Xanəmir Telmanoğlu - "Saatım Bağdadda qaldı"
19.12.16

“ÖZ ƏSƏRİNİ DANIŞDIR”


-Xoş gördük, Xanəmir bəy

-Xoş gününüz olsun...

-Təklifimizi qəbul etdiyiniz üçün minnətdaram. Söhbətin istiqamətini bilirsiniz. Hansı  şeirinizdən danışmağımızı istəyirsiniz?

-“Saatım Bağdadda qaldı”

-Səbəb?


- Bu şeirin yaradıcılığımda zənn edirəm ictimai-ideoloji əhəmiyyəti var.

- Nə zaman, harda yazdınız  bu bu şeiri?

- 1999-cu ilin avqust ayı. Yaxın bir qohumumuz Maştağada Əncirlik tərəfədə yaşayırdı. Bizi dəvət etmişdilər evlərinə. Iki  günlüyünə (altı-bazar) onlara getmişdik. Neçə gün idi canım elə biləsən acmışdı, yeyirdim yeyirdim, yenə də aclıq hiss edirdim. Sonra bildim ki, yox, bu o aclıqdan deyil. Gecə yaxşı yatmamışdım, erkəndən qalxıb həyətdəki əncir ağacının dibində oturdum. Elə orda yuxuya getdim. Bu şeiri yuxuda hündür sal daşların üzərində oxudum. Sözlər daşların üzərində gah qabarır, gah çəkilib qarışqa boyda qaralırdı. Oyandığımda həm tərləmişdim, həm də həyət-bacada nə qədər cücü, həşərat vardı, üzərimi çitəmə qaplamışdı, əməlli-başlı işğal olunmuşdum. Üst-başımı çırpıb  şeiri yuxuda necə görmüşdümsə eləcə bir qəzetin kənarı boyunca  köçürdüm. Bu hadisə ilk dəfə deyildi başıma gəlirdi, ona qədər yuxuda şeir oğurluğunu bir neçə dəfə həyata keçirdiyimdən, təcrübəm işimə gəldi. Şeir köçürülüb bitəndən sonra bədənimdəki o müthiş aclıq da çəkilib getdi.

-Sonra nə oldu?

-  Yazdıqdan sonra canımdakı narahatlıq itdi, aclıq kəsildi, bir rahatlıq, fərəh doldu içimə, gəl görəsən. Şeiri isə unutdum və itirdim... şeiri köçürdüyüm qəzeti hara qoyduğuma da diqqət etməmişdim.

- Yəni fikri sizi məşğul etmədimi o anda? Eləcə gəldi, yazdınız, yüngülləşdiniz və unutdunuz. Bir də qarşınıza çıxanda baxdınız ki, nəymiş orda köçürdüyünüz?

-Elə də demək olar…

 -Nə zaman tapdınız, üstündən nə qədər vaxt keçmişdi?

-Bir il təxminən. Bir gün gözlənilmədən o şeiri köçürdüyüm qəzeti kitablarımın  arasından tapdım. Bir də onda oxudum, baxdım ki çap oluna bilər, qəzetlərin birinə verdim, yayımlandı.

-ABŞ qoşunları hələ Bağdada girməmişdilər

-Yox hələ..   Şeir həmin hadisələrdən əvvəl yazılmış, hətta bir neçə il qabaq da üzə çıxmışdı.

-Necə təəssürat yaratdı?

- İradlar oldu, yazmışdılar, deyirdilər ki, Qarabağ boyda dərdimiz var, kişinin oğlu Bağdada şeir yazır...

- Qəribə bir başlanğıc olub...  Maraqlıdır, o şeir nədən doğa bilərdi? Bağdada xüsusi maraqdanmı, sevirdinizmi o şəhəri, olmuşdunuzmu Bağdadda?

