Oreste Pinto - Mavi koftalı qız
05.01.17

Oreste Pinto - (1889 Amsterdam - 1961 London) yəhudi əsilli məşhur niderland əks - kəşfiyyatçısı, polkovnik-leytenant. Fenomenal yaddaşına, əsaslı psixoloji hazırlığına və bir neçə xarici dili sərbəst bildiyinə görə İkinci dünya müharibəsi illərində səkkiz faşist kəşfiyyatçısını ifşa etməyi bacarmış yüksək səviyyəli peşəkar. Müttəfiq qoşunların Normandiyaya çıxarılmasından   sonra general Eyzenhauerin qərərgahında xidmət edirdi. Eyzenhauer onu “təhlükəsizlik üzrə hal - hazırda sağ olan avtoritetlırin ən dahisi” adlandırmışdı. Müharibədən sonra Niderlandda leqallaşmağa can atan alman  agentlərinin  filtrasiyası üzrə çalışırdı.“Casus ovçusu”, “Dost, yoxsa düşmən? ”, “Sirli cəbhə” və “Qadın casuslar” adlı, real hadisələrdən bəhs edən sənədli hekayə və poestlərin müəllifidir.  1959 -1961- ci illərdə  BBC teleşirkətinin  efirə  verdiyi  məşhur  seriallar O. Pintonun xatirələrinə əsaslanır.  Oxuculara  təqdim olunan “Mavi koftalı qız” sənədli hekayəsi müəllifin “Casus ovçusu” kitabından götürülmüşdür.

Tərcüməçi


MAVİ  KOFTALI QIZ


       ... İndi sizə danışacağım bu əhvalatın mənə aidiyyatı yoxdur, ancaq onun doğruluğuna şübhə etməyə bilərsiniz. Onun əsas iştirakçısı mənim həmkarım, Fransanın İkinci bürosunun ( Fransa Əks-kəşfiyyatının) əməkdaşı olmuşdur. O, bu əhvalatı mənə öz bacarığını nümayiş etdirmək xatirinə danışmamışdı - bu onun stilində deyil, elə mən özüm də onun xidmətləri barədə az eşitməmişdim. Mən onun bu hekayətini iyirmi beş ildən artıq gizli saxlamışam, ancaq indi, o, dünyasını dəyişib və mən bu əhvalatı sizə danışa bilərəm, - mənimçün həyatdakı elə bir vəziyyətə parlaq misal olan əhvalatı ki, orada şəxsi hissləri gizlətmək qeyri - mümkündür (bu barədə Gi de Mopassan, bu istehza ustası, düşünmədən söz açmış olardı).    
Birinci dünya müharibəsi qurtarandan bir neçə il sonra hansısa bir işlə əlaqədar Parisə gəlmişdim. Bizim kəşfiyyatla sıx əlaqədə olan İkinci büro mənə özünün ən yaxşı əməkdaşlarından birinin xidmədmətlərini təklif etmişdi. Mən burada onu Anri Düpon adlandıracam (onun bir cox qohumu, o cümlədən həyat yoldaşı sağdır, ona görə də əsil soy adını açıqlamaq istəməzdim). Biz hələ Birinci dünya müharibəsindən tanış idik, belə ki, məni vaxtaşırı İkinci büroya ezam edirdilər, indi isə yaxın dost olmuşduq.
Biz təmtəraqlı mətbəxi ilə məşhur olan Parisdə tapıla biləcək ən gözəl naharı sifariş edib, ağır bir əməliyyatın uğurla bitməsini qeyd etməyə qərar verdik. Bəli, bu gözəl bir nahar idi. Budur, damağımızda siqara, stulların arxasına sərələnərək, brendinin son damcılarını qədəhlərimizdə sınayıcı nəzərlərlə diyirlədirik. İkimiz də həmin o qəribə xoş halətdəyik ki, onu yalnız nəfis xörəklər və gözəl şərablar yarada bilər. Yox, biz sərxoş deyilik, əsla, buna hələ çox var! Ancaq həyat problemsiz və gözəl, insanlarsa mehriban və xeyirxah görünürlər və elə hey istəyirsən danışasan, danışasan...
