Bütöv bir dövrün ədəbi siması - Nəriman Əbdülrəhmanlı
04.12.16

Ədəbiyyatda sanballı hadisələr tez-tez baş vermir... Hərdən uğurlu bir əsər oxuyanda, ədəbiyyatda haqqı olan Söz Adamının zəhməti dəyərləndiriləndə, yaxud ədəbi prosesdə açıq-aşkar görünən bir boşluq aradan qaldırılanda, ən azı, xeyirxah niyyətli kəslər sevinirlər.

Mənə görə, bu yaxınlarda AMEA Ədəbiyyat İnstitutu tərəfindən araya-ərsəyə gətirilmiş, dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş, ədəbiyyatımızın, az qala, 30 illik bir dövrünü əhatə edən ikicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” nəşri son illərin, bütövlükdə isə elə müstəqillik dövrümüzün ən sanballı ədəbi hadisələrindən biridir. Bu qənaətimdə də bir neçə dəlil-sübuta əsaslanıram.

Əvvəla, həmin nəşr böyük əksəriyyəti yaşayıb-yaradan, ədəbi prosesin canlı iştirakçısı olan qələm adamlarına özlərini bütöv Azərbaycan ədəbiyyatının bir parçası kimi hiss eləmələri üçün təkan oldu. Əlbəttə, yaradıcı adam həmişə ayrıca bir fərd olaraq qalır; amma elə bilirəm ki, özünü bütövün bir parçası sayan fərd daha güclü olur.

İkincisi, bununla hələlik ancaq ayrı-ayrı tədqiqatlardan ibarət olan Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının akademik tarixinin yazılması üçün sanballı zəmin yarandı. Artıq ümumi prinsiplər, bölgülər, istiqamətlər məlumdur, akademik tarix yalnız çatışmazlıqları aradan qaldırmaqla, ortada olanı daha da təkmilləşdirməklə gerçəkləşdirilə bilər, ikicildlik də bunun üçün zəngin material verir.

Üçüncüsü, nəşrdə Müstəqillik dövrü ədəbiyyatımızın hərtərəfli, geniş mənzərəsi öz əksini tapıb. Subyektiv mülahizələri hələlik bir kənara qoysaq, nəşr malik olduğumuz ədəbi təsərrüfatın vəziyyəti və perspektivləri haqqında aydın təsəvvür yaradır. Mübaliğəsiz deyim ki, sözügedən ikicildlik cəmiyyət qarşısında da ədəbi prosesin istiqamətləndirilməsi ilə bağlı bəzi mühüm problemlər də qoyur.

Bəlkə bu dəlil-sübutların sırasını daha da genişləndirmək olar...

lll

Nəşrin araya-ərsəyə gəlməsində AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi və elmi redaktorluğu, institutun şöbə müdiri filologiya elmlər doktoru, professor Tehran Əlişanoğlunun məsul redaktorluğu ilə onlarla araşdırıcı müəllif iştirak edib. Müəlliflər kollektivi ilə ümumi işi gerçəkləşdirməyin nə qədər çətin olduğunu hamı bilir. Hər bir qələm adamının öz ədəbi-bədii duyumu, öz baxış bucağı, öz dəsti-xətti, öz seçimi var. Ümumi prinsipləri qorumaqdan başqa, onların yaradıcı yanaşmalarına müdaxilə eləmək asan məsələ deyil. Bu səbəbdən nəşrlə bağlı kifayət qədər çətinliklərin aradan qaldırıldığına şübhə eləmirəm.

Həm də belə nəşrdə özünü tədqiqat obyekti sayan ayrı-ayrı fərdlərin “xətrinə dəyməmək üçün” gərək əvvəlcədən iradlara, iddialara, hətta ittihamlara belə hazır olasan. Hər bir qələm adamı ona niyə lazımi diqqət göstərilmədiyi, haqqında az yazıldığı, yaxud yaradıcılığının yetərincə dəyərləndirilmədiyi barədə iddialar, umu-küsülərlə çıxış eləyə və özünə görə tamamilə haqlı ola bilər. Amma ən məntiqli adam belə məsələyə bu cür yanaşan kəslərə AYB-nın üzvü olan və ya olmayan 2 min (bəlkə də daha artıq) qələm əhlinin yaradıcılığını əhatə eləməyin mümkünsüzlüyünü sübuta yetirməkdə çətinlik çəkər.

O biri tərəfdən də müəyyən tənqidçilər görülmüş işdə çatışmazlıqlar bir yana, qərəz-filan ovuna çıxır, işin məhz onun təsəvvür elədiyi və istədiyi kimi yerinə yetirilməli olduğunu bir vəzifə kimi qarşıya qoyurlar. Belələrinin bəlkə də heç ağıllarına da gəlmir ki, nəşri elə öz yaradıcı iddialarına əsaslanan, öz ədəbi yükünü, mövqeyini ortaya qoymağa can atan tədqiqatçı alimlər araya-ərsəyə gətiriblər, onların fəaliyyətini başqa  bir məcraya döndərmək isə olduqca çətin məsələdir.

