Musa Yaqub - Şair çiy sözü də udmalıdır ki...
06.01.17

Avanqard.net Musa Yaqubun yeni şeirlərini təqdim edir.
 
Tənhalığın üsyanı
 
Hər şey qaldı arxada,
Hər şey qaldı geridə,
Neçin könlüm darıxqan,
Tarimardır bu yerdə -
                      
Evdən-eşikdən kənar,
Son tüstüsü buğlanan,
Ürəyim sönük fanar…
Ya bilmirəm soluxmus
                 bir payız bənövşəsi,
Ya bəlkə tək bulağam,
Üzündə buz şüşəsi –
Bir əl toxunsa əgər
Ya sınar, ya əriyər
Bir də soyuyub gedər
Könlüm uyuyub gedər…
 
Heyf  o etibardan,
Heyf o intizardan  -
Solan yaşıllıqların,
Olan yaxşılıqların
 
Axırı nə?
           bir heç nə…
Tutub bu hecnəlikdən
Hara gedim bilmirəm…
Uçdum hansı yuvadan?
Hara yetim bilmirəm,
Harda bitim bilmirəm
Bilmirəm hansı üzü
Tutub üzüm gəlmişəm.
Mənə elə gəldi ki,
Sən məndən incimisən,
Mən səndən incimişəm
Dönüb küsüb gəlmişəm
İndi bildim tənhayam
Gündüzümdə, gecəmdə -
Evdən-eşikdən uzaq…
Mən bir asi yalquzaq
Qurd ulayır içimdə.
 
Dayan görüm, sən Allah,
Yol yaratsın yaradan!
Səninlə barış üçün
Söz gəzirəm arada…
 
Bilirəm yalvarışla
Hiylə sözlə xoşun yox
Üstün olmaq həvəsin
Bir haqsız savaşın yox.
Eh, nə qəsdi-qərəzdi?..
Biz küsü saxlamazdıq,
İnciklik havasında
Dilimiz işləməzdi.
 
Hardan doğub bu duyğu
Hardan gəlib bu sorğu;
Ömrün hansı üzüdü? -
Sən yoxsan bu dünyada
Bu nə umu-küsüdü?..
 
Sən ki, yoxsan dünyada
Nədir bu giley-güzar
Burda tale sirri var.
                                               
O köhnə cığırında
Bəlkə otlar içində
Ömrünün axırında
Əkdiklərin göyərib,
Açıb gülün, çiçəyin
Baxmamışam, keçmişəm
İncik düşüb ürəyin?
 
Bu həyət sənin idi
Köhnə ocaq yerində
Sönüb qalan kösövlər
Alovlanıb bu səhər…
Amma başqa əl ilə
Amma basqa ocaqda –
Sən qalmısan qıraqda,
Mən qalmışam uzaqda
Görmüsən mən də yoxam
Həmin ocaq başında                                
İncik-incik yanmısan
Ömrün qara daşında
O qızılı donun da
Evdə qalmışdı hələ.
Bəlkə o keçib ələ
Kimisə geyindirib,
Kimisə isindirib
Bu sənə ayan olub
Ruhunu diksindirib
Məni də diksindirib.
                                                 
Dayan, sən Allah, dayan,
Könlüm sınıq darıxqan.
Çaxıb çox ildırımlar
Çaylaq daşı od tutub
Məni də yandırıblar.
Göyün tağına baxma,
Bulud qalıb, dan keçib.
Sinə dağıma baxma
Üstündən hicran keçib.
 
Xoş xəbər ol, xoş çapar,
Dur ayağa, umudum!
Tut qolumdan sən apar:
Gedim, təzədən gedim
Ocağım yanan yerə.
Ürəyim məqam tutub,
Könlüm dayanan yerə.
                                                     
Qızıl balıqlar kimi,
Çay daşımı tanıyım.
Açın ilkin yolumu,
Öz daşımda bayılım.
 
Orda cığır saldığım,
Qoşa keçdiyim yerə.
Bütün sevgilərimə,
O and içdiyim yerə.
 
Ev-eşiyə qarışım,
Öz arxımla danışım.
Mən də köhnə kösövəm,
Ocağımda alışım.
Daha səni tapmaram,
Keçdi qoşa günlərim,
Tək günümlə barışım,
Xatirə günlərimin       
Ətəyindən yapışım.
 
Giley-güzar sarıdan,
Dolub daha siyahım –
Öz günahım, öz ahım –
Gedər qiyamətəcən,
Bütün tənhalıqları,
Çapıb gedər qiyamım!
 
payız, 2016
Bakı
 
Qış gəlir

 
Xırdaca budaqlar qırov bağladı,
Hər ağac başına bir cuna düşdü.
Keçdi ildırımdan gümüş dolular
Yerdə xəzəllərin ovcuna düşdü.
 