- Olmamışdım. Bu şeirin yazıldığı ərəfədə mənim Bağdadla bağlı heç bir hissim,  duyğum yox idi. İndi, üstündən illər keçəndən sonra elə başa düşürəm ki, bu şüuraltı bir göndərmə idi.Yəqin şairlik-filan belə məqamların mahiyyətinin adıdır… O zamanlar hər birimizdə olduğu kimi daxilimdə bir anlamadığım narahatçılığım qabarıb çəkilmələrlə məni müşahidə edirdi. Elə bilirdim yaxınlarımdan kimisə itirəcəm. Ancaq o narahtçılığımın şəxsi qorxu hissi olmadığının fərqinə sonralar vardım. Şəxsi fonda, ağırlıqda, simada görünər, toplumsal ciddiyyətiylə birdən püskürər-buna derlər yəqin.

- Bağdadın hardasa alt qatda yaşadığını, sıxıldığını, yuxunun köməyiylə üzə vurduğunu söyləmək olarmı bu şeirlə? Yəni, sanki siz şeiri deyil də, şeir sizi tapmış?

- Bilirsinizmi, bizim yazarların savaşı yoxdur. İçi mən qarışıq biz hələ də keçən əsrin 80-ci illərində qalan bir zehniyyətə sahibik. Heç bir sorun, məsuliyyət daşımırıq. Halbuki  heç şair deyil, bir insan olaraq dünyada necə hadisələr baş verir versin,  onları  dərk eləməyə, o hadisələrə töhfə verməyə sanki can çəkirik.
İraq hadisələri baş  verməmişdi, Bağdad xarabazara çevrilməmişdi, lakin mən ona  qədər “Anamın oxlovu”, “İndi saqi ol ya dərviş”, “Doqquz qoşma”, “Su gülün harasında soyuyur”, “Qarğa beyni yeyənlərə namə”, “Təbriz” kimi şeirlərimi, “Turançılıq əlifbadan başlayır” , “Əlifba imperiyası” kimi yazılarımı qələmə almışdım. Bilirsiniz, mən bir müddət İstanbulda yaşamışam, orda təhsil almışam, bəlli bir çevrəm olub, çox şeylərin şahidi olmuşam. İstanbulda İslamla daha da yaxınlaşdım.  Bütün bunlar inanıram ki, həm də şüuraltı olaraq mənim “Saatım Bağdadda qaldı”  şeirimə işıq tutub. Ondan təxminən bir il əvvəl, 1998-ci ildə  də başımdan bir Bağdad mövzusu keçmişdi, o zaman “Bağdaddan dönən durnalar” hekayəsini yazmışdım. Azərbaycanın milli azadlıq hərəkatından bəs edir.
Şeirdən bir qədər sonra, artıq 2003-də ABŞ qoşunları İraqa girdilər. Demək olar dünyanın qədəri dəyişdi. Odur-budur ölümlər, qanlar, əzablar əskilmir, milyonlarla insan o yerlərdən, yaxın Şərqədən didərgin düşdü.

-Yəni, demək olarmı ki, bu şeir həm də öncədən göndərilən bir mesajdır... Heç düşündünüzmü  sonralarda- niyə məhz siz, niyə sizə göründü bu şeir və niyə məhz bu şeir?


-  Öncədəngörmə  adlandırmazdım. Ancaq mən bu şeirin qədərimdə olan yerini anlamağa başlamışdım.  Bu şeir necə olur olsun, mənim tərəfimdən yazılmalıymış  kimi bir düşüncəyə də gəldim sonralar. Bu şeirə qədər bir hazırlığım vardı. Mən dərk edirdim ki, məsələn, Qarabağ bizim sorunumz olsa da, bizim dərdimiz olsa da, həm də başqalarının  oyunu olduğu qədər, özgələrinin gəlir yeri, qazanc mənbəyi, bəzi ehtiyaclarını  çözmək üçün bir vasitəydi. Ancaq işin içində Bağdad olunca gerçəklərin qaydası dəyişir. Bizi Qarabağsız qoyan gerçək Osmanlıdan uzaq düşməyimiz, bir ulusun birliyinin param parça olmasına rəvac verməyimiz olmuşdu. Hansı ki, bir zamanlar Osmanlının bir parçası olan bu məkanda bizim Füzulimiz doğulub böyümüş, dilimizi zənginləşdirmiş, şeirimizi ən yüksək zirvəyə qaldırmışdı.Sonradan bu şeirlə də anladım ki, Qarabağ deyən bir millətin övladı, eləcə o ecazla da Təbriz deməli, Bağdad deməlidir. Bu məsələləri öncə söz, poetika, fikir, düşüncə həll etməlidir. Düşünürəm ki, çağdaş Türkiyə dövlətinin ideoloi boyutdakı savaşı, xalqın həm sərhədlərin içində, həm də çölündə apardığı mübarizə  mənim yazdığım bu şeirin nə qədər gərəkli olduğuna da bir işarədir.