Biz nə vaxtsa birlikdə və ya təklikdə şahidi və ya iştirakçısı  olduğumuz hadisələri müzakirə edərək, xatirələrə qapılmışdıq. Söhbət işlə bağlı uğursuzluqlardan düşdü, ikimiz də özümüzə “rəhm etmədən”, zəif cəhətlərimizi yada salmağa başladıq. Mən Anriyə danışdım ki, bir dəfə şübhələndiyim şəxsin günahkar olmasına sübut tapa bilmədiyimdən onu buraxmalı olmuşdum, halbuki əmin idim ki, casusdur.
Mən susanda ətrafa sakitlik çökdü. Anri fikir içində, dalğın nəzərlərlə qədəhinə baxırdı. Ofisiantdan qədəhlərimizi doldurmağı xahiş etdim və dostumu yüngülcə itələdim.
- Anri, bəs elə olubmu ki, çətin qərarlar qəbul etməli olmusan? Yəni sənin işində heç vaxt uğursuzluq olmayıb, casusları da həmişə asanca ifşa etmisən?
Anri mənə baxıb, kədərlə gülümsədi, əlindəki qədəhi elə bərk sıxdı ki, barmaqlarındakı oynaqları ağappaq ağardı. Ani olaraq düşündüm ki, görünür  yersiz sual vermişəm. O, ağır-ağır nəfəsini dərdi.
- Hə, dostum, sən ən yaralı yerimə toxundun. Bir əhvalatım var, onunla fəxr edə bilmərəm. Gecələr tez-tez bu barədə düşünürəm. Düzdür, mən o vaxt öz borcumu yerinə yetirdim. Ancaq, niyə bu məhz mənimlə baş verməli idi? Doğrudanmı mən onun simasını heç vaxt unutmayacam?
        O, susdu, diqqətini cəmləşdirərək, siqarası ilə məşğul olmağa başladı.
- Danış, - deyə inamsızlıqla xahiş etdim.
O başını qaldırıb, mehriban, kədərli bir təbəssümlə gülümsədi.
 - Elə, danışsam yaxşıdır. Bu barədə heç kim bilmir. Olsun ki, səninlə bölüşsəm bu sirr məni üzməz.
O, yenə susdu. Əlindəki brendi qədəhini fırlatdı, sonra onu qaldırıb, tələsmədən, həzz ala - ala, şərabdan bir qurtum içdi.
- Qulaq as, - deyə Anri sözə başladı. - Bu əhvalat hamı ilə baş verə bilərdi, o cümlədən səninlə, ancaq mənim başıma gəldi. İkinci büro məni əks-kəşfiyyat işləri ilə əlaqədar N şəhərinə ezam etmişdi, bir ildən artıq orada qalmalı olmuşdum. Bizə hər gün yeni - yeni adamlar gəlirdi, ona görə də səhər tezdən gecə yarıya qədər işləməli olurduq. Şübhəli şəxslərin axını bitib qurtarmır, biz isə bütün bu insan kütləsinin sorğu-sualını çatdıra bilmirdik.
N - ə gəldiyimdən altı ay sonra məzuniyyət götürməyə ixtiyarım vardı, ancaq işləməkdən haldan düşmüş yoldaşlarımı atıb getməyə vicdanım yol vermirdi. İkinci il başladı, onda anladım ki, əsəblərim heç nəyə yaramır. Yoldaşlarımla qaşqabaqlı və hirsli dolanırdım, ən pisi də o idi ki, işdə səhv buraxmağa başlamışdım, elə olurdu ki, dindirməli olduğum adamların üstünə qışqırıqla, ağır sözlərlə atılırdım. Yaddaşım pozulmuşdu, bəzən qətiyyətsiz hərəkətlərə yol verir, məntiqsis qərarlar qəbul edirdim. Bununla belə, yenə də tərsliyə salıb, işləməyimə davam edirdim. Ancaq, bir dəfə komendant məni kənara çəkib, əmr etdi ki, dərhal məzuniyyətə çıxım. Həvəssiz, ancaq ürəyimdə minnətdarlıq hissi ilə, tabe oldum.
