Cəmşid Cəmşidov - Dantenin “İlahi komediya”sı və Məhəmməd peyğəmbərin meracı
13.01.17


Avanqard.net tanınmış tərcüməçi Cəmşid Cəmşidovun Dantenin “İlahi komediya”sı və Məhəmməd peyğəmbərin meracı məqaləsini təqdim edir.

Məqalə bilavasitə M.A.Palasiosıın və E.Çerullinin adları çəkilən əsərlərinə istinadən yazılıb, hər hansı bir elmi yenilikdə konkret iddialı olmayaraq, informativ - məlumatlandırıcı xarakter daşıyır; imkanları daxilində gətirilən müəyyən sayda misallar, bir çox hallarda əsərlərdən sitat şəklində götürülmüşdür.

Müəllif


“Siz Dante barəsində bilmək istəyirsiniz? İtalyanlar onu ilahi adlandırırlar; ancaq bu gizli ilahilikdir; az adam tapılar ki, onun kəlamlarını başa düşsün; əlbəttə, şərhçilər mövcuddur, ancaq yəqin ki, onların mövcudluğu daha bir səbəbdir ki, o anlaşılmazdır. Dantenin şöhrəti əbədi olacaq, çünki onu heç kim heç vaxt oxumur. Bir xeyli yerlər var ki, əzbər öyrənirlər; bu da kifayətdir ki, yerdə qalanına baxmaqdan ötrü özünə əziyyət verməyəsən”

Volter: ”Fəlsəfə lüğəti”

Dante Aligyeri öz ecazkar poemasını düşünməzdən ən azı altı yüz il əvvəl islamda bu dinin banisi Məhəmmədin axirət dünyasına səyahətindən bəhs edən dini əfsanə artıq mövcud idi.

Asin Palasios


1983-cü ilin payızı idi. İki il olardı, Bakıda deyildim, təzəcə qayıtmışdım. Unudulmaz alimimiz, gözəl insan, professor Əziz Mirəhmədovun məni axtardığını dedilər (1979-1981-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində işləmişdim). Onun yanına yollandim. Mehribancasına görüşdükdən sonra о, italyanca iri həcmli bir kitabı, həmçinin italyan alimi C.Bellincerinin M.P.Vaqif haqqında Venetsiyada çap olunmuş məqaləsini mənə uzadaraq dedi: Məqalə öz yerində, ancaq vaxt eləyib, bu kitaba baxarsan, Bellinceri deyir ki, son dərəcə maraqlı məsələdir.

Campiero Bellinceri (1950) 1982-ci ilin aprelində ilk dəfə olaraq Bakıya dəvət almış gənc və istedadlı italyan türkoloqu idi. Həmin kitabı da Əziz müəllimə məhz o, bizim günlərdə İtaliyanın görkəmli şərqşünas alimi və tərcməçisi təqdim etmişdi. Kitabin titul səhifəsində italyanca belə bir yazı var idı: “Professor Ə.Mirəhmədova. Uğurlar. Campiero Bellinceri. Avqust - 1981”. Başqa bir italyan alimi, italyan şərqşünaslığının korifeylərindən olan Enriko Çerullinin (1898–1988) “Merac kitabı və “İlahi komediya”nın ərəb-ispan mənbələri problemi” adlı bu fundamental tədqiqat (E.Çerulli, “İl Libro della Scala” e la questione delle fonti arabo - spagnole della Divina Commedia, Citta del Vaticano 1949) Qərb ədəbiyyatının və ümumiyyətlə, xristian dünyasının şah əsəri və fəxri sayılan “İlahi komediya”nın” Məhəmməd peyğəmbərin (ə) meracı əsasında qələmə alındığını iddia edən ispan alimi Migel Asin Palasiosun (1871 - 1944) araşdırmalarına həsr olunmuşdu. E.Çerullinin adı çəkilən əsəri həmin illərdə həqiqətən də obyektiv səbəblərdən uzun müddət şəxsi arxivimizdə qalsa da, problemin həllinin gedişatı daima, xüsusilə də axır vaxtlar Məhəmməd peyğəmbərin (ə) ünvanına söylənilən müxtəlif hədyanlardan və nalayiq aksiyalardan sonra mütəmadi olaraq nəzər diqqətimizdə idi. Nəhayət, son zamanlar əldə etdiyimiz bir mənbədə problemin hələ də açıq qalmasından xəbər verən belə bir xülasə ilə rastlaşdıq: “İlahi şairlə (Dante nəzərdə tutulur, qeydlər, rus, latın, italyan və ispan dillərindən tərcümələr bizimdir - С.С.) “murdar camaat” (M.Lozinskinin tərcüməsində “neçistoe plemya”, italyanca - “gente turpa”), yəni müsəlmanlar (sitat - ”İlahi komediya”, “Cənnət”, XV, 139 - 148, - bu barədə irəlidə) arasındakı əlaqələr “çaylar qədər mürəkkəb” aparsa da,“İlahi komediya”nın ərəb–müsəlman mənbələri problem həlledilməmiş olaraq qalır. Asin Palasiosun səksən il öncə söylədiyi heyrətamiz açıqlamalardan sonra yaranmış vəziyyətdə sonuncu nöqtəni qoymaq vacibdir.” (Sitat Cordano Berti, ”Dante Aligyeri”, “Axirət dünyaları", Milano 1998, italyanca).


Problemin yaranma tarixçəsi

Görkəmli ispan ərəbşünası, tanınmış ilahiyyatçı alim, Madrid universitetinin dosenti Don Migel Asin Palasiosun hələ ötən əsrin əvvəllərində elmi polemika şəklində ortaya atdığı bir problem dünya italyanşünasları və ilk növbədə italyan dantoloqları arasında böyük çaxnaşmaya səbəb olmuşdu. 1919-cu il yanvar ayının 26-da İspaniya Kral Akademiyasının elmi yığıncaqlarından birindəki çıxışında ispan alimi belə bir fikir irəli sürmüşdü ki, dahi italyan şairi Dante Aligyerinin (1265–1321) məşhur “İlahi komediya”sındakı axirət dünyasının konstruksiyası və əsərin süjet xətti ilə müsəlman esxatologiyası (axirət günü barədə bir çox dinlərin tərkib hissəsi olan dini təlim) və konkret olaraq Məhəmməd peyğəmbərin (ə) meracı (Bu barədə ətraflı məlumat üçün bax: Aidə Qasımova. Məhəmməd peyğəmbərin meracı.”Yazıçı” Ədəbi nəşrlər evi, Bakı, 1994) haqqında yazılmış dini rəvayətlər arasında birbaşa əlaqələr mövcuddur. Qeyd etmək lazımdır ki, əslində “İlahi komediya” ilə müsəlman dini ədəbiyyatı arasında əlaqələrin ola bilməsi ilk dəfə olaraq ispan abbatı Ј.Andres tərəfindən ehtimal şəklində irəli sürülmüş (1782), italyan-fransız ədəbiyyatçısı A.P.Ozanam onun elmi təxminlərini sistemləşdirmiş (1839), nəhayət, bu fərziyə ilahiyyat tarixçisi E.Blox tərəfindən bir qədər də dəqiqləşdirilmişdir (1901). Ancaq A.Palasiosa qədər hələ heç kim Dantenin şah əsəri ilə müsəlman mənşəli əsərlər arasındakı əlaqələri bu dərəcədə konkret şəkildə irəli sürməmişdi. Sonralar M.A.Palasiosun bu mövzuya həsr etdiyi “İlahi komediya”da müsəlman esxatologiyası” adli geniş tədqiqat əsərində (M.A.Palasios. La escatologia musulmana en La Divina Comedia. Madrid–Granada 1943) gətirdiyi faktik material mövzunun ağırlığı baxımından neçə illərdən bəri toxunulmaz qalmış bu problemi yenidən canlandırmış oldu. Belə ki, ispan alimi, fundamental tədqiqatının nəticəsi kimi, artıq Məhəmməd peyğəmbərin (ə) meracı ilə “İlahi komediya” arasında təkcə birbaşa əlaqələrin olmasını, – əsərlərdəki səmavi səyahətlərin etaplar üzrə eyniliyini, merac səyahətlərindəki cəhənnəmin Dante tərəfindən konkret model kimi qəbul edilməsini, simvolik təsvirlərin, çoxlu sayda analogiyaların, müxtəlif psixoloji təzahürlərin üst–üstə düşməsini deyil, “İlahi komediya”nın ümumiyyətlə islam ruhunda yazılmış bir əsər olduğunu iddia edirdi.


