Yadınızdadır isti yay gecələrində sərinləmək üçün hərdən damda yatardıq?" dedi Yaşar.
Hamımız birdən, "Hə, hə, hə," dedik.
"Mən damda yatmağı çox sevərdim, ulduzlara baxa-baxa, onları saya-saya yuxuya dalmağın ayrı bir kefi var idi. Elə indi də xanımın qorultusunu canıma alıb, hərdən damda yataram," dedi Yaşar.
Əhməd, "Yaxşı bir fikirdir ə, biz də hərdən xanımdan izin alıb damda yataq," deyib güldü.
Bizim gülüşlərimiz Yaşar'ın sözünü kəsdi. Yaşar da bizə qoşulub güldü.
"Hə, Mən uşaq olanda Aslan Əmi'gil bizimlə qonşuydular. Bir il yayda Aslan Əmi'nin Tehran'da yaşayan qardaşıgil onlara gəlmişdilər, o isti gecələrin birində kişi xaylaqları damda yatmağa qərar verirlər. Aslan Əmi, qardaşı İmran, qardaşı oğlu Həmid, oğlanları İban'la Mırtağa yatmağa dama çıxırlar. Yorğan-döşək salıb uzanırlar. Həmid'in atası deyir ki, 'mənim oğlum bə'zi gecələr durub yuxuda yeriyər, neçə dəfədə gecə durub gedib o yan bu yana dəyib özünü yaralayıb. Ona görə hərdən evdə onu topuğundan pəncərənin tutucağına bağlayırıq. Əlbəttə təzəlikdə yuxuda yeriməsi bir az azalıb, amma yenə də ehtiyat üçün onu bir yerə bağlasaq yaxşı olar.' Nəhayət Həmid'i bir kəndirlə topuğundan taxta bir kətilə bağlayırlar. O gecə biz də damda yatmışdıq, birdən gecə yarısı hay-küy səsiylə yuxudan atıldıq. Bir tərəfdən 'vay başım, vay qıçım!' sızıltısı gəlirdi, bir tərəfdən 'nə oldu, Həmid, başıva nə gəldi?!' bağırtısı, bir tərəfdən 'vay, evim yıxıldı, oğlum!' qışqırtısı məhəlləni bürümüşdü. Bütün qonşular Aslan Əmi'gilin qapısına tökülüşdülər. Getdik gördük bəli, Həmid oğlan gecə durub yuxuda yeriyib, kətili də özüylə sürütləyib, gəlib damdan düşüb dar küçəyə, şansından dam alçaqmış, küçədə də qum varmış, elə o qumun üstünə düşüb," dedi Yaşar.
Sözün burasında Yaşar'ı gülmək tutdu, o xatirə deyərkən yavaş-yavaş gülən bizlər Yaşar'la birlikdə gülməyə boğulduq.
"Sonra nə oldu?!" deyə soruşdum.
"Nə olacaq daha! Oğlanın anasına, özünə qənd su verən kim, onların kürəyini ovan kim, Aslan Əmi'yə İmran'a ürək verən kim! Daha ara qarışdı, məssəb itdi. Sonunda bir saat müzakirədən, müşavirədən sonra hamı bir qurbanlıq kəsilmək qərarına vardı. Qurbanlığın xərci də Aslan Əmi'nin boynuna qoyuldu," deyib fincanını götürdü Yaşar.
Əhməd, "Əcəb oyun olub!" dedi.
Yaşar saatına baxdı. "Mırtağa'nın gəlməsinə bir saat qalır hələ," dedi.
Qasım ayağa qalxıb bayıra çıxdı, qayıdanda əlində bir bulud heyva var idi.
Əhməd gülümsünərək, "Ədə, onları yesək gecə yarısına bir də acarıq ki!" dedi.
"Eybi yoxdur, durub obaşdan pişirərik!" dedi Yaşar.
Əhməd qımışdı, qaqqıldadı.