Elə yorulmuşdum ki, həddən artıq səs-küylü, qayğısız Parisə yollanmaq istəməyib, L - də, düşərgəmizin otuz kilometrliyindəki balaca bir şəhərcikdə dincəlməyi qərara aldım. L. - də əhvalım dərhal yaxşılaşdı. Buradakı küçələr əyri-üyrü və dar, evlər isə qədim, qeyri adi memarlıq üslubunda idi. Kiçik bir çay, dirsəyində rahat yuva kimi qərar tutmuş şəhəri ilgək tək dövrələyirdi. Bəlkə də bir ildən artıq olardı ki, özümü  bu qədər sərbəst və asudə hiss etməmişdim. Ucuz bir mehmanxanada otaq tutdum, ümid edirdim ki, orada müharibəni və işimi mənə heç nə xatırlatmayacaq. İki həftəliyə hər şeyi unutmaq, yalnız dincəlmək lazımdı. Nahar vaxtı yetişdi, restorana yollandım. Qarşısıalınmaz peşəkar vərdişləri iradəmdən asılı olmadan məni oradakı adamların məşğuliyyətini müəyyənləşdirməyə məcbur elədi. Bir küncdə iki fermer oturub gələcək məhsulu müzakirə edirdi. Qara kostyumundan və ölçüb - biçilmiş hərəkətlərindən, görünür notarius olan ahıl bir kişi tək - tənha oturub diqqətini yeməyində cəmləşdirmişdi... Ancaq, çox keçmədi ki, nəzərlərim üzbəüz əyləşmiş mavi koftalı qıza sataşdı. Bu, gənc və çox gözəl bir qız idi. Onun diqqəti yalnız öz nimçəsində olsa da, daxilimdən gələn bir səs mənə pıçıldayırdı ki, o da özünü mənim kimi rahatsız və tənha hiss edir.
        Bir sözlə, nahar vaxtı elə hey gizlin - gizlin öz füsünkar qonşuma göz qoyurdum. Nəhayət, baxışlarımız toqquşanda, onun sağlığına içirmiş kimi stəkanımı qaldırdım və o, yanaqları al rəng alaraq, utancaq bir təbəssümlə mənə cavab verdi. Nahar sona yetəndə yaşlı bir ofisiantı yanıma çağırtdırdım, qıza valeh olduğumu ona çatdırmağı tapşıraraq yanında əyləşmək üçün icazə istədim. Nifrətamiz bir rədd cavabı gözləyərək  ona həyəcanla göz qoyurdum. Nəhayət, cəsarətsiz ümidlərim doğruldu. Qız, yanaqları al rəng alaraq, başı ilə ofisianta işarə edib, gülümsədi. Mən stulumdan sıçrayıb ona tərəf getdim.
       Onun adı Mari idi, Parisdəki firmalardan birində katibə işləyirdi, bura isə məzuniyyətə gəlmişdi. Mən soruşdum ki, nədən onun kimi füsunkar bir qız heç bir əyləncə yeri olmayan L.- də istirahət  etməyə qərar verib. O, qəşəng çiyinlərini yüngülcə çəkib, gülümsədi. Paris, əlbəttə ki, gözəl şəhərdir, ancaq çox səs-küylü və təhlükəlidir, özü də orada şənlənmək istəyən həddindən artıq əskər və zabit var. Ona görə də o, məzuniyyətini rəfiqəsi ilə birlikdə L. - də keçirməyi qərara almışdı. Son məqamda rəfiqəsi gələ bilməmiş, o  tək yola düşərək, bu gün səhər bura gəlib çıxmışdı.
Onun verdiyi açıqlama, - deyə Anri davam edirdi, - məni özüm haqda nəsə bir şey söyləməyə məcbur etdi. Ona dedim ki, böyük bir teleqraf agentliyində işləyirəm. Bu həqiqətən də belə idi, çünki, əgər  yadındadırsa, müharibə vaxtı məxfi tapşırıqları yerinə yetirən bir çox əks-kəşfiyyatçılarımız rəsmən teleqraf agentliklərində qeydiyyatda idilər. Dedim ki, paytaxtdakı qarışıqlıq mənim də zəhləmi tökdüyündən, mən də məzuniyyətimi sakit şəraitdə keçirməyə qərar vermişəm.  İndi isə, - deyə təbəssümlə əlavə etdim, - çox güman ki, məzuniyyətim düşündüyüm qədər də sakit keçməsin. Onun yanaqlarındakı qızartı daha da alovlanaraq, gözləri işvəkarcasına bərq vurdu.