- Siz yuxarıda İslamla  bağlı bilgilərinizin şeirə hopduğuna işarə edirsiniz, mən isə elə bilirəm, bu şeir tam başlanğıca gedir. Məsələn bir misrasında deyirsiniz ki-
...“ən quş qonmaz ağacından almasını dər kəs
içindən saat çıxar
əqrəblərinin biri məkkədə istanbulda
biri su üzündəki o batmaz yaranışda
mən bağdadda qoydum saatımı...”
Saat və alma, gəlişim və ilk. Və ya-
"Tenqri dağlarından bir şəhrə necə baxdığını..."-Göy Türklərə  işarə..


-Təbii ki..  Deyiləsi məsəllər çoxdur. Fikir verirsinizsə, bu şeirdə ZAMAN, VAXT anlayışı daha qabarıq və ön plandadır. Gah tarixə, gah öz ruhuma,  gah da saata, vaxta diqqət çəkilir.Aradan illər keçəndən sonra zaman göstərdi ki, biz müsəlmanların və türklərin gerçək ZAMANI elə orda-Bağdadda idi. Biz ora sahib çıxa bilmədik. Türklər də  bu yerlərə zamanında müdaxilə edə bilmədilər. Çəmbər daraldı, fürsət genişləndi. Sonda bu il Türkiyədə baş verən o çevrilişin altından əslində 1453-cü il çıxdı. Sən demə bütün bu savaşlar Türkiyəylə məsələni həll etmək, Ayasofiyaya, Boğazalara sahib çıxmaq, İstanbulu yenidən bir xristian şəhərinə çevirmək üçündür.. Bizim bəzi nöqtələrdə yer üzündəykən başımıza tac qoyduran başlanğıclarımız var. O başlanğıcların gerçəyi Bağdad olmasaydı, saatımız da orda qalmasaydı, niyə Şərqi, müsəlman dünyasını yerlə yeksan edirlər? Bu nağıl deyil ki, gözümüzün önündə baş verən olaylardır.

-Bəlkə bu şeir ruhun hələ inanc fərqliliyinə bölünmədiyi zamanların şeiridir, necə ki, saat da şərtidir, zamansızlıqdır, məkansızlıqdır...  Siz sanki zamanı irəliyə çəkirsiniz, halbuki alt qatda  maddi deyil, mənəvi, işğal olunmayacaq bir Bağdad-Şəhər var... Bəlkə də hələ heç nəyin olmadığı bir yer var orda, ən təmiz halıyla... Niyəsə mən bu şeirin o dərin ruhsal aləmdən, hər şeyin hələ olmadığı yerdən çıxıb gəldiyini düşünürəm.


- Əlbəttə, bu şeirin zahiri qatından çıxıb poetik incəliklərinə varsaq, sizin dediklərinizə gəlirik.

- Siz yəqin həm də  düşünürsünüz ki, tarixlə yetərincə məlumatlı olmanız, fikrinizdə davamlı siyasi gedişatları dolandırmanız təsir edib bu şeirin yaranmağına?


