İradə Musayeva - Psixoloqun intiharı, N.F.Qısakürək və bizim  ədəbiyyat...
30.01.17

Bir məqalə yazmışdım, hardasa iki il öncə, adı belə idi: “Mənim cəmiyyətimin yazılmayan romanları”... Bu günlərdə psixoloq Dəyanət Rzayevin intiharı xəbərini  və bu ölümün  müxtəlif yönlərdən yozumu haqqındakı yazıları  oxuyanda nədənsə ilk olaraq yadıma həmin məqalədəki bəzi cümlələr düşdü. Günümüzdə, gözümüzün qarşısında tanıdığımız bir insan - vaxtilə başqalarını intihardan xilas etmək cəhdində olan bir psixoloq özünə qəsd etdi. Digər psixoloqlar bu xəbərdən bir az sıxıldı, (həmkarlarının bu cür –hamıya güclü olmağı təlqin edən psixoloqların zəifliyi kimi əks-səda verən ölüm növü ilə - dünyanı tərk etməsi onları kədərləndirdisə də, həm də belə anlaşıldı ki, bu cür ölüm onların psixoloq mövqeyinə xələl gətirdi...) sosioloqlar, psixiatrlar, millət vəkilləri, mərhumun ailə üzvləri müxtəlif statuslu şəxslər şərhlər, intervülər verdi. Hətta sosial şəbəkədə adi məişət  söhbəti həddindəki təhlillərin də məzmununda əks olundu bu ölüm...
 
Jurnalist  Narınc Rüstəmovaya  “Psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir?”- sualını verir, cavabında isə – “Təbii ki, burada mənfi xüsusiyyət onun psixoloq olmasıdır. Amma mən hesab edirəm ki, bu, fərdi xüsusiyyətlərlə daha çox bağlıdır. Biz özümüz psixoloq olaraq da psixoloji dəstək alırıq” - etirafını eşidirik. Belə çıxır ki, intiharlarda peşə faktı da önəmlidir. Və niyə bir insanın intiharında onun psixoloq olaraq ölməsini “mənfi” hal kimi qiymətləndirir həmkarı? Suallar çoxdur, bu məsələdə obyekt yalnız bir insan, bir psixoloqun hamını təəccübləndirən ölümü deyil əslində. Bu intiharın o qədər müxtəlifliklərdən (maddi, psixoloji, tibbi, sosial-siyasi və s.) çözülməsi gərəkir ki...
 
Amma bizi daha çox ədəbiyyatımızın yanaşması düşündürür. Doğrudanmı bir cəmiyyətin yazarı bu qədər yaxınlıqdakı ictimai fəlakətin hər gün güllə səsi kimi əks-səda verən artımını hiss etmir? Doğrudanmı bütün bunlar ədəbiyyatın, bədii mətnlərin məzmununa, mövzusuna yaramır?
 
Publisistlər köşə yazdı, pasientləri, tanışları birgə çəkdirdikləri şəkilləri sosial şəbəkədə paylaşdılar, dostlar hüznlü xatirələrini çap etdirdi və s... Yazıçılar üçün bu mövzu olmadı, daha doğrusu, inanıram ki, olmayacaq. Çünki, onlar “böyük hadisələrin” müəllifi ampluasından enmək istəməyəcəklər... Onların daha “vacib” mətnləri var və onlar otaqlarında, kabinetlərində xəyala dalıblar, çiçəkli dağlara, bülbüllü bağlara, postmodern olmayan məqamların saxta portretinə postmodern yamaqlar vurmağa başları qarışıb...
 
Yəqin ki, qəzetləri vərəqləyib, saytdan sayta keçib bu ölümü bir şou xəbər, ya sosial-iqtisadi problemin inikası kimi oxuyub keçirlər yazı masasına. Öz yaradıcılıq sahələrinə aid etmirlər bu vaqeəni... Amma bu ölümdən, onun anatomiyasından, bu ölümün bütün tərəfləri ilə ədəbiyyatlaşması vacibliyindən yan keçib otururlar yazı masasına. Təxəyyülü uzaqlara, bizdən –yanımızda bomba kimi partlayan ölümlərdən və əslində İnsandan - yan keçib göndərirlər... Bizim romançılarımız niyə bizdən yazmır, niyə bizi görmür? Onların azərbaycanlı qəhrəmanları artıq çoxdandır ki, biz deyilik. Onların təsvir etdiyi məkan çoxdandır ki, əsil Azərbaycan deyil. Adlar, əhvalatlar, təbiət və mənzərələr, insanların zahiri portretləri, siması, milli koloritli vəsfi “azərbaycanlı” ola bilər, amma zamanımızın  insanları, cəmiyyəti, onların ruhi-psixoloji sarsıntıları, sevinc və kədərləri, ictimai-siyasi düşüncələri romanlaşa bilmir.
 