- Mən “hücuma keçməyi” qərara aldım, - deyə Anri davam elədi.  - Gözəl,  günəşli bir gün idi. Mari nəsə də düşüncələrə qapılmışdı. Soruşdum ki, şam yeməyinə qədər nə etmək fikrindədir. Sən demə, o, çox istəyirmiş ki, qayıqda gəzintiyə çıxsın, ancaq təəssüf ki, avar çəkməyi bacarmırmış. Təsadüfə bir bax! - deyə ucadan söylədim, - mən özüm də qayıqda gəzməyi düşünürdüm...
 Budur, körpüyə tərəf üz tutub qayıq götürdük. O, qayığın arxa tərəfində, balışların üstündə özünə yer elədi, mən isə üzbəüz oturub, axına qarşı avar çəkməyə başladım. Çayın sahilləri nağıllardakı kimi zərif yaşıllığa qərq olmuşdu, haradasa yaxınlıqda, görə bilmədiyimiz quşlar var gücü ilə ötür, yüksək səmada parlaq yay günəşi od tutub yanırdı. Mənə elə gəlirdi ki, biz bir neçə dəqiqənin, bir neçə saatın deyil, bir çox ayların və illərin tanışıyıq. Artıq, həyəcanla nəsə yeni mövzular axtarmır, aramsız olaraq danışmağa ehtiyac duymurduq. Günəşin şüaları çayı dövrələyən ağacların budaqlarında bərq vuraraq, dinc sulara alabəzək kölgələr salırdı. Mən özümlə, içində müxtəlif yeməklər və şərab olan zənbil gətirmişdim. Mənzərəli bir talaya yaxınlaşdıqdan sonra qayığı sahilə çıxarıb, füsunkar yol yoldaşıma da qayıqdan düşməyə kömək etdim. Bir şüşə yüngül, əla  şərabdan içdikdən sonra qəlyanaltı edib, isti otların üzərində uzandıq. Mən siqaret qutusunu çıxarmaq üçün qalxarkən, dirsəklənib çevrildim. Mari yanımda uzanmışdı; onun gözəl çöhrəsi gündən al rəngə boyanmışdı, mavi koftasının altındakı sinəsi aramla qalxıb - enirdı. O, mənə baxıb gülümsədi. Özüm də gözləmədən, əyilib, ilıq dodaqlarından öpdüm.
İstirahət etdikdən sonra qayığa oturduq, mən avarları yığışduirdım, qayıq özü axar boyu, çay aşağı üzməyə başladı, Marini qucaqlayıb, yanında əyləşdim.
       Şam yeməyindən sonra yenidən sahil boyu gəzintiyə çıxdıq. L. o qədər balaca şəhərdi ki, orada, demək olar, heç bir əyləncə yox idi. Biz bunu heç axtarmırdıq da. Gənc idik və dünyanın ən qədim məşğuliyyəti bizi tamamilə qane edirdi. Hisslərimizin bizi hara aparıb çıxaracağını düşünmürdük. Ancaq, bütün müsafirlərin yatmış olduğu mehmanxanaya qayıdanda, ikimiz də dinməzcə mənim otağıma üz tutduq. Pəncərələr taybatay açıq idi, pərdələr yana çəkilmişdi, həzin ay işığı otağa süzülürdü.  Mən Marini qucaqladım, onun qolları boynuma sarılmışdı... O, mənim qulağıma qırıq - qırıq, demək olar ki, mənasız, zərif sözlər pıçıldayirdi. Mən onun sifətini, boynunu, kürəklərini və sinəsini öpüşlərə qərq etdim. O, müqavimət göstərmirdi... Birdən eşitdim: “ İch liebe dich” (“Mən səni sevirəm” – alman.)
Qollarım ani olaraq yanıma düşüb, soyudu. Ehtirasım harasa yoxa çıxdı, sanki birdən - birə gözlərimi açıb görmüşdüm ki, qucağımda meyid tutmuşam. Əks - kəşfiyyatçı instinkti məni ehtiyatlı olmağa məcbur etdi. Bəlkə, səhv eşitmişdim? Yox, bu cür aldana bilməzdim! Mari, Parisdə işlədiyini, bura istirahətə gəldiyini söyləyən istəkli, gözəl Mari indi hər şeyi unudub, coşğun ehtiraslar içərisində sevgi sözlərini mənə almanca pıçıldamışdı!
