Moris Blanşo - Tərcümə işi
08.12.16

      Moris Blanşo 1907-ci ildə Fransanın Kvan şəhərciyində anadan olub. Strasburq və Sorbonna universitetlərində ali təhsil alıb. Jurnalist və redaktor işləyib. 1940-cı ildə Müqavimət Hərəkatına qoşulan M.Blanşo nasistlərə qarşı fəal mübarizə aparıb, hətta kommunistlərlə əməkdaşlıq edib. 1940-cı illərin ortalarında o, qəti olaraq siyasətdən uzaqlaşaraq həyatını ədəbiyyata sərf edib. İkinci dünya müharibəsinin sonlarında M.Blanşo iki romanını və iki ədəbiyyatşünaslıq işini çap etdirib. 1946-cı ildə yazıçı Parisi tərk edərək Ez şəhərciyində məskunlaşıb. 2003-cü ilin fevralında 95 yaşında vəfat edib.
      M.Blanşo bir neçə romanın, çoxlu sayda tənqidi məqalələrin və esselərin müəllifidir.



Tərcümə işi
Esse


       Tərcüməçilərə, daha çox isə tərcümənin özünə nə dərəcədə borclu olduğumuzu görəsən dərk edirikmi? Əsla inanmıram. Amma bununla belə, öz həyatını tərcümə işinə həsr etmiş cəfakeş insanlara minnətdarlıq etsək də, onları önəmsiz mədəniyyət xadimləri kimi alqışlasaq da, bizim minnətdarlığımız eşidilməz qalacaq. Çünki nə qədər də çalışsaq, tərcüməçilərin əsil qiymətini verməkdə acizliyimizi göstərəcəyik. Elə isə icazə verin Valter Benyaminin (Valter Benyamin (1892-1940), görkəmli alman filosofu, mədəniyyət nəzəriyyəçisi, ədəbiyyat tənqidçisi, essesist və tərcüməçisi – tərc.) tərcümə olunmuş esselərindən birinə müraciət edim. Həmin əsərdə görkəmli esseist tərcüməçinin vəzifələrindən danışaraq, ədəbi fəaliyyətin bu forması barədə qeydlərini oxucularla bölüşür. Onun sözlərinə görə, bizim aramızda şairlər var, romançılar, eləcə də tənqidçilər mövcuddur, amma bu sırada tərcüməçilərin - ən nadir müxtəlifliyə malik olan və həqiqi mənada heç kəslə müqayisəyə gəlməyən yazıçıların da adını qeyd etmək vacibdir.
        Xatırladım ki, tərcümə işi bəzi mədəniyyətlərdə uzun müddət zərərli fəaliyyət növü hesab olunmuşdur. Bir qism adamlar onların dilinə hər hansı əsərin tərcümə edilməsinin qəti əleyhinədirlər. Digərləri isə  onların dilindən özgə dillərinə edilən tərcüməni xəyanət kimi qələmə verirlər. Amma tərcüməçi qaçılmaz dərəcədə böyük küfr törətməkdə günahkar hesab olunur. Onu az qala Allahın əleyhdarı kimi qələmə vermək istəyirlər; guya ki,  Babil qülləsi ucaltmaq niyyətindədir, insanların dillərini qarışdırmaqla  birini digərindən ayırır. Hətta tərcüməçinin haçansa əzəli dilin mənşəyinə yüksələcəyini, həqiqəti deməkdən ötrü ali sözün qüdrətindən istifadə etdiyini də deyənlər vardır.
         Benyaminin bu arzudan bəzi şeylər qorunub saxlanmaqdadır. Onun qənaətincə, dillər eyni reallıqla sıx bağlıdır, amma onu müxtəlif vasitələrlə ifadə edir. “Brot” və “Çörək” deyəndə, mən eyni ünvana müraciət edirəm, lakin ifadə vasitələrim müxtəlifdir. Hər hansı dil mükəmməl deyil. Tərcümə zamanı mən bir xüsusiyyətin digər xüsusiyyətlə, bir yolun digər yolla əvəz olunmasına məhdudiyyət qoymuram.  Əksinə, ali dilə müraciət edirəm. Bütün birliklərin harmoniyası və bütövlüyü, ən müxtəlif müraciət vasitələri də məhz elə bundadır. Və tərcüməçi bütün kitabların danışdığı sirli əlaqələri səhvsiz olaraq ifadə etməklə onları bütün dillərə uyğunlaşdırır.  Hər bir tərcüməçiyə xas olan messianlıq əlamətləri də bundan başlanır. Tərcüməçi öz işi ilə doğma dilinin ucalmasına kömək etmiş olur.  Buna misal olaraq hər hansı mövcud dili  göstərmək mümkündür. Çünki onda  gələcək gizlədilmişdir.  Elə tərcümə də onun uğrunda mübarizə aparır.
         Zahirən bizim qarşımızda ideyaların utopik oyunları canlanır. Gözlənilən odur ki, hər dilin yeganə ifadə tərzi onun reallıqlarla uyğunlaşmasındadır. Həm də eyni ifadə tərzi həmişə bir-birini tamamlayır. Amma mənim qənaətimcə, Benyamin məsələni başqa cür qurur. Onun sözlərinə görə, hər bir tərcüməçi dillərin müxtəlifliyi ilə yaşayır, hər bir tərcümə də bu müxtəlifliyə əsaslanır. Bu müxtəliflik məqsədlərə uyğun gəlmədiyi təqdirdə onu aradan qaldırmaq lazımdır. Sözün düzünə qaldıqda, tərcümə heç vaxt müxtəlifliyi, fərqiliyi aradan qaldırmaq məqsədini qarşısına qoymur. Əksinə, o bu fərqiliyin arasında  bərq vurur, daim ona işarə edir, onu gizlədir. Tərcümə özü bu fərqiliyin təcəssümüdür. O, özünün ali vəzifəsini yaxşı bilir,  qürurla iki dili bir-birinə yaxınlaşdırır, doğmalaşdırır.