Dostoyevskini xatırladım, Çexovu, Qoqolu, C.Məmmədquluzadəni - cəmiyyətinin halının və insanının yazıçısı ola bilən dahiləri...  Bir də böyük türk yazarı N.F.Qısakürəyin ötən əsrin 30-cu illərində yazdığı “Bir adam yaratmaq” pyesini...
 
Bayaq haqqında danışdığım  məqaləmin tezis cümlələrini yadıma salıram. “Mən nədənsə həmişə elə düşünmüşəm ki, ən böyük, ən təsirli, ən sanballı romanları problemləri çox olan cəmiyyətlərin yazıçıları yazıb və yazmalıdır. İlk yadıma düşən  isə “Səfillər”, “Hərb və sülh”, “Taun” və s. bu kimi oxuduqca cəmiyyətini gördüyüm, tanıdığım romanlar olub. Roman müəllifi aid olduğu cəmiyyətin, zamanın, mühitin sosial-ictimai, mənəvi-intellektual, fəlsəfi-estetik durumundan  vaxtında və əhatəli xəbər verən  dərin təfəkkürə malik düşüncə sahibidir. Biz çox zaman başımıza gələnlərin, yaşantı və narahatlıqlarımızın ifadəsini onlara etibar edirik. Bəs onlar necə, bu etimadı doğrulda bilirlərmi?”
 
N.F.Qısakürəyin “Bir adam yaratmaq” adlı pyesinin içindəki başqa bir pyesin - “Ölüm qorxusu” adlı əsərin müəllifi həm də qəhrəmanı Xosrov bəyi xatırladım. N.Fazil intihar edənlərin yox, intiharın, bir türk cəmiyyətindəki insanın, yazarın (o adamın ki, əsərinin qəhrəmanının taleyini yaşayır, o qəhrəmanların ki, ona öz taleyini köçürmüşdü) intihar psixologiyasının çözümçüsü olur. Xosrov bəyin atası özünü əncir ağacından asıb öldürür. Xosrov yazıçı olur və bu ölüm onun düşüncəsində şiddət, daimi bir qorxu hissi yaradır, həm də hər an partlaya bilən sindroma çevrilir, bir sözlə, əncir ağacı və o ağacdan cəsədi sallanan ata obrazı psixoloji baxımdan onu çərçivələyir. Anası ağacı kəsdirməkdə görür çıxış yolunu, fəqət daha böyük bir faciəyə rəvac vermiş olur. Xosrov dəlixana qapısına tərəf gedə-gedə deyir: “Neyləyim, ana! Kəsdiniz əncir ağacını!”...  İntihar ağaclarını kəsmək çıxış yoludurmu? Yox! Bax böyük ədəbiyyat bu barədə düşünür... Deməli, cəmiyyətin, insanın taleyini, həyatını, hadisələrini ədəbiyyatlaşdıranda sual böyüyür, mahiyyət, məzmun qazanır.
 
Böyük, dahi yazarların yazdıqlarını yaşaması, ya da yaşadıqlarını yazması dilemması artıq dünya ədəbiyyatının əbədi sualına çevrilib. Antik ədəbiyyatdan, daha sonra V.Şekspirdən  üzü bu yana yazıçıların özlərinə verdikləri sualın mahiyyətində dəlilik, intihar, depressiya və s. bu kimi yaradıcı insanlara xas hallardan doğan sarsıntı  müşahidə edilməkdədir. Əsil ədəbiyyat və sənət bizim hisslərimizin hərarəti, istisi, soyuğu, əzabı, sevinci, tərəddüdü, qəzəbi və ya süqutu-intihar məqamına qədər enən və ya qalxan tempi ilə yaradılmalıdır. Ədəbiyyat həyatdan təcrid olunmuş, əlahiddə bir xəyalat aləmi deyil. Ədəbiyyat həyatdan, bizim daxilimizdən, ağrı və əzablarımızdan, sevincimizdən, psixoloji fırtınalarımızdan keçmirsə, N.F.Qısakürək demiş, onda yazıçılar öz oyuncaqları ilə oynayan uşağa bənzəyər. “Bir adam yaratmaq” pyesinin qəhrəmanı yazıçı Xosrov deyir: “Mən sənətin həyatdan fərqli olduğunu sanırdım. Hürriyyətlərin sonu. Aciz bəxtimin çata bilmədiyi bir yer. Ora iradəmin bağçası idi. Orada, oyuncaqlarıyla oynayan bir uşaq kimi başlı-başına idim. Orada qul olmaqdan azad olurdum, sanki”.
 