        Onun qolları arasından çıxdım. Mari təəccüb və həyəcan içərisində mənə baxırdı.
 - Əzizim, sənə nə oldu?
Mən ağlıma gələn birinci fikri söylədim:
- Heç, siqaret almalıyam, - qutuda bir neçə dənə qalıb.
O, gülüb dedi:
- Siqaret? Gecənin bu vaxtı onu haradan alacaqsan? Bir də ki, - deyə o, çarpayının yanında, masanın üstündəki təzəcə açılmış qutuya işarə edərək dedi,- sən hətta bütün gecə dalbadal çəkmək istəsəydin belə, səhərə bir neçəsi qalardı. Həm də ki, siqaret nəyinə gərək? Yəni, hətta indi də onu unuda bilmirsən? Yoxsa, sən məni, sadəcə, sevmirsən? Əzizim, düzünü de!
O, gülümsəyərək əllərini mənə tərəf uzadırdı.
        - Mari, məni bağışla, - deyə cavab verdim, - ancaq, indi sevgi vaxtı deyil. Məni açıq danışmağa məcbur etmə - onsuz da artıq, öz borcuma xəyanət etmişəm.
Qulaq as: mən gedirəm, elə tutaq ki, siqaret dalınca və düz yarım saatdan sonra geri dönəcəm. Əgər qayıdanda səni hələ də burada görsəm, həbs edib yaxınlıqdakı hərbi qərərgaha təhvil verməli olacağam.
- Həbs etmək... məni? Əzizim, sən, görünür özünü yaxşı hiss etmirsən. Bəlkə, zarafat edirsən?
- Yox əzizim, zarafat etmirəm. Əgər bu yalnız zarafat olsaydı !... Tanrı xatirinə, məni açıq danışmağa məcbur etmə... Yaxşı, qulaq as: mən Qavas agentliyinə ezam olunmuşam, əslində isə İkinci büroda işləyirəm. İndi aydın oldu?
-Axı mən neyləmişəm?
-Vaxtı itirməyək. Sən mənə heç bir pislik etməmisən, sənə həddən  artıq minnətdaram. Ancaq indi əlvida. Biz həmişəlik ayrılmalıyıq. Mən borcuma bir dəfə xəyanət etmişəm,  ikinci dəfə belə bir şey olmayacaq.
Qapını çırpıb, bir neçə saat əvvəl xoşbəxt dəqiqələr yaşadığım çay kənarına üz tutdum, - deyə Anri hekayətinə davam edirdi. - Dalbadal siqaret çəkə - çəkə son saatda baş verənləri beynimdə əsəbi halda götür - qoy etməyə çalışırdım. Mari alman casusu idi, buna şübhə yox idi. Özü haqqında danışdığı tarixçəsindəki əvvəl fikir vermədiyim xırda dəqiqsizliklər indi yeni dəlil kimi səslənərək, heç də pis eşitmədiyimi təsdiq edirdi: bir neçə dəqiqə əvvəl o, həmin o öldürücü üç alman kəlməsini dilinə gətirmişdi. Mari məni səmimi - qəlbdən sevmişdi. Onun sevgisi sirr öyrənməyə çalışan “casus” sevgisi deyildi. O, məni yalnız mülki geyimdə görmüşdü, orduya aidiyyatım olduğunu da bilmirdi. Ona elə bir şey də söyləməmişdim ki, hansısa məxfi sənədlər əldə etmək xatirinə onu  mənimlə yaxınlaşmağa sövq edəydi. Bir şeyə şübhəm yox idi, - o casus idi. Mən bir əks-kəşfiyyatçı kimi onu dərhal həbs etməli idim. Ancaq, axı mən kişiyəm, insanam! Axı, elə sərhədlər var ki, orada vətənpərvərlik hissi cismani çağırışların qarşısında acizdir...
Mən sahildə var - gəl edir, ehtirasla ümid bəsləyirdim ki, verdiyim qərarlar səhvdir və yarım saatdan sonra Marini mehmanxanada görəcəyəm.  Qoy o mənə gülsün, ya da lap məndən incisin, təki günahkar olmasın, təki mənim şübhələrim mənasız çıxsın. Yarım saat keçdi və mən mehmanxanaya qayıdarkən demək olar ki, əmin idim -  onu yenidən görəcəyəm. Ancaq, belə deyildi! Otağımda heç kim yox idi; Marinin otağının qapısını astaca açdım - qaranlıq idi. Otağı diqqətlə axtardım, - nə Maridən, nə də onun şeylərindən əsər- əlamət qalmışdı. O, mənim məsləhətimə qulaq asmış, izsiz - soraqsız yoxa çıxmışdı.  Deməli, o, həqiqətən də alman casusudur!