Yaşar, "Hə, nə oldu, Əhməd, birdən qıqqıltıya düşdün?!" deyərək dodağı qaçdı.
Əhməd gülə-gülə, "Heç zad, heyvaları gördüm bir xatirə yadıma düşdü, ona gülürəm," dedi.
Qasım, "De görək. Deyəsən sıra sənə çatıb." dedi.
"Yenicə yeniyetməlik çağına girmişdim, başım yelli idi. Dayımoğlu Mahmud'a qoşulub qalmayan yaramazlıqdan çıxırdıq. Hələ Mahmud lap nadinc idi, daş-duvara dırmaşardı, məhəllədə uşaqları döyərdi, hərdən də özü döyülərdi, dərsə fikir verməzdi, it-pişik boğuşdurardı. Mən yaramazlıqda Mahmud'a çatmazdım, amma ona qoşulanda nadincliyimin dərəcəsi qalxardı. Çox vaxt Mahmud'un sözünə uymazdım, amma hərdən də onun şuluqluğuna yoldaşlıq eləmək istəyərdim. Bir gün elə heyva vaxtı dayımoğlu dedi ki, 'gəl heyva oğurluğuna gedək.' Mən ondayacan heç belə işlərdən görməmişdim, ona görə oğurluq sözünü eşitcək qorxdum. Amma Mahmud dedi ki, 'bu, ev çapmaq kimi oğurluqlardan deyil ki, bir təhər zarafatdır, həm gizlicə bir iki heyva dərib yeyəcəyik, həm də bir az əylənib güləcəyik.' Belə-belə sözlərlə məni razı saldı. Razılığımı görən Mahmud tez dedi ki, 'bibimgilin qonşusunun bağına gedək, orada yaxşı heyvalar var.' Aslan Əmi'nin bacısıgil Mahmud'un bibisigilin qonşuları idi, Nərgiz Xala'gilin bağında yeməli, sulu heyvalar var idi. Mahmud dedi ki, 'Nərgiz Xala'gil günortadan sonra bağda olmurlar, onda gedə bilərik.' Qərarlaşdıq məktəbdən gələndən sonra bağa gedək. Saat üç-zad həndəvərində onların heyva bağına getdik, doğrudan da yaxşı, sapsarı, gözoxşayan heyvaları var idi. Heyvası yaxşı yetişmiş ağacların birinin budağını əyib bir-iki heyva dərdik, ağacın altında oturub yeməyə başladıq. Mən heyvanı yeyə-yeyə o yan bu yana baxınırdım birinin gəlməsini görüm, amma Mahmud'un heç vecinə də deyildi," deyib qabdakı heyvalardan birini götürüb bir diş vurdu, heyvanın yarısı getdi.
Əhməd'in beləsinə heyva yeməsi bizi də həvəsləndirdi, hərəmiz bir heyva götürüb dişləməyə başladıq. Sanıram mənim kimi Qasım'la Yaşar da xatirənin gülməli yerini gözləyirdilər.
"Heyvanı yedik qalxdıq gedək, birdən Mahmud'un gözü ağacdakı payız armudlarına sataşdı. Armudlar da çox iri idi, adamı çağırırdı. Mahmud dedi ki, 'sən dur burada, qoy mən çıxım bu ağacdan bir-iki armud dərim, bu armudlar yaman yeməli olur.' Mən heç nə demədim. Mahmud ağaca dırmaşdı, bir armud dərib aşağı atdı mən tutdum. İkinci armudu dərəndə birdən bir bağırtı diksindirdi bizi. 'Ay köpeyoğlanları, bizim bağda nə qələt dartırsınız, indi hesabınıza çataram,' deyə-deyə gördük Nərgiz Xala'nın əri əlində şüvül qaça-qaça bizə sarı gəlir. Onun arxasınca da Nərgiz Xala gəlir. Heç bilmədik bunlar birdən-birə haradan tapıldılar. Mən tü-dabana qaçdım, Mahmud da ağacdan atılıb qaçmaq istədi, ancaq ayağı ilişdi ağacdan yerə düşdü. Bir az uzaqda durub Mahmud'u gözlədim, istədi ayağa qalxsın, amma qalxa bilmədi, 'vay qıçım,' deyə qışqırdı. Elə bu anda kişi onun başının üstünü kəsdi, istədi onu əlindəki şüvüllə vursun, amma ondan sonra yetişən Nərgiz Xala qoymadı. Kişi qışıqırdı, 'əl çək arvad, qoy bunu bir ədəb eləyim.' Şüvülü qaldırdı onu vursun, birdən Nərgiz Xala qışqırdı, 'ay kişi bəyəm görmürsən qıçından yapışıb, bəlkə qıçı sınıb.' Ancaq Kişi qadının sözünə baxmayıb onu itələdi. Qadın yerə yıxılıb bayıldı," deyib Əhməd, heyvasından ikinci dişi qopartdı.