Tədqiqatın başlanma nöqtəsi və əsas tezisləri

M.A.Palasiosun nadir ədəbi nüsxələrə çevrilmiş kitabının fransızcadan rus dilinə tərcüməsini əldə etdikdən sonra, əsərin girişində müəllifin problemlə əlaqədar ilkin təəssüratları diqqətimizi xüsusilə cəlb etdi. O, gəldiyi elmi qənaətlərin nədən başlandığını açıqlayaraq yazırdı: “Müsəlman filosofu İbn Masarrın neoplatonik və mistik doktrinalarına həsr olunmuş tədqiqatımda ilkin ehtimal kimi irəli sürülmüşdü ki, sonuncular xristian sxolastikasına infıltrasiya olunaraq nəinki fransiskan və pretomist məktəblərinin doktorları, hətta bütün tənqidçi və tarixçilərin, Aristotelin və Foma Akvinskinin davamçısı hesab etdikləri dünya şöhrətli şair Dante Aligyeri tərəfindən də mənimsənilmişdir. Və burada, ilkin olaraq göstərdiyimin əsas səbəblərini sadalayarkən, mən mütəxəssislərin nəzər diqqətini Dante ilə Beatriçenin Dante cənnətinin dairələri ilə göyə qalxmasındakı əsas xətlərlə, mistik və filosof, boyük sufı, mursiyalı İbn Ərəbinin Fütuhat adlı əsərindəki alleqorik göyə qalxmasının əsas xəttləri arasında gördüyüm oxşarlıgın sıx əlaqələrinə cəlb etdiın ki, onun da Masarrla təması şəksizdir.
Problemin doğurduğu maraq hamı üçün aydındır; çünki nəinki kordovalı İbn Masarrin və mursiyah İbn Ərəbinin neoplatonik mistikası, hətta bu sonuncunun göyə qalxma vaxtı gördüyü alleqorik model bir nümunə kimi əhəmiyyət kəsb etsəydi və ya heş olmasa “İlahi komediya”nın ən ülvi hissəsi olan “Cənnət” üçün zəmanət kimi mövcud ola bilsəydi belə, bizim vətənimiz, dünya tənqidinin Dante Aligyerinin ölməz əsərinə bəxş etdiyi şöhrət çələnginin heç də ən az olmayan bir hissəsini özünün bəzi müsəlman mütəfəkkirləri üçün tələb etməkdə haqlı olardı...
Tədqiqatlarıımn bu istiqamətdəki çıxış nöqtəsi belə idi; ancaq tez bir zamanda gözlərim önündəki üfüq inanılmaz miqyaslarda genişləndi: belə ki, mursiyalı İbn Ərəbinin alleqorik-dantevari göyə qalxmasını diqqətlə öyrənərkən mən birdən dərk etdim ki, bu, əslində, İslam dini ədəbiyyatından yaxşı məlum olan digər məşhur göyə qalxmanın, yəni Məhəmmədin Beytül-müqəddəsdən Tanrı dərgahınadək göyə qalxmasının və ya meracının mistik uyğunlaşdırılmasından başqa bir şey deyil. Və bu meracdan əvvəl Məhəmmədin bəzi cəhənnəm məkanlarına baş çəkdiyi gecə səyahəti isra gəldiyindən, müsəlman əfsanəsi birdən - birə “İlahi komediya“nın sələflərindən biri kimi gözlərim önündə canlandı. Həqiqətən də, müsəlman əfsanəsinin əsas xətlərinin Dante poemasının xətləri ilə metodik müqayisəsi, - mən bu müqayisəni hər iki əfsanənin çoxlu sayda mənzərəli, təsvirlərlə dolu və epizodik detallarına, həmçinin dantoloqların “şahlıq memarlığı” adlandırdığı, yəni, zənnimcə, planları eyni müsəlman memarı tərəfindən nəzərdə tutulmuş səmavi iqamətgahların, cəhənnəm yaşayış yerlərinin topoqrafik konsepsiyasına aid edə bildikdən sonra, - bir nəticə etibarı ilə mənəvi əminlik cizgiləri kəsb etməyə başlayan şübhələrimi təsdiqlədi. Ancaq tədqiqatımın bu mərhələsinə yaxınlaşarkən şübhələr məni üstələməyə başladı: bəlkə “İlahi komediya” ilə onun mümkün müsəlman modeli arasındakı eyniliklər o faktla izah olunurdu ki, onların hər ikisi ümumi bir nümunədən asılı idi. Və ya başqa sözlə: bəlkə bu müsəlman mənbələrində rast gəldiyim Dante elementləri özünün tam genetik izahını “İlahi komediya”dan əvvəlki Orta əsrlər xristian əfsanələrində tapırdı? Belə olduqda, bu əfsanələrin əvvəlcədən öyrənilməsi tələb olunurdu ki, onlar Dantenin əsərini kifayət qədər aydınlaşdırar, onun ayağına müsəlman mənşəyi yazmaq lazım gəlməzdi.
Bu yeni müqayisəli öyrənmə metodu mənim üçün daha böyük sürprizlər hazırlamışdı, çünki o, nəinki islam mənbələrində “İlahi komediya”nın bəzi elementlərinin, indiyədək orijinal sayılan elementlərin olduğunu göstərdi, - belə ki, onun xristian sələflərinin əfsanələrində bunlara bənzər heç bir şey yox idi, - o eyni dərəcədə mənə bu orta əsr əfsanələrinin əsl müsəlman mənşəyini də açıqladı. Və bu nəticənin qarşısında bütün problem parlaq gündüz işıgı kimi şölələndi, belə ki, müsəlman materialı üfüqün bütün nöqtələrində “İlahi komediya”dakı anlaşıqlı və qeyri-anlaşıqlı olan hər bir şeyin əksər hissəsinin açarı kimi göründü, - yəni anlaşıqlı olan o şeyin ki, dantoloqlar onu xristian sələfləri ilə izah edirdilər və o qeyri anlaşiqlı olanı ki, onu Dantenin dahiyanə yaradıcı təxəyyülünə aid edirdilər.
Bu kitabin aparıcı tezisi ümumilikdə belədir; o, sözsüz ki, kiməsə ədəbiyyat sahəsində küfr kimi görünəcək, ya da olsun ki, hələ də sənətkar ilhamının başqa nümunələrin öyrənilməsindən və tədqiqindən asılı olmayan, fövqəltəbii bir təzahür olduğuna inanan bir çoxlarının dodaqlarında istehzalı təbəssümə səbəb olacaqdır”.