-Ona qədər yəqin ki, ruhumda dolaşan Ümmətçiliklə bahəm bir Turan mədəniyyəti sevdasının da olduğunu danmıram. Bu şeir həm də qədim və ilkin mədəniyyətlərin təşəkkül tapdığı bir məkanın sakrallığını yansıtmaq cəhdiydi... Bu şeiri yazan adam, Təbrizdən də şeir yaza-yaza UMMƏTÇİLiyə  aşiq birisi olsa da, Orhun -Yenisey əlifbasına  da vurğun birsidir...

-Etirafları alıram yavaş-yavaş...

- Bağdaddan  yazan, Orhun-Yenisey əlifbasının energetik ekstazının mədəniyyətə nələr aşıladığının oyaqlığını yaşamalıdır deyə düşünürəm. Biz əslində millətimizin, ulusumuzun yazılmış qədərini hər birimiz öz avazımızıla oxuyur, öz ritmimizlə səsləndiririk ki,  uyumadığımızdan agah olsunlar. Ədəbiyyatımızda son 150 ilə qədər yerimizn-yurdumuzun adılarının şeirlərdə, poetikalarda olmadığının fərqindəsiniz yəqin ki? Önəmli deyil müxtəlif millətlərin şairləri öz ölkə və yurdlarının  adına şeir yazıb ya yazmayıb. Axı sənin qədərin, onun-bunun qədərindən fərqlidir. Sən öz metafizik əxlaqını bu planetdə qorumaq istəyirsənsə, bunu şeirlə, sözlə, poetikayla, düşüncə rituallarıyla həyata keçirə bilərsən... O baxımdan bəzi mövzuların və şeirlərin yazılmasının vacibliyi ilə bahəm, o nümunələrin dəyişik və yenilikçi ruhda qələmə alınması lazım.

-Lakin bir  yerdə də Bağdadın şeiri yuxuda gəlmiş...

- Bəzən mənə elə gəlir ki, bir ulusun tarixi onun fərdlərinin yuxularında toplanır və fərdin qədərində, taleyində cizgilərə, fərqli nüaslara, işarətlərə çevrilir. Elə bilirəm ki, bu şeir də mənim o sarıdan olan payım və işarətimdir... Ola bilsin elə də güclü şeir deyil, ancaq mövzuya hələ də bayılıram, gerçəkdən.. Bu şeiri bəlkə də daha yaxşı, daha istedadlı yazmaq olardı.

-Lakin bu artıq işarə deyil, düşüncənin qarışdığı bir mətn olacaqdı. Yeri gəlmişkən, sonra, tapılanda, çapa verməzdən əvvəl nəyisə dəyişdinizmi mətnində?

-Bir kəlməsinə də toxunmadım... Siz baxırsınızsa mənim bütün şeirlərimdə bir başlanğıc var, eyni şəkildə. Ancaq bu şeirin ilk misraları fərqliydi. QURAN ayəsidir. Əlif.Laam. Mim…  Yalnız bir yerində hərf düzəlişi etmişəm-“koşa-koşa” yerinə “qoşa-qoşa”, burdakı qoşmaq-qaçmaq felidir, yazmışam. İnanın necə var eləcə qalıb.

-Saat...  Məsələn, mən burada saatı əslində zamansızlıq, məkansızlıq, hətta  heçnəsizlik kimi duyuram, bəlkə başqa bir oxucu başqa bir fikrə sahibdir. Lakin bilmək istəyirəm, burda sizin  “SAAT” nədir?


- Konkret deyirəm-mədəniyyət. Biz oralardan başlayırıq. Əgər o torpaq Füzulini yetişdirdisə, şeiri o zirvəyə o iqlim qaldırdısa, saat o şeirdə mədəniyyətdir...

- Mən hələ zamanın başlanmadığı yerdəki Bağdadı düşündüm. Təkrar kimi görünəcək, lakin düşündüm, şeirdə deyirsiniz ki, hələ zaman yoxdu, alma meyvəsi bölünmüşdü, yeyilməmişdi, amma ruhumuzun Bağdadı  vardı... Ya da Bağdadın ruhu vardı artıq...