Hər hansı əsər yaşına və məziyyətlərinə baxmayaraq, özündə açıq-aşkar fərqilik nümayiş etdirdikdə tərcümə oluna bilər. Orijinallıq bir dəqiqə də olsun donmur və mövcud dildə hazırki şəraitdə nə varsa, hamısı gələcək nəslə məxsusdur.  Tərcümə qırılmaz tellərlə bu əlamət və formalarla bağlıdır. Çoxdan danışılmayan, işlənməyən dillərdə yaradılmış klassik şedevrlərin də artıq tərcümə olunmalarına ehtiyac var. Onlar ölü dilin yeganə həyat xəsinəsi, gələcəyi olmayan bu dillərin yeganə cavabdehləridir. Bu əsərlər tərcümə olunduqları təqdirdə yaşayırlar.
       Tərcüməçi təkrarolunmaz orijinallığa məxsus olan yazıçıdır. Bu orijinallığa heç nə ilə iddia etmək mümkün deyil. Tərcüməçi dil fərqiliyinin gizli hökmdarıdır. Amma bununla belə onun vəzifəsi heç də dilləri silib-süpürmək deyil, əksinə  istifadə etməkdən, onları doğma dilə uyğunlaşdırmaqdan ibarətdir. Yenə də Benyaminin fikirlərinə istinad edək. O, yazır ki, tərcümə olunan şeyin nə qədər orijinala bənzəməsini istəsələr də, onun hərfi tərcüməsi heç cür mümkün deyil (həmçinin roman reallığı romandankənar həqiqəti əks etdirmir). Söhbət hər şeydən öncə başqalıqdan başlanan bənzərlikdən, iki müxtəlif dildə olan bir əsərdən gedir.
         Benyamin Rudolf  Panvisin (Rudolf  Panvis (1881 – 1969), alman yazıçısı, filosof-esseisti – tərc.)  nəzəriyyəsinin diqqəti çəkən yerlərinə istinad etmişdir:”Bizim tərcümələrimiz, hətta ən yaxşıları belə, yanlış mühakimələrdən qaynaqlanır. Onlarda xarici dilin ruhundan daha çox doğma dilin əlamətləri üstünlük təşkil edir. Tərcüməçilərin ən böyük səhvi özgə dilin tələblərinə əməl etməkdənsə, öz ana dilinin hökümlərinin təsirinin altına düşməyindədir”. Ən təhlükə doğuran cəhət isə təklifin və ya tələbin cəlbedici olmasındadır.
        Aydın məsələdir ki, hər bir dilin, özünə zərər toxundurmadan, yeni istiqamətlərdə hərəkət etmək imkanları vardır. Yəni, tərcüməçi tərcümə etdiyi mətndə kifayət qədər ehtiyat mənbələrini üzə çıxarmaq iqtidarına malikdir. Digər tərəfdən tərcümə qədərincə azad və novatorcasına sərbəstdir. Doğma ədəbi dilin leksik və sintaktik eyniliyinin bu və digər üstünlükləri fikrin sona kimi  çatdırılmasına zəmin yaradır.
        O da əlavə edilməlidir ki, öz baxışlarını müdafiə etməkdən ötrü  Panvis (Rudolf  Panvis (1881-1969), alman yazıçısı, filosof-esseisti – tərc.) Lyüter, Foss, Hölderlin, Georgye kimi tərcümə zamanı tərəddüd etmədən hər dəfə alman dilinin çərçivələrini qırmaqla onun hüdudlarını aralamağa səy göstərən tanınmış simalara söykənir. Hölderlinin nümunəsində faktlar göstərir ki, son nəticədə tərcümənin gücü insanı nə kimi təhlükələrlə təhdid edir.  Sofoklın “Antiqona” və “Edip” əsərlərinin tərcüməsi az qala Hölderlinin son işi olacaqdı. Yüksək sənətkarlıqla Qərb dünyası ilə Şərq aləmini birləşdirməyi bacaran yazıçı bu əsərlərdə yunan və alman dillərini vahid və  bütöv dil səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur. Nəticə isə gözlənildiyindən də dəhşətli idi. Sən demə, bu iki dil arasında dərin razılıq və orijinal harmoniya  mövcuddur. Tərcümənin təsiri o qədər güclü idi ki, hətta Hötenin bumbuz istehzasına əsla təəccüb etmirsən. Əslində Hötenin istehzası kimə yönəlmişdi? Artıq həm şair, həm də tərcüməçi olmaqdan əl çəkmiş şəxsəmi? Əslində tərcümə ilə bağlı Hölderlinin üzləşdiyi hadisələr başa düşüləndir. Başqalarından fərqli olaraq  tərcüməçi fasiləsiz olaraq qorxulu və məftunedici yaxınlığın əhatə dairəsindədir. Məhz bu ayrılmazlığa görə o, yazıçıların ən təkəbbürlü və ən təmkinli nümayəndəsi kimi bir dəqiqə belə bu inamından ayrıla bilmir: tərcümə son nəticədə ağılsız və mənasız işdir.

Tərcümə edən:
Ağaddin Babayev

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.