Anri susub, sanki hekayətinin sona yetdiyini vurğulayaraq, siqarasını söndürdü.
- Hə, kədərli əhvalatdır, - deyə söylədim.
-Gözlə, - deyə Anri sözümü yarımçıq qoydu, - hələ axırı deyil. Bu əhvalatın sonu daha kədərlidir.
- Elə isə, danış, sonra nə oldu, - deyə onu tələsdirdim.
- Mən hələ bir - iki gün də L. - də qaldım, - deyə Anri davam etdi, - ancaq məzuniyyətimin bütün ləzzəti qaçmışdı. Hara gedirdimsə, çay kənarı da, mehmanxana da mənə Marini, o mavi koftalı qızı, xatırladırdı. Adamlar məni əsəbiləşdirirdi, kobud və hövsələsiz olmuşdum, vicdanlı hərəkətimi zehniyyət hesab etməyə hazır idim. Nə böyük ziyan olardı, - deyə özüm - özümdən soruşurdum, - əgər Marini məzuniyyətimin sonuna qədər sevsəydim. O, bütün vaxtını mənimlə keçirər, hətta istəsəydi belə, casusluqla məşğul ola bilməzdi. Sonra ona xəbərdarlıq edərdim ki, mənə hər şey məlumdur və onu alman kəşfiyyatına işləməkdən çəkindirərdim. İndi isə o, həmişəlik yoxa çıxmışdi və mən cəmisi bir gün öncə məni belə füsunkar və dərin hisslər yaşamağa vadar etmiş bir qızla artıq heç vaxt xoşbəxt olmayacaqdım.
Bütün bu sarsıntılardan usanaraq, məzuniyyətimi yarımçıq qoyub, xidməti yerimə qayıtmağı qərara aldım. Sözsüz ki, həmkarlarım tez qayıtmağımın səbəbi ilə maraqlanırdılar və deməliyəm ki, zarafatla söylədikləri bir çox mülahizələri  hədəfə dəyirdi.
Düşərgəyə qayıtmağımdan iki gün keçmişdi ki, evimin pəncərəsi altında nəsə səs-küy eşitdim. Çavuşlardan biri qapını döymədən, otağıma soxulub, nəfəsi kəsilə  - kəsilə dedi:
- Üzr istəyirəm, mosyö, indicə əskərlərdən ikisi kənddə bir casus tutublar.  Bura gətirmişik. Zabitimizdən gizli məlumatlar almağa cəhd edərkən cinayət yerində yaxalanmışdır. Konvoy həyətdədir. Siz onunla məşğul olmaq istəməzdiz?
- Mən furajkamı qapıb, özümü bayıra atdım. Kağızlarda eşələnməkdən cana doymuşdum. Ancaq, qapının ağzındaca qəfildən quruyub qaldım, sanki iri çaplı tapançadan açılan güllə düz ürəyimin başına dəymişdi. İki əsgərin arasında Mari dayanmışdı. Onun baxışları bütün baş verənlərə şən saymazyanalıq ifadə edirdi. Birdən o, məni tanıdı və rəngi dərhal ağardı. Ürəyim köksümdə şiddətlə döyünürdü, gözlərimə inanmaq istəmirdim.
- B-bu nə d-deməkdir belə? - deyə mən nəhayət, duruxaraq soruşdum.
 Əsgərlərdən biri “farağat” vəziyyətində boynunu uzadaraq, adətən sıravi və çavuşların zabitlərə məruzə etdiyi sönük səslə dedi:
- Mosyö, bir saat bundan qabaq Dyupui və mən “Lö lapen ruj” (“Qırmızı dovşan”- fran.)  kafesinin yanında dayanmışdıq. Bu qız və bir qusar zabiti ayrıca kabinetdə oturmuşdular. Zabit qızdan şübhələnib, vurub özünü sərxoşluğa. Qız da başlayıb ondan soruşmağa ki, polkunuz harada yerləşir, o hansı diviziyaya daxildir. Zabit onun yanında qalıb, yoldaşını isə bizim dalımızca göndərib. Biz də onu həbs edib, axtardıq. Çantasından bu qeyd dəftərçəsi çıxdı. Qərara gəldik ki, onu bura, düşərgəyə gətirək.