Üstəlik, oxşar hər bir nəşrdəki bölgülərə, ədəbi istiqamətlərə, cərəyanlara, fərdi portretlərə qarşı da iddialarla çıxış eləmək mümkündür. Əlbəttə, mən də bir sıra ədəbi portretlərin başqaları ilə əvəz olunmasını arzulayardım. Amma onu da dərk eləyirəm ki, bu mənim subyektiv fikrimdir, kimsə bu seçimimlə razılaşmaq məcburiyyətində deyil. Sözün əsl mənasında, mükəmməl əsər həmişə şərti məfhumdur, hətta ensiklopedik nəşrlərdə belə məsələyə fərqli bucaqdan baxıb istənilən qədər çatışmazlıq aşkara çıxarmaq mümkündür. Çünki o əsərləri də subyektiv düşüncə sahibləri olan adamlar ortaya çıxarıblar, onların da özlərinəməxsus meyarları var - gerçəklik bundan ibarətdir. Əgər belə bir nəşri o iddianı irəli sürən adam araya-ərsəyə gətirsəydi, daha obyektiv olacağını düşünmək lap sadəlövhlük olardı - bu da danılmaz gerçəklikdir. Fərqli elmi baxış - başqa formada yeni kitab yazmaq deməkdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilmiş başqa səpgili kitablar da yazmaq olar və bu, lazımdır, yəqin ki, yazılacaqdır. Zənnimcə, ən başlıcası müstəqillik dövrü ədəbiyyatının öz inkişafında artıq xüsusi bir mərhələyə çevrildiyini göstərmək və bunun əsas konturlarını göstərmək idi. Təqdim olunan kitab bu mühüm  vəzifəni yerinə yetirib. Yaxşı cəhətdir ki, nəşrin özünəməxsus konsepsiyası vardır.   

lll

Bəlkə də fikrim çoxlarına qəribə görünəcək, amma “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi kimi nəşrlər ədəbi qavrayış sarıdan mühüm bir hissəsi az qala 60-cı illərdə ilişib qalmış cəmiyyətimizə ötürülən ciddi mesajdır. Çağdaş cəmiyyətin böyük bir hissəsinin ədəbi təsəvvürlərinin B.Vahabzadədən, X.R.Ulutürkdən, M.Arazdan, Anardan, Elçindən, Zəlimxan Yaqubdan... irəli getməməsi o demək deyildir ki, sonra ədəbiyyat olmayıb. Ortaya qoyulan nəşr isə ədəbiyyatda olan yeni nəslin yaradıcılıq imkanları və əsas yönümləri barədə aydın təsəvvür yaradır.

Digər tərəfdən, böyüməkdə olan nəslin müəyyən bir qisminin xarici və yerli “bulvar ədəbiyyatı”na meyl göstərməsi daha ağrılı mənzərənin ortaya çıxmasına səbəb olur. Oxucunun diqqətini kitab dükanlarının rəflərini doldurmuş bu cür nəşrlərdən ciddi ədəbiyyata sarı döndərmək, əlbəttə, asan olmayacaq, bu uzun sürən prosesdir. Amma oxucular və qələm sahibləri üçün əsas ədəbi oriyentirləri düzgün müəyyənləşdirməkdə bu cür nəşrlərin az köməyi dəymir, bir şərtlə ki, onların məzmunu və mahiyyəti ilə vaxtında tanış ola bilsinlər. Kitab yeni nəsil yaradıcı qüvvələrinin diqqətini böyük ədəbiyyatın hədəflərinə doğru yönəltməklə də faydalı iş görmüş olacaqdır.

Üstəlik, haradan peyda olduqları belə bilinməyən bəzi şair və şairələr, yazar və yazarələrin artıq orta məktəb dərsliklərinə belə ayaq açdıqları bir məqamda bu cür nəşrlər orta və ali məktəblərdən ötrü dərsliklər hazırlayanlar üçün müstəqillik dövrü ədəbiyyatı ilə bağlı sanballı istinad nöqtəsi ola bilər. Hər halda, gələcəkdə bu istiqamətdə aparılacaq işlər zamanı müsbət dəyişikliklərin baş verəcəyinə inanmaq istərdik. Məncə, belə nəşrlərin bütün ali və orta məktəblərə çatdırılması, Azərbaycan ədəbiyyatını tədris edən alim və müəllimlərin stolüstü əlavə tədris vəsaitinə çevrilməsi də çox vacib məsələlərdən biridir. Çünki “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı bu dövrün ədəbi proseslərini və əsas simalarını meydana qoya bilib.

lll

Nəşri araya-ərsəyə gətirənlər ədəbiyyatımızın Sovet hakimiyyətinin son illərindən müstəqillik dövrünə keçid əlamətlərini istiqlal və 20 Yanvar, Qarabağ müharibəsi, sosial böhran və dekadans, avanqard sənət mövzuları ilə müəyyənləşdiriblər. Bu keşməkeşli dövr çağırış poeziyası, “Xocalı simfoniyası”, publisistik kədər, müharibə nəsri ilə yanaşı, Bəxtiyar Vahabzadədən tutmuş Sabir Rüstəmxanlıya və Zəlimxan Yaqubacan ayrı-ayrı qələm adamlarının yaradıcılığı vasitəsilə xarakterizə olunur.