“Merac kitabı” və onun müxtəlif redaksiyaları ilə “İlahi komediya” arasındakı süjet oxşarlıqları və təsvir eynilikləri

“İlahi şair” də Məhəmməd peyğəmbər (ə) kimi əsərin ehtimal olunan müəllifi və baş qəhrəmanıdır; onlar hər ikisi hadisələri özləri danışır və təsvir edirlər; hər iki səyahət gecə vaxtı, qəhrəmanların dərin yuxudan oyanmasından sonra qəflətən peyda olan yad adamın rəhbərliyi ilə baş verir; səyahətin ilkin mərhələsi sıldırım, əlçatmaz dağa qalxmaqla başlayır; qəhrəmanlar ikisi də axirət dünyasının hər üç məkanından - cəhənnəmdən, ərafdan və cənnətdən keçirlər; hər mərhələdə müşayiətçi səyahət edənin maraqlarına cavab verir, bəzən qəhrəman tanıdığı şəxslərlə danışmağa cəhd edir; gecə səyahətinin başlanğıcında Məhəmməd peyğəmbəri (ə) yoldan çıxarmağa çalışan son dərəcə eybəcər qadın ərafın 4 dairəsində Danteni yoldan çıxarmaq istəyən idbar qadının tam təkrarıdır və Vergili bunu Cəbrayılın təbirilə “fani həyatın ötəri gözəlliyi” kimi yozur; hər iki halda ərafı cəhənnəmdən füsunkar bir çay ayırır və hər iki səyyah çayı keçməzdən əvvəl susuzluqlarını yatırırlar; müsəlman mənbələrində ruhlar cənnətə varid olmazdan öncə üç dəfə dəstəmaz aldığı kimi, Dante də üç dəfə üzünü yuyur; Məhəmməd peyğəmbər (ə) Tanrı tərəfindən cənnətdə ona xidmət üçün nəzərdə tutulmuş gənc qızla rastlaşır, qız onu lütfkarlıqla qəbul edir və birlikdə çay sahilinə aparan bağçada gəzişərkən peyğəmbərin qarşısına şair Imrül–Qeysin sevgilisini müşayiət edən hurilər dəstəsi çıxır. Dante də dünyəvi cənnətin girişində gözəl Matilda ilə rastlaşır, o da Dante ilə lütfkarlıqla söhbət edir, onlar da çay sahilinə aparan güllü çəmənlikdə gəzişirlər və onların da qarşısına şairin sevgilisi Beatriçeni müşayiət edən gənc qızlardan və qocalardan ibarət bir dəstə çıxır. “Merac kitabı”nın bəzi redaksiyalarında merac 10 mərhələdən ibarətdir. Onlardan ilk yeddisi yeddi astronomik səmaya aiddir ki, ulduzların adları ilə deyil, rəqəmlərlə işarələnmişdir. Hər səmanın qarşısında Cəbrayıl qapıları açmağı tələb edir, qapıçı mələk onunla gələnin kimliyini, peyğəmbərin (ə) həqiqətənmi Tanrı tərəfindən göndərildiyini soruşur, nəhayət, onları içəri buraxır və s. Hər yeddi səmada Məhəmməd peyğəmbər (ə) bir və ya iki peyğəmbərlə rastlaşır (Adəm, Isa, Yəhya, Idris, Harun, Musa, Ibrahim) bəzi hallarda onların xarakterik xüsusiyyətləri və müəyyən bacarıqları nümayiş etdirilir və s. “Merac” kitabının bu redaksiyası ilə “Ilahi komediya”nın “Cənnət” hissəsində konkret analogiyalar mövcuddur, cərəyan edən hadisələrin əsas xətləri hər iki əsərdə eynidir; Tanrı dərgahının görünüşü ilə hər iki səyahət sona yetir...
Hər iki əsərdə: hündür; sıldırım, dik dağın təsviri; qəhrəmanların tərəddüdləri; zirvənin əlçatmazlığı; müşayiətçinin köməklik göstərəcəyi barədə inandırmaları; zirvəyə qalxan zaman hər iki qəhrəmanın ayaqlarını müşaiyyətçilərinin ayaq izlərinin yerinə qoyması (!); cəhənnəmin yaxınlığını bildirən mübhəm səslər; Məhəmməd peyğəmbərin (ə) cəhənnəm səmtində onun yolunu kəsən canavarla və şirlə rastlaşması, eynilə də Danteyə panteranın, şirin və canavarın hücum etməsi (!); Məhəmməd peyğəmbərin (ə) yerlə göy arasındakı bağçada rast gəldiyi “dahilər şairi” Keytaurun “İlahi kömediya”dak1 Vergilinin açıq-aydın prototipi olması; Keytaurun dahilər üçün ayrılmış yerdə yaşaması, Vergilinin də bir bağçada, qədim dövrun qəhrəmanları və dahiləri arasında yerləşdirilməsi; Cəbrayıl Məhəmməd peyğəmbərə (ə) təklif etdiyi kimi Vergili də Danteyə müşayiətçi olmağı təklif edir; hər iki səyahət zamanı müşayiətçilər baş qəhrəmanların maraqlarını təmin edir, suallarına cavab verirlər; hər iki süjetdə sərt və qəzəbli keşikçilər səyyahların qarşısını kəsərək, onları cəhənnəmə buraxmaq istəmir, ancaq müşayiətçilər göylərin əmri ilə onları sakitləşdirir və keşikçilər qapıları açırlar;
Səyahətin əvvəlində əlindəki qızarmış kösövlə Məhəmməd peyğəmbəri (ə) təqib edən qəzəbli İblis “Ilahi komediya”da (4-cü dairənin 5-ci çuxurunda) qarmaqlarla silahlanmış tərəfdarları ilə birlikdə Danteni təqib edən Iblisin tam prototipidir; Cəbrayıl qızarmış kösövü dua ilə söndürdüyü kimi,Vergili də cəhənnəm törəməsini amiranə ifadələrlə sakitləşdirir; göyə qalxma zamanı təsvir olunan göy qübbəsinin arxitekturası hər iki halda (Ptolomey astronomiyasına istinadən) tam eynilik təşkil edir; səmanın təsviri də hər iki halda kobud materialistlikdən uzaq sırf spiritual, müqəddəs həyatın qeyri–təbii ideal xarakterini təlqin edən işıq və səs fenomenlərindən ibarətdir...

Cəhənnəm arxitekturası

Dante cəhənnəminin arxitekturası müsəlman cəhənnəminin, - onun əsas xüsusiyyətləri baxımından, - birbaşa kalkasından başqa özgə bir şey deyil.

M.A.Palasios

Merac kitabında və digər müsəlman mənbələrində oldugu kimi, eynilə də ”Ilahi komediya”da təsvir olunan cəhənnəm dövrə vuraraq yerin dərinliyinə enən, sıra-sıra mərtəbələri və pilləkənləri olan nəhəng çaladan və ya çevrilmiş “konus”dan ibarətdir; hər dövrə xüsusi kateqoriyaya məxsus günahkarlar üçün nəzərdə tutulmuşdur; dərinə endikcə günahlar da ağırlaşır, həmçinin, hər bir mərtəbə də xüsusi kateqoriyadan ibarət məhkum olunmuşlar üçün nəzərdə tutulan bölmələrə ayrılır və s.

Təsvir olunan əzablar

Müsəlman mənbələrindəki cəhənnəmdə təsvir olunan: 1) odlu tufanla sovrulub aparılan məşuqlar; 2) qan gölündə boğulan, qarınları köpmüş sələmçilər; 3) dəhşətli ilanların əzab verdiyi müstəbidlər və oğrular; 4) əbədi susuzluğa məhkum olunmuş əyyaşlar; 5) dırnaqları ilə öz cüzamlı bədənlərini didən şər atanlar; 6) qırmaqla qaldırılıb yanar gölə atılan yaramaz oğullar; 7) iblislərin xəncər sancaraq öldürdüyü, sonra dirildib, yenidən öldürdükləri qatillər Dantenin poemasında eynilə təkrarlanır, ancaq bu dəfə onlar müvafiq olaraq: 1) həmçinin, məşuqlar; 2) qaniçən zalımlar; 3) qarınqulular və oğrular; 4) yalançılar; 5) həmçinin şər atanlar; 6) fırıldaqçılar və 7) təfriqəçilərdir.