- Siz lap dərinə gedirsiniz. Mən istəyirdim sadəcə olaraq şeirdə verilən mesaj  yerinə çatsın. Həm də düz tutmusunuz. Yəni Bağdad deyərkən bir də Bağdadın tarixdən bəlli məhşur alma bağları olub həm də, alma da bir işarədir, türkün qızıl alması. Həm də o yerlərdə nəyi tapsan, nəyi bölsən, içindən bir ulusun sevdası, mədəniyyəti, Yaradanla bağladığı əhdi çıxar...  Bir də bizim dediklərimizin və yazdıqlarımızın təbii ki, bir öncəsi, bir ilki vardır. Arxetipi də demək olar bunun. Əsl gerçəkləri.  O yaranışdakı Onunla olan dialoqumuzdu sanki. Bu şeirdə bir öymək, bir  uca tutmaq yaklaşımı var hiss edirsinizsə. Yəni ki, bizə əta elədiyin bu yerlərə sahib çıxa bilməsək də, onu ruhumuzda qoruya bilirik. Bizim buralarda qoruduqlarımız, sahib çıxdıqlarımız  ilkin yurdumuzdakı - Bərzahdakı yerlərimizin bir uzantısıdır təbii ki...

-Bir yolla tellər qırılmaz…

- Bizlər elə duruma düşürülmüş, ya düşmüş biriləriyik ki, sanki bütün gücümüzü, bütün imkanlarımızı istifadə edib qurtarmışıq, indi sadəcə əlacımız ruhumuzla, yəni sözümüzlə, yəni ilkin doğuluş, törəyiş yerlərimizlə bir bağ qurmağa qalır...

-Bağdadda oldunuzmu?

-Oldum...

-Həqiqətənmi? Nə zaman?

-O şeir yazılandan çox sonralar…

-Şeirini  Bağdada pıçıldamaq keçdimi içinizdən?

-Orda ən çox bu şeirin son bəndi keçirdi içimdən nədənsə...
“….durub da uzun uzun üzümə baxar anam
sanaram bəs bağdaddayam
günəş doğarkan mən o şəhri xatırlayıram
saatım saatım bağdadda qaldı”
 
-Sizcə Bağdad sizi duydumu?  Bağdad necəydi?

-Bu barədə danışmaq istəmirəm deyil də, sadəcə danışmaq çətindir. Mən gördüyüm yerlər dəhşət və bərbad gündəydi. O yerlər elə günə salınmışdı ki, adamın içi hər gördüyündən qan ağlıya bilərdi. Bağdada  bir neçə saatlığına, Türkiyəli dostlarımla və məhz onların sayəsində getmişdim, məqsədim ora getmək və dönməkdi... Anlamağa çalışıram: Bağdad bizə görə, Bağdad mənə görə var. Mən Bağdada görə varam, yoxam qarşılğı bu cümlədən sonra bir sual kimi qoyulmaz. Qoyulmazsa, yəni Bağdadın mənə görə var olma bağı, bağlantısı  ona qarşı qəlbən, ruhən, şüurən bir az böyüməyimi, bir az iri olmağımı tələb edirdi. O zaman mən heç vaxtı heç yerdə “mənim vətənim Azərbaycandır” – yaza, deyə, eşidə bilmərəm.Bizim Azərbaycan adının mənəvi, mədəni, sakral rızqını oğurladığımızın, kəsdiyimizin, ya hansısa tarixi fəsadlardan dolayı gizlətdiyimizin fərqinə varsam da, ən azndan bu günahımı yazılarımla gedərməyə cəhd edirəm.Tarixi günahlarımızın,  Bağdadlarımızın bizi duymasına maneəçilik törətdiyini də bilmək zorundayıq.

-Üzmüşdümü sizi gördükləriniz? Yəqin ki, saat, yəni ki zaman artıq Bağdadla durna dilində danışmırdı, silah dilində danışırdı, dağıntı  dilində danışırdı... Artıq saatınızı tapammazdınız bir baxımdan orada...