N.F.Qısakürək bu pyesi yazanda həyatın –yazdığı həyatın içərisinə o qədər canlı şəkildə, o qədər hərarətlə daxil olur ki, nəyin ədəbiyyat, nəyin həqiqi həyat olduğunu belə çaşdırırıq. Hətta müəllif yazı anındakı psixoloji durumunu “Tolstoy məqamı” kimi səciyyələndirir. Özündən, reallıqdan, ətrafından qaçır, uzaqlara getmək, özündən xilas olmaq istəyir, amma gedib çatdığı məkanda da həyat həqiqətlərini özü ilə apardığını anlayır. Və biz bu səmimi etiraf anının hərarətində əsil yaradıcı insanın əsərinə necə can qoymasının şahidi oluruq. “Bir gün pyesin elə bir zirvəsinə çatdım ki, 1934-cü illərdə Bəylərbəyindəki bağ evində böyük ruhi böhran keçirdiyim həmin vəziyyətə düşdüm. Dərhal atıma minib dağlara çapdım. Malikanənin qoruğunda, at belində ölümdən qaçmağa qalxan Tolstoyu xatırladım. Amma mən ölümdən yox, təzədən beynimi fikir girdabına salan duyğulardan, yırtıcı xəyallardan qaçırdım.”
 
Az qala bir əsr öncə postmodern mətn yaradan N.F.Qısakürək pyes içində pyes (“Bir adam yaratmaq” pyesində “Ölüm qorxusu” pyesindən söhbət gedir) təqdim edir oxucusuna. Birinci əsərin (“Bir adam yaratmaq”) qəhrəmanı, ikinci əsərin (“Ölüm qorxusu”) isə müəllifi Xosrov sarsıntı içərisində, intihar məqamındadır. O, həyatla ədəbiyyat sərhəddini elə hiss olunmadan götürüb ki, hər şey sanki bütün çılpaqlığı ilə onun üzünə dayanır. Yazdığı ədəbiyyat,  yaratdığı ədəbi qəhrəman haqqında deyir: “Bir adam yaratmağa qalxdım. Ona bir sifət və tale tapmaq lazım idi...  Haradan tapaydım? Özümü tapdım. Sifətsiz və talesiz adam şahə qalxdı. Zəncirlərini qırdı. Əlimdən qaçdı. Mən də insanam. Məni arxadan vurdu. Sifətsiz və talesiz adam mənim cildimə girdi. Qəlibimə girdi. Qədərimin içinə yatdı. Mənim də qədərim belə imiş”.
 
Xosrov yazıçı olsa da öz  mövqeyindən elə hey həyata doğru sürünür, “Atın məni izdihama!” - deyir və anındaca çevrilib başqa yalvarışda bullunur: “Əlindən gəlirsə, məni bu insanlardan qurtar...”
 
Bəli, yazıçı həyatın, canlı mexanizm kimi daima hərəkətdə olan ictimai mühitin, cəmiyyətin barometri olmalıdır. Hər bir məmləkətin yaşamı, ictimai-mədəni durumu,  insanının sosial-siyasi, psixoloji vəziyyəti onun əsərində portretləşmirsə, deməli o, quramaçı, əllaməçi və gərəksiz bir qələm sahibidir...
 
Gördüyünüz kimi, N.F.Qısakürək göstərir ki, həqiqi yazıçı ədəbiyyat fədaisi kimi həyata baş vuranda orda özünü itirə  bilər, qəhrəmanlarının taleyini yaşayar. O qəhrəmanların ki, ədəbi talelərini özü yazmışdı. Lakin həyat ədəbiyyatdan, son anda isə ədəbiyyat həyatdan  daha amansızmış, hətta onun əsil sifətini yazan tale müəlliflərinə də güzəştə getmir, Xosrovu dəlixana qapısına qədər göndərir... Həyat “öz oyuncaqları ilə oynayan yazıçılar” üçün “qadağan olunmuş ölkə”, “əqrəb yuvası”  hesab edilir. N.F.Qısakürək və dünyanın başqa dahi yazarları isə məhz bu “qadağa olunmuş ölkəyə”-həyatın lap içərilərinə doğru hücumdadır. “Mən dırmanmaq istədiyim qayadan düşdüm. Demək, çox irəliyə getmişəm. Qadağan olunmuş ölkələrə girmişəm. Gözübağlı yeriyərkən əqrəb yuvasına basırmış kimi bəzi sirlərin üstünə basmışam. Onlar qeyb aləminin gözətçiləridir. Ürküb mənə toxundular. Yaradıcı nə imiş, yaratmağa qalxdığım an anladım. Yalançı illah, əsl Allahı tanıdı. Kölgə artist öz sənətkarını tanıdı. Mən indi, bu an tanıdım Allahı. Elminin, sənətinin təntənəsində ağlımı itirirəm”.
 