Cənnətdə rast gəlinən ümumi epizodlar

Xoruz və qartal


Məhəmməd peyğəmbər (ə) səmada qanadlarıni yellədərək, dini nəğmələr oxuya–oxuya dua etməyə səsləyən və bundan sonra hərəkətsiz qalan mələk qiyafəli bir xoruz görür. Eynilə də Dante Yupiter səmasında qanadlarını yellədərək Incildən nəğmələr oxuya-oxuya, haqq-ədalətə səsləyən və bundan sonra eynilə hərəkətsiz dayanan nəhəng bir qartal görür (ətrafda təsvir olunan mələklərin, işıq çalarlarının təsviri də eynidir).

Qızıl nərdivan

Məhəmməd peyğəmbər (ə) Beytül müqəddəsdən səmaya aparan bir nərdivan görür, onun qızıldan, gümüşdən və zümrüddən olan pillələri ilə ruhlar göyə qalxırlar. Nərdivanın ətrafını mələklər dövrələmişlər və Məhəmməd peyğəmbər (ə) Cəbrayılla birlikdə “bir göz qırpımından” (!) da tez bir vaxtda göyə qalxır. Dante də Saturn səmasında qızılı bir nərdivan görür, müqəddəs ruhlar onunla aşağı enirlər, Dante də Beatriçe ilə birlikdə, “barmağı oddan çəkməkçün” (!) tələb olunan vaxtdan da tez göyə qalxır.

Yarı od, yarı qar mələk

Məhəmməd peyğəmbər (ə) göyə qalxarkən bir yarısı oddan, o birı yarısı isə qardan olan bir mələk görür. Dantenin poemasında da cənnət qızılgülünün üstündən uçan mələklərin siması oddan, bədənləri isə qardandır.

Qadınlar

Məhəmməd peyğəmbər (ə) iki qadına rast gəlir. Onlardan biri hələbli Həmdunə, digəri isə bağdadlı Taufikdir. Dante də səmada həmyerlisi, Firentseli Pikkarda və Padualı Kunnitsa ilə görüşür. Hər iki halda qadınlar özlərini təqdim edir və müvafiq olaraq, Məhəmməd peyğəmbərlə (ə) Dantenin vətənlərinin adlarını çəkirlər.

Adəm peyğəmbərlə görüş

Hər iki səyyah göydə Adəm peyğəmbərlə görüşür və onunla peyğəmbərin cənnətdə işlətdiyi ilkin bəşər dilində danışır.

Apofeoz

Nəhayət, səyahətlərin son məqamı hər iki mənbədə tam dəqiqliyi ilə eynidir. Dante də eynilə Məhəmməd peyğəmbər (ə) kimi, ən ali məqamda Tanrıya qovuşurkən eyni hissləri və təəssüratı yaşayır: “Tanrı, sıx-sıx bir-birinə qovuşaraq, işıq şüası saçan sonsuz mələk ruhları səfinin yaratdığı doqquz konsentrik dairə ilə əhatələnmiş ocaq və ya canlı işıq mənbəyidir... Dairələrin doqquzu da dayanmadan ilahi atəşin ətrafında dövrə vurur. Yolçu bu nəhəng apofeozun mənzərəsinə iki dəfə tamaşa edir: bir dəfə uzaqdan, hələ səyahətdə ikən, o biri dəfə isə Tanrı taxt-tacının önündə.” (Müqəddəs ğörünüşün Məhəmməd peyğəmbərin (ə) də, Dantenin də şüuruna etdiyi təsir eynidir – sanki birdən-birə gözlərinin tutulması, tədricən qayıdan görmə qabiliyyətinin daha da həssaslaşması, göz qırpmadan ocağın içinə baxa bilməmələri, tam təəssüratın qeyri–mümkünlüyü, ekstaz və s.)

Əsərlərdəki üslub eynilikləri

Hər iki əsərə gələcəkdən xəbər vermələrlə dolu sirli və qaranlıq bir üslub xasdır. Personajlar, ilk növbədə Cəbrayıl və Beatrice, fəlsəfə, ilahiyyat və astronomiya mövzusunda dərin elmi fikirlər daşıyan ibarəli nitqlər irad edirlər (M.A.Palasios belə bir nəticəyə gəlir ki, əsrlər boyu mövcud olmuş təfsirçilər əsərləri gələcək nəsillərə daha kamil şəkildə çatdırmaq məqsədilə külli miqdarda ən xırda məna çalarlarına belə, “zərif” müdaxilələr etməmiş deyillər).

İsra və meracın orijinallığı problemi

М.А. Palasiosun fikrincə, isra və merac barəsində mövcud olan müsəlman rəvayətləri tam avtoxton və orijinal ola bilməzdi. Məsələn, islam mənbələri ilə Musa peyğəmbərin, Enok, Barux və İsayanın göyə qalxması barədə yəhudi xristian rəvayətləri, İsa peyğəmbərin cəhənnəmə enməsi və s. arasında müəyyən ümumi cəhətlər tapmaq mümkündür. Ancaq bu səyahətlərin heç biri sonrakı ədəbiyyatda müsəlman rəvayətləri qədər geniş və dolğun şəkildə, ətraflı hekayətlər formasında qələmə alınmamış, bütöv bir əsər kimi inkişaf edib, yayılmamışdır.Və İslam dünyasının ən böyük nailiyyəti də ondan ibarət olmuşdur ki, o, öz peyğəmbərinin meracını bu dinə pənah gətirənlərin qəlblərinə və şüuruna həkk etdirərək onu inam yerinə və möhtəşəm bayrama çevirmişdir...

Əsərlərin alleqorik–əxlaqi əhəmiyyəti

M.A.Palasiosun fikrincə, Dantenin “İlahi komediya”da təlqin etdiyi “insan ruhunun ilahi fəzilətlərlə əxlaqi yenidən oyanışı” ideyası ondan xeyli əvvəl sufilər və ya müsəlman mistikləri tərəfindən düşünülüb istifadə olunmuşdur. Müsəlman alimləri mənəvi (əxlaqi) həyatın simvolu olan səyahət hekayətini Tanrı tərəfindən Yer üzündə məskunlaşdırılrnış insan övladının son məqsədə, əbədi həyata qovuşması üçün əxlaq kodeksi kimi düşünmüşlər və bu yalnız ilahiyyatın aparıcı rolu və rəhbərliyi altında mümkün ola bilərdi. Təbii şüur insanları səyahətin yalnız ilkin mərhələsində ağıl və fəzilət simvolları ilə irəli apara bilər, cənnət ərəfəsində isə ilahi fəzilətlər, ilahi nurlanma olmadan mümkün deyil. İspan alimi belə bir realist nəticəyə gəlir ki, müsəlman müəlliflərinə və ilk növbədə İbn əl-Ərəbiyə görə səyahətin əsas iştirakçısı peyğəmbərin özü deyil, günaha batmış, kamillikdən uzaq sadə insanlardır və istər Məhəmməd peyğəmbərin (ə) meracı, istərsə də “İlahi komediya” özündə ilk baxışda bir-birinə zidd olan iki xüsusiyyəti – idealist alleqoriyanı və bəşəri realizmi yaşadır...
М.А. Palasiosdan gətirdiyimiz bu həqiqətən də heyrətləndirici elmi faktlardan sonra bir daha qeyd etmək yerinə düsərdi ki, “Dante və İslam” problemi dünya dantologiyasında bir çox alimlər tərəfindən (B.Nardi, E. J ilson, F.Qabrieli və s.) tədqiq olunmuşdur. Ancaq istər onlar, istərsə də əsas mövzumuzu araşdıran alimlər ya Asin Palasiosun fikirlərini birbaşa inkar etmiş, ya da Məhəmməd peyğəmbərin (ə) meracının “Ilahi komediya””ya olan təsirini “sadəcə olaraq bəhrələnmə“ (F.Qabrieli), “sadə bir model” (X.Munyos-Sendino), “müxtəlif elementlərdən bəhrələnmə” (Q.Berti) və s. adlandırmışlar. Bir əsrlik intellekt yarışında M.A.Palasiosun elmi kəşf səviyyəsində açıqladığı faktların yorulmaz tədqiqatçılarından biri də görkəmli italyan şərqşünası E.Çerullidir.