-İnanın orda bir küçədə saatlar gördüm yerə atılmış...  Mənim saatıma gələndə isə, mənim “saatım” orda ola bilməzdi artıq. Çünki mənim “saatım” İlahi qatda öz ritmini yaşayırdı. O şeirdəki saat, təbii ki, mənim saatım deyildi, o şeirdəki saat bir Ulus haqqındadır. Yarımçıq qalmış, tamamlanmamış bir davamız var ki, mən o "saata"-ZAMANA dönüşən və qiyamətə qədər  bitməyəcək bizə sevda bəxş edəcək savaşın hesabına yazdım o şeiri...

-"Bağdadın zamanı qapanıb"-deyə düşündünüzmü orda, ruhdan düşdünüzmü?

- İnsanlar kimi şəhərlər də ölürlər. Deyəsən Bağdad da sonsuzluq yolçuluğuna çıxmışdı. Onun soyxalarını hansı şəhərlər geyinməyə hazırlaşırdı görəsən. Onsuz da Bağdadın kitabxanasını oda versələr də, nə vaxtsa ən yeni, ələ düşməz məxəzlər, əlyazmalar, qədim kitablar Avropanın, Amerikanın Drezdenlərindən, Vatikanlarından üzə çıxacaq. Bağdad vurulub meyidi ortalıqda qalmış igid idi, kimsə yaxın durub yerdən götürmürdü.
Hər şəhərin sakrallıq içərən bir ölümü olur. Şəhər var ki, yerləşdiyi coğrafiyaya uyğun olaraq, mənəvi ölümünü yaşayır. Şəhər var ki, mədəniyyətlər sorunu, məsuliyyəti daşıya -daşıya, necə məhv ediləcəyinin əzabını yaşayır. Ancaq Bağdadın ölümü şəhidanəydi. Onun əbədi və gerçəkdən bir yerlərimizdə DİRİ QALDIĞINI hiss edirdim. Onu da hiss etmişəm ki, bu şeirim Bağdadın karmasından yazılmış, Bağdadın ən əsrarlı energetikasından tuttdurmuş şeirdir.

-Sonra  nə oldu?

-Sonra, gerisi təbii ki, hər kəsin bildiyi bir fəlakət. Hər gün televizor ekranlarından yansıyan görüntülər evimizin içinə qədər gəlməkdə. Ancaq bu yazdığım şeir üçün o gördüklərim daha önəmli deyildi. Çünki bu şeir də nə qədər olmaya bir enerji daşıyıcısı kimi yaşamaq istəyirdi. O dağıntılar önündə, o təlaşlar içində mən qəribə də olsa,  görünməyən, bilinməyən bir Bağdadın olduğunu təkrar da olsa vurğulmaq istərdim. Mənə elə gəlirdi ki, Bağdadın hər qarışının tozunu dumana qatsalar belə, yenə də HAQQ üzündə olan  gerçək bir Bağdad var ki, kimsə ona toxuna bilməz. Şeirim deyəsən  ...oralardaydı.

-Bu çox gözəldir həm də...  Duymaqdayam...  İçinizdəki Bağdadı deyirəm...Yeri gəlmişkən, geri qayıdarkən Bağdaddan nə gətirdiniz?


-Sən belə bir sual verirsənsə, mən hələ qayıtmamışam, ordayam, oralardayam- deyirəm...
-Bu şeiri ucadan, hardasa, ya öz-özünüzə oxuduğunuz oldumu?

-Kimsəyə oxumamışam. Yalnız iki  dəfə Türkiyədə açıq havada beynəlxalq  bir şeir şöləninə dəvətli ikən, sıra mənə gəldiyində çıxdım ki, bu şeiri oxuyam, azan oxundu, dayandım. Azan qurtarandan sonra yenidən oxudum. ikinci səfər də  Əskişəhərdə yenə şeir oxuyarkən -bu şeiri,  azan oxundu, durub gözlədim. 2008-ci ildə isə bu adda – “saatım bağdadda qaldı”  kitabımı çıxardım...