Artıq biz də yavaş-yavaş gülməyə başlamışdıq.
"Hə, kişi əl-haya qaldı, bir tərəfdə ağrıdan qıvrılan Mahmud'a baxırdı, şüvülü qovzayırdı vursun, bir də dönüb o biri tərəfdə bayğın düşən xanımına baxırdı. Mən də ki qaçıb-qaçmamaq arasında qalmışdım. Sonunda kişi bağdakı köməyə sarı qaçdı, əlində bir qab su ilə qayıtdı, suyu qadının üzünə çilədi, onun başını qaldırıb bir az su içirtdi. Sonra dönüb Mahmud'a qəzəblə baxdı. Nərgiz Xala özünə gələndən sonra daha qoymadı əri Mahmud'u döysün. Bu səhnəni gördükdə mən də qorxa-qorxa qayıdıb gəldim dörd-beş metir arayla dayandım. Mahmud'un ayağı çıxmışdı. Kişi dönüb mənə də əyri-əyri baxdı, əlindəki şüvülü mənə sarı tulazladı. Bir az geri çəkildim, Nərgiz Xala dedi, 'ay kişi, burax da, iki dənə meyvənin nə dəyəri var ki!' Kişi Mahmud'a dedi, 'qoy mən sənin atavı görüm, ipivi eşəcəyəm. Mənə də dedi, 'gəl götür bu oğlanı, itilin buradan!' Çəkinə-çəkinə ora gedib Mahmud'un qoltuğu altına girdim, Mahmud səkə-səkə birlikdə oradan uzaqlaşdıq, hələ maraqlısı bu idi ki, dərdiyimiz meyvələri də özümüzlə gətirdik," dedi Əhməd, sonra heyvanın toxumlarını da çıxardıb ağzına atdı.
Əhməd'in nağılı bitəndən sonra Yaşar qalxdı bir neçə günəbaxan toxumu, bir az da qoz gətirib bir sininin içinə tökdü.
"Yeyin, çırtlayın, bu gecə yaman yağ yandırırıq ha!" deyib güldü.
Yeyə-yeyə, çırtlaya-çırtlaya birdən üçü də döndülər mənə baxdılar. Xatirə tə'rifləmək sırası mənə gəlib çatmışdı. Mırtağa'nın çıxışından öncə məclisi qızışdıran son adam mən olacaqdım. Əhməd'in xatirəsindən sonrakı yaranan sözsüzlüyün yerini günəbaxan toxumunun ağzımızdakı çırtıltısı doldurmuşdu.