E. Çerulli M. A. Palasiosun opponentlərindən biri kimi; “Merac kitabı” və “İlahi komedi ya ”nın ərəb-ispan mənbələri problemi” əsəri: yeni tapıntılar və tarixi xülasə

M.A.Palasiosla elmi mübahisələrə girişən bəzi italyanşünasları maraqlandıran ilkin və əsas məsələ Məhəmməd peyğəmbərin (ə) həyatı barədə və ümumiyyətlə, islam mövzusunda yazılmış hansısa bir əsərin Şərqdən Qərbə və ilk növbədə Dantenin vətəni Firentseyə nə yolla gəlib çıxması barədə məlumatların olmaması idi. E.Çerulli əsərinin I hissəsində giriş xarakterli bəzi məqamlarla yanaşı, məşhur Avropa kitabxanalarında tapıb üzə çıxardığı “Merac kitabı”nın latın (Liber Scalae Machometi. Paris, Biblioteque Nasional, lat. 6064, XIV əsr) və fransız (Livre de L'Eschiele Mahomet. Oxford. Bodleyan Librari. Laud.Misc., – XIII əsrin sonu, XIV əsrin əvvəlləri) dillərinə edilmiş iki naməlum tərcüməsinin tam mətnini ilk dəfə olaraq kitabına əlavə kimi çap etdirərək, oxucuları hər iki tərcümənin yaranma tarixi ilə məlumatlandırır (bu hissədə həmçinin bir naqis latın variant və bir kastiliya nüsxəsi barədə də məlumat verilir). Əsərinin II hissəsində müəllif, “Merac kitabı” və Məhəmməd peyğəmbərin (ə) axirət dünyasına səyahəti barədə məlumatların Qərbdə yayılmasına sübutlar”, həmçinin, “Müsəlman esxatologiyası və Orta əsrlər Qərb müəllifləri” başlıqları altında, həmin kitabxanalarda hifz olunan və ilk növbədə Danteyə məlum ola biləcək digər 17 əsərin (!) mətnini də ilk dəfə olaraq üzə çıxarıb öz kitabına əlavə edir. E.Çerullinin araşdırmalarından belə məlum olur ki, tərcümələri təqdim olunan “Merac kitabı” Kastiliya (İspaniya) hökmdarı Müdrik X Alfonsonun (1221-1284) əmri ilə onun sarayında yəhudi həkim İbrahim (Abraham) tərəfindən ilkin olaraq ərəb dilindən kastiliya dilinə tərcümə olunmuş, sonralar, 1264-cü ildə sienalı (Siena - Dantenin doğma əyaləti olan Toskanada şəhərdir) katib Bonaventura əsərin kastiliya dilinə tərcüməsini latın və fransız dillərinə çevirmişdir. “Merac kitabı”nın tərcümələri hər biri 85 fəsil olmaqla, 216 paraqrafdan ibarətdir. Tərcümələr paralel şəkildə mütərcimin giriş sözü ilə açılaraq, Məhəmməd peyğəmbərin (ə) Məkkədə, öz evindəki yatağında, xanımı (?) Ümmi Haninin yaninda (məlum oldugu kimi, “Merac kitabı”nin bəzi ilkin redaksiyalarinda rəvayətlər Ümmi – Haninin dilindən nəql edilir və o yanlış olaraq peyğəmbərin (ə) arvadı kimi təqdim olunur) Tanrının qanunları barədə fikrə dalmışkən, Cəbrayılın onun qarşısında zühur etməsi, ona səyahətə yola düşməli olduğunu bildirməsi, Buraqın təsviri, peyğəmbəri (ə) saxlamaq istəyən üç səs və Cəbrayılın bu səsləri açıqlaması ilə başlayaraq, məlum təsvirlərdən sonra, ən nəhayət, Əbu Bəkrlə Abdulla ibn Abbasın peyğəmbərin (ə) kəlamına şəhadət etmələri ilə bitir. Əsər, Dante və İslam problematikasına tarixi xülasələr verilməklə “Dantenin İslam barəsində bildikləri“, ”İlahi komediya” və ərəb fəlsəfəsi”, nəhayət, əsas mövzumuz olan ”İlahi komediya” və “Merac kitabı” başlıqları altında polemikalardan ibarət III hissə ilə sona yetır.
E.Çerullinin əsərinə bilavasitə müraciət etməkdə məqsədimiz tərcümə olunmuş “Merac kitabı” ilə “İlahi komediya” arasındakı müqayisələrə toxunmaq, italyan aliminin yeni tapıntılarını açıqlamaqdır. Əsərlərdən paralel şəkildə misallar gətirməklə bütün eynilikləri göstərmək imkan daxilində olmasa da, daha çox maraq doğuran bəzi nümunələrə diqqət yetirək:
“Merac kitabı”ndakı cəhənnəmdə əzaba məhkum olunmuşların cəzalarından biri kimi “məhvedici külək” təsvir olunur: “Belə ki, həqiqətən də Tanrı bu yerə bir külək göndərir ki... onun adı məhvedici küləkdir. Və bu külək ona görə belə adlandırılıb ki, şiddətli və azğın, heç bir aman bilməyən bir küləkdir o və s...” (“Merac kitabı”, paraqraf 137, latınca, bundan sonra “M.K.”, p. və i.a.). Bu təsvirlər “İlahi komediya”nm ikinci dairəsindəki məhvedici küləyin, dayanmaq bilməyən cəhənnəm tufanlarının təsviri ilə eynidir:
Bu cəhənnəm küləyi ki, durmaq bilmədən / qovur ruhları öz şiddəti ilə / fırladıb əzab verərək onları məhv edir /, (“İlahi komediya”. Cəhənnəm, V, 31–33, italyancadan sətri tərcümədə, bundan sonra “IK.” və i.a; əsərin orijinalı: Dante Alighieri. La Commedia secondo l'antica vulqata a cura di Giorgio Petrocchi. Edizione Nazionale a cura della Societa Dantesca İtaliana. (Milano): Arnoldo Mondadori Editore, 1966 - 1967)