-Şeir əzbərinizdə varmı?

- Ümumiyyətlə, şeirini əzbərləyib sonra hardasa əzbər deyən adamlara bir təhər baxıram, mənə bu çartdaqlıq anlaşıqlı gəlmir, çatmır. Mən əzbər deyəcəyim şeiri yazmıram, onu eləcə yarqılayıram, yəni deyirəm gedir...

-Bu şeirin hekayəsini yazmaq  istərdinizmi?

- Düşünməmişəm...  Ancaq yox, ona, daha doğrusu bu hadisəyə uyğun gələn bir hekayəmin olduğunu bilirəm. Elə o il yazılıb. 1999-da. “Ölümdən qaçan” hekayəsi.
Qəribədir, çünki bu hadisəni nəzərdə tutub yazmamışam. Ancaq siz soruşanda xatrıladım ki, o durumu verən bir hekayəm var.

-Xanəmir bəy, bütün anlatdıqlarınızla yanaşı, bu şeirin sizə verdiyi hansı hiss var ki, onları da paralel olaraq yaşayırsınız?

-Həmişə o şeirdən sonra necə rahatladığımı xatırlaya bilirəm.  O şeirimin içində bir çox şeirlərimin gizləndiyinin də fərqindəyəm. Yazılan ya yazılmayan ola bilir...
Ancaq hesab edirəm ki, bu  şeirim  öz yükünü “ağğğbaaaağğğ”, “Viyananın qapısı təkkə”, “osmanlı”,  “MAQ-lar”  r.a.m.o.n.-umda verdi. Üzərində durduğumuz  şeirimin gerçək siqləti və sağlam mesajları bu mətnlərimdə açılır.

-Ümumiyyətlə şeirlərinizə, mətnlərinizə  xüsusi həssaslığınız varmı?

-Nə mənada?

-Mən söhbətin başında şeirin adını bilərəkdən yalnış yazdım. Gözlədim ki, görək reaksiyanız nə olacaq?


- Fərqindəydim... (Gülümsəyir) Dedim birdən inciyərsiniz-filan. Amma  düzəltməyiniz üçün sonda bildirəcəkdim. Əslindəsə diqqətliyəm,  bilirəm ki, bir söz belə deyil, məhz elə yazıldısa, mən "elə yazılmış " sözdə deyiləm.

 -Xanəmir niyə şeir yazır?

Sadəcə yazmalı, nə yazmalı  olduğumu bilirəm və öz şeirlərimə hörmətlə yanaşıram. Çünki bir yerlərində məni qoruyacaqlarına və gizləyə biləcəklərinə inamım çoxdur. Niyə? Çünki kosmik gedişatın və metafizik olayların gizlinə çəkilişdə daha uyğun və rəhmani  olduğunun qənaətindəyəm. Onsuz da insanla bağlı olan nə varsa, aşkar üzərində yansıyır,  zahir üzündə dışa vurur, şəkillənir, görünür, fikir formalaşdırır. Ancaq qorunmaq, ilkin yurduna doğru geriyə dönüşdə təhlükəsizliyini təmin etmə baxımından gizlinlər hər zaman əsas rol oynamışdır. Çünki bütün gizlinlər əxlaq ölüsüdür…mədəniyyət törəməsidir. Şeirdə yönəldiyim istiqamət, estetik aləm, həm mövzular, həm də onları yazma üslubum, ifadə tərzi  baxımından mənim bu dünyada və bu həyatda var olmamın bütövlüyünü təşkil edir. Mən öz şeirlərimin, yazılarımın üzərində nəzarəti olan və onlara hökm etməyi bacaran, mövzularımı dərk edib onların ağırlığını daşımağa gücü yetən birisiyəm. Mövzularımın qarşısında gülünc birisi olmadığımı da anlayıram.