Bizim yazıçılar məhz az qala bir əsr əvvəl türk yazıçısının da göstərdiyi həqiqi sənət, ədəbiyyat yolunun keçib getməli olduğu qapını (əsil həyatın reallıqlar burulğanına aparan yolunun qapısını ) çox az hallarda döyür. Həyata sözün həqiqi mənasında “qadağan olunmuş ölkə”, “əqrəb yuvası” kimi baxırlar...   Həyatdan, ətrafında baş verənlərdən bu qədər uzaq düşmək, çəkinmək həmin müəllifləri yenidən onların özlərində həbs edir... belə bir məhkumiyyətdə isə böyük ədəbiyyat yarana bilməz...
 
Xosrov qəhrəmanı, obrazı haqqında  dostuna deyir: “Mənsur! O, sən demə mənim qurbanım imiş. Qəflətimin deyil, ən axmaq tərəfimin, sənətimin qurbanı! Əsərimi niyə yazdım? Onu öldürmək üçün? Onu niyə öldürdüm? Əsərimi yazdığım üçün?”
 
Bizim yazıçılar yaratdıqları qəhrəmanlarla nə qədər, hansı dərəcədə qohumdurlar? Bu personajlar niyə günümüzün asılan, sarsılan, mənəvi təbəddülatlar içərisində faciə qəhrəmanı ola biləcək müasirləri deyil?
    
Biz sosializmdən çoxdan ayrılmışıq, bizim obrazlarımız təkcə fəhlə, kəndli, ziyalı və partiya, hökumət adamı çeşidindən ibarət deyil. Bazar iqtisadiyyatı rəngarəng, çeşid-çeşid tiplər, qəhrəmanlar, xarakterlər, yeni psixologiyalar, yeni əxlaq kodeksləri, yeni dünyagörüşü və anti-dəyər meyarları formalaşdırır, hazırlayıb təqdim edir cəmiyyətə. Amma bütün bunlar bədii təfəkkürün malına çevrilə bilmir, aktuallaşa bilmir. Ədəbiyyat xəyala dalıb elə hey uydurur, quraşdırır...
  
Gündə bir roman çap olunur, bir romanın təqdimatı keçirilir...  Maraqlıdır, bu romançılar kimdən yazır? Onların qəhrəmanları kimlərdir? Onlar hansı zamanın, hansı məkanın, hansı tarixin və nəhayət, hansı cəmiyyətin insanlarından yazırlar?
       
Yenə “Bir adam yaratmaq” pyesinin faciə qəhrəmanı, həm də “Ölüm qorxusu” pyesinin müəllifi Xosrovun çıxışına qayıdıram. O əsərində baş qəhrəman rolunun ifaçısı Mənsura deyir:
 
“-Sən mənim əsərimi oynamısan da? “Ölüm qorxusu” pyesini!
Mənsur - Hə, Xosrov!
Xosrov - Onu oynayarkən o hissləri yaşadınmı?
Mənsur - Elə yaşadım, hətta səhnədə olduğumu belə unutdum.
Xosrov - Halbuki pyesimin qəhrəmanı özünü asır. Atasının özünü asdığı ağacdan asır. Madam yaşadın, indi qarşımda nə gəzirsən?
 
...
 
 “Ölüm qorxusu” pyesimin baş aktyoru! Pyesimi sən oynamadın. Oynaya bilmədin. Özüm oynayıram. Necədir, yaxşı oynayıram?”
 
Bu oyun isə elə əsərdəki taleni (əslində öz taleyini obrazlarına yaşatmışdı) real həyatda özü özünə yaşatmaqdan ibarət idi... Yaradıcı və yaradılan-müəllif və qəhrəman bir nöqtəyə, bədii mətnə qayıdır, ədəbiyyat, əbədiyyət qazanır...
 
O.Balzak deyirdi ki, mən fransız cəmiyyətinin katibiyəm. Tənqidçilər isə onun əsərlərini “sosial-psixoloji oçerklər” adlandırırdı...
 
Bəli, ədəbiyyat uzaqdan müşahidə səciyyəli olmalı deyil. Daha yaxından, daha içdən, daha doğma yanaşmadır insana... Dostoyevskiyə baxaq, Tolstoya baxaq, əlləri ilə intihar kəndirlərini, qayışlarını yoxlayan, dəmir yollarındakı intihar relslərinin soyuğunu bədənində hiss edən yazıçılara...
 
İnsanın dərdinin, faciəsinin anatomiyasına qədər enən dahilərə... /kulis.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.