“Merac kitabı”ndakı cəhənnəmdə “qorxunc sular” və Tanrının əmri ilə bu sulara qərq olmuş əzabkeşlərin təsviri verilir: Sizə hələ onu da deyim ki, o yerdə acı-acı nəhrlər var ki, onlara qorxunc sular deyirlər... O su elə acı, elə qaynar idi ki...və əzabkeşlər Tanrı əmri ilə həmin sulara qərq olmuşdular” (“M.K.”, p.l48, latınca).
Bu təsvirlər də “İlahi komediya”dakı Stiq bataqlığının gölməçələri, qara lığ və çirkab içində boğulan əzaba məhkum olunmuşların təsviri ilə eyniliklər təşkil edir:
Mən ki, dayanıb baxırdım var diqqətimlə, / gördüm lığa batmış insanları bu bataqlıqda, / hamısı çılpaqdı, qorxuncdu baxışları /. (“İ.K.” Cəhənnəm, VII, 109 111, italyanca)
“Merac kitabı”nda təsvir olunan cəhənnəmin ikinci və dördüncü qatında əqrəblər və ilanlar əzaba məhkum olunmuşlara iztirab verirlər. Əqrəblərin zəhəri “...bir tərəfdən onların ətlərini, o biri tərəfdən sümüklərini, digər tərəfdən isə damarlarını didib–dağıdır və beləcə onları bütünlüklə məhv edir. Ancaq (ən maraqlısı) Tanrı onları əvvəlki qiyafələrinə qaytarır ki, onlar yenidən, bir daha əzab çəksinlər. (“M.K.”, p. 140, latınca).
Görüntülər “İlahi komediya”nın tam bir nəğməsini əhatə edən təsvirlərlə eynidir:
Budur, birdən bizim sahildən olan / bir ilan atılaraq, sancıldı / boyunla kürək birləşən yerə. / Nə I, nə də O çəkməkdən də tez, həmin kəs od tutub yandı və bütünlüklə külə / elə oldu ki, yıxılıb döndü, / sonra, yerdə dağılıb puç olmuş ikən, / külü öz-özünə cəmləşərək / Əvvəlki halına qayıtdı (“İ.K.”Cəhənnəm, XXIV, 97-105, italyanca).
Yenə də “Merac kitabı”ndakı cəhənnəmin beşinci qatında əzab çəkənlərin boyunlarından kükürd daşları asılmışdır və “cəhənnəm mələkləri bu deyilən daşlardan birini günaha batmışın boynuna taxandan sonra onu cəhənnəm odunun yanına aparırlar... daşı oda tuturlar və daş dərhal yanmağa başlayır, belə ki, daş və günaha batmış eyni alov təşkil edirlər. Həqiqətən də bu alov onu elə yüksəyə qaldırır ki, buna kimsənin inanması mümkün deyil”. (“M.K.”, p. 146, latınca)
Alovlarla bağlı bu görüntülər “İlahi komediya””nın səkkizinci dairəsindəki təsvirlərlə eynidir:
Bu cür alovlarla işıqlar saçırdı / səkkizinci çuxur, necə ki, gördüm mən / bir dərə açıldı qarşımızda / və o, ayılarla qisası alınmış / İlyasın arabasının hərəkətə gəlməsini gördü, / nə vaxt ki, atlar səmaya ucalırdı, ancaq onu müşayiət edə bilmirdi o, öz baxışları ilə, / yalnız alovu görürdü ki, / duman kimi göyə yüksəlirdi / beləcə alov qalxırdı / çuxurların ağzından, ancaq oğurlananı göstərmirdi, / hər alov bir günahkarı bürümüşdü. (“İ.K.”. Cəhənnəm, XXVI, 31–42, italyanca).
Və ardınca:
Rəhbərim məni bu qədər sarsılmış görüb, / dedi: alovların içində ruhlar var; hər kəs yandığı alovun icində itmişdir. (yenə orada, 46-48).
Öncə qeyd etdiyimiz kimi, E.Çerulli “Merac kitabı”nın tərcümələrindən əlavə, müsəlman rəvayətləri ilə əlaqədar IX-XIV əsrlərdə Qərbdə yazılmış digər, naməlum 17 əsərin (!) mətninə də öz kitabında yer vermişdir. Onlardan biri də “Toledo kolleksiyası”nın mətnləri” deyilən, latınca qələmə alınmış kiçik həcmli bir əsərdir (Collectio Toletana, Vaticano, Lat.4072, – ХП əsr). Həmin əsərdə Məhəmməd peyğəmbərlə (ə) yəhudi Abdulla İbn Səlam adlı bir şəxs arasındakı dialoqdan ibarət olan, Dantedən bir əsr əvvəl 1141–ci ildə tərcümə olunmuş bir parça var. “Merac kitabı”nın birbaşa təsiri altında yazılmış bu mətndə (XIV fəsil, 3 paraqraf, 16–cı başliq, səh. 397) ondan fərqli olaraq, orada toxunulmayan bir süjet təsvir olunur: əzab çəkməyə məhkum olunmuş bəndə Tanrının mərhəməti ilə cəhənnəm alovlarının içindən azad edilir. Tanrı mələklərə əmr edir ki, onu “səmavi bulaqda” (fonte aerio - latınca) yudurtsunlar və bu yenicə azad olmuş ruh “tamam ağappaq olur, alnındaki ləkədən başqa” (fiet albus totus, preter maculam in fronte – latınca). Əzab çəkməli olan ona icazəsi verilmiş müqəddəs səmtə qədəm basır, ancaq alnındakı ləkə onu “fərqli” birisi kimi tanıdır. Buna görə də Tanrı mələklərə əmr edir ki, onu yenidən, daha beş dəfə yudurtsunlar. Mələklər bunu edən kimi onun alnındakı ləkə silinir və o, əsl cənnətməkanlardan birisinə çevrilir. “İlahi komediya””nın “Əraf” hissəsindəki eyni təsvirə nəzər salaq: Dante Ərafın qapısı qarşısında qapıçı mələyın ayaqlarına düşərək onu içəri buraxması üçün yalvarırkən, qapıçı qılıncının ucu ilə onun alnında yeddi “P“ hərfi, latınca “peccatum” (günah) sözünün baş hərfini cızır (Əraf dağına qalxdıqca paklanmağı gərək olan yeddi dünyəvi günaha işarədir) və deyir:
Yeddi P hərfi cızdı o, mənim alnımda qılıncın ucuyla və “Yuyarsan / içəri keçən tək bu ləkələri” dedi /, (“İ.K.”, Əraf, IX, 112-114, italyanca; bax həmçinin: Əraf, XII,121 - 126).