Bütövlükdə isə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı iki mərhələdə - 1990-cı illər və 2000-ci illər üzrə nəzərdən keçirilir. Birinci mərhələdə nəsrdə sosiallıq, repressiya mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, gündəm mövzuları, realizmdən modernizmə keçid, gəncliyin yaradıcılıq axtarışları araşdırılıb, hətta qadın yazıçıların (şəxsən mən bu cür bölgünü məqbul saymasam da) yaradıcılığında müasirliyə ayrıca yer verilib. Mərhələnin poeziyası şeirin ideya-məzmun yenilikləri, təmayülləri, dekadans şeirin mənzərəsi (həm də ayrı-ayı şairlər haqqında portret-oçerklər) kimi yönümləri ilə tədqiq olunub. Bununla yanaşı, poetik toplular və kredolar, ədəbi qruplar və poetik manifestlər, nəfəs dəyişimi, üstəlik, bu tayda yaşayan Cənubi Azərbaycan şairlərinin yaradıcılığı belə diqqətdən yayınmayıb. Eyni zamanda, 1990-cı illərin ədəbi mənzərəsini dramaturgiya və teatr, bölgələrdə ədəbiyyat tamamlayır. Şəxsən mən mərkəzdən, Bakıdan kənarda yaşayan Asim Yadigar, Xanəli Kərimli, Ramiz Qusarçaylı, Vaqif Aslan, Barat Vüsal, Sabir Sarvan, Rafiq Hümmət və digər qələm adamlarının unudulmamasına çox sevindim. Axı ədəbiyyat təkcə ölkələrin paytaxtlarında yaradılmır. Kitabda ədəbiyyatın ölkə üzrə  bütöv mənzərəsi göstərilmişdir.

2000-ci illər mərhələsi isə araşdırıcılara daha zəngin ədəbi mənbələr təqdim edib. Mərhələnin ədəbi-mədəni mənzərəsi yaradılmaqla yanaşı, nəsrdə yeni Azərbaycanın bədii obrazı, müstəqillik dövrü romanları, Qarabağ mövzusunda romanlar, realist-psixoloji, şərti-metaforik, modernist-ekzistensial, tarixi, postmodern, detektiv  romanlar, müstəqillik dövrü povest və hekayələri (hər biri ayrılıqda) sənədli nəsr, gənclərin “yeni roman” axtarışları, çağdaş Azərbaycan nəsrində postmodernin inkişaf xüsusiyyətləri (əlbəttə, həm də ayrı-ayrı yazıçıların yaradıcılığı) tədqiqata cəlb olunub. Mərhələnin poeziya mənzərəsi isə ədəbi istiqamətləri, mövzu aktuallığını, sənətkarlıq məsələlərini, “yeni dünya həqiqətləri”nin postmodern poeziyada təzahür üsullarını (yenə də ayrı-ayrı şairlərin ədəbi portretləri cızılmaqla) araşdırmaqla yaradılıb. Eyni zamanda, 2000-ci illərin dramaturgiyası, postmodern dramaturgiya, çağdaş ədəbiyyatımızda ədəbi cərəyanlar, müstəqillik dövründə uşaq ədəbiyyatı, elmi-tənqidi fikir, ədəbiyyatımızın dünya konteksti (ədəbi əlaqələr və tərcümə məsələləri) də kifayət qədər ətraflı araşdırılıb. Azərbaycan ədəbiyyatında postmodernizm, magik realizm və dekadentizm haqqında yazılanlar bu sahədə ilk sistemli araşdırmalardır.

Bir təqdir olunan cəhət də budur ki, araşdırıcılar müstəqillik dövrünə sözün geniş mənasında kompleks şəkildə yanaşıb, fərqli mövqeyə malik ədəbi qurumların, nəşrlərin və qələm sahiblərinin yaradıcılığına da yer ayırıblar. Nizami adına Ədəbiyyat İnstitutunda yeni elmi nəslin yetişib formalaşdırılmasını da bu kitabdan görmək mümkündür.

lll

Böyük zəhmət, səbir, düşüncə, axtarış bahasına başa gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi yeni dövr ədəbiyyatımızın əhatəli və daha sistemli araşdırılması yönümündə atılan ilk sanballı addımdır. Təqdim olunan 1890 səhifəlik kitab titul səhifələrində qeyd olunduğu kimi, ölkəmizin dövlət müstəqilliyinin 25 illiyinə qiymətli töhfədir. Yüksək elmi-nəzəri səviyyəsi, geniş əhatə dairəsi, işıqlı qayəsi ilə bu kitab  elmin də, ədəbiyyatın da sonrakı inkişafına yol açmağa kömək edəcəkdir.

Mən bu nəşri həm də örnək kimi qəbul eləmək istərdim: kaş musiqi, kino, rəssamlıq, təsviri incəsənət... sahəsində də bu cür addımlar atılsın.

Əminəm ki, yaxın gələcəkdə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının akademik tarixini də görəcəyik... /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.