"Babam deyərdi ki, bu Aslan Əmi'nin atası Qəhrəman Əmi çox sadə bir kişiymiş, özü də zarafatcılmış. Qəhrəman Əmi bağçıymış, amma bağının çoxu çaylaqmış, çay daşanda basıb onun bağının arasından geçərmiş. Qəhrəman Əmi deyərmiş sağ olsun çayı, qoymur biz darıxaq, hərdən bizi bu taya geçirdir hərdən də o taya. Şah zamanı Təbriz'dən şəhər qaraqolunun başçılığına bir yüzbaşı göndərmişmişlər. Çox zəhimli bir adammış, hamı yüzbaşı Cabbar'dan qorxarmış, hətta şəhərin böyükləri, ağsaqqları. Hər kimin işi qaraqola düşsəymiş, heç olmasa döyülməyi göz qabağına alarmış. Bir gün bu yüzbaşı evinə gedirmiş, yolda Qəhrəman Əmi'yə rast gəlir, Qəhrəman Əmi meyvəni təlisdə kürəyində daşıyırmış. Bu vəziyəti görən yüzbaşı Cabbar Qəhrəman Əmi'yə acıyır. Deyir 'ay qoca, niyə bir eşşək almırsan yüklərivi ona çatasan?!' Onun bu sözünü məhəbbətli sanan Qəhrəman Əmi gülümsünərək deyir, 'Allah'a şükür hələ ayaqdan düşməmişəm, Allah canınızı sağ eləsin, elə sizin sağlığınız mənə eşşkədir də.' Bu sözü eşidən yüzbaşı birdən qeyizlənib qışqırır, Qəhrəman Əmi'ni yamanlayır. Yanındakı gizirə deyir, 'tutun aparın bu sarsağı, baş-gözünü ovuşdurun.' Qəhrəman Əmi'ni tanıyan gizir deyir,' bu qocanın sözünü özünüzə almayan, qurban. Sadə kişinin biridir, şəhərdə hamı bunu tanıyır, sözləri heç kimin ürəyinə dəyməz.' Nəhayət gizirin orada olması Qəhrəman Əmi'nin qanının arasına girir," dedim.
Yoldaşlarımın gülüşməsinə mən də qatıldım.
Qasım, "Ağzın şirin olsun, çox güldük," dedi.
Əhməd, "Onda Mırtağa zarafatcıllıqda elə babasına çəkib!" dedi.
Artıq, toxum da qoz da tükənmişdi, meyvə qabı boşalmışdı, çaynikdə də sadəcə tilif qalmışdı. Yaşar saata baxdı, gecə yarını aşmışdı, amma hələ Mırtağa'dan xəbər yox idi.
Əhməd, "Bə bu Mırtağa gəlib çıxmadı, ay bala!" deyib Yaşar'a baxdı.
Yaşar, "İndi tapılıb gələr," dedi.
Bir azdan telefonunu götürüb Mırtağa'ya zəng elədi, hamımız ona baxdıq. Neçə yol Mırtağa'nın nömrəsini yığdı, amma cavab çıxmadı.
"Telefonunu açmadı," deyib bizə baxdı Yaşar.
Qasım, "Əşi, boşla, bu gecə elə yaxşı güldük. Sanıram daha Mırtağa'lıq bir şey qalmayıb, inanmıram o bizi daha güldürə bilsin. Bizi güldürmək üçün gərək bir ilin gücünü bir gecədə xərcləsin," deyib güldü.
Əhməd, "Hə, Qasım düz deyir," dedi.
Yaşar'ın halı pozulmuşdu, bu sözləri eşitdikdə bir az üzü güldü.
"Eybi yoxdur, gəlməsin, elə bu gecə Mırtağa'nın kölgəsi altında bura yığışdıq, sən Mırtağa'ya pul verdin, onun ruhu gəldi bizi burada güldürdü. Neçə ildən sonra gündəlik həyatın içindən bu gecəni oğurlayıb bir araya gələ bildik, birlikdə deyib-güldük. Gəlin Mırtağa'nın canına dua eləyək. Həmişə onun kölgəsi bizim yığvamızın üstündə olsun! Bundan sonra ildə bir dönə buraya toplaşıb deyib güləcəyik," deyib güldüm.

-----------------

[1]. Şənlik məclisi

[2]. Bağda tikilən kiçik ev; koma

Yenililklər
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.