E.Çerulli əsərinin ”Dünyəvi cənnət və Səfa bağı” hissəsində yazır ki, ”Merac kitabının Oksford nüsxəsinin ilk oxunuşundan sonra oradakı yeddinci səmada ”Səfa bağı ”nın təsviri və müqəddəslərin cənnətə varid olması ilə Dante ”Əraf”ındakı XXVIII -XXX III nəğmələrdə dünyəvi cənnətin təsviri arasında olan paralellər onu xüsusilə heyrətə gətirmişdir. Həmin təsvirlərə nəzər salaq: cənnət bağında, sahillərində cənnətin gözəl xanımlarının çadırları ucalan çay boyunca güllü çəmənlər var... ( “M.K.р.85,86,90,116); cənnətdəki xanımlar seçdikləri şəxslərin səadətini vəsf edən məlahətli nəğmələr oxuyur, nəğmələrinə müqəddəs yazıdan şeirlər əlavə edirlər ( ”M.K. p. 87) ; bağda iki çeşmə var, birindən müqəddəslər içir və onda hər cür natəmizlikdən pak olurlar, digər çeşmədə isə çimirlər və Tanrı şəfqəti onlara nazil olur və s. (”MK ”p. 96). Həqiqətən də, ”Ilahi komediya”nın Lete və Evnoe çayları təsvir olunan hissəsindəki bu iki görüntü onun ”Merac kitabı” ilə sıx əlaqəsinə canlı sübutdur. (Bax ümumilikdə .• "IK. ” Əraf”, XXVII •XXXIII)...
Dante “Əraf”ı ilə bağlı daha bir paralel: “Merac kitabı”nda Tanrı öz bəndələrinə deyir:
“Gəlin, ey mənim dostlarım, tez keçin haqq körpüsünü, qəbul edin bu cənnəti və bölüşün onunla öz aranızda, çünki sizlərdən hər biri ona layiqdir və s. (“M.K.”, p. 91, latınca).
Keçidi alovlar üzərindən olan bu körpü ilə əlaqədar təsvirlər sözsüz ki, aşağıdakı Dante təsvirlərinin obyektidir:
Sonra, “Daha getmək olmaz, əvvəl duymadan sancmasını, / ey müqəddəs ruhlar, bu alovların: baş vurun ora, / o taydan gələn nəğmələrə də kar qalmayın, /, (“İ.K.”,Əraf, XXVII, 10–12, italyanca).
“Merac kitabı”ndakı cəhənnəm öz quruluşuna görə şəhərdir. Yetmiş min zalı olan yetmiş min qəsrdən, yeddi giriş qapısından ibarətdir. Hər qapının ağzında çoxlu sayda iblis və cəhənnəmdə əzab çəkəcək insanlar var. Cəhənnəmin qəsrləri də, qəsrlərin zalları və otaqları da oddandır. Dantenin poemasındakı Dit şəhəri də (Dit - yeraltı səltənət Tanrısı Plutonun və ümumiyyətlə, yeraltı səltənətin latınca adıdır) cəhənnəmin dərinliklərindəki çevrələri əhatə edir, eynilə hasara alınmışdır, onun da qəsrləri, qüllələri və ...məscidləri var.
Və mən: “Ustadım, odur, onun qızaran məscidlərini görürəm hasarlardan / sanki alovlardan çıxmış kimi... / (“İ.K.”, Cəhənnəm, VIII, 70-72, italyanca).
“Merac kitab”ında deyilir ki, Məhəmməd peyğəmbər (ə) cənnətdə Tanrı taxtı qarşısında təqdim olunduqdan sonra yeddinci səmada onun qarşısında səflə düzülmüş doqquz mələk peyda olur. Mələklər səfınin arası ilə üç çay axır. Onlardan biri işıq çayıdır, - “O çay elə bəyaz, elə şəffaf və parlaq idi ki, nə kimsə ona baxmağa cürət edər, nə də, qorxaraq, baxışlarını o tərəfə yönəldərdi (“M.K.”, paraqraf 59, latınca); ikincisi kölgələr çayı və üçüncüsü daima öz–özünə alışıb yanan od çayıdır. Daha sonra, oradaca Tanrını vəsf edən mələklərlə dolu iki dəniz və bir daha müqəddəs mələklərlə dolu, digər dörd böyük çay da təsvir olunur: yenə də işıq çayı, - “Elə şəffaf ki, Tanrıdan başqa bütün şəffaf olan varlıqları arxada qoyur “(“M.K.”, paraqraf 61, latınca); şəffaf çay, – “Bu çayın dibi başdan-başa qiymətli daşlarla dolu idi” (yenə orada) və nəhayət, qar çayı və dadlı çaydır. “Merac kitabı”nda bənzərsiz bir mənzərə yaradan bu təsvirlər “Ilahi komediya”nın “Cənnət” (Empireo) hissəsində təsvir olunan poetik görüntülərin birbaşa təkrarıdır:
…və bir işıq gördüm sahil şəklində, / əzəmətli bir parıltı / iki çay arasında / əsrarəngiz bahar kimi rəngarəng. / Çaydan çıxan canlı qığılcımlar / səpələyirdi hər tərəfə çiçəkləri qızıla tutulmuş yaqutlar kimi; / Sonra elə bil ətrindən məst olaraq, / yenidən cumurdular sirli sulara, / birisi baş vurcaq, qalxırdı digəri, (“İ.K.”, Cənnət, XXX, 61–69, italyanca)
“Merac kitabı”nın bir çox məqamlarında, məsələn, “Qiyamət günündən sonrakı cənnət” (p.45), “Cənnətin quruluşu” (p.135–138), Qiyamət günü” (p.162 165),” Ölənlərin dirilməsi”(p.189),” Canlı varlıqlar arasında Tanrı şəfqətinin bölüşdürülməsi” (p.174), “Əzaba məhkum olunmuşların cəhənnəm ərazisində bölüşdürülməsi” (p.181), “Sirat körpüsündən keçid””(p.192-198), “Behiştin ölçüləri” (p.76), “Yerdən göyə, göydən yerə və göylər arasındakı məsafələr” (р.77 79), “Dünyanın quruluşu” (p.166) və digər başlıqlarda Cəbrayıl Məhəmməd peyğəmbərlə (ə) danışarkən, onun nəinki axirət dünyasının qaydaları, hətta teologiya və kosmoqrafiya barəsindəki bir çox şübhələrinə aydınlıq gətirir. Bundan əlavə, “Yeddi yerin ölçüsü” (p.158), “Tanrı şəfqətinin paylanması” (p.174), “Sirat körpüsünün necə qurulması barədə” (p.192) və s. başlıqlarda Məhəmməd peyğəmbər (ə) onu düşündürən şübhələrə aydınlıq gətirmək üçün həddən artıq suallar verdiyinə görə Cəbrayıla üzürhaqlıq edir. “Merac kitabı”ndakı Qərb ədəbiyyatı üçün fərqli olan bu yenilik də “İlahi komediya””nın strukturuna müvafiqdir. Dante də öz əsərində, bir personaj kimi, onu müşayiət edən Vergili, Beatrice və Statsi vasitəsilə bir çox məqamlarda eynilə teologiya və kosmoqrafıya ilə əlaqədar şübhələrinə aydınlıq gətirmək üçün bu ədəbi “fənddən” istifadə edir...
Yazımızın əvvəlində Dantedən gətirdiyimiz “murdar camaat “ (cente turpa, –ital.) yəni müsəlmanlar sitatı barədə. Qeyd etmək lazımdır ki, “İlahi komediya””da Məhəmməd peyğəmbərlə (ə) və ümuıniyyətlə, islam dini ilə bağlı məqamlar qaranlıq və təzadlıdır. Məsələn, məlum olduğu kimi, Dante Məhəmməd peyğəmbəri (ə) də, Həzrət Əlini (ə) də poemasının birinci hissəsində (“Cəhənnəm”də) yerləşdirmişdir. Bu epizod tədqiqatçılar tərəfindən sadəcə olaraq, xristianlıqdan sonra yeni bir din yaratmış, bununla da, mömin katolik əqidəsinə görə, yer üzünə təfriqə gətirmiş bir din başçısına və artıq, İslamın öz daxilində təfriqə yaratmış digər şəxsə olan münasibət kimi qiymətləndirilir. Ancaq bir anlığa düşünək: Dante kimi dahi bir sənətkar, müqəddəs kitabından, Əbu Masarr, əl Fərqani, əl- Gəzzali, əl-Bitruqi, ibn Roşd və ibn Sina kimi dünya şöhrətli alimlərindən bu dərəcədə bəhrələndiyi, “İlahi komediya””dan əlavə, “Ziyafət”, “Monarxiya haqqında”, “Su və torpaq haqqında” kimi əsərlərində bilavasitə istinad etdiyi dərin islam fəlsəfəsinin, dinin və mədəniyyətin peyğəmbərini (ə) öz şah əsərindəki kimi belə eybəcər şəkildə təsvir edə bilərdimi? (Bax.”İ.K. “Cəhənnəm, Nəğmə XXVIII,...25–42,). Bu təsvirlərdən sonra Məhəmməd peyğəmbər (ə) Dantenin kimliyi ilə maraqlanaraq, onu cəza çəkmək əvəzinə cəsarətsizlik göstərməkdə qınayarkən, Vergili Dantenin ölü olmadığını, onun özünə isə Danteyə cəhənnəmi göstərmək əmri verildiyini söylədikdə, Məhəmməd peyğəmbər (ə) Danteyə müraciətlə deyir:
         Deyərsən fra Dolçinoya ki, tədarük görsün,/ ey, sən ki, bir azdan görəcəksən günəşi, /əgər o, burada yanımda olmaq istəmirsə, sursat sarıdan ki, qar sipəri / qələbə gətirməsin novarralılara, / onu başqa cür qazanmaq asan olmayacaq (“İ.K.”, Cəhənnəm, XXVIII, 55-60, fra(ter) – qardaş, latınca).
Kimdir bu Dolçino? Məhəmməd peyğəmbər (ə) ona tamamilə yad olan bir şəxsə nədən belə münasibət bəsləməliydi? Tarixə nəzər salaq. Pyemont əyalətinin Novara şəhərindən olan Dolçino Torinelli italyan tarixində katolik kilsəsinə və papalığa qarşı üsyana qalxmış “Apostol qardaşları” sektasının başçısı, insanlar arasında qardaşlıq sevgisini, kasıb həyat tərzini, əmlak birliyini təbliğ edən və yaxın zamanlarda “həqiqi ədalət səltənətinin” yetişəcəyini söyləyən bir üsyankar kimi tanınır. Digər mənbələrdə o, “vizionari”- axirət dunyasından xəbər verən “Prometey” adlandırılır. Dolçinoya görə dünyanın axırı 1303-1307 ci illərə təsadüf etməli idi (Dante “İlahi komediya””nı 1307-ci ildə yazmağa başlayıb). Papa V Kliment feodal quruluşuna və rəsmi kilsəyə düşmən kəsilmiş, geniş xalq kütlələrini özünə cəlb etməyi bacarmış bu hərəkatı boğmaqdan ötrü Dolçinoya qarşı səlib yürüşü elan etmişdi. Dolçino əsasən Novara və Verçelli şəhərlərinin əhalisindən ibarət papa ordusuna mərdliklə müqavimət göstərsə də, sursat qıtlığı və qışın həddən artıq soyuq keçməsi səbəbindən l307-ci ildə (özünün təyin etdiyi qiyamət ilində) təslim olur və ağlasığmaz işgəncələrdən sonra tonqalda yandırılır. Dante bununla nəyə işarə edirdi? Məhəmməd peyğəmbərin (ə) ona heç bir aidiyyəti olmayan, guya onun kimi təfriqəçi olaıı Dolçiııoya uğurlar arzulaması versiyasını necə başa düşmək lazımdır? Əgər Dolçiııo Dantenin nifrət etdiyi papalığa qarşı vuruşan bir ınübarizdirsə, onda onun məsləkdaşı kimi göstərilən Məhəmməd peyğəmbər (ə) nədən belə iyrənc görüntülərlə təsvir olunmalıdır? Bu problem, bir çox müasir, yüksək səviyyəli araşdırmalara baxmayaraq, (R.Genon, C.Sakkoni, A.Piromalli, C.Battistoni, K.Sergeyev və başqaları), hələ də tam şəkildə öz həllini tapmamışdır...
Bəlkə, müəllif əlyazması bizim günlərə qədər gəlib çatmayan, qələmə alındıqdan 151 il sonra çap olunmuş, XIV əsrdən üzü bəri mövcud 700 əlyazması hələ də araşdırılmaqda olan çoxtəbəqəli, alleqorik, realiyalarla, tarixi personajlarla dolu olan, Orta əsrlərin sonsuz dini qarşıdurmalarından çıxmış bu poema öz ilkin, real variantında tamamilə başqa bir ruhda yazılmış, Məhəmməd peyğəmbər (ə) heç də əsərdəki kimi təhqiramiz şəkildə təsvir edilməmişdir? Bəlkə ilkin əlyazmalarının tam dəqiq, variantlarsız oxunuşu qeyri-mümkün olan bu əsərin ən məhrəm, ən ilkin bilicilərinə müraciət etmək daha doğru olardı?
700 il sonra üzə çıxarılıb 1915-ci ildə Firentsedəki Jarro nəşriyyatı tərəfindən çap olunmuş bir əsərə diqqət yetirək. Əsərə giriş sözü ilə çıxış edən Јаrrо nəşriyyatının redaktoru yazır: “Təəccüblüdür ki, Dantenin təfsiri üçün bu dərəcədə qiymətli olan belə bir mətn bu cür etinasızlıqla atılıb qalmışdır: ali poemanın ən qədim təfsirlərindən biri olan, yeni şərhə malik, məxsusi anlayışlı, ilk dəfə olaraq bizim tərəfimizdən Üzə çıxarılan bir mətn. Və “İlahi komediya”nın alleqoriyası ətrafındakı belə zərif təfsirə israrla yanaşmağa ehtiyac qalmır, əgər düşünsək ki, Jakopo bütün bunları atasının dilindən eşidib mənimsəmişdır”.
Həmin bu şərh “İlahi komediya”nın ən birinci şərhçilərindən olan, Dantenin kiçik oğlu Јakopo Aligyerinin “Cəhənnəm” hissəsi barədə yazdığı elmi əsərdir. İspaniyanın mozarabi xristianlarının ənənəvi rəvayətlərinə və Müdrik Alfonsonun “İspaniyanın ümumi tarixi”nə istinad edən Јakopo Aligyeri, “Dante Aligyerinin poemasının “Cəhənnəm” hissəsi barədə Jakopo Aligyeri tərəfindən yazılmış qeydlər” (Chiosa alla Cantica dell'İnferno di Dante Alighieri scritta da Jacopo Alighieri, ed. Јarro, Firenze, 1915, p.140) adlı tədqiqatında atasının əsərində tamamilə başqa bir şəxsdən, Məhəmməd adlı, yüksək vəzifəli bir ispan ruhanisindən və onun hansısa Əli adlı bir yoldaşından söhbət getdiyini yazır. Françesko Buti (1324- 1406) adlı başqa bir tədqiqatçı da “İlahi komediya””ya şərhlər” (Commento Sopra La Divina Comedia, Piza, 1858) adlı əsərində, poemadakı Əli barəsində fərqli məlumatlar verir və s., və i.a.
Nəhayət, E.Çerullinin sonralar – 1972 ci ildə çap etdirdiyi və əsasən islam dünyası ilə Qərb arasındakı əlaqələr barədə ümumiləşdirici xarakter daşıyan “Merac kitabı” və İslamın Qərbdə tanınması barədə yeni tədqiqatlar” (E.Çerulli. Nuove ricerche sul “Libro della Scala “ e la conoscenza dell“İslam in Occidente, Citta del Vaticano 1972) adlı başqa bir əsərində gəldiyi elmi qənaətlər ilk növbədə İlahi komediya”nın ”Merac kitabı” nın birbaşa yenidən işlənməsi olmasından ehtiyat edən Avropa alimləri tərəfindən “sonuncu nöqtə” kimi yenə də belə qiymətləndirilmişdir: “... müsəlman ədəbiyyatından götürülmüş elementlərlə (?) Dante mətnindəki eyniliklər (qovuşmalar,– ““confluenza“, italyanca) artıq fərziyyə deyil, demək olar ki, bütün Dante tədqiqatçıları tərəfındən qəbul olunmuş (zəruri düzəlişlərlə) bir faktdır. Bununla da Dante komediyasının “Merac kitabı”nın hansısa yenidən işlənməsi olduğunu israr etmək məsələsi aradan qalxmış olur.” (Sitat - C.Berti. “Dante Aligyeri”, “Axirət dünyaları” kitabından. Milano 1998, italyanca ).. Belə!
Biz radikal faktlar axtarışında deyilik, artıq qeyd etdiyimiz kimi, məqalə informativ xarakter daşıyır. Ancaq qəti əminik ki, bu problem müsəlman ilahiyyat alimləri, şərqşünas və italyanşünaslarının məhz birgə araşdırmalı olacağı son dərəcə əsaslı bir tədqiqatın mövzusuna çevrilməlidir.
Görkəmli ispan alimi M.A.Palasiosun təxminən bir əsr bundan əvvəl söylədiyi elmi faktlara gəldikdə isə, qeyd edilməsi vacibdir ki, bu tədqiqat dini–mədəni dəyərlərə vicdanla yanaşmağı bacaran bir elm fədaisinin yenilməz düzlüyünü sübut etməklə yanaşı, həm də onun yüksək şəxsiyyətinə dərin ehtiram hissi oyadır. O ki, qaldı Şərqlə Qərb arasındakı tarixi-mədəni “prioritetlərə”, - ifrat sübutlara və müqayisələrə varmadan, xatırlatmaq kifayətdir ki, Şərq dünyasının, onun öz içərisindən çıxmış Qərblə müqayisədə tarixi birinciliyini, İslam dininin isə şəksiz ucalığını sübut etməyə heç bir ehtiyac yoxdur.


SON

Cəmşid Cəmşidov, "Ədəbiyyat qəzeti"

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.