-Sizin şeirlərinizin, əlbəttə digər mətnlərinizin də, lakin biz şeir üzərinə danışırıq, birmənalı olaraq hazırlıqlı oxucu üçün olduğu deyilir...


- Göründüyümdən və bilindiyimdən də çox gerçəkçi adamam.  Reallıqları və gerçəkləri o qədər dərk edir və anlayıram ki, yazı prosesində, yaradıcı dalğanın təzyiqindən, bunun inkası bir az mistik, bir az təsəvvüfi alınır bəlkə.
Məni ancaq şeirlərimlə aşkarlamaq mümkün deyil, yazı həmişə xarakterin tərsinə vurur. Haqqanə yazı müəllifi, müəyyən dönəmdə,diri göstərib önə verir, özü isə çıxdığı yerlə çatdığı yer arasında İlahi harmoniyaya toz qondurmamaqla uğraşır. Məncə, deyəsən Qolosofker də, Cəmil Meric də belə deyir. Nisbi də yanaşmaq olar bu anlayışa, fikrə. Mən həmişə yuxuda şeir yazmıram ki? Bir də onu da qeyd edim ki, bir adam desə və yazsa ki, məsələn, hər hansı bir şeirini yuxuda yazıb, gerçəkdən əsəbləşərəm, ona bir az da aşağılayıcı nəzərlərlə baxaram. Əslində belə şeyləri də sevmədiyimi bilməyinizi istəyirəm. Halbuki “Saatım Bağdadda qaldı” və bir neçə şeirim elə yazılıb. Acığı gen-bol "yuxu", "mistik", "metafizik", "parapixoloji"  sərsəmləmələr zəhləmi tökməklə yanaşı, nədənsə məni həm də utandırır. Həm də əsəbləşdirir. İrreal anlayışların və münasibətlərin, təsirlənmələrin də ölçüsünün, dozasının olması gərəkdir. Yəni hazırlıqlı oxucular üçün yazdığım haqda fikirlərə gəldikdə isə, onu deyə bilərəm ki, yazılarımdan utanc duyacaq dərəcədə qürurlu birisi deyiləm.Yazıram və yazmaqda davam edirəm. Kimlərinsə öz intellektini yazılarım üzərində sınaqdan çıxarmağına gərək yox.Duyarlı olmaq yetər.

-Xanəmir bəy, bir də dostlarınızdan, qələm adamlarından xəbər aldıq, sizin şeirləriniz içindən hansıları daha çox sevirlər deyə. Yuxarı-aşağı eyni adlar çəkildi-“Şəms”, “Yağmurun islatdığı çörək parçası”, ”Uşaq qəbri”, “Su gülün harasında soyuyar”, "Qarğa beyni yeyənlərə namə" və “Saatım Bağdadda qaldı”...   Razısınızmı  bu seçimlə?

- Min bərəkət…. buna da şükür, (gülür), əziyyət çəkmişlər…

-Sonda təşəkkür  etmək istəyirəm. Söhbət  üçün, bu və digər gözəl şeirlər üçün...  Ümidvaram sizi çox yormadıq və bezdirmədik.

- Qətiyyən bezdiricilik və usandırıcılıq olmadı. Mən də sizə təşşəkkürümü bildirmək istəyir və bu layihənizin uzun müddətli olmasını diləyirəm

-Təşəkkür  edirəm.

/Hədiyyə Şəfaqət, Ədəbiyyat qəzeti/

Yenililklər
14.06.19
Azərbaycan televiziyası - yeni simada
13.06.19
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
12.06.19
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdim olunub
12.06.19
Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb
12.06.19
Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm
12.06.19
Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
10.06.19
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib
10.06.19
Milli Dram Teatrı “Ölülər”i yenidən təqdim edib
10.06.19
Rəşid Behbudovun xatirəsi anılıb
04.06.19
Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
04.06.19
XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub
30.05.19
"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
29.05.19
Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub
27.05.19
"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19
Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.