O, dəri cildli, balaca bir dəftərçəni mənə uzatdı. Dəftərçəni vərəqləməyə başladım, tüklərim biz-biz durdu. İki - üç səhifədə zabitlərin soy adları və hərbi hissələrin nömrələri yazılmışdı, səhifələrdən birində tələsik qələmlə çəkilmiş xəritə vardı. Hissələrin qərərgahları oxla işarə olunmuşdu. Müəyyən etmək çətin deyildi ki, xəritədəki qeydlər alman nümunəsi üzrə işlənmişdi, sonuncu səhifədə Berlindəki iki mənzilin ünvanı vardı.
Marinin üzünə baxmağa taqətim qalmamışdı, ancaq özümü məcbur edib onun gözlərinin içinə baxdım.
- Bəraətinizə nə deyə bilərsiniz? - deyə mümkün qədər rəsmi şəkildə soruşdum.
       O, yüngülcə gülümsədi, çiyinlərini çəkib cavab verdi: “C`est la guerre” (“Bu müharibədir” – fran.)
Ancaq birdən, əsgərlərin əllərindən çıxaraq, qarşımda diz çöküb, çirkli çəkmələrimi öpməyə başladı.Yəqin o vaxtkı düşərgələr yadındadır - palçıq dizə qədər...O, həyəcanla ayaqlarıma sarılıb, palçığın içində aman diləyir, əsgərlər isə onu qalxmağa məcbur edirdi... Mən bir necə gün əvvəl ehtiraslı öpüşlərə qərq etdiyim bu füsünkar, sarışın saçlara baxırdım, ürəyim ağrıdan parça - parça olurdu, bircə söz belə deyə bilmirdim.
       - Məni xilas et, Tanrı xatirinə, xilas et, - deyə o, hönkürərək təkrar edirdi.  Burax məni, burax gedim, yalvarıram! - Belə gənc yaşında ölmək...
O, hətta ölüm ayağında belə, məni düşünürdü, - almanca danışırdı ki, əsgərlər heç nə anlamasınlar.
Mən danışa bilmirdim, ancaq ikinci dəfə vəzifə borcuma xəyanət edə bilməzdım.
- Onu kameraya aparın, - deyə nəhayət əsgərlərə əmr etdim. - Sabah məhkəmə olacaq.
Səhər açıldı və tale məni daha qəddar bir imtahana çəkdi. Cədvələ əsasən məhkəmənin sədri mən olmalı idim, üstəlik, məni əvəz edə biləcək bir zabit də yox idi. Mən təkzibedilməz dəlilləri dinləyib, Marini, bir casus kimi ertəsi günün səhəri güllələnməyə məhkum etdim. Ənənəyə görə ona son arzusunu söyləmək təklif olundu. O, artıq özünə gəlmişdi, indi gülümsəyərək uzun-uzadı nəzərlərlə mənə baxırdı.
- Bir qutu siqaret verin, - deyə o, sakitcə söyləyib, mənim sevdiyim siqaretin adını çəkdi, - xoşbəxt, ancaq qısa bir məzuniyyətdən və məni bir dəfə xilas etsə də, bunu ikinci dəfə edə bilməyən bir dostumdan xatirə tək...
Onu ertəsi gün, sübh tezdən güllələdilər. Mənə dedilər ki, o, ölümü qorxmadan, başını dik tutaraq qarşılamışdı. Elə o vaxtdan, gecələr oyananda, Mari, o mavi koftalı qız gözlərim önündə dayanır və ürəyim ağrıdan göynəyir... Məgər mən başqa cür hərəkət edə bilərdim?
       Mən Anriyə baxıb, yüngülcə çiyinlərimi çəkdim.
       - Sən haqlısan, dostum, daha nə etməliydin ki? Ce n`est pas dröle mais c`est la guerre ( Bu əyləncə deyil, bu – müharibədir – fran.)

Tərcümə edən:
Cəmşid Cəmşidov


Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.