Dərənin dibini sel-su xışladı,
Bir keçəl təpəni dolu daşladı.
Qış da ilk dərsinə belə başladı,
Bir yaşıl səltənət çovğuna düşdü.
 
Qırov çəmənlərdən rəngi ovladı,
Alıb sarmaşığı buz buxovladı.
Külək yumruladı, tufan qovladı
Qışın ilk qəzəbi yulğuna düşdü.
 
Vaxt vardı kirşəmiz döşdə çapardı,
Yerdəki qarı da göydə qapardı.
Bir az gücüm vardı payız apardı
Qışımız bir ömrü yorğuna düşdü.
 
7 avqust, 2016
Nabran
 
 
Səyirmə
 
Dağ yeridir, bir az yollar əyridi,
Sərvi gördüm tellərini hörəndə.
Qəfil çıxdı,
                     dodaqlarım səyridi
Almayanaq sərvi - nazı görəndə.
 
Dost elində doğma sözüm - səyirmə
“Seyirmani” səyirmə de, əyilmə.
Söz atımı səyirtdim öz xeyrimə,
Xoş rəftarı, xoş avazı görəndə
Qəfil çıxdı, dodaqlarım səyirdi
Almayanaq sərvi - nazı görəndə.
 
2016
Gürcüstan, Səyirmə
 
Nəsihət
 
Xalq sözü elə cür el malıdır ki,
Müdriklər də dözür ən acı sözə
Şair çiy sözü də udmalıdır ki,
O sözü bişirib çıxarsın üzə.
 
yay, 2016
Buynuz
                 
Qızıl dan kimi
 
Sən Allah, bu gülü yasa aparma,
Bu gül ləçəyində başqa həyat gör.
Bu qızıl güllərdən mənə qanad hör,
Sən Allah, bu gülü yasa aparma…
 
Qızıl dan yerindən rəng alıb bu rəng,
Göylərdən nur alıb, günəşdən çələng,
Bu doğulmaq üçün, uçmaq üçündür
Qövsi-quzehləri qucmaq üçündür,
Sən Allah, bu gülü yasa aparma…
 
Torpaq bitirəni gül eylər gedər,
Torpaq itirəni kül eylər gedər.
Bu ki, mələklərin rəng düzümüdü
Körpənin süd rəngli təbəssümüdü,
Sən Allah, bu gülü yasa aparma…
 
Torpaq! Qara torpaq, fırçana əhsən
Fırçanın verdiyi bu cana əhsən!
Qırxyarpaq qızılgül İlahinindir,
Vurduğu ilməyə qırçına əhsən!
 
Yəqin dünya əvvəl hər yeri gülşən,
Yəni qızıl güllü, qızıl bağ olub
Qədirbilməzlərin əlindən düşən
Gedib çöldə bitib bağrı dağ olub.
 
Tamam başdan-başa heyrətdi, vallah,
Vallah möcüzədir, möcüzə güllər.
Yaz ağzı elə cür tələsibdilər,
Dönüb bənövşəyə, nərgizə güllər.
 
Bu qırxləçəyi gör, qızılı yarpaq –
Şanapipiklərin başında daraq –
O aşiq bülbüllər hamıdan qabaq
Döşünü güllərə sipər eyləyib
Sən bu qızıl donlu mələklərə bax
Boynunu qızıl gül çəpər eyləyib
 
Çəpərin qurbanı, a gül yanaqlar,
Belə açılmışdım mən də qabaqlar –
Bu ilahi güllər qırmızı donda
Mənim də sinəmdə bitmişdi onda –
O da ilk məhəbbət alovlarıydı
Ağ güllər təmizlik qırovlarıydı –
Məni apardılar eşq aləminə
Hələ də ordayam dönüb gəlmərəm –
Ölərəm qalaram – sönüb gəlmərəm.
 
İlk sevgi qızılı şimşək ömrüdü,
Özü çaxıb gedər, şırımı qalar,
İztirab bu eşqin daha kömürüdü –
Qara, qırmızımı, sarımı qalar…
 
Bizim qaşımızda gül mayası var,
Onunçün gözəllər gülyanaqdılar –
Dan yeri qırmızı.
Qürublar sarı…
Sən allah, bu gülün keyfinə dəymə,
Çevirmə üzünü qüruba sarı
Sən Allah, bu gülü yasa aparma…
 
yay, payız. 2016
Buynuz

/kulis.az/

Yenililklər
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.